Elektron hökumət



Yüklə 23,21 Kb.
tarix22.10.2017
ölçüsü23,21 Kb.
#10250

Elektron hökumət”in perspektivləri - ARAŞDIRMA

Ölkə22.08.2013 12:5851



http://qaynar.info/images/news/9660.jpg

Müasir dünyada “Elektron hökumət” sisteminə baxış

XXI əsr informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, informasiyanın əsas amilə və “ən qiymətli” məhsula çevrilməsi ilə xarakterizə olunur. Keçən əsrin sonlarına qədər dünyada ağır sənaye sahələri daha inkişaf etmiş və ya dövlət büdcələrindən bu sahəyə daha böyük hissə ayıran ölkələr iqtisadi cəhətdən daha qüdrətli ölkələr hesab olunurdular. Lakin artıq bu sahələr öz yerini sürətlə informasiya və kommunikasiya texnologiyaları sahələrinə vermişdir. İnformasiya-kommunikasiya sahələrinin inkişaf tempi, elektronlaşmanın səviyyəsi artıq ölkələr üçün milli iqtisadi güc göstəricisi hesab edilməkdədir. Hər hansı ölkədə İnformasiya-kommunikasiya sahələrinin inkişaf istiqamətlərindən biri də həmin ölkədə “Elektron hökumət” sisteminin təşkili və inkişaf səviyyəsidir. “Elektron hökumətin əsas məqsədi xidmətlərin göstərilməsi üçün hökumət, vətəndaş və biznes subyektləri arasında münasibətləri sadələşdirmək və şəffaflaşdırmaq, eyni zamanda “məsafəni” maksimum azaltmaqla maliyyə və vaxt resurslarına qənaət etməkdir. “Elektron hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına və biznes subyektlərinə göstərilən xidmətlərin keyfiyyətcə daha mütərəqqi formada təqdim edilməsinə xidmət etməsini və nəticədə daha yüksək sosial rifaha malik cəmiyyətin formalaşmasını hədəfləyir. 


Bütün dünyada “Elektron hökumət” sisteminin inkişaf səviyyəsinə cəmiyyətin milli rifahının və demokratikləşməsinin göstəricisi kimi yanaşılır. Bunun nəticəsidir ki, bu gün bütün hökumətlər daha mütərəqqi bir “Elektron hökumət” sistemi qurmaq üçün yarışa girmişlər. Nəticədə, dünyada hər keçən gün “elektron hökumət sisteminin inkişafı daha sürətli, daha şəffaf və daha qənaətcil bir cəmiyyətin formalaşmasına zəmin yaratmaqdadır. 

Respublikamızda “elektron hökumət” sisteminin mövcud vəziyyəti:

Müstəqillik əldə etdikdən sonra demokratik yolla addımlayan respublikamız şəffaf bir cəmiyyət və eyni zamanda sağlam “hökumət-cəmiyyət” münasibətləri formalaşdırmaq üçün dünayanın qabaqcıl ölkələrinin müasir və innovativ təcrübələrini öyrənərək öz fəaliyyətinə tətbiq etmişdir. İKT sektoru qlobal dünyanın müasir inkişaf meyllərindən biri kimi, həmişə ölkə rəhbərliyinin diqqətində olmuş və sektorun inkişafı üçün mühüm tədbirlər görülmüşdür. Hələ 2003-cü ildə MDB-də ilk dəfə İKT inkişafı üzrə milli strategiya (“Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”) Respublikamızda hazırlanmışdır. Milli Strategiya çərçivəsində sektorun inkişafı ilə bağlı Respublikada mühüm tədbirlər həyata keçirilmişdir. Son 10 il ərzində İKT sektoruna 2,5 milyard dollar investisiya qoyulmuşdur ki, bunun da 72%-i özəl sektorun payına düşmüşdür. Nəticədə, respublikada İKT sektorunun gəlirləri 2012-ci ildə 2003-cü ilə nisbətən təqribən 5,8 dəfə, sektora investisiya qoyuluşu təqribən 7 dəfə  artmış, internet istifadəçilərinin sıxlığı isə 65%-dən 70%-ə yüksəlmişdir. 

Milli Strategiya çərçivəsində İKT sektoruna göstərilən bu cür qayğı  hökumət və cəmiyyət arasında informasiya mübadiləsini daha da asanlaşdıran “Elektron-hökumət” sisteminin formalaşdırılması üçün də əlverişli zəmin formalaşmışdır. Bununla bağlı, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”nın təsdiq olunması haqqında, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında sərəncamları və “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı imzalanmışdır. Bütün bunlar nəticəsində hazırda ölkəmizdə dünya standartlarına cavab verən və beynəlxalq təşkilatlar tərəfindən inkişaf etməkdə olan ölkələrə model kimi təqdim olunan “Eektron hökumət” sistemi formalaşmaqdadır. Sözügedən sistemi daha da asanlaşdırmaq məqsədilə dövlət orqanlarının göstərdiyi xidmətlərə vahid məkanda çıxışı təmin edən, “bir pəncərə” prinsipi əsasında “Elektron hökumət” portalı (www.e-gov.az) təşkil olunmuşdur. “Elektron hökumət” portalı hər keçən gün cəmiyyətin marağını daha çox özünə cəlb etməkdədir və sosial şəbəkələrdəki səhifələrində (www.facebook.com/egov.az) aktiv iştirakçıların sayı (65687 like – 11.08.2013) hər gün artmaqdadır. Portalın sadəliyi və əksər xidmətlərin interaktiv rejimdə işləməsi onun praktik istifadə imkanlarını artırır.

Dövlət orqanlarının portala inteqrasiya etdikləri elektron xidmətlərinin sayı günbəgün artmaqdadır. 2013-cü ilin yanvar ayına qədər Nazirlər kabineti tərəfindən təsdiq olunmuş 417 xidmətdən 109-u portala  inteqrasiya olunmuşdursa, avqust ayına qədər bu rəqəm 146 olmuşdur. Bunun nəticəsində, vətəndaşlar və biznes subyektləri vahid elektron məkandan dövlət qulluqçuları ilə fiziki təmasda olmadan DİN, Vergilər Nazirliyi, RİTN, Ədliyyə Nazirliyi və s. kimi bütün dövlət orqanlarının bir çox xidmətlərinə çıxış imkanı əldə etmişdir. Bu xidmətlərdən istifadəsi ənənəvi qaydada uzun günlər, növbələrlə müşayiət olunmur, sadəcə komputerin və ya mobil telefonun arxasında bir neçə saniyəyə reallaşır.  “Elektron hökumət” portalından artıq təkcə ölkəmizdə yaşayan həmvətənlərimiz yox, eyni zamanda dünyanın bir çox yerində, o cümlədən Rusiya, ABŞ, Ruminya, Türkiyə, Almaniya, Avstraliya və s. ölkələrində yaşayan həmyerlilərimiz uzaq məsafələr qət etmədən dövlət orqanlarının göstərdikləri xidmətlərdən yararlanmaqdadır. Bu artıq “Elektron hökumət” (www.e-gov.az) portalının dünya azərbaycanlılarının vahid informasiya məkanına çevrildiyini göstərir. 

Artıq Respublikada “E-hökumət” portalının mobil versiyası da təqdim edilmişdir. Ölkəmizdə mobil telefonların sayının sürətlə artdığını nəzərə alsaq bu tədbir vətəndaşların “Elektron hökumət” sistemindən daha fəal istifadə etmələrinə imkan verəcəkdir. “Elektron hökumət”lə bağlı ölkədə görülən bu işlər beynəlxalq təşkilatlar tərəfində də yüksək qiymətləndirilmişdir. 2012-ci BMT-nin iqtisadi və sosial inkişaf departamentinin hazırladığı “E-idarəçilik 2012” hesabatında elektron hökumət quruculuğuna görə Respublikamız 193 ölkə arasında 96-cı yeri tutmuşdur.

“Elektron hökumət” portalı dövlət orqanlarının göstərdiklər xidmətlərin vahid məkanda reallaşmasına imkan verdiyindən dövlət orqanlarının bir-biriylə informasiya mübadiləsinin asanlaşdırmışdır. Bu da xidmətlərdən istifadə edilən zaman hüquqi prosedurların da sayının əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaqdır. Məsələn, ailənin ünvanlı dövlət sosial yardımında istifadə zamanı demoqrafik göstəricilər və ailə üzvlərinin müxtəlif mənbələrdən gəlirləri ilə bağlı  bir çox törəmə sənədlər tələb olunur. Lakin “Elektron hökumət” sistemi imkan verir ki, ailə haqqında sistemdə mövcud olan bir çox informasiya sistemdən hazır şəkildə götürülsün və hər hansı əlavə sənəd tələb olunmasın. Sözügedən tədbirlə bağlı artıq məqsədyönlü işlər görülməkdədir.

Respublikada həm cəmiyyətin ümumi elektron hökumət mədəniyyətinin artırılması, həm də beynəlxalq aləmlə bu sahədə təcrübə mübadiləsi etmək üçün müxtəlif kurslar, beynəlxalq tədbirlər və konfranslar keçirilmişdir. Bu ilin may ayında “e-Hökumət: Gömrük sahəsində innovasiyalar” mövzusunda V elmi-praktik konfrans keçirilmişdir ki, tədbirdə dünyanın 55 ölkəsində və 5 benəlxalq təşkilatından 102 nümayəndə heyəti qatılmışdır. Eyni zamanda ölkədə elektron hökumətlə bağlı yazı müsabiqəsi keçirilməkdədir. Bu tədbir jurnalistlərin, araşdırmacıların diqqətini bu sahəyə cəlb etməklə yanaşı, cəmiyyətin bu sahə üzrə ümumi mariflənməsinə də töhfə verəcəkdir.

Perspektivlər:

Ölkəmizin “Elektron hökumət” sisteminə beynəlxalq təşkilatlar tərəfindən verilən yüksək qiymət, region ölkələrinə model kimi təqdim edilməsi və eyni zamanda qısa zaman kəsiyində sürətli inkişaf “Elektron hökumət” sisteminin Respublikada böyük perspektivə malik olduğunu göstərir. Bu gün Azərbaycanda “Elektron hökumət” sisteminə şəffaflaşmanın, demokratikləşmənin mühüm faktoru kimi yanaşılır. Bunun nəticəsidir ki, 2013-cü il Respublikada “informasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir və bu sahədə mühüm tədbirlər görülməsi nəzərdə tutulur. Neft sektorundan əldə edilən gəlirlər qeyri-neft sektoruna, o cümlədən informasiya-kommunikasiya sektoruna yönəldilməklə ölkəmizi kosmik ölkələr sırasına daxil etmək makroiqtisadi hədəflərdən birinə çevrilmişdir. 

İnformasiya-kommunikasiya sektorunun inkişafı Respublikamızın baş strateji planı sayılan və ölkənin bazar iqtisadiyyatına keçid mərhələsindən innovativ iqtisadiyyata  keçid prosesini özündə ehtiva edən “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası”nın əsas makro hədəfləri sırasına daxil olmuşdur. Konsepsiyada İnformasiya-kommunikasiya sektoru qarşısına bir sıra məqsədlər, o cümlədən sektorun artım tempini illik 18-20% ətrafında saxlamaqla 2020-ci ilə kimi sektorun gəlirlərini 8-9 milyard ABŞ dollarına çatdırmaq nəzərdə tutulur. Eyni zamanda, Konsepsiyada dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin genişləndirilməsi və elektron xidmətlərin inkişaf etdirilməsi, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi əsas prioritet sahələrdəndir. Konsepsiyanın əsas şüarı informasiya cəmiyyətinə keçidi təmin etməkdir. Təbii ki, bu da “Elektron hökumət” sisteminin ölkədə daha da geniş yayılmasını, bütün regionları əhatə etməsini, cəmiyyətin bu sahə üzrə informasiyasının artırılmasını, dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin çeşidinin və keyfiyyətinin artırılmasını tələb edir.

Sonda biz inamla söyləyə bilərik ki, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası”nda qeyd edilən tədbirlərin həyata keçirilməsi nəticəsində respublikamızın “Elektron hökumət” sistemi dünyanın ən öncül və mükəmməl sistemləri sırasında daxil olacaqdır. Çünki, bununla bağlı ölkədə böyük iqtisadi, kadr potensialı və ən əsası cəmiyyətdə böyük istək mövcuddur.



Məqalə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Respublikada “Elektron hökumət”:  mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə müsabiqəsinə təqdim etmək üçün yazılmışdır.

Səftər Vəlizadə,

Azərbaycan Dövlət Neft Akademiyasının magistrı

Qaynar.info
Yüklə 23,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin