Mimika və jestlər natiqliyin mühüm şərtlərindəndir. Belə ki, bunlarsız şifahi nitq mümkün deyil.
Jest, mimika və məsafə nitqin təsirini artırır, dinləyicinin diqqətini cəmləşdirir, onu yorulmağa qoymur.
Nitq prosesində üz əzələlərinin mənalı hərəkəti mimika adlanır. Ola bilməz ki, sən danışasan, amma üz hərəkətlərin sənin danışığına uyğun nə isə bildirməsin. Mimika nitqin anlaşılmasında, ifadəli olmasında, müəyyən emosionallığın, sözlə ifadəsi mümkün olmayan çalarların verilməsində, fikrin ciddi və ya ironiya ilə deyilməsində çox ciddi rol oynayır.
Jest əl- qol hərəkətlərinə deyilir. Jestlər əl- qol hərəkətlərindən danışığın intonasiyasına, ritminə uyğun istifadədir. Ancaq, jestlər həddini aşmamalıdır, nitqin məzmun və istiqamətinə uyğun gəlməlidir, ölçülüb- biçilməlidir. Yersiz jestlər ironiya və gülüş doğura bilər.
Biz öz mimika və jestlərimizlə hansı sualısa cavablandıra bilərik, kiməsə öz rəğbət, razılıq, etiraz və qəzəbimizi bildirə bilərik.
Natiqliyin şərtlərindən biri də məsafədir. Nitq zamanı həmişə natiq ilə dinləyicilər arazında müəyyən məsafə gözlənilməli və qorunmalıdır. Yəni, natiq öz çıxışı zamanı dinləyicilərlə arasında müəyyən məsafə saxlamalıdır. Bunu isə jarqon və ya vulqar sözlər kimi nitq pozuntularına yol verməməklə, hadisəyə düzgün və ciddi yanaşmaqla təmin etmək mümkündür.