Bəxtiyar Tuncay Şimaili Azərbaycanın orta tunc dövrü kurqan abidələri



Yüklə 396,23 Kb.
səhifə2/2
tarix21.10.2017
ölçüsü396,23 Kb.
#8579
1   2

1 saylı Daşlıçökək kurqanı. Diametri 8-10 m, hündürlüyü isə 0,6-0,7 m olan kurqan örtüyünün mərkəz hissəsində daşlar iri və sıx, ətraflarda isə seyrək olmuşdur. Vaxtilə, su arxı çəkilərkən onun şərq tərəfi 1-1,5 m-ə qədər kəsilmişdir. Örtük qalığı təmizlənəndən sonra təxminən kurqanın mərkəz hissəsində 0,75 m dərinlikdə 1,6x1 m ölçüdə düzbucaqlı qəbrin konturları izləndi. Daşla dolu qəbir çalasının dərinliyi 1,5 m idi. Burada bir nəfər bükülü vəziyyətdə, sağ böyrü üstə, əlləri üzünün qarşısında, başı şimal-qərb, istiqamətində dəfn edilmişdi. Daşların çökməsi nəticəsində skeletin sümükləri güclü dağıntıya məruz qalmışdır. Qəbrin qərb küncündə, ölünün üzünün qarşısında 8 ədəd gil qab, bel hissəsinin yanında tunc xəncər, ayağının altında isə qoyun sümükləri aşkar edilmişdir.

Keramika.

1. Açıq qırmızı rəngdə, uzunsov qabarıq gövdəyə malik, boğazsız, ağzı nisbətən içəri yığılmış, kənarı zəif yana əyilən, düz oturacaqlı küpə. Qabın çiyin hissəsi xeyli qabarıqdır. Ölçüləri: h-11,5; da-9; dot-6 sm-dir.

2. Qırmızı-sarımtıl rəngdə,düz oturacaqlı geniş ağızlı, qabarıq gövdəli, yastı gen oturacağa malik küpə. Görkəmcə kobuddur. Ölçüləri: h-10, da-9,5; dot-8,5 sm-dir.

3. Qırmızımtıl rəngdə, qabarıq gövdəli, geniş ağzı yana açılan, ağzının üstü üfüqi vəziyyətdə kəsilmiş, gen, yastı oturacağa malik küpə. Keyfiyyətli gildən hazırlanmış, lazımınca bişirilmiş, üstü cilalanmışdır. Boğazının hər iki yanında dairəvi (1 sm) batıq mövcuddur. Gövdədə zəif qırmızı rəng izlənir.

4. Boz rəngdə, qabarıq gövdəli, qısa boğazlı, ağzının kənarı yana açı- lan, yastı oturacaqlı küpə. İri qum qarışıqlı gildən hazırlanıb, yaxşı bişirilib, üstü zəif cilalıdır.

5. Boz rəngdə, qabarıq gövdəli, qısa boğazlı, ağzı yana açılan, yastı geniş oturacaqlı küpə. Üzəri yaxşı hamarlanmışdır. Çiynini 3 kəsmə xətt əhatə edir. Üstdəki 2 xəttin arası çəpinə cızma xətlərlə doldurulmuşdur. Cızma xətlərin əmələ gətirdiyi sınıq xətlə, sonuncu, üçüncü kəsmə xətdən altda gövdəni cızma xətlərdən ibarət, başı aşağı çəkilmiş üçbucaqlar əhatə edir. Ölçüləri: h-17,5, da-11,5; dot-8 sm.

6. Boz rəngdə qabarıq gövdəli, yastı oturacaqlı, qısa boğazlı, ağzı azca yana açılan küpə. Onun çiynini içinə sünbülvari zərif kəsmə naxış çəkilmiş kəmər, kəmərin altını içinə kəsmə xətlər çəkilmiş sınıq xətlər bəzəyir.

7. Boz rəngdə, qabarıq gövdəli, ağzının kənarı azca yana açılan yastı, oturacaqlı təkqulp qab. Keyfiyyətli gildən hazırlanıb, yaxşı bişirilib, üstü cilalıdır. Çiynində gövdəyə birləşən qulp (təhrif olunmuş Kür-Araz qulpu), onun hər iki yanında dairəvi qabarıq yapma qulpun üstündə şaquli kəsik xətt vardır. Qulpun əks tərəfində, gövdənin üst hissəsində dalğavari bəzək yerləşir. Ölçüləri: h-9; da-9; dot-7,5 sm.

Sarımtıl rəngdə, güldan formalı, yastı oturacaqlı, gövdəsi yuxarı qalxdıqca genişlənən, düz ağızlı qab. Ağzının altını tor kəmər, onun altına isə içinə kəsmə xətlər çəkilmiş zolaq vardır. Narın qum qarışıqlı gildən hazırlanıb, yaxşı bişirilmişdir. Üstü cilalıdır.

Tunc xəncər. Uzunsov üçbucaq formalı tiyəyə, düzbucaq formalı kiçik çıxıntılı saplağa malikdir. Hər iki üzü boyunca 3 ədəd nazik qabarıq zolaq yerləşir. Saplaqda tiyəni dəstəyə birləşdirmək üçün alt-alta 2 deşik vardır. Tiyənin uzunluğu-24 sm, saplağın ölçüləri 5x5 sm-dir (Rüstəmov C., Muradova F., 2014, s. 25-27).

2 saylı Daşlıçökək kurqanı. Üst və şərq tərəfi dağılmış kurqanın salamat qalmış diametri 12-14 m, hündürlüyü 1 m-ə yaxındır. I saylı kurqandan 30-40 m şərqdə yerləşir. Örtüyün qalmış hissəsi irili-xırdalı daşlardan ibarətdir. Daşların altında 4x2,2 m ölçülü, içi qalın oxra qatı ilə örtülmüş xəndək - qəbir kamerası vardı.

Kameranın mərkəzində ətrafına xırda daşlar düzülmüş 1x2 m ölçülü çökəkdə insan skeleti aşkar edilmişdir. Bükülü vəziyyətdə, sol böyrü üstə, başı qərbə tərəf dəfn edilmişdi. Üzünə tərəf qaldırılmış sağ əlinin yanında qara cilalı, çox zərif tək qulp qab, çiyin hissəsinə qaldırılmış sol əlinin yanında mərmərdən əsa başlığı var idi. Kəllə sümüyü qəbrə tökülmüş daşların ağırlığından dağılmışdı. Kameranın cənub divarından içəriyə doğru uzanmış bir daşın üstündə bir-birindən təxminən 20-30 sm aralı yerləşmiş 2 qaramal kəlləsi qoyulmuşdu.

Skeletin qərb tərəfində başının arxasında dəvəgözü daşından 10 ədəd gəzli və 1 ədəd tunc ox ucluğu aşkar edilib. Ucluqların toplam şəkildə tapılması onların vaxtı ilə müəyyən bir əşyanın içində olduğunu göstərir. Bunlarla yanaşı nazik tunc təbəqəsindən hazırlanmış yarpaq formalı yastı tiyəli, kiçik çıxıntıvari saplaqlı mızraq, qəbrin şimal-qərb küncündə, bir ədəd, şərq hissədə isə 3 ədəd nisbətən iri ölçülü küpə qoyulmuş- dur. Digər 2 ədəd qab kameraya tökülmüş daşların altından və arasından tapılmışdır.

Keramika. 1. Üstü qara cilalı, içi sarımtıl rəngdə, qısa silindrvarı bo- ğaza malik, ağız kənarı düz, təkqulp küpə. Gövdəsi çiyin hissədə qabarıqdır, düz oturacaqlıdır. Qulpu səviyyəsində çiynində düyməvari qabarıq bəzəklər vardır. Ölçüləri h-20; h-3, db-14,5; do-10 sm-dir.

2. Qara cilalı, şar gövdəli, düz oturacaqla tamamlanan küpə. Kür-Araz mədəniyyəti qulpuna bənzər qulpu vardır. Astarı sarımtıldır. Qabın çiynini içi paralel xətlərdən ibarət əhatə edir.ona aşğıdan bitişik yarpağa oxşar cızma bəzəyi vardır. Ölçüləri h-24; boğazın h-4,5, da-14,5; dot-10 sm-dir.

3. Qara cilalı, kiçik düz oturacaqlı, bilavasitə gövdənin davamı olub, azca yana açılan düz ağız kənarına malik küpə. Gövdənin qabarıq hissəsində ilgəkvarı kəsikdə dairəvi kiçik qulpu vardır. Boğazının altını çox zərif kəsmə xətlər əhatə edir. Ölçüləri: h-23; hb3; da-12; dot-10 sm-dir. Onun altını içinə şaquli kəsmə xətlər çəkilmiş kəmər bəzəyir.

4. Qara cilalı, kiçik düz oturacaqlı, qabarıq gövdəli, silindrvarı boğaza malik qulplu küpə. Ağız kənarı azca genəlir, çiynində qulpun gövdəyə birlə- şən hissələri ortaya nisbətən enlidir. Bu naxışların arasında batıq şaquli zolaqlar çəkilmişdir. Boğazın altını içinə cızma xətlər çəkilmiş başı yuxarıya tərəf çevrilmiş üçbucaqlar bəzəyir. Ölçüləri: h-13,5; hb-2; da-9; dot-6 sm-dir.

5. Narın qum qarışıqlı gildən hazırlanmış, keyfiyyətli bişirilmiş, çox yaraşıqlı zərif qara cilalı qab. Astarı sarımtıl rəngdədir. O, qıf formalı ağız, qabarıq gövdə, kiçik düz oturacağa malikdir. Gövdəsinin divarı çox nazikdir (0,2-0,3 sm). Gövdənin qabarıq hissəsinin üstü zərif, batıq xətlər çəkilmişdir. Qabın çiynində dairəvi qulp yerləşir. Ölçüsü: h-12; hb-2; da-8,5; dot-6 sm-dir.

6. Qabarıq gövdəli, kiçik düz oturacaqlı, qısa silindrvarı boğaza malik qara cilalı qab. Gövdənin ortasını bir-birindən müəyyən məsafədə yerləşən zərif, şaquli, batıq topa xətlər əhatə edir. Çiynində kəsikdə dairəvi halqavari qulp yerləşir. Ölçüləri: h-9; hb-2; db-8,5; dot-6 sm-dir.



Daş ox ucluqları. Bozumtul rəngdə dəvəgözündən düzəldilmiş 10 ədəd gəzli ox ucluqları. Hər iki üzdə xırda qəlpələrdən qopardılması ilə işlənilmişlər.

Əsa başlığı (skipeter). İçərisində ağ ləkələr olan bozumtul rəngdə mərmər cinsli daşdan düzəldilmişdir. Forması armudvariyə yaxındır. Ortasında şaquli deşik açılmışdır. Ölçüləri: h - 5,5; d - 6,5 sm-dir.

Mızraq. Nazik tunc təbəqəsindən yarpaq formasında düzəldilmişdir. Kiçik çıxıntıvari saplağa malikdir. H - 9,5 sm-dir.

Tunc ox ucluqu - dörd tilli piramida formasında olub nazik, çıxıntı- vari saplağa malikdir. H-5,5 sm-dir (Rüstəmov C., Muradova F., 2014, s. 27-28).

Yovşanlı təpə kurqanları. Daşlı çökək kurqanlarından təxminən 150- 200 m şərqdə, uzunluğu 100-150 m, hündürlüyü 70-80 sm-dən hündür olmayan “Yovşanlı təpənin” üstündə yerləşmişlər. Təpənin şərq-qərb uzunu boyu 6 kurqan qeydə alınmışdır. Kurqanların cənub tərəfindən enli və dərin yarğan keçir. Burada iki kurqan tədqiq edilmişdir.



1 saylı Yovşanlı təpə kurqanı. Təpənin şərq hissəsində yerləşən, diametri 6 m və hündürlüyü 0,6 m olan daş örtüklü kurqanın çökəyə düşmüş cənub-şərq hissəsinin daşları sürüşərək yerlərini dəyişdirmiş və dağılmışdır. Kurqan örtü- yündən şimal-qərbdə, dərinliyi 1,1 m olan qəbir kamerası aşkar edilmişdir. Bu hissədə bir dənə də olsun daş parçasına rast gəlinməmişdir. Mərhum başı şimal-şərq istiqamətində olmaqla sağ böyrü üstdə, bükülü vəziyyətdə dəfn olunmuşdur. Üzünün qarşısında 1 cərgədə 4 ədəd qab qoyulmuşdu. Pis saxlanmış skeletin cənub tərəfində, xəncər tiyəsi var idi. Qəbrin üst hissəsi, qablar səviyyəsinə qədər aşılanaraq dağılmışdı.

Keramika.

1.Üzəri boz iç tərəfi sarımtıl rəngli nisbətən böyük qab. Çiyninə çox xırda çərtmə xətlərin əmələ gətirdiyi sünbülvarı naxışlı kəmər, onun altını isə cızma xətlərin əmələ gətirdiyi başı gövdənin altına çevrilmiş, üçbucaqlar bəzəyir. Boğazın altında, çiyinin hər iki yanında düzbucaq for malı, çıxıntıvari qulaqcıq düzəldilmişdir. Hazırda onlardan birinin yeri, digərinin isə yarısı saxlanmışdır.

2. Üzəri boz, iç tərəfi sarımtıl rəngli geniş ağızlı. Qabın gövdədən aşa- ğı hissəsi ovulub töküldüyündən onu yerdən qaldırmaq mümkün olmamış- dır. Onun çiynini iri çərtmə naxışlı kəmər bəzəyir. Bu kəmər 4 yerdə qoşa qabarıq düyməcik vasitəsilə bərabər hissələrə ayrılır. Onun altını çərtmə sı- nıq xətt, sonuncunun altını isə başı gövdənin altına tərəf çevrilmiş çərtmə xətlərin əmələ gətirdiyi üçbucaqlar bəzəyir.

3. Üzəri qara cilalı, daxili iri çəhrayı rəngli küpə. Çiynini bir-birindən müəyyən məsafədə yerləşən 4 konusvari qabarıq düyməcik çıxıntı bəzəyir. Bu çıxıntılar vasitəsilə qabın çiyni dörd bərabər hissəyə bölünmüşdür.

4. Üzəri qara cilalı, daxili çəhrayı rəngli küpə. Hər iki çiynində yapma aypara bəzəyi vardır.

Tunc xəncər. Uzunsov üçbucaq formalıdır. Hər iki üzünün ortası boyunca qabarıq, zolaq keçir. O, tiyəni dəstəyə bərkitmək üçün kiçik düzbucaq formalı dəstəyə malikdir. Dəstəkdə alt-alta iki deşik açılmışdır (Rüstəmov C., Muradova F., 2014, s. 28-29).

2 saylı Yovşanlı təpə kurqanı. 1 N-li kurqandan təxminən 35-40 m şimal-qərbdə yerləşirdi. Diametri 4,5 m-dir. Daş örtüklü idi. Şərq və mərkəz hissədə daş yığımı daha sıx olmuşdur. Örtük daşlarının altında dairəvi daş düzümündən ibarət kromlexin olduğu müəyyənləşdirlimişdir. Mərkəzdən 0,9 m qərbdə, şimal-şərq və cənub-qərb istiqamətdə, ölçüləri 1,2x0,85 m olan daş qutu qəbrin qalıqları aşkar olunmuşdur. Qutunun örtük daşı yox idi. Şimal və qərb tərəfi sal daş, şərq və cənub tərəfi isə xırda daşlardan qurulmuşdu. İçində 0,85 sm dərinlikdə bir ədəd yastı daş aşkar edilmişdir. Qutudan təxminən 1 m aralıda ölçüsü 0,95x0,45x0,3 olan örtük daşlarından biri aşkar edilmişdir. Qəbirdən heç nə tapılmadı. Qutunun alt səviyyəsində, torpaqdan digər tədqiq etdiyimiz kurqanların saxsı məmulatına bənzər xırda saxsı qırıqlar aşkar edilib (Rüstəmov C., Muradova F., 2014, s. 28).

Zurnabad kurqanı Gəncəcay vadisində, Xanlar şəhəri yaxınlığında, Zurnabad adlı yerdə aşkar olunmuşdur. Kanal qazılarkən kurqan tamamilə dağıdıldığından, onun haqqında ətraflı məlumat yoxdur. Daş qarışıq torpaq kurqanın altında aşkar olunan qəbirdə insan skeleti qalıqlarına, onun ətrafında isə monoxrom boyalı qablar, gil qab parçaları, tunc bəzək əşyaları və obsidian qəlpələri aşkar olunmuşdur. Kurqanın kənara atılmış torpağında insan skeletinin qalıqları, gil qab parçaları, spiralşəkilli əşyalar, obsidian ox ucluğu aşkar olunmuşdur. Zurnabad kurqanından əldə edilmiş monoxrom boyalı küpələr Naxçıvan abidələrindən tapılmış eyni tipli qabları xatırladır. Zurnabad kurqanı H. P. Kəsəmənli tərəfindən e.ə. XVIII-XVII əsrlərə aid edilmişdir. Son illərin araşdırmaları Zurnabad kurqanının daha qədim tarixə malik olduğunu deməyə imkan verir (Кесаманлы Г. П., 1999, s. 50).

Gəncəcay rayonunda Y. Hümmel tərəfindən qazılan 12 №-li kurqan da Orta Tunc dövrünə aiddir. Kurqanaltı qəbir kamerası dördkünc formalı olub, cənub-qərb istiqamətində qazılmışdır. Qəbirin ölçüləri 2,60 x 1,55 x 1,40 m-dir. Qəbir kamerasının üzəri taxta parcaları ilə örtülmüşdür. Skelet olduqca pis qaldığından, onun istiqaməti müəyyən edilməmişdir. Kameranın cənub-şərq hissəsində qoyun skeletinin qalıqları aşkar olunmuşdur. Qəbir avadanlığı 1 ədəd mis əşya, 18 gil qab və bir necə caxmaqdaşı parcalarından ibarət olmuşdur.

Bu qəbirdən aşkar olunan gil qablar qara rəngdə yaxşı bişirilərək, cilalanmışdır. Bəzi qabların üzəri Üzərliktəpənin ikinci qrup keramikası üçün xarakterik olan basma ornamentlə naxışlanmışdır. Kurqan e.ə. II minilliyin birinci yarısına aid edilmişdir (Гуммель Я. И., 1992, с. 5-15).

Küdürlü qrupuna daxil olan 10 kurqan (3-12 №-li kurqanlar) orta tunc dövrünün sonuna aid olub, şimal-qərbi Azərbaycanın etno-mədəni inkişafınm VI mərhələsi üçün xarakterikdir. Bu kurqanlar özləri də bəzi xüsusiyyətlərinə görə 2 qrupa bölünür. I tip kurqanlara 3, 4, 7 №-li kurqanlar, II tip kurqanlara isə 5 kurqan (8, 9, 10, 11, 12 №-li kurqanlar) aiddir (Ахундов Т. И., 1988. с. 26; Ахундов Т. И., Нариманов И. Г., Мухтаров Н. М.,№ 0 – 527; Ахундов Т. И., Рамазанов Г. Х., Мухтаров Н. М., № 0 – 354).

I tip kurqanlarda dəfnetmə adəti özünəməxsusluğu ilə fərqlənir. 3 №-li kurqanda meyitin başını kəsib, sinəsi üzərinə cənub-şərq istiqamətinə qoyaraq dəfn etmişdilər. Dəfn olunan sinəsi üstündə tunc xəncər tiyəsi və sol yanmda böyük dəvəgözü (opsidian) parçası tapılmışdı. İnsan sümüklərilə yanaşı qəbirdə öküz sümüklərinə də rast gəlinib. Qəbir ləvazimatının əsasmı dulus məmulatı təşkil edir. Onlar əsasən tünd boz rəngdə idilər. Qəbirdə həm də 11 tunc sancaq və müxtəlif mənşəli materiallardan hazırlanmış muncuqlar aşkar edilmişdir (Ахундов Т. И., 1988. с. 26).

4 və 6 №-li kurqanlarda da fərqli dəfh adəti müşahidə edilib. Burada ölülər çapılaraq dəfn olunmuşdular. Onlar şimal-qərb istiqamətində, kürəyi üstə uzadılmışdılar. Meyitlərin başı kəsilərək sağ çiynlərinin yanında yerləşdirilmiş iri qabların içinə qoyulmuşdu. Kurqanların qəbir ləvazimatları dulusda hazırlanmış boz-tünd rəngli qablardan və tunc əşyalardan ibarət idi. 3 №-li kurqandan fərqli olaraq, 4, 5, 6 №-li kurqanlarda qəbir üzərində düzülmüş ağac örtüyə rast gəlinməyib.

7 №-li kurqan ölçü və strukturuna görə digər kurqanlardan elə də fərqlənmir, mürəkkəb dəfnetmə adətinə görə də digərlərindən seçilmir. Burada 2 kəsilmiş baş dəfn olunub. Onların birinin üzü cənub-qərb, o birisinin üzü isə şimal-qərb istiqamətə idi. Digər sümüklərinin çürümüş olması onların sayını və istiqamətini öyrənməyə imkan verməyib. Qəbirdən 5 hisli qara qab, iki tərəfli tunc xəncər tiyəsi və 2 tunc sancaq, eləcə də müxtəlif qızıl əşyalar tapılıb. Bunlar 2 ədəd qızıl sancaqdan və 4 ədəd digər qızıl bəzək əşyasından ibarətdir (Ахундов Т. И., Нариманов И. Г., Мухтаров Н. М.,№ 0 – 527; Ахундов Т. И., Рамазанов Г. Х., Мухтаров Н. М., № 0 – 354).

8 №-li kurqan ölçülərinə görə 7 №-li kurqandan kiçik idi, amma dəfnetmə adətinə görə onunla oxşar xüsusiyyətlərə malik olub. Burada pis vəziyyətdə olan 1 insan skeleti aşkar edilib. Dəfn olunanın başı kəsilərək qəbrin şərqində üzü şərq ıstiqamətinə qoyulmuşdur. Qəbirdə çoxlu kömür və bitum hopturulmuş ağac qalıqlarına rast gəlinmişdir. Onların qəbrin ağac örtüyünün qalıqları olduğu hesab edilir. Kurqanm qəbir ləvazimatı sarı-qəhvəyi rəngli, yaxşı bişmiş iri qabdan, qara rəngli kiçik küpədən, qara rəngli, qəhvəyi üzlüklü qab qırıqlarından, 2 hisli qabdan və tunc bəzək əşyalarından ibarət idi.

9№-li kurqan örtüyünün və kamerasınm ölçülərinə görə 7 və 8 №-li kurqanlardan fərqlənmirdi. Kameranın cənub-qərb küncündə çürümüş sümük və xırda bəzək əşyalarına rast gəlinib. Qəbir ləvazimatı böyük dəvəgözü parçası, yaxşı bişirilməyən və kobud hazırlanmış boz qabdan, tunc bəzək əşyalarından və dağ minerallarından hazırlanmış muncuqlardan ibarət olub (Ахундов Т. И., 1988. с. 26-27).

10 №-li kurqan nə strukturuna, nə də ölçülərinə görə 7, 8 və 9 №-li kurqanlardan fərqlənmir. Burada qəbir çalası şirlənmişdi. Kurqanda kürəyi üstə uzadılmış, başı şimal-qərbə, üzü və dizləri şimal-şərq istiqamətinə yönəldilmiş bir nəfər dəfn olunmuşdu. Qəbirdən iri və xırda buynuzlu heyvanın sümükləri tapılıb. Qəbir ləvazimatı dulus çarxında düzəldilmiş 6 qabdan və tunc bəzək əşyalardan ibarətdir. 11 №-li kurqan ölçülərilərinə görə 10 №-li kurqandan fərqlənmir. Lakin bu kurqanın kamerası yoxdur. Orada heç bir qəbir ləvazimatına rast gəlinməyib. Kurqan təpəsinin 30 sm dərinliyində uєaq dişləri tapılmışdı. Burada yandırılaraq dəfhetmə adəti olmuşdur (Ахундов Т. И., 1988. с. 27).

Orta tunc dövrünün sonuna aid edilən Küdürlü kurqanlarının kurqan təpəsi daşların müəyyənləşdirilmiş düzülüşündən və onlar arasında torpaq-çınqıl qatından ibarətdir. I qrup (3, 4, 7 №-li kurqanlar) nisbətən böyükdürlər və strukturuna görə II qrupdan fərqlənmirlər. Bütün kurqanlar bir qat daşdan ibarət qoruyucu zirehə malikdir. I qrupun kameraları kvadrat şəkillidir və şimal-qərbdən cənub-şərqə doğru çəkilmiş vəziyyətdədir. Burada da ağır örtüyə rast gəlinir (8 və 10 №-li kurqanlar).

I qrup kurqanları üçün meyidin çapılıb dəfn edilməsi adəti mövcud idisə, II qrup kurqanlarda 3 cür dəfnetmə adətinə rast gəlinib. Onlardan ən maraqlısı 12 №-li kurqanda müşahidə edilən kremasiya adətidir.

Kurqanlarm ləvazimatı tipinə görə fərqlənmir. Burada zəngin dulus məmulatı, metal əşyalar, mineral və daşdan hazırlanmış bəzək əşyalarına rast gəlinib. Onların analizi bu qrupa daxil olan kurqanların tarixini e.ə. II minilliyinn I rübünə aid etməyə imkan verir (Ахундов Т. И., Нариманов И. Г., Мухтаров Н. М.,№ 0 – 527; Ахундов Т. И., Рамазанов Г. Х., Мухтаров Н. М., № 0 – 354).



Qobustan arxeoloji abidələrinin əksəriyyəti qəbir abidələrindən ibarətdir. Onların bir qismi C. N. Rustəmov və F. М. Мuradova tərəfindən öyrənilmişdir.

Daş və torpaq örtüklü Qobustan kurqanlarının hündürlüyü 0,8-1,1 m, diametri 5-11 m-dir. Kurqanlar qəbir kamerasının quruluşuna görə xəndəksiz, xəndəkli və daş qutulara ayrılır.

Qəbir abidələrinin əksəriyyətini xəndəksiz kurqanlar təşkil edir. Bu tip qəbirlərdə dəfn yer səthində mövcud olan çuxurda, qaya dibində aparılmış, üzəri yastı əhəngdaşı layı ilə örtülmüşdür. Qəbirlər kromlexlə əhatə edilmişdir. Bu qrupa daxil olan qəbirlərin əksəriyyətində insan skeletinə və arxeoloji materiallara rast gəlinməmişdir. (Muradova F.M., 1979, s. 9).

7 №-li kurqanda dəfn mərkəzdə aparılmışdır. Qəbirin üzəri bir ədəd iri daşla örtülmüş, ətrafında diametri 5 m olan kromlex qurulmuşdur. Olduqca pis qalmış skelet qalıqları, onun bükülü vəziyyətdə, şimal-şərq istiqamətində dəfn edildiyini göstərir. Skeletin ətrafından sarı rəngli, qazan tipli qab, cəhrayı rəngli, üzərində aypara təsviri olan xeyrə tipli qab, dən daşı və qəhvəyi rəngli daş qəlpəsi aşkar edilmişdir. Arxeoloji materialların tapıldığı yerdən xırdabuynuzlu heyvana aid cənə sumuyu də əldə edilmişdir. Qəbirin üzərini örtən daşda, kromlex daşlarından birində və kurqan örtüyünün daşlarının üçünndə rəsmlərə rast gəlinmişdir (Muradova F.M., 1979, s. 40).

Qobustandakı 13 №-li kurqanın diametri 12 m-dir. Torpaq qarışıq daş kurqanın altında üç qəbir qeydə alınmışdır. Hər qəbirin üzərində kiçik daş topasının olduğu müəyyən edilmişdir. Birinci qəbirdəki skelet olduqca pis qalmışdır. O, başı şimala olmaqla, tam bükülü vəziyyətdə dəfn edilmişdir.

Skeletin baş tərəfində qara cilalı gil qab, bel tərəfində isə tunc xəncər aşkar olunmuşdur.

İkinci qəbirdə skelet olmamış, qəbirin örtük daşı yana sürüşmüşdür. Qəbir avadanlığı sarı rəngli bir ədəd gil qabdan ibarətdir. Ümüncu qəbirin üstü bir yastı daşla örtülmüşdü. Qəbirdə skelet qeydə alınmamışdır. Qəbir avadanlığı bir ədəd gil qabdan ibarət olmuşdur ki, o da olduqca pis qaldığından, götürmək mümkün olmamışdır.

Bu kurqanın tarixləndirilməsi üçün birinci qəbirdən aşkar olunan tunc xəncər olduqca əhəmiyyətlidir. Xəncərin bənzərləri 13 №-li kurqanı e.ə. III minilliyin sonu- II minilliyin əvvəllərinə aid etməyə imkan verir (Muradova F.M., 1979, s. 79-80).

Xəndəkli kurqanlarda qəbirlər dairəvi quyu və küncləri dəyirmiləşdirilmiş düzbucaqlı formaya malikdir. Dairəvi qəbirlərin diametri 0,95-1 m, dərinliyi 0,45-0,50 m, düzbucaqlı qəbirlərin ölçüsü 1,2 x 0,7 x 0,3 m; 2,8 x 1,2 x 2 m arasındadır.

Böyükdaş və Kənizə dağları arasında yerləşən 9 №-li kurqanın qəbir kamerası quyu şəklində qazılmış, ətrafına altı ədəd iri daş qoyulmuşdur. Olduqca pis qalmış skelet başı qərbə olmaqla, sol böyrü üstə, bükülü vəziyyətdə dəfn olunmuşdur. Üzəri qırmızı oxra ilə örtülmüşdür. Onun baş tərəfindən təkqulplu, armudvari gil qab, bel tərəfindən yarpaqşəkilli tunc nizə ucluğu aşkar olunmuşdur. Bu nizə ucluğunun bənzərləri Cənubi Qafqazın e.ə. III minilliyə aid abidələrindən bəllidir. F. М. Мuradov bu kurqanı e.ə. XX-XVIII əsrlərə aid etmişdir.

Diametri 10 metrə bərabər olan kromlexlə əhatə olunmuş 25 №-li kurqanın kromlex daşlarından biri dikinə qoyulmuş və xarici tərəfinə keçi rəsmi çəkilmişdir. Kurqanın mərkəzində şərq-qərb istiqamətində qazılan qəbir dördkünc formalıdır. Onun kənarı səkkiz iri daşla əhatə olunmuşdur. Qəbir qarət edildiyindən, onun örtük daşlarından biri içəri duşmuş, ikisi isə kənara atılmışdır.

Qəbirdə qoyun skeleti, iribuynuzlu heyvan sumukləri, tunc xəncər, boru dəstəkli tunc nizə ucu və gil qab parcaları aşkar olunmuşdur. Qablardan birinin üzərində qırmızı boya izləri qalmışdır. Qəbirdən aşkar olunan xəncər tiyəsi və boru dəstəkli nizə ucluğunun tipoloji analizi bu kurqanı e.ə. XX-XVIII əsrlərə aid etməyə imkan verir (Muradova F.M., 1979, s. 80-82).

Kromlexlə əhatə olunmuş 17 №-li kurqanda qəbir kamerası cənubqərbdən şimal-şərqə doğru qazılmış, uzəri 1 ədəd yastı daşla örtülmüşdür. Skelet sol böyrü üstə, bükülü vəziyyətdə aşkar olunmuşdur. Skeletin ətrafından bir ədəd çəhrayı rəngli çölmək, boz rəngli bir kasa və bir küpə əldə edilmişdir. Aşkar olunmuş materiallar Böyükdaş yaşayış yerinin materialları ilə bənzər olduğundan, bu kurqan Orta Tunc dövrünün ilk mərhələsinə aid edilmişdir (Muradova F.M., 1979, s. 82).

Azərbaycanda Orta Tunc dövrünə aid tədqiq edilmiş qəbir abidələri onların regional xüsusiyyətlərini aydınlaşdırmaq və geniş nəticələr çıxarmaq üçün kifayət deyildir. Orta Tunc dövründə daş qarışıq torpaq kurqanlara və onların kromlexlə əhatə olunmasına Azərbaycanın hər yerində rast gəlinmişdir.

Lakin Orta Tunc dövründə daş qutu tipli qəbir abidələrinin hələlik, yalnız Naxçıvanda geniş yayıldığı muəyyən edilmişdir.

2008-2015-ci illərdə Azərbaycan-Fransa Beynəlxalq Arxeoloji ekspedisiyasının Menteştəpədə qazıdığı iki qədim kurqandan ikincisinin də orta tunc dövrünə aid olduğu müəyyən edilib. Onun örtüyü iri çay daşlarından qurulmişdur. Lakin onun bir hissəsinin asfalt yolunun altında qalması səbəbindən ölçüləri barədə dəqiq bir söz söyləmək mümkün deyil. Kurqanın təxmini hesablamalara görə 7 x7 x 2 m ölçüsündə olmuş qəbir kamerası nın üstü iki qat ağac tirlərlə örtülü olub və aralarına həsir döşənibmiş. Kameranın damı üzərindəki çay daşı və əhəngsaşı qatında yaşlı kişiyə məxsus sümük fraqmentlərinə rast gəinib. Kameranın özündə isə iki qadın skeleti aşkar edilib. Onlardan biri sanki qaçırmış kimi pozada dəfn edilmişdir. O, zəngin zərgərlik nümunələri ilə bəzədilmişdi. Onun skeleti olan yerdə çox sayda mis və tuncdan hazırlanmış qolbaqlar, spiralvari sırğalar, 60-dan çox əqiq və başqa əşyalar da olmuşdur.

İkinci qadının yaşca gənc olduğu təsbit rfilib. Onun bəzək əşyaları birinci kimi zəngin deyildi. Lakin kameranın həmin hissəsindən qızl məmulatlarına rast gəlinmişdir. Bu məmulatlar Kür-Araz mədəniyyəti üçün xarakterik deyil və elmi yenilik hesab edilir. Onların hamısı qalay qarışıqlıdır. Bu qarışığı həcmi 2-11 faiz miqdarındadır.

Qəbir kamerasından çıxan ən maraqlı maddi mədəniyyət nümunələrindən biri də taxtadan hazrlanan və diametri 1, 1 m olan araba təkəridir. O, çox çürüdüyündən onun sadəcə izinə rast gəlinmişdir.

Qeyd etmək lazımdır ki, kurqan hazırda konservasiya edilib (Quliyev F. E., Qasımov P. P., Hüseynov F. R. və b., 2015, s. 384-394).

1985-1989-cu illərdə Yenikənd SES-in inşası ilə bağlı su altında qalması gözlənilən abidələri elmə qazandırmaq məqsədi ilə aparılmış arxeoloji tədqiqatlar zamanı Qaracəmirli kurqanlar qrupunda Q. Aslanov iki (№ 1, 2), F. Abbasova bir (№ 3), M. Hüseynova və İ. Əliyev üç kurqanı (№ 4, 5, 6) tədqiq etmişlər. Qazıntılar nəticəsində orta tunc dövrünə aid çox sayda maddi mədəniyyət nümunəsi tapılmışdır (Rəhimova M., 2008, s. 99-89).

Bunlardan 4, 5 və 6 № - li kurqanlar elm üçün daha çox əhəmiyyət təşkil edir. Belə ki, onlar nisbətən salamat qalmış, 4 və 5 № - li kurqanlardan önəmli sayda arxeoloji material aşkar edilmişdir.

Şimal-qərb – cənub-şərq istiqamətli kameraya sahib olan 4 №-li kurqanın daş örtüyünün oval şəkilli olduğu, uzunluğunun 8 m, eninin 4 m olduğu təsbit edilmişdir. Kameranın ölçüləri 6,5 x 3,1 x 1,3 m kimi qeydə alınıb. Onun 0,3-0,4 m dərinliyində, kameranın şimal tərəfində insan kəlləsinin qalıqları, eləcə də 0,6 m dərinliyə qədər uzanan şaquli şəkildə qoyulmuş tir qalıqları aşkar edilib. Belə hesab edilir ki, kameranın dərinliyi 2 m olub və o, gilli materik qruntunda qazılıb.

Kameranın divarları gil məhlulunda isladılmış kol budaqları ilə suvaqlanmışdır. Kameranın dibindən 1,3 m hündürlükdə paralel divarlarda diametrləri 25-30 sm olan 7 çürümüş tirin yerləri qalmışdır.

Qəbir kamerasının şimal-şərq hissəsinin üçdə biri loja şəklində idi və dibdən bir qədər hündür idi. Bu tip lojalara Dovşanlı, 1№-li Xocalı və 3 №-li Qaracəmirli kurqanlarında da rast gəlinib (Гусейнова М. А., Алиев И. Н., 2008, s. 112).

Buradakı lojada iki skelet aşkarlanıb. Oturaq vəziyyətdə dəfn edilmiş bu skeletlərin başları şimak-qərbə istiqamətlənmişdi, ayaqları dizdən bükülü idi və çarpaz qoyulmuşdu. Soldakı skeletin arxasında, eləcə də divar boyunca və kameranın mərkəzində qoyuna məxsus üç skelet qalığı aşkar edilmişdir. İnsan skeletlərinin arxasında qab yerləşdirilmişdi. Kameranın divarı boyunca da bir neçə qaba rast gəlinib. Yalnız cənub-şərq hissədə qaba rast gəlinməyib. Bunlarda kiçik ölçülü bir küpə sağdakı skeletin başı üzərində uzadılmışdı. Şərq küncdən üzə çıxan bir qabın üzərində keçi təsvir edilmişdi. Onun işində kamfora qoxulu kül aşkar edilib. Buradan üst-üstə 41 ədəd qab tapılıb.

Qabların arasınada simmetrik şəkildə qoyulmuş iki at kəlləsi var idi.

Qəbir kamerasından tapılan kül və tonqal yerləri burada altı yerdə tonqal qalandığından xəbər verir (Гусейнова М. А., Алиев И. Н., 2008, s. 113).

5 №-li Qaracəmirli kurqanı 4 №-li kurqandan 100 m cənub-şərqdə yerləşirdi. Onun örtüyünün diametri 4 m idi. Kurqanın aralarında yanmış qırmızı torpağa da təsadüf edilən və sıx otuzdurulmuş daşlardan ibarət olan qəbir kamerası 7,1 x 3,1 1,3 m olçeyə sahib idi. Düzbucaqlı formalı kamera qərb-şərq istiqamətli idi. Kameranın örtüyü dibdən 1,3 m hündürlükdə yerləşdiriləm yanmış və çürümüş 7 ədəd tirdən ibarət olub.

Qəbir kamerasının kobud suvanmış və ağ rənglə örtülmüş qərb və şimal hissələri alovdan qırmızı rəng almışdı. Divarlarda qərmızı rənglə çəkilmiş naxış və təsvir izlərinə də rast glinib. Divarlardan birində piramidaya bənzər mehrab tipli oyuq vardı. Buradan çox sayda kül və kömür çıxıb. Bənəzər mehraba şimal divarının şərq hissəsində də rast gəlinib.

Kamerada tapılan qabların əksəriyyəti onun şərq hissəsində cəmlənmişdi. Buradan ümumilikdə 31 qab tapılıb. Qablardan bəzisi bir-birinin içində idi. Bunlar əsasən kasalar idi. Kameradada kəlləsiz at skeleti və qaban kəlləsi də aşkar edilib.Burada həmçinin araba qoşqusu qaydası ilə arabaya aid tunc detallar düzülmüşdü (Гусейнова М. А., Алиев И. Н., 2008, s. 113-114).

Arxeoloqların gəldiyi qənaətə görə, 6 №-li Qaracəmirli kurqanı e.ə XVI-XV əsrlərə aid edilən 4 və 5 №-li Qaracəmirli kurqanlarından daha qədimdir və e.ə. XVI əsrə aiddir. Belə hesab edilir ki, bu kurqanlar daha öncəki Osmanbozu kurqanları ilə daha sonrakı Gəncəçay abidələri arasındakı önəmli genetik halqa rolunda çıxış edir (Гусейнова М. А., Алиев И. Н., 2008, s. 114).

Qaracəmirli kurqanlarından tapılmış arxeoloji materiallar həmin dövrdə atçılığın və at-araba nəqliyyatının, sənətkarlıq, incəsənət və ideologiyanın artıq yüksək inkişafından xəbər verir. Metalişləmə, araba elementləri həmin dövrdə sənətkarlığın yüksək səviyyədə olmasına dəlalət edir. Xırda heyvanlara aid sümüklərsə, yarıköçəri heyvandarlığın təsərrüfatdakı aparacı rolunu göstərir.

Belə hesab edilir ki, kurqanlardan tapılan 15 tunc əşyadan ən azı 5-i yerli istehsala aiddir. Belə düşünmək üçün onların tərkibində aşkar edilmiş qızıl əsas verir. Bu qızıl mənşəcə Gədəbəy yatağına xasdır. Digər əşyalar yüksək keyfiyyətli misdən hazırlanıb və kənardan gəlmə olduğu düşünülür (Гусейнова М. А., Алиев И. Н., 2008, s. 115).

M. Hüseynovanın fikrincə, Qaracəmirli keramikası dulus çarxı istifadə edilmədən, yəni əldə hazırlanıb, yaxşı yoğurulmuş gil xəmirdən çox yaxşı bişiriliblər. Qablar səliqə ilə pardaxlanıb və üzərləri qara rənglə boyanıb (Гусейнова М. А., Алиев И. Н., 2008, s. 116).

Arxeoloq tədqiq etdiyi abidələri Həsənsu kurqanı ilə müqayisə edərək, Qaracəmirli kurqanlarının e.ə. XVI-XV əsrlərə aid etmişdir (Гусейнова М. А. 2011, 56-57, 138-140). N. Müseyibli və A. Ağalarzadənin fikrincə isə bu kurqanlar e.ə. XV-XIV əsrlərə aid edilməlidir (Müseyibli N., Ağalarzadə A., 2013, s. 27).

Naxçıvan ərazisində tədqiqata cəlb edilmiş orta tunc dövrü kurqanları böyük maraq kəsb edir. Bu baxımdan Şərur və Ordubad ərazisində qazılmış kurqan tipli abidələri misal çəkə bilərik.

2007-ci ildə qeydə alınan, tədqiqinə Şərur arxeoloji ekspedisiyası tərəfindən 2008-ci ildən başlanılan Dizə kurqanları Arpa çayın sağ sahilində, Qız qalasının qərar tapdığı dağın yamacında yerləşirlər. Onların sayı üçdür. Burada eyni zamanda yer səthindən üzərlərindəki daş düzümü ilə seçilən çox sayda qəbir abidəsinə də rast gəlinmişdir. Tədqiqat işinə rəhbərlik etmiş V. Baxşəliyev və S. Aşurovun hesabatlarından belə aydın olur ki, sözügedən kurqanlarının biri üzərində elektrik dirəyi basdırılmaq istənilərkən xeyli ziyan görmüşdür. Oradan əldə edilən qırılmış keramika nümunələri həmin kurqanı orta tunc dövrünə aid etməyə imkan vermişdir. Əldə edilən saxsı fraqmentləri boyalı qablar mədəniyyətinə aid idi.

Digər kurqanın iki cərgə daş kromlexlə əhatə olunmuş örtüyünün diametri 8 m, hündürlüyü 0,8 m kimi qeydə alınmışdır. Daşlardan qurulmuş qəbir kamerası kurqanın mərkəzində yer almışdır. Kamera üçün materikdə çala qazılmamış, yer səthində qurulmuşdu. Buradan çaxmaqdaşıdan düzəldilmiş kəsici bir alətə və küpə tipli qaba rst gəlinmişdir. Qab orta tunc dövrünün ilk mərhələsinə aid edilmişdir.

Qəbir kameralarında insan skeletinə rast gəlinməyən Dizə kurqanlarının Naxçıvanın eyni dövrə aid qəbir abidələrindən heç nə ilə fərqlənmirlər. Odur ki, onların e.ə. III minilliyin sonları – II minilliyin əvvəllərinə aid etmişlər (Aşurov S.H., Baxşəliyev V., 2008, s. 29-32).

2008-ci ilin iyul-sentyabr aylarında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Xaraba-Gilan arxeoloji ekspedisiyası II Plovdağ nekropolunda orta tunc dövrünə aid 10 kurqanda tədqiqat işləri aparıb. Buradakı tədqiqatların ən maraqlı cəhəti ondan ibarət idi ki, qazılan kurqanların altında daha əvvəli dövrlərə aid yaşayış məskənlərinin qalıqlarına rast gəlinmişdi. Kurqanların kromlexləri bəzi yerlərdə əski yaşayış binalarının divarlarının üstündən keçirdi (İbrahimli B. İ., Qədirzadə H. Q., 2008, s. 55).



İbrahimli B. İ., Qədirzadə H. Q. Plovdağda arxeoloji qazıntılar // Azərbaycanda arxeoloji tədqiqatlar - 2008, Bakı, «Xəzər Universiteti» nəşriyyatı, 2008, s. 55-60

Qazılmış kurqanların əsas fərqləndirici xüsusiyyəti ondan ibarət idi ki, onların demək olar ki, hamısı yerüstü kameraya sahib idilər. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, kameraları yerüstü olan kurqanlar öz kiçik ölçüləri ilə fərqlənirdilər. Belə ki, onların qəbir kameraları 1,3-1,4 x 0,6-0,7 m ölçüsündə idi.

II Plovdağ nekropolu kurqanlarının hamısı qarət məqsədilə talan edildiyindən onlardakı arxeoloji materiallar haqqında dəqiq məlumat əldə etmək mümkün olmamışdır.

Yeraltı kameraya sahib kurqanlardan fərqli olaraq, yerüstü kameraya sahib kurqanlarda az miqdarda da olsa, boyalı qab nümunəsinə rast gəlinmişdir (31 №-li kurqan). Ümumilikdə isə içərisində müxtəlif yaşlı insanlara məxsus skeletlərə rast gəlinən kameraların avadanlıqları çox kasıb idi. Onların hamısının istiqaməti eyni idi. Arxeoloqların diqqətini ən çox çəkən materiallar əsasən 25 və 26 №-li kurqanlardan əldə edilib.

Kurqanların stukturunu dəqiqləşdirmək və dəfn prosesinə tam aydınlıq gətirmək məqsədi ilə digər kurqanlara nisbətən daha müfəssəl öyrənilən 25 №-li kurqanın şərq tərəfdən sal daşla örtülmüş «giriş» yerinin olduğu, ölünün buradan içəri daxil edilərək dəfn edildiyi müəyyən edilmişdir. Lakin nisbətən salamat qalmasına rəğmən, bu kurqan da çox dağıldığında buradakı kamera ilə qurbangah arasındakı əlaqəni izləmək mümkün olmamışdır. Bu səbəbdən də belə bir ehtimal var ki, buradakı qurbangah sonrakı dövrlərin əlavəsidir.

25 №-li kurqan sayəsində daha çox dağıntıya məruz qalmış digər kurqanların quruluşu və onlardakı dəfn mərasimi barədə müəyyən məlumat əldə etmək mümkün olmuşdur. Məsələn, məlum olmuşdur ki, kurqanaltı qəbir kameralarının qarşısında düzbucaqlı formalı dromoslar olub. Ölü kameraya qoyulduqdan sonra kamera şərq tərəfdən, qurbangah isə qərb tərəfdən örtülmüşdür (İbrahimli B. İ., Qədirzadə H. Q., 2008, s. 58-59).

Bu kurqandan çıxan avadanlıq digərlərinkindən fərqlənirdi. Bu fərq özünü əsasən həmin kurqandan tapılan lüləli qablarda göstərir. Onların sayı üç ədəd olub. Qeyd etmək lazımdır ki, Plovdağın digər həmdövr kurqanlarının heç birində bu tip qablara rast gəlinməyib. Üzərində metal parlaqlığı olan qara rəngli qaba da sadəcə bu kurqanda rast gəlinmişdir (İbrahimli B. İ., Qədirzadə H. Q., 2008, s. 59).

Həcmcə o biri kurqanlardan kiçik olan və diametri sadəcə 3 v-ə bərabər olan 26 №-li kurqan yaşlı adama məxsus olub. Bu kurqan da digərləri kimi tələm-tələsik qurulub, dəfn mərasimi də eynən o biri kurqanlarda olduğu kimi çox qısa bir müddətdə icra edilib. Belə hesab edilir ki, bu hal həmin dövrdə bölgədə hakim olan tənəzzüldən xəbər verir və bu fikri 25 və 26 №-li kurqanlardan tapılmış bəzi qabların əhənglə təmir edilmiş olması da sübut edir (İbrahimli B. İ., Qədirzadə H. Q., 2008, s. 60).


Qaynaqça



  1. Aşurov S.H., Baxşəliyev V. Şərurda arxeoloji tədqiqatlar // Azərbaycanda arxeoloji tədqiqatlar – 2008, Bakı, «Xəzər Universiteti» nəşriyyatı, 2008, s. 29-32.

  2. Cəfərov H. F. Azərbaycan e.ə. IV minilliyin axırı - I minilliyin əvvəllərində. Bakı, 2000. 187 s.

  3. Hüseynov M. Ə. Qaracəmirli kurqanları. Azərb. MM tarixinə dair 1991-ci il çöl tədqiqatlarının yekunlarına həsr olunmuş Respublika elmi konfransının məruzələrinin tezisləri, Bakı, BDU-nun nəşriyyatı, 1992, s. 12-14.

  4. İbrahimli B. İ., Qədirzadə H. Q. Plovdağda arxeoloji qazıntılar // Azərbaycanda arxeoloji tədqiqatlar - 2008, Bakı, «Xəzər Universiteti» nəşriyyatı, 2008, s. 55-60.

  5. Quliyev F. E., Qasımov P. P., Hüseynov F. R. və b. Topdağdağan nekropolu (Tovuz rayonu) // Azərbaycanda arxeoloji tədqiqatlar – 2013- 2014, Bakı, «Xəzər Universiteti», 2015, s. 384-394.

  6. Muradova F. M. Qobustan tunc dövründə. Bakı, «Elm», 1979, 120 s.

  7. Müseyibli N., Ağalarzadə A. Həsənsu kurqanı. Bakı, Nafta-Press, 2013, 92 səh.

  8. Rəhimova M. XX əsrin son rübü – XXI əsrin əvvəlində Şəmkir bölgəsinin tədqiqinə dair // Şəmkir arxeoloji irsi, tarixi və memarlığı. I Respublika Elmi Konfransının Materialları, 28-29 noyabr 2007. Şəmkir, Bakı, 2008, s. 88-91.

  9. Rüstəmov C. N., Nərimanov İ. H. Aveydağında qədim yaşayış yeri və kurqan qəbirləri. AMM VI c., Bakı, 1965.

  10. Rüstəmov C., Muradova F. Daşsalahlı kurqanları // Azərbaycan Arxeologiyası. Cild: 17. Sayı: 1, 2014, s. 25-37.

  11. Алиев В. Г. Культура эпохи Средней Бронзы Азербайджана, Баку, 1991. 309 c.

  12. Ахундов Т.И. Некоторые результаты исследования Шекинских курганов/ /Тезисы докладов конференции «Великий Октябрь и развитие археологической и этнографической наук в Азербайджане». Баку, 1988.

  13. Ахундов Т. И., Нариманов И. Г., Мухтаров Н. М. Научный отчет Шекинского археологического отряда за 1989 г. // Архив ОПИ Института Арх. И Этн. АН Республики Азербайджан. № 0 - 527.

  14. Ахундов Т. И., Рамазанов Г. Х., Мухтаров Н. М. Отчет I Шекинского отряда Азербайджанской новостроечной экспедиции за 1984 г. // Архив ОПИ Института Арх. и Этн. АН Республики Азербайджан. №0 - 354.

  15. Гусейнова М. А. Из истории Южного Кавказа. Ходжалы-Гедебекская культура Азербайджана (XVI-IX вв. до н. э.). Баку, «Bizim kitab», 2011, 200 s.

  16. Гусейнова М. А., Алиев И. Н. Среднебронзовые курганы Гараджамирли Шамкирского района Азербайджана // Şəmkir arxeoloji irsi, tarixi və memarlığı. I Respublika Elmi Konfransının Materialları, 28-29 noyabr 2007. Şəmkir, Bakı, 2008, s. 105-129.

  17. Джафарзаде И. М. Хачбулагская археологическая экспедиция 1960 года // Cəfərzadə İ.M. Məqalələr toplusu. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Qobustan Milli Tarix – Bədii Qoruğu, Bakı, YEK Production, 2012, 622 s.

  18. Исмаилзаде Г. С. Новые данные о Карабулахском древнем могильнике // Azərb. SSR EA Məruzələri, 1971, № 1-12, səh, 95-99.

  19. Кесаманлы Г. П. Археологические памятники эпохи бронзы и раннего железа Дашкесанского района. Инст. Археологии и Этнографии НАН Азербайджана. Баку, «Агридаг», 1999, с. 180.



Yüklə 396,23 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin