Elektron hökumət korrupsiyaya qarşı



Yüklə 27,71 Kb.
tarix22.10.2017
ölçüsü27,71 Kb.
#9940

Elektron hökumət korrupsiyaya qarşı

Son illərdə ölkəmizdə inofrmasiya-kommunikasiya texnologiyalarının (İKT) dövlət qurumlarına tətbiqi ilə əlaqədar olaraq elektron imzanın və sənədin tanınması istiqamətində bir çox tədbirlər həyata keçirilməkdədir. Yəni internet vasitəsilə dövlət orqanlarında vakant iş yerlərinə müsabiqə elan edilməsi, əhalinin kommunal borcları ödəyə bilməsi, elektron elm, təhsil, kitabxana, ticarət, sağlamlıq kimi layihələrin tədricən tətbiqi e-hökumətin üstünlüyünü tamamilə təsdiqləyir. 

   Qeyd edək ki, "Elektron hökumət" İKT-dən istifadə etməklə dövlət təşkilatları ilə vətəndaşlar arasında qarşılıqlı əlaqəni təmin edən rabitə və idarəetmə formasının qurulmasıdır. Əslində demokratiyanın inkişafına təsir edən amillərdən biri "E-hökumət"in formalaşdırılması hesab edilir. Yəni, "E-hökumət" müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsinə şərait yaradır. 

   Azərbaycanda "e-hökumət"in formalaşdılrıması beynəlxalq təcrübəyə əsaslanır. Xatırladaq ki, prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında Sərəncamı, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ-hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılıb. 

   Təsadüfi deyil ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) "e-hökumət"in formalaşdılması üçün digər dövlət orqanları ilə hər zaman əməkdaşlıq edir. "E-hökumət" portalı (e-gov.az) da məhz bu səbəblə yaradılıb. "E-hökumət" portalı vətəndaşların dövlət orqanları ilə təmaslarının təşkili üçün "bir pəncərə" prinsipi əsasında təşkil edilib. Portalda təqdim olunan elektron xidmətlər dövlət qulluqçuları və vətəndaşlar arasındakı "məsafə"nin maksimum azaltmasına, münasibətlərin sadələşməsinə və şəffaflaşmasına xidmət edir. Ötən ilin məlumatına istinad etsək o zaman görərik ki, ölkəmiz elektron hökumətin quruculuğuna görə 193 ölkə arasında 96-ci yeri tutub. Bu göstərici BMT-nin İqtisadi və Sosial İnkişaf Departamentinin "E-idarəçilik 2012" hesabatında açıqlanıb. 

   Dünya ölkələri sırasında tutduğumuz önəmli yerlər bir daha sübut edir ki, Azərbaycan sürətli inkişaf mərhələsindədir ki, bunda da prezident İlham Əliyevin rolu böyükdür. Təsadüfi deyil ki, prezident çıxışlarının birində elektron hökumət prinsiplərinə keçməyimizin korrupsiyaya qarşı mübarizədə çox təsirli amil olacağını bildirib. Korrupsiya və rüşvətxorluqla mübarizədən danışan dövlət başçısı bildirib ki, bu yöndə çox önəmli addımlar atılıb. Bütün sahələrdə çox ciddi mübarizə aparılır. Həm inzibati tədbirlər, cəza tədbirləri tətbiq olunur, eyni zamanda institusional metodlardan da istifadə edilməlidir. Prezidentin sözlərinə görə, onun tərəfindən imzalanmış bəzi sərəncamlar məhz bu məqsədi güdür: "Elektron hökumət prinsiplərinə keçməyimiz korrupsiyaya qarşı mübarizədə, məmur-vətəndaş təmaslarını aradan qaldırılmasında böyük rol oynayacaq. İndi internet vasitəsilə, elektron xidmət vasitəsilə müxtəlif məlumatları da, arayışları da əldə etmək olar. Qeydiyyat məsələləri də internet vasitəsilə aparılmalıdı". 

   Prezident korrupsiya və rüşvətxorluqla mübarizənin müsbət nəticələr verdiyini qeyd edib. Dövlət başçısı bildirib ki, elektron hökumət bu cür neqativ hallarla mübarizəni getdikcə daha da sürətləndirəcək. 

   "E-hökumət"in yaradılması nə qədər mühüm əhəmiyyət kəsb edirsə, onun korrupsiya-rüşvətin qarşısının alınmasında rolu bir o qədər böyük əhəmiyyət kəsb edir. Müasir dövrdə "E-hökumət" dünya hökumətlərinin fəaliyyətini gucləndirən, onların səmərəliliyini artıran mexanizm kimi cıxış edir. Bu yöndə olan meyillər butun sahələrə nufuz etdiyi üçün elektron hökumət konsepsiyasının İKT-nin inkişafındakı rolu və əhəmiyyəti artmaqdadır. "Elektron hokumət", "hökumət-vətəndaş", "hökumət-hökumət", "hökumət-biznes" əlaqələrinin yaradılmasına da təkan verir. Onun biznes muhitinin inkişafına təsiri və ozunun çoxfunksional bir İKT məhsulu olması, eyni zamanda bu sferada tədqiqatlara geniş meydan açır. 

   Korrupsiyaya Qarşı Mübarizə Üzrə QHT-lərin məlumatlandırma və əməkdaşlıq şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev maraqlı bir tədqiqat aparıldığını qeyd edir: "Tədqiqatın nəticələrinə görə dövlət işçilərinin 10%-i öz vəzifəsini böyük vicdanla yerinə yetirir. 10%-i bütün hallarda - qanun da, nəzarət də çox ciddi olduğu vəziyyətlərdə belə "qarşılıqsız" iş görmür. Yerdə qalan 80%-i isə şəraitə uyqun hərəkət edir. Əgər şərait imkan verirsə, şəxsi mənafeyini üstün tuturlar. Deməli, həqiqətən də təmasın maksimum dərəcədə azaldılması bu işə mütləq töhfə verəcək. Hazırda ayrı-ayrı nazirliklər səviyyəsində "e-hökumət"in elementləri hiss olunmaqdadır. Məsələn, Vergilər Nazirliyində sanki mini elektron hökumət yaradılıb. Bütün xidmətlər elektron qaydada aparılır. Bəzi strukturlarda daxili elektron dövriyyə, yəni sənədlərin dövriyyəsinə keçilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində eyni zamanda, vətəndaşlara digər elektron xidmətlər də təklif olunur. Elektron qəbul, elektron müraciətlə bağlı müəyyən işlər görülüb. RİTN-də vətəndaşlara həm interaktiv, həm informativ xidmət növü təklif edilir. Ədliyyə Nazirliyi tərəfindən çox geniş xidmətlər təklif olunan elektron portal istifadəyə verilməsi isə bir daha sübut edir ki, getdikcə vətəndaşa daha geniş imkanlar yaradılacaq. Belə ki, vətəndaş ona lazım olan məsələ üzrə dövlət orqanına getmədən həm vaxta qənaət edərək rahatlıqla işini həll etsin, həm də sövdələşmələrin xeyli azalmasına nail olunacaq. 

   Vergilər Nazirliyində elektron xidmətə keçidlə bağlı işlər 2005-ci ildən başlanılıb. Hanıs ki, bu, ilk növbədə avtomatlaşdırılmış vergi informasiya sisteminin tətbiqi idi. Yəni, həm yerli vergi orqanlarının, eyni zamanda mərkəzi aparatın avtomatlaşdırılması. Mühüm addımlardan biri 2007-ci ilin yanvarında atılıb ki, bu da elektron bəyannamələrin hazırlanmasıdır. 2008-ci ildən başlayaraq kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasında "bir pəncərə" vasitəsilə həyata keçirilir. Əvvəl buna 53 gün sərf olunurdusa, indi 3 günə hüquqi şəxsin qeydiyyat məsələsi həll olunur. ƏDV depozit sisteminə başlanması və vergi məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı olaraq vergi ödəyiciləri üçün elektron hesabat-fakturaların tətbiqi də mühüm addımlardan biridir. 

   Yeri gəlmişkən, artıq fiziki şəxslərin qeydiyyatı da elektron qaydada həyata keçirilir. Əvvəllər bu işə 2 gün vaxt sərf olunurdusa, indi 3-4 dəqiqəyə vergi orqanında qeydiyyata durmaq mümkündür. Yəni artıq vergi ödəyiciləri elektron qaydada heç bir vergi orqanına getmədən rüblük, illik hesabatlarını verə bilir. 

   Sosial Müdafiə Fondunun Sosial Pensiya və Sığorta şöbəsinin müdir müavini Fikrət Məmmədov hazırda Sosial Müdafiə Fondunun hesabatları elektron formada aparmasından bəhs edib: "Maraqlı məqamlardan birini qeyd etmək istərdim ki, 2011-ci ilin yanvarından sonra pensiyaların hesablanması üçün sayta kalkulyator yerləşdirmişik ki, bu yolla vətəndaşlar, 2006-cı ilə qədər olan əmək stacını və 2006-cı ildən sonrakı əmək haqqını yazmaqla ona təyin olunacaq pensiyanı özü hesablaya bilər". 

   Ekspertlərin fikrincə, elektron xidmətlərlə sadəcə dövlət deyil, eyni zamanda bu sahəni bilən mütəxəssislər də məşğul olmalıdır. 

   İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, heç bir ölkə korrupsiyadan tam sığortalanmayıb: "Bütün ölkələrdə korrupsiya halları qeydə alınır. Amma korrupsiyanın səviyyəsi müxtəlifdir. Elə ölkələr var ki, korrupsiya yox səviyyəsində, bəzilərində isə kifayət qədər yüksəkdir. Artıq Azərbaycanda da korrupsiyaya qarşı ciddi mübarizə aparmaq zərurəti yaranıb. Bunun üçün müxtəlif yollarla mübarizə aparmaq mümkündür. Bəzi ölkələr inzibati yolla, digərləri isə texnologiyadan istifadə edərək mübarizəni gücləndirir". 

   Əslində "e-hökumət"in tam formalaşma vaxtı çatıb. Ekspert də fikrimizə şərikdir: "Düşünürəm ki, Azərbaycanda elektron hökumət qurmaq və insanlarla məmurların əlaqələrini aradan qaldırmaq çox vacibdir. Bundan əlavə inzibati vasitələri gücləndirməklə korrupsiyaya qarşı mübarizə aparmaq çox effekt verər. İnzibati metodlar inkişafda olan və yaxud keçid ölkələr üçün olduqca zəruridir. Vətəndaşların dövlət nümayəndələri ilə münasibətləri elektronlaşdırılmalıdır. Bu mənada vergi sistemi nümunə ola bilər. Bütün ödənişlər elektron formada qəbul edilərsə bu istiqamətdə kifayət qədər yetərli nailiyyət reallaşacaq. Ödənişlərin elektron variantla aparılması o deməkdir ki, vətəndaş məmurla ünsiyyət qurmur. Vətəndaş məmurla nə qədər birbaşa əlaqədə olmursa, o qədər korrupsiyanın səviyyəsi də aşağı düşür". 

   Ekspert korrupsiyanın qarşısını almaq üçün Gürcüstanı nümunə gətirib: "Artıq Gürcüstanda da elektron hökumət formalaşmaq üzrədir. Demək olar ki, bütün proseslər elektronlaşıb. Bu da korrupsiya səviyyəsinin aşağı düşməsi ilə nəticələnir. Ona görə də korrupsiyanın azaldılması üçün Gürcüstan nümunə ola bilər. Xatırladım ki, Gürcüstan modeli deyilən bir şey yoxdur, sadəcə, Gürcüstanın istifadə etdiyi metod elektron hökumətin elementlərindən istifadə etməkdir. Onu da qeyd edim ki, "E-hökumət" elementlərindən istifadə etməklə yanaşı inzibati metodlardan istifadə etmək də korrupsiya səviyyəsini minimuma endirən amillərdəndir". 

   Qeyd edək ki, İKT sahəsinin inkişaf etdirilməsi Azərbaycan üçün beynəlxalq aləmdə çox önəmlidir. Bu baxımdan RİTN-də qarşılıqlı əlaqələrin inkişafına yönələn növbəti görüş bir neçə ay öncə Avstriyada keçirilib. 

   Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Rayxhard ölkəmizdə "E-hökumət" quruluculuğu istiqamətində aparılan tədbirləri yüksək qiymətləndirərək "Rabitə dünyası" qəzetinə verdiyi müsahibəsində deyib: "Azərbaycan "Elektron hökumət" sahəsində artıq çox böyük nailiyyətlər əldə edib. Düşünürəm ki, bu, Azərbaycan üçün bir kompliment olaraq qeyd edilməlidir. Ölkəniz bu istiqamətdə çox müsbət inkişaf səviyyəsi nümayiş etdirir. Eyni zamanda Azərbaycan ümumilikdə İKT sahəsində dünyanın bir çox ölkələri ilə müqayisədə hazırda daha sürətlə inkişaf edir. Konkret olaraq, genişzolaqlı internet xidmətlərindən istifadənin genişləndirilməsi, digər İKT xidmətləri üzrə aparılan tədbirləri qeyd etmək olar. Dövlətin bu sahəyə xüsusi diqqət ayırması İKT sektorunun Azərbaycan üçün çox önəmli sahə olduğunun göstəricisidir, həmçinin bu sektorun ölkənizdə böyük gələcəyinin olduğunu deməyə əsas verir. Avstriya təcrübəsinə gəlincə, İKT sahəsi ilə bağlı hansı istiqamətlər üzrə Avstriya təcrübəsindən, informasiya texnologiyalarından istifadə etməyin mümkünlüyü barədə hazırda mütəxəssis və ekspertlər səviyyəsində işçi qaydada danışıqlar, müzakirələr aparılır". 

   Qeyd edək ki, yaşadığımız cəmiyyətdə informasiya mühiti əsasən şəbəkə strukturuna malikdir. İnformasiya mühitinin əsas əlaqə forması internetdir və o da bir subyektin digər bir subyektlə informasiya əlaqəsinin texnoloci imkanını təmin edir. Hətta bəzi ölkələrdə informasiya mühitinin inkişafı, zaman və məkan daxilində qeyri-müntəzəm baş verir ki, bu da ölkələrin inkişaf səviyyəsindən asılıdır. Burdan da belə bir nəticəyə gəlmək olar ki, ölkənin inkişafı və onun informasiya mühitinin inkişaf səviyyəsi, bütövlükdə elektron hökumətin reallaşdırılması proqramı üzərində qurulub. 

   E-hökumətin inkişaf prosesinin izlənməsi və onun effektivliyinin qiymətləndirilməsi də məxsusi məsələlərdəndir. Bütün bunlardan belə nəticəyə gəlmək olur ki, elektron hökümətin mövcudluğu ölkənin hər sahəsində inkişafa böyük təsir göstərməkdədir. 



Eyvaz Əliyevin qeydiyyat nömrəsi - 024 Eyvaz ƏLİYEV

http://online.ekspress.az/2013/07/20/get=99578
Yüklə 27,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin