İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq Bismillahir-rəhmanir-rəhim



Yüklə 2,33 Mb.
səhifə19/43
tarix07.07.2018
ölçüsü2,33 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

Məsələ 1252: Əgər namaz əsnasında yaxud namazdan sonra başa düşsə ki, dəstəmaz və ya qüslü batil imiş və yaxud qüslsüz və dəstəmazsız namaza məşğul olubmuş, namazı ikinci dəfə dəstəmaz və ya qüsllə qılmalıdır. Əgər vaxt keçibsə, qəza etsin.
Məsələ 1253: Əgər rükuya çatdıqdan sonra əvvəlki rük`ətdən hər iki səcdəni yerinə yetirmədiyini xatırlayarsa, ehtiyata əsasən namazı batildir. Əgər rükuya çatmazdan qabaq yadına düşərsə, qayıdıb iki səcdəni yerinə yetirməli, sonra da qalxıb Həmd və surəni və ya təsbihatı oxuyaraq namazı tamamlamalıdır. Namazdan sonra da ehtiyat-müstəhəbbə əsasən yersiz qiyam üçün iki səhv səcdəsi yerinə yetirməlidir.
Məsələ 1254: Əgər «Əssəlamu ələyna» və «Əssəlamu ələykum» deməmişdən əvvəl yadına düşsə ki, son rük`ətin iki səcdəsini yerinə yetirməyib, gərək iki səcdəni yerinə yetirsin və ikinci dəfə təşəhhüdü və namazın salamını versin.
Məsələ 1255: Namazın salamından qabaq, namazın sonundan bir rük`ət və ya daha çox qılmadığını xatırlayarsa, unutduğu miqdarı yerinə yetirməlidir.
Məsələ 1256: Namazın salamından sonra namazın sonundan bir rük`ət və ya daha çox qılmadığını anlayarsa, əgər namazda unudaraq və ya qəsdən edildikdə namazı batil edən bir iş (arxasını qibləyə çevirmək kimi) görərsə, namazı batildir. Əgər unudaraq və ya qəsdən edildikdə namazı batil edən bir iş görməyibsə, dərhal unutduğu miqdarı yerinə yetirməlidir. Artıq salam verdiyi üçün bir cüt səhv səcdəsi etməsi lazım ehtiyata əsasəndir.
Məsələ 1257: Əgər namazın salamından sonra, namazda ikən unudaraq və ya qəsdən edildikdə namazı batil edən bir iş (arxasını qibləyə çevirmək kimi) gördükdən sonra, son iki səcdəni etmədiyini xatırlayarsa, namazı batildir. Əgər namazı pozan bir iş görmədən xatırlayarsa, unutduğu iki səcdəni yerinə yetirib təkrarən təşəhhüd oxuyaraq namazın salamını verməli və vacib-ehtiyata əsasən əvvəl verdiyi salam üçün iki səhv səcdəsi yerinə yetirməlidir.
Məsələ 1258: Əgər namazı vaxtından qabaq qıldığını bilərsə, onu yenidən qılmalı, əgər vaxt keçmişdirsə də, qəza etməlidir. Əgər namazını qiblənin əksinə qıldığını, yaxud 90 dərəcədən artıq inhirafla qıldığını anlayarsa, vaxt keçməmişdirsə, yenidən qılmalıdır. Əgər vaxt keçmişdirsə, onda qiblənin o tərəfə olduğu xüsusunda şəkkli və ya cahil idisə, qəza etməlidir. Amma əgər şəkkli deyildisə, qəza etməsi lazım deyildir. Əgər qiblənin inhirafının 90 dərəcədən az olduğunu bilərsə, qiblədən dönməsində üzrlü olmasa, məsələn; qiblənin hansı tərəfə olduğunu araşdırmaq xüsusunda və ya məsələni bilmədiyində səhlənkarlıq etmişsə, ehtiyata əsasən, istər vaxtı keçsin, istərsə keçməsin o namazı yenidən qılması lazımdır. Əgər üzürlü olubsa, yenidən qılması lazım deyil.

MÜSAFİRİN NAMAZI
Müsafir gərək zöhr, əsr və xiftən namazlarını səkkiz şərtlə şikəstə, yə`ni iki rük`ət qılsın.
1. Onun səfəri səkkiz şər`i fərsəxdən (təqribən 44 km-dən) az olmasın.
Məsələ 1259: Gedib-gəlməsi üst-üstə səkkiz fərsəx olan şəxs, istər gedişi və ya gəlişi dörd fərsəxdən az olsun, ya olmasın, gərək namazı şikəstə qılsın. Buna əsasən əgər gedişi üç fərsəx və qayıdışı beş fərsəx və ya əksinə olsa, gərək namazı şikəstə, yə`ni iki rük`ət qılsın.
Məsələ 1260: Əgər gediş və gəlişi səkkiz fərsəx olarsa, getdiyi gündə və ya o günün gecəsi qayıtmasa belə, namazını şikəstə qılmalıdır. Amma bu təqdirdə, ehtiyat edərək, namazını tam da qılması daha yaxşıdır.
Məsələ 1261: Səfəri səkkiz fərsəxdən bir qədər az olarsa və ya insan getdiyi yolun səkkiz fərsəx olub-olmadığını bilməzsə, namazını şikəstə qılmamalıdır. Əgər səfərinin səkkiz fərsəxə çatıb-çatmadığında şəkk edərsə, araşdırması lazım deyil və namazı tam qılmalıdır.
Məsələ 1262: Əgər bir adil və ya inanılmış bir şəxs xəbər verə ki, insanın səfəri səkkiz fərsəxdir, bir surətdə ki, onun sözündən xatircəm olsa, gərək namazı şikəstə qılsın.
Məsələ 1263: Səfərinin səkkiz fərsəx olmasına yəqini olan kəs namazı şikəstə qılıb, sonra başa düşsə ki, səkkiz fərsəx olmayıb, gərək onu dörd rük`ətli namaz kimi yerinə yetirsin. Əgər vaxtı keçibsə, qəza etsin.
Məsələ 1264: İstədiyi bir yerə səfərə çıxmaq əzmində olan şəxsin öz səfərinin səkkiz fərsəx olmamasına yəqinliyi olsa yaxud səkkiz fərsəx olub-olmamasında şəkk etsə, belə ki, yolda ikən başa düşsə ki, onun səfəri səkkiz fərsəx imiş, yolu bir az qalsa da, gərək namazı şikəstə qılsın və əgər tamam qılıbsa, gərək ikinci dəfə şikəstə qılsın. Amma vaxtı keçibsə qəza etmək lazım deyil.
Məsələ 1265: Ara məsafəsi dörd fərsəxdən az olan iki məhəllənin arasında bir neçə dəfə gedib-gəlməklə hamısı səkkiz fərsəx olsa da, şəxs namazını bütöv qılmalıdır.
Məsələ 1266: Əgər bir yerə iki yol olsa, biri səkkiz fərsəxdən az və o biri də səkkiz fərsəx və ya ondan çox olsa, insan səkkiz fərsəx olan yoldan oraya getsə, gərək namazı şikəstə qılsın və əgər səkkiz fərsəx olmayan yoldan getsə, gərək tamam qılsın.
Məsələ 1267: Səkkiz fərsəxin başlanğıcı, şəxsin müsafir sayılacağı bir yeri keçdikdən e`tibarən hesab edilməlidir. Belə ki, bu yer, əksər hallarda şəhərin sonu hesab olunan yerdir. Amma bə`zi böyük şəhərlərdə məhəllənin son yerindən də hesab oluna bilər ki, onun axırı məqsəddir.
2. Səfərinin əvvəlindən etibarən qəsdi səkkiz fərsəx olmalıdır. Yə`ni səkkiz fərsəx gedəcəyini bilməlidir. Deməli əgər, səkkiz fərsəxdən az olan bir yerə səfər edərsə və oraya çatdıqdan sonra, gəldiyi yolla birlikdə səkkiz fərsəx olacaq bir yerə getməyə niyyət edərsə, əvvəlcədən qəsdi səkkiz fərsəx olmadığına görə, namazı tam qılmalıdır. Amma əgər oradan səkkiz fərsəx getmək istəyərsə və ya məsələn; bir yerə getsə ki qayıtmağı ilə birlikdə səkkiz fərsəx olacaq, namazını şikəstə qılmalıdır.
Məsələ 1268: Səfərinin neçə fərsəx olacağını bilməyən şəxs, məsələn; bir itkini tapmaq üçün səfərə çıxırsa və onu tapmaq üçün nə qədər yol gedəcəyini bilmirsə, gərək namazı tamam qılsın. Amma qayıdan başda əgər vətəninə və ya on gün qalacağı yerə qədər səkkiz fərsəx, yaxud çox olsa, gərək namazı şikəstə qılsın. Əgər getdiyi zaman gedib-qayıtmağı ilə birlikdə səkkiz fərsəx yolu getməyi niyyət edərsə, namazını şikəstə qılmalıdır.
Məsələ 1269: Müsafir, səkkiz fərsəx yol gedəcəyinə qərarı olduğu təqdirdə, namazını şikəstə qılmalıdır. Deməli, əgər bir şəxs şəhərdən ayrılarsa və məsələn; dost tapacağı təqdirdə, səkkiz fərsəxlik səfərə çıxmağı qəsd edərsə, dost tapacağına əmin olarsa, namazı şikəstə qılmalıdır. Əgər əmin deyilsə, tam qılmalıdır.
Məsələ 1270: Səkkiz fərsəxlik səfərə geməyi niyyət edən bir şəxs, hər gün az miqdarda yol getsə belə, həddi-tərəxxüsə (mə`nası 1305-ci məsələdə deyiləcəyi kimi) çatanda namazını şikəstə qılmalıdır. Amma hər gün çox az bir miqdarda yol gedərsə, namazını həm şikəstə, həm də tam qılması ehtiyat-lazımdır.
Məsələ 1271: Səfərdə başqasının ixtiyarında olan qadın, övlad, nökər və məhbus kimi bir şəxs, səfərinin səkkiz fərsəx olduğunu bilərsə, namazını şikəstə qılmalıdır. Əgər bilməzsə, namazını tam qılmalıdır və soruşması lazım deyildir.
Məsələ 1272: Səfərdə başqasının ixtiyarında olan bir şəxs, əgər dörd fərsəxlik yerə çatmamış ondan ayrılıb səfər etməyəcəyini bilərsə və ya zənn edərsə, namazını tamam qılmalıdır.
Məsələ 1273: Səfərdə başqasının ixtiyarında olan bir şəxs, dörd fərsəxlik bir yerə çatmazdan qabaq ondan ayrılmayacağına xatircəmliyi yoxdursa, namazını tam qılmalıdır. Amma əgər buna xatircəmliyi olarsa, namazını şikəstə qılmalıdır.
3. Yolda öz qəsdindən dönməsin. Deməli, əgər dörd fərsəxə çatmazdan əvvəl öz qəsdindən dönsə, yaxud tərəddüd etsə (şəkkə düşsə), getdiyi məsafə qayıtması ilə birlikdə səkkiz fərsəxdən az olsa, gərək namazı tamam qılsın.
Məsələ 1274: Yoldan bir qədər gedəndən sonra, qayıtmağı ilə birgə səkkiz fərsəx olsa və səfərdən daşınsa, belə qərara alsa ki, orada qalsın və ya on gündən sonra qayıtsın və ya qayıtmağı ilə qalmağında tərəddüdü olsa, gərək namazı tamam qılsın.
Məsələ 1275: Yoldan bir qədər gedəndən sonra, qayıtmağı ilə birgə səkkiz fərsəx olsa və səfərdən daşınsa və qərara alsa ki, qayıtsın, on gündən az orada qalmaq istəsə də, gərək namazı şikəstə qılsın.
Məsələ 1276: Əgər səkkiz fərsəxlik səfərə getmək məqsədi ilə bir yerə doğru hərəkət edərsə və bir miqdar yol getdikdən sonra başqa bir yerə getmək istəyərsə, əgər birinci hərəkət etdiyi yerdən getmək istədiyi yerə qədər səkkiz fərsəx olarsa, namazını şikəstə qılmalıdır.
Məsələ 1277 Səkkiz fərsəxlik yerə çatmazdan qabaq, yolun qalan qismini gedib-getməməkdə tərəddüdə düşərsə, tərəddüdlü olduğu zaman yol getməzsə və sonra qalan qismi də getməyi qərara alarsa, səfərin sonuna qədər namazını şikəstə qılmalıdır.
Məsələ 1278: Səkkiz fərsəxlik yerə çatmadan, yolun qalan qismini gedib-getməməkdə tərəddüd edərsə, tərəddüdlü olduğu zaman bir miqdar yol gedərsə və sonradan, əlavə olaraq səkkiz fərsəx də getməyə və ya gediş-gəlişi səkkiz fərsəx olan bir yerə getməyi qərara alarsa, səfərin sonuna qədər namazını şikəstə qılmalıdır.
Məsələ 1279: Səkkiz fərsəxlik yerə çatmazdan qabaq, yolun qalan qismini gedib-getməməkdə tərəddüd edib tərəddüd edən zaman bir miqdar yol gedərsə və sonradan, qalan qismi getməyi qərara alarsa, əgər tərəddüdlə getdiyi məsafəni çıxmaqla, gedib-gəlməyin məcmusu səkkiz fərsəxdən az olarsa, namazı tamam qılmalıdır. Amma əgər ondan az olmasa, namazını şikəstə qılmalıdır.
4. Səkkiz fərsəxə çatmamış öz vətənindən keçib orada, ya da on gün və ya daha çox bir yerdə qalmağa qərar verməməsi lazımdır; o halda bir şəxs səkkiz fərsəxə yetişməmişdən vətəninə qayıdıb orada qalmaq (dayanmaq) istərsə, ya da on gün bir yerdə qalmaq istərsə, namazı bütöv qılmalıdır. Əgər vətənindən, dayanmadan keçərsə, ehtiyatən həm şikəstə, həm də bütöv qılmalıdır.
Məsələ 1280: Səkkiz fərsəxə çatmadan vətənindən keçib-getməyəcəyini və ya bir yerdə on gün qalıb-qalmayacağını bilməyən şəxs, namazını tamam qılmalıdır.
Məsələ 1281: Səkkiz fərsəxə çatmadan vətənindən keçərək və ya bir yerdə on gün qalmaq istəyən və həmçinin bir yerdə on gün qalmaq və ya vətənindən keçmək xüsusunda tərəddüdlü olan bir şəxs, əgər on gün qalmaqdan və ya vətənindən keçmək fikrindən dönərsə, yenə də namazını tamam qılmalıdır. Amma qalan yol, qayıdışla birlikdə səkkiz fərsəx olarsa, belə namazını şikəstə qılmalıdır.
5. Səfəri haram bir iş üçün olmamalıdır; əgər oğurluq kimi haram bir iş üçün səfər edərsə, namazı tamam qılmalıdır. Həmçinin əgər səfərin özü haram olarsa məsələn; səfər onun ölməsinə, ya hər hansı üzvünün nöqsanlı olmasına səbəb olan bir zərəri olarsa və ya qadın, ərindən icazəsiz olaraq ona vacib olmayan bir səfərə gedərsə, hökm eynidir. Amma əgər həcc səfəri kimi vacib səfər olarsa, namazı şikəstə qılmalıdır.
Məsələ 1282: Vacib olmayan səfər, əgər ata-ananın mehribanlıq səbəbindən əziyyət çəkməsinə səbəb olarsa, haramdır. İnsan belə bir səfərdə namazını tamam qılmalı və orucunu da tutmalıdır.
Məsələ 1283: Səfəri haram olmayan və haram iş üçün də səfər etməyən kəs, hərçənd səfərdə günah iş etsə belə, məsələn, qeybət etsə, yaxud şərab içsə, gərək namazı şikəstə qılsın.
Məsələ 1284: Əgər vacib olan bir şeyi tərk etmək üçün səfərə çıxarsa, istər səfərdə başqa məqsədi də olsun və ya olmasın, namazını tamam qılmalıdır. Buna görə, borclu olub borcunu verə biləcək halda olan şəxsin borcunu borc verən istəyərsə və o da səfər zamanı borcunu qaytarmağa imkanı olmadığından, borcu qaytarmaqdan boyun qaçırmaq üçün səfərə çıxarsa, namazını tamam qılmalıdır. Amma əgər səfəri başqa bir iş üçün olarsa, səfərdə vacib bir işi tərk etsə belə, namazını şikəstə qılmalıdır.
Məsələ 1285: Əgər səfərdə mindiyi heyvan, yaxud başqa bir minik qəsbi olsa və ya sahibindən qaçmaq üçün səfər etsə, yaxud qəsbi yerdə səfər etsə, gərək namazı tamam qılsın.
Məsələ 1286: Zalım şəxs ilə səfər edən kəs əgər naçar olmasa və onun səfəri zalıma kömək olsa, gərək namazı tamam qılsın. Əgər naçar olsa, yaxud məsələn, məzluma nicat vermək üçün onunla səfər etsə, namazı şikəstədir.
Məsələ 1287: Əgər əylənmək, ya gəzmək üçün səfər etsə, onun səfəri haram deyil və gərək namazı şikəstə qılsın.
Məsələ 1288: Xoş güzəran keçirib ləhv və əylənmək məqsədi ilə ova gedərsə, baxmayaraq ki, haram deyil amma gedən vaxt namazını tamam qılmalıdır. Qayıtdıqda isə, yolu şikəstə sayılmalı olan miqdarda olsa və gedişi kimi, məqsədi ovçuluq olmazsa, namazını şikəstə qılmalıdır. Amma əgər dolanışığını tə`min etmək üçün ova gedərsə, namazını şikəstə qılmalıdır. Həmçinin, malını çoxaltmaq və ticarət üçün ova gedərsə də hökm eynidir. Fəqət bu təqdirdə, namazını həm şikəstə, həm də tamam qılması ehtiyat müstəhəbbdir.

Məsələ 1289: Günah iş üçün səfərə gedən şəxs qayıdan zaman əgər təkcə qayıtmağı səkkiz fərsəxdirsə, gərək namazı şikəstə qılsın. Ehtiyat müstəhəbb odur ki, tövbə etməyibsə, həm şikəstə və həm də tamam qılsın.
Məsələ 1290: Səfəri günah olan şəxs, əgər yolda günah qəsdindən dönsə, yolun qalanı istər tənha, istərsə oradan gedib-gəlməyin cəmi səkkiz fərsəx olsa da, olmasa da, gərək namazı şikəstə qılsın.
Məsələ 1291: Günah iş üçün səfər etməyən şəxs, əgər yolda ikən yolun qalanını günah məqsədi ilə getsə, gərək namazı tamam qılsın. Amma şikəstə qıldığı namazlar səhihdir.
6. Səhrada səfər edib özləri və heyvanları üçün harada yemək və su tapılarsa, orada qalıb, bir müddət sonra başqa bir yerə gedən köçərilər kimi, müəyyən bir məkanları olmayan şəxslərdən olmamalıdır. Belə ki, bu kimi insanlar, bu səfərlərində namazlarını tamam qılmalıdırlar.
Məsələ 1292: Köçəri olan bir şəxs, mənzil və heyvanları üçün otlaq yeri tapmaq üçün səfər edərsə, onun bu səfəri çadır və digər vəsaitlərlə birlikdə olarsa, və «evi özü ilədir» deyilsə namazını tamam qılmalıdır. Əks təqdirdə, səfəri səkkiz fərsəxdirsə, namazını şikəstə qılmalıdır.
Məsələ 1293: Əgər səhranişin, yə`ni köçəri bir şəxs ziyarət, həcc, ticarət və bu kimi işlər üçün səfərə çıxsa, «evi özü ilədir» ünvanı ilə adlana bilməsə, gərək namazı şikəstə qılsın. Əgər adlana bilsə, tamam qılmalıdır.
7. Kəsirüs-səfər, yə`ni Məşğuliyyəti səfər olmamalıdır. Amma işi səfərlə bağlı olanlar, sürücü, gəmiçi, postçu, çoban, çox səfər edən şəxslərin işi ona bağlı olmasa belə, məsələn, həftədə üç gün səfər edənlər kimi, hərçənd əylənmək və ya səyahət üçün səfər etsələr belə, namazı tamam qılmalıdır.
Məsələ 1294: Məşğuliyyəti səfərdə olan şəxs, həcc və ya ziyarət kimi başqa bir iş üçün səfər edərsə, namazını şikəstə qılmalıdır. Amma əgər ona ürfdə kəsirüs-səfər desələr belə (yə`ni çox səfər edən) məsələn, hər həftədə üç səfər edən şəxs kimi, gərək namazını tamam qılsın. Amma əgər sürücü öz maşınını ziyarət üçün kirayə verərsə və özü də onunla ziyarətə gedərsə, gərək namazını tamam qılsın.
Məsələ 1295: Həmlədar (karvançı), yə`ni hacıları Məkkəyə çatdırmaq üçün səfər edən şəxs, əgər məşğuliyyəti səfərdirsə, namazını tamam qılmalıdır. Əgər məşğuliyyəti səfər olmazsa və yalnız həcc mövsümündə hacılara həmlədarlıq etmək üçün səfər edərsə, onun səfər müddəti az olsa, (məsələn, 2-3 həftə) namazı şikəstədir. Əgər çox olsa (3 ay kimi), namazı tamamdır. Əgər ona «kəsirüs-səfər» deyilib-deyilməməsində şəkk edərsə, ehtiyatən həm tamam, həm də şikəstə qılmalıdır.
Məsələ 1296: Sürücü və bu kimi ünvanın deyilə bilməsində şərtdir ki, sürücülüyü davam etdirmək qərarında olsun və onun istirahət zamanı, sürücülərin adi istirahət müddətindən uzun olmasın. Deməli, misal üçün, həftədə bir gün səfər edən şəxsə, sürücü deyilməz. Amma «kəsirüs-səfər» ünvanı heç olmazsa həftədə üç gün, ya ayda on gün səfər edən şəxsə deyilə bilər, belə ki, heç olmazsa ildə altı ay, ya iki ildən artıqda üç ay bu vəziyyəti davam etdirmək qərarında olsun. (Əlbəttə, birinci ayda ehtiyatən həm şikəstə, həm də tamam qılmalıdır). Amma kəsirüs-səfər ünvanı həftədə bir gün səfərdə olana deyilməz. Və əgər həftədə iki gün səfərdə olsa, vacib ehtiyata görə həm şikəstə, həm də tamam qılmalıdır.
Məsələ 1297: Avtomobilini yalnız yaz və ya qış mövsümündə kirayəyə verən sürücü kimi, ilin bir qismində məşğuliyyəti səfər olan bir şəxs, bu səfərində namazını tam qılmalıdır. Amma həm şikəstə, həm də tamam qılması ehtiyat-müstəhəbbdir.
Məsələ 1298: Şəhərin ətrafında iki-üç fərsəxlik yolda gediş-gəliş edən sürücü və marşrut, bir səfərində təsadüfən səkkiz fərsəxlik yol gedərsə, namazını şikəstə qılmalıdır.
Məsələ 1299: Peşəsi səfər etmək olan şəxs, istər on gün və ya çox öz vətənində qalsın və əvvəldən qəsdi on gün qalmaq olsun, yaxud qəsdi olmadan qalsın, gərək həmən birinci səfərdə ki, on gündən sonra gedəcək, namazı tamam qılsın. Həmçinin əgər vətənindən başqa yerdə on gün qəsdilə və ya qəsdsiz qalsa da belə, hökm eynidir. Amma çarvadar (mal-qara alverçisi) və ya avtomobilini kirayə verən şəxsin xüsusunda, belə olarsa ehtiyat müstəhəbb odur ki, on gündən sonra getdiyi ilk səfərdə həm şikəstə, həm də bütöv qılsın.
Məsələ 1300: Məşğuliyyəti səfər olan şəxsin namazının tamam olması üçün üç dəfə səfər etməsi, şərt deyil; elə sürücü və bu kimi ünvan ona deyilə bilsə hərçənd ilk səfərində olsa belə, namazı tamamdır.
Məsələ 1301: Mal-qara alverçisi və sariban kimi məşğuliyyəti səfər olan şəxslərin normadan artıq səfər etmələri, onların çətinliyə düşmələrinə və yorğunluqlarına səbəb olarsa, namazlarını şikəstə qılmaları gərəkdir.
Məsələ 1302: Şəhərlərdə gəzməkdə olan və özü üçün vətən seçməyən şəxs, namazı tamam qılmalıdır
Məsələ 1303: Məşğuliyyəti səfər olmayan şəxs, əgər məsələn; bir şəhər və ya kənddə olan malını daşımaq üçün ardıcıl səfər edərsə, namazını şikəstə qılmalıdır. Amma əgər onun səfərləri xalq arasında «kəsirüs-səfər» deyiləcək qədər çox olarsa, namazını tamam qılmalıdır (ki, bunun me`yarı 1296-cı məsələdə deyildi).
Məsələ 1304: Vətənindən əl çəkib özü üçün başqa yerdə vətən seçmək istəyən şəxsin, əgər ona namazın tamam qılınmasına səbəb olacaq ünvan (kəsirüs-səfər, köçəri kimi) deyilməzsə, gərək öz səfərində namazı şikəstə qılsın.
8. Əgər vətənindən hərəkət edirsə, həddi-tərəxxüsə yetişməsidir. Amma vətəndən başqa yerdə həddi-tərəxxüsə e`tibar yoxdur. İqamət yerindən xaric olan kimi, namazı qəsrdir.
Məsələ 1305: Həddi-tərəxxüs, şəhər əhlinin, hətta şəhərin ətrafında olanların müsafiri görmədiyi yerdir. Bunun nişanəsi isə, onun şəhər əhlini görməməsidir.
Məsələ 1306: Vətəninə qayıdan müsafir, vətəninə çatana qədər namazını şikəstə qılmalıdır. Həmçinin bir yerdə on gün qalmaq istəyən şəxs, oraya çatmayana qədər namazını şikəstə qılmalıdır.
Məsələ 1307: Əgər şəhər hündürlükdə olsa, oranın əhli uzaqdan görünərsə və ya çuxurluqda olsa, azacıq uzaqlaşdıqca oranın əhli görünməzsə, belə bir şəhərdən səfərə çıxan şəxs, əgər oradan, «o şəhər düz yerdə olsaydı, artıq oranın xalqı görünməzdi» deyiləcək qədər uzaqlaşdığı zaman, namazını şikəstə qılmalıdır. Həmçinin əgər yolun dərə-təpəsi normadan artıq olarsa, normanı nəzərə almaq lazımdır.
Məsələ 1308: Gəmi və ya qatarda olub həddi-tərəxxüsə yetişmədən, tam qılmaq niyyəti ilə namaza başlayan şəxs, əgər üçüncü rük`ətin rükusundan qabaq həddi-tərəxxüsə çatarsa, namazını şikəstə olaraq tamamlamalıdır.
Məsələ 1309: Yuxarıdakı məsələdə izah olunduğu kimi, əgər üçüncü rük`ətin rükusundan sonra tərəxxüs həddinə çatsa, başqa bir namazı şikəstə qılmalıdır və birinci namazı tamamlamaq lazım deyil.
Məsələ 1310: Əgər bir şəxs həddi-tərəxxüsə yetişdiyinə əmin olub, namazını şikəstə qılarsa və sonra da namaz qılarkən həddi-tərəxxüsə yetişmədiyi anlaşılarsa, o namazı yenidən qılması gərəkdir. Belə ki, əgər bu halda həddi-tərəxxüsə çatmamışdırsa, namazını tamam qılmalıdır. Əgər həddi-tərəxxüsdən keçmişdirsə, namazını şikəstə olaraq qılmalıdır. Əgər vaxt keçmişdirsə, namazını qəzaya getdiyi zamandakı vəzifəsinə əsasən qəza etməlidir.
Məsələ 1311: Gözü adi vəziyyətdə deyilsə, adi gözün şəhərin əhlini görmədiyi bir yerdə namazını şikəstə qılmalıdır.
Məsələ 1312: Səfərə getdiyi zamanı həddi-tərəxxüsə yetişib-yetişmədiyində şəkk edərsə, namazını tam qılmalıdır.
Məsələ 1313: Səfər zamanı vətənindən keçən bir müsafir, orada dayanarsa, namazını tam qılmalıdır. Əks təqdirdə, lazım-ehtiyata əsasən, namazını həm şikəstə, həm də tam olaraq qılmalıdır.
Məsələ 1314: Səfər zamanı vətəninə çatıb orada dayanan şəxs, orada olduğu müddətdə namazını tam qılmalıdır. Amma əgər oradan səkkiz fərsəxlik bir yola getmək istəyərsə və ya dörd fərsəxə gedib-qayıtmaq istəyərsə, (qayıdan baş) həddi-tərəxxüsə çatdığı zaman namazını şikəstə qılmalıdır.
Məsələ 1315: İnsanın yaşamaq və daimi qalmaq üçün seçdiyi yer onun vətənidir, istər orada dünyaya gəlsin və ata-anasının vətəni olsun, istərsə də özü oranı yaşamaq üçün qərar versin.
Məsələ 1316: Əgər məqsədi bir müddət əsil vətəni olmayan yerdə qalıb sonra başqa yerə getmək olsa, ora onun vətəni hesab olunmaz.
Məsələ 1317: İnsanın öz yaşayışı üçün seçdiyi yerdə daimi məskunlaşmaq niyyəti olmasa belə, əgər xalq arasında o, orada müsafir qəbul edilməzsə, belə ki, müvəqqəti olaraq on gün və ya daha çox bir müddət üçün başqa bir yerdə qalmağı qərara alsa birinci yeri onun yaşayış yeri olaraq görürsə, ora onun üçün vətən hökmünü daşıyır.
Məsələ 1318: İki yerdə yaşayan şəxs, məsələn, altı ay bir yerdə və altı ay da başqa yerdə qalsa, hər ikisi ona vətəndir. Habelə əgər iki yerdən artıq özünə yaşayış yeri seçsə, onların hamısı ona vətən hesab olunar.
Məsələ 1319: Füqəhanın (müctəhidlərin) bə`zisi, demişlər ki, əgər bir şəxsin bir yerdə məskunlaşdığı evi olsa və qalmağı qəsd edərək, ardıcıl altı ay orada qalarsa, o ev onun malı olduğu müddətdə qədər, o yer onun vətəni hökmündədir belə ki, səfərdə oraya çatdığı hər vaxt namazını tamam qılmalıdır. Lakin bu hökm sübut olunmamışdır.
Məsələ 1320: Əvvəllər vətəni olub, fikrindən daşındığı bir yerə çatdıqda, özünə başqa bir vətən seçməmiş olsa belə, namazını tam qılmamalıdır.
Məsələ 1321: Bir yerdə ardıcıl olaraq on gün qalmağı qəsd edən və ya ixtiyarsız halda bir yerdə on gün qalacağını bilən bir müsafir, orada namazını tamam qılmalıdır.
Məsələ 1322: Bir yerdə on gün qalmaq istəyən müsafirin, birinci və ya on birinci günün gecəsini də orada qalmağı qəsd etməsi lazım deyildir. Əgər birinci günün sübh azanından, onuncu günün günəş batmasına qədər orada qalmağı qəsd edərsə, namazı tam qılmalıdır. Birinci günün zöhründən on birinci günün zöhrünə qədər orada qalmağı qəsd edərsə də, hökm eynidir.
Məsələ 1323: On gün bir yerdə qalmaq istəyən müsafir, əgər bütün on günü bir yerdə qalmaq istəyərsə, namazını tam qılmalıdır. Belə ki, on gün Nəcəflə Kufədə, yaxud Tehranla Şimiranda qalmaq istəyərsə, namazı şikəstə qılmalıdır.
Məsələ 1324: On gün bir yerdə qalmaq istəyən müsafir, qalacağı on gün ərzində o yerin camaat arasında ayrı bir yer hesab olunan və fasiləsi dörd fərsəxdən az olan ətrafına getməyi əvvəldən qəsd etmişdirsə, əgər gedib-gəlmək müddəti ürfün nəzərində on gün qalması ilə zidd olmayacaq miqdardadırsa, namazını tam qılmalıdır. Əgər on gün qalmaqla zidd olarsa, şikəstə qılmalıdır. Məsələn; əgər əvvəldən bir gündüzü və ya bir gecəni oradan ayrılmaq istəyərsə, bu onun iqamət məqsədi ilə ziddir və namazını şikəstə qılmalıdır. Amma əgər onun qəsdi bu olsa ki, məsələn, günün yarısını xaric olsun və sonra qayıtsın, hərçənd qayıtması gecə olduqdan sonra olsa belə, gərək namazı tamam qılsın. Amma əgər onun bu cür ayrılması, ürfdə «iki və ya daha çox yerdə iqamət edir» deyiləcək qədər təkrarlanırsa, namazını şikəstə qılmalıdır.
Məsələ 1325: Bir yerdə on gün qalmağı qərara almayıb, məsələn; əgər dostu gələrsə və ya yaxşı mənzil tapsa, on gün orada qalacağını qəsd edən müsafir, namazını şikəstə qılmalıdır.
Məsələ 1326: Bir yerdə on gün qalmağı qərara alan bir şəxs, əgər orada qalmasına bir şeyin mane olmasına ehtimal verirsə və bu ehtimal aqil şəxslərin nəzərində qəbul olunan bir ehtimal olarsa, namazını şikəstə qılmalıdır.
Məsələ 1327: Ayın sonuna on gün və ya daha çox qaldığını bilən şəxs, ayın sonuna qədər bir yerdə qalmağı qərara alarsa, namazını tam qılmalıdır. Amma əgər ayın sonuna bir neçə gün qaldığını bilməz və ayın sonuna qədər bir yerdə qalmağı qərara alarsa, hərçənd qərarlaşdırdığı zamandan ayın sonuna qədər on gün və ya daha çox qalmış olsa belə, namazını şikəstə qılmalıdır.
Kataloq: dosya -> uygulama

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə