(Poema)
Poemada İslamın zühurundan Mühəmməd peyğəmbərin vəfatına qədər olan dövrdə baş vermiş bütün mühüm hadisələr dəqiqliyi ilə əhatə olunmuşdur.
BİSMİLLAHİR–RƏHMANİR–RƏHİM
1974–ci ildə D. Bunyadzadə ad. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib İqtisadçı–Mühasib ixtisasını almışam və uzun müddət bu sahədə çalışmışam.
Gənclik illərindən poeziyaya maraq göstərirəm. 1985–ci ildən dövri mətbuat səhifələrində müxtəlif səpkidə şerlərlə çıxış etmişəm.
1995–ci ildə Məkkə ziyarətindən qayıdandan sonra (Allah arzusunda olanlara qismət eləsin) Həzrəti Mühəmməd(s) həyatından bəhs edən “Allahın Elçisi” adlı poemamı yazıb bir ildən sonra “Gənclik” nəşriyatında kitab halında çap etdirmişəm.
Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm.
01.07.99. tarixdə İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbərliyi tərəfindən Azərbaycan Elmlər Akademiyasının binasında Həzrəti Mühəmməd Peyğəmbər(s) mövlud günü şərəfinə keçirilən məclisdə “Məcməüş-şüəra” ədəbi məclisinin üzvləri sırasında çıxış edərək “Allahın Elçisi” poemasından “Həzrəti Mühəmmədin dünyaya gəlməsi və uşaqlıq illəri” hissəsini oxudum.
Yığıncaqdan sonra İ.İ.R-nın Mədəniyyət Mərkəzi idarəsinin rəhbərliyindən Əkbər Kurəvi adında bir şəxs mənə yaxınlaşaraq şeri bəyəndiyini və kitabla maraqlandığını bildirdi. Mən ona poemanın əsas məğzini izah etdikdə o məni İ.İ.R-nın Mədəniyyət Mərkəzinə gəlməyimi xahiş etdi. Bir neçə gündən sonra Mərkəzin sədri Höccətül-İslam Hacı Seyid əliəkbər Ocaq Nəjad ilə görüşdüm. O bu haqda məlumatlı olduğundan və kitabla əlaqədar ətraflı söhbətimizdən sonra mənə məsləhət bildi ki kitabı Höccətül–İslam vəl–müslümün Hacı Şeyx əhməd Xudayiyə oxuyum əgər o bəyənib rəy verərsə kitabını İranda nəşr etdirəcəyəm.
Onun təklifinə əsasən kitabı bir neçə gün hissə–hissə Ağayi–Xudayiyə oxudum onun verdiyi bəzi məsləhətlərini nəzərə alaraq “Qədir–Xum” və “Mübahilə Cərəyanı” başlıqları ilə başlayan hissələri poemaya əlavə edərək düzəlişlər apardım. Sonradan öyrəndim ki Ağayi–Xudayi İranın Tehran əhvaz İsfahan şəhərlərinin Universitetlərində on beş ildən artıq İslam–tarixindən o cümlədən Mühəmməd Peyğəmbər(s) həyatından dərs demişdir.
Özümü xoşbəxt sayıram ki belə bir şəxsiyyətlə on iki gün üz–üzə oturub “Allahın Elçisi” poemasını oxuyaraq ondan dəyərli məsləhətlər almışam.
“Allahın Elçisi” kitabımın birinci nəşrinə ön söz əvəzi yazmış hörmətli professor Hacı Vasim Məmmədəliyevə ikinci nəşrinə kömək etmiş Hacı Seyyid əliəkbər Ocaq Nəjad və Hacı Şeyx əhməd Xudayiyə öz təşəkkürümü bildirirəm. Allah İslamın inkişafına kömək edən bu xeyirxah insanların hər üçünü öz himayəsində həmişə səlamət saxlasın. Oxuculara isə can sağlığı kitabı oxumağa səbr və oxuyan gözlərinə nur əta eləsin.
Amin! Ya Rəbbil Aləmin!
Müəllif
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
Şer hər bir dilin ədəbiyyatının çiçəklənmə (dövrü) zirvəsi olmaqla yanaşı hər bir millətin ədəbiyyatının adət–ənənələrinin və milli–mənəvi dəyərlərinin ən gözəl qoruyucusudur. Şer millətlərin mədəniyyətinin və adət–ənənələrinin məhv olub getməməsi və bu mədəniyyətin müasir dövrümüzədək qorunub saxlanılmasında böyük rol oynamışdır. Buna əsaslanıb demək olar ki belə bir böyük məsuliyyəti öz üzərinə götürmüş şairlər Allah tərəfindən onlara bəxş olunmuş bu fitri istedad vasitəsilə xalqın adət–ənənələrini dini əqidəsini milli və mənəvi dəyərlərini öz şerlərində əks etdirərək bunları zəfər və əbədiyyat rəmzi olan (möhkəm) yenilməz şer qalasında qoruyub saxlamaqla öz millətlərinə ən böyük xidmət göstərmişlər. Biz bunun canlı şahidiyik ki qədim dövrlərdən bəri müəyyən qafiyə çərçivəsində formalaşan hər bir şer əbədi olaraq tarixin səhifəsində dərin izlər buraxmışdır.
Qiymətli qəsidələr ədəbi–nöqteyi nəzərdən fəsahətli və bəlağətli sayılan şerlər həmişə xalq tərəfindən sevilmişdir. (Səmimiyyətlə qarşılanmışdır.) Hətta böyük din xadimləri və yüksək məqama sahib olan ilahi şəxsiyyətlər öz dövrlərinin yadda qalan ən mühüm və əlamətdar hadisələrini məşhur şairlər tərəfindən (qələmə alınmasını) nəzmə çəkilməsinə əmr vermişlər.
Əziz İslam Peyğəmbəri əmirəlmöminin Həzrət əli(ə)–ın imamətini müsəlmanlara və hacılara elan edən zaman İslamın görkəmli şairi Həssa ibn Sabibdən xahiş edir ki bu hadisəni nəzmə çəksin.
Şiənin Debəl Kümeys və s. kimi ürəyiyanar şairləri öz şerləri ilə şəhidlər sərvəri İmam Hüseyn(ə)ın qiyamına ən böyük xidmət göstərərək bu əzəmətli tarixi və dini hadisəni çərxi–fələyin xoşagəlməz hadisələrindən pisliklərindən və təhriflərindən qorumağa nail oldular.
Pak olan əhli–beyt bu şairlərin əvəzsiz xidmətləri müqabilində onları həvəsləndirmək üçün onlara təşəkkür edir bu şairlərə hörmət və rəğbət bəsləyirdilər.
Şer millətlərin ədəbiyyatının şah əsərləridir və şer millətlərin tarixində əsas yer tutur. Milli və mənəvi dəyərlərin təbliğ olunmasında şerin böyük rolu vardır. Aylar–illər ötdükcə fələyin ən mühüm və əlamətdar hadisələri belə unudulur. Lakin bu aylar və illər görkəmli şairlərin şerlərində öz əksini taparaq əbədiləşir. Bu şerlər millətlərin qaranlıq tarixinə işıq saçaraq keçmişi gələcəklə birləşdirir.
Azərbaycan respublikasında zəmanəmizin bu ağır məsuliyyətini öz üzərinə götürmüş şairlərdən biri də Hacı Yusif bəydir. Bu müsəlman və dindar şair bütün zəhmətlərə qatlaşaraq əziz İslam Peyğəmbəri Xatəmül–ənbiya Həzrət Mühəmməd(s)–ın həyatını nəzmə (şerə) çəkmişdir. O uzun illərin töhfəsi olan səlis şerləri ilə Həzrət Mühəmməd(s)–ın həyatını şərh edərək nəcib Azərbaycan xalqına misilsiz bir hədiyyə bəxş etmişdir. Müsəlman Azərbaycan xalqının nəzərinə çatdırmaq istəyirəm ki Hacı Yusif Qulammirzə oğlu “Allahın Elçisi” poemasını yenidən mütaliə etmiş və tam diqqətlə nəzərdən keçirdikdən sonra ikinci dəfə onu çapa hazırlamışdır. Bu kitab mötəbər İslam tarixi ilə təmamilə uyğundur. Bu kitabın ikinci çapında heç bir səhvə yol verilməmişdir.
(Uca) Allah–təalanın dərgahından bu gözəl şairə uğur və nailiyyətlər arzulayıram. Ümid edirəm ki böyük və nəcib Azərbaycan xalqı bu cür əsərlərin qədrini biləcəkdir.
Höccətül - İslam vəlmüslümün
Hacı Şeyx əhməd Xudayi
25 Dekabr 1999
Son dövrlərdə ölkəmizdə uzun illər ərzində yasaq edildikdən sonra açıq təbliğ edilə bilən islam dini onun ehkam və ayinləri haqqında müxtəlif elmi məqalə və kitablarla yanaşı bədii əsərlər də meydana çıxmağa başlamışdır. Qeyd etmək lazımdır ki bu əsərlər bəzən bədii cəhətdən kamil olsa da mövzunu əhatə etmək cəhətdən naqis görünür.
Bu baxımdan Hacı Yusif Qulammirzə oğlunun “Allahın elçisi”poeması diqqəti cəlb edir. Belə ki poema islamın zühurundan peyğəmbərin vəfatına qədər olan dövrdə baş vermiş bütün mühüm hadisələri dəqiqliyi ilə əhatə etdiyindən bir növ dinimizin qısa mənzum tarixi kimi təsəvvür edilə bilər. “Allahın elçisi” poemasında müəllif yalnız tarixi faktları sadalamaq və ya təsvir etməklə kifayətlənməmiş islam dininin əsas ehkam və ayinlərini aşkarlamağa çalışmış demək olar ki öz məqsədinə nail olmuşdur. əsərdə peyğəmbərin müqəddəs pak obrazı çox səmimi bir şəkildə qələmə alındığından gözəl təsir bağışlayır.
Yuxarıdakıları nəzərə alaraq “Allahın elçisi” poemasının çap olunmasını məsləhət bilirik.
V. M. MƏMMƏDƏLİYEV
M. ə. Rəsulzadə adına BDU–nun ilahiyyat fakultəsinin dekanı ərəb filologiyası kafedrasının müdiri professor
E. Z. ƏZİZOV Şərqşünaslıq fakültəsinin dekanı dosent
ALLAHIN ELÇİSİ
(POEMA)
Yazım “Bismillahir–Rəhmanir–Rəhim!”
Belə də öyrədir Qurani–kərim.
Allahın ismilə başlanan hər iş
Həmişə ən yaxşı nəticə vermiş.
Çoxları edibdir bunu imtahan
İşləri uğurlu olmuş hər zaman.
Mən də adın ilə başladım bunu
Ya Rəbbim xəcalət etmə qulunu.
Sənin dərgahına baş qoyan zaman
Ey tanrım məni də qovma qapından.
Bilik qapıların üzümə aç sən
Bəndən bəhrələnsin səxavətindən.
Sənə yalvarmıram dövlət ver mənə
Sənə yalvarıram hikmət ver mənə.
Elm bir dəryadır biliyim zərrə
Sənə şükr edirəm gündə min kərə
Bəxş etdin sən mənim ağlımı sağlam
Yazıb yaratmağa vermisən ilham.
Odur ki fikrimi yığdım bir yerə
Adınla çıxmışam uzaq səfərə.
Ən nazik iynənin dəliyi qədər
Yoluma nur salsan mənə bəs edər.
Qurani–kərimdən öyrənmişəm mən
“Bütün hikmətlərin sahibi sənsən”.
Sənsən məxluqata bilik öyrədən
Bütün elmlərdən xəbərdar edən.
Savadsız yetimə “Oxu” öyrətdin
Xatəmül–ənbiya Peyğəmbər etdin.
O da dərgahına gətirdi pənah
Hər şeyi Görənsən Bilənsən Allah!
Müstəqim yolunun yolçusuyam mən
Çətinə düşəndə tut qələmimdən.
Bu yolda büdrəyib yıxılsam yerə
Tut mənim əlimdən qaldır göylərə.
Sənsən bu dünyada yol göstərənim
Heç kimdən köməyim yoxumdur mənim.
Düşünüb fikr etdim mən zaman–zaman.
Bir bağça yaradım olsun gülüstan.
Əlimə bel alıb yapışdım işdən
Yararsız çör–çöpdən təmizləyərkən
Bir yaz səhərində təmiz boş yerə
Bir boyda səhmanlı düz cərgələrə
Mühəmməd adına toxum səpmişəm.
Gözümdən su verib zəhmət çəkmişəm.
Çıxan şitillərə nurundan çilə
Məhsulun həm dadlı həm şirin elə.
Süfrəyə düzdüyüm nemətdən hər kəs
O ki var götürsün vermədən əvəz.
“Fatir” surəsində buyurduğun tək
“Allah diləyənə hər şey verəcək.
İstəsə insana yüksək elm verər
Misilsiz gözəllik sahibi edər.
Əta eylədiyi nemətə heç kəs
Durub maneçilik eyliyə bilməz.
Allah bəndəsindən pak söz eşidər
Saleh əməlin də tez qəbul edər”.
Madam ki Quranın buyurur belə
Qarşında diz çöküb gəlmişəm dilə.
Sənin dərgahına üz tutmuşam mən
Yazdığım heç nədir kömək etməsən.
Səndən diləyirəm elm mərifət
Bu misgin bəndənə göstər mərhəmət.
Sənsən kainatı idarə edən
Yaratdıqlarına ruzi göndərən.
Səndən artıq ruzi istəmirəm mən
Naşükür deyiləm, bəsdir nə versən.
Öləcəyim gün də sənə bəllidir
Onu səndən başqa bilən yox xeyir.
Sənə yalvarıram mən dönə–dönə
Ömür istəmirəm möhlət ver mənə.
Belə çox hadisə olmuş həyatda
Doğulan bir saat yaşamır hətta
Ana əziyyətlə doğur övladın
Torpağa tapşırır qoymadan adın.
Sən bilən yaxşıdır dünyada heç kəs
Sənin işlərinə qarışa bilməz.
Kamillik yaşına çatmışam daha
Səni and verirəm Rəsulüllaha!
Qəlbimə qüvvət ver gözümə işıq
Yazdığım misraya gətir yaraşıq.
Fikrimə aydınlıq şerimə ver can
Xəcalət çəkməyim oxuculardan.
Nə qədər maraqlı olsa yaşamaq
Arzuya çatmaq da şirindir ancaq.
Möhlət ver kitabı çatdırım sona
“Allahın elçisi” ad verim ona.
Sən hikmət sahibi ey Pərvərdigar!
Biz hələ bilməyən çox sirlərin var.
Bir qətrə nütfədən yaratdın bizi
Açdın bağlı olan gözlərimizi.
Ağıl verdin bizə qiymətdə gövhər
Dil verdin deməyə “Allahu–əkbər”.
Səni tanımaqçın bəndələrinə
Peyğəmbər göndərdin yer üzərinə.
Müxtəlif olubdur peyğəmbərlərin
Kəramət sahibi etdin hər birin.
Musa Tur dağına çıxaraq bəzən
Sənlə danışardı durduğu yerdən.
Gələcək günlərdən xəbər verərdi
Əsasın döndərib ilan edərdi.
Bir anlıq qoynuna əlin salardı
Çıxartdıqda parlaq nur qaldırardı.
Ona bəxş etmişdin rəhm mərhəmət
Süleymana isə hikmət əzəmət.
İsa düzgünlükdə çıxarmışdı ad
Ona da vermişdin çoxlu istedad.
Ölüyə üfürüb verərdi nəfəs
Gözlərin açardı kor olsa hər kəs.
Nə qədər möcüzə göstərdi onlar
Düz yola gəlmədi kafir olanlar.
Allahı göydə yox yerdə gəzirlər
Bütə “allah” deyib əzizləyirlər.
Bu qədər nəbilər gəlib getdilər
Onların öyüdü vermədi səmər.
Mühəmməd onlardan ən sonuncudur
Onun möcüzəsi – Quranı durur.
Kömək et ya Rəbbim söhbət açım mən
Sənin bu sonuncu Peyğəmbərindən.
Belə söyləyirlər tarix yazanlar
Yüz iyirmi dörd min peyğəmbərin var.
Birinci Peyğəmbər–Həzrəti Adəm.
Sonuncu–Həzrəti Rəsuli–əkrəm.
Bir adı Mustafa bir adı əhməd
Həbibullah adın aldı Mühəmməd.
Çünki o veribdir islama həyat
Həzrətin gül camalına salavat.
Qədim zamanlardan Məkkə şəhəri
Olmuş ərəblərin müqəddəs yeri.
Kəbəyi–mükərrəm orada idi
İbadət evitək əzizlənirdi.
Həzrəti İbrahim mübarək olan
Evi İsmaillə tikir bir zaman
Binanın inşası çatanda sona
Beytullah adını verdilər ona.
Həcc məqsədiylə gələn ərəblər
Tovhid əsasında ziyarət edər.
O zamanlar Kəbə tər–təmiz idi
İçində heç bir büt görünməz idi.
Axıb ziyarətə gələn zəvvarlar
Kəbəyə ürəkdən bağlı olarlar.
Kəbədə səcdəyə gəlib baş qoyar
Tək olan Allaha inanardılar.
Ərəblər haqq dindən sonra döndülər
Bütə qurban verəntək göründülər.
Tanrının varlığın tam unutdular
Küfrün ədalətsiz yolun tutdular.
Kəbə bütpərəstlik mərkəzi oldu
Onun qüdsiyyətin azaltmadı bu.
Yaxından uzaqdan yenə gələnlər
Kəbəni ziyarət, həm təvaf edər.
Yardım istəyərlər daş taxta bütdən.
Qəlbləri qaranlıq içində ikən
Ruhsuz bütə “allah” deyib ad qoyar
Cəhalət dövründə yaşayardılar.
Nə qanun var idi nə də ədalət
Baş alıb gedirdi qorxunc zəlalət.
Qanlar tökülürdü səbəbsiz yerə
Ərəblər bölünmüş qəbilələrə.
Sərvətin övladın çoxluğu ilə
Durub öyünərdi hər bir qəbilə.
Tayfa davaları hey davam edir
Qumar içki zina müntəzəm gedir.
Onlarda yox idi əsla mərhəmət
Qan güdmə var idi bir də ədavət.
Qardaş qardaşını vurub öldürür
Əlində olanı götürüb sürür.
Haqlarından məhrum qadınlar aşkar
Bazarda mal kimi satılardılar.
Sevgi məhəbbətdən sevincdən uzaq
Bir şəhvət əşyası sayılır ancaq.
Kişi istədikdə talaq pozulmuş
Qadın sahibinin əsiri olmuş.
Qızı doğulanda hər ərəb ata
Zülm edərdi incə bu məxluqata.
Hər qız doğulanda olardı təkrar
Diri–diri qəbrə basdırardılar.
Cahiliyyət dövrü edirdi davam
Bütün dünya zülmət içində müdam.
Misirdə Bizansda Yəmən İranda
Çində Hindistanda Həbəşistanda
Dini münaqişə gəzib dolanır
Hər yerdə ölkələr od tutub yanır.
Qurtarmaq bilməyir müharibələr
İnsanlar qırılır desək müxtəsər
Cahan çox qarışıq bir halda idi
Sonuncu Peyğəmbər gözlənilirdi.
Ona möhtac idi bütün ümüdlər
Gəlişin səbirsiz gözləyirdilər.
Tövrat da İncil də müjdələyirdi
Neçə əsr əvvəl xəbər verirdi
Müqəddəs Məkkədə anadan olan
Peyğəmbər gələcək–Axirəzzəman.
Mühəmməd əbdullah oğlu gələcək
Kəbəni bütlərdən təmizləyəcək.
Xilaskar Mühəmməd əleyhissəlam
Gələcək dilində Allahdan kəlam.
Məkkə dini mərkəz olduğu kimi
Ticarət mərkəzi olmuş həm də ki
Ticarətə gedib–gəlir karvanlar
Həcc vaxtı orada qurulur bazar.
Ancaq ərəbləri ora cəlb edən
Uzaq ölkələrdən çəkib gətirən
Kəbənin müqəddəs olması idi.
Bütün ərəbistan axır sel kimi.
“Həm ziyarət edir həm də ticarət”
Məkkənin bu qaynar vaxtı nəhayət
Həbəşlər Yəməni aldılar ələ
Bir məhşur hadisə baş verdi belə.
Əbrəhə Yəmənin valisi olur
Sənada bir kilsə tikib qurdurur
Oraya xərc çəkib vurdu bər–bəzək
Ziyarətgah adın ora verərək
Bu fikirdə idi o ərəblərin
Kəbədən Sənaya üzün çevirsin.
Kəbəni ziyarət edən ərəblər
Sənanı məbədtək imtina edər.
Bundan qəzəblənib coşan əbrəhə
Başqa çarəyə baş vurdu bu dəfə
Kəbəni dağıtsın deyə büsbütün
Məkkəyə qoşunun gətirdi bir gün.
Məkkə ətrafında qurdurur çadır
Xalqın mal–qarasın sürüb aparır.
Soyulmuş malların içərsində
Əbdül Müttəlibin yüz dəvəsin də
Sürüb əbrəhəyə gətirmişdilər.
Əbdül Müttəlib də tutanda xəbər
Gəlmiş əbrəhənin ordugahına.
Əbrəhə mətləbi biləndə ona:
–Mən elə zənn etdim ki Kəbəni sən
Uçurmayım deyə xahiş edərsən.
Sənsə əl çəkmirsən dəvələrindən.
Əbdül Müttəlibsə cavab verdi:– “Mən
Öz dəvələrimin bir sahibi tək
Borcumdur malımı gəlib istəmək.
Yəqin Kəbənin də öz sahibi var
Lazım gəlsə onu özü qoruyar.”
Onun dəvələrin dərhal verdirir
Məkkəyə də “Hücum” əmrini verir
Qabağa buraxdı böyük bir fili
Həmin il tarixdə qaldı “Fil ili”.
Məkkəlilər bundan tutanda xəbər
Hər yerdən yığılıb gəldi ərəblər.
Döyüşdə irəli gedəndə düşmən
Möcüzə baş verdi haqq tərəfindən.
Əbabil adlanan dağdakı quşlar
Qoşunun başına yağdırdı daşlar.
Asi olduğuçün Pərvərdigara
Kimə daş dəyirdi basırdı yara.
Həbəş əsgərləri qorxub üzülür
Əksəri yıxılıb yerində ölür.
Ölməyənlər canın zorla qurtardı
Çünki bunu edən bir qüvvə vardı.
Ordunun üstünə quşları saldı
Kəbəyi–müəzzəm salamat qaldı.
Əbrəhə pərişan Yəmənə döndü
Az müddət keçməmiş həyatı söndü.
Qısaca bu haqda buyurur Quran
“əhsabi–filə” nə etdi Yaradan.
Həmin hadisədən az vaxt keçirdi
Mühəmməd dünyaya təşrif gətirdi.
Mühəmməd dünyaya gəlməmiş hələ
Tarixi kitablar köstərir belə
Onun mövludundan iki ay qabaq
Atası əbdullah hazırlaşaraq
Ticarətlə bağlı gedir səfərə
Şam adında məşhur qədim şəhərə.
Yükünü tutaraq qayıdan zaman
Yəsrib şəhərində köçür dünyadan.
Nə əbdullah gördü əziz körpəsin
Nə də oğlu duydu ata nəfəsin.
Onun mövlud günü sübh vaxta düşdü
Sanki bir anlığa aləm dəyişdi.
Cahan birdən–birə nura bələndi
Bütlər parçalanıb yerə ələndi
Küfrün yer üzündə laxladı adı
Kəsranın eyvanı çat–çat çatladı.
Söndü ibadətgah olan ocaqlar
Sava gölü batdı məhv oldu nə var.
Ağıllı kahinlər xəbər verdilər:
– Haşimi nəslindən gəldi Peyğəmbər.
Allahın hökmünə boyun əyəcək
“La–ilahə–İlləllah” o deyəcək.
Münəccimlərdən də deyənlər oldu:
“Bu gecə əhmədin ulduzu doğdu”.
Bilmirəm o günü vəsf edim necə
Tarix görməmişdi belə bir gecə.
Buludlar çəkilib açdı göyləri
Ay da öz nuruyla bəzədi yeri.
O gecə islamın parladı taxtı
Məkkənin qütbündən ulduzlar axdı.
Əbdül Müttəlib də nəvəsi üçün
Ziyafət elədi düz yeddinci gün.
Qohumlar–yaxınlar sordular: – Nədən
Mühəmməd ismini verdin ona sən?
Bu adı nəslində yoxdur daşıyan:
– Röyada bunları gördüm bir zaman.
Belimdən bir böyük ağac göyərdi
Budaqları qərbə şərqə dəyirdi.
Bütün ölkələrə kölgəsi düşür
Get–gedə bu ağac daha böyüyür.
Hər yerdən axışıb insanlar gəlir
Ağaca sitayiş səcdə edilir.
Ayılıb özümü alanda ələ
Yuxumu yozanlar söylədi belə:
– Rəbbinə həmd–səna eyləsən əgər
Nəslindən dünyaya bir uşaq gələr
Allahın ən yaxın bəndəsi olar
Onun ətrafına hamı yığılar.
Odur ki adını qoydum Mühəmməd
Bu ad “bəyənilmiş” deməkdir əlbət.
Özüm görməsəm də edirəm güman
Bu əziz nəvəmi gələcək zaman
Göydə Haqq yerdə xalq çox sevəcəkdir
Onunla çoxları fəxr edəcəkdir.
Məkkə şəhərində bir qayda vardı
Çox zaman havası ağır olardı.
Körpə uşaqları şəhərdən kənar
Səfalı yerlərdə saxlayardılar.
Ərəb adətincə Mühəmməd üçün
Süd anası tapdı babası bir gün.
Həlimə adında qadına verdi
O da obasına aldı gətirdi.
Mühəmməd onlara gələndən bəri
Kasıb ailənin güldü üzləri
O evə qədəmin qoyandan Həzrət
Özüylə gətirdi xeyir bərəkət.
Uşaq da meylini saldı qadına
“Mənim anacığım” deyərdi ona.
Mühəmməd beş yaşda olduğu zaman
Yaşıdları ilə oynadığından
Badiyədən kənar çıxırlar düzə
Qəfildən baş verdi belə möcüzə.
Cəbrail yanında bir neçə mələk
Həmin uşaqlara yaxın gələrək
Birincisi sordu: – Gör o hansıdır?
İkinci göstərib dedi:– Bax odur!
Cəbrail ahəstə: – Gətirin dedi.
Tarixdə olmayan hadisə idi.
Uşaqlardan kənar etsinlər deyə
Tədricən aldılar onu dövrəyə.
Cəbrail işarə verdiyi zaman
Mələklərin biri hiss olunmadan
Allahın əmriylə qəlbinə girir
Köksünü açaraq genişləndirir.
Kindən vəsvəsədən qəlbini yuyur
Elm hikmət iman nuru doldurur
Sonra kürəyinin tən ortasından
Möhür irilikdə vurdular nişan.
Onun süd qardaşı bunu görərək
Bir baş evə qaçdı divanələrtək.
Ata–anasına çatdırdı xəbər
Onlar da bu işdən heyrətləndilər.
Eşitdiklərindən qorxuya düşən
Həlimə həyəcan içində ikən.
Onda görünəndə qeyri–adi hal
Uşağı Məkkəyə gətirdi dərhal.
Baba nəvəsini alıb sevindi.
Həlimə bəxşişlə evinə döndü.
Həzrət altı yaşa çatdığı zaman
Anası Aminə köçdü dünyadan
İki il babası saxladı onu
Bilmədi yetimlik nə olduğunu.
Babasının ömrü çatmışdı sona
Vəsiyyət eylədi oğlanlarına:
– Mən daha gedirəm bu nəvəmi siz
İncidib qəlbini üzməyəsiniz.
Abbasın külfəti böyükdür –dedi
Əbu Ləhəbəsə belə söylədi:
– Zənginsən ancaq çox daş ürəklisən
Bunu hiss edirəm hərəkətindən.
Bu yetimi sənə etsəm etibar
Səndə nə məhəbbət nə mərhəmət var.
Zalımsan qorxuram məndən sonra sən
Uşağın qəlbini qıra bilərsən.
Kobud hərəkətin könlünə dəyər
Nadan rəftarından bezib inciyər.
Bu müdrik qocanın sözləri haqmış
Sanki ilahidən qəlbinə axmış
Əbu Ləhəb ilə həm əbu Cəhl
Ömrü boyu ona düşmən oldu bil.
O necə də bilmiş keçəcək zaman
Nəvəsinə nazil olanda Quran
“əbu–Ləhəb” adlı surə enəcək
Onun ayələri belə deyəcək:
“əlləri qurusun əbu Ləhəbin.
Qurudu da” onun əlləri lakin
“Alovlu atəşə o girəcəkdir
Var–dövləti fayda verməyəcəkdir
Cəhənnəm odunda yandığı zaman
Övrəti olacaq odun daşıyan”.
Babası uşağı vermədi ona
Üzünü çevirdi başqa oğluna.
Əbu Talib dedi: – And olsun sənə
Göz üstə saxlaram onu ver mənə.
Mənim az olsa da varım sərvətim
Qardaşım oğluna var məhəbbətim.
Atası oğlundan razılıq etdi
Uşaq əmisinin evinə getdi.
Əbu Talib ona oldu mehriban
Ayırmadı onu övladlarından.
On iki yaşında olanda uşaq
Əsla xoşlamazdı oyun oyuncaq.
Şərəfli işlərə həvəsi vardı
Bir işi görəndə çox zövq alardı.
Əmisinə kömək məqsədi ilə
Qoyun otarmağa gedərdi çölə.
Bir dəfə əmisi səfərə getdi
Onu da özünə yardımçı etdi.
Gəlmişdilər Busra adlı şəhərə
Gördülər burada başqa mənzərə.
Bahira adında bir rahib keşiş
Mühəmmədi görüb belə söyləmiş:
– “Lat və Üzza” haqqı bir sualım var
Cavabını düzgün de mənə aşkar.
Uşaq dedi: – Bütə mən and içmirəm
Bütpərəstliyə də nifrət edirəm.
Buheyra Allaha and verdi ona
Sual cavabını çatdırdı sona.
Dedi: – Kitablarda var belə xəbər
Gələcək axirəzzəman Peyğəmbər.
Kürəyində gərək nişanən də var
Mübarək kürəyin açıb baxdılar
Rahib görən kimi baş əydi ona
Allahın sevimli son Rəsuluna.
Əmisinə dedi: – Şama getmə sən
Getsən bu uşağı itirəcəksən.
Şamda yəhudilər duyuq düşərlər
Çünki onlarda da var belə xəbər.
Gəlibdir islamın son Peyğəmbəri
Xətaya düşərsən qayıdın geri
Əbu Talib elə o gün o axşam
Alış–verişini eylədi tamam.
İnandı rahibin buyurduğuna
Qorxudan etiraz etmədi ona.
Gördü ki ağıllı məsləhət verir
Karvanı Məkkəyə tərəf döndərir.
On yeddi yaşında ikinci kərə
Əmisi Abbasla getmiş səfərə.
O zaman Yəməni səyahət etmiş
Dostları ilə paylaş: |