Bismillahir rəhmanir rəhim



Yüklə 3,41 Mb.
səhifə9/20
tarix10.01.2022
ölçüsü3,41 Mb.
#109657
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

Səkkizinci fəsil

Müharibədə həyat


Bir neçə gün idi ki, Xeybər şəhidləri düşərgəsində idik. Lakin sonra briqadanı yeni bölgəyə göndərmək işi başladı və Xeybər şəhidləri düşərgəsi tədricən boşaldı. İmam Hüseyn (ə) batalyonu yeni məntəqəyə, yəni Dokuhəyə göndərilən ilk batalyonlardan idi.

Dokuhə, Əndimeşk-Dezful yolunun yaxınlığında, dağlıq bölgə idi. Ordu hərbi hissəsinin düz qarşısında – bura 27-ci Həzrət Rəsul (s) briqadasının yerləşdiyi yer idi – bir yol çəkilmişdi. 31-ci Aşura briqadasının müvəqqəti qaldığı yerə gedirdi. Ora bir neçə cəhətdən müsbət imtiyazlara sahib idi. Məsələn, bağlı bölgə olduğu üçün, bombardman zamanı xəsarət və şəhidlərin sayı az olurdu. Həmin Hərbi Hissədə ordunun Hava Hücumundan Müdafiəsi güclü idi və biz onun yaxınlığında olduğumuz üçün çox rahat idik. Dokuhədə əsil məqsəd döyüşçüləri hazır vəziyyətdə saxlamaq, əməliyyatın mövqeyini müəyyən etdikdən dərhal sonra, briqadanı yeni məkana göndərmək idi.

Çadırları qurmaq və batalyonların yerləşməsi üç-dörd gün çəkdi. Sonra həmişəki kimi proqramlar başladı. Orada səhər proqramları dağaçıxma məşqləri idi. İlk növbədə Qurandan bir neçə ayənin qiraəti və tərcüməsinin oxunuşu dinlənir, ondan sonra batalyonun komandiri döyüşçülərlə söhbət edir və daha sonra döyüşçülər dağa çıxmağa gedirdilər. Bəzən də proqram idmanla sona çatır və səhər yeməyindən sonra təlimlər başlayırdı.

Dağaçıxma proqramında hər taqım bir tərəfə gedirdi. Çünki bütün batalyonun və hətta bölüyün birlikdə hərəkəti bir cərgə ilə mümkün olmurdu. Dağa çıxdıqda döyüşçülər şüarlar verirdilər və səslərinin əks-sədası daşların arasında yayılırdı. Hamıya enerji verən müsbət şüarlar çox vaxt Kürdüstanda oxunan həmin qədim şeir olurdu. Bəzən dağa çıxmaq əsnasında, dostlarla Kürdüstan dağlarındakı müharibədən aylarla topladığımız təcrübələrimizi paylaşırdıq. Dağlıq bölgədə döyüşməyin nə kimi özəlliklərə malik olduğundan danışırdıq. Düşmən həm çala-çuxurları, həm də keçid üçün münasib yerləri tanıdığı üçün mütləq orada maneələr qoyacaq. Yaxşı döyüşçü yubanmadan əlavə cığırlar tapmalıdır. Döyüşçülər qayalara çıxmaq və çuxurlarda hərəkət etməkdə o qədər məharətli olmalıdırlar ki, tez qərara gəlib irəliləməyin yolunu tapsınlar.

Biz Dokuhədə təxminən iki ay qaldıq. O müddətdə səfalı səhər proqramları və dua ilə əzadarlıq mərasimlərimiz olurdu. Bəzən İmam Hüseyn (ə) batalyonunun döyüşçüləri "səhər yeməyi" yeyirdilər. Bu kollektivdə də bəzən dəcəlliklər və zarafatlar olurdu. Məsələn, yanımızdakının başını qatıb çayının içinə duz tökürdük. Sonra dayanıb onun şirin və duzlu çayı içdikdən sonra, üzündə yaranan səhnəni izləyirdik!

Gündəlik təlimlərdə döyüş hazırlığını qorumaq və növbəti əməliyyatda düşmənin kimyəvi bombardman ehtimalına əsasən, kimyəvi təlimlərə xüsusi diqqət göstərilirdi. Öncəki təlimlərin təkrar olması ilə yanaşı, bu dəfə kimyəvi bombardmanla qarşılaşmaq praktiki olaraq göstərilirdi. Bəzən bölgəyə gözyaşardıcı qaz buraxırdılar və biz altı-səkkiz saniyə ərzində maska taxmalı idik. Adətən, səhərlər bir-iki saat maska taxmalı idik ki, o vəziyyətdə nəfəs almaq fərqli idi və adam çətinliklə dözə bilirdi. Əslində bu proqramdan məqsəd bu idi ki, döyüşçülər maska üzlərində ikən işlərini görməyə öyrəşsinlər. Bu proqramların hamısında növbəti əməliyyatın məxfiliyini qorumaq üçün çaşdırıcı bir cəhət də var idi. Çünki təlimlərin növündən döyüşçülər sonrakı əməliyyatın hansı bölgədə olacağını təxmin edə bilmirdilər. Səhralıq, dağlıq bölgə, yoxsa su!?

Ən çətin manevrlərdən bir neçəsi də orada oldu. Çünki səhralıqla dağlıq bölgədə döyüşçülərin yol getməsi çox fərqli idi. Səhralıqda uzun məsafəni sürətlə qaçmaq olurdu. Amma hündürlükdə iyiri-otuz metr qaçdıqdan sonra təngnəfəslik bizi incidirdi. Dağda hamı və ya bir neçə nəfər bir sırada hərəkət edə bilmirdi. Hamı bir-birinin arxasında, bir cərgədə hərəkət etməli idi. Bu şərait dağ zonasında manevri çətinləşdirmişdi. Öncədən Kürdüstanın dağlıq bölgəsindəki müharibədə qazandığım təcrübəyə görə bilirdim ki, manevrdə eynilə həqiqi bir əməliyyat kimi artilleriyanın atəşini məharətlə, yaxşı bir şəkildə mərkəzləşdiriblər. Manevrlərdən birində gecənin qaranlığında bir dərədən keçirdik ki, ondan yeddi-səkkiz metr aşağıda axar çay var idi. Tapşırıq belə idi ki, döyüşçülərdən bir neçəsi yaralı kimi xərəkdə uzansınlar və başqa döyüşçülər təcili şəraitdə yaralıları daşımaq işini də öyrənsinlər. O dərədən keçəndə atışma da olurdu, həmin vaxt döyüşçülər bir daşın arxasında yerləşib yerə uzanırdılar. Bu şəraitdə idim ki, qəfildən ayağım sürüşdü, yuvarlanıb dərəyə düşdüm. Pis bir vəziyyət yaranmışdı. Bilmirdim hara qədər sürüşəcəyəm və tutmağa da heç bir imkan yox idi ki, özümü saxlaya bilim. Yalnız bir müddət sürüşdükdən sonra qumluq bir yerə düşdüm. Xoşbəxtlikdən ciddi bir xəsarət almadım. Daş qayanın üstünə düşsəydim Allah bilir başıma nə gələcəkdi. Mənim kimi başqa iki nəfər də sürüşüb düşmüşdülər. Sadəcə bir az əzilmişdik və ağrımız var idi. O qaranlıqda atışma səsləri və partlayışlardan çıxan işıqdan başqa bir şey görmürdüm. Manevrin planını yazan şəxs döyüşçülərin hərəkəti üçün yaxşı bir yer seçmişdi. Çuxurdan aşağıda boş qumluq bir sahə var idi və döyüşçülər süqut etdikdə çox ehtimalla oraya düşəcəkdi.

Manevrin sonunda döyüşçülər şərti yaralıları apardıqdan sonra, üç nəfərin çuxurlara düşdüyünü demişdilər. Bizim yanımıza gəlib sağ olduğumuzu gördülər. O macərada heç birimizin ciddi bir xəsarət almadığımız həqiqətən qəribə idi. Ertəsi gün Hacı Milani və Bəhcətniya ilə ora getdikdə və o cür hündür bir yerdən süqut etdiyimizi gördükdə, Allahın lütfünü daha çox anladım. Dokuhə səfalı yer idi və gözəl təbiəti var idi. Bəzən su damcı-damcı daşın arasından süzülüb incə bir yarıq düzəldirdi. Boş vaxtlarımızda bir neçə nəfərlə dağa gedirdik. Bəzən özümüzlə ədyal və yemək aparıb yanından aram-aram su axan bir daşın kənarında otururduq. Həqiqətən gözəl mənzərə idi və orada hər şey insana ləzzət edirdi. Daşların arasından çıxan su iki-üç metrdən aşağı süzülürdü və biz daşların arasında su toplamaq üçün bir yer düzəltmişdik. O təmiz sudan içirdik və bəzən çay dəmləyirdik. Çox vaxt səhər yeməyi üçün ora gedirdik. Elə bir dostların yanında ki, o günlərdə bizim ən yaxınlarımız idilər, gülməyimiz və ağlamağımız birgə idi və necə də yadda qalan macəralar keçirmişdik. Bəzən orada şəhid dostlarımızı yad edirdik. Gələcəkdən danışırdıq və s.

O səmimi, məhəbbət və sevgi dolu fəzada bayramlar unudulmurdu. Bir dəfə Dokuhədə idik ki, Qədir-Xum bayramı gəlib çatdı. Həmişəki kimi batalyonun seyidləri şirini hazırlamaq fikrində idilər. Mənimlə digər seyidlər birgə bir çadırın içində oturmuşduq və batalyonun döyüşçüləri dəstə-dəstə oraya gəlirdilər. Hamı bir-birilə əl-ələ verdi və kollektivimizdə olan ruhani dostumuz qardaşlıq siğəsi oxudu. Ondan sonra hamı bir-birini seyid çağırırdı. Bəzən ailəmin sözü yadıma düşürdü: "Nə vaxta qədər cəbhədə qalmaq istəyirsən?!"

Düşünürdüm ki, bu səfalı və riyasız fəzanı kim dərk etsə, cəbhənin torpağını buraxıb şəhərə dözə bilməz.

Gizlicə aradan çıxmaq proqramı Dokuhə düşərgəsində də davam edirdi. Çox vaxt Dezfula gedirdik. Amma bir dəfə Hacı Milani və Yunis Bəhcətniya ilə qərara gəldik ki, Dokuhə dağlarının arxasını görməyə gedək. Səhər dostlardan ayrıldıq. Əslində hamının başı bir işə qarışıq idi və bizim gedişimiz qeyri-adi görünmürdü. Dağları yuxarı çıxmağa başladıq. Amma nə qədər getsək də, qarşımıza yeni bir yol və başqa bir cığır çıxırdı. Yorğunluq tədricən qüvvəmizi alırdı. Suyumuz qurtarmışdı və biz hələ heç yerə çatmamışdıq. Uzun yol gəlmişdik və həmin yolu geri qayıtmaq istəmirdik. Qısa bir yol tapıb tez qoşunumuza çatmaq istəyirdik. Susuzluq bizi əldən salmışdı. Yunis ardıcıl deyirdi: "Siz Allah mənə bir qurtum su verin!"

Həqiqətən də halsız olmuş və tərpənə bilmirdi. Hacı Milani ilə qərara gəldik ki, ondan ayrılıb su tapmağa gedək. Nəhayət daşların arasından bir az su tapdıq. Suyu götürməyə heç nəyimiz yox idi, çünki yolun ortasında yorğunluq və halsızlıqdan boş su qablarımızı tullamışdıq. Çəfyələrimizi bir az isladıb Yunisə tərəf qayıtdıq. Yaş çəfyələrimizi onun ağzına sıxıb bir neçə damcı su ilə onun özünə gəlməyinə səbəb olduq. Heç düşünməzdik ki, bir gəzinti üçün dostlardan aralanıb bu vəziyyətə düşək. Qarşıdakı yolu tanımırdıq; qayıtmaq yolumuz da uzun idi və gecəyə düşəcəkdik. Aciz halda deyirdim: "Hələ qoşuna çatsaq da mən üç-dörd günədək özümə gələ bilməyəcəyəm!"

İsti bir günorta idi və biz daş-qaya arasında giriftar olmuşduq. Get-gedə qayıtmaq yolunu da itirdik. Qərara gəldik ki, hər birimiz bir tərəfə gedək və yeni bir şey gördükdə bir-birimizi səsləyək. Bir-birimizdən uzaqlaşdıq. Bir qədər sonra Hacı Milani su tapıb bizi səslədi. Biz də o tərəfə getdik. Ora axar çayı olan bir dərəyə gedirdi. Dağdan aşağı enərkən gözüm qaranlıq çalırdı. Ardıcıl deyirdim: "Məndən muğayat olun, yıxılıram!"

O ikisinin arasında qaldım və pis bir vəziyyətdə çaya doğru yola düşdük. Suya çatmaq bizə bir qədər ümid verdi. Su içdikdən sonra qəfildən xatırladım ki, manevr vaxtı bu axar çayın və bu dərənin yanında idik. Düşündüm ki, onun uzunluğu boyu getsək batalyona çatacağıq. Həmin yolu getməyə başladıq. Günəş yavaş-yavaş qürub edirdi və ümidvar idik ki, qaranlıq düşməmiş qərargaha çatacağıq. Böyük bir su borusuna çatdıq və batalyonun təminat işçilərini gördük. Onlar su aparmaq üçün oraya gəlmişdilər. Çox sevindik. Heç nə anlamadan paltarla suyun içinə girdik. Başımızı su borusunun içinə salmışdıq! Suyu əlimizə, üzümüzə çırpıb gülürdük. Təminat işçiləri təəccüblə soruşdular: "Niyə belə edirsiniz, bu nə işdir?" Bilmirdilər ki, səhərdən dağda yolu azmışdıq.

Dağlıq bölgələrdə olmaq təcrübəmlə yanaşı dağın içində itməyimizə inana bilmirdilər: "Ağa Seyid! Sən də itmişdin?"

–Hə, itmişdim. Dağ elə bir yerdir ki, yolu tanıyan da, tanımayan da onun içində itə bilər!

Təminat işçiləri ilə birgə çadırlara tərəf getdik. Suyun yanından çadırlara bir km fasilə var idi. Günəş yavaş-yavaş qürub edirdi və günün o saatında hava hələ də isti idi. Başdan-ayağa islanmağımıza baxmayaraq çadıra çatdıqda tamamilə qurumuşduq. Taqımda heç kimin başımıza gələn hadisədən xəbəri yox idi. Səhər proqramından sonra döyüşçülərin çoxu bir işlə məşğul olur və axşamadək görünmürdülər. Düşərgədən qaçmaq adətimiz olduğu üçün, heç kim bizdən ötrü nigaran olmurdu.

Bu hadisə düşərgədən qaçmaq fikrini başımızdan atmağımıza səbəb olmadı. Nə vaxt yorulsaq, Dezful məqsədi ilə aradan çıxır, bəzən orada iki gün qalırdıq. Dez çayının şəffaf və aydın qoynunda üzür, suyundan içir və bu işdən həqiqətən həzz alırdıq. Bir gün körpünün yanında əmələ gələn burulğanda ilişdim. Nə qədər çalışsam da xilas ola bilmirdim. Az qalırdı boğulum. Bir-iki dəfə suya batıb çıxdım, qarnıma çoxlu su getdi. Nəhayət başımı qaldırıb qışqıra bildim: "Boğuluram!"

Rəhim İftixari1 və Əli Nəməki çayın yanında idilər. Rəhim özünü suya atıb məni oradan çıxartdı. Həqiqətən də çox qorxmuşdum. O dedi: "Muğayat ol, düşərgədən qaçmağın bu cür aqibəti də olur!"

O macəradan sonra bir daha Dezdə çimmədim. Hər dəfə oraya getdikdə dostlar nə qədər təklif etsələr də, deyirdim: “O dəfəki bəsimdir!”

Gecəni Səbziquba ziyarətgahı və Dezfulda qaldıqda, Korpusun döyüşçülər üçün düzəltdiyi yerə baş çəkmək həmişəki planımız idi. Bir-iki gündən sonra Dokuhəyə qayıtdıqda, döyüşçülər “xoş gəldin” deyərək bizi utandırırdılar.

Döyüşçü mənəviyyatının səfası ətraf mühitdə də təsirli olurdu. Döyüşçülər çadırların önünə kiçik daşlar töküb bağça hazırlamış və gül əkmişdilər. O cür münbit şəraitdə toxumlar çox tez cücərir və oranı gözəlləşdirirdi. Hamı öz ətrafına qarşı məsuliyyət hiss edirdi. Döyüşçülərin həvəslə çadırların təmizliyinə və güllərə qulluq etmələrini gördükdə iraqlıların səngərləri və çadırları yadıma düşürdü. Onların çirkin və dağınıq fəzasından şəxsiyyətlərinin necəliyini anlamaq olurdu. Orada ətraf cəhənnəm idisə, bizim döyüşçülərimizin yerləşdiyi mühit cənnət idi; Həm xasiyyətlərinin yaxşılığı və mərhəmətlərinə görə, həm də yaşadıqları fəzanı gözəl etdiklərinə görə. Baxmayaraq ki, bəzən düşərgəyə yetərli yemək gəlmirdi və həqiqətən ac qalırdıq. Amma bunu da digər çatışmazlıqlar kimi zarafatla keçirir və heç bir şeydən şikayətlənmirdik. Təxminən iki ay Dokuhədə idik ki, Məcnun adalarına göndərilmə sərəncamı gəldi. Təmizlədiyimiz silahları götürüb hazırlaşdıq ki, maşınlarla adaya doğru gedək. Öncədən bir dəfə Xeybər əməliyyatının Hava Hücumundan Müdafiə məntəqəsində adanı görmüşdüm. Amma orada qaldığım müddət az idi və indi yenidən Məcnun adasını görmək məni həyəcanlandırırdı.

Səhv etmirəmsə Bostan yolundan adalara doğru getdik. Yolda diqqətimi çəkən məsələ dostların təyin etdiyi gözəl adlar idi. Şumal adasına daxil olduqda, ilk dördyolun adı İmam dördyolu idi. Orada dayandığımız gün bizi bölüşdürdülər. Hər bölük bir pistdə və bizim taqım da beşincidə yerləşdi. Hər pist bir torpaq yoldan ibarət idi və adanın əsas künclərindən birindən şaxələnmişdi. Bəzən bir-iki km suyun içinə doğru çəkilir, bəziləri yolun sonunda bir meydana dönürdülər ki, döyüşçülərin toplandığı yer bura idi. Ətrafı su idi və pistlərin üzərində döyüşçülərin duruş gətirmələri üçün normal şərait vardı.

Hər şeydən öncə səngərimizi səliqəyə salmalı idik. O bölgədə sığınacaqların tavanı üçbucaq olurdu və ətrafını qum kisələri ilə doldururduq. Hər sığınacağın içində dörd-beş nəfər qala bilərdi. Hər sığınacağın yanında keşik çəkmək üçün bir yer var idi və döyüşçülər növbə ilə orada keşik çəkməli idilər. İraqlılarla fasiləmiz çox da deyildi və həmişə su yollarından muğayat olmalı idik. Həmin günlərdə taqımımızın komandiri Hacı Qulam Əlipur idi. Mömin bir insan idi. Öncədən qəlpə dəydiyi üçün bir əli işləmirdi. 1 Baxmayaraq ki, o, taqımın komandiri olaraq qeydə alınmışdı, amma hərbi baxımdan bəzi döyüşçülərdən geridə idi. Əslində bu baxımdan dostların arasında heç vaxt bir problem yaranmırdı və bu məsələ orduda tamamilə fərqli idi. Çünki bizim kollektivdə heç kim ad-san və məqama diqqət etmirdi. Kim hansı işi yaxşı bacarsaydı, komandiri ilə danışıb, o işi görürdü. Mən Hacı Qulam Əlipur, Marağa döyüşçülərindən olan Himmət Ağayi, iki qardaşı şəhid olan Məcid və Mahmud Yunisi ilə bir sığınacaqda idim. Mən Mahmudun gəlişindən çox da razı deyildim. Çünki işdən qaçırdı. İlk günlərdə biz hazırlıq işləri ilə məşğul ikən, ağır qum kisələrini sığınacaqların tavanına və ətrafına düzəndə o bizim aramıza gəlmir və deyirdi: "Mən burada qalmayacağam, başqa bir dostumun yanına gedəcəyəm, başqa bir sığınacağa."

Əslində getdi, amma biz sığınacağı səliqəyə salıb qurtardıqdan sonra yenidən qayıdıb dedi: "Mən burada qalacağam."

Hacı Qulam əvvəllər məni tanımırdı və bilmirdi ki, müharibənin o saatınadək iki saat ardıcıl bir yerdə sakit bir şəkildə keşik çəkməmişəm. Bir gün mənə dedi: "Ağa Seyid, bu gecə saat 12-dən 2-yədək başqa bir döyüşçü ilə sən keşik çəkəcəksən!"

–Yox hacı! Mən gecəni səhərə kimi gəzib muğayat ola bilərəm. Amma sizin dediyiniz kimi qalıb keşik çəkə bilmərəm!

Sözüm ona ağır gəlmişdi. O deyirdi: "Hər nə olsa, qanuna əsasən sən də keşik çəkməlisən!" Mən isə deyirdim: "Mənim bir yerdə qalıb keşik çəkməkdən xoşum gəlmir! İstəsəniz səhərə kimi pistdə gəzib müğayət ola bilərəm və..."

Söhbət böyüdü. Yazıq bilmirdi ki, mən sakitcə keşik çəkə bilmərəm. Yoxsa o qədər israr etməzdi. Düşündüm ki, dostlar arasında narahatçılıq yarana bilər. Ona görə də razı oldum. Hacı Qulam nəhayət dedi: “Sən bu gecə, bu iki saatı keşik çək, sabah ətraflı danışarıq.”

Mən də heç nə deməyib razı oldum. O gecə keşikdə bir neçə dəqiqə dayandıqdan sonra ilk işim Himmət Ağayiyə doğru getmək oldu. O bir pistin təminat məsulu idi. Ona kiçik bir kisədə qoz-fındıq vermişdilər ki, keşik çəkənlər arasında paylasın ki, döyüşçülər onu yesinlər və yuxuları qaçsın. Amma o, kisədən möhkəm yapışmışdı və döyüşçülərin təminat işində qənaət edirdi. Belə ki, hətta dostlar ona “xəsis” ləqəbi vermişdilər.

Həmin gecə keşik çəkən Baba ilə danışdım və qərara gəldik ki, öncə Himmətə bir baş çəkək. Hamı sığınacaqda aram və rahat yatmışdı. Himmət də yatırdı. Rahatlıqla qoz-fındıq kisəsinə çatıb ciblərimizi doldurduq. Səngərdən bayırda keşik çəkib qoz-fındıq yeyirdik ki, ağlıma gəldi ki, növbəti gecələr üçün də gedib ehtiyat tədbiri görək. Yenidən iş başına qayıtdıq. Kiçik bir yerdə dayanmaq mənim üçün çətin idi. Rahat yatan döyüşçülərin ağır nəfəs səsləri bayıra kimi gəlirdi. Babaya dedim: "Belə olmaz! Bu insafsızlıqdır. Bunlar yatsınlar və biz oyaq qalaq, bir iş görməliyik!"

–Məsələn nə?

–Gəl deyəcəyəm!

Pistin qurtaracağında böyük bir yer var idi ki, onun başında keşik qoyurdular və böyük bir hissəsi boş qalırdı. Əslində təhlükəli bir yer idi. Gecə-gündüz o bölgədə keşik çəkirdilər və hətta orada keşik otağı da var idi. Amma böyük bir yer idi və neçə keşik da olsa, oranı təmin edə bilməzdilər. Ağlıma gəldi ki, ora bir baş çəkək və qayıtdıqda çığır-bağır salaq ki, iraqlılar gəlirlər. Baba arxamca gəlirdi və mən də özüm üçün bəhanələr cızırdım. Olmaz ki, bunlar ön xəttə belə yatsınlar, bəlkə sabah bir əməliyyat oldu...

Pistdə bir az gəzişdikdən sonra, tez səngərə qayıdıb qışqırdıq: "İraqlılar! Qalxın, oyanın!" Bizim səs-küyümüzlə ətrafdakı bütün sığınacaqdakılar həmin yerə töküldülər. "Haradadırlar? Haradan gəldilər? Kim onları gördü..."

–Biz gördük, pistin o hissəsindən yuxarı gəlirdilər!

Hamının yuxusu qaçmışdı. Hacı Qulam gözünü mənim gözümə zilləyib yavaşca deyirdi: "Yavaş-yavaş irəli get, biz də arxanca gələcəyik."

Mən də dodaqaltı deyirdim: "Yaxşıdırsa özün get də."

Hacı əlində iki qumbara tutmuşdu və mənim qabaqda getməyəcəyimi görüb özü yola düşdü. İraqlıları "gördüyümüz" yerə doğru ehtiyatla addım atırdı. Babaya tapşırmışdım ki, muğayat olsun, heç nə deməyək ki, yalanımız bəlli olmasın. Get-gedə pistin axırına yaxınlaşdım. Mən də arabir bir neçə kiçik daşı yolun kənarından suya atırdım: "Odur ey! Deyəsən biri oradadır!"

Bəziləri həqiqətən qorxmuşdular və səs mənbəyini axtarırdılar. Bu vəziyyətlə pistin axırına kimi gedib heç nə görmədik. Hacı Qulam pörtmüşdü və mənə tərəf qayıdıb dedi: "Eybi yoxdur, sabah sizin haqqınızda Səməd ağa ilə danışacağam."

Bölüyün komandiri olan Səməd Zəbərdəsti nəzərdə tuturdu. Yenə də boynuma almadım: "İraqlılar buranı almağa gəlməmişdilər axı; gəlmişdilər ki, məlumat toplasınlar. Bizim gördüklərimiz yüz faiz kəşfiyyatçı idilər. Özümüz onlarla savaşa girmək istəmədik." Döyüşçülər səngərə qayıtdılar və biz iş başında qalmalı idik. Bir neçə dəqiqə keçdikdən sonra dostumdan soruşdum: "Baba! Bu ordu qüvvələri niyə keşik çəkmirlər?"

Pistin meydan kimi olan yerində yerləşmiş səkkiz-doqquz nəfərlik ordu qüvvəsini deyirdim. Orada torpaq təpələri düzəlmişdi və maşınları orada saxlayırdılar. Minaatanla ZSU-23-4 də orada yerləşmişdi və təxminən pistin ən təhlükəsiz yeri ora idi.

–Onlar deyirlər ki, siz qarovul çəkirsinizsə kifayətdir. Bizə ehtiyac yoxdur!

–Deməli belə?! Bu gecə cəbhə təmizlənməlidir!

Düşündüm ki, bizdən öncəki döyüşçülər ordu qüvvələrinə çox üz veriblər! Onlar o gecəyədək keşik çəkməmişdilər. Vəzifələrini yalnız o anlara məxsus bilirdilər ki, iraqlılar havadan hücum etdikdə ZSU-23-4 ilə Hava Hücumundan Müdafiə etsinlər. Onlarla nə edəcəyimizi düşündüm. Öncə ZSU-23-4-ü gördük. ZSU-23-4-ün bir qulpu var idi ki, onu çəkdikdə lülələr çıxırdı. Dəcəlliyimiz zirvə nöqtəsinə çatmışdı. Baba dedi: "Gəl lülələrini çıxarıb yerinə çubuq qoyaq!"

-"Yox baba! Təhlükəlidir. Bir də gördün təyyarələr gəldilər, onda nə edəcəyik? Başqa bir şey düşünməliyik."

Sığınacaq düzəltdikdə istifadə etdiyimiz dəmirlər ağlıma gəldi. Onlardan birini götürüb ordu döyüşçülərinin sığınacağının qarşısına qoydum. Yavaşca onun üstünə çıxıb möhkəm yuxarı tullandım! Bir neçə dəfə bu işi təkrarladıqda danq-danq səsi ucaldı və sığınacaqdakılar vahimə içində bayıra tökülüşdülər! Onlar alt paltarı ilə sığınacaqdan bayıra çıxıb hamısı ZSU-23-4-ə doğru qaçırdılar. O vəziyyəti gördükdə bizi gülmək tutdu! Macəranı anlamaları bir az çəkdi.

–Niyə belə edirsiniz?!

–Deyin görək siz niyə keşik çəkmirsiniz?

–Aha! İndi guya siz keşik çəkirsiniz?

–Bəli... Bizim keşik çəkməyimiz belədir!

Söhbət heç bir yerə çatmadı. Onlar yenidən yatmaq üçün sığınacaqlarına getdilər. Amma mən əl çəkmədim. Keşik çəkdiyim müddətdə dəmiri bir tərəfə söykəmişdim və arabir ona tərəf bir daş atırdım... Mənim iki saat keşik çəkməyim nəhayət sona çatdı.

Ertəsi günün səhəri Səməd ağanın yanına bizdən şikayət etməyə üç nəfər getmişdi. Birincisi Mahmud Dövləti idi. Deyəsən keçən gecə bizim dəcəlliklə yanaşı Mahmud Dövləti və bir neçə nəfər kəşviyyata gedib qayıdarkən bizim pistdə daxil olublar. Orada keşikin olmadığını görüb həmin yerdən yuxarı çıxıblar. Əslində, Allahın köməyi idi ki, biz o anlarda onları görməmişdik. Çünki görsəydik düşmən döyüşçüləri olduğunu zənn edib onlara tərəf güllə atardıq. Mahmud Dövləti səhər tezdən Səməd ağanın yanına gedib demişdi: "Biz gecə saat 1-də beşinci pistin yanında idik. Orada keşik yox idi!"

Bizi çağırdılar. Biz də geri çəkilmədik və dedik ki, özümüz onları görüb tanıdıq və ona görə də güllə atmadıq. Elə danışdıq ki, inandılar və şikayət etmək yerinə təşəkkür və üzrxahlıq edərək dedilər: "Halal olsun! Siz bizi suyun içində tanıdız və ..."

Bir yandan da Himmət əsəbi halda gəlib deyirdi: "Dünən mənim azuqə anbarımdan oğurluq olub..."

Bunları deyərək xristianlar kimi sinəsinin üstünə xaç çəkirdi. Bu Himmətin qəribə xasiyyəti idi və biz onu gördükdə gülməyimiz tuturdu. Amma ondan əvvəl bizim yalanlarımız düz çıxdığı üçün heç kim onun sözünə inanmırdı. O əsəbi halda deyirdi: "Baba ilə Seyid dünən gecə mənim püstələrimin hamısını yeyiblər." Səməd ağa da deyirdi: "Səndən öncə biri gəlib bunlardan şikayət edirdi, amma axırda məlum oldu ki, bunlar haqlı idi. Sənin də nəyin əskik olsa, bu Seyidin boynuna atırsan!”

Sifətimi yazıq vəziyyətinə salmışdım. Artıq Hacı Qulamın növbəsi idi ki, mənim yanıma gəlib desin: "Seyid, daha sənin keşik çəkməyini istəmirəm!”

Gözəl səhər idi!

Taqım komandirimizin dediyinə əsasən, özüm könüllü olmayınca pistdə olduğumuz müddətdə keşik çəkməkdən üzrlü idim. Mən də yalnız oralarda var-gəl etmək üçün könüllü olurdum.

Ada digər əməliyyat xətləri ilə fərqlənirdi. Burada artıq düşmənlə üz-üzə qarşılaşmaq yox idi. İraqlılarla qarşılaşmağın yeganə yolu su və göldən keçirdi. Quru bölgə də kiçik bir yer idi. Döyüşçülərin zarafatları və səmimi əlaqələri olmasaydı, o çətin şəraitə dözmək daha da çətin olardı.

Adada döyüşçülərin əyləncələrindən biri balıqçılıq idi. Adaya gəldiyimizdən iki-üç gün keçirdi və mən hələ balıq tuta bilməmişdim. Öncədən adaya gələcəyimizi bildiyimiz üçün, balıqçı toru və əşyaları ilə gəlmişdik. Amma o bir neçə gündə, o torla əlimə heç nə keçməmişdi. Dostlar mənim səylərimi gördükdə, dedilər ki, burada səs qumbarası ilə rahat balıq tuta bilərsən. Əslində orada səs qumbaraları lazımsız idi və döyüşçülər bəzən ondan balıqçılıq üçün istifadə edirdilər. Mən də torumu yığıb səs qumbarası ilə balıq tutmağı öyrəndim. Qumbaranı tez atdıqda suyun dərinliyinə gedir və məqsədimiz üçün çox da faydalı olmurdu. Amma onun zaminini çəkib bir az gözlədikdə, su səthindən azacıq dərinlikdə partlayırdı. İlk dəfə belə qumbara atdıqda inanılmaz formada suyun üzünün balıqla dolduğunu gördüm! Balıqlar səs qumbarasının partlaması nəticəsində şok dalğası ilə vurulur və iki-üç dəqiqə suyun üstündə qalırdılar. Bir qədər sonra yenidən həyəcana gəlib suyun altına cumurdular. İşin çəmini öyrənmişdim. Qumbara partladıqdan sonra, tez işə başlayıb suyun üzündən yarım kisə diri balıq yığırdım. Bu balıqları bişirib dostlarla yeyir, eləcə də təminat maşınının sürücülərinə, ya da rabitəçilərə verirdik. Bir gün Munisi Səməd Zəbərdəst qardaşın yanına gedib demişdi ki, mən qumbara ilə necə balıq tuturam. Səməd ağa yanıma gəlib dedi: "Ağa Seyid, dostlar deyirlər ki, sən qumbara atıb balıq tutursan?

–Kim deyir?

–Munisi.

–Yalan deyir.

Səməd ağa əlimdə çoxlu balıq görüb, dedi: "Bəs bu balıqları necə tutmusan?”

–İraq bir mərmi atdı, buraya düşdü. Mən də fürsətdən istifadə etdim!

Səməd ağa gözünü gözümə zilləyib dedi: "Bir aydır ki, mən burada iraqlıların mərmi atdığını görməmişəm! Sən iki gündür gəlmisən və deyirsən ki, bura mərmi düşdü."

Mən də geri çəkilmədim: "Səməd ağa, mənim xəbərim yox idi ki, iraqlılar bura mərmi atacaqlar ya yox! İndi atıblar və tutmuşam!"

Səməd ağanın səngərinin bizimlə təxminən 500 metr fasiləsi var idi. Əslində iraqlıların minaatan mərmiləri bəzən əlli metrlik fasiləyə düşürdü. Amma mənim balıq tutduğum yerə həqiqətən də heç bir mina mərmisi düşməmişdi. Səməd ağa daha sözü uzatmadı və təbəssüm edərək uzaqlaşdı. İnsafla danışsaq dostlardan çoxu mənim dəcəlliklərimi yola verirdilər. O getdikdən sonra balıqları təmizləyirdim ki, Munisi göründü: "Ağa Seyid, bir dənə balıq da mənə ver."

–Olmaz, axı bunlara mərmi dəyib!

Onunla hesablaşmağın əsil vaxtı idi. Yazıq axırda dedi: "Yaxşı, daha səninlə işim olmayacaq! Hər nə etsən də heç kimə deməyəcəyəm." Amma mən əl çəkmədim və o macəradan sonra onu səngərimizdən çıxardıq.

Adada rütubətin çoxluğundan həmişə yaş idik. Ona görə də revmatizmin qarşısını almaq üçün bizə ən çox verilən yemək qatıqla sarımsaq idi. Mən qane olmurdum və adada olduğumuz müddətdə briqadanın yeməyindən çox az istifadə edirdim! Balıqlarla yanaşı arada suyun üstündə, ya da qamışlığın arasında hərəkət edən quşlar və vəhşi ördəklər də diqqətimi cəlb edirdi. Mənim onları ovlamaq üçün də bir planım var idi. Köhnə rabitə məftillərini yığıb ucunu qab yuyulan yerin yanında olan bir dəmirə bağlamışdım. Özüm üçün də kauçuk kütlədən bir qayıq hazırlamışdım. Orada körpü yerinə böyük kauçuk parçalarından istifadə edirdik. Bir quşu vurduqdan sonra, qayığıma minib, məftilin ucunu tutub suyun içinə gedirdim. Vurduğum quşu götürüb yenidən məftili tutub özümü pistə doğru çəkirdim. Quşları təmizləyib bişirdikdən sonra, gözəl bir süfrə açırdım. Dostlar da çox vaxt səhər yeməyi üçün kartof bişirirdilər və pis keçmirdi.

Adada xoş günlər keçirirdik. Dostların səmimiyyəti çoxalmışdı və bölgənin gözəl təbiəti bizi məhdud etsə də, bəzən su və qamışlığın sakitliyində quş və vəhşi ördəklərin səsi o sükutu pozur və müharibənin vəhşiliyi unudulurdu. Bu fəzada üzgüçülük ləzzətli olurdu. Orada kiçik ördəklər var idi ki, adama çatdıqda qəfildən suyun içinə atılır və əlli metr uzaqda sudan bayıra çıxırdılar. Ördəklərin oyunundan və dəcəlliklərindən xoşum gəlirdi. Bir gün üzgüçülüklə məşğul idim ki, xoş anlarım pozuldu.

-"Ağa Seyid! Tez ol bayıra çıx. Top atmaq istəyirik."

Orada iki-üç topumuz var idi ki, İraq maşınlarını yaxınlıqda gördükdə onlarla vururduq. Tez pistə doğru üzməyə başladım. Amma topların atəşi başlamışdı. Cavab olaraq İraq toplarının da atəşi başladı. Sudan çıxdıqda körpünün üstündə uzandım. Qəfildən düz mən üzdüyüm yerdə İraq topunun mərmisi partladı. Ayaq üstə olsaydım mütləq mənə bir neçə qəlpə dəyəcəkdi. Bir neçə saniyə sonra qalxıb sığınacağımıza doğru qaçmağa başladım. İraqlılar bölgəni atəşə tutmuşdular. Mənim də şalvar-köynək geyinməyə vaxtım yox idi və dostların gülüşünə səbəb olmuşdum. Bəziləri də bədənimin yaralarının pis vəziyyətini yeni görmüşdülər və təəccüblə mənə baxırdılar.

Həmin günü bir təhər başa vurduq. Amma bir-iki gün sonra başqa bir hadisə baş verdi ki, hamı heyrət içində qaldı. Keşik xidmətindən yayındığıma baxmayaraq, qabları yumaqda diqqətli idim. Körpünün bir hissəsində nisbətən təmiz su yığılırdı. Ora qabları yumaq yeri idi. Həmin gün qabları yuyurdum ki, yolun qırağına bir top mərmisi düşdü və mən qəribə bir halda suyun içinə atıldım. Sanki bir şey və bir şəxs məni möhkəm itələmişdi. Dostlar da təəccüblənmişdilər. Hamı ətrafıma yığışdı: "Nə olub?!" Bayıra çıxdıqda kürəyimə möhkəm dəyib məni suyun içinə atan böyük və isti bir qəlpəni gördüm. Qəlpə əlimdə idi və dostların səsi qulağımda: "Gör Allah üçün nə edibsən ki, bəla səndən bu cür uzaqlaşdı."

Həqiqətən də bu boyda qəlpə fırlansaydı kürəyimi yırtardı və Allah bilir sonra nə olardı. Bölgədən gizlicə qaçmaq xasiyyəti hələ də başımızda idi. Oradan Əhvazadək beş-altı NBM var idi ki, onlardan asanlıqla keçmək mümkün deyildi. Ancaq buraxılış vəsiqəsi ilə keçə bilərdik. Amma hər birimiz bir adla keçirdik. Məsələn, başqa briqadaların maşınlarına minirdik və onlar bizi öz döyüşçüləri olduğumuzu düşünürdülər. Adətən Əhvaza gedir, iki-üç gün qalıb qayıdırdıq. Bir gün gördüm ki, Baba yoxdur. Çox axtardım, amma ondan heç bir xəbər yox idi. Bildim ki, təkbaşına Əhvaza gedib. Bir-iki gün sonra bizə dörd-beş kilo nar gətirib gəlmişdi. Mənə çatdıqda gülərək dedi: "Gəl ye, bu narların macərası var." Macəranı soruşduqda dedi: “Karun çayının yanında meyvələrini arabanın üstünə qoyub satan satıcıdan kilosu 25 tümənə nar almaq istədim. Satıcı çoxbilmişlik etmək istəyib bütün xarab meyvələrini sellofana tökdü. Gördüm ki, arasında bir dənə də salamat nar yoxdur. Etiraz etdim və aramızda mübahisə baş verdi. Mən dedim: "Daha istəmirəm." O da dedi: "İstəməsən burada səni suyun içində boğacağam." Hava qaranlıq idi, tək idim və gördüm ki, həqiqətən də nəsə etmək istəyir. Meyvəni arabanın üstünə tökdüm. Dalımca düşdü. Mən arabanın ətrafında qaçırdım. O da dalımca gəlirdi. Gördüm ki, əl çəkmir. Arabanı onun üzərinə çevirdim və bütün meyvələr yerə töküldü. İndi artıq bütün meyvə satanlar dalımca qaçırdılar. Digər tərəfdən bir neçə döyüşçünü də gördüm ki, onlar da mənim xeyrimə meydana daxil oldular. İndi nə qədər meyvə var idisə, meyvə satanlar başımıza atırdılar, biz də onların başlarına! Aləm bir-birinə qarışmışdı. Bizi tuta bilsəydilər bir xeyli kötək yeyərdik. Nəhayət, komitənin işçiləri çatıb bizi onların əlindən xilas etdilər. Bu narları da başqa yerdən aldım. İndi ye...”

Ordu qüvvələrinin bizim yanımızda səngərləri var idi. Onların bir katyuşaları da var idi ki, onu neft quyusunun yanındakı pistin başında yerləşdirmişdilər və öz səngərlərindən çox aralı idi. Bilirdilər ki, katyuşa ilə raket atdıqdan sonra, həmin yeri iraqlılar topla vursalar, onlara və səngərlərinə bir şey olmayacaq. Adətən hər dəfə katyuşa raketi atdıqdan sonra, həmin bölgəyə İraq topxanasının atəşi başladıqda, bizim döyüşçülər tələfat verirdilər. Bu iş döyüşçülərimizin katyuşa atanlardan dilxor olmasına səbəb olmuşdu. Bir gün Əhvazdan qayıtdıqda, Hərbi Hissəyə daxil olan kimi Əbdülhüseyn Əsədini gördüm. Xeybər şəhidləri düşərgəsindən və Lorel-Hardi macərasından sonra çox səmimi olmuşduq və çox vaxt bir-birimizi ələ salırdıq. Pistə çatdıqda, o ortadakı bölük komandirinin sığınacağının yanından keçirdi. Məni görüb gülərək səslədi: "Salam Seyid! Hardan gəlirsən?!" Dedim: "Əhvazdan qayıdıram." Birlikdə bir az hal-əhval etdik və sonra öz səngərimizə getdik. Bir neçə dəqiqə sonra katyuşanın atəş səsi ucaldı. Günorta azanının səsi də eşidilirdi. Sığınacaqda idim. Hiss etdim ki, katyuşanın yaxınlığında bir top mərmisi partladı. Etina etmədim və bir neçə dəqiqə sonra radio xəbərləşmə cihazı uca səslə çağırmağa başladı ki, tez xilas edici göndərin, dostlardan biri yaralanıb. Nigaran oldum və soruşdum: "Kim?"

–Əsədi.

Qaçaraq sığınacaqdan çıxdım və pistin başına doğru qaçdım. Çatdıqda gördüm ki, Əsədi çox pis yaralanıb. Dəstəmaz aldığı halda, ona bir qəlpə dəymişdi. Xilasedicilər onu sarğı ilə bağladılar və Təcili Yardım maşınına qoydular. Ona baxırdım və qəlbim nigaranlıqdan sıxılırdı. Bir qədər sonra xəbər gəldi ki, Əsədi xəstəxanada şəhid olub. Onun səfa-səmimiyyəti və döyüşçülər üçün birgə hazırladığımız xoş anlar yadıma düşdü. Qəlbim çox sıxılırdı. Çalışırdım ki, narahatlığımı döyüşçülərdən gizlədim ki, onların ruhiyyəsini korlamayım. Həmişə dostların şəhadət xəbəri ilə ürəyimi qana döndərdi. Kədərimi büruzə verməyib deyirdim ki, müharibə budur və şəhidlər öz arzularına çatıblar.

Ordu döyüşçüləri bölgədə keşik çəkmirdilər. Pis xasiyyətləri də var idi ki, bizim xoşumuza gəlmirdi; əvvəllər görürdük ki, alt paltarları ilə yatırlar və gülürdük. Amma get-gedə gördük ki, bunlar adət ediblər və onlar üçün önəmi yoxdur. Halbuki bizim düşüncəmizə əsasən, ön cəbhədə o vəziyyətlə yatmaq xoşa gələn deyildi. Elə buna görə də onları incidirdik. Bəzən onların səngərlərinin yanında güllə atırdıq ki, asayişləri pozulsun və özlərini o qədər də rahat hiss etməsinlər! Bir müddət sonra onlar da başqa bir qərara gəldilər. Cümə günü idi ki, gördüm səngəri əşyaları ilə birgə tərk edirlər. Komandirlərindən soruşdum: "İnşallah hara getmək istəyirsiniz?!"

–Nə olub ki?! Dalımızca gələcəksən?

–Yox əşi...

–Yolun kənarına getmək istəyirik!



İnana bilmirdim ki, yerləşmək üçün yolun kənarını seçiblər. Bilirdik ki, yoldan daim maşın keçdiyi üçün həmişə İraq raketlərinin atəşinə məruz qalır. O yer öz seçimləri idi və bizim zənnimizcə ən pis yeri seçmişdilər. Lakin onlar elə düşünürdülər ki, yaxşı yer seçiblər. Çünki həm hamam furqonunun yaxınlığında idi, həm də ora yaxşı yemək çatırdı. Biz nə qədər desək də ki, orada səngər düzəltmək səhv işdir, qəbul etmədilər. Gedib orada yerləşdilər.

İki-üç gün sonra Baba ilə hamama getmək istəyirdik. Pistdən çıxıb yola çatdıq. İraqlılar yolu atəşə tutmuşdular. Həmin gün başqa günlərdən daha şiddətli atışma gedirdi. Biz ardıcıl olaraq yerə uzanıb yenə qalxırdıq. Çarəsizlikdən Babaya dedim: "Gəl qayıdaq! Bu parta-partla nə hamama çatmaq olar, nə də ki, rahat çimmək olar!" Baba deyirdi: "Buraya kimi gəlmişik, gəl axıracan gedək, indi qurtarar!" Yolumuza davam etdik, amma biz irəlilədikcə atəş də çoxalırdı! Ordu döyüşçülərinin seçdiyi yerə çatmışdıq ki, qəfildən onların sığınacağının üzərinə bir raket mərmisi düşdü. Acınacaqlı və ağır bir səhnə idi. Səngərdə olan beş-altı nəfərin hamısı yatdıqları halda müsibətli bir şəkildə şəhid olmuşdular. O səhnəni görmək həqiqətən dəhşətli idi. Qəmli və əsəbi halda oradan qayıtdıq. Həmin gün macəra sığınacaq hadisəsi ilə başa çatmadı. Günorta batalyonun təminat sürücüsü Əli Şükuhi qardaş döyüşçülərə yemək gətirmək üçün getmişdi. Əli həm batalyonun silah-sursat məsulu idi, həm də təminatda çalışırdı. Anası Tehranın mütəxəssis həkimlərindən idi və özü də cəbhədə döyüşçülərə ilk tibbi ardım yardım edir və əlindən gələn heç bir işi əsirgəmirdi. Eləc də zarafatcıl insan olduğundan imkan olduqca döyüşçülərin ruhiyyəsini yüksəldirdi. O, Munisi və başqa bir döyüşçü ilə birgə yolda sürətlə gedirmişlər ki, qəfildən bir raket maşının qarşısında partlayır. Tərslikdən qarşı tərəfdən başqa bir maşın da gəlirmiş. O, maşının sükanını saxlaya bilməyib suyun içinə düşür. Maşının şüşəsini sındırmaqla birtəhər çölə çıxıb kabinənin üstünə çıxır. Maşın yemək dolu qazanlarla birgə suyun içində batır. Sonralar danışırdılar ki, nə qədər qışqırsaq da heç kim səsimizi eşitmirdi, maşının üstündə dizə kimi suyun içində idik. Xoşbəxtlikdən maşın ondan artıq dərinə batmadı. O qədər qışqırdıq ki, nəhayət yoldan keçən maşınlardan biri bizi gördü... Axırda batalyondan bir kran gətirib maşını çıxardılar və o günü bu macəralarla sona çatdırdıq. Adada rütubətin şiddətindən və bölgənin coğrafi şəraitinə görə, döyüşçülər çətin günlər keçirirdilər. Ona görə də pistdə qaldığımız əlli gündən sonra əmr verildi ki, bölgəni tərk edək. Şirin və acı xatirələrimizlə adanı tərk edib, mikroavtobuslarla geri qayıtdıq. Amma qayıdarkən başqa bir hadisə də baş verdi. İmam dördyoluna çatmamış başımızın üzərində İraq təyyarələrini gördük. Çox fırlanırdı və münasib bir şəraitdə bizim mikroavtobusu vurmaq istəyirdi. Həmin günlərdə 1_x1 müdafiə qurğusunu bölgədə təzəcə yerləşdirmişdilər. Sürücüyə dedik: "Saxla! Biz düşüb səngər tutaq, təyyarə getdikdə yenidən gedərik!" Amma o deyirdi: "Gözləyin İmam dördyolunu keçək sonra!" Hələ dördyola çatmamışdıq ki, təyyarə sürətlə bizə tərəf gəldi, hündürlüyünü azaltdıqca bizə də yaxınlaşırdı. Həmin anlarda idi ki, 1_x atəş açdı. Qorxudan bədənimizin tükləri biz-biz oldu. Sürücü əyləci basdı və hamımız aşağı endik. Təyyarə maşına doğru şığıyanda, 1_x müdafiə qurğusu atəş açmış və onun raketi maşının bir neçə metrliyindən keçmişdi. Atəş o qədər güclü idi ki, maşını vurduğunu düşündük! Babaya dedim: "Bölgədə bu qədər qaldıq, bizə heç nə olmadı. Qorxuram ki, indi başımıza bir bəla gəlsin!" Təyyarə əl çəkmirdi. Başımızın üstə bir neçə dəfə uçdu. Ya məlumat toplamaq üçün gəlmişdi, ya da bizi vurmaq istəyirdi və vura bilmirdi. Yolumuza davam etdik. Adadan çıxanadək təyyarə heç nə etmədən başımızın üstündə gəldi.

Adadan Əhvazın Neft Ayırma Zavodunun yanında olan bazaya gəldik. Orada təxminən üç gün qaldıqdan sonra, döyüşçülərə məzuniyyət xəbəri gəldi. Cəbhə döyüşçüləri adətən üç qrup idilər. Bir qrup fəsil qüvvələri idilər; əkinçilər adətən qışda cəbhəyə gəlirdilər; tələbələrlə məktəblilər yay fəslində cəbhəyə yollanırdılar. Digər qrup isə həmişə cəbhədə idi və vuruşmaq onların işi-gücü olmuşdu. Bu dəfə əməliyyat uzanmışdı və fəsil qüvvələrinin əməliyyata getmədən geri qayıtmağa ürəkləri gəlmirdi. Bəzən bütün qüvvələr arasında, bəziləri əməliyyat eşqilə cəbhədə o qədər qalırdı ki, bir əməliyyatda şəhadət onlara nəsib olurdu. Həmin günlərdə uşaqların qəribə əhval-ruhiyyəsi var idi. Xeybər əməliyyatından aylar keçirdi. Bu müddətdə iki-üç əməliyyat ifşa olmuşdu və düşmənin mənfi təbliğatı və xarici media gecə-gündüz bu barədə danışırdı. Döyüşçülər ikiqat təzyiqə məruz qalmışdılar. Uzun müddət cəbhədə olmaq və əməliyyat etməmək! O müddətdə baş verən bütün hadisələr və gördüyümüz işlərlə yanaşı əməliyyatda olmadığımız üçün, heç bir şey etmədiyimizi hiss edirdik. Bu əhval-ruhiyyə ilə məzuniyyətə göndərilirdik.

Qatar yola düşdükdə dostların zarafatı və dəcəlliyi başladı. Qatarın məqsədi Tehran idi və hər kəsin Tehranda özünə məxsus proqramı var idi. Bir dəstə müqəddəs Qum şəhərini fikirləşir, digər bir dəstə Şah Əbdüləzim ziyarətindən danışırdı. Mən dostlardan bir neçə nəfərlə birgə Behişti-Zəhra qəbristanlığına getməyi düşünürdüm. Axşam çağı qatarın Təbrizə getməyinədək vaxtımız var idi və belə bir fürsətdə Behişti-Zəhra ziyarətinə getməyi çox istəyirdim. Bu ziyarət mənim üçün bir neçə əməliyyatda iştirak etmək qədər ruhverici idi. Şəhid Behiştinin məzarı, doktor Çəmran, Ayətullah Taliqani, naməlum şəhidlər və s. Orada çox şeylər əldə etmək olurdu. O böyük şəhidlər məzarlığında bu yolu davam etmək üçün öncəkindən də çox enerji alırdım. Şəhidlərin cəbhədə gözlərimiz önündə şəhid olmalarına baxmayaraq, onların şəhərlərdəki məzarına və bəzən şəhidlərin qəbri yanında qəribə səhnələr yaradan ailələrin davranışını görməyin fərqli ab-havası var idi. Düşünürdüm ki, çəkdiyimiz zəhmətlərin hamısı və cəbhədə olduğumuz illər şəhid ailələrinin səbr və fədakarlığı qarşısında və hətta müharibənin böyüklüyünün qarşısında çox azdır. Orada bir şəhid anasını gördük ki, oğlunun məzarı yanında bəzi əşyalar qoyub, kiçik bir otaq düzəldib və orada yaşayırdı. Şəhid ailələri bizi orada gördükdə, paltarımız və üst-başımızdan döyüşçü olduğumuzu anladıqda məhəbbətləri və sözləri ilə bizi həqiqətən utandırırdılar. Onlar bizdə şəhid olmuş əzizlərindən bir xatirə axtarırdılar və biz onları gördükdə bu meydanda iştirak etmək həvəsimiz artırdı. Bunlara görə idi ki, həmişə şəhidlərin məzarını ziyarət etməyi çox sevirdim.

Həmin gün mən Əyyub Zərbi, Həsən Baqiran və bir neçə nəfərlə birgə idim. Bizimlə başqa biri də var idi ki, onunla təzə dost olurdum və bilmirdim ki, bu dostluğun sonu nə olacaq. Adı Əmir Maralbaş idi.

Bu məzuniyyət mənim üçün məzuniyyət deyildi, hələ gedib məqsədə çatmamış qayıtmaq istəyirdim. Əsasən ailəmi və dostlarımı görmək üçün gəlmişdim. Amma qərargah dostlarım üçün çox şey gətirməmişdim. Bu müddətdə əməliyyatda olmamışdım və düşünürdüm ki, elə bir iş görməmişəm ki, onun barəsində danışa bilim. Yalnız sözüm o şəxslərə idi ki, üç ay cəbhədə olub, indi isə maaşlarını alıb həmişəlik qayıtmaq istəyirdilər. Onlara deyirdim ki, əgər üç aydan sonra şəhərə qayıdacaqsınızsa, cəbhə boş qalacaq. Heç olmasa bir əməliyyatda iştirak edin, sonra qayıtmaq istəsəniz qayıdın. Bəzən də adanın xatirələrindən və döyüşçülərin dəcəllik və ruhiyyələrindən dostlara danışırdım. Həmin günlərdə Əmir Maralbaşı daha çox görürdüm və onu yenicə kəşf etməyə başlamışdım. Öncədən bir dəfə onu cümə namazında görmüşdüm. Fərəc Quluzadənin dostlarından idi və mənimlə dost olmaq istəyirdi. Amma mən ciddi idim. Xasiyyətim belə idi ki, insanlarla gec dost olurdum, amma dost olduqdan sonra yolun sonunadək onunla birlikdə olurdum. Həmin günü də Əmirə xoş üz göstərməmişdim. Amma qatarda Təbrizə doğru qayıtdıqda bir-birimizlə daha çox tanış olduq və şəhərə çatdıqda əlaqəmiz davam etdi. Bir gün Əmir məni evlərinə apardı. Orada mənim üçün həyatından danışdı. Deyirdi ki, ata-anası qohum imişlər; amma dayısı SAVAK işçisi olduğu üçün, anası onun mövqeyindən istifadə edərək atasının bütün var-dövlətini ələ keçirərək onlardan ayrılıb. Həmin günlərdə Əmirin beş yaşı olsa da atası və qardaşı ilə keçirdiyi çətin günləri çox gözəl xatırlayırdı. Deyirdi ki, həmin macəradan sonra bir otaq kirayə etdik. Otağımızın küncündə bir yataq var idi ki, gecələr üç nəfərə onun üstündə yatırdıq. Atam dolanışıq üçün xalça toxuyurdu və ondan aldığı az pulla güzəranımızı keçirirdi.

Əmirin uşaqlıq xatirələrini eşitmək məni çox təsirləndirdi. Kasıbçılıqdan əzab çəkərək bir tikə çörəyə möhtac qalmaq, amma səbir və izzətlə yaşamaq hər insanın işi deyildi. Həmin gecə təklikdə ağladım. Əmiri düşünürdüm ki, pasportda adı Huşəngdir və 14 yaşından cəbhələrdə idi; necə də böyük insan və ləyaqətli dost idi. Hər cür məhrumluğu dadmış, indi isə yaraşıqlı bir cavan ikən özünü cəbhəyə həsr etmişdi. Dostlar arasında təkcə Əmir deyildi ki, keçmişi çox çətin olsun. Qədim döyüşçülərinin çoxu ilə danışdıqda, görürdüm ki, necə də çətin və məşəqqətli yaşayışları olub. Xülasə, Əmir və ailəsi mənim üçün əziz dostlar oldular. Onlarla hər gün əlaqəm öncəkindən daha da möhkəm olurdu. Tezliklə bu dostluq bizim ailəyə də daxil oldu. Belə ki, nə vaxt məni görsəydilər, mütləq Əmiri də soruşurdular.

Adətən əməliyyatların arasında və məzuniyyətə çıxdığım günlərdə köhnə və yeni yaralarımın müalicəsi ilə maraqlanırdım. 1982-ci ilin sentyabr ayının Müslim ibn Əqil əməliyyatında ağır yaralandıqdan sonra mənim üçün çoxlu problemlər yaranmışdı. Qarnımın və ayağımın dərin yarası ilə yanaşı, üzümün quruluşu da bir-birinə qarışmışdı. Qəlpə burnumu pis vəziyyətə salmışdı, yanağımın sümüyü ilə sağ çənəm tamamilə əzilmişdi və sağ gözümün sinirləri zədələndiyi üçün görmə qabiliyyəti çox zəifləmişdi. Bu yaralarla yanaşı üzüm bir vəziyyətdə idi ki, bəziləri ilk dəfə mənə gördükdə diksinirdilər. Məsələ yalnız üzün gözəlliyi deyildi. Əslində daha ciddi problemlərə düçar olmuşdum. Burnumla demək olar ki nəfəs ala bilmirdim. Çənəmin sağ tərəfi də bədənimin zəif olduğu ilk günlərdə, tez-tez şişirdi. Danışdıqda və bir şey yedikdə əzab çəkirdim. Bunu deyim ki, müharibə uzandıqca bu problemlərin forması da dəyişirdi. Bu barədə sonra söhbət açacağam.

Yaralandıqdan sonra ilk dəfə üzümü Kirmanşahda əməliyyat etmişdilər ki, ondan heç nə xatırlamıram. Məşhəddə də üzümü əməliyyat etdilər, amma faydasız idi və mən burnumu itirdiyim üçün çoxlu problemlər yaşayırdım. Elə bir vaxt olmurdu ki, məzuniyyətə çıxım və həkim klinikasına və ya xəstəxana növbəsinə getməyim. Həmin günlərdə təzəcə Əmirlə dost olmuşdum ki, Təbriz həkimləri tərəfindən burun əməliyyatı üçün Tehrana təyinat alldım. Təqdimat kağızı Seyid Nurəddin Afi adına idi. Amma mümkün deyildi ki, o şəraitdə Əmir Maralbaş Təbrizdə qalsın və mən Tehrana tək gedim. Birlikdə Tehrana getdik və müəyyən oldu ki, Şəhidlər Cəmiyyətinin yanındakı bir oteldə yerləşək. Otelə giriş yalnız mənə verilən kartoçka ilə mümkün idi. Əmirlə çalışırdıq ki, müxtəlif yollarla otelin girişindən keçək. Çox vaxt yuxarı çıxırdım və kartoçkanı aşağı elə atırdım ki, Əmir götürsün və o da yuxarı çıxa bilsin. Kartoçkada şəkil olmadığı üçün, problem yaranmırdı və Əmir həmişə mənimlə idi. Otaqda əlavə yataq var idi, çünki Tehrana müalicə üçün göndərilən döyüşçülərin çoxu qohumlarının evində qalırdılar. Problem yemək almaq idi, çünki hər bir karta bir pay yemək verirdilər və əlamət qoyurdular. Bəzən yemək götürüb aradan çıxmaq mümkün olmadıqda, bayıra gedib özümüz yemək alırdıq. Bir neçə günlük get-gəldən sonra analizlərlə həkim yoxlanışından keçib Tehran universitetinin içindəki bir xəstəxanada yatırılmalı oldum. Qulaq, boğaz və burun ixtisaslı kiçik bir xəstəxana idi. Orada izah etdilər ki, ayağımdan bir tikə sümük və alnımdan bir tikə dəri götürüb məhv olmuş burnuma peyvənd edəcəklər.

Xəstəxanada yerləşdirildikdən sonra mehmanxana kartoçkam öz-özünə ləğv edildi və Əmir qohumlarından birinin evinə getdi. Əmir yalnız gecələr orada qalırdı. Çünki səhərdən gəlib xəstəxananın qapısının önündə dayanırdı və günortadan sonra saat 2-ni gözləyirdi ki, görüş vaxtı gəlib çatsın. Mənim səhər yeməyimi də bayırdan alıb gətirirdi. Saat 2-də də yenə günorta yeməyi alıb qapının önündə peyda olurdu. Onun gəlişinə o qədər öyrəşmişdim ki, saat 2-dən bir-iki dəqiqə gec gəlsəydi, deyinərək deyirdim: "Əmir! Bəs harada qaldın?!"

Əmirin aldığı cigər kababının dadı və qazlı şirələrin ləzzəti daha heç vaxt təkrarlanmadı.

Nəhayət, əməliyyat olundum və əməliyyatdan sonra problemlər başladı. Ayağımın əməliyyat olan hissəsi alnımdan və burnumdan qat-qat çox ağrıyırdı. Öskürdükdə yaram dartılırdı və ağrı amanımı kəsirdi. Feldşerlər tapşırırdılar ki, öskürməyim və bir neçə gün tərpənmədən eləcə qalım. Çalışırdım ki, hər şeyə dözüm, bəlkə əməliyyat nəticə verdi və burnumun üzümdəki boş yeri doldu. Əməliyyatdan beş gün sonra xəstəxanadan buraxıldım. Əməliyyatın nəticəsi qənaətbəxş idi və artıq burnumda qabarıqlıq əmələ gəlmişdi. Əmir hər şeyi qaydasına qoymuşdu ki, Təbrizə qayıdaq. Tehran universitetinin tinində olan xəstəxanadan çıxıb İnqilab meydanına doğru getdik. Həmin günlərdə xəstəxanadan buraxıldıqdan sonra yaralılara yardım edəcək imkan yox idi. Özümüz avtobusla öz şəhərimizə qayıtmalı idik. Üzüm sarıqlı idi və Tehranın İnqilab meydanında piyada gedirdik ki, taksilərə çataq və terminala gedək. Qəfildən gözüm qarşıdan sürətlə qaçaraq bizə doğru gələn bir nəfərə sataşdı. Bilmirəm o namərdin nə işi var idi ki, o sürətlə qaçırdı. Bir neçə saniyədə bizə çatdı və sarıqlı üzümə fikir vermədən dirsəyini möhkəm üzümə vurdu! Bir an özümdən getdim. Gözüm qaraldı və ixtiyarsız gözlərimdən yaş axdı. Sanki üzüm od tutub yanırdı... Bir neçə dəqiqə başımı əllərimlə tutub səkidə oturdum. İnsafsız əlini yeni tikilmiş burnuma elə vurmuşdu ki, yara açılmışdı və şiddətli qanaxma verirdi. Əmir iztirab içində məni xəstəxanaya qaytardı və İnqilab meydanının qələbəliyində heç kim başımıza nə gəldiyini bilmədi!

Xəstəxanada başıma gələnləri anlayıb yaramı gördülər, amma məni qəbul etmədilər. Onların cavabı ümidimi məhv etdi: “Bu sümük daha işə yaramaz! Yenidən əməliyyat etmək də olmaz. Tikişlərin və yaran bir az sağalmalıdır sonra.”

Ağrı, yorğunluq və bu dəhşətli hadisə bizi sarsıtmışdı. O vəziyyətlə yenidən prospektin başınadək piyada gəldik ki, özümüzü terminala çatdıraq. Yazıq Əmir o mehriban və emosional xasiyyəti ilə məndən daha narahat idi. O pis xatirə ilə Tehrandan ayrıldıq.

Təbrizdə də öncə xəstəxanaya getdik. Heç nə edə bilməzdilər və yalnız sarğımı dəyişdilər. Evə gəldim və on gün evin küncünə düşdüm. Təbrizdə payızın son günləri soyuq və kəskin idi. Həkimə də getmək istəmirdim. Sarğı zamanı sümüyün nə vəziyyətə düşdüyünü və dəridən bayıra çıxdığını görmüşdüm! Hər gün özüm sarğımı dəyişirdim və görürdüm ki, sümüyün rəngi dəyişib və çürüyür. Nəhayət, onu bir gün əlimlə çıxarıb tulladım. Həkim demişdi ki, təxminən beş ay gözləyib yenidən əməliyyata getməliyəm. Bir müddət burnumun düşüncəsini kənara qoyub, Əmirlə müharibə bölgəsinə qayıtmağı planlaşdırdıq. Briqadaya qayıtdıq. Dedilər ki, döyüş əməliyyatı olacaq və siz təlim üçün bir bölgəyə göndəriləcək, oradan da birbaşa əməliyyat bölgəsinə gedəcəksiz. Təlimin yeri haqda heç kim heç nə demədi. Xeybər əməliyyatından sonra, o günədək bir neçə dəfə əməliyyatlar ifşa olunmuşdu. Ona görə də xüsusi xidmət qüvvələri ciddi bir şəkildə informasiyaların qorunmasına diqqət edirdilər, biz də təlimin yerini öyrənmək üçün israr etmirdik.

İki-üç gün sonra gecənin qaranlığında maşınlara mindik. Pərdələr çəkilmişdi və hətta bizimlə sürücünün arasında da bir pərdə var idi ki, bayırı görə bilməyək. Əməliyyatdan uzun müddət uzaq qaldıqdan sonra, artıq təlimə getmək xoşa gələn hadisə idi.

Hava tam açılmamışdı ki, maşınlardan düşdük. İstəkli dostumuz Seyid Əli Əkbər Murtəzəvi dərhal dedi: "Bura Hurdur!" Düz deyirdi, bir az sonra anladıq ki, ora Hurul-Hüveyzədə "Kəsur" adlı bir bölgədir. Bostan rayonunun 15 km-liyində bir yol var idi ki, döyüşdən uzaq bir bölgəyə gedirdi. Çatdığımı yer qamışlıq və kiçik ağaclarla örtülmüşdü. Orada bir axar çay da var idi. Böyük və boş bir bölgə idi. Baba oranı tanıdığına əmin olan yeganə şəxs idi. Ondan başqa heç kim harada olduğumuzu bilmirdi. Hava hələ işıqlanmamışdı. Biz yerləşərkən qəribə səslər eşitdik.

–Çaqqalların səsidir!

Nə qədər çalışsaq da, ağacların arasında çaqqalları görə bilmədik. Hava təzə açılmışdı ki, ətrafımızda bir camış sürüsü də peyda oldu. Camışlar Bostanın ətrafındakı kəndlilərin idi. Bu heyvanlar müharibədən sonra sahibsiz buraxılmışdılar və zaman keçdikcə vəhşiləşmişdilər. Bir sürü vəhşi camışla qarşılaşmaq təhlükəli idi. Sonralar döyüşçülər bu camışları kəsmək məqsədilə halal olub-olmadığını soruşmuşdular. Alimlər cavab vermişdilər: "Kəsib yemək olmaz, amma südlərindən istifadə edə bilərsiniz!" Mənasız bir cavab idi. Biz heç camışlara yaxınlaşa da bilmirdik, qalmışdı südlərini sağaq.

Elə ilk gündən iş başladı. İmam Hüseyn (ə) batalyonu təlim bölgəsinə köçürülməzdən öncə, döyüşçülərdən bir neçə nəfər məntəqəyə nəzarətə gəlib bölüklərin yerlərini müəyyənləşdirmişdilər. Çadırlar tez quruldu. Orada anladıq ki, üzgüçülük təlimi də keçməliyik. Aramızdakı döyüşçülərin çox azı dalğıclıq təlimi keçmişdi.

1984-cü ilin qış fəslinin əvvəlləri hava çox soyuq idi. O qədər soyuq idi ki, səhərin ilk çağında yer buz bağlayırdı. Təlim başladı. Öncə gözümüzü qorxutdular. Dedilər ki, üzgüçülük təlimi üçün qamışlığın içinə gedəcəyik. Sonra bir az daha böyük olan bir bölgədə qayıq sürmək təlimi dedilər. Batalyonun bütün qüvvələri dalğıclıq təlimi keçməli idilər. Amma əməliyyatda az sayda döyüşçü dalğıc olaraq fəaliyyət göstərəcəkdi.

Xeybər körpülərindən tədarük görülən tramplinlərdən suya daxil olurduq. Suda soyuq həqiqətən sümüklərimizin iliyinə işləyirdi. Zahirdə gördüyümüz bu idi ki, hamının dişləri soyuğun şiddətindən titrəyir. Mənə elə gəlirdi ki, soyuqdan iflic olmuşam. Sudan çıxdıqdan bir-iki saat sonra təminat işçilərinin tərsanədə hazırladığı və neft sobası ilə qızdırdığı çadıra girirdik. Təminat işçiləri də işə başlayıb, çəyirdəyini çıxarıb yerinə qoz ləpəsi qoyduqları xurma ilə bizi qarşılamağa gəlirdilər. Buna baxmayaraq normal vəziyyətə qayıtmağımız bir az uzun çəkirdi. Bir-iki gündən sonra bədənimin yaraları sanki cana gəldilər. Əziyyət çəkirdim, amma əl çəkmirdim. Öncədən üzgüçülük bacarırdım, amma dalğıc təlimi üzgüçülüklə fərqli idi və mən istəyirdim ki, mütləq dalğıclığı da öyrənim. Təlimatçılar bədənimin vəziyyətinə görə mənə təzyiq göstərmirdilər. Mən də yaralara və ağrılara dözürdüm ki, təlimin və əməliyyatın sonuna kimi döyüşçülərin kollektivində ola bilim.

Təlim günlərində yemək sarıdan döyüşçülərə yaxşı baxırdılar. Hər şey bol idi. Xüsusilə də enerjili qidalar. Döyüşçülər zarafata deyirdilər: "Yaxşı yedirdirlər ki, yaxşı da xərcləsinlər!"

O şiddətli yağışların altında, kəskin soyuqda və dalğıc təliminin çətinliyində, yaxşı qidalanma döyüşçülərin bədənini müəyyən həddə güncləndirə bilərdi. Şübhəsiz, hamımız bilirdik ki, bu şərait yalnız iman və hədəf uğrunda dözüləsidir.

O günlərdə bizə o qədər yumurta verilirdi ki, hamımız yalnız sarısını yeyirdik. Əli Şükuhi bizə yumurtanın sarısını şəkərlə necə qarışdırıb nuş etməyi öyrətmişdi. Çox dadlı və qüvvətləndirici idi. Əli həkim oğlu olduğu üçün döyüşçülərə yaxşı baxırdı. Kimin iynəyə ehtiyacı olsaydı, onun yanına gedirdi. Döyüşçüləri ortasında ədyal çəkilən bir çadıra aparıb iynələrini vururdu. Səfalı insan idi. Mən də onu çox istəyirdim.

Öncədən bölgədə bir səhiyyə xidməti çadırı da hazırlamışdılar və bir həkim orada döyüşçülərin problemləri ilə məşğul olurdu. Kim xəstələnsəydi müalicə olunurdu. Amma soyuğun şiddətindən bəzən döyüşçülərdən kiminsə vəziyyəti çox pis olurdu və çarəsiz qalıb onları gözətçi ilə birgə təlim düşərgəsindən arxaya aparıb müalicədən sonra qaytarırdılar. O günədək bölgənin sirrini qorumaqda o dərəcədə diqqət və ehtiyat görməmişdim.

Orada yeganə çatışmayan şey hamam idi. Ona olduqca ehtiyac duyulurdu. Dostlar işə başladılar. Bir neçə dəmir parçasını bir-birinə qaynaqlayıb, üzərinə üstü açıq bir çəllək qoydular. Çəlləyin altı motorun alovu ilə qızırdı. Onu məharətlə bir boruya yapışdırmışdıq və ondan lazım olan qədər istifadə etmək olurdu. Lakin su təmin etmə problemi hələ də var idi. Çünki oradan keçən su palçıqlı idi və çimmək üçün yaramırdı. Çox vaxt bir çuxurda yığılan yağış suyunu yığıb çəlləyə töküb ehtiyacımızı aradan qaldırırdıq.

Təlimdən təxminən on beş gün keçmişdi. Bir gün səhər oyandıqda qəfildən xəbər gəldi ki, dörd-beş günlük məzuniyyətə gedəcəyik. Hamının üzündə narahatlıq və nigaranlıq var idi: "Olmaya yenə əməliyyat...!"

Axşam dedilər ki, təyyarə ilə Təbrizə gedəcəyik. Təyyarə adı gəldikdə bir az halımız düzəldi. 48 saat Təbrizədək qatarda qalmağa məcbur deyildik. Axşam avtobuslara minib bölgəyə gəldiyimiz kimi, ciddi nəzarət altında oradan çıxdıq. Demişdilər ki, şüşələrin pərdəsini heç kim kənara çəkməsin. Həqiqətən də döyüşçülər bu məsələyə diqqət edirdilər. Əslində, təlim bölgəsində olduqda, Bostana atəş açan İraq artilleriyasının səsi eşidilirdi və bilirdik ki, Bostanın yaxınlığındayıq. Təlimin növündən də təxmin etmək olurdu ki, növbəti əməliyyat su-torpaq əməliyyatı olacaq. Amma bölgədən qayıdarkən, əməliyyatın baş vermə ehtimalı yenə də zənnimizcə zəifləmişdi.

Adı “Xeybər Şəhidləri” olan briqadanın Dezfulda yeni tikilmiş bazasında1 oturub aeroporta getməyi və Təbrizə göndərilməyi gözlədik. Xüsusi bir proqram olmadan orada bir-iki gün qaldıq və sonra Dezful aeroportuna doğru yola düşmək hamını yerindən tərpətdi. Aeroportda vəlvələ idi. Briqadanın batalyonlarının çoxu orada idilər. Əli Əsğər, Əli Əkbər, İmam Hüseyn (ə), mühəndis-istehkamçılar, təchizat və s. Davamlı deyirdilər ki, maqazin və foto aparat və s. saxlamaq qadağandır. Yoxlanış sırası bu məqsədlə düzəlmiş bir neçə dəmir barmaqlıqlardan başlayırdı və bir neçə dəfə dönürdü. O uzun ilanvari cərgəni gördükdə qışqıraraq dedim: "Mən növbədə bu qədər gözləyə bilmərəm!"

Sıra dönən yerlərdə və bir-birinə yaxınlaşdıqda, növbəti sıraya girirdim və məni görən arxadakı sıradan bir neçə nəfər də irəliləyirdi. Sıra pozulurdu və döyüşçülərin etirazı ucalırdı: "Ağa! Sırada dayan!"

O qədər cığallıq etməklə yanaşı, səhər aeroporta gəldikdən günorta radələrinədək sırada idik. Dostların sırada etdikləri zarafatlar da maraqlı idi. Biri deyirdi süd növbəsidir, digəri deyirdi çörək növbəsidir və s. İzdiham və istilik bizi bezdirmişdi. Nəhayət, yoxlanışa çatdıq və üstümüzdə qadağan olunan şeylərdən olmadığı üçün tez keçə bildik. Aeroportun zalına daxil olduqdan sonra, orada da bizi başqa bir sıra gözləyirdi. Təyyarəyə minmək sırası. İnana bilmirdim ki, o qədər insan bir təyyarə ilə Təbrizə gedəcək. Amma qərar bu idi və döyüşçüləri güclə də olsa təyyarəyə salırdılar. Nəhayət, təyyarəni gördükdə, gözümüzə işıq gəldi. Təyyarə də, nə təyyarə! İçəridən qətiyyən təyyarəyə oxşamırdı. Oturacaq və yan təchizatlar bir yana, hətta təyyarənin iç qabığı da soyulmuşdu. Şiddətli külək buraxan boruları insanın canını sıxırdı. Təyyarənin yeri də oturmağı mümkünsüz edən borularla dolu idi. Dezfulda yağan səhər yağışından sonra və aeroportda istinin şiddətindən hamımız paltarlarımızı çıxarıb mayka ilə qalmışdıq. Döyüşçülərin sıxlığı və izdihamı da həqiqətən hamını tərlətmişdi. Pilot ardıcıl salavat çəkdirirdi: "İmamın salamatlığına salavat!"

–Bir salavat da yerdə qalan dostların təyyarəyə yerləşməsi üçün zikr edək!

Sanki qiyamət qopmuşdu. Təyyarəyə elə sıx dolmuşduq ki, o şəraitdə nəfəs almaq da çətin idi, qaldı tərpənib salavat çəkmək. Pilot deyirdi: "Mən sizi 1 saat, 40 dəqiqə içində Təbrizə çatdırmaq istəyirəm. İndi yer açın ki, hamı yerləşsin!"

Döyüşçülər bir-birinin üstünə dırmaşırdılar. Nəhayət, qapılar bağlandı. Təyyarənin gedişi kök bir şəxs kimi idi. Hər addımda o yana-bu yana əyilirdi və bu bizi çox güldürürdü: "Bir salavat da zikr edin ki, təyyarə qalxa bilsin." Dəmir quş qalxdı və hamımız birgə geriyə atıldıq. Döyüşçülərin naləsi ucaldı: "Ay Allah öldüm. Boru belimə girdi! Nəfəsim çıxmır!"

Bəzən döyüşçülər hadisəni bir az da şişirdirdilər. O qədər gülmüşdük ki, qarnımız ağrıyırdı. Zənnimcə təyyarə silah-sursat daşıyan, ya da yük təyyarəsi idi. Bəlkə də yaralıları daşımaq üçün nəzərdə tutulmuşdu. Amma bir neçə batalyonu o vəziyyətlə oraya mindirmək elə bir hadisə idi ki, bir daha təkrarlanmadı. Bizim üçün elə bir xatirə oldu ki, uzun müddət onu xatırlayıb doyunca gülürdük. Uçuş boyu üç-dörd qırıcı təyyarə də bizi qorudu və nəhayət sağ-salamat Təbrizin səmasına çatdıq. Təyyarə aşağı endi, amma qona bilmədi. Təyyarənin hər bir hərəkəti və səmtini dəyişməsi ilə, içəridə bizim vəziyyətimiz daha da gülməli olurdu. Tərdən islanmış bədənlərin bir-birinə sıx yapışması və nalə ilə gülüş səslərinin qarışması. Nəhayət, şəhərin ətrafında bir dəfə dövrə vurduqdan sonra, təyyarə yerə qondu. Qapılar açılan kimi, qar dənələri təyyarənin içinə hücum çəkdi. O şəraitdə kim pilləkəndən aşağı çatırdısa, sürətlə çıxışa doğru qaçırdı. Görünürdü ki, Dezfuldan Təbrizə xəbər veriblər ki, biz hansı vəziyyətdə gəlirik. Ona görə də avtobuslar hazır idilər. Amma bizimlə onların arasında dəmir barmaqlıq var idi və biz ora çatmadan öncə açılmamışdı. Hamımız barmaqlıqlara doğru qaçırdıq. Mən ora çatan ilk şəxslərdən idim. Amma gözətçilər barmaqlığın qıfılını aça bilmədilər. Təyyarədən çıxan camaatın çoxluğu hər an barmaqlıqlara daha da çox təzyiq edirdi. Barmaqlıqlara elə yapışmışdım ki, bir an düşündüm, həqiqətən də sinəmin sümüyü qırılır. Həmin anda camaatın itələməsi nəticəsində başım iki barmaqlığın arasından qarşı tərəfə keçdi. Problem üstə problem. Barmaqlığın arasındakı məsafə elə idi ki, bədənim onun arasında keçməzdi. Həqiqətən də ilişmişdim və qışqırırdım: "Öldüm! İtələməyin! Öldüm!" Qışqırırdım. Amma dəcəl Seyid Nurəddinin sözünə kim inanardı. Yalvararaq barmaqlığın digər tərəfində olan bir neçə nəfərə dedim ki, heç olmasa başımı itələsinlər və mən geri qayıdım. Allahın lütfü ilə o vəziyyətdən də salamat çıxdım. Barmaqlıqlar açıldı və mən boğulmaq qorxusu ilə yanaşı Təbriz qışının soyuğunda titrəyərək avtobuslara doğru getdim. Qardaşımın evi yerləşən Bahar prospektinin avtobusuna mindim və bir saat sonra qapılarının ağzında idim. Düşünürdüm ki, bir saat qalıb sonra kəndə gedərəm. Amma bəxtimdən bütün ailə orada idilər və olduqca çox sevindilər. Salamlaşıb görüşdükdən sonra hamıdan öncə hacı xanım soruşdu: "Bu təyyarə ilə gəldiniz?"

–Bəli.


–Gördüm nabələddir. Əyləşməsi çox uzun çəkdi.

Ağacan aramızda oturduqdan sonra, təyyarənin macərasını danışdım. Hamı gülməkdən uğunub getmişdi. Xatirə və gülüş qurtardıqdan sonra, məni danlamağa başladılar. Sanki hamısının ürəyi dolu idi. Evin problemlərindən danışaraq dedi: "Oğlum! Həmişə cəbhə olmaz ki?”

–Məgər nə olub?

–Axı sən gedib orada qalmısan. Əsgərlik 24 aydır. Sən 4 ildir oradasan!

–Bəli! Müharibə var ikən mən də varam. Bu barədə mənə heç nə deməyin. Amma başqa hər nə desəniz başım üstə... Özü də ki, bu xidmət əsgərlik xidməti deyil. Başqa bir şeydir!

Son zamanlar məzuniyyətlərdə bu söhbətlər ara-sıra aramızda olurdu. Həmin vaxt öz-özümə deyirdim ki, hətta döyüşçülərin ailələri də cəbhədə nələr baş verdiyini bilmirlər. Biz yaxından hadisənin içində olduğumuza və qəlbimizin dərinliyindən cəbhənin şəraitini dərk etdiyimizə görə, onu unuda bilmirdik. Əslində nə qədər irəliləyib daha çox görürdüksə, məsuliyyətimiz də artırdı. Ümumiyyətlə özümüzü cəbhə adamı bilirdik. Halbuki adi insanların baxışı belə deyildi. Bu sual-cavabların yeniliyi yox idi. Amma həmin gün söhbətlərin tonu fərqli idi. Danışdılar-danışdılar nəhayət, söhbət bura çatdı ki: "Bəs sən evlənmək istəmirsən?!"

–Niyə! Bu da yaxşı fikirdir.

Mənim cavabım hamını sakitləşdirdi. Deyəsən öz-özlərinə düşünürdülər ki, bu işdən də qaçacağam. İndi isə mənim müsbət cavabımı duyduqda atam deyirdi: "Sən evlənsən, nə işləmək istəyirsən? Harada yaşamaq istəyirsən?"

–Ata Allah böyükdür, yəni bizim üçün bir yer tapa bilməzmi?

Çox yaxşı bilirdim ki, hamı evlilik təklifi ilə məni şəhərdə yaşamağa vadar etmək istəyir. Görünürdü ki, məndən öncə öz aralarında danışmışdılar və gözləyirdilər ki, mən evə ayaq basım. Onların ciddiliyini gördükdə, batalyonumuzun komandiri Əsgər Qəssabın yanına gedib dedim ki, qarşıya bir iş çıxıb, Təbrizdə beş-altı gün artıq qalacağam. Əsgər ağa dedi: "Eybi yoxdur, qayıtdıqda briqadanın olduğu yerə gəl."

Evdə evliliyin şəraiti söhbəti olduqca ciddiləşmişdi. Mən də geri çəkilməyib dedim ki, şərtləri mən təyin etməliyəm. Nə siz, nə də başqası. Siz yalnız elə birini axtarın ki, mənim vəziyyətimə razı olsun.

Həmin gün macəranı Əmir Maralbaşa danışdım. Baxmayaraq ki, yaşda məndən daha kiçik idi, amma ən yaxın dostum olmuşdu, hətta məzuniyyətdə də bir-birimizdən bir gün ayrı qalmağa dözə bilmirdik. Ya mən onların evində idim, ya da o bizdə. Əmir dedi: "Eybi yoxdur, şəkillərindən birini mənə ver."

Macəranı başqa bir-iki nəfərə də danışdım. Həsən Xoşbu adlı bir dost da məndən bir şəkil istəyib dedi ki, bir nəfəri tanıyır. Ola bilər ki, mənimlə evliliyi qəbul etsin. Şəkillərimin içindən, ən pis şəklimi seçib verdim. Elə bir şəkil idi ki, pis günə qalmış üzümü göstərirdi. Anam yaralanmaqdan əvvəlki bir şəklimi də götürdü, ana ürəyi... Həqiqətən də necə üzüm var imiş və o vaxtadək diqqət etməmişdim. Ümid edirdim ki, məni o sima ilə heç kim qəbul etməyəcək. Həqiqətən də qorxurdum ki, şəhərdə başım qarışar və onun üçün altı-yeddi ay zəhmət çəkdiyim əməliyyata çata bilmərəm. Baxmayaraq ki, zahirdə evliliyi asanlıqla qəbul etmişdim, amma içimdə hələ də tərəddüddə idim. Əmin idim ki, evlilik mənim məsuliyyətimi daha da ağırlaşdıracaq. Dostlardan birinin sözü yadıma düşdü ki, deyirdi: "Cəbhəyə gəlməyin iki aqibəti var. Ya qayıdırsan, ya da ölürsən. Ölsən də iki aqibəti var. Ya cəsədin qayıdır, ya da itkin düşür. Qayıtmağın da iki aqibəti var. Ya sağsan, ya da pis gündə." O danışırdı, biz də gülürdük. Amma indi isə, həqiqətən bunları düşünürdüm. Həsən mənim tərəddüdümü gördükdə dedi: "Sən cəbhədə qalmaq istəyirsən, sabah şəhid olsan, daha heç kim olmayacaq ki, sənin yerini doldursun və sənin yolunu davam etsin."

Necə də ilişmişdim! Anam və ailəmizin üzvləri sevinc və həvəslə mənə uyğun qız axtarırdılar və mən isə özümlə vuruşurdum: "Düzdür ki, Allah özü bizi tək qoymamalıdır. Amma yaxşı olar ki, elə bir insan olsun ki, bizim yolumuzu davam etdirsin..."

Anamla danışarkən mənim nə düşüncədə olduğumu bildikdə əsəbiləşirdi. Bəzən onunla zarafatlaşırdım və o daha da əsəbiləşirdi və axırda çoxlu gülürdük. Hamı beş qəpik pulu olmayan Seyid Nurəddin üçün evlilik hazırlığı görürdü. O vaxtadək mənim işim yalnız cəbhə idi və 2200 tümən maaşımı da yollarda, ya da məzuniyyətlərdə yeməyə və zəruri şeylərə xərcləyirdim və heç vaxt pul yığmamışdım. Atam da əkinçi idi və öz işini görürdü. Əslində ondan heç bir gözləntim də yox idi. Bunlara rəğmən hacı xanım ciddi şəkildə məşğul idi. Macəranı bilən dostlardan bir neçəsi, yanıma gəlib şəkil alır və ünvan göstərirdilər. Axırda bezərək qışqırdım: "Əgər hərəniz məndən bir şəkil alıb aparsanız, axırda bir batalyon qız tapılacaq!"

Halbuki fakt bu deyildi. Bir dəfə anam gəldi ki, biz bir qız tapmışıq, yaxşıdır və bəyənmişik. Amma sən bəyənməyəcəksən. Mən dedim: "Nə olub ki?" Onlar dedilər: "Sənin cəbhə şəraitinlə düz gəlmir."

–Onda heç. Mənim ilk şərtim budur ki, müharibə qurtarana kimi mən də cəbhədə olacağam!

Həmin gün bu məsələ üzrə daha çox düşündüm. Həqiqətən də mən dəli olardım, əgər bilsəydim cəbhədə əməliyyat var və mən şəhərdəyəm! Bizimlə müharibənin məsəli, dənizlə balığın məsəli kimi idi. İstəmirdim ki, cəbhənin çətinliyini, aclığını, yuxusuzluğunu və qəm-kədərini şəhərdəki xoş güzərana dəyişim. Çox çəkmədən xəbər gəldi ki, bir qız mənim şəraitimə razı olub. Adı Məsumə Əşrəfi idi. Həsən gəlib dedi: "Ağa Seyid, gəl, səni qəbul ediblər!"

–"Gör o kimdir ki, məni bu vəziyyətlə qəbul edir?"

Kəşfiyyat qüvvələrindən biri də mənim yanıma gəlib dedi: "Deyəsən bizimlə qohum olmaq istəyirsiniz?!"

–Demək sizin qohumunuzdur?

–Bəli, mənim əmim qızıdır. Sən necə insansan?

Gülməyim tutmuşdu. Bildim ki, araşdırmaq üçün gəlib. Ona dedim: "Gördüyün kimiyəm! Həm də, baxmayaraq ki, kəşfiyyatçısan, bir az naşısan. Çünki gəlib özümdən soruşursan. Get kənddən, məhəlləmizdən soruş.”

–Yox, özündən soruşmaq istəyirəm. Bilmək istəyirəm ki, dolanışığını necə keçirirsən? İşin nədir?

–Yaşayışım cəbhədədir, müharibədən başqa bir iş də, hələ ki mənim üçün önəmli deyil. Heç nəyim də yoxdur. Hətta beş qəpik pulum da yoxdur. Müharibə davam etdikcə mənim vəziyyətim də budur.

Nəhayət, qərar gəldik ki, özüm məni bu çətin şəraitlə qəbul edən qızı görməyə gedim. Evdə mənə öyrədirdilər ki, nə edim və nə danışım. Amma ora çatdıqda hər şeyi unutdum. Baxmayaraq ki, ürəyimdə mənim kimi yaralı bir döyüşçünü həyat yoldaşı olaraq qəbul etdiyinə görə, ona dəyər verirdim, amma boş vədələr vermək istəmirdim. Hətta problemlərimi bir az da böyüdüb ciddiyyətlə deyirdim: "Elə vaxt olur ki, mən cəbhədə altı ay qalıram və məzuniyyətə çıxmıram. Əməliyyatlarda da yaralanmadığım müddətdə və ya məsuliyyətimizi dəyişməsələr geri qayıtmıram. Dünya malılndan heç nəyim yoxdur. Bədənim də pis gündədir və bu vəziyyətlə sağ qalsam, müharibənin axırına kimi orada xidmət edəcəyəm. Ondan sonra da Allah istəsə, bir işin qulpundan yapışıb bir təhər dolanacağam.”

Həqiqətən də, nə dedimsə, razı oldu. Baxmayaraq ki, cəmi on altı yaşı var idi, amma həyatını və arzularını cəbhəyə qurban verməyə hazır idi. Başqa bir söz qalmamışdı. Üç-dörd gün içində elçilik və kəbin mərasimini Əmirin mənə borc verdiyi 4500 tümən pulla yola verdik. 1984-cü il, dekabr ayının 31-də kəbin süfrəsinə oturduq. Döyüşçü dostlardan dörd-beş gün geri qalmışdımsa da, həyatda ən mühüm işlərdən bir olan ömür yoldaşımı tapmışdım.

Atam evlənməyimə hamıdan çox israr edirdi və düşünürdü ki, evlilik məni həyata və işə bağlayacaq. Nişanlımın məni cəbhəyə yola saldığını gördükdən sonra heç vaxt mənimlə şəhərdə qalmaq barədə söhbət etmədi.





Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə