Birinci Fəsil



Yüklə 0,74 Mb.
səhifə1/23
tarix10.01.2022
ölçüsü0,74 Mb.
#106747
  1   2   3   4   5   6   7   8   9   ...   23


İMAMIN AZYAŞLI ƏSGƏRİ


Fatimə Dustkami


Kitаbın аdı:.........................İmamın azyaşlı əsgəri

Qələmə alan:................................Fatimə Dustkami

Tərcümə edən:........................Zeynəb Hüseynzadə

Çаp tаriхi:.........................................................2021

Çаp növbәsi:..................................................Birinci

Tirаj:.................................................................1000

«Издательство Полипресс»

Тверь, Комсомольский проспект, дом 19.

Тел.: (4822) 55-18-77, 500-249,


ISBN 26-21-024518-9

Mündəricat

BİRİNCİ HİSSƏ



Birinci fəsil

Uşaqlıq illərimin xatirələri


Artıq bezmişdim. Əllərimi yuduqca daha sürüşkən hal alırdı. Get-gedə əlimin qızarmış dərisi də dırnaqlarımın ətrafında qabıq verib qanayırdı. Bilirdim ki, babam quyruq tikəsini qıyığa salıb qızdıran kimi yardıma gələcək, amma yenə də əllərimi yumağı dayandırmırdım. Pilləkənin ağzında oturan Höccət isə məndən fərqli olaraq əllərini yumağı düşünmürdü. O, özünü inandırmışdı ki, əhəngli suyun yağlılığı getməyəcək.

–Mehdi, Höccət, əllərinizi uzadın.

Əllərimizi ona tərəf uzatdıq. Ərinmiş quyruq od üzərinə tökülən su kimi əllərimizi toxtadırdı. Hövsələ ilə quyruğun üzərində olan yağı barmaqlarımızın hər tərəfinə yaydıq. Dərinin çatlayıb göynəməsi əziyyət versə də, bir neçə gün əhəngli suda qalan tükləri, kiçik əllərimizlə təmizlənən quyruğu gördükdə ağrı-acı canımızdan çıxırdı.

Atam beşinci sinfə qədər də olsa, təhsil almışdı. Ailəni dolandırmaq üçün Ərdistanda bənnalıqla məşğul idi. O usta olsa da, öz şəhərimizdə yox, çox vaxt Tehran, Simnan, Qəzvin və Gərmsarda işləyirdi.

Tehranda işlədiyi müddətdə orada torpaq sahəsi almışdı. Amma babamın maddi durumuna görə iflic və yatalaq olan yazıq Həmidə nənənin dava-dərmanı üçün onu satmaq məcburiyyətində qalmışdı.

Həmən günlərdə Yadullah Təhaniyan ustanın bütün qəm-kədəri anası idi. O, Ərdistana az-az gəlsə də, anasını ayaq üstə və sağlam görmək üçün əlindən gələni əsirgəmədi. Amma bu zəhmətlərin heç bir faydası olmadı.

Dəcəlliyimin daimi yoldaşı olan Höccətlə 1967-ci ildə, İmam Zamanın (ə.f.) mövlud bayramında dünyaya gəldik. Buna görə də mənə Mehdi, ona isə Höccət adını verdilər. Məndən bir il yarım öncə bacım Zəhra və bir il sonra qardaşım Mürtəza dünyaya gəldi. Beş il sonra isə Allah Fatimə bacımı bizə verdi. Dörd kiçik uşağa diqqət yetirmək, tərbiyə etmək anam üçün asan deyildi. Atam altı ayda bir dəfə, bəzən də ildə bir dəfə Ərdistana gəlirdi. Buna görə də, bütün çətinliklərimiz anamızın öhdəsində idi.

Anam zəhmətkeş qadın idi. O bizə həm ana, həm də ata idi. Uşaq olsam da, ona çox acıyırdım. Yazıq uşaqlıq çağlarından işləməyə başlamışdı. O, körpə ikən atası rəhmətə getmişdi. Atasının ölümü ilə yanaşı, ondan yadigar qalan dəyirmanının da öz çətinliyi var idi. Suğra nənənin bir əli dəyirmanda, digər əli də yetim qalan uşaqlarının üzərində idi. Beləliklə, yavaş-yavaş dəyirman işini və müştəriləri yola salmağı anam öhdəsinə almışdı.

-Mehdi, oğlum, gəl bu paltarı geyin, əyninə necə qaldığını görək.

Atamın səsi idi. Tehrandan təzə qayıtmışdı. Tünd göy cızıqları olan kül rəngli kostyum almışdı. Bu il məktəbə getməli idim. Paltarımı geyindim. Anam paltarın qolunu və balağını bir neçə dəfə qatladıqdan sonra bir təhər əynimə oldu. Uzun balağı vecimə almadan, özümü tam görə biləcəyim bir güzgü axtarırdım. Çox şad idim. Mürtəza gözünü kostyumuma zilləmişdi. Yəqin ki, ürəyində: "Kaş ki, mən də Mehdi kimi məktəbə gedərdim" – deyirdi. Zəhra sevinərək dedi: "Qaqaş, çox yaraşdı, mübarəkdir!"

Sevincimdən uçurdum. Əslində şəxsiyyət vəsiqəmdə doğum günüm yaşımdan bir il artıq qeyd olunmuşdu. Buna görə də məktəbə getməyə hələ vaxtım var idi. Sentyabrın tez gəlməsinə və məktəbə də tez getməyə can atırdım. Amma Tehrandan gəlməmişdən qabaq anam məni məktəbdə qeydiyyatdan keçirmişdi. Məktəbimin adı "Mustəfəvi İbtidayi Məktəbi" idi. O zamankı məktəblərin hamısında qız-oğlan qarışıq olmasına baxmayaraq, bizim şəhərin əhalisi oğlanlarla qızların birgə oturmasına razı olmamışdılar. Məhz buna görə də “Mustəfəvi İbtidayi Məktəbi”ndə oğlanlar, "Hişmət əlac" məktəbində isə qızlar təhsil alırdı. Zəhra “Hişmət əlac” məktəbinə gedirdi.

Dərs ilinin ilk günü məhəlləmizin uşaqları ilə birgə məktəbə getdim. Bir neçə dəqiqə sonra zəng çalındı və cərgəyə düzüldük. Məktəbin direktoru Maliki adlı orta yaşlı bir kişi idi. O, qarşıya çıxıb uşaqlarla salamlaşdı, ardınca dərs oxumağın əhəmiyyəti barədə danışdı. Direktorun müavini Cəlali şagirdlərin adını səsləyərək onları öz siniflərinə yönləndirdi.

Müəllimimizin adı Füruzanfər idi. O, bizdən bir-bir özümüzü təqdim etməyimizi istədi. İlk günün necə keçdiyini xatırlamıram. Yadımda qalan budur ki, dərs bitdikdə həbsdən azad olanlar kimi məktəbdən çıxıb evə doğru qaçmağa başladım. Bir neçə dəqiqə keçdikdən sonra yad bir küçədə olduğumu hiss etdim. Səhər məktəbə uşaqlarla gəlmişdim, indi isə tək idim...

Yolu azmışdım, özümə yazığım gəlirdi. Ürəyimdə deyirdim: "Xoş Höccətin halına, hələ məktəbə getmir". Yaşıd idik, amma şəxsiyyət vəsiqəsini vaxtında aldıqlarına görə onun məktəbə getməyinə hələ bir il var idi. Nə edəcəyimi bilmirdim. Eləcə nigaran dayanıb səhər gəldiyim yolu xatırlamağa çalışırdım ki, birdən gözüm Məmməd əmiyə sataşdı. O, atamın əmisi oğlu idi, yaşıl cipi ilə mənə doğru gəlirdi. Onun gəlişi ilə sanki dünyanı mənə verdilər. Yaxınlaşıb geyimimə və rəng-ruhuma baxdıqda nələr olduğunu anladı. Məni utandırmamaq üçün mehribanlıqla dedi: "Min maşına, Mehdi bəy!" Məmməd əmi məni evin önünədək çatdırdıqdan sonra öz işinin ardınca getdi. Məktəbi çox istəyirdim, amma səhərdən axşama kimi etdiyim dəcəlliklərdən əl çəkmək asan deyildi. Bir yerə bənd ola bilmirdim...

Hər səhər dəftər-kitabımı bir rezinlə bağlayıb məktəbə doğru yola düşərdim. Heç inanmazdım ki, birinci sinifdə qalam. Atam bilirdi ki, mən sinif yoldaşlarımdan bir yaş yarım balacayam. Buna görə də sinifdə qaldığımı öyrəndikdə əsəbləşmədən dedi: "Mehdi can, mən sizi xoşbəxt görmək üçün gecə-gündüz Tehranda işləyirəm. Atanızın gecələr harada yatdığını və hansı vəziyyətdə yaşadığını görsəniz, dərsdə səhlənkarlıq etməyi özünüzə rəva bilməzsiz. Böyüyəndə mənim kimi olmaq istəmirsizsə, dərs oxuyun. Heç istəmərəm ki, gələcəkdə çətinliklərə düşüb acınacaqlı həyat yaşayasız. Allaha and olsun ki, bu haqsızlıqdır”.

Haqlı idi, deyəcək bir söz tapa bilmirdim. Atam həqiqətən zəhmətkeş insan idi. Mən evin böyük oğlu idim və nə isə etməli idim ki, onu sevindirə bilim. Qeyrətimə toxunmuşdu, elə o gün özümə söz verdim ki, bir daha belə bir şey təkrarlanmasın.

Yeni təhsil ilində dəcəlliyim əsla azalmamışdı, lakin artıq dərsə diqqətlə yanaşırdım. 1974-cü il idi, mən ikinci dəfə olaraq birinci sinfə gedirdim. Məktəbdən qayıdanda artıq sinif yoldaşım olan Höccətlə dəftər-kitabımızı götürüb babamın evinin damına, oradan da küçəmizdə olan məscidin üstünə gedirdik.

Evimiz çox vaxt soyuq olurdu, mənsə tapşırıqları məscidin isti günbəzində yazmaq istəyirdim. Heç kim bizə mane olmurdu. Tapşırıqları yazdıqdan sonra dəftər-kitabımızı evdə qoyub oynamağa gedirdik.

Bir gün səhər məktəbə getməzdən öncə Höccətə dedim: "Cəld kitablarını götür, arıların yanına gedək!" Arıları qəzəbləndirmək çoxdankı əyləncəmiz idi. Pətəklərin yanına gedib qapılarına uzun çomaqla möhkəm vururduq. Sinirlənən arılar bayıra çıxdıqda qaçırdıq. Qaçarkən yarpaq dolu budaqları başımızın üzərində yelləyirdik. Əsəbi arılar bizi qabaqlarına qatdıqda budaqlara dəyib çıxardıqları vızıltı səsləri xoşumuza gəlirdi. Əlimizdə tutduğumuz budağı başımız üstündə o qədər fırladıb qaçırdıq ki, axırda bezib bizdən əl çəkirdilər. Bəzən onlardan bir neçəsi digərlərindən daha inadlı olur və asanlıqla geri dönmürdü. Onlar zorla başımızın üstünə oturub sancmaq istəyirdilər, amma mənim saçlarım qalın olduğu üçün çox nadir hallarda arı saçlarımın dibinə qədər çata bilirdi. Höccət də onlara rüsxət verməyib dərhal başına cırmaq ataraq onları qoparıb yerə atırdı.

Bəzən arılar qulaqlarımızı və əllərimizi sancırdı. Öncədən görmüşdük ki, arı çalan yerə, zəhərini çıxarmaq üçün əncir ağacının şirəsini yaxırlar. Belə vəziyyətdə ya tez kal bir əncir dərib ağ şirəsini arının çaldığı yerə sürtürdük, ya da evə yaxın olsaydıq, göynəməməsi üçün qatıq yaxırdıq.

Höccətlə arıların yanına getdiyimiz səhər əlimdə bir boru var idi və sürətlə addımlayırdım. Höccət də heç bir şey soruşmadan ardımca gəlirdi. Arı yuvasına yaxınlaşdıqda dedim:

–Höccət, bir az palçıq düzəlt!

–Neyləyirsən?

–Arıların yuvasının ağzını bağlamaq istəyirəm!

Höccətin gözləri həyəcandan parıldadı. Təklifimdən xoşu gəlmişdi. Bir neçə gün olardı ki, arıların var-gəl etməsini izləyirdim və bilirdim ki, bir saat sonra yuvalarından çıxacaqlar.

Arıların yuvası bir divar ayrıcının içində idi. Borunu ayrıcın içinə qoyub dərhal ətrafını palçıqla bağlamağa başladım. Borunun ağzını da palçıqla tutdum və arılar boğulmasın deyə bir neçə xırda nəfəslik deşik açdım. İşim bitdikdə əllərimi yuyub Höccətə dedim: "Daha bəsdir, gedək məktəbə!"

Arı yuvası bir an belə ağlımdan çıxmırdı. Üç gün sonra yenə arıların yuvasına baş vurmağa getdik. Yuvalarının bacası bağlandığından çölə çıxa bilməyib əsəbiləşmiş arıları görməyə səbirsizlənirdim. Günorta radələrində Höccətgilə getdim ki, yuvanın açılışında o da iştirak etsin. Yuvaya yaxınlaşdıq. Görünürdü ki, bu bir neçə gündə xüsusi bir hadisə baş verməyib və hər şey öz qaydasındadır. Düşünürdüm ki, arılardan qaça bilmək üçün borunu necə götürməliyik. Bu anda Höccət mənə heç nə demədən əlini boruya uzadıb çevik hərəkətlə onu dartıb yerə atdı.

Günəş yuvanı olduqca qızdırmışdı. Pətəyin içində yaranmış rütubətli isti hava az qala arıları öldürəcəkdi. Bunu vəhşicəsinə uçuşan arıların hücumundan anlamaq olurdu.

Başımı qaldırıb Höccətə yerə uzanmasını demək istəyəndə gördüm ki, Höccət düzənlikdə qaçır, əsəbi arılar da onun ardınca. Dərhal yerə uzandım. Tərpənmədən gözümü ona doğru çevirdim. Yazıq qaça-qaça qışqırırdı: “Yandım... Yandım”.

Heç bir şəkildə yardım edə bilməzdim. Ona yazığım gəlirdi. Zavallı saçına, üzünə, boynuna və qulaqlarına cırmaq ataraq arıları özündən uzaqlaşdırmaq istəyirdi. Arılar onun üz-başını və bədənini o qədər sancdılar ki, təqribən 100 metr irəlidə halsız halda yerə yıxıldı. Bir neçə dəqiqədən sonra ətrafımda arıların olmadığını görüb ayağa qalxdım və Höccətə doğru qaçdım. Üz-gözünü gördükdə təəccübdən bir addım geriyə çəkildim. Dodağı, gözünün üstü, burnu, alnı, yanaqları, qulağı və boynu olduqca qızarıb şişmişdi. Çöhrəsi özündən başqa hər şeyə bənzəyirdi! Çox qorxdum. "Vay, indicə öləcək!"– deyə tez babamın yanına qaçdım.

Ləhləyə-ləhləyə macəranı babama danışdım. O da cəld qatıq qabını götürüb ardımca yola düşdü. Höccət həmin halsız vəziyyətdə yerdə qalmışdı. Babam onu tez soyundurub bədəninə qatıq yaxmağa başladı. Onu təpədən dırnağa qatığa bürüdü. O, bir qədər sonra özünə gəlib yenə də ah-nalə etməyə başladı. Gözləri açılmırdı. Babam onun paltarını geyindirib qucağına aldı ki, öz evlərinə aparsın, əmiyoldaşı uşağını bu vəziyyətdə görüb qorxmasın. Arılar Höccəti elə bir hala salmışdılar ki, onun özünə gəlməsi 4-5 gün çəkdi. Həmən müddətdə hər gün ona baş çəkib halını soruşurdum. Eynilə balon kimi hər tərəfi şişmişdi. Gözləri açılmırdı. Sir-sifətini gördükdə məni həm gülmək tuturdu, həm də ona yazığım gəlirdi. Vicdan əzabından qurtarmaq üçün onun əvəzinə də ev tapşırıqlarını yazırdım. Əslində mən müqəssir deyildim, hamısı öz günahı idi. Özbaşınalıq etməməli idi.

“Mustəfəvi İbtidayi Məktəbi”nin proqramı Ərdistanın digər məktəbləri kimi idi. Səhərdən günorta saat 12:30-a kimi uşaqlar dərsdə olur, zəng çalındıqda nahar yeməyi üçün evə gedir, bir saat sonra yenə məktəbə qayıdır və günortadan sonra 4-ə kimi məktəbdə olurdular. Çox vaxt evə getməmək üçün özümlə bir tikə çörək aparıb nahar əvəzinə onu yeyirdim. Bəzən də evə gedib nahar yedikdən sonra qayıdırdım. Evə gedib-gəlmək üçün verilən bir saatlıq istirahətdə doyunca oynamaq üçün evə çatdıqda dərhal qayıtmalı olurdum. Buna görə də yemək üçün məktəbə bir şey aparmaq daha sərfəli idi.

Ərdistanda bir neçə çörəkxana var idi, amma həmən vaxtlarda evlərin bəzisində təndir olduğu üçün ev çörəyi də bişirilirdi. Çörək bişirəcəyimiz gün Suğra nənə anama kömək etmək üçün bizə gələrdi. Çörək bişirmək üçün öncə babanın yanına gedərdik. Babanın iş yerində hündürlüyü təxminən iki metr olan iri bir çəllək var idi. Bu çəllək kiçik bir anbara bənzəyirdi və baba öz əli ilə əkdiyi buğdaları orada saxlayırdı. Çəlləyin içindəki buğda azalanda babamın əli ona çatmayanda mənə deyərdi: "Mehdi, gir çəlləyin içərisinə və buğda götür". Sonra isə buğdanı dəyirmana aparıb onun üyüdülməsini gözləyərdim. Təzə unu anama verdikdən sonra bir küncdə oturub həvəslə çörək bişirmənin bütün mərhələlərini diqqətlə izləyirdim.

Adətən, hər dəfə bir həftəlik yumşaq çörək və bir neçə aylıq quru çörək bişirirdik. Yumşaq çörəkləri özünəməxsus bir qabda saxlayır, quru çörəkləri isə qutuya düzüb evin bir küncündə qoyurduq.

Dadını daha çox bəyəndiyim quru çörəyi bozbaş və ayran üçün istifadə edirdilər. Bəzən də onu kartofəzənlə əzərək doğranmış tərəvəz əlavə edib yeyirdilər. Amma mən daha çox ona ətirli bitki yağı vurduqda yeməyi sevirdim. Bəzən anam təzə tərəvəz topladıqda onun içərisindən reyhanları ayırıb çörəklə yeyirdim. Bu çörəklərlə yanaşı, Ərdistanda başqa yerli çörəklər də bişirilirdi. Bəzi çörəklər külçəyə bənzəyirdi, içində də tərəvəz və göy soğan olurdu, o çörəklərə soğanlı çörək deyirdik.

Dəyirmanın yaxınlığında, axar çayın bir küçəyə girdiyi yerdə çörək bişirən Suğra adlı qoca qadın yaşayırdı. Ondan başqa Şahrux və Gülrux adlı iki qonşumuz da çörək bişirirdilər. Onların müştəriləri daha çox olsa da və çörəklərini xalis buğda unundan bişirsələr də, mən Suğranın çörəklərini bəyənirdim. Suğra una arpa da əlavə etdiyindən, çörəyi turşməzə və ucuz olurdu.

Günortadan sonra məktəbdən qayıtdıqda Suğra qapıya gələrək bizi səsləyib deyirdi: "Uşaqlar, gəlin, anbardan mənə bir az odun çıxarın, mənim gücüm çatmır". Düzdür o çox yaşlı idi, amma özünü əldən-ayaqdan salmamışdı. Biz də gedib anbardan odunlarını çıxararaq təndirin yanına qoyurduq. Qayıtmaq istədikdə bizə öz aramızda bölüb yemək üçün dadlı çörəklərindən birini verirdi. Zəhmət haqqı olaraq aldığımız çörək çox ləzzətli idi. Həmən vaxt öyrəndik ki, evdə olmayan bir şeyi istədikdə özümüz əziyyət çəkib onu əldə etməliyik.

Axşam olanda qonşular Kərəmpur əminin evinə yığışardılar. Qonşumuz Kərəmpur əmi bələdiyyə işçisi idi. Onun evində televizor var idi. Atamın televizordan zəhləsi gedirdi və onu "Yezid qutusu" adlandırmışdı. O deyirdi ki, bu nakişinin (şahın) televizoruna baxmamalıyıq. Lakin mən bəzi film və seriyalları çox bəyənirdim. “6 milyon dollarlıq adam”, “Tarzan”, “Tüstüsüz od”, “Partizan döyüşləri”, dünya müharibələrindən bəhs edən film və seriyallar xoşuma gəlirdi. Bəzi axşamlar anamdan icazə alıb Mürtəzayla birlikdə Kərəmpur əminin evinə gedirdik. Onun yekə bir iti var idi. O it həmişə evin qabağında uzanırdı. Axşamlar küçədə işıq olmadığı üçün itin əl-ayağını tapdalamayaq deyə çox ehtiyatlı olmalı idik. Kərəmpur əminin iti bizi tanıyırdı, ona görə də bizə dəyib-dolaşmırdı. Amma bir özgə şəxsi gördükdə, onun gəlişindən hamını xəbərdar edənədək hürərdi.

Tarzan filminin səhnələri bir-bir beynimdə həkk olurdu. Onların od qalayıb kabab bişirmələri çox xoşuma gəlirdi. Həmin vaxtlarda yalnız bir qazan su qaynadıb, içinə bir neçə şəlğəm atıb, bişirdikdən sonra duzlayıb yeməyi bacarırdım. Tarzanı görəndə balıq tutub kabab etmək üçün ağzımın suyu axardı. Bunu bir neçə dəfə etdim, çox ləzzətli alındı. Bəzən anamdan gizlin Mürtəza ilə evdən duz, bıçaq götürüb gedər, balıq tutub təmizlədikdən sonra bişirib yeyərdik.

***




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin