Güntay Gəncalp



Yüklə 25,34 Kb.
tarix25.07.2018
ölçüsü25,34 Kb.

Güntay Gəncalp
Satirik şair mərhum Saplaqla bağlı xatirələrim

Bu şəkil 1988-ci ildə Yəhya Şeydanın yubileyində çəkilmişdir. Sağdan solar: 1-... 2. Güntay Gəncalp (şair). 3- Saplaq (dairəyə alınmış). 3- ... 4- Aşıq Həsən. 5- Aşıq Əşrəf. 6- Eldar Muğanlı (şair). 7- Yanar (Şair) 8- Həsən İldırım (şair).


1364-ci (1985) ilin payızı idi. Orta məktəbi bitirib universitet imtahanını verib əsgərliyə getmişdim. Bilirdim ki, universitetə girə biləcəm. Ölkənin genəlində yayımlanan rəsmi qəzet olan “Keyhan”da adımı oxudum. Təbriz tibb universitetinə qəbul olmuşdum. Çox mutlu idim. Qəzetdəki kodu və adımı Tehrandakı hərbi qarnizonluğa verib tərxis olacaqdım. Adınaxşamı və cümə günləri izn alıb şəhərə çıxırdıq. İçim mutluluqla dolu idi. Tehranda xidmətdə olduğum hərbi qarnizondan çıxıb birbaşa inqilab meydanına getdim. Orada yaxşı paltar satan bir mağazaya girdim. Ə`la bir pencək-şalvar, bir ağ köynək alıb geyindim əynimə bir qara xurum ayaqqabı ilə bir yerdə. Ancaq başım dibdən qırxıq idi. İnqilab meydanında böyük kitab mağazaları var. Zerzəmidə bir də çox böyük bir çayxana var idi. Təsadüfən çayxananın tablosunu gördüm. Zerzəmiyə endim və bir piti sifariş etdim. Bir masada yalnız bir kişi oturmuşdu. Farsca orda oturub-oturamayacağımı sordum. Önündə piti olan adam “buyur otur!”-dedi. Oturdum və kişi ilə də bəzi şeylər söhbət etdik. O an mutluluğumu hər kəslə paylaşmaq istəyirdim. Tanımadığım adama da mutluluğumun səbəbini söylədim. O da məni təbrik etdi. Daha sonra adam ayrılıb getdi. Birisi ilə danışmaq üçün fürsət axtarırdım. Bu an pəncərənin önündə oturmuş adamların türkçə danışıqlarını eşidirdim. Diqqətlə qulaq asdım. Gördüm ədəbiyatdan danışırlar. Daha da diqqətlə dinlədim gördüm biri Sülyman Rüstəmin qəzəlini oxuyur, həm də mənim əzbər bildiyim qəzəli. Qəzəli kağızdan oxuyurdu. Bığlı birisi idi. Qəzəlin son beytinin birinci misrası olan “İç Süleyman dilə gəl çünkü pəyaləndəki mey” misrasını oxuyub ikinci misrasını da oxumaq üçün kağızı gözlərinə daha da yaxınlaşdırdı. Sanki nəyisə yanlış yazmışdı. Bu zaman üzümü tutub orada oturan təqribən 12 nəfər kişiyə dedim:

“İç Süleyman dilə gəl, çünkü pəyaləndəki mey

Bülbülün göz yaşadır, qönçə gülün şəbnəmidir.”

Hamı yerində donub qaldı birdən birə. Bir-birlərinə sordular: “Tanıyan varmı bu cavan oğlanı?” Kimsə tanımırdı. “Aranıza qatıla bilərəmmi?”-deyə sordum. Hamısı məmnuniyətlə qarşıladılar. Söhbət başladı, nə başladı. Bəxtiyardan, Məmməd Arazdan, Atif Zeynallıdan başladım bunlara bolluca şeir oxumağa. Hamının nitqi tutulmuşdu. “Meşəyə insan gəlib.” Hamısı bir yerdə elə bilirlər ki, mən Bakıdan gəlmişəm. Daha sonra Aqşin Ağkəmərli olaraq özünü təqdim edən çənə saqqallı birisi “haçan gəlmisən”- deyə sordu. Mən də Tehrana gəldiyimi sorur deyə “2 aydır gəlmişəm”- dedim. Gerçəkdən də 2 ay idi Tehranda idim. Tanış olduq. Birbir özlərini təqdim etdilər: Piruz Dilənçi, Yoxsul, Aqşin Ağkəmərli, Eloğlu, Türkoğlu və başqaları. Daha sonra başqaları da gəldi bu yığıncağa. İçlərində çox yaraşıqləı biri var idi. Bu Ülya idi. Bir də biğlı bir kişi . O da Saplaq olaraq tanıtdı özünü. Orada aydınlatdım ki, mən Bakıdan gəlməmişəm. Muğanlıyam. Ancaq başardığım qədər ilə ədəbiyatımızla ilgilənmişəm. Günbatan çağı idi. Hər kəs artıq getmək üzrə idi. Saplaq bəy dedi gözləyin mən bir yerə zəng edim gəlim. Çıxıb xiyabandakı telefon köşkündən bir yerə zəng edib gəldi. Gəldi və mənə “Əgər istəsən bir yerə səni dəvət edirik. Gələ bilərsən.”- dedi. Qəbul etdim. Çünkü getməsə idim gecəni dönüb əsgərlik etdiyim qərargahın yataqxanasında yatacaqdım. Saplaq oldu mən oldum bir də Ülya bəy. Ülya bəy İranın ən zənginlərindən biri imiş, sən demə. İranda arabaların şişəsi onun zavodundan çıxırmış. Mən arxada oturdum. Ülya bəy arabani sürür və Saplaq bəy də onun yanında oturmuşdu. Gecə olmuşdu artıq. Tehranın trafik dolu xiybanlarında yol gedirdik. Nəhayət gedəcəyimiz yerə çatmışdıq. Arabadan enərkən Saplaq mənə “Səhər xanımı tanıyırsanmı?”- dedi. “Yox, tanımıram, heç adını da eşitməmişəm.”- dedim.

-Səhər xanım çox güclü şairdir. İndi onun evinə gedirik. Tanış olsan yaxşı olar.

- Çox sevinərəm. Tanış olmaq istərəm.

Pillələrdən qalxıb bir qapının önündə durduq. Mənim haqqımda yəqin ki, xoş sözlər demiş Saplaq telefonda Səhər xanıma. Qapını gözəl bir xanım açdı. Xanımı ilk gördüyüm də gözəlliyi qarşısında gözlərim qamaşdı. İlk dəfə idi bu qədər gözəl bir xanım görürdüm. Başı açıq, dizə və dirsəyə qədər də bəm-bəyaz dərisi görünürdü. İçəri girib görüşdük. Ancaq qadının gözəlliyi başıma ağrı soxmuşdu bir anın içində. Qapsayıcı və vurucu, viranedici gözəllik. Dünyada belə gözəllik örnəyi az olur. Daha sonra da yalnız bir dəfə Bakıda buna bənzər gözəlliyə rastlandım. Gerçəkdən bəzi gözəlliklər qarşısında insan nə yapacağını bilməz olur. Səhər xanım bu gözəllərdəndir. Danışıqlarında və səsində də vücudunun gözəlləyi var idi. Bir bütün şəklində gözəl idi. Ağla sarının qarışımı kimi görünən geniş sifətində iri qara gözləri parlayırdı. Bu sehrikar gözəllik damı ovsunlayırdı. Saatlarca lal-dinməz bu gözəlliyə baxmaq həvəsi keçirdi adamın içindən. Bu gözəlliyə bir tərəfdən də Onun centelmənliyi, modern insan oluşu artırılmışdı. Bir kərə ərə gedib boşanmış olan bu xanım nazənin varlığı ilə kəndiliyindən şeirin konusu kimi idi, şeir yazmasına gərək yoxdur deyə düşünürdüm. Səhər xanımın bədən quruluşu, dünyagörüşü, danışıq tərzi, gözəlliyi insana məchul təcrübələr yaşadırdı. Onunla həmsöhbətlik insanın dərin qatlarında dürüst və sevimli zövq duyğuları oyadırdı. Bir anın içində bütün bildiklərim yadımdan çıxmışdı sanki. Hər şey bu gözəl varlıqda təzahür edirdi. Səhər xanımın çox gözəl evi var idi. İçəridə başqa iki kişi də oturmuşdu. Onlarla da tanış olduq. Birinin adı Səttar Gülməhəmmədi idi. Digər çox gənc və yaraşıqlı saqqalı olan adamın adını unutmuşam. Ancaq bu gənc adam o zaman mənim ağlımda ilk millətçilik şöləsini oyandırdı.

O zaman mən “Eldəniz Cavanşir” adı ilə şeir yazırdım. Adımı Eldəniz olaraq təqdim etdiyimdə adını unutduğum gənc adam bu adın etimologiyasını bəhanə edərək Eldəgizlər dövləti haqqında bolluca danışdı. Gözəl danışırdı. İstanbulda oxumuşdu, bizim türkçəmizdə danışarkən İstanbul ləhcəsinin dalğaları hiss olunurdu. O zaman mənim ədəbiyatşünaslıq haqqında dərin bilgim yox idi. Sadəcə yaxşı şeir oxuyurdum, cəsarətli idim və çox şeir əzbər bilirdim. Hər kəs danışırdı. Uzunboylu, biğlı və yaraşıqlı Səttar Gülməhəmmədi səssiz idi. Onun da şeir oxumasını rica etdilər. Səttar bəy şeir oxuyarkən adamın canına titrəşmə düşürdü sanki. O qədər möhtəşəm və bəm şeir səsi var idi ki, onun şeir oxuması özü-özlüyündə bir sənət idi. Həyatımda heç bir zaman onun kimi şeir oxuyan birinə rast gəlmədim. Nə farslarda, nə Azərbaycanda, nə də Türkiyədə. Bəzən düşünürəm ki, o səsin dərinliyini açmaq üçün bir roman yazmalıyam. Səhər xanımın gözəlliyi məni hürkütmüşdü. Əllərimin içi tərləmişdi. Səhər xanım öyləsinə gözəl idi ki, sifətinə dik baxmaq olmurdu. Gözəllik adamın gözlərini məğlub edirdi. Səhər xanım da gözəl şeirlərindən oxudu. Bir qəzəli Təbrizdə bir səhifəsi türkçə çıxan “Füruği-azadi”də çıxmışdı. Onu oxudu. Heç vaxt unudulmur onun şeir oxuması. Məndən 2 qat böyük olan bu qadına bəlkə aşıq oldum deyə içimdən qorxulu hisslər keçirdi. Belə nəcib və gözəllik örnəyi olan bir qadınla şeir haqqında söhbət etməkdən daha gözəl nə ola bilər? Bəlkə də o gecə yüzillik ruhsal təcrübə qazandım. Səhər xanımın əzici gözəlliyi, ahəngdar səsi, şeir oxuyuşu insana sonsuz anlaşılmaz duyğular yaşadırdı. Onun sadəcə ruhu deyil, vücudu da şeiriyətlə dolu idi. O an istər-istəməz Vahidin bu qəzəli fikrimdən keçdi:

“Bütün gözəllikləri Tanrı o sərvnaza verib

O hər nə etsə, təbiət Ona icazə verib”

Belə məhvedici gözəlliklər insanın içində inanılmaz enerji oyadır. Bəlkə o yandırıcı, yaxıcı və yıxıcı enerjinin adına eşq deyirik. Şeyx Sənanları dinindən döndərən gözəllik. Səhər xanım şüuraltımda eşsiz gözəllik örnəyi kimi həkk olub qaldı. Bir yuxu kimi. Şirin və dadlı bir röya kimi. Bəlkə bu konuda gələcək bir roman yazmam gərəkəcək. Unudulmayan röya. Vücudundan yayımlanan enerji ilə şeirlərindən fışqıran sevgi adamı sanki başqa bir dünyaya sövq edirdi. Saldırqan gözəlliyə sahibdir Səhər xanım. Saldırqan gözəllik.

O, qəzəli oxuduqdan sonra “Bu qəzəli bayatı-şirazda yaxşı oxumaq olar. Bayatı-şirazın bayatı-isfahanında”- dedim. Məndən oxumamı istədilər. Mən də başladım hünərimi göstərməyə. Oxudum bu qəzəli başdan sona qədər. Qəzəli oxuyarkən, qəzetdən oxuyurdum. Ərəb əlifbasında “sənin”lə “sınıq” bir-birinə bənzər yazılır. Mən də səhvən “sənin” sözünün yerinə “sınıq” oxudum. Yəni “sənin peymanəni” “sınıq peymanəni” oxudum. Səhər xanım bunu qəsdənmı yanlış oxuduğumu sordu. Bir də baxdım, dedim yox. Səhv oxumuşam. Dedi ki, səhv oxudun, ancaq “sınıq peymanəni” “sənin peymanəni” ifadəsindən daha dərin və daha şairanədir. Beləliklə də Səhər xanımın;

“Üzmərəm dünyadan əl, yox, əldə varımsan mənim” başlıqlı qəzəlində “sınıq peymanəni” təsadüfən bu şəkildə qəbul edildi:

“Eşqə söz verdim sınıq peymanəni sındırmayam

Başqa ilqar ilə sarsılmaz qərarımsan mənim”

Araq da gətirdilər. İlk dəfə idi dilimə araq dəyəcəkdi. Ən çox ədəbiyatdan danışdıq. Ancaq başqa mövzular da dınışılırdı. Gecə saat 12 olmuşdu. Sabah Kərəcdə “Fərruxi Yəzdi” ədəbi əncüməninə mənsub olan bir çox adamın Yədulla Azərinin evində görüşləri olacaqdı. Mən Saplaq və Ülya bəy Kərəcə yola düşdük. Ülya və Saplaq bəyin evləri bir-birinə yaxın idi. Mən gecəni Saplaq gildə yatdım. Oyandığımda saat 11 idi. Bir az yüngül yeyəcək bir şeylər atışdırıb Saplaqla bir yerdə Yədulla gilə getdik. Burda bir çox şair var idi. Sönməz, Səhər xanım və... bir də bir neçə fars şairi var idi. Saplaq burda bir neçə satirik şeirlərindən oxuyub qatılımcıları güldürdü. Saplağın yadımda qalan bəzi misraları var, orda oxumuşdu:

“Əlaa ya əyyühəl-yoxsul, eşit bu sözləri bil ha

Elə nallarlar əngindən, durarsan donbalaq mil ha

Kirayə evdən əyləşsən, həmişə ehtiram eylə,

Əyil ev sahibin görcək, tapılmaz yoxsa mənzil ha

Axunda təslim ol adim, şəriətdən kənar olma

Kənar olsan o dünyada, soxarlar zaduva mil ha”

Səhər xanım burda bir neçə şeir oxudu. “Qənd əlimdən düşdü çaya— inandım ki, gələcəksən.” Və bir də sonunda bu bəndlər olan şeirini oxudu:

“Bir dayan zirvəyə diz qoy gəlirəm

Sanma ki, xəstəyəm, iz qoy gəlirəm,

Bir çanaq sözdə dəniz qoy gəlirəm,

Bir döyüş meydanı çən saxla mənə.


Ucalıqlarda izin var deyərək,

Çıxaram dağlara yar-yar deyərək,

Səhərəm, qürbət evin dar deyərək,

Vətən ünvanlı kəfən saxla mənə.”



Mən saat 18-də tehranda hərbi xidmət yerimdə olmalı idim. Bu toplantı da çox xoş keçdi. Bir həftə sonra əsgərlikdən tərxis olub Təbrizdə universitetə ad yazdırmağa gedəcəkdim. Kərəcdən Tehrana Saplaq aparacaqdı məni. Əslində Kərəcə getmədən də öyləsinə anlaşmışdıq. Bu məclisin ən gənc adamı mən idim. Qatılımcılardan izn alıb getmək istədim. Saplağın arabası ilə yola düşdük. Yol boyu gah şeir oxuyurdum, gah da muğam. Hər şeydən danışırdıq Saplaqla. Beləliklə Tehrandakı türk milli şəxsiyətləri ilə tanışlığım bir rastlantı əsasında başladı. Daha sonra müxtəlif yerlərdə Saplaqla bir yerdə olacaqdıq.

08.08.2009

Yüklə 25,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə