Azərbaycanda Medianın Hüquqi Durumu



Yüklə 31,95 Kb.
tarix10.06.2018
ölçüsü31,95 Kb.




Tel: 441 28 17

Fax: 441 28 17


www.mediarights.az



Rəylərinizi

bu ünvana

göndərin:

xaled_yes@hotmail.com


Press-reliz 23 dekabr 2010
Media Hüququ İnstitutu (MHİ) bu gün medianın durumu ilə bağlı İllik Hesabatını (2010) açıqlayıb. MHİ-nin hesabatı başa çatmaqda olan ildə Azərbaycan mediyasının hüquqi durumunun statistika və analizini əhatə edir. Hesabatdakı ümumiləşdirmələr, gəlinən nəticələr Azərbaycan mediyasında il boyunca baş verən hadisələrin monitorinqinə söykənir. MHİ-yə tədqiqatların aparılmasına və hesabatın hazırlanmasına Norveç Xarici İşlər Nazirliyi dəstək verib. Hesabat 6 bölümdən ibarətdir.
“ÖNƏMLİ OLAYLARDAN SEÇMƏLƏR”

bölümünə görə, 2010-cu il həbsxanaların sözünə görə cəzalandırılmış şəxslərdən (tam olmasa da) boşaldılması ilə yadda qalıb. 2010-cu ili həbsxanada qarşılayan 7 jurnalistdən 6-sı - “Millətim” qəzetindən Fərəməz Novruzoğlu, “P.S.Nota” qəzetindən Sərdar Əlibəyli, “Bizim Yol” qəzetindən Müşfiq Hüseynov, “Azadlıq” qəzetindən Qənimət Zahid, gənc bloqçular Emin Abdullayev və Adnan Hacızadə ötən il azadlığa çıxıb. Yalnız “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetinin 2007-ci ildə böhtan ittihamı əsasında həbs edilmiş qurucusu və baş redaktoru Eynulla Fətullayev hələ də şübhəli ittihamlarla həbsxanada cəza çəkir. Ötən il Avropa Məhkəməsi (AİHM) Eynulla Fətullayevin milli məhkəmələrin qərarlarından şikayəti üzrə qərar verib. Qərar jurnalistin dərhal azadlığa buraxılmasını, ona 27 822 avro təzminat ödənməsini nəzərdə tutsa da hələ icra edilməyib.

Ötən il “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətlinin araşdırılması ilə bağlı yeni təfərrüatlar da üzə çıxıb. Jurnalistin qatillərinin Gürcüstanda gizləndiyini və bu ölkənin hökumətinin qatillərin tutulub Azərbaycana verilməsinə yardım etmədiyi barədə rəsmi bəyanatları Gürcüstanın dövlət rəsmiləri təkzib ediblər. Azərbaycanın əlaqəli qurumları bu təkzibə səssiz qalıblar.

Hesabatın bu bölümündə həmçinin “Yeni Müsavat” qəzetinin reportyoru Elvin Bədəlovun il boyunca 9 dəfə basqıya məruz qaldığı, jurnalist-tələbənin təhsildə korrrupsiya mövzusunda qələmə aldığı yazılarına görə Azərbaycan Dövlət Neft Akademiyasından qovulduğu vurğulanır. Ötən il Bakı şəhərində səyyar qəzet satışı üçün ən uyğun yerlər sayılan Səbail, Nərimanov və Nəsimi rayonlarında səyyar qəzet satışına məhdudiyyətlər qoyulduğu da hesabatda əksini tapıb.
MƏHKƏMƏ İŞLƏRİ”

bölümünə görə, 2010-cu ildə mediaya qarşı ümumilikdə 71 məhkəmə davası açılıb. Məhkəmə işlərinin 31-i xüsusi ittiham qaydasında olub, jurnalistlərə yazılarına görə cinayət cəzası verilməsi istənilib. Məhkəməyə əsasən tənqidçi mediaya aid olan media quruluşları və jurnalistlər veriliblər. Bu şikayətlər daha çox “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxan (6 dəfə) və “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı (6) olub.

Mediaya qarşı xüsusi ittiham qaydasında şikayətləri əsasən yüksək pillədə duran aşağıdakı qurumlar, məmurlar, millət vəkilləri, digər ictimai fiqurlar, habelə iş adamları, sadə vətəndaşlar qaldırıblar. Şikayətlər əsasən təhsil sistemində korrupsiya, hüquq mühafizə orqanlarında yerlibazlıq, korrupsiya, cinayətkarlıq halları, silahlı qüvvələrdə korrupsiya, işgəncə halları, məmurların səlahiyyətlərdən sui-istifadə halları, qeyri-qanuni yollarla hüquqlar əldə etmə, icra hakimiyyəti qurumlarında rüşvət və s. mövzularda yazılmış yazılara görə qaldırılıb.

Xüsusi ittiham qaydasında verilən 31 şikayətdən 5-i məhkəmə araşdırmasından öncə barışıq sazişi ilə başa çatıb. Məhkəmələr şikayətlərə baxarkən azadlıqdan məhrumetmə cəzası seçməyiblər. 17 işdə məhkəmələr şikayəti qismən təmin ediblər. 5 jurnalistə - “Femida” qəzetinin baş redaktoru Əyyub Kərimova, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya, “P.S.Nota” qəzetinin redaktoru Sərdar Əlibəyliyə, populyar olmayan “Yeni Qəzet”dən Yaqub Muradzadəyə, “Güzgü” qəzetinin əməkdaşı Kamran Bəyəliyevə islah işləri cəzası verilib. Digər işlərdə məhkəmə təqsirləndirilənlərə cərimə cəzası kəsib. Mediaya, jurnalistlərə qarşı xüsusi ittiham qaydasında qaldırılan 31 şikayət üzrə aşağı məhkəmənin çıxardığı hökmlərdən yuxarı məhkəmələrə 14 şikayət verilib. Bu şikayətlərin heç biri təmin olunmayıb.

2010-cu ildə mediaya qarşı açılan məhkəmə davalarının 40-ı mülki qaydada olub. “Yeni Müsavat” qəzeti redaksiyasına, qəzetin əməkdaşlarına qarşı 10, “Xural” qəzetinə qarşı 7 iddia qaldırılıb. Mediaya qarşı qaldırılan bütün iddialarda cavabdehlərin yayılan bilgiləri təkzib etməsi və üzr istəməsi tələb olunub. 35 işdə iddiçılar məhkəmələrdən həm də cavabdehlərin üzərinə maddi və mənəvi zərər əvəzi olaraq təzminat yükü qoyulmasını nəzərdə tutan qərar çıxarılmasını istəyiblər. Mediadan istənilən təzminatın ümumi məbləği 875 000 AZN-dən artıq olub. İddialar üzrə ən ağır maddi tələblər ölkənin ən tirajlı tənqidçi nəşrləri olan “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə qarşı irəli sürülüb. olub. Azərbaycanın Nəqliyyat naziri cənab Ziya Məmmədovun oğlu Anar Məmmədov bu iki nəşrdən onun haqqında getmiş yazılara görə 500 000 AZN ödənc tələb edib. Bu rəqəm ümumilikdə son 3 ildə məhkəmələrin media üzərinə qoyduğu ödəncin məbləğindən 10 dəfə çoxdur.

Məhkəmələr 36 iş üzrə qərarlarında medianın təkzib verməsi və üzr istəməsi qənaətinə gəlib. Medianın üzərinə ümumilikdə 37 500 AZN-dən artıq təzminat ödəmək vəzifəsi qoyulub. Ən ağır təzminat yükü “Tribuna” Agentliyinin (20 000 AZN) və “Xural” qəzetinin üzərinə (10 000 AZN) qoyulub.
FİZİKİ, PSİXOLOJİ BASQILAR, HƏDƏLƏMƏLƏR

bölümünə görə, 2010-cu ildə jurnalistlər 106 dəfədən artıq fiziki və psixoloji basqıya, hədələməyə məruz qalıb. Basqıların böyük hissəsi tənqidçi xəbər mediasının nümayəndələrinə yönəlib. Basqılara həm adi şəxslər, həm də polis və digər dövlət qurumlarının nü­ma­yəndələri yol veriblər. Ötən il daha çox Naxçıvan Muxtar Respublikasında çalışan jurnalistlər, “Azadlıq” Radiosunun əməkdaşları, “Azadlıq”, “Yeni Müsavat” qəzetinin əməkdaşları belə olayların hədəfində olublar. 2010-cu ildə Azərbaycanda ezamiyyətdə olan islandiyalı və norveçli jurnalistlər də basqı ilə üzləşiblər. Jurnalistlərə qarşı fiziki, psixoloji basqılar, hədələmələr əsasən kütləvi aksiyalardan bilgi toplayarkən, açıq toplantı keçirilən obyektlərdən, tikinti obyektlərindən, qəza baş vermiş ərazilərdən reportaj hazırlayarkən baş verib.

Hesabatda basqıların adekvat araşdırılması ilə bağlı ciddi narahatlıqların olduğu vurğulanır. Hüquq mühafizə və istintaq qurumlarının basqıları ədalətli araşdırmamasından məhkəmələrə verilən şikayətlər təmin olunmasında problemlər var. Ötən il basqı faktları üzrə 10-dan artıq iş məhkəmə baxışında olub. Məhkəmələr günahkar əməllərinə hüquqi qiymət verən bir neçə qərar çıxarıblar. Ancaq həmin qərarların da tam ədalətə söykənməsi mübahisəlidir. Məsələn, məhkəmə “Salamnews” İnformasiya Agentliyinin peşə fəaliyyətini yerinə yetirərkən vəhşicəsinə döyülmüş əməkdaşı Zülfüqar Xeyirxəbərə xəsarət yetirəni xuliqanlıqda ittiham edərək ictimai işlərə cəlb etməklə kifayətlənib. Müqayisə üçün yada salaq ki, məhkəmə xuliqanlıqda ittiham olunmuş gənc bloqçu Emin Abdullayev və Adnan Hacızadəyə iki ildən artıq, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə isə 4 il həbs cəzası vermişdilər.


TELERADİO DÜZƏNLƏNMƏSİ

bölümündə Azərbaycanın teleradio sənayesinin durumu, tele-radio kanalların sayı, durumu barədə bilgi verilir. Sənədə görə, teleradio yayımı hökumətin kontrolu altında qalmaqda davam edir. Ötən il Azadlıq, BBC və Amerikanın səsi radiolarının yerli tezliklərdə yayımını ləğv etməklə hökumət yayım üzərində tam kontrol qoyub. Teleradio yayımı sahəsindən hökumətin icazəsi olmadan, hökumətin şərtlərinə razılaşmadan kiminsə paya ümid etməsi praktik olaraq mümkün deyil. Eyni zamanda icazəsiz, hökumətlə razılaşdırılmayan iddialarda bulunmaqin pis sonuclar doğurma ehtimalı, iddiaçı üçün iqtisadi, siyasi risqlərin reallığı müsabiqələrə qatılmaq istəklərini boğur.

Sənəddə Milli Teleradio Şurasının 2010-cu ildə iki tezliyə müsabiqə elan etdiyi, ixtisaslaşmış mədəniy­yət teleka­na­lının açılması məqsədilə müsabiqəyə çıxarılan tezliyin “Televiziya və radio yayımı haqqında” Qanuna zidd olaraq AzTV-yə verildiyi bildirilir. “Şura teleradio sahəsində baş verən olaylara və bəzən yayım quruluşlarına ayrıseçici yanaşır, bir çox hallarda qurumun aktivliyini stimullaşdıra biləcək olaylara səssiz qalır. Düzənləyici qurum ANS telekanalının yol verdiyi o qədər də nəzərəçarpan olmayan qüsura dərhal reaksiya verərək telekanala xəbərdarlıq edib. Ancaq qurum hökumətə bağlı “Lider” telekanalına münasibətdə tamam fərqli davranıb. “Lider” telekanalının efirindən sərt tənqidçi “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədovun şəxsi həyatına müdaxilə təşkil edən pornoqrafik məzminlu videogörüntülər kodsuz yayımlanıb. Olay zamanı Şuranın rəsmiləri toplum, media üçün əlçatan olmayıb, suallardan ardıcıl olaraq yayınıb, olayı müzakirə etməkdən belə çəkinib” – hesabatda vurğulanır.

Hesabata görə, 2 telekanal parlamentin qəbul etdiyi qanun əsasında Dövlət Büdcəsindən maliyyələşir. Ölkənin ən iri və varlı, ən geniş yayım şəbəkəsinə malik telekanalı AzTV Avropa Şurasının öhdəlikərinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2005-ci ildə səhmdar cəmiyyətə transformasiya olunub. Həmin sərəncamda səhmdar cəmiyyətin özəlləşdirməyə çıxarılması nəzərdə tutulsa da fərman icra edilmir, qurumun bütün səhmləri dövlətin əlindədir. Televiziya tam olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından verilən, yazılı və açıq olmayan təlimatlar əsasında işləyir. Telekanal dövlət büdcəsindən ona ayrılan vəsaitlərin, habelə gəlirlərinin xərclənməsinə dair bilgiləri açıq tutmur. AzTV seçki kompaniyaları zamanı davamlı olaraq birtərəfli işıqlandırmaya üstünlük verir, hökumətin təbliğatını aparır, xəbərlərdə balans, qərəzsizlik və plüralizm prinsiplərinə əməl etmir. Dövlət büdcəsindən maliyyələşən digər telekanalsa İTV-dir. İctimai Televiziya ödənişsiz seçki təbliğatına yer ayıran yeganə telekanaldır. Bununla belə, telekanalın fəaliyyətinin təməl ictimai yayım prinsiplərinə uyğun olduğunu söyləmək olmaz, telekanal hökumətin bilavasitə maliyyə təsiri altındadır.

Radiokanalların durumuna gəlincə, hesabata görə, Naxçıvandakı 2 dövlət radiosu istisna olmaqla digər bütün radiolar Bakıda yerləşir. Bölgələrin heç birində yerli radio yoxdur. Ölkədə universitetlər içində də daxili radio və televiziya şəbəkələri yoxdur.



MEDİA QANUNVERİCİLİYİ

bölümünə görə, 2010-cu ildə media qanunvericiliyinin inkişaf etdirilməsi yönündə nəzərəçarpan addımlar atılmayıb. Bunun əksinə olaraq, Milli Məclis “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanuna jurnalistlərin bilgi toplama haqqını yasaqlayan əlavələr edib.

Sənəddə nüfuzun qorunması (defamasiya) ilə bağlı qanunvericilikdəki ciddi çatışmazlıqların qalmaqda davam etdiyi qeyd oluur. Nüfuzun Cinayət Məcəlləsi ilə qorunması tənqid edilən ictimai fiqurlara mediaya qarşı hücumlara imkan yaratmaqda davam edir. İl boyunca hökumət nümayəndələri, millət vəkilləri nüfuzun qorunması (defamasiya) ilə bağlı müvafiq qanunun qəbul ediləcəyinə dair nikbin açıqlamalar versələr də böhtan və təhqirə görə cinayət məsuliyyətini ləğv edəcək və bu sahədəki qanunvericiliyi Avropa Məhkəməsinin və Avropa Şurasının müəyyən etdiyi meyarlara uyğunlaşdıracaq qanun hələ də parlamentin gündəmində deyil. Sivil toplum quruluşlarının qanunverici orqana təqdim etdikləri “Nüfuzun qorunması (defmasiya) haqqında” qanun layihəsi təklifindən xəbər yoxdur.

Hesabatda həmçinin, 2010-cu ildə jurnalist qaynaqlarının gizliliyinin qorunmasını təmin etmək məqsədilə zəruri addımların atılmadığı, 2005-ci ildə qəbul edilmiş “İnformasiya əldə etmək haqqında” Qanunun işləyişindəki qüsurların aradan qaldırılmadığı, bu azmış kimi qanunun dəyişdirilməsi meyllərinin nəzərə çarpdığı vurğulanır.
İNTERNET TEXNOLOGİYALARI

bölümündə 2009-10-cu illər internetin Azərbaycana gəlişindən bəri bu sahədə baş verən irəliləyişlərin ən qabaqcıl dövrü kimi xarakterizə olunur. Qeyd olunur ki, daha keyfiyyətli və kəmiyyətli veb resurslar yaranmağa başlayıb. Azərbaycan əhalisinin sosial şəbəkələrə üzvlüyünün ciddi artımı müşahidə olunur, belə şəbəkələrdə müzakirələrin dərəcəsi də ötən illərlə müqayisədə görünməmiş dərəcədə yüksəlib. Artıq qanunvericiliyə görə informasiya sahibi sayılan qurumların əksəriyyəti özlərinin internet resurslarını formalaşdırıblar. Bununla belə hesabata görə, “internet mediyasının təzyiqlərdən azad olduğunu söyləmək olmaz. Bəzi hallarda texniki, maliyyə rıçaqlarından internet mediasına qarşı istifadə olunmaqdadır. 2010-cu ildə tənqidçi “Azadlıq” Radiosunun, “Azadlıq” qəzetinin internet səhifəsi, hökumətə yönəlik tənqidi məzmunlu karikatur, satiraları ilə tanınan www.eqreb.com elektron jurnalı davamlı olaraq texniki basqılarla üzləşib”.

İnternet texnologiyalarının tətbiqi sahəsində ötən ilin önəmli olaylarından biri Ölkə Prezidentinin “Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün növbəti Dövlət Proqramı”nı təsdiqləməsi olub. “İcrasına 2005-ci ildə başlanan bu proqram çərçivəsində ciddi addımlar atılıb. Bununla belə sənəddə vurğulanır ki, “dövlət orqanlarının hələ də vahid informasiya bazası formalaşdırılmayıb. Hüquqi baza mövcud olsa da, böyük ümidlər bəslənən “elektron hökumət” quruculuğu sahəsində hələ də ciddi problemlər mövcuddur” - hesabatda qeyd edilir.



Media Hüququ İnstitutu Azərbaycanda ifadə və bilgi azadlığı ilə bağlı qanunvericiliyi və hüquq təcrübəsini qabaqcıl meyarlara uyğunlaşdırmaq, medianın və jurnalistlərin qorunması yönündə çalışan civil toplum qurumudur

Yüklə 31,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə