Dədə Qorqud ● 2015



Yüklə 8,13 Mb.
səhifə10/20
tarix23.02.2020
ölçüsü8,13 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
AMEA Folklor İnstitutu

e-mail: tacır1956@ mail.ru

APARDI SELLƏR SARANI” XALQ MAHNISI VƏ “XAN ÇOBAN” DASTANI


Xülasə

“Apardı sellər Saranı” xalq nəğməsinin bir neçə variantının olması onun bir neçə motivi­nin də mövcudluğundan xəbər verməkdədir. Tədqiqatlar göstərir ki, bu, böyük Azərbaycan şairi Əbülqasım Nəbati ilə bağlı yaranmış xalq nəğməsidir.



Açar sözlər: xalq nəğməsi, variant, Xan çoban, Sara, Saran, motiv, Nəbati, musiqi folkloru
FLOODS TOOK SARAH” FOLK SONG AND THE EPOS OF “KHAN CHOBAN”
Summary

The existence of several options of “Floods took Sarah” folk song notifies the existence of its several motives. Studies show that this ia a folk song creating about great Azerbaijani poet Abulqasim Nabati.



Key words: folk song, option, Khan choban, Sarah, Saran, motive, Nabati, music folklore
НАРОДНАЯ ПЕСНЯ «УНЕСЛИ СЕЛИ САРУ» И ДАСТАН «ХАН ЧОБАН»
Резюме

Наличие нескольких вариантов народной песни «Унесли сели Сару» предполагает существование также и нескольких мотивов. Исследования показывают, что данная на­род­ная песня создана и связана с великим азербайджанским поэтом Абульгасым Набати.



Ключевые слова: народная песня, вариант, Хан Чобан, Сара, Саран, мотив, Наба­ти, музыкальный фольклор
Nədənsə folklor materiallarının toplanıb yazıya alınmasında musiqi folklo­runa az rast gəlinir. Eyni zamanda musiqi folklorunu təşkil edən xalq nəğmə­lə­rinin, türkülərinin, nanayların, tırınqıların, qımqımıların variantlılığı nəzərə alın­mamış, çoxmotivliyi diqqət mərkəzində saxlanmamışdır, ya da təbii ki, bu iş gö­rül­sə də, o qədər diqqətəlayiq olmamışdır. Buna görə də neçə-neçə xalq nəğmə­si, türkü itib-batmış, onun motivi də unudulmuşdur. Maraqlı xalq nəğmələrindən biri də “Apardı sellər Saranı”dır. Biz xeyli axtarış aparandan sonra bu xalq nəğ­mə­sinin bizə məlum olanından əlavə dörd variantına rast gəldik. Bu xalq nəğməsinin bir neçə variantına rast gəlinməsini biz adı hal hesab edirik, çünki xalq nəğmələri də şifahi xalq ədəbiyyatıdır, təbii ki, onun çoxvariantlı olması əsas şərtlərdəndir. Çünki bir xalq nəğməsini bir sinədəftər bir cür, digəri bir az fərqli söyləyə, avazla oxuya bilər, hətta yaradıcıdırsa da ona öz əlavələrini də edə bilər. Əlbəttə, variantlıq da buradan yaranır. İndi “Apardı sellər Saranı”n va­ri­ant­larına baxaq. Bu variantlardan ən maraqlısı əlyazmalarda, özü də erməni əlif­bası ilə yazıya alınan Azərbaycan folkloru materiallarında rastlan­masıdır. Bu bir daha bu xalq nəğmə­sinin ermənilər arasında da geniş yayıldığını göstərir. Ye­ri gəlmişkən qeyd edək ki, namərd qonşularımız uzun müddət bizim dastan­ları­mızdan, aşıq şeirlərimizdən, bayatılarımızdan faydalan­mışlar. İndi həmin varian­ta diqqət yetirək:

...Gedin deyin xan dayıma,

Atlanıb gəlsin toyuma.

Apardı sellər Saranı,

Əşrəfi telli balamı.
Arpa çayı aşıb-daşdı,

Sel Saranı götdü qaçdı.

Buxçanı nənəsi açdı.
Apardı sellər Saranı,

Əşrəfi telli balamı.


Arpa çayı dərin olmaz,

Su içməyə sərin olmaz.

Sara kimi gəlin olmaz

Apardı sellər Saranı,

Əfrəfi telli balamı (1,80).

Xalq nəğməsinin II variantı “Saramı” adı ilə verilmişdir, bu həcmcə də digər variantlardan böyükdür:


Apra çayı aşdı, daşdı,

Sel Saranı götdü qaşdı,

Ala gözlü, qələm qaşlı.

Apardı Sellər Saramı,

Bir ala gözlü balamı!


Yüz atlıydıq, çıxdıq düzə,

Bıçaq batsın yaman gözə,

Sarğı başmaq suda üzə.

Apardı sellər Saramı,

Bir ala gözlü balamı!
Arpa çayı dərin olmaz,

Axar sular dərin olmaz.

Sara kimi gəlin olmaz.

Apardı sellər Saramı,

Bir ala gözlü balamı!
Arpa çayı məni aldı,

Apardı dəryaya saldı,

Cilovdarım dalda qaldı.

Apardı sellər Saramı,

Bir ala gözlü balamı!

Olduq əcəb günüqara,

Dərdimizə yoxdu çara,

Sara həsrət qaldı yara.

Apardı sellər Saramı,

Bir ala gözlü balamı!


Qaldı bu sinəmdə dağın,

Öldürdü məni fərağın,

Oldu qara toy otağın.

Apardı sellər Saramı,

Bir ala gözlü balamı!
Adaxlı gözlər yolunu,

Boynuna salsın qolunu,

Su aldı sağı-solunu.

Apardı sellər Saramı,

Bir ala gözlü balamı!
Arpa çayı ada gəlir,

Kor yengələr dada gəlir,

Sarğı başmaq suda gəlir,

Apardı sellər Saramı,

Bir ala gözlü balamı!

Düyünü tökdüm tabağa,

İslandı qaldı sabağa.

Cilovdar düşsün qabağa,

Apardı sellər Saramı,

Bir ala gözlü balamı!


Qarağaş, kökün qırılsın,

Dibinə balta vurulsun,

Cilovdar, əlin qırılsın.

Apardı sellər Saramı,

Bir ala gözlü balamı!
Gedin deyin Xançobana,

Gəlməsin bu il Muğana.

Muğan batıb nahaq qana

Apardı sellər Saramı,

Bir ala gözlü balamı! (2,143-145).

Xalq nəğməsinin bu variantında bir neçə yerdə cilovdar deyə birisinin adı çəkilir. Bəs cilovdar kimdir, niyə orada onun da adı çəkilir? Öncə qeyd edək ki, toy mərasimlərində adətən gəlini bəy evinə atın üstündə aparardılar. Çox güman ki, “Atdandırma” havası da adını elə buradan almışdır. Dədə-baba adətinə görə bir nəfər təcrübəli kişi atın önündə durub atın cilovunu çəkirdi, buna el arasında cilovdar deyirdilər. Digər bir kişi isə atın arxasınca gəlir, onun quyruğunu tuturmalı idi. Yəni gəlinin təhlükəsizliyi tamamilə təmin olunurdu.

“Apardı sellər Saranı”n digər bir variantı Qarsda yaranmışdır. Burada Sara Saran kimi verilmişdir. Rəvayətdə göstərilir ki, Muğanda Bir ağanın Saran adlı qızı varmış. Ağanın da Xan adlı bir çobanı varmış. Çobanla qız bir-birinə vurulubmuşlar. Bunu eşidən ağa bərk acıqlansa da adamlar onu bir təhər razı salırlar. Ağa qızını ona verəcəyinə söz versə də bir şərt kəsir, yəni oğlan qızı yeddi il görməməlidir. Razılaşırlar. Qız hər ilə bir xalı toxuyur. O, bacıları ilə xalıları Arpa çayına yumağa aparanda birdən yağış yağıb tufan qopur, sel Saranı aparır. İndi III varianta baxaq:

Arpa çayı aşdı, daşdı

Sel Saranı aldı kaçdı

Üç bacının gözü yaşdı

Apardı seller Saranı

Bir uca boylu balamı.

Arabalar gelir qoşa

Men kurbanım qalem qaşa

Oğlan elin çıkdı boşa

Apardı seller Saranı

Bir uca boylu balamı (3,261).

“Apardı sellər Saranı” xalq nəğməsinin bir variantı da Ağbabada yaran­mışdır. Bu, xalq nəğməsinin IV variantı sayılır. İndi həmin varianta nəzər salaq:


Arpa çayı qurusun,

Dibinə balta vurulsun,

Cilov çəkən, qolun qurusun.

Apardı sellər Saranı,

Necetdi bəxti qaramı.


Almanı qoydum cibimə,

Getdim otağın dibinə.

Xəbər verin xan bibimə,

Apardı sellər Saranı,

Necetdi bəxti qaramı.
Yüz atlıydıq, çıxdıq düzə,

Biçaq batsın yaman gözə.

Aşıqlar durmuşdu sözə,

Apardı sellər Saranı,

Necetdi bəxti qaramı.
Apra çayı ada gəlir,

Sarı başmaq suda gəlir,

Kor yengələr dada gəlir,

Apardı sellər Saranı,

Necetdi bəxti qaramı.
Düyünü tökdüm qazana,

Qaynamadı, qaldı sazana.

Qismət oldu qəbir qazana,

Apardı sellər Saranı,

Necetdi bəxti qaramı (4).


Maraqlıdır ki, Ağbaba variantı daha çox Ə.Axundovun toplayıb yazıya aldığı variantla səsləşir. Bu variantlarda az da olsa xeyli fərq olduğunu görmək mümkündür. Bu xalq nəğməsinin bir neçə variantı olması, həm də onun bir neçə motivi olmasını da göstərir. Bu variantlardan ikisində Sara adı Saram, Saran kimi də verilmiş, eyni zamanda bu xalq nəğməsi bağlı rəvayətlərin də olması məlumdur, bunlardan birini biz qeyd etmişik. Təbii ki, bu motivlərin də araşdırılıb nota alınması və müqayisə edilməsi yəqin ki, bu xalq nəğməsi barədə təsəvvürlərin genişlənməsinə, eləcə də digər xalq nəğmələrinin tədqiqinə geniş imkanlar açacaqdır. Bəs “Apardı sellər Saranı” xalq nəğməsində adı çəkilən Xan Çoban kimdir? Bu suala cavab vermək üçün professor İ.Abbaslının bu barədə qeydlərinə nəzər salaq. “Xan Çoban” XIX əsrdə erməni əlifbası ilə yazıya alınmışdır. Xalq romanının məzmunu ilə tanışlıq belə etimal doğurur ki, “Xan Çoban” ötən əsrin tanınmış Azərbaycan şairi Seyid Əbülqasım Nəbatinin adı ilə yaranmış folklor əsərlərindəndir” (5, 107). Maraqlıdır ki, Seyid Əbülqasım Nəbati Xan Çoban təxəllüsünü şeirlərində də gen-bol işlədir.

Mən dedim bəs Xan Çoban Cavandır

Bir igid oğlandır, bəhri-bəyandır (6,15).

Xan Çobanı yenə lal oldu qələm açdı zəban,

Dur Nəbati ki, gəlib müği-süxəndan əlinə (6,120).

“Apardı sellər Saranı” xalq nəğməsi göstərir ki, bu nəğmə vaxtilə geniş yayılmış, xalq tərəfindən sevilmişdir. Professor İ.Abbaslı bu haqda yazır: “Qoşma Xan Çobanı” (söhbət Səfil Qara adlı bir aşığın əlyazma şəklində şeirdən gedir) başlığı ilə verilməsi bir daha eyni adda molediyanın hələ şairin dövründə geniş yayıldığını aşkar etməkdədir. “Xan Çobanı” havası hətta o dərəcədə sevilmiş, kütləviləşmişdir ki, yarandığı illərdən bu günə qədər zümzümələrdə yaşayıb gəlmiş, hazırda isə öz əlamətini yenə də eyni adla tanınan “Xan Çobanı” rəqs musiqisində saxlanmışdır” (6,113).

Maraqlıdır ki, “Xan Çoban” dastanı da əlyazmalarda rastlanmışdır. Bu dastan da “Apardı sellər Saranı” xalq nəğməsi ilə səsləşir, professor İ.Abbaslının dediyi kimi, Xan Çobanın kimliyini təsdiq edir. İ.Abbaslının da qeyd etdiyi kimi, onun durumunun ağırlığının onu çətin vəziyyətə saldığını aşağıdakı şeir nümunəsində görmək mümkündür:

Basar it hayana getdi,

Hanl fısqırıq sədası?

Nə olubdu Xan Çobanı

Ki, bi il Muğana gəlmir (7,13).

Bu fakt da “Apardı sellər Saranı” xalq nəğməsinin yaranması barədə mülahizələrin dəqiqləşməsinə xidmət edir.



Zənnimizcə, musiqi folklorunun toplanıb yazıya alınması, eləcə də nota alın­ması və variantlarının araşdırılması bu folklor örnəklərinin daha əhatəli öyrə­nilməsi ilə xalqımızın əski musiqi dünyasının qaranlıq tərəfləri işıqlandırıla­caq­dır.
ƏDƏBİYYAT
1. Folklor çələngi (XVIII-XIX əsrlər əlyazmalarından seçmələr). Trans­literasiya, mətnin hazırlanması, tərtib və ön sözün müəllifi: İ.Abbaslı. Bakı. Nurlan, 2008.

2. Azərbaycan folklor antologiyası (tərtib edəni: Ə.Axundov). Bakı. Çıraq, 2015.

3. Uluslararası müzik Sempozyumu. “Doğu Dünyasında geleneksel Türk Müzik Kültürü”. Erzurum, 2014.

4. Söyləyəni: Zivər Əziz qızı, 70 yaşında (Ağbaba bölgəsi, Güllübulaq kəndi).

5. İ.Abbaslı. Folklorşünaslıq axtarışları. II cild. Bakı. Nurlan, 2010.

6. Ə.Nəbati. Seçilmiş əsərləri. Bakı. ADU nəşriyyatı,1958.



7. B.Behcət.Ə.Nəbati həyatı (Ön söz). Ə. Nəbati. Bakı. Azərnəşr, 1935.
Çapa tövsiyə edən: fil.ü.f.d. Elxan Məmmədli

Bilal ALARLI (HÜSEYNOV)

filologiya üzrə fəlsəfə doktoru



Yüklə 8,13 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə