FriDRİx engels sosiALİZMİn utopiyadan elmə doğru iNKİŞafi I



Yüklə 206,66 Kb.
səhifə2/4
tarix21.10.2017
ölçüsü206,66 Kb.
1   2   3   4
II
Bu zaman XVIII əsr fransız fəlsəfəsi ilə yanaşı olaraq və onun ardınca ən yeni alman fəlsəfəsi meydana gəldi ki, bu da Hegeldə tamamlanmış oldu. Bu fəlsəfənin ən böyük xidməti, ən yüksək təfəkkur forması olan dialektikaya qayıtmasında idi. Qədim yunan filosoflarının hamısı anadangəlmə, kortəbii dialektik idi və onların arasında ən universal zəka olan Aristotel dialektik təfəkkürün ən mühum formalarını artıq tədqiq etmişdi. Yenə fəlsəfədə dialektikanın parlaq nümayəndələri vardısa da (məsələn, Dekart və Spinoza), bu fəlsəfə, əksinə, xüsusən ingilis fəlsəfəsinin tə'siri altında metafizik təfəkkür üsulü deyilən üsul içərisində getdikcə daha çox batıb qalırdı; bu metafizik təfəkkür üsulu isə XVIII əsrdə fransızları da, heç olmazsa, onların xüsusi fəlsəfi əsərlərini, demək olar, tamamilə bürümüşdü. Lakin sözün əsl mə'nasında fəlsəfə sahəsindən kənarda onlar bizə dialektikanın yüksək nümunələrini verə bilmişlər; yalnız Didronun «Rakonun qohumu» və Russonun «İnsanlar arasında bərabərsizliyin mənşəyi haqqında düşüncələr» adlı əsərlərini xatırlayaq. Burada qısaca olaraq hər iki təfəkkür metodunun mahiyyətn üzərində dayanaq.

Biz təbiəti, yaxud bəşəriyyət tarixini, ya da öz mə'nəvi fəaliyyətimizi fikrən nəzərimizdən keçirdiyimiz zaman, əvvəlcə gözümüzün qarşısına sonsuz əlaqələrin və qarşılıqlı tə'sirlərin qovuşduğu bir mənzərə gəlir, bu mənzərədə heç bir şey hərəkətsiz və dəyişilməz qalmır. Hər şey hərəkət edir, dəyişilir, törəyir və yox olur. Beləliklə, biz əvvəlcə ümumi bir mənzərə görürük ki, burada təfərrüat hələlik az-çox arxa sıraya keçir, biz nəyin məhz hərəkət etməsindən, çevrilməsindən, əlaqədə olmasından daha çox hərəkətə, çevrilmələrə və əlaqələrə diqqət veririk. Dünyaya olan bu ibtidai, sadə baxış, həm də əslində düzgün olan baxış qədim yunan fəlsəfəsinə xas idi və ilk dəfə Heraklit belə aydın ifadə etmişdi: hər şey mövcuddur və eyni zamanda mövcud deyildir, çünki hər şey axır, hər şey daim dəyişilir, hər şey daimi bir törəmə və yox olma prosesindədir. Lakin bu baxış bütün hadisələr mənzərəsinin ümumi xarakterini düzgün qavrasa da, hələ bu mənzərəni təşkil edən təfərrüatı izah etmək üçün kifayət deyildir və biz bu təfərrüatı bilmədikcə ümumi mənzərə də bizə aydın deyildir. Bu təfərrüatı dərk etmək üçün biz onları öz təbii və ya tarixi əlaqələrindən ayırmalı və hər birisini öz xassələrinə, öz xüsusi səbəb və nəticələrinə və sairəyə görə ayrıca tədqiq etməliyik. Təbiətşünaslığın və tarixi tədqiqatın vəzifəsi də hər şeydən əvvəl bundan ibarətdir, bu elm sahələri isə klassik dövrlərdəki yunanlarda, tamamilə aydın olan səbəblərə görə, yalnız ikinci dərəcəli yer tuturdu, çünki yunanlar hər şeydən əvvəl bunun üçün lazım olan materialı toplamalı idilər. Təbii-elmi və tarixi material müəyyən qədər toplandıqdan sonra, yalnız bundan sonra bunu tənqidi surətdə ayırd etməyə, müqayisə etməyə və buna uyğun olaraq siniflərə, dərəcələrə və növlərə bölməyə başlamaq olardı. Təbiəti dürüst tədqiq etməyin rüşeymləri ilk dəfə yalnız İsgəndəriyyə dövründəki14 yunanlarda, sonra isə orta əsrlərdə ərəblərdə inkişaf etməyə başlamışdır. Əsl təbiətşünaslıq isə yalnız XV əsrin ikinci yarısından başlanır və bu zamandan e'tibarən o durmadan getdikcə daha sür'ətlə müvəffəqiyyətlər qazanır. Təbiəti ayrı-ayrı hissələrə ayırmaq, təbiətdə olan müxtəlif proses və şeyləri müəyyən siniflərə bölmək, üzvi cisimciklərin daxili quruluşunu bu cisimciklərin çox müxtəlif anatomik formalarına görə tədqiq etmək–bunların hamısı son dörd əsrdə təbiəti dərk etməkdə qazanılan böyük müvəffəqiyyətlərin əsas şərti idi. Lakin bu tədqiq üsulu bizə belə bir adət miras qoydu ki, təbiət şeylərini və proseslərini bir-birindən ayrılıqda, bir-biri ilə olan böyük ümumi əlaqədan kənarda götürərək tədqiq edək və buna görə də hərəkətdə deyid, hərəkətsiz halda, əsaslı surətdə dəyişilən halda deyil, daim dəyişilməz halda, canlı deyil, cansız halda tədqiq edək. Bekonun və Lokkun təbiətşünaslıqdan fəlsəfəyə keçirdikləri bu anlama üsulu son əsrlərin spesifik məhdudluğu olan metafizik təfəkkür üsulunu yaratmışdır.



Metafizik üçün şeylər və onların fikri in'ikasları, anlayışlar–ayrı-ayrı, dəyişilməz, donmuş olan, bir dəfəlik verilmiş cisimlərdir və bunlar bir-birinin ardınca və bir-birindən asılı olmayaraq tədqiq edilməlidir. Metafizik başdan-başa müstəqim əksliklər əsasında düşünür; onun danışığı bundan ibarətdir: «hə–hə, yox–yox; bundan artıq nə varsa şeytan işidir» (Bibliya. Matfey incili, 5-ci surə, 37-ci ayə. Red.). Metafizik üçün şey ya mövcuddur, ya mövcud deyil, və eynilə şey həm həmin şey, həm də eyni zamanda başqa şey ola bilməz. Müsbət ilə mənfi mütləq surətdə bir-birini istisna edir; səbəb ilə nəticə də bir-birinə münasibətdə donmuş bir əkslik təşkil edir. Bu təfəkkür üsulu ilk nəzərdə bizə tamamilə təbii görünür, ona görə ki, o sağlam insan düşüncəsi deyilən düşüncəyə xasdır. Lakin adi məişətdə, evin dörd divarı arasında çox mö'təbər görünən sağlam insan düşüncəsi cəsarət edib geniş tədqiqat sahəsinə çıxan kimi onun başına çox qəribə qəziyyələr gəlir. Metafizik anlama üsulu mövzunun xarakterindən asılı olaraq, az-çox geniş olan müəyyən sahələrdə qanuni və hətta zəruri olsa da, hər dəfə tez-gec elə bir həddə gəlib çatır ki, bundan sonra o birtərəfli, məhdud, abstrakt bir şəkil alır və həlledilməz ziddiyyətlər içərisində dolaşıb qalır, çünki ayrı-ayrı şeylərin arxasında onlarıı qarşılıqlı əlaqəsini, onların varlığı arxasında törəmələrini və yox olmalarını görmür, onların sükunətdə olması üzündən onların hərəkətini unudur, ağacların arxasında meşəni görmür. Məsələn, adi həyatda biz bilirik və yəqinliklə deyə bilərik ki, müəyyən bir heyvan mövcuddur və ya mövcud deyildir. Lakin məsələni daha dürüst tədqiq etdikdə, bunun bə'zən son dərəcə mürəkkəb bir iş olduğunu yəqin edirik; uşağın ana bətnində öldürülməsini hansı həddən başlayaraq qətl hesab etmək lazım gəldiyini tapmaq üstündə əbəs yerə baş sındıran hüquqşünaslar bunu çox yaxşı bilirlər. Eyni ilə ölüm vaxtını da dürüst müəyyən etmək mumkün deyildir, çünki fiziologiya ölümün qəfləti, ani bir hadisə deyil, çox uzun bir proses olduğunu sübut edir. Habelə hər bir üzvi vücud da eyni bir anda həm eyni şeydir, həm də həmin şey deyildir; o kənardan aldığı maddələri hər an həzm edir və başqa maddələr ifraz edir, hər anda onun orqapizminin bə'zi hüceyrələri ölüb gedir, başqaları doğulur; buna görə də az-çox uzun bir müddət keçəndən sonra həmin orqanizmin maddəsi tamamilə yeniləşir, maddənin digər atomları ilə əvəz olunur. Buna görə də hər bir üzvi vücud həmişə həm eyni şeydir, həm də eyni şey deyildir. Daha dürüst tədqiq edildikdə biz bunu da görürük ki, müəyyən bir əksliyin hər iki qütbü–məsələn, müsbət və mənfi qütbləri–bir-birinə nə qədər əksdirsə, bir o qədər də bir-birindən ayrılmazdır və bunların arasındakı bütün əksliyə baxmayaraq, bunlar bir-birinə nüfuz edirlər. Sonra biz görürük ki, səbəb ilə nəticə yalnız ayrıca verilmiş bir hadisəyə tətbiq edildiyi zaman əhəmiyyəti olan təsəvvürlərdir; lakin biz bu ayrıca hadisəni, onun dünyəvi küll ilə ümumi əlaqəsində götürən kimi, bu təsəvvürlər rastlaşıb universal qarşılıqlı tə'sir təsəvvüründə bir-birinə çulğaşır və burada səbəb ilə nəticə həmişə öz yerini dəyişir; burada və ya indi səbəb olan şey başqa zaman və ya başqa yerdə nəticə olur və əksinə.

Bütün bu proseslər və bütün bu təfəkkür metodları metafizik təfəkkur çərçivəsinə sığmır. Şeyləri və onların fikri in'ikaslarını başlıca olaraq onların qarşılıqlı əlaqəsi, çulğaşması, hərəkəti, törəməsi və yox olması halında götürməyi mühüm hesab edən dialektika üçün isə, yuxarıda göstərilən hadisələr kimi hadisələr, əksinə, yalnız onun öz tədqiqat metodunun doğruluğunu təsdiq edir. Təbiət dialektikanın məhək daşıdır və demək lazımdır ki, müasir təbiətşünaslıq həmin məhək daşı üçün son dərəcə zəngin və gündən-günə artan material vermiş və bu materialla da sübut etmişdir ki, təbiətdə hər şey nəticə e'tibarı ilə metafizikcəsinə deyil, dialektikcəsinə baş verir, təbiət əbədi yekcins və həmişə təkrar olunan bir dairə içərisində hərəkət etmir, həqiqi bir tarix keçirir. Burada hamıdan əvvəl Darvini göstərmək lazımdır; o, indiki bütün üzvi aləmin, nəbatat və heyvanatın və, deməli, insanın da, milyon illər davam edən inkişaf prosesinin məhsulu olduğunu sübut edərək, təbiətə olan metafizik baxışa ən qüvvətli zərbə vurmuşdur. Lakin dialektikcəsinə düşünməyi öyrənmiş təbiətşünaslar hələ indiyədək barmaqla sayılacaq qədər az olduqlarına görə, əldə edilən nəticələr ilə kök salmış təfəkkür üsulu arasında olan bu toqquşma üzündən indi nəzəri təbiətşünaslıqda hədsiz bir dolaşıqlıq hökm sürür və bu dolaşıqlıq həm müəllimləri, həm də şagirdləri, həm yazıçıları, həm də oxucuları eyni dərəcədə ümidsizliyə sövq edir.

Beləliklə, törəmə ilə yox olma arasında, proqressiv dəyişikliklərlə reqressiv dəyişikliklər arasında ümumi qarşılıqlı tə'sirə daim diqqət verməklə, yalnız dialektika yolu ilə kainat haqqında, kainatın və bəşəriyyətin inkişafı haqqında, habelə bu inkişafın insanların zehnində in'ikası haqqında dürüst təsəvvür əldə etmək olar. Ən yeni alman fəlsəfəsi də üzünü məhz bu ruhda dərhal göstərmişdi. Kant öz elmi fəaliyyətinə başlarkən, Nyütonun günəş sistemini, daimi və dəyişilməz sistemi–məşhur ilk təkan veriləndən sonra–tarixi prosesə: Günəşin və bütün planetlərin fırlanan duman kütlələrindən əmələ gəlməsi prosesinə çevirdi. Həm də Kant bu nəticəyə gəlmişdi ki, günəş sisteminin əmələ gəlməsi onun gələcəkdə hökmən məhv olmasını da tələb edir. Bundan yarım əsr sonra Laplas onun görüşünü riyazi üsulla əsaslandırdı, daha yarım əsr keçəndən sonra isə spektroskop sübut etdi ki, dünya fazasında qatılaşma dərəcəsi müxtəlif olan belə közərmiş qaz kütlələri vardır.

Bu ən yeni alman fəlsəfəsi Hegelin sistemi ilə tamamlanmış oldu. Hegelin böyük xidməti ondan ibarətdir ki, o ilk dəfə olaraq bütün təbii, tarixi və mə'nəvi aləmi proses halında, yə'ni daimi hərəkət, dəyişilmə, bir şəkildən başqa şəklə keçmə və inkişaf halında olan bir proses kimi göstərmiş, bu hərəkət və inkişafın daxili əlaqəsini aşkara çıxarmağa çalışmışdır. Bu nöqteyi-nəzərdən bəşər tarixi, indi yetişmiş olan fəlsəfi əql divanı qarşısında, eyni dərəcədə yalnız pislənməli və ən tez bir zamanda unudulmalı olan mə'nasız zorakılıqların vəhşiy hərc-mərcliyindən ibarət bir şey kimi görünmək halından çıxdı, əksinə olaraq, bu tarix bəşəriyyətin özünün inkişafı prosesi kimi meydana çıxdı və indi təfəkkürün vəzifəsi ondan ibarət oldu ki, bu prosesin keçmiş olduğu bütün yollar içərisində onun dalbadal gələn pillələrini izləsin və bütün zahiri təsadüflər arasında onun daxili qanunauyğunluğuvu sübut etsin.

Hegel sisteminin öz qarşısına qoyduğu bu məsələni həll etməməsinin burada bizim üçün əhəmiyyəti yoxdur; Hegel sisteminin tarixi xidməti həmin məsələni irəli sürməsindən ibarətdir. Bu məsələ isə tək bir nəfər tərəfindən heç vaxt həll edilə bilməyəcək bir məsələdir. Sen-Simonla yanaşı olaraq, Hegel öz zəmanəsinin ən universal bir zəkalı siması olsa da, hər halda o məhdud idi; bu məhdudluq isə, əvvələn, onun öz biliyinin labüd olaraq müəyyən bir çərçivə içərisində qalmasından, ikincisi də öz dövrünün bilik və görüşlərinin həcm və dərinlik cəhətdən eyni dərəcədə məhdud olmasından ibarətdir. Buna üstəlik üçüncü bir cəhət də vardır. Hegel idealist idi, yə'ni onun nəzərincə beynimizdəki fikirlər gerçək şeylərin və proseslərin az-çox abstrakt in'ikasları deyil, əksinə, şeylər və onların inkişafı hələ dünya əmələ gəlməzdən əvvəl harada isə mövcud olan «ideyanın» təcəssüm olunduğu in'ikasları idi. Beləliklə, hər şey başı üstə qoyulmuş və dünya hadisələrinin gerçək əlaqəsi tamamilə təhrif olunmuşdu. Buna görə də Hegel hadisələrin bə'zi ayrı-ayrı əlaqələrini nə qədər düzgün və dahiliklə qavramış olsa da, onun sisteminin təfərrüatında bir çox şeylər həmin səbəblərə görə labüd olaraq yanlış, sün'i, qondarma idi, bir sözlə təhrif olunmuşdu. Hegelin sistemi özlüyündə böyük bir düşük idi, lakin bu cür sistemlərin sonuncusu idi. Yə'ni bu sistemin bir də həlledilməz daxili ziddiyyəti qar idi: bir tərəfdən, onun mühüm müqəddəm şərti belə bir baxışdan ibarət idi ki, bəşər tarixi inkişaf prosesidir və həmin proses öz təbiəti e'tibarı ilə, mütləq həqiqət deyilən şeyin kəşf edilməsində öz əqli yetkinliyini tapa bilməzdi; digər tərəfdən isə, Hegel sistemi məhz bu mütləq həqiqəti başa çatdırdığını iddia edir. Təbiətin və tarixin dərk edilməsinin hər şeyi əhatə edən və həmişəlik bitmiş sistemi dialektik təfəkkürün əsas qanunlarına ziddir, lakin bu əsla istisna etməyib, əksinə nəzərdə tutur ki, bütün xarici aləmin müntəzəm surətdə dərk edilməsi nəsildən nəslə böyük müvəffəqiyyətlər qazana bilər.

Mövcud alman idealizminin tamamilə yanlış olduğunuv başa düşülməsi labüd olaraq materializmə gətirib çıxartdı, lakin qeyd etmək lazımdır ki, sadəcə metafizik materializmə, yalnız XVIII əsrin mexaniki materializminə gətirib çıxartmadı. Bütün keçmiş tarixin sadəlövh inqilab yolu ilə, sadəcə bir kənara atılmasının əksinə olaraq, müasir materializm, tarixdə bəşəriyyətin inkişaf prosesini görür və qarşısına bu prosesin hərəkət qaiunlarını kəşf etmək vəzifəsini qoyur. XVIII əsrdəki fransızlarda olduğu kimi, hələ Hegeldə də təbiət haqqında belə bir təsəvvür hakim idi ki, guya təbiət daim özünə bərabər olan bir külldür və bu küll Nyutonun öyrətdiyi kimi, əbədi dünya cisimləri ilə və Linneyin öyrətdiyi kimi, üzvi vücudların dəyişməz nörləri ilə birlikdə eyni məhdud dairələr içərisində hərəkət edir; təbiət haqqındakı bu təsəvvürün əksinə olaraq, müasir materializm təbiətşünaslığın ən yeni nailiyyətlərini ümumiləşdirir; bu nailiyyətlərə görə isə, təbiətin də zaman e'tibarı ilə öz tarixi vardır, əlverişli şəraitdə səma cisimlərində sakin olan bütün orqanizm növləri kimi, bu cisimlər də törəyir və yox olur, bu aramsız dövrlər isə, ümumiyyətlə baş verə bilirsə, sonsuz dərəcədə daha böyük bir miqyas alır. Bu halların hər ikisində müasir materializm mahiyyətcə dialektikdir və başqa elmlər üzərində duran fəlsəfəyə daha möhtac deyildir. Hər bir ayrıca elmin qarşısına, şeylərin və onlar haqqındakı biliklərin ümumi əlaqəsində öz mövqeyini aydınlaşdırmaq tələbi qoyular-qoyulmaz, bu ümumi əlaqədən bəhs edən xüsusi bir elmə daha lüzum qalmır. Bu zaman bütün əvvəlki fəlsəfədən yalnız təfəkkür və onun qanunları haqqındakı tə'lim, yə'ni formal məntiq və dialektdka müstəqil surətdə mövcud olduğunu saxlayır. Bütün qalanları isə, təbiət və tarix haqqındakı müsbət elmlərə daxil olur.

Lakin təbiətə olan baxışlardakı bu çevriliş yalnız tədqiqat idrak üçün müvafiq müsbət material verdikcə əmələ gələ bildiyi halda, tarixin anlaşılmasında qəti dönüş əmələ gəlməsinə səbəb olan tarixi hadisələr bundan xeyli əvvəl baş vermişdi. 1831-ci ildə Lionda birinci fəhlə üsyanı olmuşdu; ilk milli fəhlə hərəkatı olan ingilis çartistləri hərəkatı 1838-ci ildən 1842-ci ilədək davdm edən dövrdə özünün ən yüksək nöqtəsinə çatdı. Bir tərəfdən, iri sənaye və digər tərəfdən, burjuaziyanın bir az əvvəl ələ keçirdiyi siyasi hakimiyyət inkişaf etdikcə proletariat ilə burjuaziya arasındakı sinfi mübarizə Avropanın ən çox inkişaf etmiş ölkələrinin tarixində birinci sıraya keçirdi. Faktlar getdikcə daha aydın göstərirdi ki, kapital mənafeyi ilə əmək mənafeyinin eyniliyi haqqında, azad rəqabət nəticəsində ümumi ahəngdarlıq və xalq üçün ümumi rifah yaranacağı haqqında burjua iqtisad nəzəriyyəsi tamamilə yalandır. Bütün bu faktlarla və bunların, son dərəcə natamam olsa da, hər halda nəzəri ifadəsi olan Fransa və İngiltərə sosializmi ilə hesablaşmamaq daha mümkün deyildi. Lakin tarix haqqında hələ aradan qaldırılmamış olan köhnə idealist anlayış maddi mənafeyə əsaslanan heç bir sinfi mübarizəni və ümumiyyətlə heç bir maddi mənafeyi qəbul etmirdi; istehsal və bütün iqtisadi münasibətlərdən, «mədəniyyət tarixi»nin ikinci dərəcəli əhəmiyyətn olan ünsürləri kimi yalnız ötəri bəhs olunurdu.

Yeni faktlar bütün keçmiş tarixi yenidən tədqiq etməyə məcbur etdi və bu zaman mə'lum oldu ki, ibtidai hal istisna olmaqla, bütün keçmiş tarix siniflərin mübarizəsi tarixn olmuşdur, bir-biri ilə mübarizə edən bu ictimai siniflər hər bir müəyyən dövrdə istehsal və mübadilə münasibətlərinin, bir sözlə öz dövrünün iqtasadi münasibətlərinin məhsuludur; deməli, aydın oldu ki, hər bir müəyyən dövrdə cəmiyyətin iqtisadi quruluşu elə bir real əsas təşkil edir ki, hər bir müəyyən tarixi dövrün hüquqi və siyasi tə'sisatından, habelə dini, fəlsəfi və başqa görüşlərindən ibarət olan üstqurumu nəticə e'tibarı ilə bu əsasla izah edilir. Hegel tarixin anlaşılmasını metafizikadan azad etdi və onu dialektik anlaşılma halına saldı, lakin Hegel tərəfindən tarixin anlaşılması öz mahiyyəti e'tibarı ilə idealist anlaşılma idi. İndi isə idealizm son sığnağından, yə'ni tarixin anlaşılması sahəsindən qovuldu, tarixin materialistcəsinə anlaşılması verildi və keçmişdə insanların varlığı onların şüuru ilə izah edilirdisə, indi bunun əvəzində insanların şüurunu onların varlığı ilə izah etmək üçün yol tapıldı.



Buna görə də sosializm indi, bu və ya başqa dahi bir zəkanın təsadüfi kəşfi deyil, tarixən əmələ gəlmiş iki sinif, yə'ni proletariatla burjuaziya arasındakı mübarizənin zəruri nəticəsi hesab edilməyə başlandı. Sosializmin vəzifəsi indi artıq mümkün qədər daha mükəmməl bir cəmiyyət sistemi quraşdırmaqdan ibarət olmayıb, göstərilən siniflərin yaranmasına və onların arasındakı qarşılıqlı mübarizənin meydana gəlməsinə zəruri səbəb olan tarixi-iqtisadi prosesi tədqiq etməkdən və bu prosesin yaratdığı iqtisadi vəziyyətdə həmin toqquşmanı həll etmək üçün vasitələr tapmaqdan ibarətdir. Lakin fransız materialistlər tərəfindən təbiətin anlaşılması dialektika və ən yeni təbiətşünaslıqla bir araya sığmadığı kimi, əvvəlki sosializm də tarixin bu materialist anlaşılması ilə bir araya sığmırdı. Əvvəlki sosializm mövcud kapitalist istehsal usulunu və onun nəticələrini tənqid edirdisə də, onu izah edə bilmirdi, deməli, onun öhdəsindən gəlməyə qadir deyildi,–yalnız bunun tamamilə yaramaz olduğunu e'lan edə bilirdi. Keçmiş sosializm bu istehsal üsulu şəraitində fəhlə sinfinin labüd olaraq istismar edilməsindən nə qədər çox hiddətlənirdisə, bu istismarın nədən ibarət olduğunu və nə cür əmələ gəldiyini aydın göstərməkdə bir o qədər aciz idi. Lakin vəzifə, bir tərəfdən, kapitalist istehsal üsulunu tarixi əlaqədə götürüb onun əmələ gəlməsinin labüd olduğunu və müəyyən tarixi dövr üçün bu üsulun zəruri olduğunu, buna görə də onun hökmən məhv olacağını izah etmək idi, digər tərəfdən isə, bu istehsal üsulunun indiyədək hələlik aşkara çıxarılmamış olan daxili xarakterini də açıb göstərmək idi. Bu isə izafi dəyərin kəşfi sayəsində edilə bildi. Sübut edildi ki, haqqı ödənilməmiş əməyin mənimsənilməsi kapitalist istehsal üsulunun və onun fəhlələri istismar etməsinin əsas formasıdır; kapitalist iş qüvvəsini bir əmtəə kimi əmtəə bazarında tam dəyərinə aldıqda belə, həmin iş qüvvəsindən, ona verdiyi dəyərə nisbətən daha çox dəyər əldə edir və daim artan kapital kütləsikin varlı siniflər əlində toplanmasına səbəb olan dəyər məbləğini nəticə e'tibarı ilə, məhz bu izafi dəyər yaradır. Bu surətlə də, kapitalist istehsalının necə baş verdiyi, habelə kapitalın özünün necə istehsal olunduğu izah edildi. Bu iki böyük kəşf üçün–tarixin materialistcəsinə anlaşılması üçün və kapitalist istehsalı sirrini izafi dəyər vasitəsi ilə ifşa edilməsi üçün–biz Marksa minnətdarıq. Bu kəşflər sayəsində sosializm elm olmuşdur və indi vəzifə hər şeydən əvvəl bu elmi bütün təfərrüatı və əlaqələri ilə daha da inkişaf etdirməkdən ibarətdir.
III
Tarixin materialistcəsinə anlaşılması belə bir müddəaya əsaslanır ki, istehsal və bunun ardınca istehsal məhsullarının mübadiləsi hər bir ictimai quruluşun əsasını təşkil edir; tarixdə meydana gələn hər bir cəmiyyətdə məhsulların bölgüsü, bununla da birlikdə cəmiyyətin siniflərə və ya silklərə bölünməsi, bu cəmiyyətin nə istehsal etməsindən və necə istehsal etməsindən, istehsal məhsullarının necə mübadilə olunmasından asılıdır. Beləliklə, bütün ictimai dəyişikliklərin və siyasi çevrilişlərin son səbəblərini insanların beynində deyil, əbədi həqiqəti və ədaləti onların getdikcə daha artıq başa düşməsində deyil, istehsal və mübadilə üsulunun dəyişilməsində axtarmaq lazımdır; onları müvafiq dövrün fəlsəfəsində deyil, iqtisadiyyatında axtarmaq lazımdır. Mövcud ictimai quruluşların əqləuyğun olmadığının və ədalətsizliyinin, «əqləuyğun olanın mə'nasız, xeyrin isə əzab olduğunun» (Göte. «Faust», I hissə, dördüncü səhnə («Faustun kabineti»), Red.) anlaşılmağa başlanması yalnız bir şeyi göstərir: istehsal metodlarında və mübadilə formalarında hiss edilmədən elə dəyişikliklər əmələ gəlmişdir ki, köhnə iqtisadi şəraitin ölçüsü ilə biçilib qurulmuş ictimai quruluş buna daha uyğun gəlmir. Buradan həmçinin belə nəticə çıxır ki, aşkara çıxarılmış olan bəlaların aradan qaldırılması vasitələri də,–az-çox inkişaf etmiş şəkildə–dəyişilmiş istehsal münasibətlərinin özündə olmalıdır. Bu vasitələri insan öz başından uydurmamalı, əksinə, bunları başın köməyi ilə istehsalın mövcud maddi faktlarında kəşf etəlidir.

Bəs bununla əlaqədar olaraq, müasir sosializm məsələsi nə haldadır?

İndi, demək olar, hamı qəbul etmişdir ki, mövcud ictimai quruluş hazırda hökm sürən sinif tərəfindən, yə'ni burjuaznya tərəfindən yaradılmışdır. Burjuaziyaya xas olan və Marksın zamanından bəri kapitalist istehsal üsulu adlanan istehsal üsulu yerli və silki imtiyazlara, habelə feodalizm quruluşunun qarşılıqlı şəxsi əlaqələrinə uyğun gəlmirdi; burjuaziya feodalizm quruluşunu dağıtmış və onun xərabələri üzərində burjua ictimai quruluşunu» azad rəqabət, bir yerdən başqa yerə hərəkət etmək azadlığı, əmtəə sahibləri üçün hüquq bərabərliyi səltənəti,–müxtəsər, bütün burjua məziyyətləri səltənətini yaratmışdır. Kapitalist istehsal üsulu indi azad inkişaf edə bilərdi. Buxar və yeni iş maşınları köhnə manufakturanı iri sənayeyə çevirdiyi zamandan e'tibarən burjuaziyanın idarəsi altında yaradılmış məhsuldar qüvvələr keçmişdə eşidilməmiş bir sür'ətlə və misli görünməmiş bir ölçüdə inkişaf etməyə başladı. Lakin bir zaman manufaktura və onun tə'siri altında təkmilləşmiş olan sənətlər sexlərin feodal buxovları ilə toqquşduğu kimi, özünün yüksək inkişaf pilləsində iri sənaye də kapitalist istehsal üsulunun bu iri sənayeni tıxadığı dar çərçivə ilə toqquşur. Yeni məhsuldar qüvvələr, bu qüvvələrdən istifadə etməyin burjua formasını artıq ötüb keçmişdir. Məhsuldar qüvvələrlə istehsal üsulu arasındakı bu toqquşma, heç də ilk insan günahı ilə ilahi ədalət arasındakı toqquşma kimi yalnız insanların başlarında yaranan bir toqquşma deyildir; əksinə, bu ixtilaf gerçəklikdə, obyektiv surətdə, bizdən kənarda, hətta öz fəaliyyəti ilə onu yaradan adamların da iradə və ya davranışından asılı olmadan mövcuddur. Müasir sosializm, bu real toqquşmanın təfəkkürdəki in'ikasından, ən əvvəl isə bundan bilavasitə zərər çəkən sinfin,–fəhlə sinfilin başındakı ideal in'ikasından başqa bir şey deyildir.

Bəs bu toqquşma nədən ibarətdir?

Kapitalist istehsalı meydana gələndən əvvəl, yə'ni orta əsrlərdə hər yerdə xırda istehsal var idi və bunun əsasını istehsal vasitələri üzərində işçilərin xüsusi mülkiyyəti təşkil edirdi: kənddə azad və ya təhkimli xırda kəndlilərin əkinçiliyi, şəhərdə isə sənət. Əmək vasitələri–torpaq, əkinçilik alətləri, e'malatxanalar, sənətaar alətləri–ayrı-ayrı şəxslərin əmək vasitələri olub ancaq təkbaşına işlədilmək üçün idi, deməli, zərurət üzündən xırda, cüzi və məhdud şəkildə qalırdı. Məhz buna görə də onlar, bir qayda olaraq, istehsalçının özünə məxsus rlurdu. Kapitalist istehsal üsulunun və bu üsulu təmsil edən burjuaziyanın tarixi rolu da məhz bu dağınıq, xırda istehsal vasitələrini bir yerə toplayıb iriləşdirməkdən və onları müasir qüdrətli istehsal vasitələrinə çevirməkdən ibarət idi. XV əsrdən başlayaraq, istehsalın üç müxtəlif pilləsində: adi kooperasiya, manufaktura və iri sənaye dövründə burjuaziyanın bu rolu tarixən necə yerinə yetirdiyini Marks öz «Kapital» əsərinin IV bölməsində ətraflı təsvir etmişdir. Lakin, Marksın oradaca müəyyən etdiyi kimi, burjuaziya ayrı-ayrı adamların işlətdiyi istehsal vasitələrini ancaq insan kütləsinin birlikdə işlətdiyi ictimai istehsal vasitələrinə çevirmədən məhdud istehsal vasitələrini qüdrətli məhsuldar qüvvələrə çevirə bilməzdi. Əl cəhrəsi, əl toxuma dəzgahı, dəmirçi çəkici əvəzinə əyirici maşın, mexaniki toxuma dəzgahı, buxar çəkici meydana gəldi; ayrıca e'malatxana əvəzinə yüzlərlə və minlərlə fəhlələrin birgə əməyini tələb edən fabrik meydana gəldi. İstehsal vasitələri kimi, istehsal özü də bir sıra dağınıq hərəkətlərdən bir sıra ictimai hərəkətlərə, məhsullar isə ayrı-ayrı şəxslərin məhsullarından ictimai məhsullara çevrildi. İndi fabrik və zavodlardan çıxan iplik, parça metal mallar bir çox fəhlənin birgə əməyinin məhsuludur və bunlar hazır şəklə düşmək üçün ardıcıl olaraq onların əlindən keçməli idi. Onların haqqında heç kəs ayrılıqda deyə bilməz: «Bunu mən qayırmışam, bu mənim məhsulumdur».



Yüklə 206,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə