Elektron hökumət



Yüklə 23,87 Kb.
tarix21.10.2017
ölçüsü23,87 Kb.
#9106

Azərbaycanda “elektron hökumət”

 08.08.2013, 12:29




“Respublikada “elektron hökumət ”; mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər”

 Dünyada ilk dəfə olaraq Sinqapurda ideyası verilən, 1997- ci ildə Amerikanın “ Hökumətin fəaliyyətini yeni texnologiyalar vasitəsilə təkmilləşdirmək ” təşəbbüsü ilə çıxış etdiyi, Kanadada “ Government Online ” proqramı kimi işləyən və nəhayət, Azərbaycanda isə “ Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005 – 2008 – ci illər üçün Dövlət Proqramı ” kimi qəbul edilən “ Elektron Hökumət ” və ya “ Elektron Dövlət ” anlayışından bəhs edəcəyəm. Demokratik institutların gücləndirilməsi və ictimai – siyasi fəaliyyətdə vətəndaşların iştirakının genişləndirilməsi üçün informasiya infrastrukturlarının və informasiya – kommunikasiya texnologiyalarının istifadəsi “ elektron demokratiyanın ” mahiyyətini təşkil edir. Bəs elektron demokratiya nədir? “ Elektron demokratiya ” bu və ya digər rəsmi qərarlar tələb edən müvafiq konstitusiya hüquqlarının təmin olunması üçün elektron dəstəyin istifadə olunmasıdır. Başqa cür desək, “ elektron demokratiya ” anlayışı fikirlərin nəzərə alınması və vətəndaşlar ilə təşkilatların siyasi münasibətlərə və proseslərə cəlb olunması deməkdir. Elektron demokratiya təşəkkül tapmasının ilkin mərhələlərində bir qayda olaraq, vətəndaşların hökumətin ictimai baxımdan əhəmiyyətli informasiyasına daxil olmalarını təmin etməklə, eləcə də, hökumətin bu və ya digər qərarları ilə bağlı səs vermək imkanını təmin etməklə məhdudlaşır. Sonrakı təkamül hər iki tərəfin imkanlarını genişləndirir və vətəndaşlarda istənilən münasib iştirak səviyyəsini sərbəst şəkildə seçmək imkanının yaranmasında təzahür edir. Vətəndaşların ictimai fəallığının artırılması üçün dövlət tərəfindən yaradılan “ elektron demoratiya ” kimi eksperimental layihələr təcrübədə öz funksiyasını yerinə yetirə bilməmişdir. Lakin onlar informasiya cəmiyyətinin ideyalarının həyata keçirilməsinə yardımçı olub, ABŞ – da Milli İnformasiya İnfrastrukturunun Doktinası ( N II ) kimi layihələrin və Avropada oxşar layihələrin inkişafına təkan vermişdirlər və onların həyata keçirilməsində də dövlət hakimiyyət orqanlarını, vətəndaşları və biznesi fəal şəkildə cəlb etmək nəzərdə tutulurdu. İcra hakimiyyəti orqanları tərəfindən funksiyalarının yerinə yetirilməsi üçün inforkommunikasiyanın fəaliyyətinə dəstək vermək üçün kiber məkanın sosial institutu kimi çıxış edən dövlət maraqlıdır. Bu, dövlətin fəaliyyətinin tərkib hissəsi olub, “ elektron hökumət ” adlandırılmışdır. “ Elektron hökumət ” dövlətin idarə edilməsinin yeni modelidir. Biznes və vətəndaşla dövlət hakimiyyəti arasında münasibətləri dəyişdirmək iqtidarındadır və dövlətlə biznes və vətəndaşların informasiyaları texnologiyaları vasitəsilə qarşılıqlı əlaqəsini nəzərdə tutur. Bürokratik və klassik dövlət anlayışlarının yerini almağa başlayan “ E – hökumət ” anlayışı ilə hər təşkilatın və hər fərdin məlumat və kommunikasiya texnologiyaları ilə dövlət təşkilatlarına və təşkilatlar tərəfindən təqdim edilən xidmətlərə asanlıqla çatması mümkündür.

 Dünya inkişaf etdikcə, yeni – yeni texnologiyalar yarandıqca bəşəriyyətin tələbləri də dəyişir. Cəmiyyətlər informasiya texnologiyalarının verdiyi imkanlardan istifadə edərək vaxt itkisinə yol vermədən, rəsmi qurumlarla birbaşa təmasa keçmədən, əziyyət çəkmədən öz təminatlarını həyata keçirmək istəyirlər. Hazırda informasiya texnologiyaları o səviyyəyə çatıb ki, artıq inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr elektron hökumət qurmağa başlayıblar.

 K. Marksın Bonn universitetini bitirərkən tərtib olunmuş “ sorğu anketi ”ndə 10 suala verdiyi cavab bu gün də universitetin arxivində saxlanılır. “ Ən çox sevdiyin deviz hansıdır ? ” sualına gənc Karl belə cavab vermişdi : “ Hər şeyə şübhə ilə yanaşmaq ”. Rusların “İnan, amma yoxla ” prinsipi də yəqin ki, bu məşhur sözlərin məntiqindən yaranmışdır.

 Bəli, hər şeyə şübhə ilə yanaşmaq olar, amma hər şeyə inamsızlıq göstərmək olmaz. Şübhəni dağıtmaq üçün inamsızlıq göstərmək yox, inamı möhkəmləndirmək üçün dəlillərlə sübut etmək lazımdır. Məhz elektron hökumətin köməkliyi ilə dövlət orqanlarında olan süründürməçilik, özbaşınalıq, korrupsiya halları aradan qaldırılır və insanların süni yolla incidilməsinin qarşısı alınır. Ona görə də bu istiqamətdə daha çox demokratik dövlətlər və demokratiya yolu tutmuş ölkələr addımlar atır. Azərbaycan da demokratiya yolu, açıq cəmiyyət qurmağı özünə hədəf seçmiş, hüquqi dövlət quran, insan hüquqlarına hörmət edən dövlət kimi bu gün XXI əsrin reallığı kimi ortaya çıxan demokratik elektron hökumətin qurulması istiqamətində iş aparır. Məhz buna görə də prezident İlham Əliyev bu ilin mayın 23 – də fərman imzalayaraq sözügedən proseslərin daha da intensivləşdirilməsi ilə əlaqədar dövlət orqanlarının qarşısında məsələ qaldırıb.

 Heydər Əliyevin korrupsiyaya qarşı mətin, amansız və ardıcıl mübarizə apardığı nəinki Azərbaycanda, həm də beynəlxalq aləmdə məlum idi. Bununla bağlı 8 iyun 2003 – cü il tarixində fərman da imzalamışdı. Respublikanın iqtisadi həyatında əldə edilən müsbət nailiyyətlərlə yanaşı, ölkədə azad sahibkarlığın inkişaf etməsinə maneçilik törədən korrupsiya halları hələ də dövlətimizin iqtisadi həyatına və təhlükəsizliyinə mənfi təsir göstərir. Bu baxımdan “ Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005 – 2008 – ci illər üçün Dövlət proqramı ” nın həyata keçirilməsi Azərbaycan iqtisadiyyatının inkişafına böyük təkan verəcək, ölkədə baş verən korrupsiya hallarının qarşısının alınmasında müsbət rol oynayacaq, demokratik prinsiplərə əsaslanaraq dövlət orqanlarının fəaliyyəti haqqında informasiyaları əldə etməyə hər bir vətəndaş üçün imkan yaranacaq. Bu isə Azərbaycanın inkişaf etmiş ölkələrə inteqrasiyasını sürətləndirəcək, vətəndaşların intellektinin daha da zənginləşməsinə imkan yaranacaq; qlobal informasiya resurslarına çıxış, elektron poçtdan istifadə imkanı veriləcəkdir.

Vətəndaşların “elektron hökumət”in mövcud imkanlarından istifadəsini genişləndirmək məqsədilə ölkə  ərazisində genişzolaqlı xidmətlərdən istifadə imkanlarının artırılması və "Hər evə optika" prinsipi əsasında evlərin optik kabelləşdirilməsi layihəsinə başlanılmışdır. Mobil operatorların 2G və 3G şəbəkələri üzərindən internetin respublikamızın bütün bölgələrində yetərli olması,bununla da mobil elektron xidmətlərin inkişafına və genişlənməsinə zəmin yaratmışdır.

 Ancaq bunun üçün əhalinin “komputer savadsızlığı ”nın aradan qaldırılması, maarifləndirilməsi də əsas şərtlərdən biridir. Bu gün «elektron hökumət» ideyasının əyalətlərdə daha çox tanıdılması zərurəti mövcuddur ki, bu da vacib bir məqamdır. Məlumdur ki, paytaxtda və əyalət şəhərlərində məskunlaşan vətəndaşlarımız əyalət rayonları ilə müqayisədə kifayət qədər məlumatlı olmaları səbəbindən onların “ elektron hökumət nədir ”  mövzusunda bilgiləndirilməsi o qədər də vacib hesab olunmaya bilər. Amma bu bir faktdır ki, ucqar yaşayış məntəqələrində yaşayan insanlarda “ elektron hökumət ” anlayışı demək olar ki, sıfır səviyyəsində ölçülə bilər. Və bu səbəbdən ideyanın daha da kütləviləşməsi üçün onun təbliği birinci şərt kimi diqqətə gəlməlidir. Çünki vətəndaş onun rahatçılığı üçün nəzərdə tutulan hadisədən məlumatlı olarsa, elektron hökumət ideyası da hədəfinə çatmış hesab oluna bilər. Lakin əfsuslar olsun ki, bəzilərimiz üçün vətəndaşa, sahibkara, dövlət məmurlarına şəbəkə vasitəsilə məlumat və xidmətlərin təklif edilməsi kimi məna daşıyan, bəzilərimiz üçün hələ də aydın olmayan elektron hökumət bir sıra problemlər də yarada bilər. Bu nə ilə bağlıdır ? Zənnimcə, dövlətlə. Hal – hazırda hər bir vətəndaş ölkədə dövləti idarə edənlərin, yə’ni prezidentin, baş nazirin, müdafiə nazirinin və s. kimliyindən xəbərdardır. Və dövlətin öz vətəndaşı qarşısında məsuliyyəti var. Amma elektron hökumət cansız bir sistemdir, bir müddətdən sonra dövlətin vətəndaşla münasibətləri tam kommersiya platformasına keçib simasız bir quruma çevrilə bilər. Yə’ni necə? Sistem işləyəcək, vətəndaş pulunu ödəyib xidmət əldə edəcək, artıq dövlətin iştirakına ehtiyac qalmayacaq. Bu isə təhlükəsizlik problemini ortaya qoyur. Sistem daha da genişləndikcə, vətəndaşın bütün şəxsi kabinetində toplanacaq. Vətəndaş hara müraciət etdi, nə səbəbə müraciət etdi, hansı sənəd aldı, sağlamlığında problem var ya yox və s. kimi şəxsi məlumatlar bir bazada olacaq. Burada toplanan məlumatların heç bir əvəzi yoxdur, istənilən insana qarşı istifadə oluna bilər. Bu gün belə məlumatları xarici ölkələrə satan nə qədər saxta qurumlar var.

 Digər bir problem : yuxarıda qeyd etdiyim kimi insanların az maarifləndirilməsidir. Yə’ni işlər görülür, amma əhali bu haqda məlumatsızdırsa, bundan istifadə edə bilmirsə, bu görülən iş sadəcə görüntü xarakteri alır. İnformasiya texnologiyaları sahəsində təhsil bərbad vəziyyətdədir. Azərbaycanda yalnız bu il cənab prezident İlham Əliyevin imzaladığı sərəncamla İnformasiya Texnologiyaları Universiteti yaranıb. Amma bu hələ də yoxdur, nə kadrları, nə tələbələri, nə saytı...

 Baxmayaraq ki, bu gün Azərbaycan əhalisinin 60% - ə yaxın hissəsi internetlə məşğul olur, ancaq baş verən proseslərdən çoxunun xəbəri yoxdur. Facebook, Skype, Odnoklassnik kimi sosial şəbəkələr insanları təsir altına alır. Və burdakı tanımadığımız “ insanlar ” milyonlarla əhalini bir neçə video və çağırışla küçələrə çıxarda, istənilən real hakimiyyəti uçurda bilərlər. Yaşadığımız XXI əsr İnformasiya Kommunikasiya Texnologiyalarının özünün pik nöqtəsinə çatdığı, İKT – nin hər kəsin ayrılmaz dostuna çevrildiyi bir dövrdür ( Təsadüfi deyildir ki, 2013 – cü il “ İKT ili ” elan olunub ). Və bu gün texnologiyalar çağımızın ayrılmaz bir hissəsinə çevrilib.

 Mənbələr və təcrübələr göstərir ki, elektron hökumət texnologiyalarına daha tez keçən ölkələr güclü iqtisadiyyata malik olan ölkələrdir. E – hökumət portalına 40 hökumət və dövlət qurumu real vaxt rejimində birləşdirilmiş və Nazirlər kabineti tərəfindən təsdiq edilmiş 417 xidmətdən 158 e – xidmət artıq portalda yerləşdirilmişdir. Və əgər bu gün bir insan evdən çıxmadan məhz internetin köməyi ilə distant təhsil alıb, təkmilləşirsə, dünyanın o başında olsa da sırf internetin vasitəsilə biznes idarə edə bilirsə, deməli, biz artıq e – hökumətin bir parçasıyıq. Məncə, “ avropalaşmaq ” deyə can atdığımız bunlar olmalıdı.

 Sonda isə düşünürəm ki, bu layihənin daha da inkişaf etməsində bizlərin – savadlı kadrların da rolu çox böyükdür. Yolumuz uğurlu olsun, dostlar



Sevinc Hüseynova, “ Sahil ” Qazma İşləri İdarəsi




Yüklə 23,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin