İran son Səfəvi şahlarının, Nadir şah və Kərim xan Zəndin hakimiyyəti illərində



Yüklə 36,04 Kb.
tarix20.10.2022
ölçüsü36,04 Kb.
#118441
növüMühazirə
M 6 İran


Mühazirə_6
İran son Səfəvi şahlarının, Nadir şah və Kərim xan Zəndin hakimiyyəti illərində.
I Şah Abbasın həyata keçirdiyi islahatlar nəticəsində XVII əsrin əvvəllərində vergilərin nisbətən azalması, Osmanlı dövləti və Özbək xanları ilə aparılan müharibələrin dayandırılması və uzunmüddətli sülh yaradılması ölkədə məhsuldar qüvvələrin nisbətən sürətli inkişafına, iqtisadiyyatın bərpa edilməsinə və yüksəlməsinə səbəb oldu.
XVII əsrin əvvəllərindən başlayaraq-həmin əsrin 70-ci illərinə qədər olan dövrdə İranda əkinçilik, sənətkarlıq və ticarət kifayət qədər inkişaf etmişdi. Bu müddətdə ölkədə çoxlu irriqasiya işləri aparılmaqla yanaşı, kanallar, arxlar çəkilmiş, kəhrizlər qazılmış, dövrün inkişafına müvafiq olaraq suvarma sistemi formalaşdırılmışdır. Suvarma sistemlərinin genişləndirilməsi ölkədə əkilən torpaq sahəsinin artırılmasına imkan verməklə, onun məhsuldarlığının da yüksəlməsinə səbəb olmuşdu.
I Şah Abbasın hakimiyyəti dövründə özünün yüksək inkişaf səviyyəsinə çatan Səfəvi dövləti I Şah Səfinin (1629-1642) və II Şah Abbasın (1642-1666) hakimiyyətləri dövründə, hələ kifayət qədər qüvvətli idi. Lakin elə bu dövrdə də dövlət tənəzzül mərhələsinə qədəm qoymuşdu. I Şah Səfinin I Şah Abbasın dövlət işlərini bacarıqla və səriştə ilə yerinə yetirən kadrlarının hakimiyyətdən uzaqlaşdırması, ölkənin idarəçilik sisteminin zəifləməsinə əsas yaratmış oldu. Onun hakimiyyəti dövründə aparılan daxili və xarici siyasətin səriştəsizliyi nəticəsində Səfəvilər dövlətinin beynəlxalq vəziyyəti də pisləşdi. Özbək xanları Xorasana, Hindistanın moğol hakimləri isə Qəndəhara yürüşlər edirdilər. Özbək xanlarının hücumları dəf edilsə də, moğollar Qəndəharı işğal etməyə müvəffəq oldular. Həmin dövr yaranmış vəziyyətdən istifadə edən Osmanlı Sultanı IV Murad Səfəvi dövləti ilə müharibəyə başlayaraq İrəvan xanlığının (Qərbi Azərbaycan) ərazisini və Azərbaycanı tutdu. I Şah Səfinin vəfatından sonra hakimiyyətə gələn oğlu II Şah Abbas daim intriqa aparan saray əyanlarının təsiri altına düşdüyündən, müstəqil olaraq ortodoksal siyasət yeridə bilmirdi. Bununla belə onun dövründə Qəndəharın geri alınması II Şah Abbasın adı ilə bağlıdır. O eyni zamanda ölkədə iqtisadiyyatın inkişafı və təsərrüfatın yüksəlişi istiqamətində də addımlar atdı. Aparılan məqsədyönlü siyasət nəticəsində Səfəvilər dövlətinin Rusiya ilə əlaqələri də genişləndirildi. Sözügedən bu iki şahın hakimiyyəti dövründə Səfəvilər dövlətinin Avropa ölkələri ilə ticarət əlaqələri də kifayət qədər möhkəmləndirildi. Şah Süleymanın (II Səfi) hakimiyyəti illərində (1666-1694) Səfəvilər dövlətinin iqtisadi və siyasi tənəzzülü özünü daha açıq şəkildə büruzə verdi. Belə ki, dövlətin şimal-şərq rayonlarına hücumlarını gücləndirən özbək xanlarının Xorasana qarşı yürüşlərinin qarşısını almaqda Səfəvilər aciz idi. Səfəvilərin belə passiv siyasət nümayiş etdirdiyini görən hollandlar Fars körfəzindəki Keşm adasını işğal etdilər və burada möhkəm istehkamlar yaratdılar. XVII əsrin ikinci yarısında vergi əsarəti daha da gücləndi ki, bu da iqtisadiyyatda dirçəlişi təmin etmək məqsədilə, dövlət büdcəsində maliyyə ehtiyatlarını artırdı. Bu ölkədə yeni islahatarın keçirilməsinə hazırlıq məqsədindən irəli gəlirdi. Lakin vergilərin artırılması sosial-iqtisadi vəziyyətin ağır olduğu Səfəvilər dövlətində istənilən nəticəni verə bilməzdi. Buna ilk növbədə şah hakimiyyətindən narazı olan qüvvələrin təkamül etməkdə olan proseslərdən öz məqsədləri üçün istifadə etmək niyyəti mane olurdu. Əslində belə bir vəziyyətin formalaşması şah hökumətinin daxili siyasətinin məntiqi nəticəsi idi. Pul vəsaitinə ehtiyacı olan şah hökuməti tacirlərdən, sənətkarlardan və digər sənət sahələrindən yığılan vergini artırırdı.
Səfəvilər dövlətinin tənəzzülü Şah Sultan Hüseynin hakimiyyəti dövründə (1694-1722) daha da artdı. Müasirləri Şah Sultan Hüseyni səriştəsiz və iradəsiz dövlət başçısı adlandırırdılar. Onun hakimiyyəti dövründə dövlətin idarə edilməsi daim sui-qəsdlər və arası kəsilməyən çəkişmələr şəraitində aparılırdı və əslində dövlətin siyasətini şah deyil, saray əyanları müəyyən edirdi. Formal olaraq dövlətin başçısı hesab edilən Şah Hüseyn həqiqətdə bir çox vilayətlər üzərində hakimiyyətdən məhrum edilmişdi.
XVII əsrin axırlarında başlanan Səfəvi dövlətinin tənəzzülü kəndlilərin və şəhər əhalisinin yoxsullaşmasına, xəzinənin boşalmasına və daxili bazarın məhdudlaşmasına gətirib çıxardı. Ölkədə əmtəə-pul münasibətlərinin inkişafı ilə əlaqədar olaraq dövlətin və feodalların pula olan tələbatı daha da artırdı. Bu tələbatı ödəməyin yeganə yolunu vergilərin artırılmasında görən şah hökuməti yeni vergilər təyin edib, onları güc vasitəsi ilə toplayırdı. Bu məqsədlə də əhali yenidən siyahıya alındı ki, vergilərdən əldə olunmuş məbləğin dəqiq miqdarını müəyyən etmək mümkün olsun. Bu mənada qeyd etmək olar ki, 1698-ci ildən 1701-ci ilədək olan az müddət ərzində kəndlilərdən, şəhərlilərdən və hətta tacirlərdən alınan bəzi vergilər 3 dəfədən çox artırılmışdı. Belə bir vəziyyətdə şah hökuməti əhali arasında mövcud olan narazılığa qarşı uğurlu siyasət yeritmək məqsədilə dini ayrı-seçkilik mövqeyindən çıxış edir və şiəliyi qəbul etməyən digər dini təriqətin daşıyıcıları təqib olunurdular. Bu mənada istər sünnilər, istərsə də xristianlar eyni vəziyyətdə idi ki, bu da ölkədə sosial partlayışın formalaşmasına əsaslı zəmin yaradırdı.
XVII əsrin sonu–XVIII əsrin əvvəllərində uzun və mürəkkəb daxili mübarizə şəraitində hakimiyyət Sultan Hüseyni şahlıq taxtına gətirmiş hakim feodal sinfinin ən fəaliyyətsiz və tüfeyli hissəsinin əlində cəmləşmişdi. Bu təbəqə başqa feodallardan güclü olmaqla, həm də əmtəə istehsalı və sələmçi kapitalla bağlı idi. Həmin feodal qrupunun İrandakı ağalığı bir tərəfdən əhalinin vəziyyətinin ağırlaşmasına, digər tərəfdən isə dövlət aparatının və ordusunun dağılmasına səbəb olurdu. Əgər əvvəllər feodallar kəndli əməyinin yalnız izafi məhsulunu mənimsəyirdilərsə, mövcud vəziyyətdə kəndlinin özünü təmin etməsi üçün ayrılan məhsulun çox hissəsini onların əlindən alırdılar. Nəticədə kəndlilər feodal təsərrüfatında çalışmaqdan imtina edirdilər ki, bu da ümumən təsərrüfatın dağılmasına, onların daha da yoxsullaşmasına səbəb olurdu. Buna görə də onlar məcburiyyət qarşısında kütləvi şəkildə qonşu ölkələrə qaçmalı, yaxud köçməli olurdular. Nəzərə alaq ki, XVII əsrdə kəndlilərin torpağa təhkim edilməsi faktı müşahidə olunmursa, yaxud kəndlinin mülkədar yanından getməsinə qadağan qoyulmamışdısa, XVIII əsrin əvvəllərində belə bir zərurət meydana çıxmışdı. Məhz buna görə də şah xüsusi fərman verməli oldu. 1710-cu ildə Şah Sultan Hüseyn tərəfindən verilən həmin fərmanla kəndlilərin yaşadıqları yerlərdə qalmaları və müəyyən olunmuş vergiləri ödəmələri haqqında qanun, yenidən həm də çox ciddi şəkildə qüvvəyə mindi. Qanuna əsasən müstəqil şəkildə çalışdığı yerdən başqa yerə çıxıb gedən rəiyyət 12 il axtarılıb məcburi olaraq öz kəndinə qaytarılmalı idi. Bununla belə Səfəvi dövlətinin dağılmasını, yalnız Şah Sultan Hüseynin səriştəsizliyi və bacarıqsızlığı ilə bağlamaq düzgün olmazdı. Burada feodal sinfi arasında mövcud olan ziddiyyətlər və çəkişmələrin eyni zamanda feodallar, xanlar, hökumət canişinləri tərəfindən kəndlilərin və sənətkarların, eləcə də köçərilərin istismarının güclənməsi şəraitində bütünlükdə ölkədə siyasi böhranı formalaşdırdığı faktor da xüsusi olaraq qeyd olunmalıdır. Bütün bunlar isə dövlət aparatının dağılmasını sürətləndirirdi. Səfəvilər dövründə feodal hərəkatlarının başlıca mərkəzlərindən biri Naxçıvan mahalı olmuşdu.
XVIII əsrin 70-ci illərinin əvvəllərində bütün Naxçıvan mahalını aclıq qiyamları bürümüşdü. Bu hərəkat eyni zamanda Dağlıq Qarabağda da geniş vüsət almışdı. Burada başlanan kəndli hərəkatı 20 ilə yaxın davam etmişdi. 1709, 1715 və 1717-ci illərdə Soucbulaq, Təbriz və onun ətraf rayonlarında, Muğanda feodal istismarına qarşı kəndli üsyanları baş vermişdi. Ruslar tərəfindən dəstəklənən erməni və gürcülərin Səfəvilər dövlətinə qarşı ən böyük çıxışlarından biri 1707-ci ildə baş vermişdir. Həmin dövr Car-Balakən camaatının üsyanından yararlanmaq istəyən erməni və gürcülər bu çıxışı dəstəkləməklə, onun daha güclü və mütəşəkkil olmasında əsaslı rol oynadılar. 1722-ci ildə Rusiyaya arxalanan Şərqi Gürcüstan çarı VI Vaxtanqın başçılığı ilə gürcülər üsyan etdilər. Gürcü çarı həmin dövr Hacı Davud və Surxay xan tərəfindən mühasirə edilmiş Gəncəyə basqın etdi və onu tutaraq yandırdı. Şəhərin kişi əhalisini isə müqavimət göstərdiyinə görə işgəncə verdirdi. Belə bir vəziyyətdə gürcülərin üsyanından ruhlanan ermənilər də rusların dəstəyi ilə üsyan etdilər. Əslində bütün bu üsyanların arxasında Rusiya dayanırdı və I Pyotrun Qafqaza yürüşü üçün əlverişli şəraitin formalaşdırılması məqsədini güdürdü. Lakin Rusiyanın həmin planı baş tutmadı. Belə ki, İstanbul müqaviləsinin şərtlərinə əsasən Jənubi Qafqazın xristianlar məskunlaşmış rayonları tamamilə Osmanlı dövlətinin hakimiyyəti altına verilirdi. Bununla belə bu üsyanlar sırasında Səfəvi dövləti üçün ən təhlükəlisi əfqan tayfalarının üsyanı idi.
XVIII əsrin əvvəllərində Qəndəharda Mir Veysin başçılığı altnda üsyan baş verdi və o, şah hakimiyyətini tanımaqdan imtina etdi. 1709-cu ildə Mir Veysin başçılığı altında başlanan yeni üsyan, əfqanlar arasında daha geniş vüsət almışdı. Əfqanıstan bölməsində bu bardədə ətraflı danışdığımızdan ancaq onu deyək ki, Şah Hüseyn Mir Mahmudla danışıqlara getmək və onun tələblərini qəbul etmək məcburiyyətində qaldı. Şah Hüseyn 1722-ci il oktyabrın 22-də taxt-tacı Mir Mahmuda təhvil verdi. Bu hadisədən öncə isə Şah Sultan Hüseyn oğlu II Təhmasibi vəliəhd təyin edərək, onu mühasirədən qaçıra bildi. Belə ki, Həştərxandan hərbi donanma vasitəsilə cənuba doğru hərəkət edən I Pyotr 1722-ci ilin sentyabrında Dərbəndi tutdu. İsveçlə yaranmış müharibə təhlükəsi I Pyotru geri qayıtmaq məcburiyyətində qoysa da, ruslar cənubdakı işğalçılıq planlarından əl çəkmədilər. 1722-cı ildə Bakını tutmaq məqsədilə general Matyuşkinin komandanlığı altında hərbi donanma göndərildi. Bakı qalası dənizdən mühasirəyə alınaraq, hücumla təslim edildi. Bakıya rusların hücumu Osmanlı dövlətini biganə qoya bilməzdi. Xəzərin cənubunun ruslar tərəfindən işğal olunmasından xəbərsiz olan II Təhmasib İsmayıl bəyin başçılığı altında, əfqanlara qarşı mübarizə aparmaq təklifi ilə Peterburqa nümayəndə heyəti göndərmişdi. Bu nümayəndə heyəti Bakı və Dərbəndin Rusiyaya güzəşt edilməsi şərti ilə Peterburqdan əfqanlara qarşı mübarizədə dəstək almalı idi. 1723-cü il sentyabrın 23-də bağlanmış müqavilənin şərtlərinə əsasən İran Dərbənddən Astrabada qədər olan bütün əraziləri ruslara verirdi. Rusiya isə öz növbəsində əfqanlara qarşı mübarizədə İrana silahlı yardım göstərməyi öz öhdəsinə götürürdü. Müqavilənin şərtlərinə görə Rusiya və İran regionda Osmanlı dövlətinə qarşı birgə mübarizə aparmağa dair də qarşılıqlı öhdəlik götürürdülər. Lakin şah II Təhmasib İsmayıl bəyi ona verilmiş səlahiyyətləri aşaraq bağladığı müqaviləyə görə təqsirləndirdi və həmin müqaviləni qəbul etmədi. Bütün bu hərbi-siyasi proseslərin məntiqi nəticəsi kimi 1724-cü ilin sonu- 1725-ci ilin əvvəllərində Osmanlı dövləti Gürcüstan və Azərbaycanın böyük hissəsini öz ərazilərinə birləşdirdi.Belə ki, türklər İranın 825 km ərazisini tutdu. Xəzər dənizinin qərb sahili isə Rusiyanın himayəsində qalırdı. İranın 850 km ərazisi də rusların payına düşürdü. Şirvanın mərkəzi rayonları Osmanlı dövlətinin vassalı olan yerli hakim Hacı Davudun hakimiyyəti altında idi. İranın Kerman, İsfahan, Şiraz, və başqa rayonlarında isə əfqanlar öz hakimiyyətlərini bərqərar etmişdilər. Səfəvi taxtının varisi II Təhmasibin hakimiyyəti, yalnız Mazandaran, Astrabad və Azərbaycanın Osmanlı dövləti tərəfindən nəzarətdə saxlanmayan rayonlarında tanınırdı. Qeyd olunanların fonunda demək olar ki, 1725-ci ilin sonunda İran dörd qüvvə arasında bölünmüşdü.
Əfqan hakimi Mir Mahmudun vəfatından sonra İranda hakimiyyətə Əşrəf gəldi. Nadir xan bu dövr ölkədə cərəyan edən hərbi-siyasi proseslərdə özünə yer aldı. II Təhmasib Fətəli xan Qacarla birlikdə Məlik Mahmudun hakimiyyətinə son qoymaq və Xorasanı mərkəzi hakimiyyətə tabe etmək üçün 1726-cı ildə Xorasana yürüş etdilər. Yaranmış vəziyyəti özünə müqabil şəkildə qiymətləndirən Nadirqulu şah qoşunlarının köməyilə Məlik Mahmuda qalib gəlmək və sonrakı poseslərdən kənarda qalmamaq məqsədilə öz dəstəsi ilə birlikdə hələ Astrabadda olarkən II Təhmasibin yanına gəlir, əfqanları qovacağını və taxt-tacı ona qaytaracağını vəd edir. Lakin II Təhmasib bir tərəfdən müttəfiq əldə edirdisə də, digər tərəfdən, gələcək siyasi proseslərdə bir girova çevrilirdi. Nadirin qəfil hücumu qarşısında aciz qalan Məlik Mahmud Məşhədi təslim etmək məcburiyyətində qaldı. Xabuşana, Dərgəzə, Mərvə, Astrabada, Mazandarana edilən hərbi yürüşlər nəticəsində Nadir Xorasanın və başqa vilayətlərin kürd, türkmən və digər tayfalarını özünə tabe etdi və bütün şimal-şərqi İranı öz hakimiyyəti altında birləşdirdikdən sonra isə 1729-cu ildə Herata hücum etdi.
1729-cu il noyabrın 13-də baş vermiş bu döyüşdə Nadir yenidən parlaq qələbə qazandı. Əfqanlar Nadirin ordusunun hərbi qüdrəti qarşısında öz silah və texnikalarını qoyub qaçmaq məcburiyyətində qaldılar. İsfahana doğru geri çəkilən əfqanlar elə həmin gecə şəhəri tərk etdilər. Üç gün sonra isə Nadir şəhərə daxil oldu. Qələbədən iki həftə sonra isə II Təhmasib paytaxta gəldi. Belə bir halın baş verməsinə səbəb həm də yerli əhalinin əfqanlara olan düşmən münasibəti idi. Bundan sonra Nadir İranın şahlıq tacını şəxsən II Təhmasibin başına qoydu. Nadir 1730-cu ildə Osmanlı dövlətinə qarşı hərbi əməliyyatlara başladı. Tezliklə Həmədan və Kermanşahı tutaraq Azərbaycana daxil oldu. Nadir müqavimətsiz olaraq Təbrizə daxil oldu. Təbriz alındıqdan sonra abdali əfqan tayfaları Nadirə qarşı üsyan qaldırdılar ki, bu da Xorasanı təhlükə altına alırdı. Ona görə də dərhal Xorasana yürüş edən Nadir 1731-ci il və 1732-ci ilin əvvəllərində Xorasanda qalıb əfqan tayfalarını mərkəzi hakimiyyətə tabe etməklə məşğul olduğu bir dövrdə II Təhmasib xalq arasında öz nüfuzunu qaldırmaq məqsədilə 1731-ci ildə türklərə qarşı hücuma başladı. Lakin İrəvan və Naxçıvanı tutmaq istəyən II Təhmasib İrəvan yaxınlığında ağır məğlubiyyətə uğradı. Yaranmış vəziyyətdən istifadə edən Osmanlı dövləti yenidən Həmədanı, Kermanşahı, Təbrizi və başqa şəhərləri tutaraq, cənubdan Xuzistana hücum etdilər. Bu isə formalaşdırılmaqda olan yeni mərkəzi hakimiyyətin daxili və xarici vəziyyətinin ağırlaşmasına səbəb oldu. Nəticədə II Şah Təhmasiblə Osmanlı dövləti arasında 1732-ci il yanvarın 16-da Kermanşahda sülh müqaviləsi imzalandı. Həmin sülh müqaviləsinə əsasən II Təhmasib Araz çayından şimalda olan Jənubi Qafqaz ərazisini Osmanlı imperiyasına güzəştə getdi. Bunu eşidən Nadir II Təhmasibin Osmanlı dövləti ilə bağladığı müqaviləni tanımadığını bəyan etdi. Belə bir vəziyyətdə 1732-ci ilin avqustunda İsfahana gələn Nadir burada xan və əyanların geniş qruplarının toplantısını təşkil edərək II Təhmasibin hakimiyyətini devirdi. II Təhmasibin səkkiz aylıq oğlu III Abbas şah elan olunsa da, faktiki hakimiyyət naib vəzifəsini götürən Nadirin əlində cəmləşmiş oldu. Real hakimiyyətə sahib olan Nadir həmin ilin sentyabrında Osmanlı dövlətindən işğal etdiyi bütün ərazilərin geri qaytarılmasını tələb etdi. Lakin İstanbul bu tələbləri rədd etdi. Nəticədə, 1732-ci ilin axırlarında Nadir xan hərbi əməliyyatlara başladı, Həmədan və Kermanşahı tutduqdan sonra Bağdad ətrafında türk qoşunlarını məğlub edərək Kərbəla və Nəcəfi aldı. 1733-cü ilin fevralında Nadir xan Bağdaddakı türk qoşunlarının baş komandanı Əhməd paşaya onun tələblərinin qəbul edilməsini bildirdi. Əhməd paşa Osmanlı dövlətinin tapşırığına əsasən Nadir xanla müqavilə bağladı. Həmin müqaviləyə əsasən Osmanlı dövləti son on il ərzində işğal etdiyi bütün İran ərazilərini geri qaytarır, eyni zamanda Səfəvi və Osmanlı dövləti arasında bağlanmış 1639-cu il müqaviləsinə əsasən müəyyən olunmuş sərhədlər təsdiq olunurdu. Lakin sonradan Osmanlı hökuməti bu müqavilənin təsdiqindən imtina etdiyinə görə 1734-cü ilin ortalarında uğurlu hərbi əməliyyatlar yenidən başladı. Demək olar ki, Səfəvi dövlətinin keçmiş ərazilərini bərpa etmiş Nadir xan apardığı siyasətin qiymətini almaq məqsədilə dinc yolla hakimiyyətə gəlməyə müvəffəq olacağını nəzərə alaraq, qurultay çağırmağı məqsədəuyğun hesab etdi. Qurultay 1736-cı ilin yanvarında Muğan çölündə, Javad keçidi yaxınlığında, Nadirin hərbi düşərgəsində çağırıldı və Nadir burdaşa şah seçildi.
Nadir şah növbəti şərtlər daxilində hakimiyyətə gəldiyini bildirdi: 1) Səfəviləri hər vasitə ilə müdafiə etməkdən imtina etmək; 2) Nadirə və onun varislərinə sədaqətli olmaq; 3) Şiəlikdən tədrijən imtina etmək və sünnilərlə düşmənçiliyi aradan qaldırmaq. Şərtlər qəbul olunduqdan sonra Nadir «şahlar-şahı» elan edildi. Seçkidən sonra Nadir qurultay iştirakçılarına qiymətli bəxşişlər verdi. Hakimiyyətdən devrilən dörd yaşlı Şah Abbas Xorasana atasının yanına göndərildi və hər ikisi tezliklə öldürüldü. Ümumiyyətlə isə Səfəvilər sülaləsinin 50 nəfər nüfuzlu nümayəndəsi qətlə yetirildi. Nəticədə Səfəvilər sülaləsinin hakimiyyəti qəti şəkildə devrilərək İranda əfşar tayfasının hakimiyyəti bərqərar edildi. Qeyd etməliyik ki, Nadirin hərbi-siyasi fəaliyyətinin məntiqi nəticəsi kimi İranın əvvəlki sərhədləri bərpa edildi.
XVIII əsrin 20-ci illərində itirilmiş bütün torpaqlar geri qaytarıldı və siyasi birləşmə başa çatdırıldı. Bununla belə İranda sosial-iqtisadi vəziyyət ağır olaraq qalırdı. Son 20 ildə ölkədə davam edən müharibələr faktiki olaraq təsərrüfat, ticarət və maliyyə sistemini dağıtmışdı. Bəndlər, kəhrizlər və suvarma şəbəkələri dağıdılmış, istifadə olunmaz hala salınmışdı. İsfahan, Təbriz, Qəzvin, Yəzd, Şiraz kimi şəhərlər qarət edilmiş, şəhərin bütün infrastrukturu dağılmışdı. Ölkədə yaranmış ağır sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması məqsədilə Nadir şah uğurlu hərbi yürüşlərin həyata keçirilməsini məqsədəuyğun hesab edirdi. Lakin Hindistan və Orta Asiyaya edilən uğurlu hərbi yürüşlərdən əldə edilmiş qənimət və sərvət xalqın rifahı üçün sərf edilmədi. Bütün əldə olunan sərvəti və var-dövləti Kelat qalasında gizlədən Nadir şah ondan ölkənin sosial-iqtisadi inktşafı üçün məqsədyönlü şəkildə istifadə etmirdi. İranda yaşayış səviyyəsinin qaldırılması məqsədilə o, əhalini üç il vergidən azad etsə də, sonradan 1743-cü ildə Dağıstan yürüşünün uğursuzluqla nəticələndiyindən qəzəblənərək xalqa etdiyi bu güzəşti də ləğv etdi və üç ilin vergisinin ödənməsi əmrini verdi. Verginin artırılması nəticədə xalqın haqlı etirazına səbəb oldu və bu narazılıqlar Nadir şah hakimiyyətinə qarşı çıxışlarda öz ifadəsini tapdı. Əhalinin çıxışlarının qarşısını güc tətbiq etməklə alan Nadir şah nəticə etibarilə yenə İranın təsərrüfatına zərbə vururdu ki, bu da əhalinin vəziyyətini daha da ağırlaşdırırdı. Hərbi yürüşlərin aparılması üçün külli miqdarda maliyyə vəsaiti tələb olunurdu. Nadir şah həmin vəsaitin əldə olunması üçün əhalidən renta şəklində yığılan vergini pul ilə əvəz edərək vəziyyətdən çıxmaq istəyirdisə də, bu həmin dövr İranda formalaşmış sosial-iqtisadi və təsərrüfat münasibətləri şəraitində qeyri-mümkün idi. Çünki İranda əmtəə-pul münasibətləri kifayət qədər inkişaf etməmişdi və belə bir tələbin irəli sürülməsi ilk növbədə verginin bir hissəsini natura şəklində ödəyən kəndlilərin daha da var-yoxdan çıxmasına və müflisləşməsinə s əbəb olurdu. Bu isə yenə xalqın mərkəzləşmiş hakimiyyətə qarşı mübarizə etməsinə əsaslı zəmin yaradırdı.
Nadirin yeritdiyi siyasətdə vəqf torpaqlarının da müsadirə edilməsi diqqət mərkəzində idi. Şiə ruhanilərə məxsus iri torpaq sahələrini müsadirə edərək dövlət torpaqlarına qatan Nadir şah bu yolla onların cəmiyyətdə mövqelərinin zəiflədilməsinə nail olmaq istəyirdi. Nadir şah bütün üləmaları 1742-ci ildə yanına çağırmış və Jəfəri təriqətini yaratmaq haqqında 1736-cı ildə çıxarmış qərarı bir daha təsdiq etmişdi. Nadir şah idarə aparatında da islahatlar həyata keçirdi. Bir sıra ali vəzifələr, o cümlədən baş vəzir – sədr əzəm – vəzifəsi ləğv edildi. Dövlətdə bütün maliyyə idarələri bilavasitə şaha tabe edildi. Dövlət dörd iri əyalətə bölündü: Azərbaycan (Gürcüstan, Şimali və Q ərbi Azərbayjan, Qafqazın bütün iri malikanələri buraya daxil idi), İran İraqı, Xorasan və Fars.
Nadir şah 1736-cı ilin noyabrında İsfahanda bəxtiyariləri mərkəzi hakimiyyətə tabe etdikdən sonra, Qəndəharı tutmaq istiqamətində yürüşə başladı. Sistandan keçib Qəndəhara daxil olan Nadir şah şəhəri hüjumla ala bilmədiyindən 1737-ci ildə onu mühasirəyə almağa başladı. 1738-ci ildə mühasirəni başa çatdıran Nadir şah qonşu Bəlucistanın tutulması üçün oraya da qoşun göndərdi. Bütün bu proseslərin gedişində Nadir şah Qəndəharın jənub-şərqində yeni Nadirabad adlı şəhərin salınmasına dair əmr verdi. 1738-ci il aprelin 16-da Qəndəhar alındıqdan sonra onu yerlə-yeksan edən Nadir şah buranın əhalisini Nadirabada köçürtdü. Əfqanların əsas dayaq məntəqəsi olan Qəndəharı tutduqdan sonra 1738-ci il mayın 21-də 130 minlik qoşunla Hindistana yürüş edən Nadir şah bu yürüşü müvəffəqiyyətlə başa çatdırdı. Hindistan yürüşündün sonra Nadir şah 1739-1741-ci illərdə Sində, Buxaraya və Xarəzmə üç böyük yürüş etdi. Bu yürüşlər nəticəsində Buxara və Xivə hakimləri Nadir şaha tabe oldular. Xarəzmdə isə Nadir şah 30 min iranlını əsirlikdən azad edərək vətənə gətirdi. 1741-ci ilin yanvar ayında Nadir şah Xarəzmdən dövlətin paytaxtı Məşhəd şəhərinə qayıtdı. Həmin dövr Nadir şah Fars körfəzi istiqamətində də hərbi yürüşlər etdi. Lakin bu yürüşlər də müvəffəqiyyətsizliklə n ətijələndi.
1736-cı ildə Bəhreyni, 1737-1738-ci illərdə, eləcə də 1741-1743-cü illərdə Omanı və jənub-şərqi Ərəbistanı tutmaq istəyən Nadir şah burada güclü müqavimətlə rastlaşdı və onun bu əraziləri işğal etmək səyləri baş tutmadı. Bundan sonra Nadir şahın Osmanlı dövləti və Dağıstana etmiş olduğu yürüşlər nəticəsiz qaldı. XVIII əsrin 40-cı illərinin əvvəllərində İranda və onun əsarət altında saxladığı ərazilərdə güjlənən xalq hərəkatları, artıq Nadirin hakimiyyətinin zəiflədiyinin göstəricisi idi. Belə bir şəraitdə Nadir şah 1747-ci ilin iyun ayında Xorasanın Xabuşan yaşayış məntəqəsindən 2 mil aralıda yerləşən Fəthabaddakı qərargahının yataq otağında sui-qəsd nətijəsində öldürüldü. Nadir şah öldürüldükdən sonra İranda formalaşdırılmış recimin güjlü sosial- iqtisadi və siyasi əsasları olmadığından sürətlə dağılmağa başladı. Bu prosesin sürətlənməsinə səbəb isə əsasən ölkədəki iri feodalların bir-birinə qarşı, eləjə də hakimiyyət uğrunda apardığı müharibələr idi.
Bu ara müharibələrin gedişində Kərim xan Zənd önə çıxdı.Əsas rəqibi Məhəmməd Həsən xan Qacarı məğlub etdikdən sonra Kərim xan Zənd bütün müstəqil və yarımmüstəqil xanlara ultimatum göndərərək, ona tabe olmağı və şah ordusunu daha da güclü şəkildə formalaşdırmaq üçün onlardan silahlı dəstələr göndərilməsini tələb etdi. Qeyd edək ki,Həsən xan Qacarı, Fətəli xan Əfşarı, Əli Mərdan xanı yolundan kənarlaşdırdıqdan sonra yaranmış vəziyyət Kərim xan Zənd üçün əlverişli idi. Çünki qiyam qaldıran xanların xalqla rəftarı kifayət qədər normal olmadığından, eləcə də 1762-ci ilin ikinci yarısı üçün Kərim xan Zəndin Azərbayanda, o ümlədən Jənubi Azərbayanda möhkəmlənməsi, ona bu qiyamları asanlıqla yatırmaq imkanı vermiş oldu. İsfahan əhalisinin ona qarşı əks mövqedən çıxış etməsi Kərim xan Zəndi paytaxtı İsfahandan Şiraza dəyişməyə məcbur etdi. Yeni dövlət aparatında isə bütün əsas vəzifələr Zənd tayfası və Fars hakimləri arasında bölüşdürüldü.
Kərim xan Zəndin İranı idarə etməyə başladığı bir dövrdə ölkənin əsas rayonlarından olan Xorasanda ata tərəfdən Nadir şahın, ana tərəfdən isə şah Təhmasibin nəvəsi olan Şahrox hakimlik edirdi. Onun Səfəvi nəslindən olması ölkənin şahı elan edilməsinə imkan versə də, gözlərinin kor olması buna mane olurdu. Ona görə də bir çox feodal və əyanlar onun oğlunun yetkinlik yaşına çatmasını gözləyirdi ki, onu İranın Səfəvi şahı elan etsinlər. Qəndəharda Nadir şahın əvvəllər hərbi sərkərdəsi olmuş Əhməd xan hakimlik edirdi. Kermandan Bəndər Abbasa qədər uzanmış Lur vilayəti Kərim xanın rəqibi Zəkəriyyə xan tərəfindən idarə olunurdu. Sind, Hörmüz, Gürcüstan, Bəlucistan da müstəqil hakimlər tərəfindən idarə olunurdu. Hind okeanı sahillərindən Bəsrəyədək olan əraziləri, eləcə də Fars körfəzi sahillərini ərəb feodalları idarə edirdi. İranda Zəndlərin mərkəzi hakimiyyət yaratmaq istiqamətində əldə etdikləri uğurlar İranın daxili siyasi həyatında mühüm hadisə idi. Belə ki, 15 illik fasiləsiz feodal müharibələrindən sonra İranda nisbi sabitlik dövrü başlanmışdı. İranın çox böyük hissəsinə nəzarət edən Kərim xan Zənd faktiki olaraq İranın ali hakimi olsa da, o şah tituluna iddia etmir və Səfəvilərin nominal xarakter daşıyan hakimiyyətini qəbul edirdi.
Səfəvilərin nümayəndəsi Şah III İsmayıl Kərim xan tərəfindən ev dustağı edilərək Farsda saxlanılırdı. Kərim xanın mərkəzləşdirilmiş dövlət yaratmaq istiqamətində atmış olduğu hərbi-siyasi addımlar nətijəsində bir sıra xanlıqların müstəqilliyinə son qoyulmuşdu. Birləşdirilən ərazilər Kərim xan sarayına tabe olub, onun təyin etmiş olduğu janişinlər vasitəsilə idarə olunurdu. Tabe edilmiş xanlıqlar Kərim xandan vassal asılılığını q əbul etdiklərini təsdiqləmək məqsədilə öz vəliəhdlərini onun sarayna girov kimi göndərmişdilər. Tam tənəzzülə uğramış kənd təsərrüfatının və sənətkarlığın bərpa edilməsinə, həmçinin ticarətin inkişaf etdiriməsinə çalışan Kərim xan Zənd inzibati və iqtisadi sahədə bir sıra islahatlar keçirdi. Yerli hakimlərirn və vergi yığan canişinlərin fəaliyyəti üzərində nəzarət qoymaq üçün tədbirlər gördü. Yeni müəyyən olunmuş qaydaya əsasən məbləğindən artıq vergi, töycü və sair əlavə vergilər almaq qəti qadağan olunmuşdu. Bununla belə qeyd etməliyik ki, təsərrüfatın bərpa edilməsi və abadlıq işlərinin aparılması əsasən Fars əyalətində, İsfahanda, qismən Qəzvində, Yəzddə özünə yer almışdı. Lakin digər tərəfdən ölkənin başqa rayon-larında da analoci addımlar atılırdı. Kərim xanın apardığı daxili siya-sət nətijəsində Nadir şahın dövründə ölkədən qaçmaq məcburiyyətində qalaraq digər ölkə və regionlarda məskunlaşmış ailələrin bir hissəsi geri qayıtdı. Kərim xanın daxili siyasətində köçəri və yarımköçəri tayfalara qarşı mübarizə aparmaq başlıca yerlərdən biri olmuşdur. Belə ki, onların daim öz yerlərini dəyişməsi mərkəzləşdirilmiş dövlətin qurulmasına və onun möhkəmləndirilməsinə mane olurdu. Belə ki, silahlı dəstələrə malik olan həmin tayfa xanları mərkəzləşmiş hakimiyyətə tabe olmaqdan boyun qaçırır və oturaq həyat tərzinə keçmiş rayonlara qarətçi yürüşlər edirdilər. Ona görə də Kərim xan onlara qarşı mübarizə aparırıdı. Onun şiə ruhanilərinə aylıq maaş təyin etməsi də həmin məqsəddən irəli gəlirdi.
İranda zəndlərin hakimiyyətə gəlməsi İngiltərənin Hindistanı işğal etməsi ilə eyni vaxta təsadüf edirdi. Ona görə də Kərim xan Zənd Avropa dövlətləri sırasında ən çox İngiltərə ilə münasibətləri məhdudlaşdırmağa çalışırdı. Lakin İngiltərənin Hindistanda və ümumiyyətlə Yaxın və Orta Şərqdə möhkəmlənməsi Kərim xan Zəndi bu ölkəyə münasibətdə, xüsusilə onunla ticarət əlaqələrində bir sıra güzəştlərə getməyə məcbur etdi. Bununla belə Kərim xan Zəndin xarici siyasətində başlıca obyekt Fars körfəzi rayonu idi. Bu regionda İranın nüfuzunu bərqərar etmək, hakimiyyətini möhkəmləndirmək məqsədilə Kərim xan xeyli qüvvə və vəsait sərf edirdi. Bu dövrdə, yəni XVIII əsrin ortalarında Kəəb əmirliyi istər İran, istərsə də türk və ingilislər üçün təhlükə mənbəyi idi. Lakin hüjuma hazırlaşan ingilis və türklərin təhlüksindən yayınmaq üçün Kəəb əmirliyi Kərim xan Zəndin ali hakimiyyətini tanıdığını bildirdi. Mozafat və Xark adasının hakimi də onun vassal asılılığını qəbul etdi. Kərim xanın bu uğuru Ost-Hind şirkəti ilə münasibətlərin kəskinləşməsinə səbəb oldu. 1776-cı ilin aprel ayında Bəsrə Zəndlər tərəfindən tutuldu. Lakin 1779- cu ildə Kərim xanın vəfatından az sonra Bəsrə yenidən Osmanlı dövlətinin tabeçiliyinə qaytarıldı.


Yüklə 36,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin