Bəxtiyar Tuncay Şanlı keçmişimizdən daha iki səhifə



Yüklə 80,5 Kb.
tarix03.12.2018
ölçüsü80,5 Kb.
#85377
növüYazı


Bəxtiyar Tuncay
Şanlı keçmişimizdən daha iki səhifə (2-3 dekabr 1988-ci il).

Ədalət Tahirzadə 3 dekabr 1988-ci il tarixində baş verənləri belə qələmə alıb:

«02 DEKABR 1988.

01.42. Bir dəstə oxuya-oxuya meydanı dolanıb gedir: “Biz ölərik, Neməti tək qoymarıq!”.Əllərində “L. Şmidt adına zavod” yazılmış lövhə tutmuşlar.

***

Hökumət evinin inzibati-təsərrüfat şöbəsinin rəisi Nazluxanyan Viktor Makekeviç işdən çıxarılıb. Hökumət evinin bütün hökumət telefonlarına qulaq asırmış (öz kabinetindən).



***

Gecə dəfələrlə “həyəcan siqnalı” verildi, adamlar meydana yığışdı. Qalın yun jaketimi (dostum Bəhramın mənə meydanda verdiyi) unudub geyməmişəm. Ona görə də, - hava çox soyuqdur, - üşüyürəm. Bir qədər EA Neft-Kimya Prosesləri İnstitutunun çadırında uzansam da soyuq kələyimi kəsdi. Odun vermədiklərinə görə tonqallar çox azdır. Salyandan gəlmiş 2-3 diribaş oğlan əsgərləri hansı yollasa “bişirib” içəri 3-4 tir keçirə bildi və böyük tonqal qaladılar. Mən də onun yanında durdum. Bir azdan bizim tonqal meydandakıların ən guru oldu və başımıza çoxlu adam toplaşdı. İki-üç saat burada durdum. Bu tonqal olmasaydı, yəqin ki, mən donacaqdım. Onsuz da soyuqlamam canımdan çıxmayıb, döşüm düzəlməyib, öskürəndə azqalıram boğulam. Bu yandan yenə soyuqlasam işlərin xarabı çıxa bilər, qeydlərim yarımçıqqalar...

5.20. Hamı, daha doğrusu, böyük əksəriyyət meydana axışdı. Bir yerdə “Azadlıq” radiosunaqulaq asdıq. Deyir ki, Azərbaycanla Ermənistan arasında gedən bu mübarizədə 28 nəfər adam ölüb (millətlərini demədi).

6.20. Hərbi vertolyot (helikopter) meydanın ətrafında 15 dəfədən çox dövrə vurdu və bir dəfə isə meydanın üstü ilə uçdu. Sözsüz ki, camaata psixi təsir göstərmək istəyir (eyni zamanda adamların sayını dəqiqləşdirir).

8.00. Dilçilik İnstitutunun elmi işçisi Etibar Quliyevlə görüşüb söhbət etməyə başladıq. Yanımızda Akademiyada işləyən başqa adamlar da var. Söhbət el ağsaqqallarından, onların xalqın müqəddəratındakı rolundan düşəndə mən S. Rüstəmxanlının bu sözlərinə haqq qazandırdım ki, bir şairlə bir fəhlənin umuduna qalan xalq onlara inanmağa məcburdur. Onu da dedim ki, bizim xalq başsızdır, M. İbrahimov, S. Rüstəm, N. Xəzri kimi döşü ulduzlu, titullu şair vəyazıçılarımızın, akademiklərimizin ayağı bu Meydana dəyməyib, halbuki onların əksəriyyətinin evi hökumət evinin arxasındadır. Ancaq onlar evdə oturub "Vətən, Vətən qışqıraraq qəzetlərə müsahibə verir, şerlər çap etdirirlər. Onların xalq adından danışmağa mənəvi haqqı yoxdur.

Bir oğlan mənə etiraz edib dedi ki, gəlin adamların yalnız yaxşı cəhətlərindən danışaq. Söhbət tətildən düşəndə Etibar dedi ki, tətillər bizə sərfəli deyil və işə çıxmalıyıq, çünki respublikanın borcları çoxalır və sonra bu borcları bizə hökmən ödədəcəklər. Bu vaxt, Etibar demişkən,"xunveybin"lərdən biri (Çində Mao Tsze-Dun dövründə "mədəni inqilab"ı amansız terrorla həyata keçirən gənc maoçulara belə deyilirdi Ə.T.) ona yanaşıb dedi ki, çıx, get buradan,camaat içində təbliğat aparma. Etibar da hirsləndi, oğlana dedi ki. meydana senə görə gəlməmişəm ki, sənin sözünlə də gedəm. Bu oğlan aralandı. Aradan təxminən beş dəqiqə keçəndən sonra ətrafımızı 5-6 cavan “xunveybin” - Nemətin uşaqları tutdu. Hiss olunurdu ki, məqsəd Etibarı “zərərsizləşdirmək”dir; diplomatik söhbətdən sonra onu götürüb aparmaq, şəxsiyyətini müəyyənləşdirmək.

Oğlanlardan davakar görkəmli biri sinəsini qabağa verib soruşdu ki, tətilin dayandırılmasını niyə vacib sayırsınız? Etibar dedi ki, kapitalist ölkələrində tətil edəndə buraxılmayan məhsulun yerini başqa kapitalist doldurur və zərər yalnız sahibkara deyir, bizdə isə yalnız özümüzə. Ona görə də respublikanın bu borcunu daha da artırmamaq üçün işləmək gərəkdir. Oğlan soruşdu ki, bizim milli gəlirimizdən özümüzə nə qədər qalır? Etibar dedi ki, təxminən 3 faiz. Oğlan dedi ki, hazırladığımız məhsulun dəyərinin təxminən neçə faizi bizə çatır? Etibar dedi ki, qəpik-quruş. Oğlan dedi ki, bəs belə olanda mənim nə vecimədir ki, rus maşını mənim məhsuluma görə dayanıb? Əgər mənim əməyimin məhsulu rusa axırsa, əvəzinə qəpik-quruş alıramsa işləməyimdən işləməməyim yaxşıdır.

Sonra oğlanla Etibar arasında ciddi “mübarizə” başlandı. Oğlan savadlı idi. Etibar da çox dəqiq cavablar verirdi. Bir azdan dörd yanımızı maraqlananlar əhatə etdi və çox maraqlı söhbət alındı. Etibarın cavabını camaat böyük inamla dinləməyə başladı. O, qısa vaxtda hamının inandığı, səlahiyyətli bir adama çevrildi və ona xalqın taleyi ilə, bu hərəkatla bağlı ən müxtəlif suallar verməyə başladılar. Sual-cavabdan biri yadımda qaldı.

Bir oğlan soruşdu ki, bu hadisədə biz nə udduq, nə uduzduq?

Etibar dedi ki, uduzduğumuz yalnız “Neftçi” komandasıdır - bu il güclülər dəstəsindən çıxdı, yerdə qalan çox şeyi udmuşuq. Ən başlıcası isə xalqın birliyi yaranıb.

Bu söhbət saat 11-ə işləyənədək davam etdi. O vaxtadək camaatı da tək-tək içəri buraxmağa başladılar və mən də evə yollandım. Ancaq artıq yarım ay Cahangir müəllimi görmədiyim, həm də indiyədək maaş almadığım üçün Əlyazmalar İnstitutuna baş çəkməyi qərara aldım. Təxminən saat 12-də institutdan çıxıb qayıdanda gördüm ki, Bakı Soveti binası ilə XTİ arası adamla doludur. Öyrəndim ki, Ermənistandan dünən-srağagün gələn azərbaycanlılardır. Dünən və srağagün ərzində Ermənistandan kütləvi şəkildə gəliblər. Bəziləri heç paltarlarını götürə bilməyib. Çoxlu əzab-əziyyət veriblər. Çox adam danışır ki, beş yaşlı uşağın barmaqlarını kəsiblər. Fiziki cəhətdən şikəst hala salınmışlar da var. Dünən vağzalda Ermənistandan gələn qatarla Ermənistana gedən qatar yanaşı düşüb. Bizimkilərin pis vəziyyətini görən camaat Ermənistana gedən qatardakı ermənilərə hücum edib. Əsgərlər işə qarışıb, qoymayıblar. Evə çatanda gördüm ki, vəziyyətim heç yaxşı deyil; əməlli-başlı xəstəyəm. Yatdım və bu gün meydana bir daha qayıda bilmədim. Sonra öyrəndim ki, Sabir, Aydın camaatı dağılışmağa çağırıb, Nemət isə deyib ki, elə şey yoxdur, sonadək dayanmalıyıq. Gecə guya silah olduğunu bəhanə edərək çadırları gəziblər, heç nə tapmayıblar. Bu gün mənim qeydlərim içərisində ən yarımçığıdır. (Bu gecə meydana fahişələri doldurublar, ancaq qarovulçular onları təmizləyib)» (3).

Aysberqin görünən tərəfi belə idi, görünməyən tərəfi isə həmin dövrdə baş verənləri daha dərindən anlamamız baxımından daha çox önəm daşıyır.

Nemət Pənahlı, tarixini tam dəqiq göstərə bilməsə də, həmin günlərdə aysberqin gözlə görünməyən hissəsində qalan çox maraqlı bir hadisəni nəql edir. O, «Əbədiyyət yolçusu» kitabında yazır:

«Dəqiq yadında deyil, dekabrın ya ikisi, ya da üçü idi. «Azərbaycan» mehmanxanasından xəbər gəldi ki, Moskvadan nümayəndələr gəlib, səninlə görüşmək istəyirlər. Görüşdən imtina etmədim, tərcüməçilik etsinlər deyə, Əbülfəz Əliyev və Səfər Alışarlını özümlə götürdüm…

Mehmanxanada məni qarşılayan dövlət nümayəndələri bildirdilər ki, Moskvadan gələn nümayəndələr səninlə görüşmək istəyirlər. Tərcüməçisiz danışmayacağımı bildirdiyimdə tərcüməçinin hazır gözlədiyini dedilər. İsrar etdim. Belə olan halda, özümlə yalnız bir nəfəri götürə biləcəyimi söylədilər. Əbülfəzin rus dilini Səfərə nisbətən zəif bildiyini bilsəm də, onunla getməyə üstünlük verdim.

Nümayəndələri mənə bir-bir təqdim etdilər. Məlum oldu ki, biri M. Qorbaçovun şəxsi nümayəndəsi, digərləri isə SSRİ DTK sədrinin birinci müavini və Azərbaycan DTK-sının sədridir. Üçü də rus idi. Yanlarında bir nəfər azərbaycanlı DTK əməkdaşı var idi ki, onu da tərcüməçi kimi dəvət etmişdilər.

Söhbətə başlamamışdan öncə döş cibimdən balaca diktofonu çıxarıb yandırdım və stolun üstünə qoydum.

- Bu nə üçündür? – deyə təəccüblə soruşdular.

«İzvestiya» qəzetinə verdiyim müsahibənin təhrif edildiyini, bundan sonra təhrifata yol verilməsin deyə, hər şeyi yazmağa məcbur olduğumu söylədim.

Onlardan biri:

- Kimlərlə söhbət etdiyinin fərqindəmisən?

Dedim:


- Mənim üçün sizin kim olduğunuzun heç bir fərqi yoxdur.

Bildirdilər ki, söhbət yazıya alına bilməz. İsrar etdilər, mən də razılaşdım.

Ruslar bir-bir danışır və hamısı da mənə hədə-qorxu gəlirdilər. Onların sözlərinə heç bir əhəmiyyət vermir və kinayə ilə gülümsəyirdim.

Söhbətin xoşagəlməz istiqamətdə başladığını görən Əbülfəz yumşaqlıq gətirmək məqsədilə yazıq bir görkəm alıb, «bu millətə niyə yazığınız gəlmir?» və buna bənzər bir iki söz dedi. Onun sözünü kobud şəkildə kəsib dedilər:

- Sən otur yerində, sənə söz verilməyib! Burada rəsmi söhbət gedir.

Əbülfəz məcbur qalıb susdu.

Ruslar bir-bir danışıb qurtardıqdan sonra dedim:

- Sizi axıra qədər diqqətlə dinlədim. İndisə siz qulaq asın.

Dedilər:

- Buyur.

- Mənə hədə-qorxu gəlməyin heç bir mənası yoxdur. Səhərdən məni həbsxana ilə, millətə divan tutacağınızla qorxudursunuz. Buna qətiyyən təəccüblənmirəm və rus imperiyasından bundan başqa heç nə də gözləmirəm. Həmsöhbətlərimin kimlər olduğunu da çox yaxşı bilirəm. Rus imperiyasının törətdiyi cinayətlər bütün dünyaya çox yaxşı məlumdur. Siz də bu imperiyanı təmsil edirsiniz.

Onlara 1937-ci il repressiyalarını yada saldım. SSRİ-nin xalqlar həbsxanası olduğunu dedim. Sonra da əlavə etdim ki, erməni-azərbaycanlı münaqişəsini siz özünüz təşkil etmisiniz. 1905-1918-ci illər qırğınlarını xatırladıb, bu qırğınlarla rusların nəyə nail olmaq istədikləri barədə fikirlərimi dilə gətirdim.

Uzun sözün qısası, ruslar mənimlə dil tapmağın mümkün olmadığını görüb üzlərini Əbülfəzə tutdular. DTK-nın birinci müavini dedi:

- Heç olmasa, sən onu başa sal. Əbülfəz onlara ürəyimcə olan diplomatik bir cavab verdi:

- Burada rəsmi söhbət gedir, mənim qarımağım artıqdır.

Sözhbətimiz üç saata yaxın çəkdi. Sonda ortaya bir sənəd qoyub mənə qol çəkdirmək istədilər. Xəbərdarlıq edildiyim barədə sənəd idi. İmzalamaqdan imtina etdim, dedim ki, mənim xalqımın səsinə səs verməyən, tələblərinə qulaq asmayan hökuməti də, onun sənədini də tanımıram:

-Sizdən də qorxub eləmirəm. Əlinizdən nə gəlirsə, onu da edin. Millətin içinə iğtişaş salanlar sizin kimi mafioz qüvvələrdir. Millətin içində mafiya axtarmayın. SSRİ-də ən böyük mafiya, rüşvətxor və korrupsioner Kommunist Partiyasıdır» (1, s. 178-179).

Nemət Pənahlının sözlərinə görə, Moskvadan gəlmiş nümayəndələr ona deyirlər ki, bu sözlər sənin sözlərin deyil, səni öyrədən var, səni kimlərsə idarə edir. Bu sözlər Nemətin gülməsinə səbəb olur. Ondan niyə güldüyünü soruşduqda isə, bildirir ki, özünüz o qədər onun-bunun tərəfindən idarə edilmisiniz ki, indi 26 yaşlı azərbaycanlı bir gəncin müstəqil düşünə biləcəyinə inana bilmirsiniz (1, s. 179-180).

Nemət mehmanxanadan düz meydana qayıdır və olanlar barədə mitinq iştirakçılarını məlumatlandırır. Onlardan fikrini soruşur. Millət meydanda son ana qədər qalmaq əzmində olduğunu, bir nəticə almadan dağılışmağın qorxaqlıq və rüsvayçılıq olduğunu bildirir.

İndi yenidən aysberqin görünən tərəfinə keçək və Ədalət Tahirzadəni dinləyək. Onun dekabrın 4-nə aid qeydlərindən belə aydın olur ki, Nemətin tarixini unutduğu görüş dekabrın 3-də olub. Söhbət Əbülfəz Əliyevin dekabrın 4-də, saat 01. 07-də, eləcə də Nemətin onun ardınca 01. 25-də etdiklərii çıxışından gedir:

«01.07. Əbülfəz:

- Bir neçə saat əvvəl KQB sədrinin özü və müavini ilə söhbət etdik. Azərbaycana 150 milyon ziyan dəyib. Nemət deyib ki, tələblərimiz ödənsin. Dedilər ki, üç siyasi səhv olub: ruslara qarşı çıxılıb, axırda “ermənilərə ölüm!” deyilib, ordu faşist ordusu adlandırılıb. Nemət sübut etdi ki, təkcə Daxili İşlər Nazirliyində 400-dən çox erməni var, oxuduğu siyahıdakılar həmçinin. Azərbaycan erməni mafiyasının əlindədir. Milli məsələ qoymuruq, xalqı əzən Azərbaycan rəhbərlərinə qarşı da çıxırıq. Nemət dedi ki, Z. Balayan yazdı, dəymədiniz. Başqası yazdı, dəymədiniz. Ağanbeqyan yazdı, dəymədiniz.Nemət ordu məsələsinə gələndə dedi ki, ordunu gül-çiçəklə qarşıladıq. Əliyalınıq, ancaq tələblərimiz ödənilməyincə meydanda qalacağıq. Bizə dedilər ki, tələblərinizi Vəzirova çatdırarıq, sabah bilərsiniz.



Nemətə deyiblər ki, səni 67-ci maddə ilə millətçilikdə ittiham edə bilərlər, çünki “ermənilərə ölüm” demisən. Tamamilə tərksilah oldular. Verdikləri kağıza qol çəkilmədi. Yolu başlamaq asandır, sona çatdırmaq igidlikdir. Heç kəsi təhrik etmirik. Kim istəsə qala bilər. Srağagün gecə çox adam çadırlarda oturmuşdu. Ancaq tələbələr əsgərlərə göstərmək üçün o soyuqda köynəkcək qaçışmağa başladılar. Gəlin möhkəmliyimizi işdə göstərək, yoxsa elə-belə “öldü var, döndü yox” qışqırmaq gərək deyil. Dağlıq Qarabağın muxtariyyəti elə-belə ləğv olunmayacaq. Ancaq tələbimiz qüvvədə qalır. Orada iki erməni, bir azərbaycanlı, bir rus katib qoymaq haqqında fikirləşirlər. Mafiyalar gördü ki, hərəkat onların mənafeyinə toxunur, onda hərəkata antisovet qiymətverməyə çalışdılar ki, qoy hökumət özü bizim cəzamızı versin. Neçə günlər tələblərimizi eşitməyənlər, aclarımızı görməyənlər bir satqını tez tapıb ortaya çıxardılar.

1.25. Nemət KQB-də ona qarşı sürülən ittihamlara verdiyi cavablardan danışdı və Əbülfəz kimi o da söylədi ki, əməkdaşlar onun cavabları qarşısında tərksilah oldular. Sonra Nemət dedi ki, mübarizəmiz sonadək davam edəcək. Hərə özünə cavabdehdir, mən heç kəsi qalmağa dəvət etmirəm. Zorla saxlamaq istəmirəm» (3).

Ədalət bəyin qeydlərindən belə məlum olur ki, o, gündüz saat 13. 30-a qədər meydanda olub və ayaq üstə durmaqda çətinlik çəkdiyi üçün üçün evə gedib. Onun sonrakı qeydləri artıq dekabrın 5-nə aiddir. Dekabrın 3-nə olan qeydlər Meydan hərəkatının sonuna yaxın meydanda cərəyan edən hadisələrin drammatizmini hiss edə bilmək baxımından daha maraqlıdır:

«03 DEKABR 1988.

Sağalmasam da meydana qayıtdım.

16.58. Nemət xalqa müraciət oxudu. Sonra qətnamə oxudu (Az.KP-yə, Az. AS RH-ə):

- 10 aydır ki, Azərbaycan xalqı məşəqqətli günlər keçirir. Dağlıq Qarabağ Muxtar Vilayətində yuva salmış daşnaklar xalqımızın ləyaqətini ləkələyirlər. Xocalı və Topxana hadisələri deməyə əsas verir ki, 18 iyul qərarı bir tərəfli, ermənilərin xeyrinə həyata keçirilməyə başladı. Mitinqə başladıq. And içdik ki, tələblərimiz yerinə yetirilməyincə buradan getməyəcəyik. Bu müddətdə Azərbaycan Kommunist Partiyası tələblərlə bağlı iş görməmişdir. 

Tələblərimiz: Azərbaycan SSR-in konstitusiya hüquqları müdafiə olunsun. DQMV partiya orqanları buraxılsın, DQMV ləğv edilsin.

Ermənistandan gələnlər Dağlıq Qarabağda və aran Qarabağda yerləşdirilsin.

Azərbaycan SSR-də vicdan azadlığı bərpa edilsin.

Etibardan düşənlər buraxılsın.

Mitinq, nümayiş azadlığı olsun.

Xalq Cəbhəsi üçün şərait yaradılsın. 

Tətil edənlərə, nümayişçilərə divan tutulmaması haqqında zəmanət verilsin.

Onların əmək haqqı dövlət hesabına ödənilsin. 

Televiziya və mətbuatda hərəkat obyektiv işıqlandırılsın. 

Tələblərimiz ödənilsə hərəkatı ayın 4-ündə dayandırmağa söz veririk. Xalqın hərəkatına böhtan atmaq ən azı bişərəflikdir.

Kimsə artıq hərəkətə yol verə bilər, ancaq bunun üçün xalq cavabdeh deyil. 16 (əslində 17 – Ə.T.) gündür ki, mitinq davam edir, ancaq bugünlərdə bir oğurluq da olmayıb. Ancaq ofiser itləri (ziyalılar) yenə xalqa xəyanətlə məşğuldur. Məhz o cürə hərəkət edənləri (Namiq Zeynalov nəzərdə tutulur - Ə.T.) nəzərdə tuturam. Ağdam uşaqları, Tibb İnstitutunun uşaqları yanıma gəlib ağladılar ki, o bizə ləkədir. Fikir verilməməlidir. 2 noyabrda məni tutanda üzümə duran naxçıvanlı idi. Bişərəf elə hər yerdə bişərəfdir. Bu üç gün mənim ömrümdə ən xoşbəxt gün idi. Atam gəldi, dedi ki, təki Nemət kimi yüz oğlum olaydı, yüzü də xalqa qurban olaydı. Mən xalqımın və atamın qarşısında baş əyirəm. Qalaq burada. Erməninin evində kvartirant qalmaqdansa bu çadırlarda yaşamaq yaxşıdır. Burada durub gözləyək. Görək nə cavab verərlər. Versələr gedərik, verməsələr buradayıq. Ya onlara verən Allah, ya da bizə. (Gülüş, alqışlar).

Neçə ki bizim şairlər Azərbaycanın azadlıq himnini yazmayıblar, bizim himnimiz Tofiq Fikrətin “Millət şərqisi” olacaq. Əgər mətbuatımız belə getsə, qəzet olmayacaq. Sarayla xalqı birləşdirməliyik. Biz buradan dağılmayınca Azərbaycan rayonları bizimlə həmrəydir. Ancaq biz kölə kimi dağılmamalıyıq. Kölə kimi dağılsaq yaşamağımızdan ölməyimiz yaxşıdır. Dövlətsiz xalq heç nə edə bilməyəcək, xalqsız da dövlət heç nə edə bilməyəcək. Yoxsa hər iki tərəf arasında ziddiyyət yaranacaq və hər ikisi üçün mənfi nəticələr verəcək. Min dənə sifətləri var. Zapas sifətləri var, hansı lazım olsa taxırlar. Lazım olan kimi yenidənqurmadan danışırlar.

Niyə bu gün partiya, komsomol işçiləri xalqla bir yerdə deyil? Əgər bundan sonra da Stalin, Bağırov, Brejnev rejimi ilə getsək, bu ölkə dağılacaq, ona görə xalqla dövlət birləşməlidir. (Sonra T. Fikrətin “Millət şərqisi”ni söylədi). (Alqışlar). Qətnamələr oxunub qəbul edilməyincə tətil və nümayişlər davam edir.

Nemətin danışığçox həvəssiz, daha doğrusu, ruhsuz idi.

17.58. S. Rüstəmxalı: General camaatımız haqqında yaxşı rəydədir. Bir məktubda deyilir ki, biz bu meydana şəkili, şirvanlı, lənkəranlı, naxçıvanlı kimi gəlmişdik, ancaq azərbaycanlı kimi gedirik. Onaltıncı (əslində 17-ci - Ə.T.) gündür ki, buradayıq. Gərək gələcək mübarizəmizin yollarınıdüşünək.Bu, dünya tarixində elə bir xalq hərəkatı idi ki, heç bir fitnəyə baxmayaraq öz nüfuzunu qoruya bildi. Fəhlələr tələbələrə yaxınlaşdı, dövlətlə xalq yaxınlaşdı. Xalq hərəkatı Azərbaycan xalqının bütün yaxşı cəhətlərini üzə çıxardı. Bakıda ilk dəfə bu qədər silahlı qüvvə gördük. Əfqanıstanda xidmət etmiş əsgərlər vəziyyəti əllərinə aldılar. Xarkovlu kursantlar öz cüzi maaşlarından pul yığıb “Yardım” fonduna köçürüblər. (Alqışlar).

Bizim hərəkatımız ermənilərə qarşı deyil, burada gürcü, rus, qazax və b. danışıb. Bütün xarici radiostansiyalar məlumat verib, BMT-yə xəbər çatıb. Heç bir pozuntu baş verməyib şəhərdə; hamı bizimlə həmrəy olub. Topxanada iş dayandırıldı. Bu bizim ilk qələbəmizdir. Ancaq Topxana bəhanədir. Başqa işlər də ola bilər. Manuçarovu və dəstəsini tutdular. Bu, ikinci qələbəmizdir. Poğosyanı da məhkəməyə verəcəklər.

Qorbaçovla görüşdə ermənilər deyiblər ki, xalqın üzünə necə çıxacağıq, o da deyib ki, qazanı necə qaynatmısınızsa xalqın üzünə də o cür çıxın. Xalq hərəkatının nəticələrindən biri respublikada özünümaliyyələşdirməyə keçilməsidir. Bu, dördüncü qələbədir. Beşinci qələbə isə birliyimizdir. Bu meydana kömək əli uzadanlara “sağ ol”, “var ol” deyirəm.

Xalqın irəli sürdüyü dil və s. ilə bağlı çoxlu tədbirlər yuxarılarda müzakirə olunur. Səhvlərdən də danışmalıyıq ki, gələcəkdə nəzərə alaq. Hazırlıqlı deyildik. Nümayiş komitəsini yalnız ayın 25-ində (8 gün sonra) yaratdıq. Ziyalı-fəhlə söhbəti də düz olmadı. Mən xəcalət çəkdim ki, tribunada belə ayrı-seçkilik getdi. Qüvvələr parçalananda gördüm ki, bəzi adamlar bundan istifadə etdilər. Hansı qruplarınsa hegemonluğundan danışıldı. Şəxsən belə fikirdə olmuşamsa mənə də ar olsun!

Bu, demokratiyanın bizə verdiyi şəraitdir. Müxtəlif portretlər, bayraqlar oldu, onların bizə heç bir dəxli yoxdur. Əsas məqsədimiz Qarabağdır, Qarabağdır. Başqa heç bir şüarla əlaqəmiz yoxdur. Xalq hərəkatının əvvəlində hərə öz istədiyini deyir. Düzü yalandan seçmək çətin olur. Mənə elə gəlir ki, biz bu imtahandan “əla” qiymətlə, açıq alınla ayrılacağıq. Ermənistandan 75 mindən çox adam gəlib. Onlara kömək etməliyik. Dördüncü gündür ki, bizi yalançı vəziyyətində qoyurlar. Öz sözümüzü deməli, buradan getməliyik. Çadırları Ermənistandan gələnlərə bağışlamalıyıq.

Nemət deyib ki, sabah da yığışacağıq. Ancaq sabah yollar bağlanacaq. Ona görə də mənə inananlar bu gün dağılışsın. (Fit, hay-küy).

Mən sözümü dedim; kim istəyir getsin, kim istəyir qalsın. Mənim borcum idi bu sözləri demək. Sözü Vəli Məmmədova verirəm. (Fit).

18.28. Vəli Məmmədov. (Nə danışdısa eşidilmədi).

18.29. Nemət:

- Onu bilin ki, burada kim fitə basılırsa, mənim ayağıma yazılır. Sabirin xatirini qardaş qədər istəyirəm. O, çox iş görüb, ancaq birinci gündən eşitmişəm ki, buranı dağıdaq. Sabir qardaşımız ürəyiyumşaq adamdır, ona nə deyirlərsə gəlib deyir. Ancaq mən dedim ki, buranı tərk etmək xalqa xəyanətdir. Ancaq onu deyim ki, xalqın inandığı adamlarla xalqı qırğına vermək istəyirlər. Bizim zavod tətilə çıxanda qabağımıza Bəxtiyar Vahabzadəni göndərdilər. Sabir qardaşıma sual verirəm: əgər bir mikrofonu ala bilmirsənsə sabah tutulanları necə qurtaracaqsan? Əgər bu gün arxasında xalq dura-dura onu saymırlarsa sabah sayacaqlar?

Bütün rayonların gözü bizdədir. Sonra bizə deməzlərmi ki, a bişərəflər, bəs niyə yığılmışdınız oraya? Əgər qorxa-qorxa döyüşə girirsə o ordu məhv olmalıdır. Əgər kölə kimi danışsaq deyəcəklər ki, 16 gün bağırdılar, axırı nə oldu? Nümayiş-lər gözümüzün qabağında deyil? “Vaxt” buna deyirdilər? Ermənistanda xalqımızı təhqir etdilər. Leninizmdən danışdım. Deyirəm: Lenin özü həbsdədir. Onun heykəli altında 4 tərəfdən həbsdəyik. Məgər leninizmdən danışmaq antisovetlikdir? Ziyalı söhbəti gedir. Mən xalq universiteti keçmişəm. Ziyalı 100 min verib universitetdən diplom alandır? Nəsiminin diplomu vardı? Nədən istəyirsiniz danışaq. Vəzirovla 8 dəfə görüşmüşəm. Hamısında da demişəm ki, Əliyevə çəpik çalıb onu məhv edənlər sabah da səni məhv edəcəklər.

Biz 15 bayraq alanda ermənilər öz işlərini görürdülər. Vəzirovun yanındakılar onun düşmənləridir. Yaltaqlardır. Deyiblər ki, guya bura yığışanlar onu nüfuzdan salmaq istəyirlər. Vəzirova demişəm ki, siz Azərbaycan xalqının tarixində əvəzsiz bir şəxsiyyətə də çevrilə bilərsiniz, Bağırovlara da. Necə olur ki, katib vəzifədən çıxarılan kimi cəmiyyət ona düşmən olur? Əliyevə qarşı kim çıxış edib? Heç kəs. Bəs kim deyə bilər ki, sabah Vəzirova qarşı da bu sözlər deyilməyəcək? Bu gün biz fədaiyik. Kərbəla müsibəti islam aləmini 1400 ildir ki, yaşadır. Nəsimi ölümü xalqı 400 il yaşatdı. Eybi yoxdur, əlisilahsız xalqıq; qoy tankı versinlər, uzanacağıq meydana, qırılacağıq. Onu da deyim ki, bu elə ilk gündən belədir. Deyirlər ki, bu gün qıracaqlar, sabah qıracaqlar. Bu boyda xalqı görmürsən, gözlərin kordur, bircə dənə narkomanı, pozğunu görürsün? Bizə cavab verməsələr bilərik ki, dövlət yoxdur, partiya yoxdur, biz də öz başımıza çarə qılarıq.

18.50. Sabir:

-Nemətlə dialoqu davam etdirək. Mənim kitabımda bircə kəlmə də öyrətmə sözlər yoxdur. Nemət Vəzirovla 8 dəfə görüşüb, mən heç onun yarısı qədər də yox. Böyüklərlə görüşməylə aram yoxdur. Söhbət xalqın taleyindən gedir. Hər şeydən xəbərimiz var. Biz milyon girmişik meydana, yüz nəfər kimi tərk edə bilmərik. 

Söhbət ondan gedir ki, Bakının ixtiyarını niyə başqalarına verək? Biz bura gələndə yalnız Qarabağla bağlı gəlmişdik. Söhbət ondan gedir ki, niyə aramızda intriqa salıb dağıtsınlar? Millətin gücü adamın çoxluğu ilə yox, başla ölçülər. Niyə belə olmalı idi ki, gəlsinlər bura, yüzlərcə oğullarımızı tutsunlar? Sabah xalqa başçılıq edənlər qalmayacaq. Xalqın dərdlərini həll etmək üçün Nemətləri, Vəli Məmmədovları (fit) qorumalıyıq. Gücümüzü qoruyaq. Vaxt verək. Burada elə oğullar var ki, kəndlərinə hücum var. Başları açılsın.

18.58. Aydın Məmmədov:

- Mərkəzi Komitənin qapılarını yalnız bu hadisələr gərginləşəndən sonraüzümüzə açıblar. Heç kəs məni qorxuda bilməz, heç nədən qorxmuram. Bir canım var, tanklar gəlsə də. Nemətin taleyi taleyimdir. Biz deyirik ki, Azərbaycanın suverenliyi uğrunda mübarizə aparırıq. Ancaq hansı yollarla? (19.01-də cənub tərəfdə mikrofon quraşdırıldı, camaatı Nemətçilər arxaya çağırdılar). Gəlin vaxt verək, tələblərimiz ödənilməsə yenidən toplaşarıq.

19.05. Nemət:

- Mən Sabirin, Aydın müəllimin bu 15 günlük hərəkətini xəyanət hesab edirəm. (Uğultu).

19.06. Vəli Məmmədov camaatı dağılışmağa çağırdı.

***

Camaat arasında, bir növ, çaşqınlıq yaranıb: kimə inanmalı? Meydandakı 100 mindən çox adamı düşüncəcə müxtəlif bölümlərə ayrılıb. Ancaq daha çox (həlledici hissə) Nemətpərəstdir…» (3).



Bəli, həqiqət budur ki, rus imperializmi Meydanda «Nümayiş Komitəsi»nin əli ilə xalqın birliyini sarsıtmağı, ortaya ikitirəlik salmağı bacardı. Yalnız bundan sonra Meydanı rus işğalçı qoşunlarının əli ilə dağıtmağa girişdi, buna cəsarət etdi. Məqsəd isə Nemət Pənahlının, Məhəmməd Hatəminin və «Çənlibel»çilərin (Xalq Hərəkatı Cəbhəsi üzvlərinin) söylədikləri «Müstəqil Azərbaycan» ideyasını, SSRİ-dən ayrılmaq düşüncəsini məhv etmək idi və buna müvəqqəti də olsa, nail oldular. Fəqət Meydanın dağıdılmasına hələ bir gün qalırdı…

Azadlıqsevər xalqımızın əksər hissəsi isə Meydandandan ayrılmamaqda qərarlı idi. Ədalət Tahirzadə məhz o hissəni «Nemətpərəst» adlandırır.

Meydanda şahidi olduğumuz qarşıdurma millət olmağa hələ hazır olmayan əski nəsillə millət olmaq istəyən, milli dövlətçiliyini bərpa etmək istəyən yeni nəslin qarşıdurması idi.

Ulu öndərimiz M. Ə. Rəsulzadı özünün «Əski və yeni nəsil» məqaləsində yazır: «Şübhə yox ki, gənclik, yaş, quruluş və ruh etibarı ilə daha həssas, daha həyəcanlı və daha atılqan olur. Hər millətin həyatında elə anlar ola bilir ki, bu kimi şeylər qəti bir rol oynayır. Fəqət, ümumiyyətlə istisnai hallardır və hərb, inqilab, feili (gerçək) mücadilə kimi dövrlərə inhisar edər. Normal hallarda isə, əsil olan tədbirli, düşüncəli və olğunca hərəkətlərdir ki, bu da ancaq əski və yeni nəsillərin bir-birini tamamlaması və yardımlaşması surətilə əldə edilə bilir.

Əski nəslin təcrübəsi və tədbiri yeni nəslin enerjisi ilə birləşdiyi təqdirdə milli dava vüqar və təmkinlə və əzəmi müvəffəqiyyət şansı ilə yeridilə bilir.

Gənclik, özündən əvvəlki nəslin bütün müsbət təcrübələrini sürətlə mənimsəməlidir. Bu, onun təvarüs (ala) edə biləcəyi ən zəngin və ən davamlı bir mirasdır. Yeni nəsil əskisindən daha bilgili, daha kültürlü və daha olğun olaraq yetişmək zorundadır. Çünki onu daha böyük və daha çətin vəzifələr gözləməkdədir. Bu isə yalnız təvazö və tükənməz bilgi və öyrənmək eşqilə təmin edilə bilər.

Bir millətin yeni nəsli əskisinə nəzərən daha az kültürlü və daha az təcrübəli olursa, o millətin varlığı və gələcəyi təhlükəyə məruz qala bilir.

Əlbəttə, yeni nəsil əskilərin kötü ehtiraslarını heç bir surətlə təvarüs etməməli və bunları hakir (dəyərsiz) görmə fəzilətini öz ruhunda daim qüvvətləndirməlidir. Gəncliyin tək şüarı millətə fərağatla və təmiz bir qəlblə xidmət olmalıdır. Belə bir gəncliyi olan millət, halından və istiqbalından (gələcəyindən) tamamilə əmin ola bilir» (2).


Qaynaqça


  1. Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.

  2. Rəsulzadə M. Ə. Qövm və millət. “Azərbaycan”, il 1, sayı 12, mart 1953, Ankara.

  3. Tahirzadə Ə. Meydan hərəkatı: 4 il, 4 ay (https://ru.scribd.com/ doc/61649371 /Meydan-gundeliyi).


Yüklə 80,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin