Bismillahir rəhmanir rəhim



Yüklə 3,41 Mb.
səhifə8/20
tarix10.01.2022
ölçüsü3,41 Mb.
#109657
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

Yeddinci fəsil

Zeyd gözətçi qülləsi


Cənub bölgəsində əməliyyat söhbəti yayılmışdı. Zeyd gözətçi qülləsinin planı bəyan edildi və qərar oldu ki, İmam Hüseyn (ə) batalyonunun xətt yaran qüvvələri bölgəyə göndərilsin və bəzi məsələlər onlara yaxından deyilsin. Harasa getmək xəbəri, uzun müddətdən sonra düşərgəni həyəcan və sevincə qərq etmişdi. Səfər çantamızı hazırladıq, şəxsi əşyalarımızı həmişəki kimi arxa cəbhə anbarına təhvil verdik. Günorta radələrində yola düşdük. Zeyd gözətçi qülləsindən o yana, toyotalar fasilə ilə bir-bir bölgəyə doğru gedirdilər. Nəzərdə tutulan yerə çatdıq və cəbhəni başqa bir briqadadan təhvil aldıq. İlk gün xüsusi bir şey olmadı, yalnız keşikçilər təyin edildi və bölgə ilə əlaqədar ümumi məsələlər açıqlandı. Ertəsi gün dostlardan bir neçəsi bölgənin təfərrüatı haqqında məlumatlandırıldı. Misal üçün mühüm yerlər haradır? Zirvə haradır? İraq qüvvələri haradan daxil ola bilər? Və s.

Gecələr növbə ilə keşik çəkirdik, amma dostlardan heç kim mənimlə birgə növbə çəkməyə razı olmurdu. Çünki sakit qala bilmirdim və iraqlıları ələ salırdım. Kaskalardan birini götürüb silahla onu qaldırırdım. Dərhal iraqlılar güllə atırdılar. Yerimi dəyişib yenə papağı qaldırırdım və yenə o səmtə doğru güllə atırdılar. Əlirza Fəqani mənim əlimdən bezmişdi, o, deyirdi: "Seyid! Axırda bu işlərinlə mənim başıma bəla olacaqsan!"

Düşünürdüm ki, iraqlı keşikçiləri rahat qoymamalıyıq. Bir saat sonra onların yorulduğunu hiss etdikdə, bir az da biz güllə atırdıq ki, başağrı verməyimiz tamamlansın.

Əslində bu ara-sıra baş verən döyüşlərdə anlayırdıq ki, düşmənin yüngül, orta və ağır silahının mövqeyi haradadır. Xüsusilə də, DŞK, ZU-23-2 və minaatanın yerləri məlum olurdu. Bizim hərəkətlərimizə düşmənin verdiyi reaksiyalar nəticəsində, hətta onların keşik çəkdiyi yer də məlum olurdu.

Zeyd bölgəsində bizim cəbhə ilə İraq cəbhəsinin fasiləsi 1 km-dən daha az idi. Xüsusi bir yerdə bütün döyüşçülərin bir araya gəlməsi mümkün olmurdu, amma günümüz zarafatsız keçmirdi. Çox vaxt iraqlıları ələ salırdıq. Mən ayaq yoluna getmək istədikdə torpaqdan düzəlmiş təpələrin üstü ilə gedirdim. O vəziyyətdə mən oraya çatanadək bir neçə raket atırdılar! Bu işlərimə görə, heç kim sığınacaqdan çöldə mənimlə gəzmək istəmirdi. Sığınacağın içinə də girdikdə kompot qutuları kimi hamını bir-birinə sıxsan da orada altı nəfərdən artıq yerləşmirdik. Sığınacağın tavanı üçbucaq idi və ağacdan düzəldilmişdi. Minaatan mərmiləri ora dəydikdə bu tavanlar yaxşı davam gətirirdi. Orada olduğumuz beş gün müddətində bir minaatan mərmisi düz bizim sığınacağın üstünə düşdü. Sığınacaq dağıldı, amma heç kim yaralanmadı.

O bölgədə bizim önəmli işimiz kanal qazmaq idi. Bu kanallar torpaqdan düzəltdiyimiz təpələrin arxasından başlayırdı. Təpələrin arxasına qalın borular qoymuşduq ki, piyadalar oradan keçə bilərdi. Hücum gecəsində döyüşçülər təpələrin üstündən bölgəyə hücuma keçə bilməyəcəkləri üçün, kanallar təpələrin qarşı tərəfinə, düşmən cəbhəsinə doğru davam edirdi. Bizim mövqedən düşmənin cəbhəsinə qədər təxminən səkkiz kanal qazılmalı idi ki, altıncı kanal bizim öhdəmizə düşmüşdü və biz üç-dörd gün növbə ilə gecə-gündüz qazıntı işinə gedirdik. Bu kanalların eni az idi, təxminən otuz-qırx sm. Dərinliyi isə təxminən bir metr yarıma çatırdı. Yəni əgər kanala daxil olmaq istəyirdinsə, başını əyib girməli və dərinliyi az olduğu üçün yarı əyilmiş vəziyyətdə qaçmalı idin. Kanalın eninin az olma səbəbi də bu idi ki, düşmən mərmisinin oraya düşmə ehtimalı minimuma çatsın. Hər kanalın bir neçə kiçik yan kanalı da var idi ki, iki nəfər qarşılaşanda, onlardan biri bu yan kanala keçsin və digəri öz yoluna davam etsin. Görünürdü ki, düşmən bölgədə bəzi şeylərin olduğunu anlamışdı. Hətta bilirdilər ki, iranlı döyüşçülər kanal düzəldirlər. Amma hələ bilmirdilər ki, kanallar haradadır. Çünki qazdığımız torpaqları əl-ələ verib geri aparırdıq və öz süni təpələrimizin arxasında çölə tökürdük. Ona görə də uzaqdan xüsusi bir şey görünmürdü.

Altıncı kanalın uzunluğu, təxminən 120 metr olmuşdu. Onların sxemi elə idi ki, əsas kanalların hamısı düşmən kanallarına doğru gedirdi. Amma yan kanallar budaq kimi bu kanalların yanından salınmışdı və hər taqım bu yan kanallar vasitəsilə öz sığınacağına doğru gedə bilərdi.

Qəribə bölgə idi; açıq səhralıqda düşmənin torpaqdan düzəltdiyi üçbucaq təpələr – əslində bu israillilərin sxemi idi – bizim üçün təhlükəli mövqe yaradırdı. O təpələrdən bir bucaq süqut etsəydi, növbəti iki təpə cəld öz qüvvələrinə dəstək verib irəliləyişin qarşısını ala bilərdilər. Bizim kanalların sxemi bu təpələrlə üzbəüz qarşılaşmamaq üçün belə hazırlanmışdı. Kanallar vasitəsilə mümkün qədər düşmənin ön cəbhəsinə yaxınlaşıb şəhidlərimizin sayını minimuma çatdıraq. Bizi çətin əməliyyat gözləyirdi. Düşmən də deyəsən bizimlə birgə kanallarla qarşılaşmamaq üçün çarə yolu axtarırdı. Bölgədə çoxlu top şəklində tikanlı məftillər qoyub onlara kəndirlər bağlamışdılar ki, biz irəlilədikdə, bu kəndirləri çəkib tikanlı məftilləri öz kanallarının içinə ataraq bizim yolumuzu bağlasınlar. Bizim yeganə çıxış yolumuz işimizi sürətlə başa çatdırmaq idi.

Hər gün kanal qazmağa gedirdik və bəzən bu işi gecələr də davam etdirirdik. Gecə işləmək daha asan idi. Çünki gündüzlər düşmən bir kaskanın hərəkət etdiyini zənn edən kimi bölgəni güllə atəşinə tutur, ya da minaatanla vururdu. Amma gecələr bu problem yox idi.

Bir gün kəşfiyyat qüvvələrindən biri xəritəni açıqlamaq üçün kanallardan birinə girmişdi və həmin anda ora bir minaatan mərmisi düşdü. Nəticədə orada olanların hamısı şəhid oldu. Minaatan mərmilərinin nadir hallarda kanalın içinə düşməsinə baxmayaraq, bu hadisə onu göstərirdi ki, kanallar bütün problemləri həll etmir.

Əməliyyata bir-iki gün qalmış bölük və taqım komandirləri və komandir müavinləri lazımi məlumatları vermək üçün bölgəyə gəldilər. Katyuşa durbinləri ilə hamını öz vəzifəsi ilə tanış etdilər. Həmin günün sabahısı, sübh namazından sonra katyuşa durbinlərinin yanına getdim ki, iraqlıların nə etdiklərini görüm. O gün günəş bizim tərəfdən saçırdı və iraqlılar mövqemizi asanlıqla görə bilmirdilər. Biz isə onları çox rahat görə bilirdik. Xüsusilə o gecə əməliyyat olacağı üçün, qarşı tərəfdə nələr baş verdiyi çox önəmli idi. Gördüyüm səhnə qeyri-adi idi. Orada o günədək görmədiyim bir şey parıldayırdı. Çox diqqət etdikdən sonra əmin oldum ki, gördüyüm sudur! Tez gedib bölgə komandiri olan Hüseyn Kərbəlayini tapıb macəranı ona danışdım. Gəlib baxdıqdan sonra, tez bu xəbəri qərargaha bildirdi. Anladıq ki, İraq bölgəyə su axıdıb bataqlıq yaratmaq istəyir. Qərargahdan da gəlib baxdılar və əmr etdilər ki, kanallarda qoyduqlarımızı təcili olaraq bayıra çıxaraq. Kanalların içində bir neçə qazma aləti var idi. Lakin hamısından önəmli kanalın içində olan silah-sursat idi ki, əməliyyatda onlardan istifadə olunacaqdı. Tez işə başlayıb onları kanallardan çıxardıq. Bu iş təxminən bir saat çəkdi. İşin sonunda get-gedə su bizim mövqeyə çatdı və kanalları tamamilə doldurdu. Anladıq ki, düşmən əməliyyatımız haqda məlumat əldə edib. 1 Əlbir olub kanalların girişi sayılan təpələrin arxasına qoyduğumuz boruları torpaq kisələri ilə doldurduq və su cərəyanı təpələrin arxasında dayandı. Təxminən günortadan sonra, saat 2-də əmr verildi ki, geriyə qayıdaq. İsfahan döyüşçüləri ilə birgə, Aşura briqadasından yalnız İmam Hüseyn (ə) batalyonu o bölgədə idi. Xeybər şəhidləri düşərgəsinə qayıdıb həmin cəbhəni başqa bir batalyona təhvil verməli olduq. Həmin anda bir mərmi döyüşçülərin arasına düşdü və bir dəstə, o cümlədən xilasedicilər yaralandılar. O vaxta qədər heç nə yeməmişdik və mən həm ac, həm də çox susuz idim. Maşına mindik; maşınımız o bölgədə güllə və qəlpələr nəticəsində pis günə qalmış bir toyota idi. Döyüşçülər ona daşqa2 deyirdilər. Bir tərəfdən İsfahan qoşununun təminat maşınları gəldi və döyüşçülər arasında çörək, düyü və qarpız payladı. Toyota yola düşdükdə, təminat maşınından qarpız almaq istədim. Bu zaman sürücü qaza basdı və az qalmışdı yerə yıxılım. Dostlar məni tutub çətinliklə maşının içinə çəkdilər. O vəziyyətdə qarpızı qucağımda möhkəm saxlamışdım. Dostlar qışqırırdılar: "Qarpızı burax, özün yıxılırsan!"

Maşına yerləşdikdə qarpız dadımıza çatdı və susuzluğumuzu az da olsa yatırdı.

Zeyd cəbhəsinə çatdıqda başqa bir maşınla Xeybər şəhidləri düşərgəsinə götürüldük. Orada əməliyyatın ifşa olmasından heç kimin xəbəri yox idi. Ona görə də bizi görən hər kəs soruşurdu: "Bəs niyə qayıtdınız?"

Əməliyyatın ifşa olma xəbəri döyüşçülər arasında gəzirdi. Hamımız nigaran idik ki, necə olacaq. İki-üç gün sonra ağa Mehdi Bakiri döyüşçülərin yanına gəldi. Hamımız onu ürəkdən sevirdik və həmişəki kimi sözləri qəlbimizə yatırdı. Ağa Mehdi sonrakı əməliyyatlara hazırlıqdan danışır və bu əməliyyatın ifşa olunmasını izah edirdi. Döyüşçülərin ağlamaq səsi ucaldı. Hamımız çox yaxşı bilirdik ki, bir əməliyyatın planlaşdırılması və icrası üçün nə qədər zəhmət çəkilir. Batalyonlar əməliyyata çatmaq uğrunda aylarla təlim keçir və çətin şəraitə dözürdülər. O şəraitdə əməliyyatın ifşa olmaq xəbəri hamı üçün müsibət sayılırdı. Mehdi söhbətlərinin sonunda buyurdu ki, hamımız on beş günlük məzuniyyətə gedəcəyik və inşallah qayıdanda Xeybər şəhidləri düşərgəsindən başqa bir bölgəyə göndəriləcəyik.

Bu hadisə məni çox təsirləndirmişdi. Uzun müddət bu barədə fikirləşirdim. Düşünürdüm ki, məlumatları qorumaqda yaxşı davranmamışıq. Cənub və qərb bölgələrində olan döyüşçülər, gördükləri təlimlərə əsasən, çox rahatlıqla növbəti əməliyyatın harada olacağını təxmin edə bilirdilər. Ehtimal var idi ki, əməliyyatlardan öncə ailələri ilə əlaqə yaradan minlərlə şəxsin arasından bir neçə nəfər də öz təxminilə növbəti əməliyyat haqqında danışıbmış. Bizə demişdilər ki, düşmən inkişaf etmiş texnika ilə söhbətləri dinləyə bilir. Xəyanətkarlar da həmişə aktiv idilər və ən xırda məlumatı da düşmənə çatdırırdılar. Xülasə, uzun müddət əməliyyatın ifşa olma acısını yaşadıq.

Hamımız qayıtmağa hazırlaşırdıq. Dəmir yoluna gəlib döyüşçülərin nəfəskəsən qələbəliyi arasında, nəhayət qatara mindik. Qüvvələrin bir hissəsinin avtobusla getməsi baxmayaraq, başqa briqadalar da məzuniyyətə getdiyi üçün dəmir yolunda izdiham var idi. Nəhayət, qatar yola düşdü. O vəziyyətdə hamı çalışırdı ki, öz dostları ilə eyni kupedə olsun. Bizim kollektiv də bəlli idi. İmam Hüseyn (ə) batalyonunun bir neçə dəcəl döyüşçüsü - Əbdülhüseyn Əsədi, Əli Nəməki, Fərəc Quluzadə, Mustafa Pişqədəm, 1 Baba və s. Babanın şairlik istetadı var idi və həmin günlərdə döyüşçülərə gözəl şeirlər oxuyurdu. Mustafa Pişqədəm də sərbəst döyüşçü idi və bir az qarayanız olduğu üçün, Baba döyüşçülərə yazdığı şeirdə, bir neçə beyt onun haqqında da demişdi:

Bu qordanda2 gəzər azadə bir şəxs.

Siyahidən3 qara çaydana bənzər! 4

Yol boyu kupe və zalda vəlvələ idi. Gecə qaranlıq düşdükdə yanımızdakı kupeyə hücum edib işıqları söndürür, bir-birimizi doyunca kötəkləyirdik. Kollektivimiz başqa bir aləm idi. Dəcəllik etmək üçün ən kiçik fürsəti əldən vermirdik. Qatarda döyüşçülərə verilən yemək hamburger sandviçi ilə şirə idi. Hamburgerin əti rezin kimi idi və döyüşçülər haqlı olaraq adını tayer1 qoymuşdular. Çoxları onu yedikdən sonra qarın ağrısına düşdülər. O yeməyi çətinliklə həzm etmək mümkün olduğuna baxmayaraq, şıltaqlıq üçün də olsa gedib yenidən yemək alırdıq. O kollektivlə hər yerdə və hər saatda xoş keçirdi.

Nəhayət, Təbrizə çatdıq. Amma qatar dayanmadan öncə Təbriz döyüşçüləri məscidlərdə olan məclis proqramlarını bir-birinə deyirdilər: “Birinci gün axşam Silab məhəlləsində olacağıq, ikinci gün Gəzran məscidində və s."

Bizim üçün məzuniyyət zamanları xoş keçirdi və cəbhə uşaqları ilə əlaqəmiz davam edirdi. Qədim döyüşçülərin hamısı bu atmosferdə idilər. Şəhərdə döyüşçülər birgə olduqları üçün məscidlər bəsicilərin səfalı kollektivini xoş üzlə qarşılayırdılar. Bu məclisləri keçirməyə könüllü olan məscidlər bəzən bir batalyonun bütün döyüşçülərini dəvət edirdilər. Bəzən də camaatın köməyi ilə şam yeməyi hazırlayırdılar. Ətrafında döyüşçülərin oturduğu uzun süfrələr insana cəbhənin fəzasını xatırladırdı.

Bir gecə məclis Abbasi prospektində olan Kəlantər məscidində idi. Oranın qərargah üzvü olan Kərim Qurbani məni dəvət edərək dedi ki, gecə qayıtdıqda hara istəsən özüm səni çatdıracağam. Adətən şam yeməyindən sonra, əzadarlıq və sinə vurmaq mərasimi olurdu. Mərasimdən sonra da hər kəs maşını, ya da motosikleti olan dostu ilə qayıtmaq üçün danışıb razılaşırdı. Həmin gecə də süfrələr sərildi, camaatla məscid əhalisinin verdiyi dadlı yeməkdən sonra, əzadarlıq mərasimi keçirildi və sonda növbəti məclisin tarixi və yeri müəyyənləşdi. Bu müddət ərzində Kərim Qurbaniyə bir neçə dəfə işarə edərək dedim ki, gecdir, getməliyəm. Amma o deyirdi: "Yox! Özüm səni çatdıracağam."

Nəhayət, dostlardan birinin motosikletini aldı ki, məni məqsədə çatdırsın. O gecə qardaşımın Bahar prospektində olan evinə getməli idim. Oranın həmin məhəllə ilə fasiləsi bir az çox idi. Kərim yola düşdü və çox sürətlə gedirdi. Onun sürətindən qorxmurdum, amma başımıza nəsə bir bəla gələcəyindən ehtiyat edirdim. Çünki o da mənim kimi öncədən bir qəlpə nəticəsində bir gözünü itirmişdi. Gecə saat 12-ni keçmişdi və biz sürətlə prospektləri ötüb keçirdik. Bir neçə dəfə ona dedim: "Ay bala bu sürətlə getmə! Dörd yolda bir maşınla qarşılaşsaq nə edəcəksən?"

–Sən nigaran olma! Amma dördyola yüz metr qalmış mənə de, özüm sürətimi azaldacağam!

Bazar prospektinin başında xatırlatdım ki, dördyola yaxınlaşırıq. Sürətini azalt. Amma o, sözümə fikir vermədən sürətlə gedirdi! İki dördyolu həmin sürətlə keçdi. Artıq qışqırmağa başlamışdım: "Saxla, saxla işim var!"

–Nə işin var?

–Daha bəsdir, piyada getmək istəyirəm!

–Niyə piyada gedəsən... Dedim axı, dördyola yüz metr qalmış mənə bildir, bir az yavaş gedərəm!

–Biz ki, iki dördyolu adladıq!

–Mən heç nə görmədim axı!

Ona dedim: "Mən sənə dedim ki, yüz metr qalıb... Ay oğlan! Sən hara baxırsan!"

Allahın köməyi ilə Kərim məni qardaşımın evinə sağ-salamat çatdırdı. Amma ondan sonra nə vaxt onu görsəydim deyirdim: "Kərim, yüz metr qalır ha!"

Dostların kollektivini çox istəsəm də, hər gecə kənddən mərasimlərə gəlib qayıtdıqda bir nəfərə zəhmət verməyi xoşlamırdım. Çox vaxt kənd məscidinin qərargahında dostlarla olurdum. Həmin günlərdə cəbhə döyüşçüləri arasında "Əsgər Qəssab" adlı bir proqram açıqlanmışdı. Çünki bu məsələni onun söhbətləri başlatmışdı. O deyirdi: "Kim şəhərinə qayıdırsa, heç olmasa üç nəfəri özü ilə cəbhəyə gətirsin." Dostlar bu məsələ üzərində çox işləyirdilər. Televiziyadakı təbliğat canlı olmadığı üçün, bəzən cəbhə həqiqətləri düzgün şəkildə çatdırılmırdı. Biz qərargah uşaqları arasında cəbhədən danışırdıq. Düşməndən, öz döyüşçülərimizdən, imamın buyurduqlarından, müharibənin problemləri və cəbhədə olmağın zərurətlərindən: "Qardaş! Bir insan müəyyən müddətədək cəbhədə qala bilər; məgər mən özüm cəbhədə nə qədər qala bilərəm. Nəhayət, ya yaralanacağam ya da şəhid olacağam və yerim boş qalacaq. Sizlər şəhid döyüşçülərin yerini doldurmalısınız..."

Belə söhbətlər dəfələrlə olurdu. Camaata moizə etmək istəmirdik. Amma anlamışdıq ki, müharibənin faktlarını düzgün şəkildə dedikdə təsirli olur. Bizim kəndimiz (Xəlcan) o bölgədə ən böyük kənd idi. Təxminən yeddi-səkkiz min nəfər əhalisi var idi və qərargahı da aktiv idi. Qərargahımızın təxminən səksən nəfər qüvvəsi var idi ki, çoxu cəbhəyə göndərilmişdi. Bu üzvlərin başqa fəaliyyətləri də var idi. Məsələn, gecələr həmişə kənddə keşik çəkirdilər. Həmin gecələrdə o bölgədə oğurluq və qanunu pozan işlər baş vermirdi. Amma bəzən xəbər verirdilər ki, bir bağda içki məclisi qurulub əxlaqsız işlər görülür və s. Belə olduqda dostlar çox vaxt cəbhə görmüş qüvvələr olduqları üçün asanlıqla həmin yerə gedib o işlərin qarşısını ala bilirdilər. Bu nəzarətlər kəndin ümumi yerlərində də təsirli idi və camaat da bizimlə əməkdaşlıq edirdi.

Məzuniyyətdə olduğumuz bir-iki həftə müddətində, heç olmasa iki-üç dəfə gecə döyüşü təlim proqramı icra edirdik. Kəndimiz dağlıq bölgə idi və mən dağ döyüşlərində məharətli idim. Öncə qara lövhəyə öz mövqeyimizlə şərti düşmənin mövqeyini çəkirdim və hərəkət edəcəyimiz yolu açıqlayırdım: “Düz yoldan düşmənə tərəf getmək olmur, çuxurlardan və dərələrdən keçməliyik, düşmən də bu yolları sizin rahat keçməniz üçün maneəsiz qoymayacaq və mütləq çuxurlar mina ilə dolu olacaq...”

Bu dağa dırmaşmalarda təcrübələrimizi paylaşırdıq. O yerlərdə ki, piyada əleyhinə mina, tank əleyhinə mina, maşın əleyhinə mina qoyula bilərdi, dostlara göstərirdim. Çalışırdıq ki, şərti düşmənin görə bilməyəcəyi yerləri, ya da maneələrdən təmiz qalmış yerləri tapıb, oradan yuxarı çıxaq.

Korpus tərəfindən də qərargahın üzvlərinə hərbi təlim kursları təşkil olunurdu və bu qüvvələrin çoxunun təlim kartları var idi. Onlar cəbhəyə göndərildikdə xam döyüşçü sayılmırdılar və təxminən cəbhənin atmosferi ilə tanış idilər. Hər məzuniyyətdən sonra bu qüvvələrdən bir neçə nəfərini özümüzlə birgə batalyona aparırdıq. Briqadada icazə verilmişdi ki, kim yeni döyüşçü gətirsə, öz batalyonuna apara bilər. Amma onlar şəraitə uyğunlaşdıqdan sonra, bir daha bölüklərə bölünür və başqa bir batalyona gedə bilmirdilər. Bəzən yeni gələn qüvvələrlə yeni bir batalyon da təşkil olunurdu. Çünki 300 nəfərlik batalyon, 600 nəfərlik ola bilməzdi. Yeni qüvvələrdən ayrıldıqdan sonra da onları tək qoymayıb həmişə dostlara baş çəkirdik.

Bu gedişlə məzuniyyətlərimizdə əslində işgüzar günlər idi. Bunlarla yanaşı, hər gecə proqramlarımız olurdu. Təbrizdə və ya kəndimizdə olan müharibə əlillərinə və şəhid ailələrinə baş çəkmək hər gecə gördüyümüz işlərdən idi. Heç olmasa hər gecə iki şəhid ailəsinə baş çəkirdik. Bu get-gəllər həm bizə, həm də şəhid ailələrinə xoş təsir bağışlayırdı. Əlaqə o qədər səmimi idi ki, onlar bizimlə həqiqətən öz oğulları kimi davranırdılar. Səmimi qəlbdən bizi şam yeməyinə, çay süfrəsinə qonaq edirdilər.

Biz də yox demədən qəbul edir, cəbhədən, döyüşçülərdən, şəhidlərin xatirələrindən və hər şəhidin yerini onlarla nəfərin dolduracağından danışırdıq. Ruhiyyə verib ruhiyyə alırdıq.

Guya məzuniyyətdə idim, amma o qədər işim olurdu ki, yazıq anam bəzən qərargah uşaqlarının yanına gəlib deyirdi: "Ay bala, heç olmasa icazə verin Nurəddin gecələr gəlib evdə yatsın!"

Yazıq hacı xanım həmişə şikayətlənirdi. On beş gün məzuniyyətdən cəmi iki-üç dəfə şam, ya da günorta yeməyi süfrəsində onlarla birgə idim. Anama deyirdim: "Əmin ol ki, oturub-durduğum uşaqlar yaxşı insanlardır." Anam deyirdi: "Mən buna inanıram, amma arada öz evinə də baş çək!" Düz deyirdi. Bəzən gecələr saat 2-nin yarısı evə gedirdim. Halbuki, kənddə saat 10-11 arası hamı qapısını qıfıllayırdı. Bunların hamısı ilə yanaşı məzuniyyət günlərində yaralarımın müalicəsinin dalınca da gedirdim. Bunlar ömrümün sonunadək mənimlə olmalı idi! Mənim evə gəlib-getmək proqramım hamı üçün adi olmuşdu. Yalnız anamdan başqa. O istəyirdi ki, mən evdə daha çox olum və mən bunu edə bilmirdim. Getmək zamanı çatdıqda da, məni yola salmağa yalnız o gəlirdi. Bəlkə də Sadiqin şəhadətindən sonra məndən ötrü daha nigaran olurdu. O deyirdi: "Bu səfər yenə gedirsən, birdən sağ qayıtmazsan və yenə..."

–Yox! Mənə heç nə olmayacaq. Bəlkə yaralandım, onda da sizə zəng edəcəyəm!

Qəribə bir macəra idi, həmişə yaralanmadan öncə ürəyimə damırdı ki, bir hadisə baş verəcək. Bilirdim ki, Allah yanında kamil bir şəkildə qəbul olmağıma hələ çox var. Müharibədən dörd il keçdikdən sonra, növbəti şəhidləri tanıyıb təsdiqləmə işinə girişmişdim. Yalnız cəbhə və əməliyyatda deyil, hətta bəzən məzuniyyətdən cəbhəyə qayıdan vaxtlarda da bəlli idi ki, bəziləri son dəfə olaraq sağollaşırlar. Sağollaşmaq qaydalarından və analarının baxışlarından və s.

Anam deyirdi: "Sadiq qatara mindikdə, bilirdim ki, bir daha qayıtmayacaq! Sanki Sadiq özü də bilirdi. Çünki davamlı olaraq dönüb mənə baxır, bir daha sağollaşırdı." Bəzən anamla Sadiq haqda danışırdıq. Deyirdik ki, şəhadətindən bir müddət öncə dəyişilmişdi. Evdə olduqda da çalışırdı ki, yeməyi ordunun yeməkləri kimi olsun. Cəbhədə bəzən yemək az olurdu və döyüşçülər aclıqlarını aradan qaldırmaq üçün, məcbur olub quru çörək yeyirdilər. Elə bir şey idi ki, şəhərdə insan yüz gün də qalsa ona tərəf baxmazdı. Hacı xanım deyirdi: "Sadiqin məzuniyyətdə olduğu on gün müddətində elə bir gecə olmurdu ki, oyanıb onu namaz qılmaqdan başqa bir halətdə görüm.”

Əslində insan ağlı da deyirdi ki, Sadiq kimilərin yerlə fasiləsi get-gedə çoxalır.

Bu vəziyyətlə məzuniyyət sona çatdı və qatarla müharibə bölgəsinə qayıtdıq. Elə bir bölgə ki, müharibə dövründə, bizim həqiqi vətənimiz olmuşdu.





Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə