İsmayil şixli (1919-1995) HƏyati, yaradiciliq yolu



Yüklə 37,89 Kb.
tarix17.11.2018
ölçüsü37,89 Kb.
#82692
növüYazı

İSMAYIL ŞIXLI

(1919-1995)


HƏYATI, YARADICILIQ YOLU

İsmayıl Şıxlı çox ağır, lakin olduqca maraqlı bir həyat yolu keçib. Bu yola ötəri də olsa, nəzər salmağına dəyər. Rəsmi sənədlərdə İsmayıl Şıxlınnı 1919-cu il mart ayının 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olduğu yazılır. Amma əslində bu, belə deyil; çoxları yaşlarını azaltdıqları halda, onun yaşını düz 3 il artırmışdılar. Çünki Kosalar kənd məktəbində ibtidai təhsilini başa vurduqdan sonra 1934-cü ildə valideynləri onun Qazax Pedaqoji Texnikumuna daxil olmasını məsləhət bilirlər. İsmayılın onda cəmi 12 yaşı vardı; bu yaşda onu, çətin, texnikuma götürəydilər. Odur ki, fikirləşib yaşını artırdılar.

Xülasə, 1936-cı ildə balacaboy, çəlimsiz İsmayıl Qazax Pedaqoji texnikumunu bitirib bir il Kosalar məktəbində müəllimlik edir. Lakin burda o, çox ləngimir, ali təhsil almaq üçün 1937-ci ildə Bakıya gəlib Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olur. Burada İsmayıl Şıxlı o dövrün istedadlı gənc şairləri - Tələt Əyyubov, Büyükağa Qasımzadə və Ənvər Əlibəyli ilə dostluq edir.

Son dərəcə ağır illər idi o illər-repressiya tüğyan edirdi. İnstitut müəllimlərinin bir çoxu artıq həbs olunmuşdu, yerdə qalanlar isə amansız siyasi təzyiq altında idilər - elə tələbələr də. İsmayıl Şıxlının bəy nəslindən olduğunu, iki gündən bir institut komsomol komitəsinə sorğu-suala çağınlmasını nəzərə alsaq, onun o dövrkü həyatını, keçirdiyi psixoloji sarsıntıları təsəvvür etmək çətin olmaz.

Bununla belə, gənclik - tələbəlik illərinin oz gözəlliyi, öz romantikası var. İsmayıl Şıxlı da, təbii ki, arzularla yaşayırdı; savadını artırmaqla yanaşı, tənqidçi Məmməd Cəfər Cəfərovun APİ-də təşkil etdiyi ədəbiyyat dərnəyinə gedirdi. Elə ilk yazılarmdan biri olan "Dəli Kür" hekayəsini də o zaman institut qəzetində çap etdirir. Beləliklə, poeziyadan "əlini üzən" İsmayıl Şıxlı ara-sıra özü üçün şeir yazsa da, üz tutur nəsrə. Hətta günlərin bir günü məsləhət almaqçün görkəmli yazıçı Mehdi Hüseynin yanına gedir. Düşündüyünü, qənaətini gizlətməyi xoşlamayan Mehdi Hüseyn onunla açıq danışır; iradlarını deyir, çoxlu mütaliə etməyi, yaradacılığa kiçik hekayələrlə başlamağı məsləhət görür. Ürəyində həmyerlisindən tərif gözləyən İsmayıl Şıxlı bir müddət pərt olur. Amma sonralar özünün də etirafına görə, onun əsl ciddi bir nasir kimi formalaşmasında bu açıq söhbətin rolu danılmazdır.

1941-ci ildə müharibə başlayır və 42-ci ildə o. cəbhəyə gedir. İsmayıl Şıxlının o dəhşətli müharibə illərində bir döyüşçü kimi keçdiyi yolların xəritəsini sadəcə göz önünə gətirmək kifayətdir ki, onun hansı odun-alovun içindən çıxdığını təsəvvür edəsən; Şimali Qafqaz - Kerç - Belarusiya- Pribaltika - Şərqi Prussiya... Şəxsən mənə, bu sətirlərin müəllifinə Kerç sularının büsbütün al qana bulanmasını, minlərlə cəsədin suların ustündə üzməsini danışanda, mən zahirən çox həlim, mənən humanist bu insanın o dəhşətlərin içindən necə sağ-salamat çıxınasına heyrət etdim. Ömrü boyu da bir dəfə də olsun sinəsinə vurub cəbhə illərində min dəfə ölümlə üz-üzə gəlmysini gözə soxduğunu, öyündüyünü gormədim. Və şübhəm də yoxdur ki, heç kim görməyib.

1945-ci ilin noyabrında İsmayıl Şıxlı cəbhədən geri dönür. Qələbə ilə qayıdan bu doyüşçünün özü ilə gətirdiyi iki qazanc vardı: mərmilər altında qazanılmış dözüm - mərdlik, kişilik; bir də - barıt qoxuyan cəbhə gündəlikləri... İsmayıl Şıxlı Qazaxda bir il müəllimlik etdikdən sonra, doğma institutuna gəlir, aspiranturaya daxil olur. Sonralar o, burda müdafiə edir, elmi dərəcə, elmi ad alır, ən əsası isə, həyatını sevimli peşəsinə - müəllimliyə həsr edir... Təkcə müəllimliyə həsr edir həyatını? Bəli, İsmayıl Şıxlı müəllimlik peşəsini, tələbələrin içində olmağı çox sevirdi. Fəxr edirdi müəllimliyi ilə. Amma "Quşlar" adlı ilk dərc olunmuş şerindən sonra o, bir gün də belə, yazıçılıq arzusundan əlini üzməmişdi; qələmdən, bədii yaradıcılıqdan ayrılmamışdı - ömrünün son anına kimi də ayrılmadı.

İsmayıl Şıxlı aspiranturada oxuduğu illər (və ondan sonra da) çoxlu mütaliə edir, öz üzərində çalışır (Mehdi Hüseynin sözlərini unutmamışdı), ara-sıra hekayələr, daha çox publisistik yazılar üzərində işləyirdi. Bu da Mehdi Hüseynin məsləhəti idi; bu sərt, amma xeyivxah insan ona yalnız gördüklərini, bildiklərini yazmağı tövsiyə edirdi. Beləcə o, "Həkimin nağılı", "Səhəri gözləyirdik", "Kerç sularında" və başqa hekayələrini, "Raykom katibi" kimi portret oçerklərini, yol qeydlərini və "Daşkəsən" adlı sənədli povestini yazır. İsmayıl Şıxlının bu dövr yaradıcılığı haqqında nə demək olar?! Heç şübhəsiz, İsmayıl Şıxlının o illərdə yazdıqları səmimi idi, təravətli idi; sözə qarşı məsuliyyət hiss olunurdu. Amma onun da əsərlərində dövrün, zamanın pafosu aşkar görünürdü. İdeoloji qadağalar yazıçını müəyyən çərçivələrlə məhdudlaşdırırdı: o, həyatı ziddiyyətləri ilə qələmə alabilməzdi; o, təsvir etdiyi insanı daxili aləminin bütün çalarları ilə, tərəddüdləri, zəifliyi ilə göstərə bilməzdi və s. və i.a. Qadağaların çox uzun bir siyahısı vardı. Sovet ideoloqları adi bir həqiqəti anlamaq istəmirdilər ki, müsbət qəhramanın da zəiflikləri ola bilər, o da insandır, müqəvva deyil. Totalitar rejim çox amansız idi; sovet adamının əqidə azadlığının büsbütün əlindən alınmasına baxmayaraq, o daim siyasi təcavüzə məruz qalırdı, bunu dilinə gətirən ziyalı, qələmə alan yazıçı ən azı dəlixanaya salınırdı. Bununla belə, onlar həqiqətin hamısını olmasa da, bir qismini yazırdılar. Bütün bunları xatırlatmaqda məqsəd yazıçılarımızın, o cümlədən də İsmayıl Şıxlının hansı şəraitdə işlədiklərini çatdırmaqdır. İsmayıl Şıxlı cəbbədən qayıtdıqdan sonra - ta "Ayrılan yollar"a (1954-55) qədər belə bir şəraitdə, belə bir dövrdə qələmini publisislika sahəsində sınadı və ucqarlarda yaşayan zəhmət adamlarının portretlərini yaratdı, əmək qəhrəmanlıqlarını qələmə aldı. On ilə yaxın ən müxtəlif mövzularda hekayələr, publisistik əsərlər yazan İsmayıl Şıxlını geniş oxucu kütləsinə tanıdan, sevdirən 1955-ci ildə "Azərbaycan" jurnalında çap etdirdiyi "Ayrılan yollar" romanı oldu; bu əsər o zaman əl-əl gəzirdi.



Ədəbi ictimaiyyət də onu çox yaxşı qarşıladı. "Ayrılan yollar" 1941-45-ci illər müharibəsindən sonra Azərbaycanda gedən dirçəlişdən bəhs edir. Yazıçının təsvir etdiyi kənddə yeni dövrün İmran, Zeynəb, Nəsib kimi nümayəndələri köhnə fikirli Kosaoğlu, Kazım, Musa və Şahnaza qarşı çıxırlar; belə bir konflikt üzərində qurulub roman. İsmayıl Şıxlı "Ayrılan yollar"da dövrün ideoloji çərçivələrindən çıxmağa müəyyən cəhdlər göstərmişdi, amma buna hələ tam nail ola bilməmişdi və ola da bilməzdi. Nizami Cəfərov demişkən: "Çünki 50-ci illər hələ davam edirdi, 60-cı illər isə hələ qabaqda idi..." Bununla belə, "Ayrılan yollar" İsmayıl Şıxlının çoxplanlı roman yazmağa qadir istedadlı bir yazıçı olduğunu göstərdi.

“İsmayıl Şıxlı yaradıcılığının son akkordu ömrünün qürub çağı qələmə aldığı "Ölən dunyam" romanıdır. Əsəri özü yazmağa başlasa da, sonradan ağır xəstəliyin fəsadı nəticəsində gözləri tutulduğu üçün romanın əksər hissəsini diqtə etmək məcburiyyətində qaldı; bu işi vəfalı həyat yoldaşı Ümidə xanım gördü. "Ölən dünyam" forma baxımından İsmayıl Şıxlının əvvəlki iki romanından xeyli fərqlənir. Nisbətən kiçik həcmli bu əsərdə yazıçı əsas sujet xətti ilə bağlı müxtəlif hadisələri paralel inkişaf etdirmək hesabına və konkret zaman çərçivələrini cəsarətlə pozaraq, gah irəli – gələcəyə gedib, gah da geri -keçmişə qayıtmaq sayəsində iki böyük nəslin taleyini izləməyə və ölkənin siyasi mənzərəsini verməyə müvəffəq olur. Romanın dili də quruluşuna uyğun çox çevik və lakonikdir; hətta təbiət təsvirlərinin özündə belə, "Dəli Kür"lə müqayisədə, yazıçı bir-iki dəqiq ştrixlə kifayətlənir, qəti təfərrüata varmu. Qəribədir, illər uzunu ənənəvi nəsr təhkiyəsindən kənara çıxmayan. Klassik roman janrınnın bütün qayda-qanunlarına riayət edən İsmayıl Şıxlı "Ölən dünyam"da çərçivələri vurub dağıdır; qəhrəmanlarının taleyi ilə bağlı bir epizodu, Azərbaycan miqyasında baş verən qlobal ictimai-siyasi proseslərin təsviri əvəz edir. Və yaxud, aramla qələmə alınmış psixoloji vəziyyətdən sonra çox rahatlıqla süjetin müəyyan bir hissəsini sürətlə nəql edib keçir. Yazıçı bunu bilə-bilə edir, diqqətini ikinci-üçüncü dərəcəli heç bir şeyə yayındırmır; məqsəd əsərin qayəsini qabartmaqdır. Qayə isə bundan ibarətdir: Azərbaycan xalqına kənardan zorla qəbul etdirilmiş siyasi sistem onun həyatında saysız-hesabsız məhrumiyyətlərə, ölümlərə, faciələrə səbəb olub. "Ölən dünyam" romanı çox dəqiq tapılmış və böyük ustalıqla qələmə alınmış simvolik bir sonluqla bitir. Əsərin qəhrəmanlarından biri, elindən-obasından didərgin düşmüş Həsən ağa uzun illərin ayrılığından sonra dönüb yurduna qayıdır, çinar ağacının altında oturub kürəyini onun gövdəsinə söykəyir və gözlərini yumub bir zamanlar öz əli ilə əkdiyi bu əzəmətli ağacın rişələri ilə əbədi olaraq doğma torpağına qovuşur. Çox təsirli səhnədir, amma burda bir təskinlik işartısı, bir ümid rüşeymi var; torpağa qovuşmaq - əbədiyyətə qovuşmaqdır. Torpaqsa əbədidir. Ən güclü tufanlar, qasırğalar belə toz-tozanaq qaldırsa da, torpağın üstündəkiləri uçurub-dağıtsa da - torpaq yerində qalır. Kənardan gətirilmiş zorakı inqilablar da elədir - saysız-hcsabsız insan ölümü, müsibətlər, faciələr hesabına cəmiyyətdə xırdapara nələri isə dəyişə bilsə də, xalq mənəviyyatını, xalq ruhunu tamam məhv edə bilmir. Belə olmasaydı, adət-ənənalərimiz, dilimiz, başqa milli dəyərlərimiz bu günə kimi yaşamazdı. "Ölən dünyam" romanını oxuyub qurtardıqdan sonra, ister-istəməz, məhz bu sayaq düşüncələrə qapılırsan... İsmayıl Şıxlı macal tapıb "Ölən dünyam" romanının son nöqtəsini qoymaqla, 50 illik yaradıcılıq yoluna da yekun vurdu. Və sanki bundan sonra o da qəhrəmanı Həsən ağa kimi rahatlıq tapıb dünyasını dəyişdi, əbədiyyətə qovuşdu. Tez-tez eşidilən belə bir deyim var, deyirlər: "yazıçının əsərləri oxunursa, deməli, o, yaşayır". Bunun belə olub-olmadığını mən bilmirəm. Amma onu qəti bilirəm ki, İsmayıl Şıxlı - əsərləri oxunan və sevilən yazıçıdır.” (İ.Qasımzadə)

«Dəlİ Kür» romanı

“İ.V.Stalinin ölümündən sonra ölkədə siyasi ab-hava tədricən dəyişməyə doğru gedirdi. N.S.Xruşşov şəxsiyyətə pərəstişi ifşa etdikdan sonra isə totalitar rejimin soyuq buzu bir qədər də əridi. Ədəbiyyat sosializm realizmin məngənəsindən yavaş-yavaş qurtulurdu. Yazıçılar artıq keçmişlərlə müqayisədə azad nəfəs alır, illərdən bəri əlçatmaz bir arzu kimi ürəklərində gəzdirdikləri mövzuları, dilə gətirməyə cürət etmədikləri fikirləri, sözləri üzə çıxarırdılar. Amma hələ qorxa-qorxa, ehmal-ehmal. Elə bu vaxt ədəbi mühitin sakit, aydın səmasında sanki şimşək çaxdı; 1962-ci ildə "Azərbaycan" jurnalında (Ns 6, 7, 8) İsmayıl Şıxlının yeni "Dəli Kür" romanının I hissəsi çap olundu. Özünə qarşı həddindən artıq tələbkar olan, hər cümləsinin üstündə əsən, yüz ölçüb bir biçən İsmayıl Şıxlı, sən demə, neçə illər imiş ki, iki otaqlı mənzilnıin bir küncünə çəkilib bu əsəri yazırmış. Belə bir əsər naminə özünü könüllü snrətdə çox şeydən məhrum etməyinə dəyərdi. "Dəli Kür" oxucuların hədsiz marağına səbəb olmuşdu. Bütün daxili ziddiyyətlərinə baxmayaraq, əsərin baş qəhrəmanı Cahandar ağa hamını əfsunlamışdı. Həmkarları da yazıçını bu uğuru münasibəti ilə təbrik edirdilər. Belə bir vaxtda İsmayıl Şıxlı üçün ən yüksək qiymət, özünə ustad bildiyi Mehdi Hüseynin 1962-ci ilin noyabrında ona göndərdiyi məktub oldu. Mehdi Hüseyn yazırdı; "Əzizim İsmayıl! "Dəli Kür" əsərini dünən gecə oxuyub qurtardım. Düzünü deyim ki, mən səndən yaxşı əsər gözləyirdim, amma bu cür qüvvətli və təsirli bir əsər yazmağını gözləmirdim. Əhsən, bərəkallah! Son on ildə bizim ədəbiyyatımızdan oxuduğum heç bir əsər məni bu cür sarsıtmamışdı". Hamı səbirsizliklə romanın ardını gözləyirdi. Əsəri tamamlamaq üçün İsmayıl Şıxlıya daha dörd il vaxt lazım gəldi. Nəhayət, 1966-cı ildə "Azərbaycan" jurnalında romanın II hissəsi dərc olundu.

İllər keçəcək, "Dəli Kür"ün yaranıb ədəbiyyatımızın faktına çevrilməsini Nizami Cəfərov belə mənalandıracaq: "Dəli Kür" onlarla povestlərin, romanların milli təfəkkürümüzdə yaratdığı mənəvi səhradan axıb keçdi və ona can verdi". Bu, həqiqətən belə idi; sovet ideologiyasının tələb etdiyi mövzulardan, hazır sxemlərdən, konflikt, ziddiyyət görüntüsü yaratmaq xatirinə istehsalat mövzusunda uzun-uzadı soyuq, cansıxıcı mübahislərdən oxucular da, elə yazıçıların özləri də bezmişdilər.

"Dəli Kür" və 60-cı illərdə bir-birinin ardınca yazıları ən yaxşı povest və romanlar Azərbaycan nəsrində yeni bir dönüş mərhələsi oldu. Yazıçılar indi mövzu seçimində, yaradıcılıq axtarışlarında nisbətən sərbəst idilər. Soruşula bilər: siyasi iqlimin yumşalmağa başladığı bir vaxtda İsmayıl Şıxlı niyə müasir mövzuya yox, məhz tarixi mövzuya müraciət etdi? Zənnimcə, bu, başadüşüləndir. Çünki, uzun illər idi ki, sovet ideologiya maşını xalqların milli özünəməxsusluqlarını: onların dinlərini əllərindən almağa, adət-ənənələrini, əxlaq normalarım, həyat tərzlərini mərhələ-mərhələ silib yox etməyə və beləliklə, "sovet xalqı" adı altında bir xalq yaratmağa çalışırdı. Bu maşının gücü azaldıqda ilk olaraq milli mədəniyyətlər - xalqların ən çevik və güclü özünübərpa instinkti fəallaşmağa başlayır; ədəbiyyat milli yaddaşı oyatmaqçün tarixi keçmişə, folklora müraciət edir. Bunları xatırlatmaqda mənim məqsədim İsmayıl Şıxlının "Dəli Kür"ünün izlərini onun əvvəlki əsərlərində axtarıb tapmayan və beləliklə, "Dəli Kür"ün az qala möcüzə kimi göydəndüşmə olduğunu söyləyənlərə etiraz etməkdir. Bu əsərin toxumu İsmayıl Şıxlının qan yaddaşında həmişə mövcud olub, sadəcə, əlverişli şərait yarananda - oyanıb, Şıxlı da onu qələmə alıb; xoşbəxtlikdən bu, onun sənətkar kimi yetkinlik dövrünə təsadüf edib – həqiqət budur. İsmayıl Şıxlının ən doğma əsəri, şübhəsiz ki, "Dəli Kür"dür; yaratdığı ən güclü obraz isə - Cahandar ağadır. Qəribədir, diqqət etdikdə, Cahandar ağada istənilən qədər mənfi cəhətlər, naqisliklər var: başqasının namusuna sataşır - arvadını götürüb qaçır, rəiyyətə qarşı amansızdır, bacısını qətlə yetirir, yoxsullara yuxarıdan aşağı baxır və sair və ilaxır. Lakin biz ona mənfi obraz kimi baxmırıq, nifrət etmirik ona. Hətta. dəyişən zəmanədə təklənmiş dağ cüssəli Cahandar ağaya acıyırıq. Bir sözlə, o, faciəvi obrazdır.

Mən burda mütləq görkəmli filosof-tənqidçi Asif Əfəndiyevin bu obrazla bağlı çox dəqiq fikirlərini yada salmaq istəyirəm. O yazirdı: "Yarımçıq ehtirasların, yarımçıq mərdliyin, yarımçıq xeyirin, "nəzakətli" bədəməlliyin, pambıqla baş kəsməyin... antipodu dəli Cahandar". - Onu oxucuya sevdirən cəhətləri necə də ustalıqla deyib... Və ya: "Cahandar ağa quru, ehtirassız, namərd, zavallı adam deyil". Cahandar ağanın rəğbət doğuran xüsusiyyətlərini əsl seleksiyaçı kimi necə də həssaslıqla, zərrə-zərrə toplayıb "sapa düzüb". Tənqidçi sonra obrazin faciəsinin kökünü müəyyən edir, yazır: "Cahandar ağa başa düşmüşdür ki, artıq dəyişməyə doğru gedən zəmanədə ona, onun idealına, həyat tərzinə yer yoxdur. Buna görə də Cahandar ağanın mənəvi ölümü fiziki ölümünü qabaqlayır.

Nəhayət, yekun: "Cahandar ağa tarix tərəfindən məhvə məhkum edilən şəxsiyyətdir. Onun həyat idealı məhdud, fəaliyyəti birtərətli və qeyri-kamil, qayəsi ibtidaidir. Lakin o, qəribə bir şeriyyəti, qəribə bir gözəlliyi və ahəngi də özüylə bərabər Kürün dalğalarına tapşırdı". Bax, bu "qəribə"ləri görən də, ustalıqla oxucuya çatdıran da İsmayıl Şıxlı qələminin qüdrəti, İsmayıl Şıxlının sənətkarlığıdır. "Dəli Kür" haqqında yazan bəzi tənqidçilar (roman haqqında saysız-hesabsız məqalələr yazılıb) onu "gərgin dramatik foqquşmalar, qüvvətlli xa-rakterlərromanı" adlandırırlar- tamamilə düzdür. Bəziləri "feodal geriliyinin təsvirini" görürlər romanda - qoy görsünlər. Başqaları Cahandar ağaya "dəliqanlı və zalım mülkədar" deyirlər - onlar da müəyyən mənada haqlıdırlar. Amma bütün bunlar bir o qədər də əhəmiyyətli deyil. Əhəmiyyətli olan odur ki, İsmayıl Şıxlı Cahandar ağa kimi son dərəcə sanballı ölməz bir obraz yaratmağa müvəffəq olmuş, Azərbaycan ədəbiyyatı xəzinəsinə "Dəli Kür" kimi başdan-ayağa milli ruhla aşılanmış dəyərli bir roman vermişdir.



İsmayıl Şıxlı az yazan, amma yaxşı yazan yazıçılardan idi. "Dəli Kür"dən sonra o, uzun müddət iri həcmli nəsr əsəri yazmadı. Düzdür, arada "Cəbhə gündəlikləri"ni çapa hazırladı, hekayələr yazdı, amma oxucu ondan "Dəli Kür" kimi köklü-köməcli, dolğun xarakterlərlə zəngin, geniş panoramlı roman gözləyirdi. Haqqı da vardı, axı, yazıçı özü söhbətlərində, müsahibələrində inqilabdan sonra, 20-ci illərdə Azərbaycanda baş vermiş hadisələri əhatə edəcək bir əsar yazmaq fikrində olduğunu bildirmişdi və hətta gələcək romanının adını da elan etmişdi. "Qanlı təpə" adlanacaqdı həmin əsər. Lakin mühüm arxiv sənədlərinə əlinin çatmaması, hələ də qapalı cəmiyyətdə yaşamağımız, inqilabın beşiyi Moskvadan asılı olmağımız, "böyük qardaş" faktoru ona bu niyyətini həyata keçirməyə imkan vermədi. Bununla belə, "Dəli Kür"dən souuncu əsəri "Ölən dünyam"a qədər olan dövrü mən İsmayıl Şıxlının həyatında çox mühüm bir mərhələ sayıram. Bu illərdə o, yenə də müəllimliyini davam etdirdi, kinoda, teatrda qələmini sınadı, "Azərbaycan" jurnalının tarixində seçilən redaktorlardan oldu, Yazıçılar İttifaqına rəhbərlik elədi və artıq dediyim kimi, hekayələr yazdı və "Cəbhə gündəlikləri"ni çapa hazırladı. Gündəliklari o, 1942-ci ildən - cəbhəyə gedən gündən yazmağa başlamışdı; uzun illər onların əsasında müharibə haqqında roman yazmaq fikrindəydi. Amma roman yazmadı, bir balaca əl gəzdirib, demək olar ki, olduğu kimi adi bir döyüşçünün cəbhə gündəlikləri - qeydləri şəklində çap etdirdi. Barıt qoxusu gələn gündəliklərin çox boyük əks-sədası oldu. ( İ. Qasımzadə)
Yüklə 37,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin