Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


ALTINCI FӘSİL İSLAM HӘRӘKATLARI



Yüklə 1,11 Mb.
səhifə10/23
tarix25.06.2018
ölçüsü1,11 Mb.
#54797
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

ALTINCI FӘSİL

İSLAM HӘRӘKATLARI

GİRİŞ


Islami əqidə nəinki özünün zühuru və inkişafı dövründə, habelə yüz illər ötdükcə yenə ən üstün və əbədi bir qüvvə sayılır və sayılacaqdır. Həmin qüvvə, bəzən döyüş səhnəsində qalib gəlmək üçün təchizatı olmasa da, müdafiəyə qalxır. Tarix boyunca hər kəs bu qüvvəni öz istəyinə uyğun şəkildə şərh etməyə çalışmışdır. Və bəzən onu məhəlli və gerçəkliyə uyğun olmayan çərçivələrdə təfsir etmişdir. Amma, Islamı həm hakim və həm də rəiyyətin nəzərində sevimli edən amil, onun zəif və güclülərin ürəklərinə nüfuz etməsinə səbəb olmuşdur. Qaliblər öz qələbələrindən, məğlublar isə öz məğlubiyyətlərindən təsəlli tapmaq və yenidən müdafiəyə qalxmaq üçün məhz bu amildən bəhrələnmişlər. Həqiqətən, bütün digər amilləri sönük göstərən həmin amil, misilsiz nüfuzetmə qabiliyyətinə malik olan və cahanşümul təsir qüvvəsi daşıyan Islami əqidədir.

Bu cür yüksək keyfiyyətlərlə səciyyələnən Islami əqidə, elə dərin və gizli xüsusiyyətlərə malikdir ki, hətta onu yaxından müşahidə edənlər belə, bəzən onu dərk edə bilmirlər. Islami əqidəni tam və dolğun şəkildə anlamaq üçün din, Allah kitabının sirrləri və əməli vacibatları dərindən araşdırmaq lazımdır. Aydındır ki, elmi baxımdan kifayət qədər təhqiqatsız, dinlər arasındakı fərqləri öyrənmədən, hər məzhəbin ardıcıllarının şüarları və mərasimlərinin keyfiyyətinə bələd olmadan, məzhəblərin müxalif və müvafiq baxışlarını tanımadan, dəqiq və dərin tədqiqat aparmadan, Islami əqidəni dərk etmək mümkün deyil. Çoxlarının Islama üz tutması və meyl göstərməsinin əsas səbəbi, bu dinin beynəlxalq və hərtərəfli təlimlərinin yüksək keyfiyyətə malik olmasıdır. Məhz bu xüsusiyyətlər coğrafi və qövmi müxtəlifliyə baxmayaraq, insanlar arasında ülfətin yaranmasına səbəb olur. Bununla da, bir dini əqidənin ən böyük hədəfi, yəni vəhdət gerçəkləşir. Həmin hədəflə dini, əxlaqi və ictimai əqidələr ən yüksək dərəcəyə yüksəlirlər.

Müsəlmanlar tarix boyu bəzən güclü potensial inkişaflarından istifadə etməklə, öz hədəflərinə çatmış, bəzən isə zəiflikləri üzündən əziyyət çəkmişlər. Düşmənə məğlub olduqda heç də ruhdan düşməmiş, bədbinliyə düçar olmamış, gələcək döyüşlərdə qalib gəlmək üçün münasib fürsət gözləmiş və sabaha böyük ümidlə baxmışlar.

XV-XVI əsrlərdə müsəlmanlar üç böyük qüdrətli dövlətə (Iran, Osmanlı və Hindistan) malik olmuşlar. Sərhədləri Avropanın bir hissəsi, Kiçik Asiya, Balkanlar, Suriya, Iraq, Әrəbistan və Şimali Afrikanı əhatə edən Osmanlı imperiyası Islam dünyasında ən böyük imperatorluq sayılır. Onun “ömrü” XX əsrin əvvəllərinə qədər (I Dünya Müharibəsinin sonu) davam etmişdir.

Iranda Səfəvilər şiəlik bayrağı altında mərkəzləşdirilmiş və vahid bir dövlətin əsasını qoymuşdular ki, onun da “ömrü” 1501-ci ildən 1722-ci ilə qədər davam edib.

1526-cı ildə Hindistanda Babur böyük bir dövlət yaratmağa nail olmuşdu. Nehrunun təbirincə, o, çox bacarıqlı bir başçı və maarifpərvər şəxs idi. XVI əsr, müsəlmanların nəzarətə aldıqları coğrafi ərazilərin genişliyi və onların hərbi-siyasi qüdrətlərinin çox böyük olması ilə səciyyələnirdi. Lakin müsəlman cəmiyyətinə o dövrdə hakim olan qeyri-düzgün idarəetmə qurumları və dövlətlərarası münasibətlərin xarici düşmən qüvvələri tərəfindən qızışdırılması, müsəlman ölkələrinin bir-birləri ilə dostluq rabitələrini qura bilməmələri, Avropadan və ümumiyyətlə, qərbdən Islam dövlətlərinə qarşı yürüdülən mürtəce siyasət səbəb oldu ki, XVII əsrdən başlayaraq, tədricən adları çəkilən bu üç böyük imperiyalar tənəzzülə uğradılar. Nəticədə, yeni qərb mədəniyyəti Islam dünyasına qarşı hərtərəfli və geniş şəkildə hücuma başladı. Yeni qərb mədəniyyəti texnika və sərmayədarlıq şüarları altında Islam ölkələri ilə rabitələrini qurmağa çalışırdı. Qərblilər müsəlman ölkələrindəki ucuz xammal və istehsal etdikləri məhsulları satmaq üçün geniş bazarlara kəskin ehtiyac duyurdular. Qərbin iqtisadi-siyasi nizamı özünəməxsus təfəkkür tərzi, məzhəb və əxlaqi dəyərlər tələb edirdi. Materializm, sekularizm, nasionalizm, liberalizm, “məsihi müjdəsi”, qərblilərin şərqşünaslıq üzrə “fəaliyyətləri” və s. ideyalar kapitalizm dünyasına hakim olan fikirləri əks etdirirdi. Təbii ki, qərblilər qarşılarına çıxan hər bir maneəni kökündən məhv etməyə hazır idilər. Bütün dünyaya hakim olmaq üçün məqsədəyönlü iş aparırdılar. Qərbin Islam dünyasına qarşı hücumunun başlanğıc nöqtəsini 1798-ci ildə Napoleonun Misirə etdiyi həmlə və bu ölkənin işğal olunmasını saymaq olar. Maraqlıdır ki, hərbi işğalçılarla birgə Misirə müxtəlif elmi sahələrin mütəxəssisləri, həkimlər və humanitar elmlər üzrə bir sıra alimlər də gəlmişdilər. Qərbpərəstliyin başlanğıcı sayılan, Misirlilərin və bəzi müsəlmanların “müasirləşməsi” ilə nəticələnən bu işğal, eyni zamanda müsəlmanların qəflətdən oyanmasına səbəb oldu. XIX əsrdə Islam ölkələri Avropa dövlətləri tərəfindən tar-mar və qarət olunmağa başladı. Hindistan, Herat, Fars körfəzi bölgələri, Malaziya, Mərakeş, Әlcəzair, Liviya, Efiopiya, Suriya, Livan, Fələstin, Iordaniya işğal edildi. Ingiltərə, Fransa, Italiya, Portuqaliya, Hollandiya və Rusiya dövlətləri müsəlman ölkələrinin ərazilərini öz aralarında bölüşdürdülər. Həmin dövrdən, yəni XIX əsrdən başlayaraq, Islama yeni həyat bəxş etmək üçün müsəlmanların oyanışı başladı. Islam cəmiyyətinin alim və mütəfəkkirləri daxildəki tənəzzül və qərbin təcavüzünün qarşısını almaq üçün bir sıra ideoloji-siyasi, islahatçı cərəyanlar və təşkilatlar yaratmaq fikrinə düşdülər və bu ideyaları həyata keçirməyə başladılar. Belə cərəyanlardan və hərəkatlardan ən mühümləri haqqında sonrakı fəsillərdə danışacağıq. Amma, əvvəlcə islahatçı hərəkatın tərifini diqqətinizə çatdırmaq istərdik.


HӘRӘKATIN TӘRİFİ


Ümumi səylərlə aydın bir hədəfə çatmaq üçün bəzi ictimai strukturlarda köklü və xüsusi dəyişikliklər aparmağa çalışan cərəyanlara “hərəkat” deyilir.

Ictimai hərəkatla digər ümumi rəftar növləri və üsyan, inqilab və partiya kimi oxşar ictimai-siyasi fenomenlər arasındakı fərq bundadır ki, hərəkat, dəyişiklik etmək üçün üzvlər tərəfindən minimum təşkilatçılıq və ideoloji məqsədlərlə, fəalcasına və agahlıqla göstərilən ümumi sə᾽y , qiyam və hərəkətdir. Bunun əksinə olaraq, üsyanın ideoloji məqsədi və təşkilatçılığı yoxdur. Partiyaya nisbətən hərəkatın təşkilatı kiçik, rəftar tərzi dağınıqdır. Hərəkatla inqilabın fərqi, onların hakim sisteminə qarşı olan rəftarlarındadır. Belə ki, əgər hərəkat sistemdə islahatlar istəyirsə, inqilab islahat istəmir. Lakin əsaslı ictimai-siyasi dəyişikliklər istəyərsə, inqilaba çevrilə bilər və bə᾽zi vaxtlarda inqilab adlanır.


İSLAM DÜNYASININ QӘRBİN HÜQUQLARINA QARŞI MÜXTӘLİF REAKSİYALARI


Yeni qərb mədəniyyətinin Islam dünyasına iki sifətlə - texnologiya və sənət, digəri siyasi və istismarçı çöhrə - girişi bir tərəfdən yoxsulluq, cəhalət, zülm, fəsad və Islam dünyasına hakim olan qəflət yuxusu, digər tərəfdən müsəlman cəmiyyətləri və xalqları üçün münasibət və problemlər yaratmış iki əsas və bir-birinə bağlı olan məsələlərdir. Bə᾽zi ayıq, müsəlman siyasətçiləri, ziyalıları və alimləri, bu hiylələrə qarşı müqavimət göstərdilər və siyasi-ideoloji mövqe tutmaqla, istismarçılara qarşı üsyan etdilər. Onların bu müqaviməti və hərəkətləri, müxtəlif cərəyan və hərəkətlərin yaranmasına səbəb oldu. Bu hərəkatları bir neçə qrupa ayırmaq olar:

1. Siyasi-hərbi və ictimai hərəkatlar;

2. Ideoloji-mədəni və əqidəvi cərəyanlar;

3. Ümumi və kamil cərəyanlar.

Әlbətdə, bir qayda olaraq siyasi-hərbi hərəkatların, əqidəvi və ideoloji əsasları da var idi. Həmçinin, ideoloji-mədəni hərəkatlar tədriclə siyasi-ictimai, yaxud hərbi hərəkatlara çevrilirdilər. Ancaq bununla belə, bu xüsusiyyətlərdən biri üstünlük təşkil edirdi. Ümumiyyətlə, müsəlmanlar bu iki forma ‒ yə᾽ni, daxili tənəzzül və qərbin hücumları ‒ iki böyük cərəyan və qrupa bölündülər:

1. Qərb mədəniyyətindən təqlidçilik hərəkatı, qərbçilikdən qərbpərəstliyə (modernizm) qədər.

Bu hərəkatın üzvlərini bə᾽zi ziyalılar, siyasətçilər, siyasi, hökumət və hərbi xadimlər, sənət sahibləri və tələbələr təşkil edirdilər. Müxtəlif fikir və hədəflərə malik bu insanlar, Avropanın fəlsəfi və ideoloji cərəyanlarının tə᾽siri altında idilər və qərbçilər, qərbpərəstlər, modernistlər və dünyapərəstlər kimi adlarla adlandırılırdılar.

2. Müsəlmanların avropalılarla günbəgün artan əlaqələri və onların əməli olaraq qərbə üz tutmaları, son iki-üç əsrdə bu hərəkatı yaratdı. Bunun ardınca da tədriclə qərb meyilləri, dəyərləri və təşkilatları da qəbul edildilər. Adı çəkilən cərəyan, müsəlman cəmiyyətlərinin iqtisadi-siyasi və mədəni dəyişməsinin gedişatına böyük tə᾽sir göstərmişdir. Әlbətdə, bu cərəyanın ilk yaranma mərhələlərində və millətçilik ruhiyyəsinin təkamülündə, Islamçılıq və qərbi inkar etmənin əlamətlərini də müşahidə edirik. Bu cərəyanın üzvləri, psixoloji baxımdan, hədəf və əqidələrində ifrat qərbçilik və ifrat mühafizəkarlıq arasında var-gəl edirdilər. Ancaq sonda, daxili zəiflikləri üzündən məsihi ziyalılarla bir səfdə duraraq, qərb mədəniyyətində əridilər və özlərinə inamsızlıqla bu nəticəyə gəldilər ki, hər bir şeydə qərbin şəksiz üstünlüyünü qəbul etməlidirlər. Bu cərəyanın ərəb və Islam ölkələrindəki-məqsəd, hədəf və fikirləri bir-birindən az fərqlənən məşhur üzvlərindən Qasım Әmin, Mustafa Kamal, Әhməd Lütfi Әl-Seyyid və Heykəl (ərəblər), Hindistandan Ser Seyyid Әhməd Xan və Irandan Mülküm Xan və Tağızadənin adlarını çəkmək olar.

Modernistlərin arasında, yalnız ideoloji-mədəni baxımdan qərbdən təqlid etməyə razılıq verənlər də var idi. Lakin bu ziyalıların əksəriyyəti, daxili aramsızlıqların əsaslı köklərini və qərb məsələsini təhlil və izah etməkdə aciz qalaraq ya tənəzzül etdilər, ya qərb imperalizmi ilə əlbir olaraq, inkişaf etməkdə olan burjuaziya və totalitar rejimlərlə birləşərək, hakimiyyətə gələ bilmədilər, ya hakimiyyət başında qala bilmədilər, ya da özlərinə arxalanan bir ideologiya yarada bilmədilər.

2. Dini fikirlərin dirçəldilməsi və yeniləşməsi cərəyanı, fundamentalizmdən Islami radikalizmə qədər.

Islamın dirçəldilməsi məsələsi, dini ideologiyanın yenidən qurulması və müsəlmanların ayılması, son iki-üç əsrdə Islam dünyasının rəhbərləri, alimləri, islahatçıları və mütəfəkkirləri tərəfindən, daxili tənəzzülün, geriləmənin həlli, həmçinin qərb və qərb imperializminin, mədəniyyətinin hücumu məsələsi ilə əlaqədar irəli sürülmüş və araşdırılmışdır.

Bu cərəyan, XII əsrdə (h.q.) Әrəbistanda Vəhhabilik hərəkatının yaranmasından başlayaraq, dini islahatçılıq adı ilə tanındı və XIII əsrin (h.q.) ikinci yarısında Seyyid Cəmaləddin Әsədabadinin meydana çıxması ilə zənginləşərək, müsəlmanların fikir və əməllərini öz tə᾽siri altına aldı. Bu iki bariz nümunə (vəhhabilik cərəyanı və Seyyid Cəmaləddin hərəkatı), dini islahat hərəkatında iki mənbə və mənşə ilə seçilirlər. Beləliklə, dini islahatçılığın1 dirçəldilməsi, Islam fundamentalizmi (vəhhabilik cərəyanı kimi) və Islam radikalizmi (Seyyid Camal hərəkatı kimi) cərəyanlarını əhatə edir. Islam fundamentalizmi qanadı Ibn Әbdül Vəhhabdan Rəşid Rzaya qədər onlardan sonra Qur᾽anın zahiri, sünnət və saleh əcdadların (Ibn Teymiyyə kimi bariz nümunənin) rəftarlarına əsaslanan prisip və əsaslara bağlı və keçmişdəki sələfilər cərəyanının davamıdır. Lakin onun Seyyid Camalla başlayan digər axını, ağıla, fəlsəfəyə, ictihada əsaslanıb, zamanın tələblərinə uyğun olaraq, yenilikçi və gələcəyi nəzərə alan baxışlarla dini təfəkkürün dirçəldilməsi, yenidən qurulması və müsəlmanların dünya görüşünü islah etməyə çalışır. Dini islahatlar cərəyanı barəsində daha dərin araşdırmalar aparmaq üçün «Miləl və nihəl» kitabında ətraflı toxunulmuş sələfilərlə əşərilər arasındakı fikir və əməl ayrılıqlarına diqqət yetirmək lazımdır. Dini islahatçılıq cərəyanının mühüm şüar, prinsip və xüsusiyyətləri bunlardır:

1. Həqiqi Islama qayıdış və müsəlmanların əqidəsinin xürafat və sələfi bid᾽ətlərindən təmizlənməsi;

Qur᾽ana qayıdışı, əcdadlarının bu barədə düşündükləri mə᾽nasında qəbul edirlər, təfsir və Qur᾽anın batini mə᾽nasını inkar edirlər. Sələfilərə müxalif olan qrup təfsiri rədd etməklə bərabər, eyni zamanda Qur᾽an ayələri haqqında daha dərindən fikirləşməyə tərədardırlar. Sünnətə gəldikdə, dini təfəkkürü yenidən qurulmasına e᾽tiqadı olanların fikiri budur. Lakin sələfi islahatçıların Islamdan anlayışı qısa olaraq budur ki, Islamın əsas dayaqları Qur᾽an, Məhəmməd (s)-ın sünnəti və əcdadların rəftarıdır: «ما كان عليه السلف الصالح». Zərif nöqtə budur ki, sələfi islahatçılar əcdadlar üzərində tə᾽kid etməklə, sonrakı nəsilləri inkar və rədd etmişlər!

2. Müsəlmanların vəhdət və birliyi;

Sələfilər hərəkatında ‒ Ibn Teymiyyədən Ibn Rəşid Rzaya qədər ‒ qərbin mədəni və siyasi istilasına qarşı, həm söz və həm də əməldə ifrat formada şiələri hədəfə almışlar. Onları rafizi bid᾽ətçi, müşrik və mürtədd adlandırırlar. Halbuki, islahatçıların ikinci qrupu arasında ‒ Seyyid Camaldan indiyədək ‒ vəhdət şüarı, tam və əsl mə᾽nası ilə diqqət mərkəzində olmuşdur. Әbduh kimi şəxslərin hamısı, şiə və sünnülərin vəhdətinə inanmışlar.

3. Dini tə᾽lim və əsasların ağıl və zamanın tələbləri ilə uyğunlaşdırılması.

Islahatçılar və bu sahədə də mühafizəkarlarla üz-üzə durmuşlar. Islahatçılar, zamanın tələbləri və dövrün gerçəkliklərinə cavab vermək üçün ağılla din, elmlə iman və ictihadla yenilik arasında uyğunluq və əlaqə yaratmağa çalışırdılar. Lakin sələfi islahatçılar, əsasən sələfilik və Ibn Teymiyyə, Ibn Әbdül Vəhhab kimi şəxslərin tə᾽siri altında ictihada verdikləri yeni mə᾽nada, onun çərçivəsini çox dar və ikinci dərəcəli sayaraq, daha çox əcdadlarının ictihadını qəbul etdilər və gördükləri ən böyük iş müqayisə, oxşar bir üsul oldu. Buna görə də, nəzəri və yeni əsas məsələlər həll olunmamış qaldı.

Dini islahat cərəyanı, əsl Islamı həyata keçirmək və zamanın tələblərinə cavab vermək üçün qərb mədəniyyətinin müsbət və xeyirli xüsusiyyətlərindən, o cümlədən elmi yeniliklərdən, sənaye və texnologiyadan istifadə və təqlid etməyi məqbul sayırdı. Әlbətdə, bu məsələ müstəqil fikri əsaslarla uyğun olan və qərbə xas dünya görüşü, me᾽yar və mədəniyyətlə, xüsusilə də onun istismarçı və qarətçi sifətindən ayrılana qədər mümkün idi.

Bu sözlərlə dini islahatçılar, üçüncü şüarda modernistlərin mövqeyinə yaxınlaşdılar. Lakin əslində fikir, hədəf və əsaslar baxımından modernizm və qərbçilik cərəyanından uzaq idilər. Çünki onlar müstəqil və qərb əleyhinə olan yenilik, elm, siyasi-ictimai islahatlar və yenidənqurmanı məqbul sayır, qərbçi olmaqdan, qərbin iqtisadiyyat, siyasət və mədəniyyətində həzm olunmaqdan çəkinir və şiddətlə imtina edirdilər. Qərb mədəniyyətindən istifadə etməyin dəlili budur ki, bu mədəniyyət qərblilərin özünə məxsus deyil, əksinə insanların və bəşəriyyətin əsrlər boyu sə᾽y, elm və ağlının məhsuludur. Miladi XIX, hicri III əsrin mühüm Islami ‒ islahatçı hərəkatlarından bir neçəsi - Surusi və cudanlı Mehdi, Hindistan və Indoneziyadakı Islamçı hərəkatlar kimi ‒ az və ya çox fərqlərlə, fundamentalist əsaslara malik birinci qrupda yer alırlar. Әlbətdə, onlar heç də vəhhabiliyin tə᾽siri altında deyildilər. Belə ki, onlar bə᾽ziləri əsl sufilik meyillərinə də malik idilər. Ilk ümumu bölgüyə əsasən, siyasi-hərbi sahədə fəaliyyət göstərirdilər. Çünki birbaşa olaraq, avropalıların hücum və istilası ilə üz-üzə durmuşdular. Lakin həmin əsrin sonralarında və indiki əsrdəki islahatçı cərəyanların bir hissəsi ‒ onlar ikinci qrupda yer alırlar ‒ bir qayda olaraq, fikri-mədəni çöhrəyə malik idilər. Onların ardınca siyasi-hərbi və bə᾽zi mədəni-siyasi cərəyanlar da baş verdi.

Әbduh və Iqbal kimi mütəfəkkirlər, əsasən fikri-mədəni meyillərə malik idilər. Sünnü mütəfəkkirlər bir qayda olaraq kütləvi hərəkat və qəfil dəyişikliklərə daha az meyl edirdilər. Lakin Seyyid Camal və Imam Xomeyni hərəkatları kimi cərəyanlar mədəni, siyasi-fikri və ictimai xüsusiyyətlərin hamısına malik idilər və başqalarından daha artıq inqilabi dəyişikliklərlə məşğul idilər.

Iran Islam Inqilabı, ikinci qrupdan olan Islamçı cərəyanlar silsiləsinin müasir dövrdə ən kamil halqasıdır və bu sahədə, dönüş nöqtəsi sayılır. Bu inqilab şiələri sayılan islahatçılar, xüsusilə Imam Xomeyninin rəhbərliyi ilə həyata keçmişdir. Lakin dünya Islam hərəkatı öz böyük hədəf və amallarına çatmaq üçün uzun bir yol keçməlidir. Әlbətdə, Islam dünyası çərçivəsində də bu cərəyan istismar və zülmkar rejimlərin təzyiq və e᾽tirazına mə᾽ruz qalır. Çünki qüdrət ocaqları modernist, qərbpərəst və radikal mühafizəkarların əlindədir.

Bir sözlə, dini islahatçılıq hərəkatının ikinci qolu, dini təfəkkürün yenidən qurulması, Islamın dövrün tələblərinə, xüsusilə də müasir insan və cəmiyyətlərin 3 əsas ehtiyacına ‒ azadlıq, ədalət və mə᾽nəviyyata ‒ cavab vermək iqtidarında olmasını isbat etməyə qadir olma bacarığını göstərməlidir. Fundomentalizm və sələfilik ‒ keçmiş təcrübələrdən göründüyü və gələcək bəhslərdə də yer alacağı kimi ‒ mühafizəkarlığa, qruplaşmaya doğru çəkilmə imkanına malikdir. Islahatçı və islamçı hərəkatı sonra yol azmaya və məğlubiyyətə düçar ola bilər. Orta Şərq və Şimali Afrikadakı müasir Islamçı qruplar, təşkilatlar və hərəkatlar ‒ Әfqanıstan, Pakistan, Misir, Әlcəzair və Tunisdə olduğu kimi ‒ bu yöndə yer alıblar. Onların bə᾽zilərinin əsli fəlsəfi əsaslara malik olmalarına baxmayaraq, dar düşüncələr içində olduqları üçün məhvə doğru gedirlər. Bu müqəddimədən sonra, islamçı hərəkat və axınların qısa şəkildə araşdırılmasına başlayırıq:

(6-1) ӘRӘBİSTANDA VӘHHABİLİK HӘRӘKATI


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin