Elektron Hökumət: Reallıqlar və perspektivlər – araşdirma



Yüklə 35,15 Kb.
tarix09.06.2018
ölçüsü35,15 Kb.
#53161

Elektron Hökumət: Reallıqlar və perspektivlər – ARAŞDIRMA

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün dünya ölkələrinin inkişaf səviyyəsi həm də elektron hökumət (“E-hökumət”) quruculuğu sahəsində əldə edilən nailiyyətləri nəzərə alınmaqla qiymətləndirilir. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Hansı işlər görülüb, hansı çatışmazlıqların aradan qaldırılması vacibdir?

 

Azərbaycanın layihəsi



 

“E-hökumət” layihəsi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanıb və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Məqsəd dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi, ictimai qərarların qəbul edilməsində vətəndaşların iştirakına şərait yaradılması və hökumət orqanları ilə əlaqələrin daha sadə və münasib olan elektron üsullarla həyata keçirilməsidir. “Bir pəncərə” prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsi layihədə əsas istiqamətlər sırasındadır. E-hökumət infrastrukturunun əsas komponentlərinə dövlət orqanlarının vahid şəbəkə infrastrukturu, E-hökumət portalı (www.e-gov.az), E-hökumət şlüzü, informasiya resursları və sistemlərinin dövlət reyestri, E-imza üzrə milli infrastruktur, hazırlanmaqda olan e-sənəd dövriyyəsi üzrə milli infrastruktur və E-hökumət verilənlər mərkəzi (data-center) daxildir. Müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması, büdcə vəsaitlərinə qənaət edilməsi, dövlət xidmətlərinin göstərilməsi müddəti və xərclərinin azalması, dövlət orqanlarının vahid informasiya fəzasının formalaşması və təhlükəsizliyinin təmin olunması, effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması, vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etməsi, vətəndaşların dövlət orqanları ilə təmaslarının sadələşdirilməsi, daha münasib və çevik formada həyata keçirilməsi, informasiya tələbatının dolğun ödənilməsində rahatlıq, məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanı əldə etməsi, biznes sektoru üçün isə dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqə qurulması, xərclərin azaldılması, iqtisadi aktivliyin, rəqabət qabiliyyətinin və xarici bazarlara çıxış imkanlarının artması layihənin əsas üstünlükləri sırasında qeyd edilir.  Layihənin icrasından əldə olunacaq nəticələrə gəlincə, vətəndaşlar üçün gəlir vergisi, iş axtarışı (müəssisələrdə vakansiyalar), sənədlərin verilməsi (pasport və sürücülük vəsiqəsi), vətəndaşların qeydiyyat aktları (doğum, ölüm, nikah), avtomobillərin qeydiyyatı, “on-layn” ərizə (ali məktəbə daxil olmaq, tikinti aparmağa razılıq almaq, pensiya, müavinət və s. haqqında), yaşayış yerində qeydiyyat, səhiyyə xidmətləri ( e-məsləhət) ilə bağlı e-xidmətlər, biznes sektoru üçün sosial fondlara ödəmə, e-bəyannamə, e-vergi hesab-fakturası, yeni şirkətlərin qeydiyyatı,  gömrük bəyannamələri, e-lisenziya, e-satınalma, e-kotirovka, e-hərrac, arayışların verilməsi ilə bağlı e-xidmətlər qeyd edilib. 

 

E-hökumətin portalı



 

Ümumiyyətlə, E-xidmətlər cəmiyyətin gündəlik həyatını virtual məkana daşıyarkən canlı məmuru virtual məmurla əvəz edərək vətəndaşlara növbə məcburiyyətindən azad olaraq vaxta qənaət etmək, əyləşdiyi yerdən, məkan və zaman qayğısı çəkmədən sosial problemlərini həll edə bilmək üstünlükləri təqdim edir. www.e-gov.az portalının operatoru kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) başlıca vəzifəsi bu üstünlükləri reallaşdırmaqdan ibarətdir. MHM-in yaydığı məlumata görə, MHM ilk növbədə Nazirlər Kabinet tərəfindən təsdiq edilmiş bütün e-xidmətlərin portala inteqrasiya ediməsi üçün mütəmadi olaraq qurumlarla iş aparır. MHM-in bu istiqamətdə fəaliyyəti qurumlar tərəfindən təqdim olunan xidmətləri portala inteqrasiya etməklə kifayətlənmir. MHM texniki qoşulmaların, serverlərin və şəbəkənin təhlükəsizliyini təmin etməklə yanaşı, daima sosial tələbat olan sahələri, xidmətləri öyrənir. Bu xidmətlərin maksimum sadələşdirərək elektron şəkildə vətəndaşlara təqdim olunması barədə təkliflər irəli sürür, ictimai sferanın sosial təlabatlarını obyekt seçərək vətəndaşlara çoxfunksiyalı portal təqdim edir. Hazırda fəaliyyətdə olan www.e-gov.az portalı ilk versiyası ilə müqayisə edilərsə, əlavə edilən bir sıra istifadəçi yönümlü funksiyaları görmək olar. Bura qeydiyyatsız xidmətlər, qeyri-rezident, sahibkar, vətəndaş kimi qrupların əlavə edilməsi, “Mənim xidmətlərim” bölməsinin yaradılması, “Əks Əlaqə”, “Müraciətlər” bölməsinin yaradılması, tezliklə təhvil veriləcək “Rəsmi Yazışmalar” bölməsinin hazırlanması daxildir. MHM bu funksiyaları təqdim edərkən əsas məqsədinin www.e-gov.az portalını istifadəçilər üçün daha cəlbedici və əlverişli etmək, doğma virtual sosial xidmət məkanını formalaşdırılmaq olduğunu açıqlayır. O da bildirilir ki, bu ilin oktyabr ayından başlayaraq bütün dövlət qurumlarının İnformasiya ehtiyatları və sistemlərinə MHM-in işçi qrupu tərəfindən monitorinqlər keçirilir, məlumat bazaları, onların imkanları öyrənilir. Sonda nəticələr yekunlaşdırılaraq www.e-gov.az portalı üçün konkret təkliflər hazırlanacaq. Eyni zamanda MHM tərəfindən beynəlxalq təcrübə öyrənilir, yeni təcrübələr portala tətbiq edilir. Tezliklə www.e-gov.az portalı vasitəsilə yaşayış yeri, diplom, rabitə və kommunal xidmət,  borclarının olmaması, abituriyentin ali məktəbə daxil olması, iş yeri və əmək haqqı, sağlamlıq, pensiya kapitalı barədə arayışların vətəndaşlara elektron şəkildə təqdim edilməsi də mümkün olacaq. Eyni zamanda tezliklə portal vasitəsilə bəzi etibarnamələrin və şəxsiyyət vəsiqəsinin elektron sürəti də veriləcək.

 

Beşdən dörd…



 

Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın üzvü, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz APA-ya açıqlamasında deyib ki, Azərbaycanda E-hökumət quruculuğu sahəsində xeyli irəliləyişlər əldə olunub. Onun sözlərinə görə, vətəndaşların böyük əksəriyyəti elektron hökumətdən bəhrələnir, xidmətləri elektron formada əldə edir, hökumətlə münasibətlərini elektron müstəvidə qurur, dövlət qurumları ilə yazışmaları elektron müstəvidə aparırlar. Ancaq o, son dövrlər Azərbaycanda başqa ölkələrdən fərqlənən bir situasiyanı xüsusi qeyd edir. Məsələ ondadır ki, Azərbaycanda bir sıra dövlət qurumlarında bu sahədə vəziyyət çox yaxşıdır, 10 ildir ki, bu dövlət qurumlarında bu istiqamətdə sistemli formada addımlar atılır. Bu sırada Vergilər Nazirliyini, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını, Dövlət Sosial Müdafiə Fondunu, o cümlədən son illər fəallaşan Əmlak Məsələləri Dövlət Komitəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanı da qeyd etmək olar. O.Gündüz xatırladır ki, dünyada elektron xidmətlərin keyfiyyəti nöqteyi-nəzərindən 5 mərhələ var. Beşinci, ən yüksək  mərhələ artıq elektron xidmətlərin mobil texnologiyaların üzərindən çevik, elektron formada əldə olunması, ödənişin həyata keçirilməsi, əks-əlaqədir. Azərbaycanda əksər dövlət orqanlarında hələ beşinci mərhələ yoxdur, üçüncü və dördüncü mərhələnin xarakterik xüsusiyyətlərini əks etdirən səviyyədədirlər. Başqa sözlə, bir sıra xidmətlər elektron formaya keçirilib, vətəndaşlar bu elektron xidmətləri hansısa formada əldə edə bilirlər, amma bu proses başa çatmayıb: “Yaxud bir dövlət qurumunda müəyyən xidmət var ki, vətəndaş elektron formada əldə edə bilmir, digər elektron xidmətlər isə mobil texnologiyaya inteqrasiya edilməyib. Elə xidmətlər də var ki, elektron xidmətlə bağlı müxtəlif mərhələləri keçmək mümkün olsa da, ödəniş etmək üçün banka getmək lazım gəlir, ödənişi elektron qaydada həyata keçirmək mümkün olmur. Azərbaycanda adını çəkdiyimiz, bu sahədə vəziyyətin yaxşı olduğu qurumlar bu istiqamət üzərində işləyirlər. Amma xeyli sayda dövlət qrumları da var ki, hələ üçüncü mərhələdədir, yalnız hansısa formaları doldurub email vasitəsi ilə göndərmək mümkündür.  

 

Dövlət qurumlarının vacib xidmətləri elektronlaşdırması istiqamətində təşəbbüs



 

O.Gündüz deyib ki, Nazirlər Kabineti 24 noyabr 2011-ci il tarixli 191 saylı “Elektron xidmət növlərinin Siyahısı”nı təsdiq edib.  Siyahıda 446 xidmət yer alıb. İndiyə qədər siyahıdakı xidmətlərdən 388-i elektron xidmətə çevrilib və dövlət qurumlarının saytlarında yerləşdirilib. Bu 388 elektron xidmətin 359-u isə www.e-gov.az portalında yerləşdirilib. Başqa sözlə, dövlət qurumlarının göstərdiyi 58 xidmət hələ də elektronlaşdırılmayıb, dövlət qurumlarının elektronlaşdırdıqları xidmətlərin isə 29-u hələ www.e-gov.az portalında yerləşdirilməyib.

 

O.Gündüz qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də artıq xidmətlərin elektronlaşması ilə bağlı məsuliyyət daşıyır və bununla bağlı Agentliyə səlahiyyət verilib. O, bir məqama da diqqət çəkib: “Elə xidmətlər var ki, ictimai əhəmiyyəti yoxdur, vətəndaşa lazım deyil. Ancaq bəzi dövlət qurumlarının ictimai əhəmiyyəti olmayan belə xidmətləri elektron formaya keçirdiklərini, il ərzində minlərlə insana lazım sosial əhəmiyyətili xidməti isə elektron formaya çevirməkdə maraqlı olmadıqlarını müşahidə edirik. Ona görə də Agentlik tərəfindən hazırda bu istiqamətdə də monitorinq aparılır. Agentlik yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şurası olaraq dövlət qurumlarında vacib, əhəmiyyətli xidmətlərin siyahısını hazırladıq və Agentliyə təqdim etdik. Agentlik tərəfindən bu siyahı üzrə 30-a qədər xidmətin siyahısı Nazirlər Kabinetinə təqdim edilib ki, bu xidmətlər dərhal elektron formaya çevrilməlidir, çünki vətəndaşlar üçün vacib və əhəmiyyətlidir. Onu da qeyd edim ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənən 446 xidmətin sırasında bu xidmətlər yoxdur. Digər tərəfdən, prezidentin fərmanına əsasın elektron xidmətlərlə bağlı bir pəncərə olmalıdır, bir pəncərə də elektron hökumət portalıdır. Amma hələ dövlət qurumlarının saytlarında olan elektron xidmətlərin www.e-gov.az portalına inteqrasiyası prosesi tam başa çatmayıb. Dövlət qurumlarının saytında olan, ancaq www.e-gov.az portalında yerləşdirilməyən 29 xidmət var. Bu dəqiqə ciddi problemlərdən biri də dövlət orqanlarına məxsus informasiya sistemlərinin, informasiya bazalarının inteqrasiyası məsələsidir. Bu o deməkdir ki, siz  hansısa sistemə daxil olub, kodunuzu daxil edəndə sizinlə bağlı bütün məsələlər orada əksini tapmalıdır. Yəni adınız, soyadınız, krediniz, ünvanınız, vəzifəniz orada öz əksini tapmalıdır. Amma hazırda Azərbaycanda bu dəqiqə situasyia elədir ki, hansısa bir dövlət qurumu, tutaq ki, Səhiyyə Nazirliyi o sistemə qoşulmayıbsa, sizin səhiyyə ilə bağlı məlumatlarınız orada görsənməyəcək. Tutaq ki, Səhiyyə Nazirliyi yaşayış yerindən arayış tələb edəcək. Halbuki sistem inteqrasiya olunsa idi, Səhiyyə Nazirliyi arayışınızı, yəni harada yaşadığınızı, işlədiyinizi orada görəcəkdi. Hazırda www.e-gov.az portalı və Dövlət Agentliyi müəyyən dövlət qurumları ilə əlaqəli şəkildə bu inteqrasyanın tam şəkildə başa çatdırılması üzərində iş aparır. Bu problemin həlli ilə bağlı addımlar da kifayət qədər ləng atılır. İnteqrsiya ilə bağlı 3 il əvvəl prezident tərəfindən fərman verilib, hələ bu inteqrasiya başa çatmayıb”.



 

O.Gündüz son dövrlər inkişaf etmiş www.e-gov.az portalında əks-əlaqə imkanının yaradılmasını yüksək qiymətləndirib: “www.e-gov.az saytında əks əlaqədə imkan verir ki, öz fikrinizi yazırsınız ki, bu xidmət hansı səviyyədədir”.

 

“Elektron bürokratiya”nın qarşısını alacaq addım



 

O.Gündüz dövlət orqanlarında təkrarlanan, “elektron bürokratiyaya” yol açan, yaxud yol açacaq xidmətlərin aşkarlanması istiqamətində də iş aparıldığını qeyd edib. O bildirib ki, İctimai Şura olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təklif təqdim ediblər. Təklifə əsasən elektronlaşdırılmadan öncə ilk növbədə bütün ölkədə mövcud olan oflayn, adi qaydada göstərilən  xidmətlərin siyahısı hazırlanmalıdır: “Bu ilin sentyabrında dövlət başçısı bununla bağlı fərman verdi. Həmin fərmanda qeyd edildi ki, ölkədə olan bütün oflayn xidmətlərin elektron reyestri, siyahısı hazırlansın. Artıq elektron xidmətlərin siyahısı yox, mövcud nə qədər xidmət varsa, onların siyahısı hazırlansın. Bu iş də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. Agentlik dövlət orqanlarından bu xidmətlərin siyahısını yığır və hazırda dövlət orqanlarında gərgin bir situasiya var. Çünki dövlət orqanlarının hətta elektron formada təqdim etdikləri elə xidmətlər var ki, dövlət orqanları onların hüquqi əsasını tapa bilmirlər. Bu xidmətlərin siyahısı olandan sonra bilinəcək ki, artıq hansı xidmət hüquqi, hansı qeyri-qanunidir. İkincisi, bilinəcək ki, hansı xidmətlər dövlət qurumlarında təkrarlanır. Üçüncüsü, bilinəcək ki, dövlət qurumlarında hansı xidmətlər var və onlardan hansılar ilk növbədə elektronlaşdırılmalıdır. Biz indiyə qədər bunu bilmirdik, dövlət qurumları da əhəmiyyətsiz xidmətləri elektron formaya çevirirdi. Bu fərman bir sıra qanunsuz məsələlərə nöqtə qoyacaq”.



 

O.Gündüz onu da bildirib ki, son 2 ildə atılan addımlar deməyə əsas verir ki, yaxın bir neçə ildə bu məsələlər həllini tapmalıdır: “Məsələn, 2011-ci ilə qədər olan dövrlə son 3 illik dövr arasında müsbət istiqamətdə çox böyük fərq var. 3 il əvvəl mən elektron hökumət portalı, elektron hökumət quruculuğu ilə bağlı məqalə yazmışdım, hətta yazıda elektron hökumət quruculuğunun iflasa uğraması barədə cümlə də yazmışdım. Amma o vaxt prezidentin fərmanı oldu, elektron formaya çevrilməli olan xidmətlərin syahısı hazırlandı və inqilabi dəyişikliklər baş verdi. Bu istiqamətdə xeyli də işlər görülüb, amma problemlər də yetərincədir. Düşünürəm ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, www.e-gov.az portalı bu problemlərin aradan qaldırılması üçün daha təsirli addımlar atacaq”.
Yüklə 35,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin