Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi



Yüklə 27,9 Kb.
tarix21.10.2017
ölçüsü27,9 Kb.
#7344

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
Azərbaycanımızın inkişaf və tərəqqi yolundakı nailiyyətlərində ölkədən kənarda yaşayan, ürəyi Azərbaycan ilə döyünən, damarlarında azərbaycanlı qanı axan bütün həmvətənlərimizin böyük rolu vardır. Bu gün hər bir Azərbaycan övladı harada yaşamasından aslı olmayaraq, mədəniyyətimizi, milli mənəvi dəyərlərimizi azərbaycançılığımızı layiqincə təbliğ və təmsil etməyə səy göstərir.

Azərbaycanlılar tarix boyu öz doğma torpaqlarında yaşayıb, dünya sivilizasiyasına töhfələr veriblər. Hərbi münaqişələr, deportasiya, müharibələr fonunda parçalanan xalq sığınacaq üçün dünyanın müxtəlif ölkələrinə üz tutub. Amma xaricdə yaşayan azərbaycanlılar arasında ölkədən kənarda işləmək və təhsil almaq üçün gedənlər də var. Beləliklə, dünyanın müxtəlif ölkələrinə yayılan azərbaycanlılar hazırda bir çox ölkələrdə- Latviya, Litva, ABŞ, Almanya, MDB ölkələrində icmalar yaradıblar. Hazırda müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar təşkilatlar yaradır, ölkəmizin hökümət və qeyri- hökümət təşkilatları ilə qarşılıqlı formada əlaqələr qurur, əməkdaşlıq etməyə səy göstərirlər. Mədəniyyətimizin, mətbəximizin, tariximizin, milli mənəvi dəyərlərimizin dünyada tanınmasında diasporun böyük rolu vardır.


Təcrübəsiz təşkilatların fəaliyyətsizliyi...
Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü Asim Mollazadə xaricdə yaşayan azərbayanlılarla bağlı qanun qəbul ediləndən və Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra, bu istiqamətdə mütəşəkkil işlərin görülməyə başladığını deyir. Sözlərinə görə ilk zamanlar dünya azərbaycanlılarının təşkilatlanması yönündə addımlar atılaraq, bir sıra ölkələrdə müvafiq Azərbaycan təşkilatları yaradılıb:”Təşkilatların yaranmasının əsas səbəbləri Azərbaycan reallıqlarını dünyaya çatdırmaq və müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərinin təbliğ edilməsi olub. Son illərdə isə Minsk qrupu həmsədrləri olan ölkələrdə Azərbaycanın mövqeyini ifadə etmək məqsədi ilə təşkiatlanması dövlətimiz üçün prioritet istiqamətlərdən olub. Belə ki, bu istiqamətdə Amerika- Azərbaycan şəbəkəsi yaradılıb və bu təşkilat Amerikanın bir sıra ştatlarını əhatə edir. Amerikada yaşayan azərbaycanlılar artıq öz fəaliyyətlərini koordinasiya edə bilirlər. Həmin təşkilatlar dövlət səviyyəsində bir sıra tədbirlər həyata keçirir. Mən də bu tədbirlərdə iştirak etmişəm. Bu tədbirlərdə iştirak etdiyim üçün deyə bilərəm ki, bu şəbəkə öz işlərini fəal surətdə aparır. Belə ki, onlar türk icması və türk kökənli Amerika vətəndaşları ilə də fəaliyyətlərini koordinasiya edirlər. Bu bizim üçün çox önəmli bir məsələdir. Bizə qarşı olan haqsızlıqlar, yalan-böhtan kampaniyaları həm azərbaycanlılara və həm də türklərə toxunduğuna görə, onlar fəaliyyətlərində koordinasiya apararaq birgə çalışmağa üstünlük verirlər”.

Millət vəkili Fransa, Rusiya, Ukrayna, Türkiyə, Britaniya, Almaniya, İsveç,Norveç və Danimarka diasporumuzun fəaliyyətində son zamanlar fəallığın müşahidə olunduğunu bildirdi. Diasporun inkişafında internet saytların, portalların da böyük rolu olduğuna diqqət yönəldən millət vəkili Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətlərində bu kimi işlərin görülməsinin önəmli olduğunu dilə gətirdi:”Azərbaycan həqiqətlərinin internet vasitəsi ilə müxtəlif dillərdə dünya ölkələrində yayımlanması diasporun inkişafı və azərbaycançılığın təbliği üçün atılan mühüm addımlardan sayıla bilər”.

Xarici ölkələrdə lobbiçilik fəaliyyətinin önəmli oduğunu bildirən həmsöhbətim bəzi təşkilatların təcrübəsizlik üzündən lobbiçilik fəaliyyəti ilə məşğul ola bilmədiklərini qeyd etdi:“Lobbiçilik fəaliyyəti ilə məşğul ola bilməyən təşkilatlar yaşadıqları ölkələrin siyasi proseslərindən xəbərsiz olduqları üçün bu işlə məşğul ola bilmirlər. Amma deyə bilərəm ki, lobbiçilik fəaliyyətlərinin gücləndirilməsi istiqamətində də müəyyən işlər görülüb”.

Müsahibimə görə, xaricdə yaranan təşkilatlar öz hesabına maliyyələşməlidir. Dövlət bu təşkilatlara ancaq məlumatların ötürülməsi və mədəniyyətin təbliğ edilməsi üçün müvafiq materiallar göndərilməsində yardım göstərə bilər: “ Bu işə maddi imkanları yaxşı olan azərbaycanlıların cəlb edilməsi çox önəmlidir. Amma bəzi ölkələrin qanunvericiliyi buna imkan vermir. Azərbaycanın imkanları isə məhduddur. Bu səbəbdən dövlət hansısa məlumatların ötürülməsi, kitabların, disklərin göndərilməsi ilə məşğul ola bilir.Lakin dövlət xaricdə yaradılan təşkilatlara maliyyə yardımı etmir. Amma hər bir icma, hər bir diaspora qrupu öz fəaliyyətində əsasən öz daxili imkanlarından bəhrələnməlidir”.


Virtual dünya və diaspor quruculuğu…
Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyevin sözlərinə görə, informasiyanın dünya bazarında ən qiymətli əmtəəyə çevrildiyi hazırkı şəraitdə \"virtual dünya\"nın diktə etdiyi reallıqlar diaspor quruculuğu işinin keyfiyyətcə yeni prinsiplər üzərində həyata keçirilməsini obyektiv zərurətə çevirir. Bu baxımdan Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının qarşısında duran əsas vəzifələrdən biri də qlobal informasiya cəmiyyətinin təzahürü kimi meydana çıxan virtual dünyanın tərkib hissəsi olan Virtual Azərbaycanın formalaşdırılması və inkişaf etdirilməsidir:“Dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunması istiqamətində qarşıda duran ən mühüm vəzifələrdən biri milli informasiya məkanını qloballaşdırmaq, həmvətənlərimiz arasında ortaq informasiya mühitinə çevirmək, milli-mənəvi dəyərlərin daşıyıcısı olan informasiya resurslarına çıxışı təmin etmək və bu sahədə mövcud olan problemləri həll etməkdir. Bu istəyə biz yalnız İnternet mühitində Virtual Azərbaycan formalaşdırmaqla nail ola bilərik”.
Diaspor komitəsi iş görmür...
Beynəlxalq Diaspor Mərkəzinin direktou İsmayıl Ağayevin sözlərinə görə Azərbaycan diasporu deyiləndə, ilk növbədə insanın ağlına dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanın dövlətçiliyinin, cəmiyyətinin xeyrinə işləyən təşkilatlar gəlir. 9 ildir yaranmasına baxmayaraq, Diasporlarla İş üzrə Dövlət Komitəsinin bu sahədə uğurlara nail olmadığını deyən müsahibim fikrini belə əsaslandırır:” Bu gün Qarabağ münaqişəsinin hələ də davam etməsi, azərbaycanlıların deportasiyaya və soyqırıma məruz qalması, İrəvan xanlığı və Zəngəzur mahalı və o cümlədən Qərbi Azərbaycanın tamamilə erməni işğalı altında olması, torpaqlarımızın 20 faizinin zəbt olunması, 1 miyon qaçqınımızın haqq və hüquqlarının bərpa edilməməsi bir daha sübut edir ki, Azərbaycan diasporunun uğurundan danışmağa dəyməz. Biz o zaman Azərbaycan Diasporunun uğurundan danışa bilərik ki, azərbaycanlıların soyqırım günləri ayrı-ayrı ölkələrdə parlament səviyyəsində gündəmə çıxarılsın”.

Həmsöhbətimin fikrincə, dünya ölkələrində yaşayan Azərbaycan Diaspor təşkilatları bir-birilə mübarizəyə həddən artıq zaman sərf edirlər. O, xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının yardıma ehtiyacının olduğunu, həmin təşkilatlar arasında Azərbaycanın maraqları uğrunda həqiqi mübarizə aparan təşkilatlar da az olmadığını dedi:”Bu gün Ukraynada, Türkiyədə və Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının vəziyyəti acınacaqlı durumdadır. Bəzən Türkiyədə müxtəlif tədbirlərin keçirildiyini dilə gətirirlər, amma lazım olanda 100 adam bir yerə yığıla bilmir. Diaspor təşkilatlarına dövlət xüsusi yardım göstərməlidir”.

Diaspora Komitəsinin xarici təşkilatların durumu haqqında hər zaman müsbət rəy verdiyindən gileylənən müsahibim əslində bununla həqiqətə göz yumulduğunu iddia edir. ” İranda yaşayan 35 milyondan artıq azərbaycanlının hüquqları kifayət qədər qorunur, orda Azərbaycan dilində məktəb var, qəzet çıxarırlar, Qarabağ məsələmiz həll olunubdur, Xocalının intiqamı alınıbdır, Ermənistandan qovulmuş azərbaycanlılar öz yurd- yuvalarına qayıdıb, Azərbaycanın heç bir problemi yoxdur!!! Bəlkə bunlar olub, mənim xəbərim yoxdur?”- deyən müsahibim xarici ölkələrin çoxunda azərbaycanlılıara qarşı ögey münasibətin olduğunu bildirdi.
Diaspor təşkilatları ictimai etimad qazanmalıdır...

Diasporla İş Üzrə Dövlət Komitəsinin Təbliğat, İnformasiya və Analitik-Təhlil Şöbəsinin müdiri Elşad Miraləmin sözlərinə görə, Komitənin gördüyü işlər göz önündədir. Sözlərinə görə diaspor sahəsində qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün digər xalqların diaspor təşkilatları ilə əməkdaşlığı genişlənməli, milli maraqların müdafiəsi ilə bağlı həyata keçirilən layihə və tədbirlər daha sıx əlaqələndirilməlidir:“Azərbaycan həqiqətlərinin dünyaya çatdırmaq, ictimai rəyə təsirə nail olmaq üçün ilk növbədə diaspor təşkilatları ictimai etimad qazanmalıdırlar. İctimai etimad qazanmadan baş verən hadisələrə, Azərbaycan həqiqətlərinə dünyanı inandrmaq çətindir. Diasporun bundan sonrakı vəzifəsi dünya ictimaiyyətində ictimai etimad və cəmiyyətdə inam yaratmaqla Azərbaycan həqiqətlərinin dünayaya çatdırılmasından ibarət olacaq”.

Dünya azərbaycanlılarının lobbiçilik fəaliyyətinə gəldikdə isə Elşad Miraləm bildirdi ki, bu işdə istər dövlət komitəsi, istər QHT-lər, istərsə də hər bir azərbaycanlı məşğul ola bilər. “Dünya ölkələrində Azərbaycan lobbisinin yaradılması Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında xüsusi qeyd olunub. Lakin lobbiçilik elə bir sahədir ki, bu istiqamətdə görülən işləri hər zaman ictimaiyyətə açıqlamaq mümkün deyil. Amma onu deyə bilərəm ki, lobbiçilik Azərbaycan diasporunun əsas, prioritet istiqamətlərindən biridir. Və bu istiqamətdə istər dövlət qurumları, istərsə də qeyri hökümət təşkilatları müəyyən işlər görür. Və görülən işlər nəticəsində xarici ölkələrdə güclü Azərbaycan diasporu və lobbisinin yaranacağını düşünürəm”.
Düşmənlərimiz bizdən önə düşüb...”
Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə hesab edir ki, dünya azərbaycanlılarının 5 ildən bir bir araya yığılması, mövcud problemlərin müzakirəsi üçün çox önəmlidir. Müsahibim Azərbaycan həqiqətlərini dünya ölkələrinə çatdıra bildiyimizi qeyd edərək bildirdi ki, bunlarla yanaşı ən böyük problemlərdən biri dünya azərbaycanlılarının xarici ölkələrdə olan təşkilatlarının yaşadıqları ölkələrin ərazisində ictimai-siyasi proseslərə lazımi səviyyədə inteqrasiya ola bilməməsidir:”Təşkilatlarımız yaşadıqları ölkələrin ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, QHT-lərlə sıx əməkdaşlıq etmirlər. Bu prosesi gücləndirmək, diaspor əlaqələrini genişləndirmək məqsədilə bir çox ölkələrin QHT-ləri ilə diaspor fəaliyyətini uzlaşdırmaq fikrindəyik”.

Həmsöhbətim deyir ki, QHT-lər böyük bir dünyəvi hərəkatdır və onların böyük bir tribunaları var:”Əgər biz Azərbaycan həqiqətlərini dünayaya çatdırmaq istəyiriksə, önəmli olan təşkilatların tribunalarından istifadə etməliyik. Təəssüflər olsun ki, düşmənlərimiz bizdən önə düşüb, artıq bu tribunalardan istifadə edirlər. Biz də öyrənməli və bu tribunalara yaxınlaşmalıyıq. Təkcə Novruz bayramında, soyqırım, matəm günlərinin keçirilməsi ilə disapora kifayətlənməməlidir. Diaspora fəaliyyəti vahid bir mərkəzdən gedən eyni zamanda bütöv Azərbaycan, milli maraqlar uğrunda mübarizə aparan mobil, çevik, beynəlxalq standartlara uyğun fəaliyyət göstərən bir qüvvəyə çevrilməlidir . Bunun üçün diasporla səfirliklər arasında münasibətlər də tənzimlənməlidir”.

Müsahibim dünya azərbaycanlılarının maliyyə imkanlarının 350 milyard səviyyəsində götürüldüyünü deyərək, bu məbləğin neçə faizinin diaspor və lobbiçilik fəaliyyətinə ayrılmasının məlum olmadığını dedi.

O qeyd etdi ki, diaspora quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəylini təmin etmək üçün “dövlət-QHT-lər, dövlət- diaspora təşkilatları və dövlət - beynəlxalq təşkilatlar “ üçbucağı çərçivəsində çalışmaq lazımdır. “Bunun üçün xarici ölkələrdə Azərbaycan evlərinin tikilməsi də vacib işlərdən olmalıdır”.



İradə Cəlilova
Bizim yol.- 2011.- 13 iyul.- S. 15.
Yüklə 27,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin