Çırağı sönməyən poeziya



Yüklə 1,58 Mb.
səhifə3/10
tarix22.01.2018
ölçüsü1,58 Mb.
1   2   3   4   5   6   7   8   9   10

MƏHƏBBƏT LİRİKASI
Dünya poeziyasının müxtəlif inkişaf dövrlərində, mər­hə­lələrində əsas mövzulardan biri məhəbbət mövzusu olmuş, mənə­viy­yatın təkamülü isə "bir kişinin bir qadına məhəb­bə­ti"ni "insanın Allaha məhəbbəti"nə qədər yüksəltmişdir. La­kin in­sa­nın "Allah axtarıcılığı” ehtiyacı heç zaman bir mə­qam­da qərar tuta bilmədiyinə görə, "Allaha məhəbbət"in yerini gah bu, gah da digər bir varlıq tutmuşdur. Lakin poe­ziyanın föv­qü­nə qalxmış sufizmə görə, "hər hansı halda sufi­nin əsl məs­cidi sevgilinin yaşadığı ürəyidir ki, ona mü­səl­man da, kafir də eyni cür ibadət edir (31, 25).

Yeni dövr liri­kaya ol­duq­ca realist hisslər gətirdi, onu göylərdən yerə en­dir­məyə çalışdı, ancaq böyük sənətkarların "ifa"sında o, yenə də ilahi məzmuna malik olaraq qaldı.

Əli Kərimin məhəbbət lirikası nə qədər avtobioqrafik məqamlara malik olsa da, ümumiyyətlə məhəbbət haqqında düşünmək onun gözəlliyini, möhtəşəmliyini dərk etmək üçün geniş imkanlar verir. Hər şeydən əvvəl ona görə ki, təbiidir, səmimidir...

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Əli Kərim mə­həb­bətinin "dil"i aydındır – xalq əsrlər, minillər boyu necə sev­mişdirsə, şair də elə sevir, bizim bir sıra qrafomanlar ki­mi yeni "məhəbbət fəlsəfəsi" icad etmir, əksinə, əbədi "mə­həb­bət dastanı"nın yalnız ona məxsus fəlsəfəsini yazır, tarixi hissləri yenidən yaşamaq məharətinin poetik ləzzətini nüma­yiş etdirir.

S.Vurğun lirikanın səciyyəsindən bəhs edərkən deyirdi: "Həyatımızın çoxtərəfli və rəngarəng olması lirik formaların da rəngarəngliyi üçün imkan yaradır, lirik şairdən surətlərin müxtəlifliyini, canlılığını və boyaların rəngarəng bolluğunu tələb edir. Lirika zəmanəmizin ən qabaqcıl ideyalarını təbliğ edərək vəhşi eqoizm əleyhinə insanı, onun iradəsini və şəx­siy­yətini zəiflədən və pozğunlaşdıran bədiilik əleyhinə, insa­nı şikəst edən, fəaliyyətsizliyə çəkən hisslər əleyhinə müba­rizə aparır, yeni insani hissləri təsdiq edir” (74, 22).

S.Vurğunun bu sözləri onun böyük məktəbinə daxil olan, daha doğrusu, həmin məktəbin parlaq nümayəndəsi olan Əli Kərimin lirikasına, xüsusilə məhəbbət lirikasına da aiddir. "Özünü idarə edərkən" şəxsi-fərdi dünyası ilə ümu­mi-ictimai dünya, mənəvi-aləm arasındakı harmoniyanı söv­qi-təbii ilə tə­min edən şair Azərbaycan lirikasında nəinki uzun illər qala bilən, hətta onun səviyyəsini, bədii xarak­te­rini müəyyən edə­cək gözəl sənət nümunələri – məhəbbət şeir­ləri yaratmışdır. Əli Kərimin məhəbbətə münasibəti in­san­lığın ən ülvi təza­hürünə, ən yüksək özünüifadəsinə mü­na­sibətidir – şair dün­yanın ən gözəl mənzərələrini, ruhun ən sağlam, ən canlı, ən hu­manist “təcəllasını” məhəbbətdə gö­rür. S.Vurğun yazırdı: "Məhəbbətin hakim olduğu ürəklər ya­ğışdan sonra açılmış şəf­faf və ləkəsiz bir yaz səmasını andırır ki, orada yalnız ay­dın­lıq, al-əlvan şəfəqlər, təravət və qüdsiyyət görünür. Mə­həb­­bət insan qəlbini süzgəcdən keçi­rir, ötərgi və zərərli hiss­lər­dən təmizləyir, yaşamağın məna­sı­nı gözəlləşdirir, insanı xe­yirxah olmağa, alicənab və nəcib olmağa dəvət edir" (74, 49-50).

40-cı illərin ortalarında S.Vurğun yazdığı həmin sətir­lə­rə onu da əlavə edirdi ki, "müasir ədəbiyyatımızın ən nöq­sanlı cəhətlərindən biri də məhəbbət kimi müqəddəs, bütün insanlığı daima düşündürən və yaşadan bir amil haqqında dillər dastanı olacaq əsərlərin yaradılmamasıdır" (74, 49).

Əli Kərimin lirikasında məhəbbətin tərənnümü mühüm yer tutur. Bu lirikanın bədii qüdrəti insan qəlbinin duyğu və həyəcanları, insan gözəlliyini böyük sənətkarlıqla vəsf et­mə­sidir. Şairin şeirlərində qəlbin dərinliklərində işləyən, ürək tellərini ehtizaza gətirən, ruhlara, əsəblərə rahatlıq çiləyən dərin lirizm, hiss və həyəcan vardır. Şairin istər ideya məz­mu­n, istərsə də forma etibarilə çox zəngin olan lirikasında insan mə­həbbətinin inikası xüsusi yer tutur. Ancaq onun əsər­­lə­rin­də­ki məhəbbət heç də intim, fərdi hisslərin ifadəsi ol­mayıb, dərin ictimai mahiyyət daşıyır. Lirika onun doğma yurdu­mu­za, təbiətə həsr olunmuş şeirlərində, həsrət nəğmə­lə­rində da­ha güclüdür. Belə şeirlərdə zahiri dəbdəbə, gurul­tulu sözçü­lük, lüzumsuz, quru ritorika yoxdur. Bu şeirlərdə insan qəl­bi­nin ən dərin hissləri, incə zərif duyğuları, düşün­cə­ləri ehti­rasla, sənətkarlıqla tərənnüm olunur, həyatın gö­zəl­lik­lərin­dən kam almağa, təbiəti, eli-obanı qaynar məhəb­bətlə sev­mə­yə, həyatın, məhəbbətin qədrini bilməyə, mənalı ömür sürməyə çağıran şair qəlbinin sədası eşidilir.

Poeziya oxucunu böyük işlərə, nəcib amallar uğrunda mübarizəyə səsləməklə bərabər, ona yüksək estetik zövq, pak və ülvi hisslər aşılayır. Bu baxımdan, şairin şərti olaraq mə­həb­bət lirikasına aid etdiyimiz şeirləri təqdirəlayiqdir. Əli Kərimin gözündə məhəbbət insanın gözəlliyinə və kamalına pərəstiş, həyat sevgisi, insanpərvərlik, dostluq, vəfa və səda­qət deməkdir. Şairin lirikasında həyatın yaradıcı qüvvəsi, yaraşığı olan insan, onun kamal və gözəllikləri yüksək bədii dillə tərənnüm edilmişdir. Həyat sevgisi Əli Kərimin ilham mənbəyidir. Əli Kərimin lirikasında məhəbbət yüksək ülvi duyğular əsasında qurulan həyatdır. Bu məhəbbət zəngin da­xili aləmə malik olan insanın məhəbbətidir. Əli Kərim həya­tın mənasını, məqsədini məhəbbətdə görür.

Əli Kərimin şeirlərində lirik qəhrəmanın məhəbbəti uca bir hiss kimi təsvir və tərənnüm olunur. "Qız baxır uzaq­lara", "Söz dedin...", "O qıza", "Sevirəm", "O qız kimə qis­mətdir", "Sənin baxışını yığdım gözümə", "Sənsiz nə çə­tin işim gecə ilə barışmaq" şeirləri dediklərimizə misal ola bi­lər. Burada şair sevgini yerin nəfəsi, zamanın ruhu, dövrün ni­şanələri zəminində mənalandırır. Şairin fikrincə əsl məhəb­bət belə olmalıdır.

Şairin məhəbbət mövzusunda yazdığı şeirləri özünə­məx­susluğu, bənzərsizliyi, səmimiliyi ilə diqqəti cəzb edir. Müəllif heç zaman məhəbbətin sehrindən, cazibəsindən ay­rıla bilməmiş, bu mövzuda yeni-yeni əsərlər yazmışdır. Şai­rin lirik qəhrəmanı daxili dünyasının saflığı, paklığı, tə­mən­n­asazlığı ilə seçilir.
Gecə də,

gündüz də,

fikrimdə sənsən.

Mən kimin fikrində, yaşayım, söylə?

De hansı bir ürək qəbul eləyər.

Məni sən ünvanlı

dərdlə, gileylə.

Hansı bir ürəyə yan alsam əgər,

Dərdimin adından biləcək yadam.

Biləcək,


gəlməyəsi,

köçəri quşam,

Uzağam,

soyuğam,


dərdəm,

Fəryadam,

əgər olsa,

Qonaq olsa, eləyər,

Rəhm edib gözümün məhzunluğuna,

Mənsə səhər durub gizli qaçaram,

Utanıb, əlvida demərəm ona! (47, 162)
Poeziyada öz səsi, öz yaradıcılıq xüsusiyyətləri ilə fərq­lənən Əli Kərimin sevgi şeirlərində hisslərin coşğunluğu ilə yanaşı, bir sakitlik, mülayimlik, səmimiyyət də nəzərə çarpır. Riyakarlıqdan uzaq olan təmiz bir məhəbbət haq­qın­da deyilmiş bu misralar nə qədər qəlbə yatandır, həm də fikri dürüst ifadə edən axıcı misralarda məna aydınlığına diqqət yetirilmişdir. Belə şeirlərdə narazılıq, məzəmmət, giley-gü­zar və bəzən də qəzəb hissi sakit, mülayim ifadələrlə verilir.

Xatirələr, şirin sevgi xatirələri... Məhəbbət xatirələri... Şair ötən günləri yada salaraq, “Nə xoşbəxt imişəm bir za­man, Allah, Xəbərim olmayıb bu səadətdən” deyir, ürək ağ­rısı ilə qəhrəmanının xarakterində baş verən də­yişikliyi poetik şəkildə ifadə edir.


Dilin quruyaydı sənin, ay həsrət,

Sən bu gün könlümü tarımar etdin.

Ya bunu vaxtında deyəydin mənə,

Ya da ki lal olub heç dinməyəydin.


Dünya başdan-başa səadət imiş,

Görəsən, heç bir də olarmı yenə?

Dünya başdan-başa nə imiş dedin?

Dünya başdan-başa nə imiş, de nə? (47, 169)

Şairin məhəbbət mövzusundakı şeirləri formaca təzə­dir, oynaqdır. Bu şeirlərin əksəriyyətində se­vənlərin və sevilənlərin məhəbbətinin ülviliyini, paklığını qo­ru­yub sax­la­maqla yanaşı, “bir sözün iki hecası ki­mi” qəlbləri fərəh his­si ilə döyünən gənclərin daima bir yerdə olmalarını arzu­layaraq deyir:
Xeyli vardır,

bir sözün qoşa hecası kimi,

ayrılmazdır qəlbimiz.

Vüsalın tünd ətirli,

Bahar səltənətində

Xoşbəxt ömür edirik biz.

Həyat adiləşibmi

Sevincin çoxluğundan. (47, 157)


Şairin məhəbbət mövzusunda şeirləri heç də az deyil. Eyni mövzuya bu qədər əsər həsr etmək şairdən bu aləmin hər dəfə yeni xüsusiyyətlərini göstərmək bacarığı tələb edir. Əli Kərim bu işin öhdəsindən gələ bilirdi. Şairin məhəbbət şeirlərində diqqəti cəlb edən yaxşı keyfiyyətlərdən biri də budur ki, o, məhəbbət və gözəlliyi zahirdə deyil, insan ruhu­nun ən gizli nöqtələrində axtarır.

Sevgi, ana məhəbbəti və başqa hisslərin tərənnümü klas­sik şeirimizdən gələn ənənələrdir. B.Q.Belinski yazırdı: "Sevgini nə qədər idealizə edirlər-etsinlər, yenə bunu gör­mə­mək mümkün deyildir ki, təbiət bu gözəl hissi insanlara on­ların səadəti üçün verdiyi qədər, bəşər nəslini artırmaq və sax­lamaq üçün vermişdir. Yer üzündə insan nə qədər çox­dur­sa, sevgi növləri də o qədər çoxdur, çünki hər kəs öz temperamentinə, öz səviyyəsinə və s. müvafiq tərzdə sevir. Hər şairə məhəbbət özünə görə həqiqi və gözəldir" (9).

Əli Kərimin "Baxışın üzümdədir", "Çətin görüş", "Nə vaxt görüşmüşük", "Fikrimdə sənsən", "Qəribsədim uzaq­lar­da" və s. saf məhəbbəti, sevgiyə inamı, möhkəm sədaqəti təbliğ edən əsərləri hiss-həyəcan dolu şeirlərdir. Bu əsərlərin qəhrəmanları safqəlbliliyi, məhəbbətində fədakarlığı, ən başlıcası isə həyata, həyat hadisələrinə, məhəbbətə müasir baxışı ilə fərqlənən bir aşiqdir. O, öz sevgilisinin məziy­yət­lə­ri ilə bərabər nöqsanlarını da görməyi bacarır. Bu aşiq öz sev­di­yi­nə bəzən həddən artıq məftun olur, ancaq bu məf­tun­luq onu real həyatdan, torpaqdan ayırmır. Sevgilisinin xoş çöhrəsi, şi­rin söz-söhbətləri aşiqə hədsiz sevinc gətirir və o, bu də­qiqələrdə keçirdiyi səmimi hissləri oxucu ilə bölüşərək deyir:
Sənin baxışını

yığdım gözümə.

O xoş ətrini də

səpdim evimə.

Sözün də qapımın

ağzında durdu,

O bir hasar oldu

hər gələn qəmə. (40, 140-141)

Şairin məhəbbət şeirləri içərisində həsrət, ayrılıq və bunlardan doğan iztirab motivləri də güclüdür. Vüsal dəmi, ayrılıq iztirabı heç aşiqin xəyalına da gəlmir. O, elə sanır ki, sevgilisinə deyilən sözlər qurtarıb, ona baxmaqdan da hələ­lik doymur. Lakin bir gecəlik ayrılıq qəhrəmanın ürəyini əzaba salır, "intizarın, həsrətin şıltaqlığı" ilə heç cürə barışa bilməyən aşiq ona laylay deyə-deyə yuxuya dalır.

Sənsiz nə çətin imiş

gecə ilə bacarmaq.

Nə şıltaqmış, nə tərsmiş

intizarın, həsrətin.

Nə məni qoyur yatım,

nə də özü yuxlayır.

Nə də rahat buraxır,

sənə şeir həsr edim.

Gecə yarıdan keçir,

mən yatmaq istəyirəm.

Görürəm həsrətinin

fikri tamam ayrıdır.

Ona laylay deyirəm...

dildən-əldən düşüncə

Məni yuxu aparır,

Əziyyət vermək üçün

birdən məni ayıldır. (47, 164)


Əli Kərimin məhəbbət şeirlərini oxuyarkən elə bil zərif bir meh əsir, bu meh şeirdə əvvəldən axıra kimi səni müşa­yiət edir. Şeir qurtarandan sonra da meh dayanmır, əksinə, yavaş-yavaş güclənir. Ona görə dayanmır ki, həqiqi şeir ha­mıda ya­şa­dığı, yaxud yaşaya biləcəyi hisslər doğurur, insan­da öz həyatı ilə bağlı paralel duyğular, assosiyalar oya­dır. Onun şair xəyalı həmişə hərəkətdə və narahatlıqla çır­pın­maq­dadır. Müxtəlif vəziyyətlərin, psixoloji anların bir-birinə qarışması, bir-birinə çevrilməsi kimi mürəkkəb pro­se­sin ifa­dəsi Əli Kərimin şeirlərində özünəməxsus şəkildə təzahür edir. Birdən ona elə gəlir ki, baxışları meridiana çevrilib, üs­tündə ölkələr, şəhərlər... Birdən ona elə gəlir ki, bir gecəlik Kür olub, çayla baş-başa verib ona səhərdən tamaşa edən şair, axır özü də Kürə dönür: "O göz" şeirinə diqqət yetirək:
Çilənəndə yağış,

ələnəndə qar.

Gah yerə baxıram, gah da ki, göyə.

Yağır qəlbimdəki bir xatirəyə

O zaman gözündən tökdüyün yaşlar. (43, 321)
Vaxtilə axan göz yaşları indi bir xatirəyə axır, özü də yağışlı, qarlı günlərdə. Görünür, bu xatirə belə bir günlə bağ­­lıdır, yoxsa "göz yaşının yağması" qəribə səslənərdi, ye­rinə düşməzdi. Aydın olur ki, bu göz yaşlarına görə kim isə əzab çəkir və onun təsəvvüründə hər il qanadlanıb göyə uçan yaş təkrar-təkrar üstünə qayıdır. Əvvəl xatirəyə, sonra üs­tü­nə yağan göz yaşları onu o qədər kövrəldir ki, axırda yağış­la, qarla birlikdə gözlərinə yağır.
Göylərə baxaram, artar qubarım,

Baxaram canlı bir intizar kimi,

Yağar gözlərimə o göz yaşların

Bəzən yağış kimi, bəzən qar kimi. (43, 322)


Bir itkinin, bir həsrətin illərlə artan ağrısı üç prosesdə, üç mərhələdə elə sənətkarlıqla canlandırılır ki, oxucu mü­rək­kəb bir psixoloji mənzərənin şahidi olur. Cəmi dörd bəndlik bir şeirin təsir gücünü "yağar", "qayıdar", "baxaram" sözləri daha da artırır: demək, o göz yaşları hələ də kiminsə xati­rə­sinə yağır, hələ də yağışla, qarla birlikdə kiminsə üstünə qayı­dır, hələ də kim isə "canlı bir intizar kimi" göyə baxır.

Xalq şairi Xəlil Rzanın dediyi kimi, "Əli Kərimin şair­lik gücü xarakter yaratmağındadır. Onun hər hansı şeirində li­rik qəhrəmanın, ya da konkret bədii obrazın aydın xa­rak­terini görürük” (72).

Əli Kərimin lirik qəhrəmanları məhəbbətə sadiq, mə­nə­vi cəhətdən birləşmiş sevgililərdir.

Əli Kərimin sevgi şeirləri içərisində özəl məhəbbət duyğuları daha coşğundur, obrazlar daha rəngarəngdir. Bu şeir­lərin hamısında alov, atəş, arzu, hicran, vüsal həsrəti əks olunub. Adsız bir şeirə nəzər salaq:


Mən səni istərəm, sən özgəsini,

Özgəsi özgəsin, özgə də məni.

Mən sevəndə sən sevmədin,

Mən gələndə gəlmə dedin,

Mən gedəndə getmə dedin.

Mən öləndə ölmə dedin,

Mən yaşadım – istəmədin...

Bu dünyada gəzmə dedin,

Ürəyimi üzmə dedin....

Baş açmadın bu sevdadan

Gördüm ki, bu hökmünlə sən

Bu dünyanın hakimisən.

Köçüb getdin bu dünyadan,

Sən ağladın, mən gülmədim.

Sükutuma bir söz dedi,

Aldat görüm ölümü sən. (43, 382)


Tədqiqatçı Sona Xəyal yazır ki, “şairin sevgi şeirlə­rin­də deyimlər diqqəti cəlb edir. Bu da Əli Kərimin özünə­məx­susluğudur” (32, 66).

Əli Kərimin sevgisi də niskil qədər güclüdür. Elə təkcə "İki sevgi" şeiri indiyə qədər məhəbbət haqqında yazılan bütün şeirlərdən təsirli deyilmi?


Gözəl qız, sən saf susan,

İki qəlb arzususan...

Mən ki səni sevirəm

İynənin ucu boyda

İşığa həsrət qalan

Göz işıq sevən kimi,

O isə səni sevir,

Bu şən mağarda, toyda

İşıqlardan yaranmış

Yaraşıq sevən kimi. (47, 158)


Şair bu şeirdə bir rəssam kimi "iki" şəxsin bir qıza olan hisslərini elə gözəl lövhələrlə, elə bənzətmələrlə, heç kəsin ağ­lına gəlməyən sözlərlə təsvir və müqayisə edir ki, gözü­nün önündə iki aşiqin əsl siması, iç dünyası açılır. Şairin ya­rat­dığı bu müqayisələrdə biz əsl aşiqi də, saxta aşiqi də görə bilirik. Bu, şairin böyük tapıntısıdır.

"Doğrudan da, bu balaca miniatür lirik parçada təmiz bir məhəbbətlə sevən, sevgidə hər cür riyakarlığa, əyriliyə, la­qeydliyə, süniliyə son dərəcə nifrət edən bir ürəyin çır­pın­tı­sını görürük. "İki sevgi" coşan, çağlayan büllur bir bu­laq idi ki, dibinə qədər görünürdü, axıra qədər açıq-aydın idi” (64, 43).

“Bu zərif, qəzəbli poeziyadan tökülmüş misraları oxu­yan zahirən gözəl, daxilən çirkin, murdar, nadan, məhəbbətə əyləncə, kef kimi baxan adamın – "o isə"nin "ünvanını öy­rən­mək", gedib ona demək istəyirdin: – sən məhəbbətdən, sevgidən uzaq bir vücudsan, sən daşsan, sən özündən razı bir gədasan, sənin sevib-sevilməyə heç bir mənəvi ixtiyarın yox­­dur, mane olma böyük eşqlə yaşayanlara" (64, 43).

Əli Kərim sözün əsl mənasında sözdür, şeiriyyətə bə­lən­miş, misralanmış söz karvanı: "Qayıt yerinə qoy ayı, günəşi, Yenə olduğu tək görüm həyatı”; “Qayıt, gözüm nuru, kön­lüm atəşi, Qayıt sahmana sal bu kainatı”; “Ürəyim sən deyən çox cavan deyil, Nə qədər dərdimi daşıyıbdır o"; "O qədər sürətlə vurub ki sənsiz, Bəlkə də lap yüz il yaşayıbdır o”; “Xeyli vardır, bir sözün qoşa hecası kimi ayrılmazdır qəl­bimiz”; “Eh, təki sən sağ ol, bu soyuq tale Məndən istəsə, bir can istə­yəcək”; "Dağıt başdan-başa yaşanılmamış Üstünü, altını ax­maq ömrünün"; "Sənsiz nə çətin imiş gecə ilə ba­rış­maq"; "Gözlərim sənə heyran olub... Baxışların meridian olub sancılıb dünyanın ən uca yerinə"; "De hansı bir ürək qə­bul eləyər Məni sən ünvanlı dərdlə, gileylə": "Sən mənim qədrimi biləsən deyə, Bu cavan yaşımda ölümmü indi"; "So­yuq, mavi baxışından elə bil ki, göyərdim mən” və s.

“Mən də bir aləməm, bir keçməkeşəm, şeirimin dayağı məhəbbətindir”, – deyən Əli Kərim şeiri bəlkə elə buna görə əbə­di­yaşardır. Bu müvəqqəti dünyanın məhəbbətdən savayı əbədi qala­caq nəyi var ki? Yaşayıb-yaradan, ölüb-yaşadan aşiqlə­rin hər biri bir aləm deyilmi? Həyat davam edir, gələn gəlir, ge­dən gedir, dünyada qalan təkcə məhəbbət nağılları, mə­həb­bət nəğmələridir. Əli Kərim deyir:
Göydə günəş sönər, sönmərəm yenə,

Məhəbbət yolundan dönmərəm yenə,

Köçərəm dünyadan ölmərəm yenə,

Səsim torpaqdan da gələcək mənim. (43, 349)

Əli Kərimin məhəbbət lirikası özü bir kitabın möv­zu­su­dur. Bu şeirlərin məzmununu açmaq olar. Lirik qəhrə­manın hisslərini, duyğularını araşdırmaq olar. Əli Kərim şeirini başqa şairlərin lirikası ilə müqayisə etmək olar, bədii təsvir və ifadə vasitələrindən söz açmaq olar. Əli Kərim sö­zü­nün sehrinin cazibəsindən danışmaq olar. Şairin poeziya­sın­dan danışan hər bir müəllif onun məhəbbət şeirlərindən bəhs edib. Hələ uzun illər bundan sonra da şairin sönməyən arzularının işığı, onu sevən­lə­rin qəlbinin hərarəti onu sevən­ləri yaşamağa səsləyəcək, yollarını işıqlandıracaqdır.

Əli Kərimin poetik məntiqi, yazı üslubi o qədər inan­dı­rıcı, oxucu qəlbinə sirayətedicidir ki, bu şeirlər tez bir za­man­da dillər əzbəri olur. Tənqidçi Cavanşir Yusif­linin fikri ilə razılaşmamaq qeyri mümkündür: "Əli Kərim üs­lu­bunda, qələmə aldığı poetik nümunələrində bu cizgilər elə aydın­lıq­la nəzərə çarpır ki, birdən-birə sevdiyin qızın həs­rəti də in­sanın təsəvvür eləmədiyi bir şey kimi məna­lanır" (79, 142).

Burada həsrət – təkcə sadəcə gözlənilən, fəraq odunda yanaraq arzu edilən bir şey yox, həm də bütün varlığa hakim kəsilən bir təşnəliyin, susuzluğun söndürülməsinə bənzər bir şeydir.
Həsrətin araya atdı dağ, dərə,

Sönən işıq oldun, batan səs oldun.

Qayıt, mənim gülüm, qayıt bu yerə,

Ey mənim istəyim, nə gəlməz oldun. (47, 153).


Gözlənilən nəsnə dünyanı, gerçəkliyi, necə deyərlər, "aşkarlayan" şeylərlə tən tutulur: “sönən işıq, batan səs... Ey mənim istəyim, nə gəlməz oldun” – yer qopsa, göy uçsa da, gəl­məyəcək, yetişməyəcək bir şeyi gözləmək həsrəti ilk ba­xış­dan belə təsir bağışlayır ki, şair bu mətləbi onun əl­çat­maz formasında təsvir etməyi poetik qəlibdə, model daxi­lin­də bir "mövqe" kimi seçmişdir. Bu, eşq aləmində ənənəvi Füzuli möv­qeyidir” (Yusifli C.). Ən dəhşətli şeylər də baş verir, ina­­nıl­maz nəs­nələr də çin olur, sən gəlmirsən. Çünki sən in­sana ömrünün bahasına başa gələn bir şeysən, əslində, möv­cud ol­ma­yan, an­caq insanın ömrünün mənasına çevrilən bir qədər, qismətsən.
Ümidlər, arzular pərən-pərəndir,

Qəlbə təsəllidir xatirələrim.

Bir halımı soruş, könlümü dindir,

Axşamlar yadıma düşür səhərim. (47, 153)


Bu həsrətin, bu fərağın içində aşiq o qədər başını itirib ki, onun "halını soruşmaq" lazımdır. Əsl mətləb sonra başlayır:
Qayıt, mənim gülüm, yerbəyer elə

Dərdli səhərləri, gecələri sən.

Çaşıb başqa yolu keçirəm elə,

Düz öz qaydasınca küçələri sən.


Qayıt, yerinə qoy, Ayı, Günəşi,

Yenə olduğu tək görüm həyatı.

Qayıt, gözüm nuru, könlüm atəşi,

Qayıt sahmana sal bu Kainatı. (47, 153)


Bu qədər gözləməyin, ürəyə dağ çəkən həsrətin mənası düzümlə, mövcud olanı pozub, yeni düzüm, yeni qayda ya­rat­maqla bağlıdır. "Kainatın sahmana salınması" motivi, ənə­nəvi həsrət, fəraq... mənaları adi qaydada işlənən söz­lərin içini – semantikasını, gözlə görünənlərin batinini – vurtual aləmi­ni dəyişir və onlara yeni anlam verir: "Çaşıb başqa yolla ke­çirəm elə, düz öz qaydasınca küçələri sən”.

Bəxtiyar Vahabzadə "Mənəvi dayaqlarımız" adlı məqa­lə­sində yazır: "Görün, insan mənəviyyatında sahmanın po­zul­ması Kainatla, kosmik obrazlarla necə bağlanıb! Görün, şair sevgiyə, insan münasibətlərinə necə yüksək səviyyədən baxır, bu münasibətlərin dramatizmi, gərginliyi necə ümu­mi­ləşdirilir. Şeir də bir gözəllik kimi kainatımızı sahmana salmalıdır" (73, 144).

Şair İ.İsmayılzadə isə bu şeirə münasibətini belə bil­di­rir: "Qayıt, sahmana sal bu kainatı". Təkcə bu misra hər şey deyir: doğma bir adamın həsrəti, gərəkliyi, onun bu dünyanı, kainatı kimin üçünsə sahmana salması – “dərdli səhərləri, ge­cə­ləri, Ayı, günəşi yerbəyer eləməsi” adi məntiqə sığma­yan bir poetik həqiqət kimi səslənir" (35).

"Azmaq istərəm" adlı şeirində Əli Kərim "Qayıt" şei­rində qoyulan motivin davamı və inkişafı haqqında danışır:


İtdim bir şəhərdə mən,

Ünvan çıxdı yadımdan.

Oldum ki, elə qərib,

Hətta qorxdum adımdan.

İndi Şərq nə,

Qərb nədir,

İndi çox qəribədir.

İndi sol da sağımdır,

İndi sağ da solumdur.

Bütün şəhər evimdir,

Bütün yollar yolumdur.

Mən azmaq istəyirəm,

Burda azdığım kimi –

dostun sədaqətində;

yarın məhəbbətində,

düşmənin nifrətində,

ömrümün möhnətində,

mən itmək istəyirəm. (43, 262-263)


Əslində hər iki şeirdə Əli Kərimin bütün yaradıcılı­ğın­da əsas motiv, bilinsə də, bilinməsə də, həsrət, möhnət, ayrı­lıq­dır. İlahi mənada varlığın hər bir sualına cavab tapmaq məna­sında. Ba­yaq həsrətdən, möhnətdən başını itirən aşiq üçün baş­qa bir "se­mantik gərginlik sahəsi" yaranır – bütün istiqa­mətlər, tə­rəflər bərabərləşir, bir olur, necə deyərlər, dünya bir üfiqi xətt boyunca düzülür, indi sağ da solumdur, indi sol da sağımdır.

Ədəbiyyatşünas Cavanşir Yusifli yazır ki, "bu hələ bir mətləbin işartısıdır, adi bir məntiqin nəticəsidir: sən bütün hə­yatımı, bütün dünyanı dondurmusan, çıxıb getməyin dün­ya­nın səhmanının pozulması deməkdir; sonralar bu məntiq bir az da başqa bir dillə geniş şəkildə intişar tapacaqdı: sən getdin elə bil dünya boşaldı... və s...

Ancaq Əli Kərimin "Qayıt" nidası bütün bunlardan fərq­li olaraq bambaşqa bir mətləbi də çevrələyir, onu dərk et­diyin zaman dünyanın dibinə daş atdığını əyani şəkildə gö­rürsən. Səmt, istiqamət dəyişir, bu şeirdə məna ilə oyun son həddədir, bu həddin içində sevgi, məhəbbət, yarın həs­rə­ti, son dərəcə şərti forma alır, dünyanı, zamanı dərkin sonra­kı növbəti qatların zahirə çıxmasının, müəyyən düzüm için­də oxunmasının vasitəsinə çevrilir" (78, 74-75).

"Qayıt" şeiri meydana gələnə qədər (qəribə deyil ki, bun­dan sonra da!) bu mövzunun üstündə köklənən küllü miq­darda şeirlər, nəzm parçaları yaranmışdı. Ancaq bunların heç biri Əli Kərimin "Qayıt" şeiri kimi yadda qalmamışdı.

Əkbər Əlioğlu isə bu şeir barədə belə deyir: “Bu şeirdə haqsız olaraq talanmış, boş, kimsəsiz qalmış qəlbin fəryad­ları, təlatümləri eşidilir. Şairə görə, ayrılıq hicri, ümidləri, ar­­zu­ları pərən-pərən etmişdir. Qəlbə təsəlli verən isə yalnız xa­­tirələrdir. Lirik qəhərman onu hicrə salanın qayıtmasını is­tə­yir. Ona görə ki, onsuz qəlbi borana, tufana tutulmuş, hə­yat sanki əvvəlki simasını itirmiş, nə isə elə bil kainat öz oxun­dan çıxmış, korlanaraq nizamsız bir vəziyyət almışdır” (18).

Şairə görə, ayrılığın doğurmuş olduğu iztirablar qəlb­dən çıxarsa, hər şey öz qaydasına düşər, həyat öz əvvəlki məcrasına qayıdar.

Sevgi elə ülvi, müqəddəs və toxunulmaz bir aləmdir ki, onun haqqında cild-cild kitablar yazılmış olsa da belə, yenə də cazibəli, ecazkar sirri ilə bizi yandırır. Tanınmış alim Asif Əfən­diyev isə “Ali bir müəllimdir mə­həb­bət! Əhli-kamal edər adiləri. Kamal, duyğu, kamil fikir bəxş eləyər insanla­ra”(16, 94).
Gəl, yiyəsiz qalıbdır könlümün məhəbbəti.

İşdir üz-üzə gəldik... Onda məndən utanma,

Ürəyindən keçəni nə gizləmə, nə danma,

Gizləmə ki, danma ki, gedər hərə bir yana;

Qoyma canım od tutub yana, ömürlük yana.

Gözümdə, könlümdə qəm,

Yollarına bitmişəm.

İlk baharı gözləyən cavan ağac kimi.

Baharı gözləyirəm... Ay qız, gəl bahar kimi. (47, 96)

Əli Kərim belə bir aləmin, belə bir bəşəri hissin, belə bir kamil ucalığın nəcib, təmiz və təzə hisslərlə bədii mən­zə­rəsini çəkmişdir. O belə bir aləm üçün elə bir qəlb arzulayır ki, o dahi “rahat olmaya, çırpına, alışa, yana”. Bununla əla­qədar olaraq:


Mən sən ünvanlı bu dərdlə, gileylə.
Hansı bir ürəyə yan alsam əgər,
Dərdimin adından biləcək yadam.
Biləcək gəlməyəm, köçəri quşam,
Soyuğam, uzağam, dərdəm, fəryadam.
Əli Kərimin məhəbbət lirikasının üç xüsusiyyəti diq­qəti xüsusilə cəlb edir. Bunlardan birincisi onun ehtiraslı, ener­jili bir lirika olmasıdır – şairin lirik qəhrəmanının sevgi­si bütün konkretliyi, aydınlığı, bir sıra hallarda isə "na­tu­ra­lizm"i ilə duyulur, hiss edilir. İkinci xüsusiyyət onun fəl­sə­filiyidir – lirik qəhrəman sadəcə sevmir, həm də sevgisi haq­qında düşünür, onun gözəlliyini dərk etməyə, ondan ilham almağa çalışır. Üçüncü xüsusiyyət isə şairin məhəbbət liri­ka­sının əxlaqiliyidir, mənəvi təmizliyi, ruhi saflığıdır. Bu üç xüsusiyyət Əli Kərimin məhəbbət şeirlərinin, demək olar ki, hamısında mövcuddur. Məsələn:

Nə xoşbəxt imişəm bir zaman Allah,

Xəbərim olmayıb bu səadətdən.

Nə xoşbəxt imişəm,

nə xoşbəxt,

xoşbəxt! (47, 168)

Ürəyimdə sözüm var, ürəyimi yandırır,

O elə sözdür ki, dosta, yada deyilməz.

Gəl, yiyəsiz qalıbdır könlümün məhəbbəti.

İşdir üz-üzə gəldik.... Onda məndən utanma,

Ürəyindən keçəni nə gizləmə, nə danma.

Gizləmə ki, danma ki, gedər hərə bir yana,

Qoyma canım od tutub yana, ömürlük yana,

Səni harda axtarım? De nəçisən, De kimsən?

Tez ol görün, tez ol gəl, axtarıram səni mən!

Gözümdə, könlümdə qəm,

Yollarına bitmişəm.

Gəl baharı gözləyən cavan ağaclar kimi,

Baharı gözləyərəm...

Ay qız, gəl bahar kimi. (43, 296-297)


Əli Kərimin məhəbbət lirikası da ideya-estetik qayna­ğını xalq ədəbiyyatından götürür – müşahidələr göstərir ki, şairin həmin mövzudakı şeirlərində metafora sistemi, poe­tex­nologiya, əsasən xalq şeirində olduğu kimidir, lakin ide­ya, məzmun müasirdir. Əli Kərimin lirikasındakı məhəb­bət bu günün məhəbbətidir...

Əlbəttə, məhəbbət həm tarixi kateqoriyalar, həm də ədəbi dəyərlərə malikdir.

Sual olunur: mürəkkəb psixoloji baxımdan zəngin, "əsəbi" bir həyat yaşayan müasir insanın (və dövrün!) mə­həb­bəti hansı əlamətlərlə səciyyələnir? Fikrimizcə, bunlar­dan birincisi səmimilikdir. Səmimi olmayan məhəbbət nəticə eti­barilə insana əzab verər, onun daxili dünyasını saxta ro­man­tika ilə doldurar, mənasız stresslərin cövlan elədiyi bir mə­­­nəvi xarabazara çevirər. İkincisi əxlaqilikdir ki, bu mə­həb­bətdə səmimiliyin bilavasitə davamıdır – bu günün bö­yük məhəbbəti əxlaqlı bir məhəbbət olmalıdır, süni dəb­də­bədən uzaq olduğu kimi, hər cür insani, milli mənəvi də­yər­lərə də sədaqət nümayiş etdirməlidir. Üçüncüsü, bu günün məhəbbəti "tipologiya dövrü"nün özünəməxsusluqlarını nə­zə­rə alan realist bir məhəbbət olmalıdır, belə ki, bu gün orta əsrlərin romantik məhəbbəti nə həyatda, nə də ədəbiyyatda uğur qazana, özünə yer tuta bilməz, əksinə, həmin mə­həb­bət­lə sevənlər Don Kixot vəziyyətinə düşərlər.

Lakin qeyd etmək lazımdır ki, məhəbbətin özü də çoxas­pektli hadisələr – "bir kişinin bir qadına" sevgisindən baş­layan bu hiss olduqca ülvi yüksəkliyə qalxmış, diferen­si­yal xüsu­siyyətlər kəsb etmişdir. Müasir dövrdə məhəbbətin ən mühüm, həlledici təzahür forması kimi həyat eşqi özünə inam duyğusu ilə üzvi surətdə bağlıdır. Özünə inam olmayan yer­­də həyat sevgisi də yoxdur. Həyat sevgisi, özünə inam ol­mayan yerdə isə şəxsiyyətdən danışmaq mənasızdır" (23, 105).

Əli Kərimin tərənnüm etdiyi məhəbbət insanı şəxsiyyət kimi ucaldan, onun cəmiyyətdə nüfuzunu, hörmətini artıran, özünün də daxili kamilləşməsində əsaslı rol oynayan məhəb­bətdir – bu möhtəşəm məhəbbətin qarşısında nə Şərq, nə də Qərb hökmdarları davam gətirə bilməmişlər. Təsadüfi deyil ki, böyük Nizaminin "Xəmsə"si orta əsrlərdə hökmdarları tər­biyə edən məhəbbətin yüzillər boyu yaşayan obrazını ya­rat­maqla ona əbədi heykəl ucaltmışdır. Müasirimiz olan şai­rin öz dahi sələfindən öyrənməsində, onun ideyalarını mü­dafiə etməsində, bu günün məhəbbət lirikasının qəhrəman­la­rı­nın hətta "Xəm­sə"nin yarandığı dövrdən də qədim tarixdən sev­məsində, elə bilirik ki, qeyri-təbii heç nə yoxdur. Əksinə, bu cür "tari­xi­lik" dünyanın əşrəfi olan insanın ən ülvi hisslə­rinin əbədiliyini göstərir.

Şair T.Mahmud yazır: "Əli Kərimin sevgi şeirlərində təmiz, böyük, uca, ülvi məhəbbət duyğularının tərən­nümün­də kövrəklik vardır. O, həmişə sədaqətin, düzlüyün, saflığın, etibarın, təmizliyin tərəfində olmuşdur" (54).

Məhəbbətsiz cəmiyyət, sevgidən məhrum ictimai mü­na­sibətlər Əli Kərim lirikasında mənəvi boşluq timsalıdır – şair yalnız böyük məhəbbəti tərənnüm etməklə deyil, həm də birbaşa olaraq bu cür cəmiyyəti, bu cür ictimai münasibətləri qəti bir şəkildə, lakin fəlsəfi müdriklik və poetik "diploma­ti­ya" ilə tənqid edir.
O, elmin müqəddəs astanasından

endi yavaş-yavaş,

küsküncə getdi.

Səsləyən olmadı onu arxadan,

gözlərdən yox olub

hardasa itdi.

İndicə yığışıb hamı bir yerə,

– Bəs kimdir, bəs kimdir müqəssir – deyir.

Amma belə yerdə deyəsən gərək:

aramızda bəs kim müqəssir deyil! (47, 81)


Məhəbbətin ictimailiyininin inkar olunması, sovet sə­nət ideologiyasının yayıldığı ilk illərdən sevgi poeziyasının kitabların sonuna düşməsi, hər cür kədərin, o cümlədən mə­həbbət iztirablarının inkar olunması, "ələmdən nəşəyə" fəl­sə­fəsi Əli Kərim kimi böyük bir sevgi şairini, məhəbbət filo­sofunu, təbii ki, təmin edə bilməzdi.
Eşqdir mehrabı uca göylərin,

Eşqsiz ey dünya, nədir dəyərin?!


– deyən dahi sələfindən az qala min il sonra Əli Kərim bu böyük həqiqəti bir daha təsdiq etməli olur.

İnsan mürəkkəb məxluqdur bizim fikrimizcə insanın mə­nəvi dünyasında harmoniya yaradan ən böyük qüvvə mə­h­əb­bətdir, lakin burada söhbət stixiyalı deyil, dərk olun­muş, ictimai enerjiyə çevrilmiş məhəbbətdən gedir. Mütəxəs­sis­lər göstərir ki, müasir insanın bir sıra göstəriciləri eyni vaxt­da heyvanlara da aiddir; nəsil qayğısı, sərvət ehtiyacı, popul­ya­siya daxili iyerarxiya, sosiologiya, konservatizm, mən­lik, qar­şıdurma, təkamül inkişafı, rəqabət, enerji axını və s. (47, 16).

Lakin bu xüsusiyyətlər insanda ibtidai formada yox, kamil vəziyyətdədir. Məsələn, “İnsanın da mənliyi bioloji gös­­tə­ricilər ilə bağlanır, sonra isə mənəvi-sosial-psixoloji gös­­tə­ricilərdə zənginləşir və güclənir. Rəqabət – heyvanlar arasında yalnız bioloji rəqabət olduğu halda, insanın rəqabəti çoxcə­hət­lidir; onun dünyəvi və mənəvi fəaliyyətinin müxtə­lif aspektini əhatə edir (47, 17).

Əlbəttə, biz incəsənətin, o cümlədən də poeziyanın ya­ranmasında freydist təlim, yaxud nəzəriyyələrə haqq qazan­dır­maq fikrində deyilik. Lakin insanın dünyadakı mənəvi-əx­laqi yerini, xüsusilə məhəbbətə münasibətini müəyyən­ləş­dirmək üçün müqayisələr aparmağa istər-istəməz ehiyac du­yulur ki, həmin müqayisələr aparmaq üçün də ən münasib obyekt digər canlılardır. Məlum olduğu kimi, heyvanların tə­biətdə hər il 10-15 günlük seksualoji həyatı olduğu halda, in­san öz ömrünün yetkin müddəti boyunca istədiyi vaxt sek­sual əlaqədən ləzzət almaq imkanlarına malikdir – bu isə ona şərait yaratmışdır ki, “seksual əlaqəni bioloji mahiyyətdən daha çox mədəni-estetik zövq verən incəsənət xarakterli ma­hiy­yətə yönəltsin” (47, 17). Odur ki, incəsənətdə, xüsusilə məhəbbətin təsvirində, yaxud tərənnümündə seksuallıq ancaq “başlanğıc”, “artıq unudulmuş” bir çıxış nöqtəsi, mən­bə kimi əks olunmaq səlahiyyətinə malikdir. Eləcə də mə­həb­­bət lirikasında... Şair bu sahədə o zaman uğur qazana bilər ki, onun lirik qəhrəmanının “fizionomiya”sı açıq-saçıq­lı­ğı ilə görünməsin, yalnız ürəyi, ruhu görünsün. Əli Kəri­min məhəbbət şeirlərində böyük sənətin bu ali qanununun gözlənilməsi onun haqqında yazan, demək olar ki, bütün tən­qidçilər tərəfindən etiraf olunmuşdur.

Əli Kərimin şairlik gücü xarakter yaratmağındadır. "Onun hər hansı şeirində lirik qəhrəmanın, ya da konkret bədii obrazın aydın xarakterini görürük. "Aut"şeirində ilk sev­­gisini gizlədə bilməyən, sevdiyindən əli üzüləndən sonra şən­liyini, şuxluğunu, hamıya sevinc paylamaq vərdişini itir­miş tələbə qızın ruhi halları necə incə cizgilərlə göstəril­mişdir” (72).
İndi qız oynayır, məyus, mükəddər,

Əlinə top keçdi,

vurur kənara.

Bəzən fikrə gedir,

durur,

düşünür,



Top gəlir,

O vurur uzaq yollara. (48, 152)


Əli Kərim yadda qalan portretlər yaradır. Müasir Azər­baycan poeziyasında Əli Kərim şeiri musiqiyə ən çox yaxın­laşdıran şairdir – desək, zənnimizcə, yanılmarıq. Bu fikri sü­but etmək üçün onun bir sıra şeirlərini gərək bütün­lük­lə mi­sal gətirəsən. Şeirdə musiqi dedikdə biz fikir və duy­­ğuların qaynar axarını, bəzən dilə çətin gələn hisslərin zərifliyini, də­rinliyini verə bilməyi nəzərdə tuturuq. "Nə bu dərd gərək­dir uşaqlar üçün, nə də aramızda bu narazılıq" beyti ilə baş­la­nan adsız şeirin adsızlığı da təsadüfi deyil, bu­ra­dakı duy­ğu­lara ad vermək çətindir, çünki bunlar çox dərin bir mə­nə­viyyatın ocağında közərmişdir:
Çəkər məzuniyyət, qırılar ya da,

Haqlayar sizləri bir soyuq xəbər,

Ya da ki, onların toyuna bir gün

Toya çağrılmamış bir qoca gələr.


Baxıb tanıyarsan, gözünə o vaxt

İndidən dəyərsə xırda bir əsər.

Bəlkə də, qəlbinə yaylıq hənirli

Çox xəfif, çox zərif bir külək əsər.


Bir kəs də bilmədən oğurlayaram

Bir də uşaqların səadətindən.

Sonra yavaş-yavaş çıxıb gedərəm

Çox uzaq, çox uzaq qonaq kimi mən. (48, 171)


Bu zərif mənalı bir hissədə canlı insan hissləri, ürək hərəkəti Əli Kərim yaradıcılığında çox güclüdür.

Hələ gənc yaşlarında şairin qələmə aldığı "O qıza" adlı şeirinə diqqət yetirək.


Axtarıram mən səni,

Arayıram mən səni.

Soruşuram gözümlə ötüb keçəndən səni,

Axtarıram kitabda, arayıram həyatda,

Bilmirəm nə boydasan, nə görkəmdə, nə adda,

Sənin təhsilin nədir, sənin yaşın neçədir? (48, 105)


Burada məhəbbət sadəcə olaraq təsvir edilmir, əgər be­lə demək mümkünsə, göstərilir, həmin poetik lövhəni rəsm dilinə çevirmək üçün rəssama çox az şey qalır. Biz burada həyatın özünü, daha doğrusu, onun bir parçasını müşahidə etmək imkanına malikik.

Müasir dünya fəlsəfəsində fəlsəfi nəzəriyələrin həyata, insana doğru dönüşü get-gedə diqqəti daha çox cəlb edir. "Həyat fəlsəfəsi... bədii yaradıcılıq fəlsəfəni də poeziya qədər həyata, insanların praktik fəaliyyətinə yaxınlaşdırsın – həyatı fəlsəfi, fəlsəfəni həyati etsin” (34, 5). Həmin proses­də incəsə­nət, poeziya daha çox həyatiləşir, ictimai-mənəvi mü­nasibət­lə­rin vaxtilə səciyyəvi sayılmayan sahələrinin incə­liklərinə enir:

Sənə az dedimmi, sevmə ey könül,

Amma özüm dedim, özüm eşitdim.

Sən o vəfasızın ardınca uçdun,

Mən dönüb başqa bir tərəfə getdim.

Dedim ki, xoşbəxtəm sən aldanmısan,

Eşqi, məhəbbəti niyə danmısan?

Dedim ki, ay yazıq nahaq yanmısan,

Sən başqa, mən başqa bir mahnı ötdüm.

Sığındın sinəmə bir gün ağladın,

Olundun oraya sürgün, ağladın.

Yetim körpə kimi hər gün ağladın,

Dedim ki, nə əcəb murada yetdim.

Əli indi deyər, yenə yansana,

Gedib vurulsana bir başqasına,

Ondan gözəlinə, vəfasızına.

Vaxtında de, azmı nəsihət etdin?! (43, 304).


Lirik qəhrəmanın burada təsvir olunmuş hissləri ol­duq­ca həyati, zərif və zəngindir – burada söhbət "ruhun ehti­ya­cından" (M.Müşfiq) gedir. O isə böyük məhəbbətlə ifadə oluna bilər... Ancaq həmin mətnin poetik gözəlliyi ondadır ki, bir növ metaforasızdır, şəffafdır, ağ işıq kimi daxili zən­gin­liyə, sirli bir aləmə malikdir. Buradakı poetizmlər də şai­rin bilavasitə kəşfi deyil, bunların demək olar ki, hamısı xalq danışıq dilinin "poeziya"sını əks etdirir: "Sənə az dedimmi sev­mə, ey könül" amma özüm dedim, özüm eşitdim. Dedim ki, xoşbəxtəm sən aldanmısan...". Həmin sözləri, ifadələri bu bolluqda, bu sıxlıqda bir şeirə gətirə bilmək, bəlkə də o qə­dər çətin deyil, şairin gördüyü işin ecazkarlığı ondan iba­rət­dir ki, bu sözlər güclü, səmimi, təbii bir emosiyanın təsiri ilə bir mətnə toplanmış, mükəmməl sistem yaratmışdır. Ona gö­rə də Əli Kərimin bu tipli şeirlərində lirik qəhrəman şərti xa­rak­ter daşıyır, "metaforalaşır", şeirin əsas qəhrəmanı kimi xal­qın ruhu, əbədi hissləri çıxış edir.

Özünü dünyanın sonuncu filosofu elan etmiş F.Nitsşe göstərirdi ki, fəlsəfəni elmə çevirmək yox, onu elmdən tə­miz­ləmək lazımdır – onun fikrincə, fəlsəfə həyatdan doğ­ma­lı, məhz həyata xidmət etməlidir (34, 14). Doğrudur, o, nəti­cə etibarı ilə volyuntarizmə yuvarlanırdı, lakin yuxarıdaki fikirləri bir başlanğıc olaraq kifayət qədər əsaslı idi. Elə ona görə də fəlsəfə həyatdan uzaqlaşdıqca onun işini poeziya, fi­lo­sof həyata yad, seyrçi nəzərlərlə baxdıqca onun işini şair görməli olur. Məsələn:


Gecə də,

gündüz də

fikrimdə sənsən,

Mən kimin fikrində yaşayım, söylə?

De, hansı bir ürək qəbul eləyər,

Məni sən ünvanlı

dərdlə, gileylə,

Hansı bir ürəyə yan alsan əgər,

Dərdimin adından biləcək yadam.

Biləcək,

gəlməyəsi,

köçəri quşam.

Uzağam,

soyuğam,

dərdəm,

fəryadam. (47, 162)


Sədaqət, məhəbbət uğrunda ölümə getmək, böyük eş­qin təsiri ilə kamilləşmək, şəxsiyyətə çevrilmək kimi olduq­ca həyati məsələlərdən fəlsəfənin sərf-nəzər etməsinin nəti­cə­­si­dir ki, poeziya fəlsəfiləşir – bu orta əsrlərdə də belə olub­dur, yeni dövrdə də... Məhəbbət əzabları sevən insanlar üçün həmişə taleyin qisməti olub, aşiq öz məşuqunun cöv­rün­dən şikayətlənərsə, o, kamil aşiq sayılmaz, onun eşq ər­lə­rinin yanında bir nifuzu olmaz.

Lakin Əli Kərimin lirik qəhrəmanı öz sevgilisinin cöv­rü­nə dözən qəhrəmanlardan yox, ona əzab verən qəhrə­man­lardandır. Bəs onun böyüklüyü nədədir? Nə üçün şair ona bu qədər diqqət yetirir, onu nəzərə çarpdırır? Ona görə ki, Əli Kərimin həmin qəhrəmanı sevgilisinə verdiyi əzabın ağrıla­rını məqamı gələndə özü hiss edir, peşmançılıq keçirir, baş­lı­cası isə, sevgilisinin fədakarlığını qiytmətləndirir. Xüsusi ola­raq qeyd etmək istərdik ki, həyatda, xüsusilə məhəbbətdə fədakarlığın qiymətləndirilməsi Əli Kərimin lirik qəhrəma­nının bütövlükdə poetik idealını xarakterizə edən mühüm əlamətlərdən biridir.

Lirikada şairin poetik idealını axtarıb tapmaq, onu müx­təlif əlamətləri ilə səciyyəviləndirmək, hərtərəfli təsvir et­mək çətindir: "Hər şeydən əvvəl ona görə ki, lirik şair öz qəh­rəmanını "qeyri-standart" situasiyalarda formalaşdırır, onu daha çox hisslərin, maraqların ixtiyarına buraxır. Hisslə­rin, maraqların intensiv təzahürü lirik qəhrəmanın “mənə­viy­yat"ını müşahidə etmək, hadisələrə qarşı psixiloji reaksi­ya­larını ümumiləşdirib, onun xarakteri və şəxsiyyəti barədə nə­ti­cə çıxarmaq üçün gərəklidir. Əli Kərim bir lirik şair olaraq öz qəhrəmanını çox da “bərkə-boşa salmır", onun kimliyini incə, zərif ştrixlərlə göstərməyə çalışır:
Baxışın üzümdədir

hər zaman şəfəq kimi.

Məhəbbətin sinəmdə

hər vaxt var ürək kimi.

Sözlərin bir-bir axır

sinəmə ulduz kimi.

Təbəssümün evimdə

qaranlıq gecədəki

şimşəklər kimi çaxır.

Qovur çölün düzünə

sükutu şirin səsin.

Gülüşün otağımda

bir işıq şəlaləsi.

Oğlanların – sevincin

ayıq keşikçiləri.

Gözlərində açılır

ömrümüzün səhəri.

Hərarəti

o incə,

o həssas əllərinin

əlimdədir,

qüvvədir!

Sanıram ki, bu axşam

Sənə, bax, bu şeirimi

öz əlimlə yazmışam. (48, 130)
Həmin şeirdə "sözləri sinəsinə bir ulduz tək axan" mə­həb­bətin poeziyası öz əksini tapır – məhəbbət qaranlıq gecə­dəki şimşəklər kimi sevən qəlbləri yandırıb-yaxır, hər açı­lan səhərdə sevgisinin aydın çöhrəsini axtaran şair onu sözlə ifadə etməkdə çətinlik çəkir, bu imtahan ağır imtahandır, bu im­ta­handan "kəsilmək" qorxusu çox-çoxdur, ancaq necə edə­sən ki, şair demişkən, "ürəyim sən deyən qədər çox cavan de­yil, am­ma ruhum, döyünən qəlbim alovludur, sönməzdir. “Şai­rin lirik şeirləri, o cümlədən bu şeirdəki həyəcan, hiss-duyğu səni uzaq, çox uzaq bir aləmə, rəngarəng bir dünyaya aparır” (32, 32).

Əli Kərim lirik-epik poemalarında da, lirik şeirlərində də həyatın, insan psixologiyasının daxili ziddiyətlərini, kol­lizi­yalarını bütün mürəkkəblikləri ilə göstərməyə çalışmış və buna da müvəffəq ola bilmişdir. Şairin məhəbbət lirikasında məhəbbət-nifrət, sədaqət-etibarsızlıq, səmimilik-saxtakarlıq, məhəbbəti anlamaq və s. kimi poetik ziddiyyətlər özünü göstərməkdədir.

Şübhəsiz, bu poetik ziddiyyətlərin heç biri müasir liri­ka­nın kəşfi deyil, müxtəlif xalqların folklorunda, müxtəlif dövr­lərin yazılı ədəbiyyatlarında həmin ziddiyyətlər öz əksi­ni tapmışdır. Lakin məsələ burasındadır ki, Əli Kərim kimi istedadlı şairlər bu anlayışlara müasir dövrün, müasir insanın maraqlarını gətirmiş, ziddiyyətlərin psixoloji-poetik texnolo­gi­yasını təqdim etmişlər.

M.Arif doğru olaraq göstərir ki, “necə böyük bir şair olursa-olsun, onun subyektiv aləmi məhduddur, təkcə ora­dan qida alıb yaradan şair tez susar və ya özünü təkrar etmə­yə başlar, çünki təkcə subyektiv mənbə axırda quruyar: hə­ya­tı, hadisələri dərindən dərk edən, onun məna və hikmətini başa düşən və öz subyektiv hisslərini böyük ictimai həyatın inikasına çevirən şair isə heç bir zaman qurumayan, həmişə yeni, ədəbi və tükənməz bir yaradıcılıq mənbəyi əldə etmiş olar” (55, 20). Biz buraya mövcud ədəbi-bədii, poetik ənənə­ləri də aid edərdik – mənsub olduğu xalqın, ümumən dünya­nın ədəbiyyatını öyrənməyən, mənimsəməyən bir şair həyat­dan gəlməyin poetik texnikasını, üsullarını da bilməz. Yəni burada iki məqam vardır: həyat və sənət!

Əli Kərimin məhəbbət lirikasında həyatın o məqamları, anları ehtirasla tərənnüm olunur ki, onlar sənət olmağa, sə­nə­tin əbədi formullarını qəbul etməyə, “poetik donunu gey­mə­yə” layiqdir. Burada poetik “mən” hadisələri “içəri­si­nə al­maq­la, öz mənliyi içərisində əritməklə, ona öz mahiy­yə­tini çat­dırmaqla qalmır, həm də onunla təmasdan doğan bütün duyğuları öz də­runi aləminin dərinliklərindən çıxarıb büruzə verir” (24, 271).
Məgər ürəyimin bu zamanında

Sən məni heç atıb getməlisənmi?

Mənim kədərimə, dərdımə bir an

Yad baxıb, əlvida etməlisənmi?

Nə olar, hər şeyi deyə bilmirəm,

Görünür, bunları həyat deyəcək.

Eh, təki sən sağ ol, bu soyuq tale

Məndən istəsə, bir can istəyəcək. (40, 138)


Bu günə qədər poeziyada deyilməyən bu deyimlər diq­qəti cəlb edir. Bu, Əli Kə­rim özünəməxsusluğudur. Əli Kəri­min lirikasında qadın sirli bir aləmdir. Yu­xa­rı­dakı nümu­nə­lərdən göründüyü kimi, döv­rü­müzün məhəbbət şairi bu “sir­ri-aləmi” böyük bir ehtirasla kəşf etməyə çalışır.

Məlum olduğu kimi, sovet poeziyasında məhəbbət möv­­zu­suna maraq o qədər də böyük olmamış, bu mövzuda yazan şairlər, məsələn, ictimai-siyasi mövzuda yazanlar qə­dər böyük nüfuza malik olmamışlar. Məsələn, aşiqanə lirik-şeirlər – qəzəllər müəllifi Əlağa Vahid xalq arasında nə qə­dər sevilsə də, onun qəzəlləri müğənnilər tərəfindən nə qədər hə­vəslə ifa edilsə də, rəsmi dairələr şairi qəbul etməmiş, əsər­­lə­rinin nəşri həmişə müəyyən çətinliklərlə müşayiət olun­­muş­dur. Yaxud Azərbaycan sovet poeziyasının banilə­rin­dən S.Rüs­təm ictimai-siyasi mövzulu şeirləri ilə məşhur­laş­dığı halda, məhəbbət mövzusunda olan şeirlərini sonralar nəşr etdirmişdir. Ədəbiyyata 30-cu illərdə gəlmiş şairlərin mə­həb­bət şeirləri də, heç şübhəsiz, olmuşdur. Bu baxımdan, lirik şeirləri ən çox sevilən və diqqəti cəlb edən Məmməd Ra­­him­dir. Lakin istər M.Rahimin, istərsə də bir sıra digər lirik şair­lərin əsərlərində tərənnüm edilən məhəbbət ya nü­munəvi so­vet məişətinin, həyat tərzinin “dekorasiya”sından başqa bir şey deyil, ya da olduqca simasız, anti-psixoloji, “neytral” bir məhəbbətdir ki, uzun zaman xalqın dilindən düş­məmiş aşa­ğıdakı misralar onun təzahürüdür:


Yenə qonub şah budağa,

Nə sızlarsan belə, bülbül!

Vəfasızdır yarın sənin,

Yanıb dönmə külə, bülbül!

Hər bir bağın bağbanı var.

Hər aşiqin dövranı var,

Hər bağçanın reyhanı var.

Rahimin öz cananı var,

O bənzəməz gülə, bülbül! (60, 206)
Ədəbiyyata 50-ci illərdə gələn və həmin illərdə məş­hur­laşan şairlərə gəldikdə isə onların, demək olar ki, hamısı bu və ya digər şəkildə məhəbbət mövzusuna müraciət etmiş­lər. B.Vahabzadənin, N.Xəzrinin, H.Arifin, X.R.Ulutürkün, Qabilin, C.Novruzun və başqalarının kifayət qədər uğurlu mə­həbbət şeirləri vardır. Lakin bizim fikrimizcə, mövzunun işlənmə məhsuldarlığı, keyfiyyəti, nəticələri baxımından hə­min şairləri Əli Kərimlə müqayisə etmək çətindir. XX əsrin ikinci yarısında Azərbaycan məhəbbət poeziyasını yaratmaq hamıdan öncə Əli Kərimin öhdəsinə düşmüşdür.

Ədəbiyyata 60-70-ci illərdə gələn məhəbbət şairləri (F.Qo­ca, M.Gülgün, V.Səmədoğlu, M.İsmayıl, Ə.Salahzadə, R.Rövşən, N.Kəsəmənli, Z.Yaqub, V.B.Önər və b) isə artıq daha çox poetik eksperimentlərlə məşğul olmağa çalışırlar. On­ların məhəbbət fəlsəfəsi o qədər aydın, yaxud stabil deyil, daha maraqlı olan həmin sənətkarların məhəbbət barədə qey­ri-adi obrazlarla düşünmək məharətidir – bu qeyri-adiliklərin tipləri isə bir-birindən xeyli ayrılır.

Əli Kərimin məhəbbət mövzusundakı yaradıcılığı tü­kən­məz fəlsəfi-estetik əsaslara malik olduğu üçün istər özün­­dən əvvəlki, istərsə də özündən sonrakı şairlərin mə­həb­­bət şeirlərindən bu və ya digər dərəcədə üstündür. Dahi S.Vurğun da daxil olmaqla heç bir müasir Azərbaycan şairi dövrümüzün məhəbbət duyğuları barəbə bu qədər intensiv, bu qədər ehtiraslı düşünməmiş, insanın bir şəxsiyyət olaraq qiy­mətləndirilməsində məhəbbət komponentinə bu qədər geniş yer verməmişdir.

30-50-ci illərin “daha çox sovet” şairləri hər sahədə olduğu kimi burada (məhəbbətdə!) da “müsbət qəhrəman”ın qələbəsini tərənnüm etməyə çalışırdılar – Əli Kərimin mə­həbbət şeirlərində isə belə deyil. Əli Kərimin lirik qəhrə­ma­nı, klassik poetik tələblərə uyğun olaraq, gözəllik, məhəbbət, sədaqət qarşısında “məğ­lubiyyət”i ilə yüksəlir, mənəvi qə­ləbə qazanır. O, özü barədə danışmır, gileylənmir, küsmür, in­cimir, sən məni sevmə­di­yinə görə peşman olacaqsan – deyib sevgilisinə əda satmır, sadəcə ürəyini açır – bəlkə də sev­giliyə, konkret qıza, qadına yox, sevgi idealına, sevginin özünə, məhəbbət adlandırdığı­mız səmimi hisslərə, ruhi eh­tirama, mənəvi şəfqətə!..


Sənin baxışını

yığdım gözümə.

O xoş ətrini də

səpdin evimə.

Sözün də qapının

ağzında durdu,

O bir hasar oldu

hər gələn qəmə. (48, 168)


Əli Kərimin sevgi şeirlərində təmiz, böyük, uca, ülvi məhəbbət duyğularının tərənnümündə kövrəklik vardı. “O göz yaşlarım”, “Baxışım üzündədir”, “Bəlkə bezmisən”, “Çə­tin görüş”, “O qıza”, “İlk sevgi” və başqa lirik parçalar yüksək bədiiliklə, həqiqi sənətkar qələmi ilə yazılmışdır. O, həmişə sədaqətin, düzlüyün, saflığın, etibarın tərəfindədir.

İki sevgini müqayisəli şəkildə verən şairin mövqeyi gün işığı kimi aydındır.

Onun son şeirlərində mərd bir şairin duyğuları öz ək­sini tapmışdır. O sızıldamır, ağır xəstə olsa da, bədbin­ləş­mir, həyatdan uzaqlaşmır, əksinə özünə müraciətlə “duy, mə­nim ürəyim, duy insanları” deyir, yenə ən böyük sevgisi olan poe­ziya ilə nəfəs alır. Son dəqiqəsinə qədər öz sevgisi ilə ya­şayır. Bunu duyduğu üçün yazırdı:
Ürəyim çox yaman sancırdı,

Dedim ölüm sevgi kimi ürəyimə

Gizli-gizli necə qonub,

Yoxsa boşluq olub orda,

Yoxsa orda sevgi sönüb.

Yox,


Sönməyib!..

O sönərmi?

O vuruşur ölümlə

Vəfalı dostum kimi. (43, 132)


Əli Kərimin məhəbbət poeziyasını xarakterizə edən əla­mətlərdən biri də onun poetik informativliyidir – burada hər sözün, ifadənin öz yeri var, hər söz, ifadə bədii enerji da­şı­yıcısıdır. Müşahidələr göstərir ki, müasir Azərbaycan poe­ziyasında ən çox məhz məhəbbət şeirləri yazılır, lakin şairlər ən çox yaradıcılıq problemləri ilə də məhz məhəbbət şeir­lə­rində rastlaşırlar. Həm ideya-məzmun, həm də ifadə-forma pla­nında qeyri-orijinallıq çox zaman həmin şeirlər üçün sə­ciy­yəvi olur. Əli Kərimin məhəbbət poeziyası isə, birinci növbədə, özünəməxsus yaşantıların, ikincisi, professional sə­­nətkar qələminin məhsulu olduğuna görə orijinaldır, zən­gin “ifadə cəbbəxanası”na malikdir. Şairin məhəbbət şeirləri bu və ya digər psixoloji ovqatın, təsadüfün nəticəsi ol­maq­dan daha çox, hisslərin ardıcıl olaraq üzərində düşünülmə har­­moniyasının ifadəsidir, əgər belə demək mümkünsə, pro­fes­sional təbiiliyin, yaxud ədəbi professionallığın təzahürüdür.

“Ədəbi proses – 77”də poeziya barədəki oçerkin müəl­li­fi (Ş.Alışanov və Ş.Salmanov) qeyd edirlər ki, son illərdə mə­həb­bət şeirləri az yazılır. R.Rzanın, N.Xəzrinin, B.Va­hab­za­də­nin, N.Həsənzadənin, F.Qocanın, M.Arazın şeir­lə­rində mə­həbbət müasirimizin yalnız mənəvi axtarışı kimi yox, həm də əx­laqi mövqeyi, əxlaqi yetkinliyi kimi məna­lan­dırılmışdır (13, 89).

Əli Kərimin məhəbbət lirikasında qalib gələn nə aşiq, nə də məşuqdur, çünki onların heç biri əbədi deyil, onları xü­susilə bugünkü dünyada ülvi saymaq da çətindir. Qalib gələn məhəbbətin özüdür, aşiqin və məşuqun, sevənin və sevilənin hissləri, duyğularıdır.

Sual olunur: nə üçün S.Vurğun, S.Rüstəm, R.Rza, M.Ra­­­him kimi böyük şairlər məhəbbət şeirləri yazmağa xü­susi diq­qət vermədilər? Və necə oldu ki, bu missiyanı yara­dıcı­lı­ğa 50-ci illərdə gələn gənc bir şair öz öhdəsinə götür­dü?

Bizim fikrimizcə, həmin şairləri – müasir Azərbaycan şei­rinin banilərinin, demək olar ki, hamısının məhəbbət möv­zu­suna marağı var idi. Lakin onların gəncliyi elə bir döv­rə düş­dü ki, həmin dövrün sənət ideologiyası yazıçıdan tama­mi­lə ayrı mövzular üzərində çalışmağı tələb edirdi. İdeo­loji qa­da­ğa­ların zəifliyi, demokratiyanın ilk nailiy­yət­lə­rinin təza­hür etdiyi 50-ci illərin ortalarından sonrakı dövrdə isə S.Vur­ğun dün­ya­dan köçmüş, S.Rüstəm, R.Rza, M.Rahim və onla­rın mən­­sub ol­duğu ədəbi nəsil isə öz gəncliyini itir­mişdi. On­ların mə­həb­bət şeirlərindən “sönmüş sevgilərin so­yu­ğu gə­lir­di”. Ona görə də insafsızcasına unutdurulmuş möv­zunu gənc şair­lər – 50-cilər işləməyə başladı ki, onların da önündə Əli Kərim gedirdi.

Yuxarıda qeyd etdik ki, Əli Kərimin məhəbbəti sığallı, standart, normativ deyil, həyatın, insan hisslərinin özü kimi zəngin və rəngarəngdir, lakin bu, olduqca əxlaqlı bir məhəb­bət­dir. Əli Kərim sovet məhəbbət şeirlərinin ürəksiz, soyuq, eh­ti­rassız metaforalarını, “ədəbli” poetikasını qəbul etmə­di­yi kimi, şit bənzətmələri, açıq-saçıq ifadələri, “gözəlin bədəni­nin təfərrüatlı təsvirini” sevmirdi. Şair üçün qadının zahiri gö­zəl­liyindən çox mənəvi aləmi, ruhi dünyası, geniş mənada əxlaqı poetik əhəmiyyət kəsb edir – onun nəzərində bütün qadınlar gözəldir, hamısı sevilməyə, böyük sənətin diqqət mər­kəzində olmağa layiqdir.

Əli Kərimin bir sıra şeirləri vardır ki, orada, artıq qeyd etdiyimiz kimi, psixoloji yaşantılarından bəhs edilir, həmin şeirlər şairin məhəbbət lirikası üçün xarakterik olan poetik əx­laqın təzahürü baxımından da maraq doğurur, qəlbləri bir vuran, bir döyünən lirik qəhrəmanların adicə bir söz üstündə müba­hi­sə edərək bir-birilərini başa düşməməsini, nəticə eti­barilə ayrılaraq peşmançılıq hissləri keçirmələrini şair necə də gözəl şəkildə mənalandırmışdır.
Bir vaxt gec olacaq

peşimançılıq

Hücuma keçəcək hər ikimizə,

Bir səadət kimi görünəcəkdir

Onda bu söz-söhbət, bu mübahisə,

Onda deyəcəyik: bir görüşəydik.

Yenə başlayaydı mübahisələr,

Yenə hər ikimiz haqlı olaydıq.

Susa bilməyəydik səhərə qədər.

Mən səni danlayıb haqsız edəydim,

Haqsız eləyəydin sən də ki, məni.

Onda çox güman ki, ayrılmamaqçın,

Sübhədək kəsməzdik mübahisəni (48, 172).
Öz əməllərindən peşman olan hər iki gənc ötən şirin xa­tirələri yada salaraq, ayrılmamaq üçün sübhədək müba­hisə et­mələrini ürək ağırısı ilə söyləyirlər. Artıq hər şey arxa­da qal­­mışdır, necə deyirlər, sonrakı peşmançılıq fayda verməz deyiblər.

Əli Kərimin məhəbbət lirikasında bir qadın obrazı da var – bu, vaxtilə can deyib-can eşitdiyi, sonradan üzüdö­nük­lük edərək lirik qəhrəmanın ən müqəddəs hisslərini unudan, eşqinə, vədəsinə naxələf çıxan bir məxluqdur.

Şairin humanizmi özünü onda göstərir ki, “sevgisinə əl­vida” deyən insana heç bir söz demir, əksinə “sən sağ ol” de­yərək ürək ağrısı ilə taleyindən şikayətlənir.
Mən belə bilsəydim,

könlümün dəli,

Sərsəri vaxtında atardım səni.

Dəlini aldatmaq çətin ki deyil,

Deyərdim, gəl ataq bu nazənini,

İndi yaşa dolub, bəlkə bir qədər

Ağlı var,

aldatmaq onu çətindir.

Hər şeyi başlamaq asan bir işdir.

Görünür, daha çox sonu çətindir. (48, 170-171)


Poeziya dünya haqqında danışarkən hökm verməyə tələsməməlidir – onun yurispriudensiyadan ən böyük fərqi də bundadır. Azərbaycan sovet poeziyası ona görə bədii-es­te­tik enerjisini itirdi ki, o hökm verməyə, kiminsə yaşaması, kiminsə məhv olması barədə ictimai qərarlar çıxarmağa başladı. Halbuki onun buna haqqı yox idi. Lirikanın funk­si­ya­sı, hər şeydən əvvəl, müdafiə etməkdir, həyatın, insan münasibətlərinin rəngarəngliyinin, özünəməxsusluqlarının keşiyində durmalıdır.

Azərbaycan məhəbbət poeziyasında diqqəti ən çox cəlb edən mövzulardan biri də ilk məhəbbət, insanın bütün həyatı boyu onun unudulmaması, ən müxtəlif yaş dövrlərində hə­min məhəbbətin daşıyıcısına mənəvi qüvvə, ruh verməsidir. Adətən ilk məhəbbət uğursuz olur, insanın qəlbində onun elə bir ocaq yeri qalır ki, bəzən bu ocağın külü altından bir od közərir, ürəyi isidir, insanın mənəviyyatını isindirir. Əli Kə­ri­min lirik qəhrəmanı da uğursuz məhəbbətini yada salır, bu barədə düşünür.


Nə vaxt görüşmüşük?

Harda? Nə zaman?

Doğrusu, elə bil yadımdan çıxıb.

Təbəssüm səhəri doğdu üzündən,

Dayandın ehmalca əlimi sıxıb.

Sözlərin qırıldı, töküldü bir-bir,

Çırpdı divarlara, daşlara külək.

Kəlmələr dağıldı sahil boyunca,

Yonulmuş bir gülün ləçəkləri tək.

Əynində sevincdən biçilmin ağ don.

Gözündə çaşqınlıq alatoranı,

Əllərin qonmağa bir yer tapmadı.

Sındırdın az qala barmaqlarını.

İndi o vaxdan,

saatlar,

həftələr,

illər ötüşür.

Amma o ilk görüş yaşayır hələ,

Qocalmır, zamana yanıqlar verib,

Yaşayır hər yeni görüşümüzlə. (47, 158-159)


Nəzərə alsaq ki, burada söhbət uğursuz bir məhəb­bət­dən gedir, o vaxtdan saatlar, həftələr, illər ötüşsə də, “o ilk görüş yaşayır hələ” ifadəsindən danışılması tamamilə təbii­dir – hət­ta demək olar ki, şairin bədii kəşfidir. Əli Kə­rim ilk məhəbbət haqqında bəhs edəndə də öz tərcümeyi-ha­lı­na sadiq qalır, özünü yazır. Ona görə də oxucu “quraş­dırıl­mış” məhəb­bətin yox, səmimi hisslərin, isti, hərarətli duyğu­ların şahidi olur.

İlk məhəbbət nə üçün bu qədər unudulmazdır?.. Hər şeydən əvvəl ona görə ki, insan ürəyinin ən saf, ləkəsiz, ən vicdanlı dövrünün məhsuludur – hər bir insanın öz daxilində ilk məhəbbət tərəfindən oyadılmış təmiz, möhtəşəm, etibarlı hisslərə, duyğulara vaxtaşırı istinad eləmək ehtiyacı var. Fran­­sız filosofu Anri Berqson göstərirdi ki, instinkt – təbii­dir, zəka – qazanılmalıdır. Zəka həyatın təkamülünün nəticə­lə­rindən biri olub, intuisiyaya məxsus konkretlikdən məh­rum­­dur. Ona görə də onun vasitəsilə yaradılan metafizikaya inan­maq ən kobud fəlsəfi yanılmadır (34, 199).

Böyük filosof əlavə edirdi ki, təbiət elmləri sahəsində onun gücü ancaq nəyisə təhdid etməyə çatar. Empriokritisizm nümayəndələri isə ayrı-ayrı duyğulardan, hisslərdən yox, on­la­rın kompleksindən danışmağı düzgün hesab edir­dilər (34, 378).

Məhəbbət – bir hiss deyil. Burada digəri ilə əlaqədar olan müxtəlif hisslərin, duyğuların ən məqsədyönlü, ən mü­na­­sib sistemindən söhbət gedə bilər.

Əli Kərimin məhəbbəti xarakterizə edən əlamətlərdən biri əxlaqilikdirsə, digəri də mədənilikdir. Şair “mə­dənilik” deyəndə birinci növbədə bəşəriliyi, insaniliyi başa düşür. Gö­rünür, məhəbbətin intimliyini, fərdiliyini, özü­­nəməxsusluğu­nu yalnız həyatda deyil, ədəbiyyatda, poe­ziyada da qorumaq lazım gəlir. Ona görə də dövrümüzün böyük məhəbbət şairi bu ülvi hissi ictimai münasibətlər kon­teks­tin­də deyil, transen­dent bir hadisə kimi alır, təsvir və təqdim edir. Ümumiyyətlə, Əli Kərimin məhəbbət barədə yaz­dıqları poeziya ilə fəlsəfə arasında tərəddün edən fikirlər, hisslər, duy­ğulardır. Çünki burada güclü bir ümumiləşdirmə var – şai­rin lirik qəhrəmanı­nın “sosial, ideoloji oriyenta­siya­sı” yox­dur, o nə kəndlidir, nə şəhərlidir, hansı sənətdə çalış­dığı, hansı partiyaya mənsub olduğu da bir əhəmiyyət kəsb et­mir. Sözün geniş mənasında insandır, bir az şairliyi, bir az da filosofluğu ola bilər ki, bu da xüsusi olaraq nəzərə çat­dı­rıl­mır. Lirik qəhrəmanın xarakteri bütövdür, tamdır, mükəm­məl­dir.

Azərbaycanın böyük məhəbbət şairlərinin yaradıcılığı göstərir ki, müxtəlif dövrlərdə bu məsələyə baxışda əhə­miy­yətli fərqlər olmuşdur. Məsələn, dahi Nizaminin mə­həb­bəti hökmdarların, dövlət adamlarının, yaxud mifoloji mən­şə­yə malik qəhrəmanların məhəbbətidir. Bu məhəbbətin genezisi türklərin zəngin epos təfəkküründən gəlir. Nəsiminin mə­həb­bətini insanı haqqa qovuşdurmağa yönəlmiş, xüsusi fəl­sə­fi-ideoloji məzmun kəsb etmiş məhəbbət saymaq müm­kün­dür. Eşq şairi Füzuliyə gəldikdə isə, onun tərənnüm etdi­yi məhəb­bət fəlsəfi-ilahi məzmun daşıyır. Azərbaycan ədə­biy­yatında dünyəvi məhəbbət barədə cəsarətlə danışan ilk böyük sənət­kar, heç şübhəsiz M.P.Vaqif idi. O, adi insan hisslərinin təsvi­ri­ni verməklə yalnız məhəbbət poeziyasında deyil, məhəbbət fəlsəfəsində də yeni istiqamət müəy­yən­lə­şirdi. XX əsrin əv­vəl­lərində Azərbaycan ədəbi-ictimai fik­rin­də, milli estetik tə­fək­küründə məhəbbətə münasibə­tdə müxtəlif tendensiyalar özünü göstərir, onlar aşağı­dakı­lardan ibarətdir:

1) realist məhəbbətin tərənnümü;

2) romantik məhəbbətin tərənnümü;

3) dini-mistik məhəbbətin (Allah eşqinin) tərənnümü;

Bununla belə qeyd etmək lazımdır ki, XX əsrin əv­vəl­lərində Azərbaycanda mövcud olan mürəkkəb sosial-ideoloji əhvali-ruhiyyə məhəbbət poeziyasının geniş yayılmasına, mövcud ideya proseslərinin fövqünə qalxmasına imkan ver­mir. Yəni bu dövrdə məhz məhəbbət şairi kimi tanınan, Azər­baycan ədəbiyyatı tarixinə həmin adla düşən böyük bir sənətkara təsadüf olunmur. Sovet dövründə isə yuxarıda qeyd edildiyi kimi, məhəbbət mövzusundan ya imtina edil­miş, ya da bir növ xüsusi “sosialist məhəbbət” üzərində dü­şü­nülməyə çalışılmışdır. Əli Kərimin təbliğ etdiyi məhəbbət fəlsəfəsi öz köklərini Azərbaycan ədəbiyyatının, mənəviy­ya­tının bütün tarixində götürsə də, artıq qeyd olunduğu kimi, kifayət qədər orijinaldır. Onun orijinallığı, birincisi, müasir in­san fenomeni, onun zəngin mənəvi aləmi ilə bağlı olma­sındadır. İkincisi, həyatiliyində, bu və ya digər mifoloji, di­ni-ruhani, mənəvi-ideoloji konsepsiyadan deyil, şairin poetik “tərcümeyi-hal”ından çıxmasındadır. Üçüncüsü, bilavasitə Azərbaycan mentalitetindən doğmasındadır.

Əli Kərimin məhəbbət fəlsəfəsi, heç şübhəsiz, estetik məzmunlu hadisədir – şair fəlsəfəsidir, burada intellektual şərh yoxdur, hiss-emosional sezmələrdən, ştrixlərdən ibarət bir sistem mövcuddur. Qeyd edək ki, bu sistemi a) ilk uğur­suz məhəbbətin yanğılı yaddaşı, b) sonrakı uğurlu, uğursuz sev­gi­lərin canlı təəssüratları və c) həmin təəssüratlardan do­ğul­muş ümumi bir məhəbbət obrazı arasındakı münasibət təşkil edir.

Əli Kərimin “məhəbbət fəlsəfəsi”nin gücü, orijinallığı onun məhz “həyat fəlsəfəsi” olmağındadır. Və yeri gəl­miş­kən qeyd etmək lazımdır ki, Şərq ictimai-intellektual təfək­küründə “nümunəvi düşüncə”ni, fəlsəfi təfəkkürü, ümumən müdrikliyi həmişə keçmişdə axtarmaq, bu günün isə daha çox konkretliyinə diqqət yetirmək, başqa sözlə, bugünkü dü­şün­cədə, həyatda, ictimai-mənəvi münasibətlərdə fəlsəfə gör­mə­mək “ənənə”si hələ XIX əsrdə böyük müətəffəkir C.Əf­qani tərəfindən kəskin tənqid olunmuşdu. O göstərirdi ki, fəlsə­fi­liyi, əgər millətin hamısı alim olsa da, o millətdə elm­lər intişar tapa bilməz və həmin millət ayrı-ayrı elmlər­dən lazı­mi nəticə çıxarmaqda çətinlik çəkər (11, 60).

Əli Kərim məhəbbət barədə ümumi sözlərlə danışmağı, onun mənəvi-əxlaqi metafizikasını təqdim etməyi, sosial statistikasına getməyi sevmir, məhəbbətin obrazını, əgər be­lə demək mümkünsə, psixoloji naturasını yaradır – bu cür ob­razlarda məhəbbət bir hadisə, varlıq olaraq təsəvvür edilir.

Əli Kərimin məhəbbət lirikası lirik səmimiliyi, poetik ünsiyyətçiliyi ilə diqqətəlayiqdir. O, oxucu ilə mülayim, meh­­riban danışır, onunla dil tapa bilir, köhnə dost, yaxın yol­­daş kimi söhbət edir. Onun ürək tellərini titrədən möv­zu­larda müsahibə aparır:


İşıqlar hər yerdə çoxdan keçibdir,

Bir sənin işığın sönməmiş, şair?!

Çovğunlar rəqsində itmiş bir adam

Sənin yandırdığın işığa gəlir.

Bilmir ki, ulduzsan,

ya bir xəyalsan.

Amandır.

amandır,


yan – deyir sənə.

Sənin misraların yoludur onun,

Bu yoldan çıxmadan gəlir evinə.

Misran qırılmasın!

Könlün sönməsin!

Axı, pənahısan azmış bir kəsin. (47, 132)


Bu cür şeirlərdə Əli Kərimin poetik təfəkkürünün həm səmimiliyi, həm də əlaqəliliyi öz əksini tapir – bizim fik­ri­mizcə, səmimi olub, əxlaqi olmayan poeziya sadəlövh, bəlkə də bir qədər anlaşılmaz poeziyadır; əxlaqı olub, səmimi ol­ma­yan poeziya isə soyuq, təsirsiz, boşboğaz bir didakti­kadır, emosiyadan, enerjidən məhrumdur. Hər iki əlamətə malik poeziya həqiqi sənət faktıdır.

Əli Kərimin məhəbbət lirikası, artıq qeyd etdiyimiz kimi, canlı, enerjili, ehtiraslı bir lirikadır. Ona görə də böyük təsir gücünə, əhval-ruhiyyə yaratmaq imkanına malikdir. Şairin arxivində olan çoxlu sayda oxucu məktubları bir daha göstərir ki, gənclər ən səmimi hisslərini bir-birinə məhz Əli Kərimin məhəbbət şeirlərini göndərməklə ifadə etmişlər.

Əli Kərimin bənzərsiz şair istedadı onun mənəvi möv­zulara münasibətində, bu mövzularda orijinal deyimlərində özünü göstərirdi. Azərbaycan poeziyasında analar barədə is­tənilən sayda şeirlər qoşulmuş, mahnılar bəstələnmişdir. Prof. C.Abdullayevin yazdığı kimi, “Süleyman Rüstəmin ürək­­lərə yol tapmış “Ana və poçtalyon” şeirindən sonra san­ki poçtalyon motivinə qayıtmaq artıq imiş. Nə qədər qə­ri­bə görünsə də, hələ qələmi bərkiməmiş Əli Kərim belə bir riskə girişdi. Girişdi və nə alındı – təzə geyimli, ayrı boy-buxun­da, başqa biçimdə (2, 10).

Əli Kərim isə bu deyimləri təkrar etməmiş, poeziyada övlad-valideyn münasibəti şairin bir sıra şeirlərində öz bədii əksini tapmışdır. Ana obrazını yaratmağa müvəffəq ol­muş­dur. Şairin bu mövzuda yazdığı “Ana”, “Analar ağlar”, “Qay­tar ana borcunu”, “Heykəl və heykəlin qardaşı” adlı fraq­mentlər poemasını “Analar dünyası”, “Ananın şifahi gündəliyi”, “Qonşulara təsəlli” və s. adlı fraqmentlərində ana­ların tərənnümünə çox yer ayrılmışdır:


Eh analar,

Oğul üçün heykəltaraş,

Rəssam olan.

Məhəbbətdən ilham olan,

Gərək sizi hər bir zaman,

İlahətək yad edələr,

Hey analar,

Ey analar.

Ey analar
Əyilib alnından öpəndə hərdən

Könül dodağım bir də öp – deyir.

Ağarmış saçına əl vuranda mən,

Əlim Şahdağının başına dəyir,

Mən səni bağrıma basanda bərk-bərk,

Gör nələr düşünüb, nələr duyuram.

Elə bil Göyçaydan Kamçatkayadək

Vətən torpağını qucaqlayıram. (45, 56)


Göründüyü kimi, şair anaya müraciətlə deyir ki, sən yaranışdan oxşar olmamısan, demirəm ki, sən göy kimi uca­san, sən ancaq özün kimi böyüksən. Amma o qədər bö­yük­sən ki, ağarmış saçına əl vuranda elə bilirəm ki, əlim Şah­da­ğın başına dəyir. Səni bağrıma basanda “Elə bil Göyçaydan Kamçatkayadək vətən torpağını qucaqlayıram”.

Və yaxud:


Demirəm göy kimi ucadır adın,

Yox, yox alçalmasın söhbətin, sözün.

Sən ki, yaranışdan oxşar olmadın,

Ancaq özün kimi böyüksən özün. (45, 24)


Bu şeir 1952-ci ildə qələmə alınıb və əgər həmin ildə ana mövzusunda yazılan digər şeirləri nəzərdən keçirsək, doğ­rudan da, Əli Kərimin bir kimsəyə bənzəmədiyinin şahidi olarıq.

Əli Kərimin iki il sonra yazdığı “Qaytar ana borcunu” (1954) şeiri ənənəvi təzə söz demək, oxucuda təzə hiss, duy­ğu, emosional əhval-ruhiyyə yaratmaq baxımından misilsiz bir nümunə oldu.

Şeir müəllifin nankor bir övlada xitabı şəklindədir. La­kin bu nankor bizim indiyə qədər tanıdıqlarımızdan fərqli ola­raq “Baxışından qızların ürəyinə od düşən”, “İnstituta qızıl medalla girən bir oğlandır. Bu oğlan institutu bitirir, ev­lənir və anasını unudur, onun məktublarını da cavabsız qoyur”.

Müəllif öz qəzəbli xitabında ana zəhmətinin mənasını təəssüf hissi ilə söyləyir, bunu heç bir vəchlə qaytarmağın mümkün olmadığını söyləyir. Hiss etdirir ki, ana borcunu yalnız anaya olan sonsuz məhəbbətlə geri qaytarmaq olar. Bura da ana borcunun qaytarılmasının mümkünsüzlüyünü bi­lən şair oğlundan “özünü istəyir”. Ana obrazını yaradan şair ananın səciyyəvi cəhətlərini sadalayır, onun əvəzində ananın yaratdığı oğulu təsvir edir. Yəni yaranmış varlıq ilə yaradanın böyüklüyü açıqlanır. Burada diqqəti çəkən bir beyt var: “Bir oğul böyütdü ki, oğul deyirəm sənə, Atlını atdan salıb, küləklərlə ötüşür”. Burada hər şey var. Başqa bir sözə ehtiyac yoxdur. Şair burada demir ki, ana oğlunu çox sevir, bu sevgini elə cizgilərlə bizə çatdırır ki, biz bu sevginin böyüklüyünü hiss edirik:


Bir gözəl, bir sevimli oğul böyütdü ana,

O bəd, uğursuz günü – ərinin öldüyünü

Bildirmədi heç ona.

Kədəri dalğa-dalğa doldusa da ürəyə,

Lakin nə saç yolaraq verdi əsən küləyə,

Nə şivən etdi ana.

Ürəyində ağlayıb gülmək öyrətdi ona.

Dözərək davanın hər dərdinə, bəlasına,

Öz boğazından kəsib yedirdi balasına. (48, 135)
Akademik T.Hacıyevin yazdığı kimi: ““Qay­tar ana borcunu” o vaxt yazıldı ki (50-ci illərin ortalarında), kənddən şəhərə gənclərin axını baş­lamışdı, ən çox da təhsillə bağlı. Görünür, bu axının için­də ana quca­ğın­dan pərvazlanıb yad nəfəslərə uyan nan­kor oğul­lar da ol­malıymış. O vaxtlar auditoriyalarda, klub­lar­da, ev­lər­də, kü­çə­­lərdə gənclərin tez-tez dediyi və din­lə­diyi bu şeir hə­min “is­tis­nanın yolunu, bənd-bərəsini bağ­lamaqda çox iş gördü” (27, 7).

Əli Kərim sənəti gənclərimizi müasir zövqlə tərbiyə­lən­dirmə ilə yanaşı, ata-baba adətlərimizin, ulu əxlaq nor­ma­la­rı­mızın qorunub saxlanmasına müdrikcəsinə xidmət göstərirdi.

Tədqiqatçı Sona Xəyal demişkən, “bu şeirin təhlilə eh­tiyacı yoxdur, çünki bu, hamının, hətta pis oğulların da yad­daşında belə qala bilən, anlaşıla bilən bir şeirdir” (32, 11).

Bu şeiri həyəcansız oxumaq mümkün deyil. Şeirin yazılmasından altmış il keçməsinə baxmayaraq, elə bil bu gün üçün yazılıb. “Pul nədir, pul deyirsən, göndərərəm canı­mı...” Bu şeir ana haqqında əsl sənət incisidir və onu dünya­ya gətirən ananın qədrini bilməyən oğulların, övladların vic­dan­larını oyadan, sifətlərinə dəyən çox güclü bir sillədir.

Ana məhəbbətinə arxa çevirən, onun analıq haqq-sayı­nı itirən, zəhmətini unudan və bu zəhmətin müqa­bi­lində xəcalət çəkməyən nankor bir oğulun rəftarına şairin müna­sibətinə diqqət yetirək:
Oğul! Nədir etdiyin bəs bu haqq-say üçün?

Qaytar onun ömrünə neçə gecə, neçə gün!

Qaytar onun saçının qaralığını geri.

Qaytar o dilindəki şirin-şirin sözləri!

O sözü, söhbəti, gülüşü anan verib,

Ana dodaqlarından bala dodaqlarına.

İndi ondan gen gəzən oğul ayaqlarına

Yerişi anan verib,

Qaytarsan o sözləri, sözsüz, bir lal olarsan,

Qaytarsan o yerişi, yerindəcə qalarsan.

Qaytarsan o gülüşü, hırıldamazsan daha,

Qaytar, qaytar onları, qaytar, qoyma sabaha! (48, 136)


“Kədəri dalğa-dalğa doldusa da ürəyə”, “O oğul bö­yüt­dümü min şivəyə, min naza”, “Qaytarsan o gülüşü, hırıl­damazsan daha”, “Qaytarsan o yerişi yerindəcə qalarsan”...

Əli Kərimin “Qaytar ana borcunu” şeiri onun şairlik istedadının yaradıcılıq axtarışlarının ən gözəl ifadəsidir. Bu şeirdə yuxusuz gecələri və həyatı bahasına oğul böyüdən bir ananın haqq-sayını itirən, analıq hissinə xəyanət edən nan­kor övlada qarşı dərin nifrət hissi vardır. Bu hiss oxucunu mütəəssir etsə də, şeir nəticə etibarilə ona gözəl insani və əxlaqi keyfiyyətlər aşılayır”.

Şair Tofiq Mahmud şeirin yazılma tarixi haqqında söy­ləyir: “Əli Kərim xırda, keçici duyğulardan uzaq qaçan, va­cib məsələlərə toxunmağa, təzə mövzular tapmağa böyük ma­raq göstərən, şeirlərinin kamilliyinə, güclü, mənalı, aydın və işıqlı olmasına çox alışan şair idi, sənətə heç zaman yün­gül münasibət bəsləmirdi. “Qaytar ana borcunu” adlı şeir üzə­­rində təkidlə, inadla işləyən Əli Kərim doqquz variant­dan sonra onu meydana çıxarmışdır. Bu mənalı və təsirli şeir yazılışı ilə, misralarının tutarlılığı, güclülüyü, qəzəbli, kəs­kin ruhu, dinamikliyi, obrazlılığı ilə dərhal seçilmiş, Azər­baycan şeirinin incilərindən birinə çevrilmişdir”.

Əli Kərim bu şeirlə sübut etdi ki, poeziyada didaktika, sırf nəsihət mahiyyəti daşımamalıdır, oxucuda əxlaqı gözəl­lik hissi tərbiyə etməlidir. Anasını unudan oğul məhz bu hiss­dən məhrumdur və belə oğulları poeziya dili ilə mühaki­mə etmək lazımdır:


Sən ki, dərd verdin, oğul, sənə gülüş verənə,

Oğul demərəm sənə!

Deyirəm ki, o boyu, buxunu qaytar geri!

Deyirəm ki, varını, yoxunu qaytar geri!

Qaytar onun borcunu,

Gülüşünü, adını, sözünü qaytar geri!

Qaytar onun borcunu,

O borc sən özünsən, özünü qaytar geri. (48, 136)


Əli Kərimin lirik qəhrəmanı bir şeirində anadır, başqa bir şeirində isə ürəyində ana məhəbbəti olan bir insandır. Şai­rin “Heykəl və heykəlin qardaşı” adlı fraqmentlər poema­sı­nın “Ana­lar dünyası”, “Anamın şifahi gündəliyi” və “Qon­şula­ra təsəlli” adlı fraqmentlərində anaların tərənnümünə çox yer ayrılmışdır. Şair yazır:

Kainatı tutubdur,

Anaların qayğısı.

Yuxarıda göy olub,

Aşağıda yer olub

anaların ürəyi,

anaların arzusu.

Çünki onlar –

analar

Göyə heç də inanmır,



Yerə heç də inanmır.

Göydə,


yerdə gözəldir.

Amma ana qəlbitək

Heç biri uşaqların

Dərd-qəminə yanmır. (48, 312)




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə