Izahlı lüğət


RƏNGLİ AŞKARLAYICI MADDƏLƏR (colored developers) – Üçlaylı kinolentlərdə rəngli təsvirlərin alınması üçün tətbiq edilən maddələr



Yüklə 2,68 Mb.
səhifə24/42
tarix17.01.2017
ölçüsü2,68 Mb.
#580
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

RƏNGLİ AŞKARLAYICI MADDƏLƏR (colored developers) – Üçlaylı kinolentlərdə rəngli təsvirlərin alınması üçün tətbiq edilən maddələr.


RƏNGLİ CİSİM (color solid) – Müəyyən işıqlanma şəraitində obyektlərin işığını əks etdirən və buraxan bütün rənglərin daxil olduğu rəng məkanı hissəsi.

RƏNGLİ FİLM (color film) – Reallığın təbii rənglərini çatdırmaq üçün çoxrəngli təsvirlərdən istifadə edilən filmlər; kinematoqrafın texniki imkanlarına görə filmlər əvvəllər yalnız ağ-qara rənglərdə çəkilib nümayiş etdirilirdi. Yalnız XX əsrin 30-cu illərində ABŞ-da rəngli-fotoqrafik sistem vasitəsilə filmlər çəkilməyə başlanılıb.


RƏNGLİ FONUN TƏNZİMLƏNMƏSİ (color shading control) – Rəngin sahələr üzrə bərabər tənzimlənməsi.

RƏNGLİ FOTOQRAFİK TƏSVİRİN KONTRASTI (colored picture contrast) – Rəngli təsvirin kontrastının səviyyəsini qiymətləndirərkən adi fotoqrafik kontrastdan başqa rəng duyumlarının bütün tərəflərinə aid olan xüsusiyyətləri, əsasən rəng tonunu, eləcə də parlaqlığı və rəngin dolğunluğunu nəzərə almaq lazımdır. Məs., boz sahə qırmızı fonda yaşımtıl, göy fonda isə sarımtıl görünür, yəni eyni zamandakı rəng kontrastının təsirilə rənglər əlavə çalarlara doğru hərəkət edir. Rəng tonuna görə daha kontrastlı rənglər, məsələn, yaşıl və qırmızı, göy və sarı hesab olunur.

RƏNGLİ GÖRMƏ (color vision) – Gözün və müvafiq sinir sistemi mərkəzinin işıq axınlarının müəyyən keyfiyyətlərini ağdan, bozdan və qaradan fərqləndirən xüsusiyyəti. Eyni spektral tərkibli şüalar axını eyni rəngə malik olur.

RƏNGLİ İŞIQ-FİLTR ÜSULU (multiple-color-filters technique) – İşıq-filtrlər vasitəsilə rəngli təsvirlər alınması üsulu.

RƏNGLİ KİNOÇƏKİLİŞİN NEQATİV-POZİTİV PROSESİ (negative/positive picture reversal) – Üçtəbəqəli, rəngli aşkarlanan işığahəssas kinolentlərdə neqativ əmələ gəlməsinin aralıq mərhələsindən sonra rəngli pozitiv təsvir verilməsi qaydası.

RƏNGLİ NEQATİV (color(ed) negative) – Diffuziya yolu ilə qarışmayan, yaxud bu prosesə müqaviməti olan üçlaylı neqativ lentdə rəngli aşkarlama yolu ilə alınan və lentin hər üç təbəqəsində yerləşən, sarı, al-qırmızı və mavi boyalardan düzülən göy, yaşıl, qırmızı spektr zonalarının əmələ gətirdiyi üç zona rənginə bölünmə neqativlərindən ibarət çəkiliş obyektinin neqativ təsviri.

RƏNGLİ POZİTİV (color positive) – Kinoçəkiliş obyektinin təbii rənglərdə pozitiv təsviri. Təbii rənglər üç təsvirdən ibarət olur: sarı, al-qırmızı və mavi. Burada göy, yaşıl və qırmızı təsvirlər də subtraktiv şəkildə iştirak edir.

RƏNGLİ TƏSVİR ALMAĞIN ADDİTİV METODU (additive color technique) – İşığı bir yerə cəmləmək metodu. Üç əsas rəngin müəyyən səviyyəni gözləməklə optik toplanması. R.t.a.a.m. televizorlarda, monitorlarda, həmçinin təsvirin elektron üsulla yaradıldığı başqa cihazlarda tətbiq olunur.

RƏNGLİ NİQAB (color mask/color shading) – Rəngli fotoqrafik təbəqənin boyalı kölgələri. Aşkarlama, yaxud fotoşəkil hazırlanmasının digər prosesləri zamanı işığın təsirinə məruz qalmayan yerlərdə əmələ gəlir və rəngli təsvir almaq üçün həmin qaydada tətbiq edilən boyadılmış maddələrdən ibarət olur.

RƏNG MƏKANI (color space) – Rəngin həndəsi təsviri üçün üçölçülü məkan.

RƏNG PALİTRASI (color landscape/color complex) – Monitorun ekranında qrafika sistemi ilə eyni vaxtda canlandırıla bilən müəyyən rəgn toplanması. R.p.-nın həcmi (genişliyi) rəng dərinliyi ilə müəyyən olunur. Məs., 8 bit dərinliyi olan rəng 8 R.p.-na malikdir və s.

RƏNG STİMULU (color-stimule) – Gözə düşən müəyyən fiziki xassəli və işıq duyğusu oyadan şüalanma.

RƏNG TEMPERATURU (color temperature) – Qara cisim temperaturu; tünd qara cismin nəzərdən keçirilən işıq kimi spektral tərkibli işıq şüalandıran temperaturu. Bu zaman onun şüalanması nəzərdən keçirilən şüalanmadakı rənglərə malik olur. TV kameranın rəng ötürməsi əhəmiyyətli dərəcədə çəkiliş zamanı istifadə edilən işıqlanma mənbəyinin rəngindən asılı olur. Bunu başa düşmək bir qədər çətindir, çünki insanın gözü mənbənin rənginin dəyişməsinə öyrəşir və nəticədə obyekt istənilən işıq mənbəyində eyni görünür, yəni ağ rəng həmişə ağ görünür. Kamera belə bir qabiliyyətə malik deyil, ona görə də əgər ağ, eləcə də digər rənglər üçün müvafiq elektron korreksiya aparılmayıbsa, obyektin rəngi müxtəlif mənbələrdə bir-birindən fərqlənir.

RƏNG TONU (color hue) – Bir xromatik rəngi digər eyni rəngdən fərqləndirən əsas keyfiyyət. Məs., qırmızı rəng yaşıldan, narıncı rəng mavidən R.t.-na görə fərqlənir. İşıq dalğaları spektrində göz 180-dək R.t. fərqləndirə bilir. R.t. gözə təsir edən işıq dalğalarının uzunluğu və ya tezliyi ilə müəyyən edilir. İnsan gözü 180-ə qədər R.t. və onların on mindən artıq müxtəlif çalarını fərqləndirməyə qabildir.

RƏSMİ (official) – Hökumət, müdiriyyət, vəzifəli şəxs tərəfindən və ya onun adından olan; 2) Bütün qaydaları, rəsmiyyəti gözləyərək; formal, soyuqqanlı, nəzakətli.

RƏSM İÇİNDƏ RƏSM (picture in picture) – Eyni ekran içində TV-nin bir neçə kanalının və videotəsvirinin baxıla bilməsinə imkan verən üsul. Burada təsvirin yerini dəyişmək və ya «dondurmaq» mümkündür.

RƏSMLƏ ÇƏKİLMİŞ FİLM (animation film) – Bax: M u l t i p l i k a s i y a f i l m i.

RƏSMLƏYİCİ AÇAR İŞIQ (drawing key) – İlk növbədə, lentə alınan cismin formasını üzə çıxarmaq üçün işlədilən işıq. R.i. ən parlaq və deməli, ən önəmli işıq qaynağıdır. R.i. hər hansı giriş informasiyası daşımır; çəkiliş obyekti tam normal görünməlidir, sanki çəkiliş gündüz saat üçün yarısında, tutqun havada aparılıb. Bu effekti yaratmaqdan ötrü rəsmləyici işıq «kamera – çəkiliş obyekti» xəyali düz xəttindən təxminən 30-45 dərəcə hündür bucaq altında və 30-45 dərəcə kənarda yerləşdirilir. R.i. vasitəsilə obyektin üzündə yaradılan işıq-kölgə şəkli o bucaqlar həddində yerləşir. Məhz işıq-kölgə cizgiləri üzü normal göstərməyə imkan verir.

RƏSSAM-DEKORATOR (art designer) – Əsasən dekorasiya və studiya dizaynı ilə məşğul olan rəssam. R.-d. daha çox iri həcmli bədii-əyləncəli verilişlərin studiya tərtibatı ilə məşğul olur.

RƏVAN NİTQ (fluent speech) – Adi, düzgün nitqə əsaslanan və ona əlavə estetik keyfiyyətlər verən nitq. Həmin keyfiyyətlər ahəngdarlıq, obrazlılıq, emosionallıq, ekspressivlikdir. Estetik keyfiyyətlər bir sıra amillərlə – nitq üslubu və janrı, nitq situasiyası, söyləmənin məzmunu və məqsədi, müəllifin əhvali-ruhiyyəsi və s. ilə əlaqədardır. R.n. prinsipial surətdə düzgün nitqdən fərqlənir.

RƏY MÜSAHİBƏSİ (responce interview) – Hər hansı konkret hadisə, fakt, məsələ barəsində səlahiyyətli və nüfuzlu şəxsin (hüquqşünas, siyasətçi, konkret sahə üzrə mütəxəssis, alimin), yaxud sıravi bir fərdin rəyinin öyrənilməsi məqsədi ilə hazırlanan müsahibə.

RİPROYEKSİYA (reprojection) – Obyektin təsvir fonunda quraşdırılmış kinoçəkiliş metodu, yaxud üsulu; Kombinasiyalı kinoçəkiliş qaydası. Bu zaman ön planın kinoçəkilişi kinotəsvirin proyeksiya olunduğu fonla – işıqlı kinoekranla eyni zamanda aparılır. Kinoproyektor kinoekranda çəkiliş üçün kifayət qədər işıqlanma yaratmalıdır.

RİTM (rhythm) – 1) İncəsənət əsərlərində ortaq ölçülü müxtəlif ünsürlərin ardıcıl uzlaşması, obyektiv aləmin ritmik proseslərinin əks etdirilməsi; ekranda ifadə vasitələrinin ardıcıl uzlaşması, növbələşməsi, müntəzəmlik; 2) Səs, nitq və s. ünsürlərin təkrarlanmasında ardıcıllıq, ahəng, vəzn. Bax: M o n t a j r i t m i.

RİTMİK (rhythmical)Ritmə tabe olan, ritmlə ifadə edilən; ahəngli; vəznli.

RİTMİK MONTAJ EFFEKTİ (rhythmic editing effect) – Bir-birini tez-tez əvəz edən, müəyyən sayda çox qısa kadrların montajından yaranan effekt. Məsələn, yanğın vaxtı dəhşətdən əyilmiş üzlər, alov, su şırnağı, yanğınsöndürən və s. göstərilir. Çəkilən səhnələr nə qədər qısa olursa, daha güclü effekt alınır.

RİTORİKA (rhetoric) – 1) İfadəli nitq və natiqlik sənəti nəzəriyyəsi, gözəl, aydın danışma qabiliyyəti; 2) Natiqlik sənəti haqqında elm; 3) Qəliz, ibarəli, təmtaraqlı üslub; 4) Zahirən cazibədar, gözəl, amma məzmunsuz danışıq – sözçülük.

ROK (rock and roll) – Mahnının (musiqinin) çevik hərəkətlər – ritmik yırğalanmaq, yellənmək, oynamaq və fırlanmaqla ifası; ABŞ musiqisinin müasir mərhələsi; yeni ifa üslubu. Qərbdə R. həm də ağ dərililərin musiqisi kimi başa düşülür.

ROL (role/part) – Teatrda, kinoda, teleradio tamaşalarında aktyorun yaratdığı obraz; pyesin, kinossenarinin iştirakçılarından birinə aid olan tam mətn.

ROLİKLƏR (rollers) – Audio, video və kinolentin dolandığı vasitə. Lentdartma xəttində işlədilməsinə görə R.-lər müxtəlif olur: saxlayıcı, uzununa yönələn, eninə yönələn, dartıcı, sıxıcı, kombinasiyalı və s.

Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin