Fxslxgghpxn ncplhkxn ncpxl


İYİRMİ ÜÇÜNCÜ DӘRS SİX AYİNİ (1)



Yüklə 0,83 Mb.
səhifə25/31
tarix01.07.2018
ölçüsü0,83 Mb.
#55417
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

İYİRMİ ÜÇÜNCÜ DӘRS

SİX AYİNİ (1)


Six ayininin banisi Nanak adlı bir şəxsdir. Nanakın tərcümeyi-halı və onun bu dini necə yaratması barədə əldə etdiyimiz məlumat “Canamsakhi” adlı kitablar məcmuəsindən götürülmüşdür; bu məcmuə sixlərin müqəddəs kitabı olan Qrantdan sonra ən mühüm və ən əhəmiyyətli mənbədir. Bu barədə əsas məlumatlar əqidəvi kitablarda mövcud olmadığına görə onları bir o qədər də mötəbər hesab etmək olmaz.

Six ayininin əsasının qoyan Nanak 1469-cu ildə Pəncab əyalətinin Talvandi kəndində dünyaya gəlmişdir. Bu kənd sonralar onun şərəfinə Nanak-ara, yəni Nanakın yurdu adı almışdır.

Canansakhi kitabında qeyd olunub ki, o uşaqlıq illərində fitri istedada malik olmaqdan əlavə, həyatın adi və təbii məsələlərinə qarşı laqeyd idi; onlardan uzaq gəzirdi. Onun uşaqlıq dövrü barədə qeyd olunur ki, 7 yaşında ikən ilk dəfə məktəbə gedəndə öz hindu müəlliminə qeyri-adi nəsihət vermişdi; o, müəlliminə tövsiyə edərək, bütün veda kitablarını mütaliə etmək əvəzinə ilahi rəhmət sayəsində allahın həqiqi adını dərk etməsini söyləmişdi. Nəql olunmuşdur ki, 9 yaşında ikən brahmanlar müqəddəs hindu ipini ona vedikləri zaman dua mərasiminin əhəmiyyəti barədə onlara müəyyən göstərişlər vermişdi. Onun barəsində müxtəlif hadisələr nəql olunmuşdur ki, bunlar da onun gündəlik həyatdan uzaq gəzməsindən, sakit təfəkkürlə yanaşı olan dini həyata maraq göstərməsindən xəbər verir. Hətta dostları və qohum-əqrəbaları da onun adi işlərdən, cismani fəaliyyətlərdən, alış-veriş və digər məşğuliyyətlərdən uzaq gəzdiyini görüb ondan ümidlərini kəsmişdilər; onu ləyaqətsiz, əfəl və öz ailəsinə rüsvayçılıq səbəbi hesab edirdilər. Bir dəfə Sultanpur şəhərində yaşayan qohumlarından biri ona çox gözəl bir vəzifə təklif edir, amma o ilk günlərdən bu işdən pərişan olub onu tərk edir.

Nanakın adi həyata qarşı laqeydliyi elə bir həddə idi ki, nəhayət o, arvad-uşağını buraxıb meşələrdə və çöllərdə sərgərdan gəzməyə başlayır. Bu dövrdə o, vaxtının çoxunu təfəkkür, müraqibə və ruhi məşğələlər keçirirdi.

Onun barəsində yazırlar: «Bir gün Nanaka çayda yuyunduqdan sonra meşəyə üz qoyub görünməz oldu. Orada yuxu aləmində, yaxud mükaşifədə allahın hüzurunda hazır oldu; behişt içkilərindən bir cam doldurub ona verdilər; o minnətlə bu şərabı qəbul etdi. Sonra allah ona dedi: Mən səninləyəm; mən səni və sənin adını qəbul edən hər bir şəxsi xoşbəxt etdim. Qalx ayağa get və mənim müqəddəs adımı təkrar et, başqalarını da mənim müqəddəs adımı zikr etməyə əmr et. Tərkidünyalıqda sabitqədəm ol və həmişə məni yad et! Paklığı, cismin təmizliyini, allaha ibadəti və yaranışda təfəkkürü özünə peşə et... Mənim adım allahdır, birinci brahmayam, sən də ilahi “quru”san.»

Buna cavab olaraq Nanak cabci adlı nəğmə və şerlər oxudu. Ardıcılları həmin nəğmələri müqəddəs kitabın bir hissəsi hesab edir və hər sübh çağı onu oxuyarlar.

Bu şerin məzmunu belədir:

«Allah birdir, onun adı haqdır; o qəzəbdən uzaq, qorxmaz, təmiz, böyük və mehriban olan yaradandır. Haqq əzəldən mövcuddur, əbədiyyətə qədər olacaqdır. Ey Nanak! O olmuş, vardır və olacaqdır.»

Nanak bundan sonra meşədən çıxdı və sükutla keçirdiyi bir gündən sonra özünün məşhur cümləsini belə bəyan etdi: «Heç bir müsəlman və hindu mövcud deyil.» Bu da onun six adı ilə məşhur olan yeni ayininin təbliğ olunmasının ilk dövrü idi.

SİX AYİNİNİN FORMALAŞMASI


Müsəlman sultanlar Hindistana hakim olduqdan, müqəddəs islam dini o ölkədə yayıldıqdan və bir çoxları bu dinə iman gətirdikdən sonra hindularla müsəlmanlar arasında qarşıdurma genişlənməyə başladı. Bu çəkişmələr əsas etibarı ilə iki yöndə baş verirdi: Bir çox hindu alimləri islamın məntiqi və bürhani əsasları ilə tanış olmuş, nəticədə öz qədim etiqadlarında şəkk və tərəddüdə düçar olmuşdular. Çünki, arya-samac kimi təəssübkeş hindu cərəyanları onların islam dininə iman gətirmələri qarşısında ən ümdə bir maneə sayılırdı və nəticədə bu iki ayinin mütəfəkkirləri (müsəlman alimləri və arya-samac alimləri) arasında çəkişmələr yaranırdı. Digər bir çəkişmə isə təəssübkeş müsəlman və hindular arasında aparılırdı; onlar bir çox etiqadi məsələlərlə əlaqədar qanlı müharibələrə əl atırdılar. Bu çəkişmələrin və qanlı çarpışmaların şahidi olan bəzi hindu alimləri bu iki ayin arasında bir növ vəhdət və uyğunluq yaratmaq fikrinə düşdülər. Onlar qarşılıqlı anlaşma yolu ilə bütün çarpışmalara son qoymağa çalışırdılar. Bu alimlərdən Nanidv, Ravids və Kəbirin adını qeyd etmək olar. Kəbir daha artıq əhəmiyyətə və şöhrətə malik idi; o, islam alimlərindən mənimsədiyi təlimlərin təsiri altında islamın əsaslarına meyl göstərdi və bu təlimlərin bir hissəsini hinduiizm ayinlərində tətbiq etməyə başladı. O hinduiizmdə adi bir iş olan bütpərəstlik və heykələ sitayişi qəbahətli iş hesab edirdi; tövhidə, yeganəpərəstliyə üz tutmaqla bildirirdi ki, allahın çox böyük məqama malik olmasını və heç vaxt daşda, filizdə yaxud başqa bir şeydə yer tuta bilməməsini deyirdi; öz bəndələrinin müəyyən zahiri işlərindən, o cümlədən kitab tilavət etmək, rahiblik, çaylarda qüsl etmək, məbədlərdə təvaf etmək kimi işlərdən təsirlənib sevinməz. Allah yalnız öz bəndələrindən istəmişdir ki, niyyətlərini paklaşdırsınlar, əxlaq və əqidələrini saflaşdırsınlar; hər kəs sədaqət və məhəbbətlə yeganə olan Allaha pərəstiş etsə, karma qanundakı əzab-əziyyətlərdən xilas olacaq, ardıcıl doğumlar mərhələsindən çıxacaqdır. O həmçinin hər bir şəxsin nicata çatması üçün bir müəllimin yol göstərməsinə ehtiyaclı olması məsələsini (bu pəncabın yerli dilində “quru” adlanır) təkid edirdi. Six ayininin rəhbərlərinə “quru” deyilməsi də buradan başlanır.

Kəbirin etiqadlarında dərindən düşünməklə aydın olur ki, o, bir sıra etiqad və təfəkkürlərini, o cümlədən tövhidi və xalis ibadəti islamdan götürmüş, sonradan onları hinduiizmdəki karma və tənasüx əqidəsi ilə birləşdirmişdir. Qeyd etmək lazımdır ki, Kəbir həqiqətən hinduiizm və islamın qarışığından ibarət olan bir ayin yaratmaq fikrində olmamışdı; onun şagirdi olan Nanak bu təfəkkür əsasında belə bir iş görmüşdü. Nanak bir qrup insanı mürid kimi öz ətrafına yığdıqdan sonra öz əqidəsini onlara öyrətmiş, onunla müridlər arasında olan münasibət müəllim-şagird münasibəti olduğundan onun ayini six adlandırılır. Bu da pəncab dilində şagird deməkdir. Nanakın vəzifəsi “quru” (müəllim) idi və six ünvanı həmin baxımdan onun ayininə aid edilir.


NANAKIN TӘBLİĞ ÜSLUBU


Quru Nanaka başqalarını öz ayininə dəvət etmək barəsində ilham aldıqdan sonra səfərə çıxdı. O, öz risalətini, yəni yeganə allahı təbliğ etməyə başladı; onun əqidə bəslədiyi allah bütün təbəqələrə eyni səviyyədə aiddir. Nanak yeganə allahı təbliğ etmək üçün öncə müsəlman olan və six ayininin ilk ardıcılı sayılan öz xidmətçisi Mərdananı özü ilə götürdü. Mərdana bir növ musiqi aləti olan rubab çalırdı və onu çox gözəl ifa edirdi. Nanakın özü də şair idi və əksər çağırışlarını şer və nəğmə kimi çatdırırdı. Mərdana onun oxuduğu şerləri musiqi ilə müşayiət edirdi. Bu məsələ Nanakın etiqadlarının sadə və səlis formada adi camaata nəql olunmasına səbəb oldu və onlar çox asanlıqla onun etiqadlarını dərk etdilər.

Quru Nanak özünün zahiri paltarından, hinduların və müsəlmanların libas və bəzəklərindən istifadə edirdi. O, adətən hinduların çiyinlərinə saldığı və safa adlandırdıqları ağ bir parçadan hazırlınmış cilitkə geyinir, başına müsəlmanların istifadə etdikləri baş örtüyü qoyur, burnuna bir sümük asır və alnına hindu xalı vururdu.

Quru Nanak bu formada 12 il müddətində səfərdə oldu. O Hindistanın müxtəlif şəhərlərində öz ayinini təbliğ etməyə çalışdı; hər yerə çatırdısa öz şerlərini oxuyur və camaata moizə edirdi. Mərdana da rubabda çalmaqla onu müşayət edirdi. Nanak əsas etibarı ilə bu cümləyə təkid edirdi: «Mən bu əsrdə insanlara yol göstərib hidayət etmək üçün zühur etmişəm. Mən bütün firqələri inkar edirəm, yalnız bir olan allaha pərstiş edirəm. Mənim Allahım hər yerdə - asimanlarda və yerdə mövcuddur.»

Quru Nanak çoxlu səfərlərdən sonra 1520-ci ildə vətəninə qayıtdı və öz varlı ardıcıllarından biri olan Kartar-purunun ona bağışladığı torpaq sahəsində məskunlaşdı. Burada vəfat etdiyi 1539-cu ilə qədər öz ayinini təkmilləşdirdi. Nanak ölümündən qabaq son tədbir olaraq özü üçün bir canişin təyin etdi. O, özündən sonra rəhbərlik iddiasında olan Şriçəndi ifratçı zahidliyə meyl etdiyinə görə canişinlik məqamından məhrum etdi və onun yerinə xüsusi şagirdlərindən biri olan Anqadı canişin və rəhbər təyin etdi. Ondan sonra da səkkiz digər qrup biri digərindən sonra six cəmiyyətinin rəhbərliyini öhdəsinə aldı. Amma onuncu six olan və 1708-ci ildə dünyadan gedən Qubindsink öz ölümündən qabaq bu ayinin ardıcıllarına təkid etmişdir ki, ondan sonra artıq heç bir rəhbər olmayacaq. Buna görə də özü üçün heç bir canişin təyin etmədi. Bundan sonra kitab halına salınmış və Qrant adlandırılan quruların təlimat məcmuəsi six cəmiyyətinin əqidəvi rəhbərliyini öhdəsinə aldı; bu kitab sixlərin məbədə daxil olduqları zaman ehtirama layiq görülür.


DӘRSİN XÜLASӘSİ


Six ayininin əsasını qoyan Quru Nanak hindularla müsəlmanlar arasında barışıq yaratmaq üçün bu cərəyanın əsasını qoymuşdur. Bu ayin islam etiqadları ilə hinduiizm ayininin qarışığından ibarətdir. Nanak şer oxuyub musiqi çalmaqla öz ayinini təbliğ edir və camaat arasında alqışla qarşılanırdı.

SUALLAR VӘ TAPŞIRIQLAR


1-Canamsakhi nədir?

2-Six ayininin formalaşmasının əsas zəminələrini şərh edin.

3-Quru Nanakdan qabaq six ayininin yaranmasına kimlər şərait yaratmışlar?

4-Nanakın təbliğ metodu necə idi?



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin