Çırağı sönməyən poeziya


ƏLİ KƏRİM LİRİKASINDA VƏTƏN MÖVZUSU



Yüklə 1,58 Mb.
səhifə4/10
tarix22.01.2018
ölçüsü1,58 Mb.
1   2   3   4   5   6   7   8   9   10

ƏLİ KƏRİM LİRİKASINDA VƏTƏN MÖVZUSU
Əli Kərim klassik Azərbaycan ədəbiyyatına xas yüksək vətənpərvərlik hisslərini, sağlam və nikbin ənənələri böyük mə­harətlə inkişaf etdirmişdir. Xalq şairi S.Vurğun məqalələ­ri­nin birində yazır: “Şair və sənət vətəni tərənnüm etdiyi za­man vətən sözü­nün böyük mənası qarşısında məsuliyyət hiss etməlidir”.

Əli Kərim öz doğma xalqının hiss və düşüncələrini bədii obrazlar vasitəsilə sənətkarlıqla ifadə edən, öz əsərlə­rin­də ən gözəl insani keyfiyyətləri – mərdlik, vətən və xalq məhəbbəti, insanpərvərlik və s. tərənnüm edən şairlə­rimiz­dən olmuşdur. Bu tipli şeirlər onun yaradıcılığında istər məz­mun, istərsə də forma kamilliyi baxımından əhəmiyyətli yerlərdən birini tutur.

Şairin elə əsəri yoxdur ki, orada Azərbaycan torpağının isti nəfəsi, təravəti duyulmasın, qəhrəman xalqımızın müba­ri­zə əzmi, qürub-yaratmaq eşqi, humanist hissləri, gələcəyə olan inamı yüksək poeziya dili ilə bədii şəkildə əks olun­masın. Onun ürəklərə yol tapan, qəlbləri oxşayan şeirlərinin mənbəyi doğma vətəni və onun zəhmətsevən adamlarıdır.
Sevimli çağımdır,

Baharın baharımdır,

Dağların vüqarımdır

Azərbaycanım mənim!

Bulud səndən aşağı,

Uca Şah dağı

Xəyalımın oylağı

Azərbaycanım!

Canım gözüm, ey diyar,

Adın, sanın var.

Sənə yaraşır vüqar,

Azərbaycanım! (75, 86)


Dünyaya yaraşan,

Yaraşıb ona gözəllik verən,

Neft diyarı,

Azərbaycan

könlümün,

ruhumun,


sevincimin,

fikrimin Vətəni!

Azərbaycan!

İnsan zəkasının

işıqlandırdığı,

könlündə


min çıraq yandırdığı

bir diyar. (47, 38)


“Vətən eşqi hər şeydən əzəldir” (B.Vahabzadə) kəla­mı­nı əlində rəhbər tutan şair özünü vətəndən ayrı təsəvvür etmir, çünki ağacın kökləri torpağa bağlı olduğu kimi, Əli Kərimin qəlbində vətənə bağlılıq da eləcə kök salıb, bu istək illərin sınağından çıxıb, möhkəmlənib. Onun şeirlərində odlar diyarının isti nəfəsi, təravəti duyulur:
Hər gün, hər səhər-axşam,

Nəğmə,


Şeir yazıram.

Anam, hər kəlməm,

sözüm.

Səninkilərdi ki, var,



Könül odundur onlar.

Müəllimim, bu xətdə

Səninkidir, səninki...

Sevgilim, bu ilhamım

Səninki,

Vətəninki.

Mən nəyəm –

Sadə katib,

Önümdə kağız,

Qələm.


Sizin qüdrətinizlə

Sizə


Nəğmə deyirəm. (47, 106)
Əli Kərim öz xalqının sədaqətli şairidir. Onun əsər­lə­rində yurdunu addım-addım dolaşan, görüb müşahidə etdik­lərini varlığı ilə duyan, düşünən və düşündürən, sevilən və sevindirən, bəzən zirvəsinə qalxa bilmədiyi dağların ətrini bir çiçəkdən alan, ancaq yenə zirvələrə doğru can atan və­tən­­pərvər bir şairin surətini görürük.

Əli Kərimin əsərlərini oxuyarkən Vətənimizin gözəl təbiəti, bərəkətli tarlaları, əməksevən insanları, münbit tor­paq­ları adamın gözləri qarşısında canlanır. Vətəndaşlıq pafo­su Əli Kərim şeirlərinin ruhunu təşkil edir. Onun “Vətən”, “Xalq” ifadələrini işlətmədiyi əsərləri də xalqla bağlıdır. Belə ki, şair bütün şüurlu həyatını milli varlığa həsr etmiş, doğma yurdun sevincinə şərik olmuşdur.

Doğma torpağımızın bu gününü məhəbbətlə tərənnüm edən, gözəl sabahımız haqqında səmimi fikirlər söyləyən şair, xalqımızın şanlı və şərəfli keçmişi ilə də fəxr edirdi. Gertseni, Motsartı, İrvinq Stounu, Lermontovu yaradan xalq­­lar dünya mədəniyyəti bağçasında vüqarla gəzdiyi kimi, Nizamini, Fü­zulini, S.Vurğunu, R.Rzanı yetirən bu xalq da bu xəzinəyə ver­diyi nadir incilərlə öyünür. “Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir mə­şəl kimi öz qəlbində yandırmayan bir insan öz vətən­daş­lıq haqqını dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar” (74, 45).

Əli Kərimi qələm götürüb, şeir yazmağa ruhlandıran xal­­qa, Vətənə bəslədiyi məhəbbət olmuşdur, – desək yanılmarıq.


Ey Kürüm, sanıram bir xoş nəğməsən,

İndicə qopmusan min-min dodaqdan.

Sənintək mənalı bir nəğməni mən

“Hardasan” – deyərək gəzirəm çoxdan.


Və yaxud:
Qucaqlaşıb Kürüm ilə,

Öpdüm onu neçə kərə,

Gör biz necə qovuşduq ki,

Axır mən də döndüm Kürə.

Kürə döndüm!

Kürə! Kürə! (47, 17-18)


Əli Kərimin poeziyasında “Vətən” kəlməsi azdır, am­ma vətəninə bağlılıq, vətən sevgisi istənilən qədərdir. Əli Kə­­rim üçün Göyçay var, Neft daşları var, Xəzər var, Kür çayı var, bütövlükdə Azərbaycan adlanan gözəl bir Vətən var. “Azərbaycan” şeirində etiraf etdiyi kimi, Nizamisi, Nə­simisi, Füzulisi, Nəsrəddini, Cəlili, Sabiri, R.Rzası ilə fəxr edəcək doğma Azərbaycanı var. Oğlunun adını “Azər” ça­ğı-ran bir atanın ürəyində övlada olan atalıq məhəbbətiylə bə­rabər ana torpağa olan övladlıq məhəbbəti var. Sona Xəyalın dediyi kimi, “bu məhəbbət sonsuzdur, bu məhəbbət vüqar­lıdır, qürurludur, bu məhəbbət safdır, təbiidir” (32, 65).

Əli Kərimin lirik qəhrəmanı gözəl olan, təmiz olan hər şe­­yi sevir. Həm də vüqarla sevir. Adsız bir şeirində dediyi kimi:


Sevirəm

Baxışları yaz şəfəqi kimi

Ürək qızdıran,

Sözləri qəlbə

Səadət dadızdıran

İnsanı.


Yaxşılar az deyil...

Odur ki, fəth edə bilmir,

Başdan başa qəlbimi qəm,

Vüqarla sevirəm. (37, 11)


Bu parçadakı obrazlı fikrin səmimiyyətinə inanmamaq qey­ri-mümkündür. Bu, özünün milli varlığı ilə öyünən bir şairin etirafıdır.

Vətəndaşlıq qüruru Əli Kərim şeirlərinin əksəriy­yə­tin­də təsirli, orijinal boyalarla əks olunmasıdır. Böyük Vətən mü­haribəsində qəhrəmanlıq göstərən döyüşçülərini yad edən, adi döyüşçüsündən başlamış, şairin sonrakı əsərlərin­də­ki sa­də və əməksevər surətlərə qədər hamı vətənə göstər­diyi xid­mətlə fəxr edir. Qəhrəmanlarının bu nəcib duyğusu ilə yaşa­yan müəllif yeri gələndə ricətə keçib, yaratdığı surə­tin nəcib­liyi haqqında sözünü açıb deyirsə, həmin ricət də şair hə­yə­canının səmimi ifadəsi kimi bizə xoş təsir bağışlayır.

“Bakı küləyi”, “Kür”, “Ən böyük gəmi”, “Əllər”, “Bir ge­cəlik Kür olmuşam”, “Mavi nəğmə qanadında”, “Kür sənə bən­zəyən nəğməm olaydı”, “Dəniz”, “Sənət eşqi”, “Bül­bü­lün xatirəsinə” və s. şeirlərində vətənimizin tərəqqisi naminə yeni zirvələr fəth edən adamlarımızın qüdrətindən, mədəniy­yətini yaradan və inkişaf etdirən incəsənət xadimlərindən, şə­hərlərimizi abadlaşdıran zəhmətkeş insanların əməyindən, qara saçlarını gənc nəslin təlim-tərbiyəsi yolunda ağartmış xalq müəllimlərindən söhbət açır. Əli Kərimin bu şeirlərində dərin bir səmimiyyət duyulur.

Əli Kərim əsərlərində doğma vətənin gözəl təbiə­tin­dən, tü­kənməz sərvətlərindən öz xalqının mənafeyi üçün is­ti­fadə et­mək yolunda yorulmaq bilmədən çalışan, öz xoş­bəxt­liyini vətə­nin tə­rəqqi və inkişafında görən zəhmət adam­larını ürəkdən alqışlayır.

Ana torpağa bağlılıq, həyatı sevmək, təbiətə vurğunluq Əli Kərim lirikasının əsas xüsusiyyətlərindəndir. “Fəhlələr”, “Mu­­ğamı dinləyirəm”, “Mavi nəğmə qanadında”, “Azər-bay­can”, “Nida” və s. şeirlərində bu böyük həyat eşqi tərən­nüm olunur:
Ürəyimdə sevinc,

Muğamı dinləyirəm.

Könlümdə yaz sədası,

Könlümdə yaz havası.

Könlümdə duyğuların

Rəngbərəng,

Aydın, qəşəng

Qövsi-güzehi vardır.

Könülümün bir yanı isti,

Könlümün bir yanı çiçək,

Könlümün bir yanı qardır.

Səs ucalır, uaclır,

Dağları yada salır.

Gözə gəlir göy, dərə,

Neçə yerdən odlayır ürəyimi,

Füzulinin qəzəli. (47, 22-23)


Şairin yuxarıda adlarını çəkdiyimiz şeirlərində təbiətlə in­­sanın, zamanla ömrün, baharla gəncliyin, qışla qocalığın, hə­­yatla ölümün, qocalıqla uşaqlığın müqayisəsi verilir. O, tə­biəti ancaq bədii zövq və gözəllik mənbəyi kimi qələmə al­mır, təbiətə insan həyatını rövnəqləndirən bir meydan kimi baxır.
Sahilində qaldım Kürün,

Verdim Kürlə baş-başa mən.

Səhərədək göz yummadım,

Etdim ona tamaşa mən.

Qucaqlaşıb Kürüm ilə

Öpdüm onu neçə kərə,

Gör bir necə qovuşduq ki,

Axır mən də döndüm Kürə,

Kürə döndüm!

Kürə!


Kürə!...

Kür özü də bilmədi ki,

Səsi güclü, kür olmuşam.

Xoşbəxtəm ki, heç olmasa

Bir gecəlik Kür olmuşam. (48, 18)
“Bir gecəlik Kür olmuşam” şeiri təbiət təsvirləri ilə baş­layır. Lal, sakit axan Kürün əsrarəngiz gözəlliyindən, sahilə gö­zəllik verməsindən, ona tamaşa edən hər bir kəsi xatirələr alə­minə, keçmiş aylara, illərə aparmaqdan, iki döyünən qəlbi bir-birinə qovuşdurmaqdan və s. bəhs edir.

Əli Kərimin şeirlərində təbiət zahiri təmtəraq xatirinə əsərə daxil edilmir, əksinə, insanın qüdtərini göstərməyə, mə­­nəvi aləmin nəcibliyini aşkara çıxarmağa kömək edir. Şair bugünkü həyatımız haqqında düşünəndə, gələcək haq­qın­da xə­yala dalanda da təbiət onun köməyinə gəlir. Müəllif fik­ri­nin daha qabarıq və parlaq ifadəsində təbiət təsvirləri mü­hüm bir vasitə olur:


Dənizdə boy göstərib mahir üzgüçü kimi,

Yavaş-yavaş batır gün

Şüaları sulara açılmış nəhəng qızıl,

Qanad kimi atır gün

Sahildə bağlar, evlər, plyajlar sıra-sıra,

Adamlar dəstə-dəstə,

Hamını birləşdirir boy göstərib batan gün.

Hamımızı ucaldır, uçurur üfüqlərə

Bir qızıl qanad üstə. (48, 108)
Və ya:
Uşaq deyir ki, mənə

Bir ovuc dəniz verin,

Bir stəkan Kür verin,

Araz verin,

Bircə qurtum tez su verin –

Bir çıxımlıq dağ verin,

Uşaqçün dünya ev,

Göy də mavi bir tavan,

Uşaq üçün hissitək

Bütövdür, safdır cahan.

Məncə, bu sadədillik

Dühayla eyni şeydi

Bu hiss dahi elədi,

Bəlkə də Eynşteyni.. (48, 76)


Əli Kərimin təbiət təsvirinə həsr olunmuş bir çox şeir­ləri mahir rəssamın gözləri, könülləri oxşayan tablosunu an­dırır. Bu baxımdan, “Mavi nəğmə qanadında”, “Əllər”, “Ba­kı küləyi”, “Qış günündə” şeirləri daha çox diqqəti cəlb edir. “Kürə ya­ğış yağırdı” şeirini oxuduqca aramla axan, insanın daxili alə­mində oxuyan Kürün əsrarəngiz gözəlliyi, ya­ğan yağı­şın hər bir damlasının min bir rəngdə olması gözlərimiz önündə canlanır. “Onun min rəngi vardı, yağırdı qızıl yağış, yağırdı gümüş yağış, qara yağış, boz yağış, harda görüşür yağış”, – deyən şair təbiətin la­ci­vərd gözəlliyini necə də gözəl misralarla ifadə edə bilmişdir. Şeirin sonunda deyilir:
İnanmadım gözümə...

Dedim, burda baxan mən,

Yoxsa bir yuxudur gəlib keçdi gözümdən?!

Heç bir yerdə, heç zaman

Belə bir şey olmamış,

Mən yox idim orada...

Kürə yağmamış yağış.. (48, 89)
Hər cürə zahiri dəbdəbə və təmtəraqdan uzaq olan bu şeirdə artıq sözə, lüzumsuz ifadəyə rast gəlmirik. Burada hər şey yerli-yerindədir.
Dünyaya yaraşan,

Yaraşıb ona gözəllik verən,

Neft diyarı,

Yanar ən uca zirvələrdə

Şöhrət ulduzları,

könülümün,

ruhumun,

sevincimin,

kədərimin,

fikrimin Vətəni!

Azərbaycan!

İnsan zəkasının

işıqlandırdığı

könlündə


min çıraq yandırdığı

bir diyar.

Bayramı zəfərlərlə,

bugünkü parlaq,

sabahkı daha parlaq

səhərlərlə dolu;

Yolu –

Bəşər fikrinin



zirvə yolu. (47, 37-38)

Vətən və xalq məhəbbəti Əli Kərim poeziyasında özü­nə­məxsus yer tutur. Bəşər tarixində böyük sənət adamları ədə­biyyatda vətənpərvərliyi xalqın həyat və fəaliyyətinin ay­rılmaz hissəsi hesab etmişlər. Belə sənətkarlar öz əsər­lə­rilə cəmiy­yə­tin mütərəqqi meyllərinin müdafiəçisi olmuşlar. Azər­­bay­canda isə ictimai və fəlsəfi fikrin inkişafında M.F.Axundov, S.Ə.Şirvani, Həsən bəy Zərdabi, M.Ə.Sa­bir və başqaları görkəmli rol oy­na­mış, onların incəsənətin xəl­qi­liyi uğrunda mü­ba­rizədə xidmətləri böyük olmuşdur. Bu si­malar ədəbiy­yatı xalqın hə­yat və mübarizəsilə sıx bağla­yır­dılar. Bu sənət­kar­la­rı ma­raq­landıran ictimai-fəlsəfi məsələlər çox vaxt milli hü­dudları aşa­raq dünya zəhmətkeşlərinin arzu və istəkləri ilə səsləşmişdir.

“Poeziya həyata müvafiq olmalıdır” ideyasını əsas gö­tü­rən M.F.Axundov tələb edirdi ki, poeziya xalqın həya­tını doğ­ru təsvir etsin. O, həqiqi demokratizm, həyatı mütərəqqi meyl­lər nöqteyi-nəzərindən əks etdirən realizm uğrunda mübarizə aparırdı.

Əli Kərim klassik rus, Azərbaycan və dünya ədəbiyya­tındakı vətənpərvərlik, xəlqilik ənənələrini mənimsəmiş, onu yeni tarixi şəraitdə daha da zənginləşdirmişdir.

Yaşadığı və fəaliyyət göstərdiyi dövrün tələblərini əldə rəhbər tutan şairin yaradıcılığında Azərbaycan xalqı konkret tarixi şəraitdə və özünün milli xüsusiyyətlərilə göstəril­miş­dir. Əli Kərimin yaradıcılığında Azərbaycan xalqına sonsuz məhəbbət, xalqın tarixi keçmişindən qaynaqlanan iftixar his­si, hazırkı vəziyyətinə və böyük gələcəyinə sağlam, yaradıcı­ münasibət ifadə olunur.

Əli Kərim yaradıcılığındakı xəlqilik, vətənpərvərlik ötə­ri, zahiri bir hal deyildir. Onun yaradıcılığı öz kökləri ilə xalqa, onun mənəviyyatına bağlıdır. Əli Kərimin yaradıcılığı yüksək xəlqilik nümunəsidir. Şeirdə “Vətən”, “Xalq” sözləri işlədilirsə, bu cür əsərləri bəzən xəlqiliyin nümunəsi kimi qə­­­bul edirik. Əslində, xəlqi şeir o şeirdir ki, xalqın həya­tını, məişətini, mübarizəsini geniş əks etdirsin.

O, özünün ilhamla yazdığı əsərlərində ölkəmizin inki­şa­fı­nı gördükcə fərəhlənmiş, qürur hissi keçirmiş, eyni zamanda mənfi halları cəsarətlə tənqid etmişdir. Ona görə də onun bir çox şeirlərində məhəbbət qəzəblə yanaşı yaşayır. O, müsbət adamları və hadisələri, xalqın qəhrəmanlığından və huma­niz­mindən doğan nəcib mənəvi-əxlaqi keyfiyyətləri məhəb­bət­lə tərənnüm edərkən mənfi təzahürləri də qəzəblə lənət­lə­yirdi.

Bu dünyanın gözəlliklərini sevən şair eybəcərliklərinə nifrət edir, yaxşıları, aqilləri axtaran şair pisləri, cahilləri rədd edir, dünyaya şər toxumu səpmək üçün gələnləri tənqid edir, dünaynı hər cür çirkinliklərdən, insanları isə şərdən və şeytandan uzaq görmək istəyir:


Yaxşıya pis desələr,

pisə yaxşı desələr,

Bunu görcək qəzəblənib

yaxşılar da

pis olmaq istəsələr...

nə deyim sənə,

Vay o günə,

o günə! (47, 152)


Bu, haraydır. Şair bu gün yaxşıların da bezib yaxşı ol­maq­dan əl çəkəcəyindən qorxur. Bu şeirin yazılmasından on illər keçməsinə baxmayaraq, bu günün özündə də müa­sir səs­lənir. Son illərin dəhşətli hadisələri bunu bir daha sü­but et­di. yaxşılar daha da yaxşı oldular, pislər ilə pisliklərini bir daha sübut etdilər. Amma bir çox “yaxşılar” da pis oldu­lar. Təbii ki, xislətində, zatında pislik olmayan heç vədə yo­lun­dan azmır. Amma hardasa mühitin tərbiyəsilə yaxşı olan­lar, mühit dəyişən kimi soykökündəki eybəcərliyi büruzə verir. Elə Əli Kərim də bundan qorxurdu. Şairin dediyi kimi, “bir gün”ü biz həyatımızda yaşadıq, həmin yaxşıların dönüb pis olmasını gözümüzlə gördük. Pislərin gülüşü, yaxşı adamla­rın ağlamasıdır (32, 69).

“Həyata, zəmanəyə dik baxmağı bacaran Əli Kərim çox təmiz, saf bir şair kimi ömrünün sonuna qədər də belə saf­­lıqla yaşadı. Yaltaq adam gözünün birinci düşməni idi. Heç kəsin əleyhinə danışmaz, heç kəsin paxıllığını çək­məz­di. İntuisiyası, duyum qabiliyyəti (şeirlərində olduğu kimi) çox güclü idi. Bəzən deyirmiş ki, gün gələcək hər şey yaxşı ola­caq. Hansı günü nəzərdə tuturdu şair? Yəqin ki, bir za­man­lar rejimin iti caynaqlarından qurtulub müstəqil olaca­ğı­mızı hələ çox-çox qabaqcadan görürdü və duyurdu. Qorxaq adamları diriykən ölü adlandırırdı”. Şair sətiraltı mənalarla fikirlərini belə şərh edirdi:


Qorxu! Ürəyinə yol tapırsa qorxu,

İnsan da ölməyə başlar o gündən.

O, yol açacaqdır, ölüm gələcək,

Gəlib hazırına nazir olacaq.

Qorxudan qorunmaq qüdrətin olsa,

Ölüm baş götürüb dünyadan köçər. (71, 124-125)


Şairin nifrət etdiyi ən böyük günahlardan biri böh­tan­dır. O, adsız bir şeirində böhtanı “həqiqət” paltarına bürüyüb in­san­lara təqdim edən, hətta çoxunu inandıran böhtancıdan bəhs edir:
O elə böhtanlar deyə bilər ki,

Yanında heç olar hər sənəd onun.

Canından,

qəlbindən,

bağrından qopur

Canlıtək sevdiyi bu sənət onun.

Niyə inanırlar ona?

Çünki


Dediyi, yazdığı bütün böhtanlar

Onun varlığından hər hissi qovub

Bir “həqiqət” kimi tutmuşdur qərar. (43, 146)
Şair burada böhtançıya inanmağın səbəbini də açıqla­yır. “Qeyd edir ki, ona görə inanırlar ki, dediyi böhtanlar onun var­lığındakı bütün hissləri qovub və bir “həqiqət” kimi orda qə­rar tutmuşdur” (32, 70). “Sən demə böhtançılıq da sənət olarmış”.

Bəzən ürəyi sancanda, kədər güc gələndə şeir yaxşı adam­ları xatırlayır, təsəlli tapır. Şairin fikrincə, “Pislərin gü­lüşü acı gülüşü. Yaxşı adamların ağlamağıdır”. Yaxşıya yax­şı, pisə pis olduğunu qeyd edən şair bu dünyada hər ikisi­nə sağlıq arzulayır.

Digər bir şeirində isə riyakarlıqdan bəhs edən Əli Kərim deyir:
Könül, riyakarlıq sənət olubdur,

Bütün sənətlərə ordan keçirlər.

Hər bir tərəf oğlu, vüqar övladı

Məhv olur,

gözündə namuslu kədər

Könül, bəlkə sən də...

sən də

sən də riyakar...



Onda get...

Onda get...

Boş qalsın sinəm. (42, 21)
Şair şərəfsizliyin isti, boğucu qoynuna sinmək istəmir, yalan cənnətdənsə, düzlük cəhənnəmində yanmaq istəyir. Xə­­bislərin nankorluğunu görən şair, onların üzünə gülmək­dən­sə, bir gün mayası təmizlik olan əbədi heçliyə qovuşmağı daha üstün tutur. Şairin “Maska” adlı şeirində də maraqlı ob­razlar var. Peredelkinoda klubda bir karnaval gecəsindən al­dı­ğı təəssüratı qələmə alan şair orada maska taxmayan bir qızın hamıya maska paylamasını qeyd edir. Şair diqqət edir ki, bəzən bir ay üzlüyə meymun maskası düşür, bəzən isə elə tül­künün özünə tülkü maskası verilir. Burada maraqlı olan odur ki, bəzən hər gün üzü maskalı olan yeni bir maska alır, ya da birisi öz sifətini açır, amma qəzəblənib maskanı qayta­rır. Kar­naval qurtaranda hamı bir-bir maskanı gətirib qay­ta­rır, amma naxələf çıxanlar, evinə üzündə maska qayıdanlar da olur:
Yaxşı yadımdadır Peredelkino,

Klubda karnaval gecəsi vardı.

Orda maskaları maska taxmamış,

Bir şümal, bir gözəl qız paylayardı.

Bəzən görürdün ki, bir ayüzlüyə

Eybəcər bir meymun maskası düşür.

Bəzən də görürdün, elə tülkünün

Özü özü ilə bir də görüşür.

Gah da hər gün üzü maskalı olan,

Təzədən üzünə bir maska vurur,

Bəzən də birisi öz sifətini

alır,


qəzəblənir,

qıza qaytarır.

Karnaval qurtarır,

adamlar bir-bir

aldığı maskanı qaytarır qıza

Amma bəziləri naxələf çıxır,

Qayıdır evinə üzündə maska. (48, 106)
Görünüydü kimi, şair burada maskalanmış adamların iç aləmini açmağa, oxucunu, əsasən də gənc və yeniyet­mə­lə­ri düzgün olmağa səsləyir, bir sifətdə olmalarını arzulayır.

Əli Kərimin ciddi poetik nailiyyətlərindən biri meş­şan­lığı, simasızlığı, “baş girləmək fəlsəfəsini ifşa etməsi, cır­maq­­laması, layiqincə döyə bilməsidir” (Xəlil Rza).


Girib qoluna

Yaxşıyla pisin

Gəzdi, danışdı

Mehriban, həzin. (43, 148)


“Heç-heçə (0-0)” şeirində maskası yırtılan bu meşşan vaxtilə Qorki, Mayakovski, Səməd Vurğun tərəfindən dö­yül­muş, amma yenə kökü kəsilməmiş səciyyəvi bir tipdir. Be­lələrinə qarşı aşıb-daşan nifrətini Əli Kərim bir­ba­şa demir, gülür, onun canlı nitqində, üzdə bir az laqeyd görünən misralarında təəssüf, sarkazm, yandırıcı istehza bir-birinə qarışır. “Dalda qalmadı, dedi söyərlər, Öndə getmə­di dedi döyərlər. Bir də gördülər neçə əsəri, “Volqa”sı, Bağı, barı, bəhəri, Heç-heçə oldu bütün işləri, hər yerdə, hər vaxt, illərdən bəri, Ölümün işi yaman çox idi, amma bir gecə onlara getdi, təəccüb etdi, heç ölümə də layiq olmayan bu necə tipdi?”.

“Azad adam” şeirində şair bu mövzuya yenidən qayı­dır, bu tipin başqa bir əkiz tayını verir, içi boş olduğu halda səsi gur çıxan bir həpəndi qələmə alır:


Küçədə elə danışır ki,

Guya bütün insanlarla

Mübarizəsi var,

Yaxşı da gur səsi var,

Birinin pıçıltısını kəsir,

Birinin fikir dolu sükutunu.

Elə bil hamının azadlığına

tutmusan


bunu.

Mərifətdən azad,

hörmətdən azad,

Hər şeydən azad,

Hər şeydən xali, danışır ali-ali,

Qışqırır qazı-qazı

Nadanlığın bu sevimli,

Bu hürr balası. (47, 92)

Göründüyü kimi, şairin bu şeirində “mərifət və azad” sözləri ayrılıqda müsbət məna yükü daşıyır. An­caq “mə­ri­fətdən azad deyəndə bu söz birləşməsi qəzəb, nifrət, kinayə yükü götürür və şairin seçdiyi qara hədəfi sərrast vurur.

Əli Kərimin bir nifrət hədəfi də sənətdəki riyakarlıqdır. Həyatda olmayan bir sənətkarın əsərlərini öz adına çap etdi­rən də, sənət dostunun paxıllığını çəkən də, həqiqi istedadı gözü götürməyən də bu obyektivdədir.

Şairin adsız bir şeirində ölən dostunun şeirlərini çap et­di­rib, şair kimi tanınan bir tip vardır. Şair göstərir ki, dos­tu­nun şeirlərini çap etdirib şöhrətə çatan bu tip, dostunun şeir­ləri qurtarandan sonra öz şeirlərini çapa verir və bu şeirləri oxuyanlar onun artıq bir şair kimi öldüyünü bildirirlər. Bu kiçik şeirdə şair nifrət dolu hiss-duyğu ilə ikrah doğuran mənzərə yaratmışdır.
O, ölən dostunun

şeirlərini

Verdi, çap etdirdi,

şöhrətə çatdı.

İllərlə bezdirib

mürgülətdiyi,

Qəlbində,

beynində


tufan oyatdı.

Qurtardı dostunun

şeirlərini.

Bəxtiyar-bəxtiyar

ürəkdən gülüb,

Çıxarcaq ortaya

yazılarını

Dedilər:

– şairtək

o, yoxdur,

ölüb! (43, 145)
“Ölümdən pis” adlı başqa kiçicik bir şeirində isə şair xəyanətə, rəzalətə olan dərin nifrətini, baxın, necə də gözəl mənalandırmışdır:
Ölümdən – xəyanət pis,

Ölümdən – rəzalət pis!

Bəzən necə gözəlsən,

Ölüm, sən ey səadət! (40, 26)


Şair daha sonralar qələmə aldığı “İlk sinfoniya” poe­ma­sında bu mövzuya qayıdır, paxıllıq zəhəri ilə zəhər­lən­miş “sənətkar” özünün məğlubiyyətini dərk etmək, anlamaq istəməsə də, fakt qarşısında məğlub olduğunu görür. Paxıllıq zəhərini dostunun məhəbbət piyaləsinə tökərkən öz sənət dün­yasının zəhərləndiyinin fərqində olmayan Azad üçün artıq sənətdə yer yox idi.

Əli Kərimin “Salyeri” adlı şeirindəsə həqiqi istedada malik olan Motsartla, ona fiziki mənada zəhər verən Salyeri paralel verilmişdir. Şair sözünə belə başlayır:


Motsarta yox,

deyərdim:

özünə verdi zəhərini.

O vaxtdan heç kim çalmır

onun bircə əsərini.

Demək, heç nəyi yoxmuş,

həyatı bir qızdırmalının

gördüyü yuxuymuş.

“Namərd qardaşlıq

məzarında”

basdırdılar yazdıqlarını. (43, 336)
Şair Salyerinin həyatını bir qızdırmalının gördüyü yuxu hesab edir. Onun yazdıqlarının, “Dahiliyin şahlıq taxtı­na yoz­duqlarının” “Namərd qardaşlıq məzarında” basdırıl­dı­ğı­nı qeyd edərək düşünür ki, Salyeri Motsartı dirildib öz pu­lu­na aldığı zəhəri geriyə istərdi, o zəhərin öz boğazına tökül­mə­sini istərdi, təki bir əsərinin çalındığını eşidəydi. Burada Salyeri-Motsart paralelində şərlə xeyirin mübarizəsi var. Am­ma sonda yenə də xeyir qalib gəlir, həmişə olduğu kimi. Mot­sar­tın əsərləri zaman-zaman yaşayır, xeyirxahların əməli kimi. Hər dəfə bu mövzuya müraciət edən bir sənətkar Mot­sar­ta sevgi, Salye­riyə nifrət dolu duyğularla bu faciəni qələmə alır.

Əli Kərim şeirinin ən dəyərli cəhətlərindən biri də yığ­camlıq və konkretlikdir. “Salyeri” şeirində olduğu kimi. Uzun-uzadı söz söyləməkdən, baş ağartmaqdan uzaq olan şairi sevdirən cəhətlərdən biri də ondan ibarətdir ki, kiçik həcm­də böyük mətləbləri açıqlamağı bacarır. Əli Kərim nifrəti çox vaxt qarşıdakı obyektə məhəbbətlə paralel verilir. Və bu paralel poeziyada daha mükəmməl əksini tapır.

Bu sevgi ilə nifrətin paralelini şeirin dünyəvi faciələrlə bağlı əsərlərində aydın görürük.

Böyük Vətən müharibəsi başladığı zaman bütün qüv­vələr düşmənlə mübarizəyə, bu mübarizədə qələbəni təmin olunmasına səfərbər edildi. Bütün başqa qardaş xalq­la­rın ədəbiyyatları ilə bərabər, Azərbaycan ədəbiyyatı da xal­qın iradə və hünərini vətənin azadlıq və səadəti uğrunda mübarizəyə yönəltdi. Doğma vətənə məhəbbət hissini daha da gücləndirmək, xalqda faşizmə sonsuz qəzəb və nifrət his-si tərbiyə etmək ədəbiyyatımızın qarşısında duran əsas vəzi­fə­lərdən idi. Müharibə dövrünün özünəməxsus xüsusiy­yət­ləri yazıçıdan etiraz və mübarizə ruhu tələb edirdi. Ədəbiy­ya­tımızın qarşısında duran başlıca məsələ alman qoşun­la­rının işğalçılıq niyyətini ifşa etmək, faşizmin dünya xalqla­rına gətirdiyi böyük fəlakəti göstərmək, yüksək vətən­pərvər­lik və qəhrəmanlıq hissləri tərbiyə etmək idi.

Vətəni müdafiə ədəbiyyatımızın əsas mövzusu idi. Poe­ziya faşizmin törətdiyi vəhşilikləri, faşizmin dünya xalq­la­rına qarşı amansız təcavüzünü, onun yırtıcı mahiyyətini giz­lətmədən, müvəqqəti məğlubiyyətlərinin səbəblərini ört-basdır etmədən realistcəsinə əks etdirirdi.

S.Vurğun, S.Rüstəm, M.Rahim, R.Rza, O.Sarıvəlli, M.Dil­bazi, Z.Xəlil və başqa şairlərimizin lirikasında, Mir Cəlal, M.S.Ordubadi, M.Hüseyn, S.Rəhimov, M.İbrahimov, Ə.Məmmədxanlı və b. roman, povest, hekayə və məqalə­lə­rin­də bir nəfər kimi doğma vətənin müdafiəsinə qalxmış, mü­ba­rizə meydanına atılmış həmvətənlərinin mənəvi zən­ginliyi təsvir olunmuşdur.

Bu dövrdə Əli Kərim də qələmə sarılmış, Vətənimizin sərhədlərini keçib müqəddəs torpaqlarımızı ələ keçirmək, xalqımızı qul etmək istəyən faşistləri ifşa edən xeyli sayda şeir və poemalar yazmışdır. Onun “Coğrafiya müəlliminin şəhadət barmağı haqqında ballada”, “№3702”, “Xirosimada məktəbsiz uşaq” və s. şeirləri bir tərəfdən gənclərimizə bö­yük vətənpərvərlik hissləri, digər tərəfdən xalqımızı qul etməyi qarşısında məqsəd qoyan yadelilərə nifrət duyğuları aşıladı. Əlbəttə, şairin müharibə mövzusunda yazdığı şeirlər o qədər də çox deyildir. Amma bu şeirlər 50 il bundan əv­vəl yazılmasına baxmayaraq, bu gün müharibə şəraitində yaşayan, yurdundan-yuvasından pərən-pərən düşən vətən həs­rətli soydaşlarımızın həyatı ilə səslənməkdədir. Bu cə­hətdən “Şəhidliyin zirvəsi”, “Qonşuda bir qız ağlar”, “Bom­ba üstündə ev”, “Analar ağlar”, “Alman əsiri” və s. şeirləri oxuyarkən körpə balalarımızın, ata-babalarımızın vəhşicə­sinə qətlə yetirilməsi, topdağıtmaz Qarabağ mahalının tar­mar edilməsi gözlərimiz qarşısında canlanır:
İnildər bir qız Xirosimada,

Bir il,


İki il...

İllər...


Bu nə tükənməz ağrıdır.

O qız –


Bir həşəm sevincli

Topdağıtmaz qranit kədərli,

Söndürülməz alov qəzəbli

Ananın


Gözlərinin qarasıdır, ağıdır,

O, xəyala dalınca

Parçalanmış könül uçur

Məktəbli uşaqların dalınca. (40, 100)


Şairin bu mövzuda qələmə aldığı şeirlərini oxunaqlı edən cəhətlərdən biri də insanın daxili aləmində baş verən tə­latümləri, psixoloji sarsıntıları duyub, hiss edib, şeir parça­la­rında ifadəsini tapmasıdır.

Psixoloji faktor Ə.Kərimin yaradıcılığında həm bədii fenomen kimi mövcuddur, həm də nəzəri polemika şəklində fəaliyyət göstərir. Şairin əsərlərindəki bədii-psixoloji feno­me­ni oxucu hər oxunuşda bədii zövq şəklində qavrayır: “Qonşuda bir qız ağlar”. Şeirin məzmunu belə­dir. Akademik T.Hacıyevin yazdığı kimi: “Şeirin məzmunu danışılmaz, ancaq oğul odur ki, şeirinin məzmunu danışılsın və məzmunu da şeir olsun, şeir təsiri oyatsın” (26, 4).

Qızın anası xəstəxanaya gedir ki, ona bir qardaş, ya bir bacı gətirsin. Ancaq ana xəstəxanadan qayıtmır. Qız ağlayır, kirimir. Anasının nəfəsi hopmuş balışı qucaqlayır, ondan ay­rıl­maq istəmir. Evlərinin künc-bucaqlarını arayır. Şkafı açıb anasının paltosunun içinə baxır, paltonun qollarını qaldırıb içini axtarır, anası orada da tapılmır – bu, yaş yarım-iki yaş­­lı uşağın psixoloji davranışıdır, təsəlli üçün gələn qa­dınlara baxır, heç biri anasına oxşamır, yenə ağlayır. Qız “mil­yon illik kədərlə” yaşayır, yəni ana-bala həsrəti bəşə­riy­yət­lə birgə yaranıb. Çəkilməkdən qəm də yorulub. Ağla­maq­dan qız da yorulub. Şair deyir:
Ata tənha...

O, tənha...

Birləşib cüt tənhalıq.

Daha qüdrətli olub,

Daha möhnətli olub...

Növbəylə qalırıq biz...

onlarda...

nə mənası...

Getmir qızın həsrəti,

Gəlmir qızın anası.

Qonşuda bir qız ağlar,

Gəlib düşər yadıma

Müharibə...

Ölüm... qan...

Axşam... səhər...

hər zaman

Qonşuda bir qız ağlar,

Qız ağlar,

Yalqız ağlar. (43, 110)
Bəli, kədər bəşəridir. “Buna görə də kədər müqəddəs hissdir. Onun qüdrətini görüb bədii mənalandırdığı üçün Əli Kərimin bu şeiri psixoloji vüsət qazanır” (26).

Şairin müharibə mövzusunda qələmə aldığı “3702” ad­lı şeirində rə­qəm­lər aləmində titrəyən, çırpınan, xəstə kimi üşü­yən bir riyaziyyat müəlliminin taleyi ilə tanış oluruq.

Riyaziyyat müəllimi faşist ölüm düşərgəsinin məhbusu olub. İndi o, dərs keçir və şagirdlərinin taxtada yazdığı rə­qəm­lər müəllimin xəyalında həkk olunmuş dostlarını can­lan­dırır: ölüm düşərgəsində insanların adları zəbt olunmuşdu, ad yerində onları rəqəmlərlə möhürləmişdilər və indi bu tə­sa­düfi rəqəmlər müəllimin gözlərində tələf olmuş insanları, onların dəhşətli talelərini canlandırır. Müəllim dərs keçdiyi za­man hər hansı bir rəqəm onun üçün canlı insana çevrilir. Konslagerdə əsirlərin döşlərinə vurulmuş nömrələr yadına düşür. Burada qaz peçinə atılıb yandırılan Valya, anasından gestaponun zorla ayırdığı, məhv etdiyi körpə naməlum ma­car, gürcü, rus-hamı xatırlanır. Riyaziyyat müəllimi hər gün bu rəqəmlərlə üz-üzə gəlir. Bütün bunlardan bixəbər şa­gird­lər cürbəcür misal və məsələ həll edərkən müəyyən rəqəmlər alırlar, onlar bilmirlər ki, hər rəqəm canlı insandır. Şagird­lər­dən birisi – 3702 rəqəmini yazarkən müəllim diksinir – bu onun özünün düşərgədəki nömrəsi idi. Şeirin ən təsirli yeri müəllimin öz nömrəsinin şagirdin dilində səslənməsi, müəl­li­min dik atılması və şairin sonda rahatlıqla gəldiyi qənaət – artıq o günlərin geridə qalması, artıq insanların o mənhus nömrələrlə deyil, öz adları ilə çağırılmalarının nə qədər xoş olmasıdır. Konslagerdə 3702 çağrılan müəllimin öz adıy­la çağrılmasının nə demək olduğunu ancaq o dəhşətləri gö­rən­lər, dərk edənlər bilər. Şair bu ağrı-acını duyduğu üçün öz yaşantısını təsirli şəkildə təqdim edir. “Əli Kərim bu mövzuya elə dərin emosional qüvvət aşılaya bilmişdir ki, şeiri həyəcansız qavramaq mümkün deyildir” (5, 34).

Budur, məktəb illərindən doğmuş bu şeir:


Birdən şagird: – Müəllim,

3702!


Dik atılır müəllim.

Gör neçə il daşımış

O, bu qurğuşun yükü.

3702!


Eşidəndə

Dik atılır yenə də.

Nə gözəldir insanı

Öz adıyla çağırmaq

Yiyəsidir adının

Buradakı hər uşaq.

3702

dərs deməyir onlara,



Başqasıdır müəllim!

Elmi, dərdi, sevinci

Onlar ilə bir bölən,

Onların adlarını

Adı tək əzbər bilən

Məhəmmədin nəvəsi

Əlövsət oğlu Qara. (48, 125-126)
Burada bir müəllimdən danışan şair, əslində mühari­bə­də əsir düşən sinəsi nömrəli bütün insanların taleyinə acıyır. İnsanları bu hala salan müharibə dəhşətlərinə nifrət edir.

“Coğrafiya müəlliminin şəhadət barmağı haqqında bal­la­da” şeirində daha bir dəhşətin şahidi oluruq. Müharibə ge­dir. Torpaqlar alınır. Müəllim dərs keçir. Əlini xəritənin üs­tün­də gəzdirir, sərhədi göstərmək istəyir. Amma həmin anda həmin yerdə döyüş gedir. Müəllim bilmir ki, barmağını ha­ra­da gəzdirsin. Ordu geri çəkilir, osa dayanıb. Şair burada müəl­limin barmağı altında dayanan böyük bir ölkənin tale­yi­ni izləyir. Ona elə gəlir ki, müəllimin barmağı üstün­dən tanklar, nallı çəkmələr keçir, lakin o barmaq düşmənin üstünə atılır. Şeirin sonunda isə artıq müəllimin canlı coğ­rafiya dərsi keçdiyinin şahidi oluruq. Şair şeiri belə bitirir:


Düşmən tərəfləri göstərən zaman,

Həmin barmağını güllələr biçdi.

Bu gün dərs deyirdi,

bozardı rəngi.

Onu çox yandırdı kəsilmiş qolu,

O dərdli barmağı yoxdur

göstərə

Böyük bir ölkənin keçdiyi yolu. (47, 119)


Burada bir müəllimin deyil, minlərlə qolunu-qıçını itir­miş insanların ağrı-acısı var və şair bütün bunlara səbəb olan­ları nifrət hissi ilə anır, bu ağrılara qəlbən yanır. Əli Kə­rim şeiri həmişə həqiqi yaşantının nəticəsi kimi yaranır. O, nədən yazırsa-yazsın, onu içindən keçirir, hissində, duy­ğu­sunda yoğurub yazır.

“Alman əsiri” şeirində şair daha təsirli bir lövhə ya­rat­mışdır. Göyçaydan Mingəçevirə dəstə-dəstə əsirlər aparırlar. Birdən bir əsir mavi gözlü bir uşağı görüb dayanır. Şair burada diqqəti bir təzada yönəldir. Dünənə qədər cəllad olan bir əsir, mavi gözlü uşağı görərkən yadına yəqin ki, öz uşaq­ları düşmüş və sanki ildırım vurmuş kimi yerindəcə donmuş­dur. Onu haraylayırlar, çağırırlar, amma o sanki eşitmir, uşaq­dan ayrıla bilmir. Diqqəti çəkən bir obraz var burada: “Tökülürdü o cəllad gözdən insan baxışı, mehribanlıq yağı­şı”. Dünən cəllad kimi qan tökən, bu gün isə əsir olan alman hər şeydən əvvəl insandır. Burada artıq şairin nifrəti almana qarşı deyildir. Bu anda alman düşmən deyildir. Dünən düş­mən olan bu gün bir insandır, övladını anan bir atadır. Allah-təala insanı yaradanda onun içində bir qüvvə şəklində bütün yaxşı və pis cəhətləri yaratmışdır. Amma insan müəyyən an­da onlardan hər hansını istəsə felə çevirə bilir. Əli Kərim bu şeirdə həmin mənanı açıqlamaq istəmişdir.


Əsir durub baxırdı

diqqətlə –

yaxşı-yaxşı.

Tökülürdü

o cəllad gözdən insan baxışı

mehribanlıq yağışı.

Fikrə getmişdi hamı...

Gözətçi hey səsləyir

toz içində uzaqdan.

Əsir ayrıla bilmir

gözləri mavi kinli,

bu qalib,

doğma və yad,

bu sevimli uşaqdan. (47, 120-121)


Əli Kərim poeziyasında diqqəti cəlb edən əsas cəhət­lər­dən biri də əşyaları, predmetləri adi vəziyyətdən çı­xarıb, on­lara istədiyi nöqtədən baxmasıdır. Bu yolla şairin xəyalı Kürə ya­ğan yağışın çalarlarını, ritmini tuta-tuta meşələrə, gü­­neylərə, düzənlərə səpilən damcıların qara, qırmızı və boz rəngini aşkarlayır (“Kürə yağış yağırdı”). Şairin fan­ta­zi­yası köçəri günlər, köçəri saatlar, köçəri aylar (“Başının üstündə bax”) arasında paralellər yaradır, döyüş meydanını qəm meydanına çevirir, bayatıları, ağıları göz yaşında isladır.

“Analar ağlar” adlı şeirdə daha mürəkkəb mənzərə ilə qarşılaşırıq. Sapunqarada anaların gəlib göz yaşı tökdüyü məkan var. Bu məkanda bayatılar, ağılar göz yaşında yu­yu­lur. Nə vaxtsa döyüş meydanı olan bu yerdə ümumi bir mə­za­­rıstan var. Analar gəlib burada ağlar, amma bilməz ki ki­min üstündə ağlayır. Şair burada qəribə lövhələr yaradır. Bir ana bəlkə də boş bir torpağı qucaqlayıb fəğan edir. Şeirin so­nunda isə Sapunqarada olan bu məzarın tək olmadığını, dün­ya­nın başqa yerlərində də bu cür məzarların olduğunu diqqətə çatdırır.


Anam, Sapunqaraya analar gəlib ağlar,

Göz yaşında islanar

Bayatılar, ağılar.

Birisi – Ay bala!

Deyib fəğan qoparar,

Boş torpağı qucaqlar.

Oğullarına dəyən

Necə ağır qurşunu

Ürəyində əridər,

Gözlərindən axıdar.

Anam,

Sapunqarada,



Bir də ki görmədiyim neçə eldə, obada

Ağlar,


Analar ağlar. (47, 123-124)
O analar neçə illərdir ki. ağı deyə-deyə ağlayır. Bu xi­ro­si­malı qız neçə illdir sürünə-sürünə inildəyir... Kim bilir hə­lə neçə il göz yaşı tökəcək, neçə il hələ sızlayacaqdır. Şeir­lərin ruhu bir-birilə yaxındır. Birincinin misraları mü­ha­ribənin sağalmaz, ikincinin misraları isə atom vahiməsi üs­tündə “kök­lənib”. Hər ikisi bir nöqtədə birləşir: İnsanlar, ehtiyatlı olun, anaların göz yaşı tükənə bilər, körpələrin tə­bəs­sümü yer kürrəsindən silinə bilər. O qızın ürəyi “neçə il­dir bir sinifdə, bir arzuda, bir yaşda qalır”, o anaları kədər ne­çə ildir ki, “meydan boyu səpələyir”. “Xurosimada mək­təbsiz uşaq” şeirində qəribə bir hiss – doluxsunmuş ağla­ma­ğa taqəti ol­ma­yan bir adamın əhval-ruhuyyəsi var. Belə bir adam ancaq qırıq-qırıq danışa bilər. Odur ki, misralar şeirin ümumi ruhu­na uyğun olaraq bəzən qırılır, pərən-pərən dü­şür. Bu, bəşəri bir ağrını daha sərrast ifadə etmək üçün çox yaxşı vasitədir. Şeirin sonunda şairin kövrəldiyi hiss olunur:
Ana fəryada gələr,

Göz yaşını sel elər,

Oğlunu ondan almış,

Düşmən meyiti üstə:

– Ay oğlum,

– Oğlum, – deyə.

Deyib, fəğan qoparar,

Boş torpağı qucaqlar. (43, 75-76)


Burada da başımıza gələn bəlalar yada düşür. Vətəni­mi­zin hər yerində, şəhərlərdə, kəndlərdə belə “şəhidlər xiya­banı” saldıq, işğal altında olan torpaqlarımızda neçə-neçə Ko­roğlu qüdrətli, Babək dəyanətli igidlərimizi itirdik.

Yaponiyada atom bombasının sınağından törənən faciə bütün şairlərimizin qələmindən keçib. Sovet dövründə ya­zıb-yaradan şairlərin hamısı bu mövzuya müraciət edib. Amma Əli Kərimin “Xirosimada məktəbsiz uşaq” adlı şeiri tamam başqa bir haraydır. Hamı bu faciədən yazıb, onun dəh­şətlərini təsvir edib, yaşantılarını qələmə alıb. Amma Əli Kərimin şeirində sadəcə bir məktəbli uşaq var, amma o uşaq məktəbsizdir. İllər keçir, bu qızın məktəbə getmək arzusu ger­çəkləşə bilmir. Hər zəng səsini eşidəndə xəyalı məktəbə uçur. Amma müəllim jurnalı açır, onun adını çəkmir. Şair bu dərdə dözə bilmir, ağlayır. “Bu il doğulan uşaq gəlib onu keçəcək”. Sonda şair deyir:


Ona dərman verərlər,

Dərman xəstələnər –

Sənin loğmanın olam,

Mənim məktəbsiz balam! (40, 101)


Əli Kərimin bəzən bir dördlüyü, bəzən bir şeiri, bəzən bir poeması bəşəri faciəni əks etdirir, əsərin həcmindən asılı olmayaraq, bir dünyalıq dərd danışır bizə. Bəzən bir şeirin tək­cə misrasında şairin bir dünyalıq ağrısını görürük. Əli Kə­rim şeirdə gülməyi bacardığı kimi, ağlatmağı da bacarır. Onun gülüşü xəfif bahar kimi, ağlayışı da payız yağışı ki­midir. Çünki bu, bəşəri ağlayışdır.

Planetin taleyi ilə bağlı ciddi narahatlıq Əli Kərim poe­ziyasına xas olan cəhətdir. Onun müharibə təhlükəsi haq­qın­da, atom kabusu haqqında düşün­cələri dəb xətrinə deyilmiş boğazdan yuxarı şüar­lar deyildi. Əli Kərim zamanın, günün nəbzini öz nəbzi kimi duy­mağı bacarırdı. “Bomba üstündə ev” şeirinin epiqra­fını Stav­ropol qəzetində rast gəldiyi mə­lumatdan gö­tü­rüb. Mən Stav­ropol qəzetlərinin birində oxu­dum: Müharibə vaxtı al­man­ların torpağa işləyib partlamamış bir bombası illərlə bu­rada qalmış, hətta bilmədən onun üzərində ev də tik­miş­lər, bu­ra ailələr köçmüş, toy-nişan da olmuş, amma bomba part­la­ma­mış­dır. Bomba qazıntı zamanı təsadüfən tapılmışdır (Əli Kərim):


Bomba üstünə

Köçdü ailə, –

Şən,

Gülə-gülə.



Toy da oldu

Bomba üstündə,

Uşaq da doğuldu

Bomba üstündə. (47, 121)


Şair burada bombanın illərlə insanları güddüyünü, on­la­rın hər bir hərəkətini izlədiyini, partlamağa məqam gözlə­di­yini, amma donub qaldığını, bir gün insanların qazıntı apa­ran zamanı “onu tapıb, onun dəmir içalatını ağzından çıxar­dı­ğını” poetik dillə bizə danışır.

“Ancaq bu ölüm bombası nəfəsini içinə çəkib, sussa da, onun passiv taleyilə cəmiyyət barışmayıb. Marıqda du­ran, öz müd­hiş partlayış saatını gözləyən, insanların səa­dətinə susayan bu bombanı şair daha geniş və rəmz şəklində mənalandırır. Bütün planetimiz şairə bir növ bomba üstündə qurulmuş evi xatırladır”. Deməli, insanlar hər an, hər dəqiqə ayıq-sayıq ol­ma­lı, bəşərin ilk və əbədi yuvasını – Yer kürə­mi­zi müdhiş ölüm partlayışından qorumalıdırlar. Şair insan­ların buna qadir olduğuna inanır və şeirini həyəcanlı bir çağırışla bitirir (6):


Bomba başını qaldırır,

Partlatmaq istəyib

Qurşun qəzəbini,

Baxır altdan yuxarı.

O, odlu bir maraqdadır, –

Dincəlmir,

marıqdadır...

Donmuş qəlbi gecə-gündüz

Deyir:

Partla!


Gurla!

Bağır!


Bomba hardan anlayaydı ki,

İnsanları bu sayaq

Güdəcək,

Güdəcək,


İnsanlar isə ancaq

Onun dəmir içalatını

ağzından çıxaracaq. –

Bomba özüldə deyilmiş,

Yoxsa göstərərmiş, özünü.

Qoruyaq


Dünyamızın özülünü. (47, 122)


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə