Kurs: III kurs



Yüklə 31 Kb.
tarix10.01.2022
ölçüsü31 Kb.
#108613

İxtisas: MTT

Kurs: III kurs

Fənn: Musiqi və onun tədrisi metodikası.

Mövzu: Musiqinin janr və formaları.

Ədəbiyyat siyahısı:



  1. J.Qədimova “ Musiqinin tədrisi metodikası” Bakı-2007.

  2. Afət Həsənova, Svetlana Hacıyeva.” Musiqi və onun ibtidai siniflərdə tədrisi metodikası”Bakı-2012.

Müəllim: b/m Cəlaləddin Əliyev.

e-mail adresi djelal63@mail.ru

Plan:

1. Klassik musiqinin əsas formaları.



2. Vokal musiqi janrları.

3. Musiqili dramatik əsərlər.

Göndəriləcək adres:yolcuoguz@gmail.com

Musiqinin janr və formaları

Janr Fransız sözü olub mənası “cins”.”növ” deməkdir. İfa üsulundan asılı olaraq eşitdiyimiz bütün musiqi əsərləri vokal (solo, xor oxuma), instrumental (müxtəlif musiqi alətləri, ansambllar,simfonik orkestr və s...üçün) və vokal instrumental musiqiyə ayrılırlar. Yuxarıda adların çəkdiyimiz musiqi növləri də bir sıra musiqi janrlarına ayrılırlar. Məsələn, simfonik musiqinin janrlarına simfoniya, simfonik poema, simfonik uvertura və s...aiddir.

Forma latın sözü olub mənası “zahiri görünüş”deməkdir. Bu forma,”bədii əsərlərin, sənətin mövcud növünün təsviri-ifadə vasitələri sisteminin köməyilə bədii məzmunu ifadə etmək üçün yaradılmış daxili quruluşdur, strukturadır” Forma məzmunun əsərdə necə və hansı vasitələrlə təcəssüm tapdığını göstərir. Musiqi əsərlərinin bədii tərtibi,süjeti, musiqi dili onun formasıdır. Lakin bu və ya digər məzmunu vermək üçün müəyyən bir forma da olmalıdır. Aydındır ki, forma olmazsa məzmun da özünü göstərə bilməz.Məzmun olmadıqda isə forma da öz əhəmiyyətini itirmiş olur. Bu iki ünsür bir-birilə sıx surətdə bağlıdır. Əksər hallarda forma məzmunla təyin edilir.

Eyni zamanda forma passiv bir şey deyildir və məzmuna təsir göstərə bilər. Məzmun ilə formanın vəhdəti musiqi əsərlərində (ümumiyyətlə sənət,incəsənət əsərlərində )əsas,vacib şərtlərdəndir. Forma məzmunla əlaqədardır, məzmunla təyin edilir, lakin bir daha qeyd etmək istəyirəm ki, məzmunda formasız mövcud ola bilməz.

Klassik musiqinin əsas formaları

İki hissəli forma.

İki hissəli forma intonasiya etibarıilə biri- birinə əks olan iki melodiyanın birləşməsindən əmələ gəlir. Bu cür forma bir cox xalqların mahnı və rəqs yaradcılığına xasdır. Türk, Belarus,Ukraniya xalq musiqisində, eləcədə Azərbaycan bəstəkarlarının peşəkar musiqi əsərlərində bu forma özünü qabarıq şəkildə göstərir.

Üç hissəli forma.

Üç hissəli forma ən geniş yayılmış musiqi əsərləri formasıdır. Bu formada bir qayda olaraq üç şöbə olur. İkinci şöbə istər özünün melodiyasına görə və istərsə də musiqi ifadə vasitələrinə görə birinci və üçüncü şöbədən fərqlənirlər. Bir çox musiqi əsərləri; o cümlədən mahnılar, ariyalar, rəqslər və s. məhz bu formada bəstələnir. Azərbaycan xalq musiqisinin bir çox nümunələri də bu formadadır.

Rondo.

Rondo sözünün mənası “dairə”deməkdir. Burada əsas mövzu hər dəfə verilən yeni intonasiyalı mövzudan sonra təkrar olunur. Məhz bu cür təkrar musiqi dairəsi əmələ gətirir. Rondo forması bir çox xalqların mahnı və rəqs musiqisinə xasdır. Burada solist əsas kupletləri oxuyur, xor isə eyni mövzunu təkrar edir.

XVIII əsrin sonu XIX əsrin əvvəllərində, xüsuilə Vena klassik bəstəkarları Haydn , Motsart və Bethovenin yaradıcılığında “klassik rondo” forması daha geniş şəkildə yayılmışdır. Bunlara misal olaraq Darqomıjskinin, Barodinin, Çaykovskinin, bir çox romanslarını göstərmək olar. Qlinkanın operalarından bir neçə ariya , o cumlədən “ İvan Susanin”dən “Antonidanın rondosu”, “Ruslan və Lyudmila” operasından “Farlafın rondosu” bu formada bəstələnmişdir. Bir çox simfonik əsərlərdə də bu formadan geniş istifadə olunmuşdur. Bunlardan Qlinkanın “Vals fantaziyasına “ , Şostakoviçin VII simfoniyasından “Skersto” nu və s. göstərmək olar.

Variasiya.

Əsas musiqi mövzusunun sonradan muxtəlif musiqi ifadə vasitələri ilə bir neçə dəfə dəyişilməsinə variasiya deyilir. Artıq şəkli dəyişmiş hər yeni mövzu variasiya adlanır. “Variasiya musiqi formasının əsasını şəkil dəyişdirmək yolu ilə əsərin ideya məzmununu inkişaf etdirmək metodu təşkil edir, yaxud da bir surətin muxtəlif cəhətlərini açıb göstərir”. İstər klassik və istərsə də muasir bəstəkarların yaradıcılığında variasiyaya tez –tez rast gəlmək mümkündür. Xususilə Bax , Hendel, Haydn, Motsart, Bethovenin yaradıcılığında variasiya forması geniş yayılmışdır. Variasiya Azərbaycan bəstəkarlarından Qara Qarayev , Fikrət Əmirov, Əşrəf Abbasov, Elmira Nəzirova və eləcə də bir çox başqalarının yaradıcılığında özünə geniş yer tapmışdır.

Ballada


Vaxtilə baş vermiş bir hadisənin musiqi vasitəsilə “nəql edən musiqi əsərləri”balada adlanır. Bu formada bəstələnən musiqi əsərlərində əfsanəvi mövzular daha geniş yer tutur. Ballada forması instrumental musiqidə daha çox yayılmışdır. Burada bəstəkarlardan Şopenin, Listin, Qriqin, balladalarını xüsusi qeyd etmək lazımdır.

Sonata forması.

Bu forma instrumental musiqidə daha geniş şəkildə yayılmışdır. Sonata forması sonatanın, simfoniyanın, konsertin, kvartetin hissələrindən birinin daxili quruluş formasıdır. Bu forma hələ XVIII əsrdə bəstəkarlardan Haydn və Motsartın yaradcılığında özünü ğöstərir.

Sonata forması üç əsas şöbədənin biri-birilə üzvi surətdə birləşməsi nəticəsində yaranmışdır.



  1. Ekspozisiya (yeni şərh, ifadə).

2. Razrabotka (işlənmə, inkişaf etdirmək).

3 Repriza ( təkrar).

Bütün digər bəstəkarların yaradıcılığında olduğu kimi, Azərbaycan bəstəkarlarının yaradıcılığında sonata formasında yazılmış gözəl musiqi nümunələri az deyildir. Bunlara misal olaraq Qara Qarayevin “Leyli və Məcnun” simfonik poemasını, Cövdət Hacıyevin IV simfoniyasını, Soltan Hacıbəyovun “ Simfonik uvertura”sını və digər çoxlu musiqi əsərlərini göstərmək olar.

Vokal musiqi janrları

Mahnı.

Musiqi sənətində ən geniş yayılmış vokal janrı müxtəlif xarakterli, müxtəlif məzmunlu mahnılardır. Mahnılar özünün sadəliyinə, konkretliyinə görə hamı tərəfindən asan başa düşülür və tez bir zamanda dillər əzbəri olur. Mahnı poeziya ilə musiqinin vəhdətindən yaranır. Əsasən iki, üç hissəli və eləcə də kuplet formasında olurlar.



Özünün yaranma tarixinə görə mahnı musiqi sənətinin ən qədim növüdür. Qeyd etmək lazımdır ki, müasir mahnı janrı xalq mahnılarının ən gözəl ənənələri əsasında inkişaf edib bugünkü yüksək inkişaf mərhələsinə çatmışdır. Mahnıların daşıdıqları məzmunlara görə müxtəlif qruplara ayırmaq olar; lirik mahnılar, qəhrəmanlıq mahnıları, əmək mahnıları, məzhəkəli mahnılar, vətənpərvərlik mahnıları və s.

Romans.


Romans vokal musiqi janrı ilk dəfə XVI əsrdə İspaniyada yaranmışdır. Onu mahnıdan fərqləndirən əsas cəhət budur ki, burada mətin musiqi ilə daha sıx bağlıdır. Romansda mətindəki əhval- ruhiyyə daha dəqiq, konkret musiqi dili ilə verilir. Ümumiyyətlə romans janrı musiqi sənətində çox geniş bir sahəni təşkil edir. Bu janrda istər klassik Qərbi Avropa, Azərbaycan, rus və eləcədə müxəlif bəstəkarların bir çox müxtəlif xarakterli, müxtəlif məzmunlu əsərləri vardır. Romans janrının yüksək inkişaf mərhələsinə çatmasında xüsusilə rus klassik bəstəkarlarından Alyabiyev, Varlamov, Darqomıjski, Musorqski, Borodin, Rimski- Korsikov, Çaykovski və eləcədə bir çox başqalarının böyük rolu olmuşdur. Azərbaycan musiqisidə romans janrı özündən əvvəlki romans janrının ən yaxşı cəhətlərini özündə toplayaraq daha da inkişaf etmişdir.

Bu janrda Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyli, Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Ağabacı Rzayeva, Ədilə Hüseynzadə, və başqaları ğözəl əsərlər bəstələmişlər.

Ariya

Sizlərdən bir çoxu yəqin ki, istər müasir və istərsədə klassik ədəbiyyatdan bir çox ədəbi əsərlərdəki qəhramanların manaloqunu hətta əzbərdən bilirsiniz. Səhnədə göstərilən bu və digər əsərlərdə aktyorun öz qəhramanının daxili hiss və həyacanını, sevinc və kədərini, qəzəb və nifrətini , istək və arzularını nə qədər böyük bir emosionallıqla , ifadəli şəkildə dinləyici, yaxud da tamaşaçıya çatdırmağa çalışdığını dəfələrlə müşahidə etmisiniz. Dram əsərlərindəki həmin manoloqa musiqidə ariya deyilir. Ariya opera, operetta (musiqili komediya ),oratoriya və kantatanın mühim tərkib hissələrindəndir . Ariyanı dram əsərlərindəki monoloqdan fərqləndirən əsas cəhət budur ki , burada qəhrəmanın əhval – ruhiyyəsi , daxili həyəcanları musiqi ilə ifadə olunur . O, bir mügənni tərəfindən orkestrin (yaxud da müəyyən bir musiqi alətinin ) muşayiətilə oxunan bitmiş musiqi parçasıdır . Ariya həmçinin əsərin qəhrəmanının tutduğu mövqe və vəziyyəti də tamaşaçıya çatdırır . Şübhəsiz musiqinin hər hansı bir janr və forması kimi vokal musiqi janrı olan ariya da müəyyən bir inkişaf mərhələsi keçmişdir . Təsadüfi deyildir ki , ilk opera əsərlərində dolğun, musiqi cəhətdən samballı ariyalara təsadüf edilmir. Həmin opera əsərlərində (XVI – XVII əsrlər) əsas etibarilə danışığa çox yaxın olan “reçitativ” lərdən istifadə olunurdu. Ariya isə bitmiş, tam musiqi janrıdır. O, əvvəldən axıra qədər oxunmalıdır. Onun daşıdığı ad da elə buradan götürülmüşdür. Ariya İtalyan sözü olub mənası “təranə” deməkdir. Ariya ilə reçitativ arasındakı fərqlərdən biri də budur ki, ariyalar bir qayda olaraq şer əsasında bəstələnirsə, reçitativ üçün çox zaman nəsrdən istifadə olunur. Məhz elə buna görə də bir çox hallarda reçitativə musiqili nəsr də deyilir.



Ariyalar həcmcə heç də həmişə eyni olmurlar. Elə buna görə də öz həcminə görə kiçik ariyalara “ariyetta” deyilir. Bəzi hallarda isə musiqi əsərlərindəki qəhrəman öz hissiyatının yalnız müəyyən bir cəhətini ifadə edir ki, bəstəkar “arioza” adlı vokal nömrəsi kimi verir. Ariyada ifaçı obrazın daxili aləmini açmaq üçün insan səsinin bütün bədii və texniki imkanlarından istifadə edir. O, konsertlərdə bir çox hallarda solo nömrəsi kimi də ifa olunur. Uzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlu və Nigarın ariyaları, “Füruzə” operasından Füruzənin ariyası, Müslum Maqomayevin “Nərgiz” operasından Nərgiz və Əlyarın ariyaları, “Şah İsmayıl” operasından Aslan şahın ariyası, Fikrət Əmirovun “Sevil” operasından Balaşın ariyası, eləcə də rus klassik operalarından Qlinkanın “İvan Susanin” operasından Susaninin ariyası, Borodinin “Knyaz İqor” operasından İqorun ariyası musiqi sənətində ən gözəl ariyalardan sayılırlar. Həmin ariyaları dinləyicilər (eləcə də tamaşaçılar) operada olduğu kimi, konsert salonlarında da böyük həvəs və maraqla dinləyirlər.

Vokal ansamblları

Bir qayda olaraq dram əsərlərindəki iştirakçılar (surətlər) bir-birilə əsərin məzmunundan asılı olaraq müəyyən münasibətdə olurlar. Biz bunu çox vaxt onların dialoqlarında daha aydın görürük. Musiqi əsərlərində isə həmin dialoqları vokal (səslə oxuyan) ansamblları əvəz edir. Opera (eləcə də operetta , oratoriya, kantata) əsərlərindəki vokal ansamblları iştirakçıların sayından asılı olaraq müxtəlif adlar daşıyır.

İki nəfərin birgə oxuması duet, Üç nəfərin birgə oxuması trio, Dörd nəfərin birgə oxuması kvartet, Beş nəfərin birgə oxuması kvintet, Altı nəfərin birgə oxuması sekstet, Yeddi nəfərin birgə oxuması septet, Səkkiz nəfərin birgə oxuması isə oktet adlanır. Vokal ansambllarının özlərini də iki qrupa ayırmaq olar.

Bəzi ansambllarda əsərdəki iştirakçıların hiss və həyəcanlarının ümumiliyi verilirsə, bəzən isə əksinə olaraq vokal ansambllarda obrazların fikir və hislərinin, baxışlarının zidiyyətləri göstərilir. Bu cür hallarda musiqi iştirakçıların fərdi xususiyyətlərini daha qabarıq şəkildə əks etdirir.

Xor


Xor yunan sözü olub mənası oxuyanların böyük ansamblı deməkdir. Ümumiyyətlə, xor oxuma əksər xalqların musiqi mədəniyyətində geniş yayılmış sahələrdən biridir. Hələ qədim dövrlərdə insanlar əmək prosesində birlikdə oxuyur, bu və ya digər hərəkətləri birlikdə icra edirdilər. Çünki xor oxuma onların əməyini yüngülləşdirir və onlarda birlik, kollektivçilik hislərini daha da möhkəmləndirirdi. Məhz elə buna görə də bəstəkarlar da yaratdıqları müxtəlif janr və formalı musiqi əsərlərində xalqın yenilməzliyini, onun mübarizliyini daha qabarıq şəkildə vermək üçün xordan geniş istifadə edirlər. Bircə anlığa dahi bəstəkarımız Uzeyir Hacıbəylinin “Koroğlu” operasının üçüncü pərdəsindən “Çənlibel xoru”nu yadımıza salaq.

Çənlibel ölkəm, hər yeri möhkəm, möhkəm, Quş keçə bilməz bu səngərlərin üstündən, Qəsd edə bilməz bu yerlərə heç bir düşmən, Qəhrəmanlar yurdu Çənlibel! Basılmaz bir ordu Çənlibel!

Xorun ifasında bu musiqi nömrəsi nə qədər mübariz və coşğun bir ruhda səslənir. Əlbəttə bu heç də təsadüfi deyildir. Çünki bəstəkar həmin xorla qəhrəman Koroğlunun başına toplaşan igidlərin xalqın azadlığı və xoşbəxtliyi uğrunda xanlara, paşalara qarşı mübarizədə basılmaz olduqlarını qabarıq surətdə dinləyicilərə çatdırmaq istəmişdir.

Operanı xorsuz təsəvvür etmək qeyri-mümkündür. Lakin bunu da qeyd etmək lazımdır ki, xordan ayrı-ayrı dövrlərdə müxtəlif şəkildə istifadə olunmuşdur. Bir çox Qərbi Avropa operalarında xor “canlı dekorasiya” rolunu oynayaraq, solo oxuyan müğənni üçün fon təşkil edirdisə, lakin sonrakı dövrlərdə (XVIII—XIX əsr) o, daha yüksək mövqe tutur və daha böyük əhəmiyyət kəsb edir.

Azərbaycan bəstəkarlarının da bu janrda bəstələdiyi bir çox xor əsərləri Azərbaycan musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur. Bunlara misal olaraq Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Suleyman Ələsgərov, Səid Rüstəmov və eləcə də bir çox başqalarının adlarını xüsusilə qeyd etmək lazımdır.

Xorlar tembrcə (səslərin rənginə görə) ya bir tərkibli (məsələn, kişi xoru, qadın xoru, uşaq xoru) və yaxud da qarışıq tərkibli olurlar. Xorlar səslənməsinə görə isə ya unison (təksəsli) və yaxud da çoxsəsli olurlar. Burada ayrı-ayrı səs partiyalarının özlərinə məxsus konkret adları vardır. Məsələn, soprano (yüksək qadın səsi), alt (bəm qadın səsi ), tenor (zil kişi səsi) və bas (bəm kişi səsi).

Xorlar bir çox hallarda sərbəst ifaçı kollektivi kimi də çıxış edirlər. Bəzi xor kollektivləri isə musiqi alətinin muşayiəti olmadan oxuyurlar. Belə xor oxuma “a kapella” adlanır.

Musiqili dramatik əsərlər

Oratoriya. Oratoriya , xor, orkestr və solo üçün bəstələnən çox hissəli monumental, sambalı musiqi əsəridir. Özünün strukturasına görə oratoriya operaya çox yaxındır. Burada da operada olduğu kimi geniş məzmun, dərin ideya, xor nömrələri, reçitativlər, vokal ancamblları və s. vardır. Lakin fərq bundadır ki, oratoriya konsertlərdə ifa olunur. Burada həm də operada olduqu kimi səhnə hərəkəti, dekorasiya, geyim və s. yoxdur. Deməli, oratoriyada sejet, səhnə hərəkətləri əsasında qurulmur və çox vaxt süjet xətti dramatik qayda üzrə ardıcıl surətdə inkişaf etmir. Oratoriya janrında görkəmli bəstəkarlarda Şaporin, Şestakoviç, Koval, Cövdət Hacıyev, və eləcə də bir çox digər bəstəkarlar sambalı əsərlər yaratmışlar.

Kantata. Kantata da oratoriya kimi konsertlərdə ifa olunmaq üçün bəstələnən musiqili dramatik əsərdir. O da oratoriya kimi orkestr, xor və orkestrin müşayiətilə oxunan solo nömrələrinə malikdir. Lakin fərq ondadır ki, kantata öz həcminə görə oratoriyaya nisbətən kiçik olur. Kantatalarda da həm müasir və həm də tarixi mövzular öz əksini tapır. Qeyd etməliyik ki, istər oratoriya və istərsə də kantata ilk dəfə XVII əsrdə İtaliyada yaranmışdır. Bu janrın ən gözəl nümunələrinə misal oiaraq Çaykovskinin “Moskva”, Balakirevin “Qlinkanın xatirəsinə”, Raxmaninovun “Bahar”, Prakofiyevin “Aleksandır Nevski”,Şaporinin “Kulikov çölündə”, Şestakoviçin “Vətənimizin üzərində günəş parlayır”,Qara Qarayevin”Səadət mahnısı”,Cahahgir Cahangirovun”Füzuli”, Ədilə Hüsenzadənin”Sülh uğrunda”və s. kantataların göstərmək olar.

Opera. Opera latın sözü olub, mənası “əsər”deməkdir. O ilk dəfə XVI əsrin axırlarında İtaliyada meydana gəlmişdir. Opera sintetik incəsənət növüdür. Burada sənətin, incəsənətin bir şox sahələri üzv surətdə bir- birilə bağlıdırlar. Opera ilə dram əsərləri arasında müəyyən bir yaxınlıq vardır. O da dram əsrləri kimi pərdələrə, şəkillərə bölünür, səhnə hərəkətlərində istifadə olunur. Lakin fərq bundadır ki, dram əsərlərindəki danışıq opera əsərlərində oxumaqla əvəz olunmuşdur. Opera poeziya, aktyor sənəti, vokal və instrumental musiqi, rəqs, dekorasiya və s. elementlər birləşərək vəhdət əmələ gətirir. Opera əsərlərində musiqi sənətinin bir çox formalarından istifadə olunsa da lakin operaya xas olan formalar; ariya, ariyoza, kovatina, vokal ansamblları, reçetativ, xor nömrələri, simfonik epizodlar, uvertura, müqəddimə, antrakt və s. əsas yer tutur. Bütün operaları aşağıdakı qruplara ayırmaq olar:

1. Tarixi qəhrəmanlıq operaları.

2. Xalq musiqi dramları.

3. Qəhramani epik operalar.

4. Lirik operalar.

5. Komik operalar.

Müxtəli ideyaya, məzmuna , ən başlıcası isə formasının mürəkkəbliyinə baxmayaraq opera geniş dinləyici kütlələrin sevimlisidir. Görkəmli rus bəstəkarı P.İ. Çaykovski öz dostlarından birinə göndərdiyi məktubda yazırdı: ”Opera, məhz opera Sizi xalqla yaxınlaşdıra bilər. Sizin musiqinizin əsl tamaşaçılar tərəfindən bəyənilməsini təmin edə bilər və Sizi yalnız ayrı- ayrı kiçik dərnək üzvüləri ilə deyil, əgər münasib şərait olsa hətta bütün xalqla dostlaşdıra bilər…” İstər klasik Qərbi Avropa, istər rus və Azərbaycan bəstəkarları bu janrda çoxlu gözəl əsərlər yaratmışlar.

Balet.


Balet də opera kimi XVI əsrdə İtaliyada yaranmışdır. Sərbəst musiqili- dramatik əsərdir. Balet musiqi ilə xoreqrafitanın vəhdəti əsasında yaranmışdır. Balet əsərlərindəki rəqs musiqisini iki qrupa ayırmaq olar.

  1. Klassik rəqslər.

  2. Xarakterik rəqslər

Bütün bunlardan başqa baletdə pantomimalardan geniş surətdə istifadə olunur. Balet sənəti olduqca çətin və eləcə də mürəkkəb bir inkişaf yolu keçərək bu günkü yüksək inkişaf mərhələsinə çata bilmişdir. Balet sənətinin inkişafında xüsusilə rus bəstəkarlarının böyük rolu olmuşdur. P.İ.Çaykovskinin bəstələdiyi baletlər dünyanın ən böyük, ən məşhur balet truppalarının repertuarında özünə möhkəm yer tutmuşdur. Bütün digər dünya bəstəkarları kimi, Azərbaycan bəstəkarları da bu janırda bir sıra əsərlər yaratmışlar. Bunlara misal olaraq Əfrasiyab Bədəlbəylinin “Qız qalası”(ilk Azərbaycan baletidir,1940-cı ilin aprelində M.F.Axundov adına Azərbaycan Dövlət Akademik opera və balet teatrının səhnəsində tamaşaya qoyulmuşdur), Soltan Hacıbəyovun “Gülşən”, Qara Qarayevin “Yeddi gözəl”,”İldırımlı yollarla”, Arif Məlikovun “ Məhəbbət əfsanəsi”, Fərəc Qarayevin”Qubustan kölgələri” və digər balet əsərlərini göstərmək olar.
Yüklə 31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin