Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi
Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Metodiki İşlərin Təşkili Şöbəsi.
Sinəmdə türkün sazı, dilimdə dastan gəldim
(Xalq şairi Zəlimxan Yaqubun 65 illik yubileyi)
Gəncə-2015
Azərbaycan bir nəğmədir,
Sözü mənim ürəyimdə.
Eşqi uca zirvələrdə,
Özü mənim ürəyimdə
I hissə Zəlimxan Yaqub
Həyat və yaradıcılığı:
Azərbaycanın xalq şairi, ictimai xadim Yaqubov Zəlimxan Yusif oğlu (Zəlimxan Yaqub) 1950-ci il yanvarın 21də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir.
1973-cü ildən əmək fəaliyyətinə başlayan Zəlimxan Yaqub
“Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifəsində çalışıb.
Ədəbi fəaliyyətə 1966-cı ildə “Qələbə bayrağı” rayon qəzetində çap etdirdiyi “Şota Rustavili” adlı ilk şeri ilə başlamışdır. Elə o vaxtdan da fəal yaradıcılıqla məşğul olmuşdur. Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam dram teatrında şairin “Aşıq Ələsgər” adlı mənzum pyesi tamaşaya qoyulmuşdur.
1983 cü ildən Yazıçılar İttifaqının üzvüdür. Müasir ədəbiyyatımız- da Azərbaycanın zəngin şer ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlardandır. Xalq şairi Zəlimxan Yaqubun ana dilimizin tükənməz imkanlarından məharətlə istifadə edərək, təbiətimizin füsünkarlığına, oğul-qızlarımızın qeyrətinə, ata-babalarımızın müdrikliyinə həsr etdiyi şeirləri oxucular tərəfindən çox böyük məhəbbətlə, hüsnü-rəqbətlə qarşılanır.
Xalq şairi Gürcüstan Respublikasının Borçalı mahalında dünyaya göz açsa da onun Azərbaycan yurdu, əlli milyonluq sevəni var.
Füzuli sevgisindən, Xətai mətanətindən, aşıq Ələsgər, aşıq Alı ruhundan, öz xalqından mənəvi dəstək, ilham alan, qüdrətlənən Zəlimxan Yaqub yaradıcılığı təktarolunmazdır, təkrarsızdır.
Nə alim doğuldum, nə də ki, dahi,
Peşiman da deyiləm gələn günümə.
Əliboş aparma ilahi məni,
Doğulan günümdən ölən günümə.
Xalq şairi Zəlimxan Yaqub üçün kitabxana müqəddəs bir yerdir.
Müəllimə peyğəmbərə bərabər varlıq kimi hörmət edən, kitabı “Quran” qədər müqəddəs tutan şair bu hissi belə izah edir:
“Qələm mənim üçün Allahın danışan dilidir”
Sənət və şəxsiyyət zirvəsinə ucalan, “Ocaq bizim, pir bizim, qıfıl bizim, açar bizim, hikmət bizim sirr bizim deyən” Azərbaycan tarixindən, mədəniyyətinin zənginliyindən xəbər verən şeirləri ilə qəlbləri oxşayan Zəlimxan Yaqub gözəlliyə, sevgiyə həmişə möhtac olduğunu poeziyanın dili ilə açıqlayır.
Neçə dəfə pəncərədən daş gəlib,
Neçə dəfə xumar gözdən yaş gəlib,
Sevən kəslər allaha da xoş gəlib,
Gözəl dünya gözəllərin var olsun.
Saz şairi yaman ruhdan, şər qüvvədən, bəd nəzərdən qoruyur söyləyən şair el sənətinin qüdrətini çox şeirlərində vəsf edib.
Millətimi saz anladar, saz anlar,
Saza baxsın tariximi yazanlar.
Sazın, sözün vəhdətindən qaynaqlalan şeirləri xalqın dillər əzbəri olmuşdur.
Gözlərimi açan gündən
Saza-sözə meylim olub.
Mən havacat Məcnunuyam,
Saz əbədi Leylim olub!
Zəlimxan Yaqub oxucu sarıdan ən varlı, zəngin oxucu sayına malik olan şairlərimizdəndir.
Həmişə olduğu kimi bu gün də şeirləri, poemaları çoxsaylı oxucuları tərəfindən sevilə-sevilə oxunur.
Sevimli sairimizin sözü eldən güc, seldən qanad alır:
Keçilməz dərələr keçilməsəydi,
Aşılmaz zirvələr aşılmasaydı,
Yeldən qanad açıb, seldən güc alıb,
Ruhum küləklərə qovuşmasaydı,
Mən hardan bilərdim şairlik nədir?
Bu gün hər bir Azərbaycanlı kimi Vətənini başının tacı bilən Zəlimxan Yaqub da ruhunu bir məqam üstündə kökləyib.
Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, Qarabağ qubarı, nisgilimiz ürəklərdən silinsin, xalqımız xoşbəxt və firavan yaşasın.
Xalq şairi Azərbaycan poeziyasında heyrət duyğusu ilə qeyrət duyğusunu birləşdirərək yeni bir üslub yaratdığını belə tərənnüm edir:
Heyrət ilə qeyrəti yoğurdular, yapdılar,
Və ölümlü dünyada bir ölməzlik tapdılar.
Sevimli şairimiz Zəlimxan Yaqub, Səməd Vurğundan sonra 50
yaşında “Şöhrət” ordeni almış ilk xalq şairidir.
Biz oxucular, bütün kitabxana işçiləri əziz şairimiz Zəlimxan Yaquba möhkəm can sağlığı arzulayır, deyirik ki, ulu Ozan qopuzunuzla, sazlı-sözlü çələnginizlə həmişə, hər an elimizin, obamızın sevimlisi olaraq qalacaqsınız. Ürəklərdə yeriniz var.
Dostları ilə paylaş: |