Maliyyə siyasəTInin mahiyyəti və prinsipləri



Yüklə 433,22 Kb.
səhifə1/5
tarix17.11.2018
ölçüsü433,22 Kb.
#83619
  1   2   3   4   5


MÖVZU 9
MALIYYƏ SIYASƏTI



  1. Maliyyə siyasətinin mahiyyəti və prinsipləri.

  2. Maliyyə siyasətinin həlqələri və bölmələri.

  3. Dövlətin maliyyə siyasəti.

  4. Müəssisələrin (təşkilatların) maliyyə siyasəti

və onun hazırlanması.
MALIYYƏ SIYASƏTININ MAHIYYƏTI VƏ PRINSIPLƏRI
Dövlət öz funksiyalarını həyata keçirmək və müəyyən sosial-iqtisadi məsələləri həll etmək üçün maliyyədən istifadə edir. Qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasında maliyyə siyasəti əhəmiyyətli rol oynayır. Dövlətin iqtisadi siyasətinin tərkib hissəsi olan maliyyə siyasəti vasitəsilə cəmiyyətin iqtisadi və sosial inkişafına maliyyənin təsiri həyata keçirilir.

Maliyyə siyasəti – dövlətin öz funksiyalarını həyata keçirmək üçün maliyyə resurslarının səfərbər edilməsinə, onların məqsədəuyğun bölüşdürülməsi və səmərəli istifadə edilməsinə yönəldilən xüsusi fəaliyyət sahəsidir.

Maliyyə siyasəti – dövlətin maliyyə resurslarının toplanması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar həyata keçirdiyi tədbirlərin məcmusundan ibarətdir. Maliyyə siyasəti ictimai həyatın bütün tərəflərini, yəni həm iqtisadi, həm sosial, həm də beynəlxalq münasibətləri əhatə edir.

Dövlət həyata keçirilən maliyyə siyasətinin subyektidir. O, perspektiv üçün maliyyənin inkişafının əsas istiqamətlərinin strategiyasını, qarşıdakı dövr üçün fəaliyyət taktikasını, iqtisadi məsələlərə nail olmağın vasitə və yollarını müəyyən edir.

Cəmiyyətdə qarşıya qoyulan məqsədlərin xarakterindən və həll olunması metodlarından asılı olaraq maliyyə siyasəti iki yerə ayrılır:


  1. Maliyyə strategiyası;

  2. Maliyyə taktikası.

Maliyyə strategiyası – uzunmüddətli perspektivə hesablanan və bir qayda olaraq irimiqyaslı məsələlərin həllini nəzərdə tutan maliyyə siyasətinin uzunmüddətli xəttidir.

Maliyyə taktikası – maliyyə strategiyasının ən mühüm sahələrində qarşıya çıxan maliyyə məsələlərinin həlli metodlarıdır. Maliyyə strategiyası nisbi sabit olduğu halda maliyyə taktikası çevik olmalıdır. Maliyyə siyasətinin strategiya və taktikası qarşılıqlı surətdə əlaqədardır. Dövlətin maliyyə siyasətinin folrmalaşmasının mühüm prinsipləri aşağıdakılardan ibarətdir:



1. Maliyyənin inkişafının elmi cəhətdən əsasandırılmış konsepsiyanın hazırlanması. O, iqtisadiyyatın durumunun, onun sabitliyi perspektivinin, məhsuldaq qüvvələrin və istehsal münasibətlərinin inkişafının, xalq təsərrüfatının və ölkə əhalisinin maliyyə resurslarına tələbatının təhlili əsasında formalaşır. Maliyyənin inkişafının elmi cəhətdən əsaslandırılmış konsepsiyasının məqsədi cəmiyyətin inkişaf tələbatının ödənilməsi üçün zəruri olan maliyyə resurslarının daha tam səfərbərliyə alınmasından ibarətdir;

2. Maliyyə resurslarının bir hissəsinin dövlətin mərkəzləşdirilmiş fondlarında təmərküzləşməsi. Dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşması, ordunun, məhkəmə, icra hakimiyyəti orqanlarının, təhsilin, səhiyyənin, mədəniyyət müəssisələrinin maliyyələşdirilməsinin təmin edilməsi və habelə dövlət və müdafiə təyinatlı obyektlərin tikintisi üçün vəsaitin yığılması məqsədilə həyata keçirilir;

3. Dövlətin maliyyə resurslarından istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi. Maliyyə resurslarının istifadə edilməsinin əsas istiqamətlərinin hazırlanmasının məqsədi onlardan daha səmərəli istifadə edilməsindən ibarətdir;

4. Qarşıya qoyulmuş məqsədlərə nail olmaya yönəldilən praktiki fəaliyyətin həyata keçirilməsi, iqtisadiyyatın inkişafına maliyyənin təsirinin müəyyən edilməsi. Bunun üçün maliyyə münasibətlərinin təşkili üsullarının məcmusu kimi müəyyən edilən səmərəli maliyyə mexanizminin fəaliyyəti zəruridir. Bu isə özünə aşağıdakıları daxil edir:

– milli gəlirin bölgüsü metodları;

– dövlət büdcə fondlarının yaradılması üsulları (dövlət və yerli);

– məqsədli dövlət fondlarının yaradılması metodları;

– büdcəyə və məqsədli fondlara tədiyə ödənişlərinin növləri;

– maliyyə planlaşdırılması və proqnozlaşdırılması;

– maliyyə nəzarəti.


Elmi cəhətdən əsaslandırılmış fiskal siyasətdən istifadə etməklə maliyyə münasibətlərinin tənzimlənməsi
Fiskal siyasət – dövlətin vergiqoymada və dövlət xərcləri sahəsində həyata keçirdiyi siyasəti olub, dövlət xəzinəsinin doldurulmasına yönəldilmiş maliyyə siyasətinin bir hissəsidir. Bu siyasətin hazırlanmasına tələbat dövlət maliyyəsinin stabil iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayaraq XX əsrin ikinci yarısında xüsusilə güclənməyə başlamışdır. Maliyyə tənzimlənməsinin üsulu kimi fiskal siyasət vergiyə cəlbetmə və dövlət xərcləri (büdcə xərcləri) kimi qüdrətli alətlərin yardımı ilə həyata keçirilir.

Qeyd etmək lazımdır ki, maliyyə siyasəti yuxarıda şərh edilən prinsiplərlə məhdudlaşmır. Maliyyə münasibətləri dinamik inkişaf edən bir sistemdir. Onun fəaliyyət göstərməsi üçün aşağıdakıların mühüm əhəmiyyəti vardır:

– istehsalın maliyyə tənzimlənməsi və stimullaşdırılması;

– elmi-texniki tərəqqinin maliyyələşdirilməsi;

– ictimai istehsalın sığorta təminatı.

Dövlət maliyə tənzimlənməsi alətləri içərisində əsas rol vergilərə, gömrük rüsumlarına və tariflərə məxsusdur. Onların köməyi ilə müəssisənin rentabellik siyasəti və pul yığımlarının həcmi tənzimlənir. Vergi güzəştləri sistemi üstün sahələrin sürətli inkişafına və əsas fondların təzələnməsinə səbəb olur.


DÖVLƏTIN MALIYYƏ SIYASƏTI
1990-cı ilədək Sovet Ittifaqının maliyyə siyasəti K.Marksın və V.I.Leninin nəzəri müddəalarının təsiri altında formalaşmışdır. Sosialist dövlətinin mahiyyəti haqqında marksist-leninçi nəzəriyyəsində dövlətin maliyyə siyasətinin başlıca prinsipi – maliyyə resurslarının dövlətin əlində mərkəzləşdirilməsindən ibarət idi.

O dövrdə SSRI-nin iqtisadiyyatının inkişafı üçün üç əsas ümumdövlət pul fondu yaradılmışdı. Maliyyə resurslarının əsas hissəsi ümumdövlət maliyyə fondunda dövlət büdcəsində mərmkəzləşdirilmişdi. Büdcəyə vəsaitlərin daxil olmasının başlıca mənbəyi isə vergilər idi.

Əhəmiyyətinə görə ikinci ümumdövlət pul vəsaiti fondu dövlət əmlak və şəxsi sığorta idi. Sığorta fondu sığorta etdirənlərin məcburi və könüllü haqları hesabına formalaşırdı.

Üçüncü ümumdövlət fondu dövlət sosial sığorta fondu idi. O, müəssisələrin, təşkilatların və muzdlu işçi qüvvəsindən istifadə edən şəxslərin haqları hesabına formalaşırdı.

Büdcə gəlirlərinin tərkibində xüsusi çəki etibarilə ikinci yeri mənfəətdən ayırma tütürdü. Mənfəətin bölgüsündə onun 28%-i müəssisənin sərəncamında qalırdı. Mənfəətin 72 %-i büdcəyə köçürülürdü. Bunun da nəticəsində vergi ödəyicisinin maliyyə vəziyyəti pisləşirdi.

Sovet Ittifaqının dağılması respublikalar, xüsusilə Azərbaycan üçün gözlənilməz və birdən-birə baş verdi. Ittifaqın dağıldığı gün respublikanın iqtisadiyyatı da tamam dağıldı. Respublika iqtisadiyyatının qəflətən dağılması və belə vəziyyətdə yeni bir ictimai quruluşun yaranması, buna heç cür hazır olmamaq respublikanı bir daha ağır iqtisadi böhran məngənəsinə sürüklədi. Dövlət büdcəsi ilbəil kəsirli olmaqda davam edirdi. Belə vəziyyətdə iqtisadiyyatı xilas etmək üçün tamamilə yeni məzmunlu və çevik formalı əsaslı islahatların aparılması zəruri idi.

90-cı illərin ortalarında dövlət əmlakının özəlləşdirilməsi prosesinin başlanması, vergi sistemində islahatların aparılması, ölkə iqtisdiyyatına xarici investisiyaların cəlb edilməsi və onların qorunmasına təminat verilməsi, sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və bu kimi tədbirlərin həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatında 1995-ci ildən başlayaraq iqtisadiyyatın bütün sahələrində dirçəliş özünü büruzə verdi. Böhran vəziyyətini aradan qaldırmaq və iqtisadiyyatı yüksəltmək üçün özəlləşdirmənin hazırlanması və tədricən həyata keçirilməsi lazım idi. Məlumdur ki, 1992-ci ilin axırına «Azərbaycan Respublikasında özəlləşdirmə haqqında» Qanun qəbul edilmişdir. 1995-ci ilin iyul ayının 21-də «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mükiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı» qəbul edilmişdir.

Bununla da maliyyə siyasətində 1995-ci ildən başlayaraq perspektiv istiqamətlər müəyyən edildi ki, burada da aşağıdakılar nəzərdə tutulmuşdur:

1. Müəssisələrin və vətəndaşların vergiyə cəlb edilməsini, gömrük tariflərini tənzimləmək, idarəetmə aparatının saxlanmasına dövlət xərclərini ixtisar etmək yolu ilə büdcə kəsirinin azaldılmasına nail omaq;

2. Müəssisə və fiziki şəxslərə vergiqoyma sistemini təkmilləşdirmək və sadələşdirmək, vergilərin sayını xeyli azaltmaq;

3. Inflyasiyanın səviyəsini azaltmaq, müəssisələrə sahibkarlıq fəaliyyətində sərbəstlik vermək;

4. Ölkədə sənaye və kənd təsərrüfatını canlandırmaq, istehsal və maliyyə münasibətlərini sağlamlaşdırmaq qabiliyyətində olan mütəxəssislərin hazırlanmasının genişəndirilməsi;

5. Iqtisadiyyatın sabitləşdirilməsi üzrə tədbirlərdə bankların və digər kredit idarələrinin rolunu artırmaq. Bu məqsədlə bank sistemində islahatları elə keçirmək lazımdır ki, bankların əsas məqsədi maksimum mənfəət götürmək deyil, minimum haqla müəssisə və əhaliyə xidmət etmək olsun;

6. Kredit münasibətləri sistemini təkmilləşdirmək, kredit münasibətlərinin inkişafı istehsalın və xidmət sahəsinin inkişafına yardım etməlidir;

7.Istehsal və qeyri-istehsal sferalarında dövlət tədbirlərini maliyyələşdirmək üçün ölkənin maliyyə resurslarının xeyli hissəsini dövlətin əlində (dövlət büdcəsində) təmərküzləşdirmək lazımdır;

8. Perspektivdə dövlət büdcəsinin sosial yönümlülüyünü, sosial tələbatlara maliyyə resurslarının ayrılmasını təmin etmək.

Dövlət maliyyə siyasəti investisiya siyasəti ilə qırılmaz surətdə əlaqədardır. Investisiya siyasətinin əsas istiqamətləri aşağıdakılardan ibarətdir:

1. Investisiya fəaliyyətinin maliyyələşdirilməsində üstün sahələrin müəyyən edilməsi;

2. Fəaliyyətdə olan müəssisələrin genişlənməsi və taktika ilə yenidən silahlanmasına üstünlük verilməsi. Başqa sözlə, ağırlıq mərkəzi yeni tikintidən müəssisələrin texnika ilə yenidən silahlanması və yenidən qurulmasına keçirilir;

3. Xalq təsərrüfatının həyati əhəmiyyətli sahələrində investisiya fəaliyyətinin həyata keçirilməsinə büdcədən subsidiya verilməsi;

4. Müəssisələrin mənfəətindən və amortizasiya ayırlmalarından yönəldilən vəsaitlərin investisiyalaşdırılması sahəsində onların hüquqlarının genişləndirilməsi;

5. Investisiyanın dövlət büdcəsi hesabına maliyyələşdirilməsinin getdikcə ixtisar edilməsi və müvafiq olaraq qeyri-dövlət investisiyalaşma sferasının artırılması.

Beləliklə, investisiyanın maliyyələşdirilməsinə vəsaitin əsas hissəsi qeyri-büdcə mənbələrindən, ilk növbədə isə müəssisə və əhalinin xüsusi vəsaitlərindən yönəldilməlidir.
MÜƏSSISƏNIN (TƏŞKILATIN) MALIYYƏ SIYASƏTI VƏ ONUN HAZIRLANMASI
Müəssisə təsərrüfat subyekti olmaqla, xüsusi maliyyə resurslarına və öz maliyyə siyasətini müəyyən etmək hüququna malikdir. Müəssisədə maliyyə siyasətinin işlənib hazırlanmasının strateji vəzifələri aşağıdakılardan ibarətdir:


  1. Kapitalın strukturunun optimallaşdırılması və müəssisənin maliyyə sabitliyinin təmin edilməsi;

  2. Maksimum mənfəətin əldə olunması;

  3. Müəssisənin maliyyə-iqtisadi fəaliyyətinin şəffaflığına nail olunması;

  4. Müəssisənin investisiya cəlbediciliyinin təmin olunması;

  5. Müəssisə tərəfindən maliyyə resurslarının cəlb edilməsinin bazar mexanizmlərindən (kommersiya krediti, büdcə krediti, qiymətli kağızların buraxılması və s.) istifadə edilməsi;

Müəssisənin maliyyə siyasətinin hazırlanması müəssisənin maliyyə siyasətinin işlənib hazırlanması üzrə Iqtisadi Inkişaf Nazirliyinin təsdiq etdiyi metodiki tövsiyələrə əsasən həyata keçirilir. Bu sahədə əsasən müəssisənin maliyyə siyasətinin hazırlanmasının əsas istiqamətlərinə aiddir:

  1. Maliyyə-iqtisadi vəziyyətin təhlili;

  2. Uçot siyasətinin hazırlanması;

  3. Kredit siyasətinin hazırlanması;

  4. Dövriyyə vəsaitinin, kreditor və debitor borclarının idarə edilməsi;

  5. Xərclərin (məsrəflərin) idarə edilməsi və amortizasiya siyasətinin seçilməsi;

  6. Divident siyasəti;

  7. Maliyyənin idarə edilməsi.

Maliyə-iqtisadi vəziyyətin təhlili maliyyə siysətinin işlənib-hazırlanmasının əsasını təşkil edir. Burada nəinki maliyyə təhlilinin metoduna, habelə əldə edilmiş nəticənin təhlilinə və idarəetmə qərarlarının işlənib hazırlanmasına diqqət yetirilir.

Müəssisənin fəaliyyətinin maliyyə-iqtisadi təhlilinin əsas komponentləri mühasibat balansının üfiqi, şaquli və trend təhlili və maliyyə əmsallarının hesablanmasıdır. Mühasibat hesabatlarının təhlili müəssisənin əmlakının tərkibini, maliyyə vəziyyətini, xüsusilə vəsaitlərin formalaşması mənbələrini, borc vəsaitinin miqdarını, məhsul (əmtəə, iş və xidmət) satışından əldə edilən satış pulunun həcminin qiymətləndirilməsini müəyyən etmək məqsədilə onda göstərilən mütləq göstəricilərin öyrənilməsi deməkdir. Hesabatların faktiki göstəriciləri müəssisələrin planlaşdırdığı göstəricilərlə müqayisə edilir.

Üfiqi təhlil ilin axırına mühasibat hesabatının göstəricilərini ilin əvəlinə və keçmiş dövrə olan göstəricilərlə müqayisəsindən ibarətdir. Şaquli təhlil balansın ayrı-ayrı maddələrinin ümumi yekun göstəricilərində xüsusi çəkisini müəyyən etmək və nəticəni keçmiş dövrün göstəriciləri ilə müqayisə etmək məqsədilə aparılır. Trend təhlil bir neçə il üzrə hesabat göstəricilərinin bazis ilindən nisbi kənarlaşmasının hesablanmasına əsaslanır. Müəssisənin maliyyə siyasətinin işlənib hazırlanması zamanı analitik iş üçün aşağıdakıları hesablamaq tövsiyə edilir:

a) likvidlik göstəriciləri:

– məsrəflərin örtülməsinin ümumi əmsalı;

– müddətli likvidlik əmsalı;

– vəsaitlərin səfərbər edilməsi zamanı likvidlik əmsalı.

b) maliyyə sabitliyinin göstəriciləri:

– borc alınmış və xüsusi vəsaitlərin nisbəti;

– xüsusi vəsaitlərlə təminatlıq əmsalı;

– xüsusi dövriyyə vəsaitləri ilə manevretmə əmsalı.

c) resurslardan istifadə edilməsinin intensivlik göstəriciləri:

– xalis mənfəət üzrə aktivlərin rentabelliyi;

– reallaşdırılmış məhsulun rentabelliyi.

d) işguzar aktivliyin göstəriciləri:

– dövriyyə kapitalının dövriyyəsi əmsalı;

– xüsusi kapitalın dövriyyəsi əmsalı.

Müəssisələrdə mühasibat uçotunun aparılmasının metodları və üsulları sistemi kimi uçot siyasətinin işlənib hazırlanması. Bütün müəssiəsələr uçot siyasətini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 yanvar 1997-ci il tarixli 1-5 saylı əmri ilə təsdiq edilmiş «Müəssisələrin uçot siyasəti haqqında» əsasnaməyə uyğun olaraq həyata keçirilməlidir.

Müəssisənin maliyyə-iqtisadi fəaliyyətinin təhlilinin nəticələrinə söykənərək uçot siyasətinin bu və ya digər vəziyyətinin variantı hesablanır. Çünki bu sahədə qəbul edilmiş qərardan birbaşa büdcəyə və büdcədənkənar fondlara keçirilən vergilərin məbləği, balansın strukturu, bir sıra başlıca maliyyə-iqtisadi göstəricilərin əhəmiyyəti asılı olur. Müəssisədə uçot siyasəti müəyyən edilərkən istehsalda xammalın və materialların, azqiymətli və tez xarab olan əşyaların silinməsi qaydaları, biməmiş istehsalın qiymətləndirilməsi metodları, tezləşdirilmiş amortizasiya tətbiq etmək imkanları mövcud olur.



Müəssisənin kredit siyasətinin hazırlanması. Bu məqsəd üçün balansın passivinin strukturu təhlil edilir, xüsusi və dövriyyə vəsaitlərinin payı, onların nisbəti təhlil edilir, xüsusi dövriyyə vəsaitinin çatışmazlığı müəyyən olunur. Hesablama əsasında borc vəsaitinə tələbat müəyyən olunur. Bəzi hallarda xüsusi dövriyyə vəsaiti kifayət etdikdə belə, müəssisələrə kredit almaq məqsədəuyğun hesab edilir. Bu o vaxt mümkündür ki, kredit vəsaitinin cəlb edilməsi və istifadəsindən əldə edilən səmərə faiz dərəcəsindən yüksək olsun. Müəssisənin kredit siyasəti kredit təşkilatını, faiz dərəcəsinin miqdarını, kreditin ödənilməsi müddətini seçməyi nəzərdə tutur.

Dövriyyə vəsaitinin, debitor və kreditor borclarının idarə edilməsi. Maliyyə siyasəti hazırlanarkən, belə hesab edirlər ki, bu maliyyənin idarə edilməsinin əsas problemidir. Bu problemin düzgün həll edilməsindən istər xüsusi vəsaitlərin və istərsə də borc alınmış vəsaitlərin istifadəsinin səmərəliliyi çox asılıdır. Müəssisənin maliyyə siyasəti hazırlanarkən nəzərdə tutulmuş dövriyyə vəsaitindən səmərəli istifadə edilməsinin, yüksəldilməsinin mühüm amili dövriyyə vəsaitinin dövriyyəsidir.

Xərclərin (məsrəflərin) idarə edilməsi və amortizasiya siyasətinin seçilməsi. Sənaye müəssisələrində istehsal xərclərinin (məsrəflərinin) və tədavül xərclərinin idarə edilməsinə həsr edilmiş maliyyə siyəsəti bölməsinin hazırlanması üçün maliyyə təhlilinin xərc və rentabellik səviyyəsi haqqında məlumatlarından istifadə edilir. Təhlil əsasında xərclərin (dəyişən, sabit və qarışıq) optimallaşdırılması və zərərsiz işləməsinə nail olunması üzrə tədbirlər hazırlanır.

Amortizasiya siyasətinin seçilməsi müəssissənin maliyyə siyasətində böyük əhəmiyyət kəsb edir. Qüvvədə olan qanunvericiliyə əsasən müəssisə tezləşdirilmiş, yəni avadanlıqları dəyişdirmək üçün xərcləri artırmaqla, sürətli vəsait yığmaq hüququna malikdir. Müəssisə həmçinin əsas fondların yenidən qiymətləndirilməsini keçirmək, amortizasiya ayırmalarının hesablanması üsulunu müəyyən etmək hüququna malikdir.

Müəssisənin divident siyasəti səhmdar cəmiyyətlərində, istehsal kooperativlərində və istehlak cəmiyyətlərində hazırlanır. Onun seçilməsində aşağıdakıları nəzərə almaq lazımdır:


  • dividentin ödənilməsi səhmdar cəmiyyəti üzvlərinin və kooperativlərinin marağını təmin edir;

– yüksək məbləğdə divident ödənilməsi təşkilatın inkişafına yönəldilən

mənfəətin payını azaldır.

Maliyyə siyasəti hazırlanarkən dividentlərin üstünlüklərini və çatışmazlıqlarını qiymətləndirmək, dividentin ödənilməsinin optimal variantını tapmaq, müəssisələrin perspektiv inkişafına məsrəfləri nəzərə almaq lazımdır.

Müəssisənin maliyyəsinin idarə edilməsi. Müəssisənin idarə edilməsinin müasir sistemi planlaşdırma, normallaşdırma nəzəriyyələrinə əsaslanır. Istehsal fəaliyyətinin sabitliyinin təmin edilməsinin ən mühüm elementi maliyyə planlaşdırılmasıdır ki, bu da aşağıdakılardan ibarətdir:

– müəssisənin struktur bölmələrinin büdcə planlaşdırılması;

– müəssisə fəaliyyətinin icmal (kompleks) büdcə planlaşdırılması.

Bu proseslər özündə büdcələrin formalaşması və onun strukturunu, büdcələrin istifadəsinin məsuliyyətini, büdcənin icrasına nəzarəti daxil edir.


MÖVZU 10

MALIYYƏ PLANLAŞDIRILMASI VƏ PROQNOZLAŞDIRILMASI





  1. Maliyyə planlaşdırılmasının mahiyyəti, məqsədləri

və vəzifələri.

  1. Maliyyə planlaşdırılmasının mərhələləri.

  2. Maliyyə planlaşdırılmasının metodları və prinsipləri.

  3. Maliyyə planları sistemi.

  4. Ümumi dövlət səviyyəsində tərtib edilən maliyyə planları.

  5. Maddi istehsal sahələrinin maliyyə planları.

  6. Tədiyə balansı.

  7. Maliyyə proqnozlaşdırılması.

MALIYYƏ PLANLAŞDIRILMASININ MAHIYYƏTI,

MƏQSƏDLƏRI VƏ VƏZIFƏLƏRI


Maliyyə planlaşdırılması maliyyə mexanizminin tərkib hissəsidir. Ümumiyyətlə, planlaşdırma bütün cəmiyyətlərə xas olan anlayışdır. Lakin onların hər bir cəmiyyət və ya ölkə üçün özünəməxsus xarakterik cəhətləri var. Məsələn, əgər keçmiş Sovet dövlətində planlaşdırma tam mərkəzləşdirilmiş və ölkənin ayrı-ayrı regionlarının xüsusiyyətləri tam nəzərə alınmadan aparılırdısa, ABŞ-da bu proses bütün amillərin maksimum dəqiqliklə nəzərə alınması ilə hər bir subyekt tərəfindən müstəqil (müəyyən qanunverici aktlar daxilində) aparılmışdır. Milli iqtisadiyyatın təşkilində və planlaşdırılmasında maliyyə planlaşdırılmasının çox böyük yeri vardır. Çünki milli iqtisadiyyatın ayrı-ayrı sahələrinin və həmçinin müxtəlif dəyər göstəricilərinin qarşılıqlı əlaqələrinin müəyyən edilməsində də maliyyə planlarının əhəmiyyəti olduqca böyükdür. Maliyyə planlaşdırılması bütün hüquqi şəxsləri əhatə edir və bu planlaşdırmada bütün hüquqi şəxslərin iştirakı vacibdir. Buna görə də maliyyə planlaşdırılması idarəetmənin mühüm funksiyası kimi qəbul olunmuşdur.

Maliyyə planlaşdırılması maliyyənin idarə edilməsinin mühüm elementi kimi çıxış edir. Maliyyə planlaşdırılması yalnız iqtisadiyyatın inkişafının dəyər tərəfini əks etdirir, yəni maliyyə planları dəyər formasında tərtib olunur. Maliyyə planlaşdırılmasının obyekti dövlətin və təsərrüfat subyektlərinin maliyyə fəaliyyətidir. Pul gəlirlərinin səfərbərliyə alınması və bölüşdürülməsi, milli gəlirin bölgüsü və yenidən bölgüsü və bu əsasda pul fondlarının yaradılması və istifadə edilməsi maliyyə planlaşdırılmasının obyekti kimi çıxış edir.

Maliyyə planlaşdırılması iqtisadiyyatın maddi və dəyər tərəflərinin tarazlaşdırılmasının mühüm alətidir. Bunun vasitəsilə iqtisadiyyatda pul və maliyyə ehtiyatlarının məbləği natural göstəricilərlə uyğunlaşdırılır, tələb və təklifin tənzimlənməsi həyata keçirilir. Konkret olaraq maliyyə planlaşdırılması milli iqtisadiyyatın inkişafına çox böyük təsir göstərir ki, bu da onun yerinə yetirdiyi vəzifələr vasitəsilə daha aydın izah edilə bilər. Insanların maliyyə planlaşdırılması vasitəsilə həyata keçirdikləri vəzifələr aşağıdakılardan ibarətdir:


  1. Maliyyə ehtiyatlarının haradan və necə yığılması, pul fondlarının yaradılması mənbələri müəyyənləşdirilir və istifadə olunma istiqamətləri müəyyənləşdirilir;

  2. Maliyyə ehtiyatlarının istifadə olunma istiqamətləri müəyyənləşdirilir;

  3. Maliyyə planlaşdırılması vasitəsilə maddi dəyər proporsiyaları müəyyənləşdirilir;

  4. Milli iqtisadiyyatın bütün sahələrinə nəzarət həyata keçirilir;

5. Iqtisadiyyatda gəlir və xərclər balansının təyini aparılır.
MALIYYƏ PLANLAŞDIRILMASININ MƏRHƏLƏLƏRI
Maliyyə planlaşdırılması mürəkkəb bir sistem təşkil edir. O, bir-biri ilə sıx əlaqədə olan bir sıra mürəkkəb işləri özündə birləşdirir və dərin bilik, müxtəlif formada fikirlər irəli sürmək, variantlar işlətmək, prosesi idarə etmək qabiliyyətinə malik kadrlar tələb edir. Maliyyə planlaşdırılması mürəkkəb sistem olduğu üçün bir sıra mərhələlərdən keçir. Bu mərhələlər ardıcıl olaraq bir-birini tamamlayır:

1. Ümumi tanışlıq və məqsədlərin müəyyən edilməsi hər hansı tədbirin həyata keçirilməsi üçün ilk növbədə onun mexanizmi ilə tanış olmaq və nail olunacaq məqsədi müəyyənləşdirmək lazımdır;

2. Bundan sonra, yəni ikinci mərhələdə spesifik təhlil edib, obyektin müəyyən dövrlər ərzində hər hansı tədbirin həyata keçirilməsi üçün növbədə onun mexanizmi ilə tanış olmaq və nail olunacaq məqsədi müəyyənələşdirmək lazımdır;

3. Bundan sonra, yəni ikinci mərhələdə spesifik təhlil edib, obyektin müəyyən dövr ərzində (keçmiş dövr nəzərdə tutulur) inkişafın xüsusiyyətlərini araşdırmaq lazımdır. Keçən dövr ərzində maliyyə göstəriciləri hansı səviyyədə olmuşdur, necə inkişaf etmişdir, plan göstəriciləri faktiki hesabat göstəriciləri ilə, həmçinin natural və maliyyə göstəriciləri neçə uzlaşmışdır. Bu vaxt həmçinin cari ilin spesifik xüsusiyyətləri də nəzərə alınmalıdır;

4. Üçüncü mərhələ ayrı-ayrı maliyyə göstəricilərinin hesablanmasından ibarətdir. Bu mərhələdə başlıca məqsəd keçmiş dövrün inkişaf xüsusiyyətlərinin təhlili, planlaşdırılan dövrün inkişaf xüsusiyyətləri nəzərə alınaraq, gəlir və xərclərin hər bir növü üzrə hesablama aparılmasıdır. Buraya mənfəət, amortizasiya ayırmaları, əlavə dəyər və aksiz vergiləri, kapital qoyuluşdarı, fondlar və s. daxildir;

5. Bu göstəricilər müəyyənləşdirildikdən sonra, onlar hamısı toplanır və maliyyə planı formasında tərtib edilir. Maliyyə planının gəlir və xərcləri balanslaşdırılmalıdır, yəni xərclər gəlirlərə bərabər olmalıdır.


MALIYYƏ PLANLAŞDIRILMASININ METODLARI

VƏ PRINSIPLƏRI


Maliyyə planlaşdırılmasının da bir elm sahəsi kimi öz obyektinin öyrənilməsinə yönəlmiş metodları var. Maliyyə planının tərtib edilməsi müxtəlif istiqamətli metodlar vasitəsilə həyata keçirilir. Bu metodlardan əmsal, normativ və balans metodlarını göstərmək olar.

Əmsal metodu. Maliyyə göstəricilərinin müəyyən əmsalla müəyyən edilməsindən ibarətdir. Məsələn, əgər müəssisənin maliyyə planını tətrib ediriksə, keçmiş dövr üçün göstəricinin artım dinamiasını müəyyən edir və orta illik artıma uyğun olaraq plan ilindəki göstəriciləri yeni maliyyə ili üçün planlaşdırırıq.

Normativ metodu. Normativ metodunun mahiyyəti ondan ibarətdir ki, maliyyə göstəriciləri müəyyən olunmuş normativlərə uyğun olaraq hesablanır. Hazırda vergi normativləri, amortizasiya normaları və s. kimi göstəricilərdən geniş istifadə olunur.

Balans metodu. Bu metod maliyyə planının bütün bölmələrinin tarazlaşdırılması üçulu ilə maliyyə planlarının tərkibini əks etdirir.

MALIYYƏ PLANLARI SISTEMI


Müxtəlif istiqamətlərdə və xarakterdə maliyyə planları tərtib edilir. Maliyyə planları sahəvi və regional xarakter daşıyır. Sahəvi planlar milli iqtisadiyyatın ayrı-ayrı sahələri müəssisələri, təşkilatları üzrə, regional planlar və digər regionlar üzrə tərtib olunur. Bunlarla bərabər maliyyə planları müddətinə görə də fərqlənir. Tərtib olunan bütün maliyyə planlarının məcmusuna maliyyə planları sistemi deyilir. Maliyyə planlarını üç istiqamətdə fərqləndirmək lazımdır. Bu istiqamətlər aşağıdakılardan ibarətdir:

1.Ümümi dövlət səviyyəsində tərtib edilən maliyyə planları. Bu maliyyə planlarına dövlət büdcəsi, tədiyə balansı, maliyyə proqramı, pensiya fondu və s. daxildir. Dövlət büdcəsi dövlətin mərkəzləşdirilmiş pul fondlarının yaradılmasını və istifadəsini əhatə edir və ən böyük maliyyə planıdır.

Maliyyə proqramı ölkə üzrə bütün maliyyə ehtiyatlarını, inflyasiya, makromaliyyə göstəricilərini və s. əks etdirir. Bir qayda olaraq müxtəlif bölmələrdən ibarətdir: dövlət büdcəsi, büdcədənkənar fondlar, pul aqreqatları, inflyasiya, işsizlik, maliyyə ehtiyatlarının xərc istiqamətləri və s. əks etdirilir.

Dövlət büdcəsi dövlətin başlıca gəlir və xərclərini özündə birləşdirir. Dövlət büdcəsi iqtisadiyyatın və sosial sferanın inkişafının təmin edilməsində mühüm alətdir. Onun köməyilə dövlət milli gəlirin bölüşdürülməsini təmin etməklə, ictimai istehsalın strukturunu dəyişdirir, təsərrüfatçılığın nəticələrinə təsir edir.

Dövlət büdcəsi gəlir və xərclər bölməsindən ibarətdir. Gəlir bölməsində müəssisə və təşkilatlardan, əhalidən və s. kateqoriyalardan alınan müxtəlif növ vergilər və digər gəlirlər, xərclər hissəsində isə milli iqtisadiyyatın, sosial-mədəni tədbirlərin, idarəetmənin maliyyələşdirilməsi və sair xərclər göstərilir. Iqtisadiyyatın tənzimlənməsi üçün büdcə mexanizmindən istifadə edilməsi dövlətin sərəncamında olan pul vəsaitinin manevr etmək vasitəsilə həyata keçirilir. O, ictimai istehsalın sürət və proporsiyalarını məqsədyönlü təsir etməyə imkan verir.

Ümumdövlət səviyyəsində tərtib edilən maliyyə pmlanlarına həm də pensiya fondu və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu daxildir.

Dövlət Sosial Müdafiə Fondunun vəzifələri, funksiyaları, idarəetmə təşkilatı strukturu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli 78 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında» əsasnamə ilə müəyyən olunur. Sosial Müdafi Fondu müstəqil maliyyə-kredit idarəsidir. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının müvafiq qanun və qərarlarını, Azərbaycan Respublikasının Sosial Müdafiə Fondu haqqında əsasnaməni rəhbər tutur.

Maliyyə proqramı ölkə üzrə bütün maliyyə ehtiyatlarını, inflyasiya, makroiqtisadi göstəricilərini və s. əks etdirir. Bir qayda olaraq maliyyə proqramı bir neçə bölmədən ibarətdir: dövlət büdcəsi, büdcədənkənar fondlar, pul aqreqatları, inflyasiya, işsizlik, maliyyə ehtiyatlarının xərc istiqamətləri və s.

2.Maddi istehsal müəssisə və təşkilatları. Bu planlara dövlət müəssisələri, səhmdar cəmiyyətləri, şirkətlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan digər müəssisə və təşkilatların maliyyə planları daxildir. Maliyyə planı özündə maliyyə və kredit resurslarının plan üzrə hərəkətini ifadə edir.

Maliyyə planlaşdırılması prosesində məhsulların istehsalı və satışının artırılması, maya dəyərinin aşağı salınması və bunun əsasında pul gəlirlərinin və mənfəətin artırılması, əsas və dövriyyə fondlarından, kapital qoyuluşundan daha səmərəli istifadə edilməsi ehtiyatları aşkara çıxarılır. Müəssisələrin maliyyə planı biznes planın tərkib hissəsidir. O, planlaşdırmanın yekun mərhələsidir.

Istehsal müəssisələrinin maliyyə planı iki bölmə üzrə tərtib edilir: gəlirlər və xərclər bölməsi. Gəlirlər bölməsində müəssisənin bütün gəlirləri, o cümlədən amortizasiya ayırmaları, mənfəət, kreditlər, xərclər bölməsində isə müəssisənin bütün xərcləri, o cümlədən büdcəyə vergilər, kredit borcları, faizlər, başqa ödəmələr göstərilir.

3.Qeyri-istehsal sahələrinin maliyyə planları. Burada iki cür maliyyə planlarını fərqləndirmək lazımdır. Bir tərəfdən büdcə vəsaitləri hesabına saxlanılan qeyri-istehsal müəssisələrinin maliyyə planı, digər tərəfdən isə təsərrüfat hesabı əsasında istəyən qeyri-istehsal müəssisələrinin maliyyə planı. Birinci halda maliyyə planı smeta formasında tərtib edilir. Buraya büdcə vəsaiti hesabına maliyyələşdirilən maarif, səhiyyə, ali təhsil müəssisələri, elm və s. təşkilatların smetaları daxildir. Smetada gəlir mənbəyi, onun istifadə istiqamətləri, təşkilatın bütöv şəbəkəsi göstərilir. Təsərrüfat hesabı əsasında işləyən qeyri-istehsal müəssisələrində maliyyə planı istehsal müəssisələrindəki kimi tərtib olunur və gəlir xərc bölmələrindən ibarətdir. Burada təsərrüfat hesabı əsasında işləyən səhiyyə, maarif, bədən tərbiyəsi, bank, maliyyə, sığorta, kredit, müəssisə və şirkətlərinin maliyyə planları daxildir.

Bütün maliyyə planları arasında sıx əlaqə vardır. Bu əlaqələr həm gəlirlərin toplanması, həm də xərclərin istifadə istiqamətlərinin müəyyənləşdiriməsi prosesində meydana çıxır. Həmin əlaqələrin mərkəzində dövlət büdcəsi durur. Çünki büdcə bütün maliyyə planları arasında çox mühüm əlaqə yaradır.


TƏDIYƏ BALANSI
Tədiyə balansı respublikamız müstəqillik əldə etdikdən sonra tərtib olunmağa başlanmışdır. Müstəqilliyə qədər o, SSRI üzrə tərtib olunmuşdur. Ölkələrin xarici-iqtisadi əlaqələrinin, daha doğrusu iqtisadi əməliyyatların miqyasının və qiymətləndirilməsinin ilk dəfə uçota alınması cəhdi XIV əsrin ortalarında olmuşdur. Bu ilk növbədə Ingiltərədə erkən merkantilizm (himayədarlıq) siyasətinə iqtisadi baxışla əlaqədar idi. «Tədiyə balansı» anlayışını iqtisadiyyat elminə ilk dəfə 1767-ci ildə C. Styuard gətirmişdir. Bu balansı həm ödəmə, yaxud ödəniş balansı, həm də valyuta balansı adlandırırlar. Azərbaycan dilində bu anlayış «tədiyə balansı» kimi qəbul edilmişdir. Beynəlxalq hesablaşmaların aparılması dövlətin rolunu durmadan genişləndirirdi. Bu rolun həyata keçirilməsi ilə əlaqədar olaraq xəzinədarlıq, büdcə, kredit orqanları, gömrük və başqa dövlət idarəetmə sistemi yarandı. XX əsrin başlanğıcında tədiyə balansının tərtibinin daha mükəmməl metodları ABŞ və Ingiltərədə tərtib olundu. Ilk dəfə tədiyə balansı rəsmi olaraq 1922-ci ildəki göstəricilərinə görə 1923-cü ildə ABŞ-da tərtib olunaraq nəşr edildi. Ilkin nəşr rəsmi xarakter daşımamışdır, çünki bu balans ayrı-ayrı tədqiqatçıların işləri idi.

1923-cü ildə ABŞ-da nəşr edilmiş tədiyə balansı əsas etibarilə 3 bölmə üzrə qruplaşdırıldı: cari əməliyyatlar, kapitalların hərəkəti, qızıl və gümüşlə əməliyyatlar.

«Tədiyə balansı» anlayışına yeni baxış milli gəlir və məcmu milli məhsulun hesablanmasında dönüş yaratdı.

Bütün bu deyilənlər tədiyə balansının müasir dövrə qədər keçdiyi mərhələlər idi. Bu balans bu gün də təkmilləşdirilməkdədir. Indi bütün dünya ölkələri üçün ümumi olan tədiyə balansının tərtibi qaydası Beynəlxalq Valyuta Fondu tərəfindən müəyyən edilmişdir.

Tədiyə balansı nədir? Tədiyə balansı - ölkədən xaricə çıxarılan və ölkəyə xaricdən daxil olan bütün iş və xidmətlər üzrə faktik ödəmələrin nisbətidir. Vaxtın müəyyən dövrü üçün (il, rüb, ay) tərtib edilən tədiyə balansı həmin dövrdə mövcud olan beynəlxalq daxilolmalar və ödəmələr arasında nisbət formasında mümkün olur. Bu balans müəyyən müddət üçün statistik göstəricilər formasında qəti müəyyən olunmur. O, daxilolmaların və ödəmələrin arasındakı nisbətin gündən-günə dəyişdirilməsini əks etdirir. Belə ki, tədiyə balansı müəyyən vaxt kəsiyində artıq yerinə yetirilmiş ödəmələri və daxilolmaları özündə əks etdirir və ölkənin beynəlxalq iqtisadi əlaqələrinin vəziyyətini aydınlaşdırmağa imkan verir. Balans vasitəsilə ölkənin iqtisadi vəziyyəti və ya inkişafı aydın görünür.

Əgər valyuta daxilolmaları ödənişlərdən çoxdursa onda tədiyə balansı aktivdir. Əksinə, əgər ölkənin ödənişləri daxilolmaları ötürsə, deməli balans passivdir. Tədiyə balansının strukturuna gəldikdə demək lazımdır, balansda verilən əməliyyatların xarakterinə görə iki əsas bölməyə ayrılır:



  1. Cari əməliyyatlar (ticarət balansı, qeyri kommersiya və xidmət əməliyyatları balansı daxildir);

  2. Sərmayə və kreditlərin hərəkəti balansı.

Ticarət balansı. Tarixi olaraq beynəlxalq mübadilənin ən çox inkişaf etmiş forması kimi xarici ticarət çıxış edir. Idxalat və ixracat üzrə daxilolmaların və ödəmələrin nisbəti ticarət balansını əmələ gətirir. Tədiyə balansına yalnız ticarət balansının o hissəsi daxil edilir ki, bu balansda ticarət əməliyyatları üzrə ödəmələr artıq aparılıb və ya təcili olaraq ödənilməlidir. Ölkənin iqtisadi inkişaf göstəricilərindən biri də ixracatın ümumi həcminin idxalatdan çox olması və bu nisbətin getdikcə artan sürətlə inkişaf etməsidir. Bu göstərici ilk növbədə, ölkənin valyuta mövqeyinə çox müsbət təsr göstərir və çox zaman milli valyuta dəyərinin artmasına səbəb olur.

Qeyri-kommersiya və xidmət bölmələri balansı. Bu balansa nəqliyyat, telefon, teleqraf və poçt ödəmələri üzrə müxtəlif kommision və maliyyə əməliyyatları, turizm, diplomatik və ticarət nümayəndəliklərinin saxlanması, istehlak köçürmələri, ölkədə olan xarici fəhlələrə əmək haqqı, vərəsə, hərbi xərclər və s. üzrə daxilolmalar və ödəmələr daxildir. Xaricdəki investisiyalar və həmçinin beynəlxalq kreditlər üzrə faizlərin ödənilməsi də tədiyə balansının bu bölməsində əks etdirilir.

Kreditlərin və sərmayələrin hərəkəti balansı. Bu balans ölkəyə daxil olan və çıxarılan dövlət və şəxsi sərmayələrin, həmçinin verilmiş və alınmış beynəlxalq kreditlərin nisbətində ifadə olunur. Iqtisadi münasibətlərin inkişafı ilə əlaqədar olaraq tədiyə balansında bu bölmənin həcmi və rolu genişlənməkdədir.

Tədiyə balansına təsir edən bir sıra amillər var. Bu amillər dolayı yolla milli valyuta və pul dövriyyəsinə çox böyük təsir göstərir. Bu amillər aşağıdakılardan ibarətdir:



  1. Ölkənin iqtisadi və siyasi inkişafının qeyri-bərabərliyi;

  2. Dövri olaraq iqtisdiyyatın inkişafının tərəddüdü və ya sürətin artıb-azalması;

  3. Ölkədaxili dövlət xərclərinin artması;

  4. Iqtisadiyyatın hərbiləşdirilməsi və sürətlə silahlanma;

  5. Kapitalların hərəkətinin miqyasının və əhəmiyyətinin artması;

  6. Beynəlxalq ticarətdə baş verən dəyişikliklər;

  7. Valyuta-maliyyə amilləri;

  8. Inflyasiya.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra sərbəst olaraq beynəlxalq iqtisadi münasibətlər sisteminə qoşulur və xarici iqtisadi əlaqələrini genişləndirir. Azərbaycanın xammal ehtiyatları xarici kapitalı cəlb edir. Tədiyə balansının sektorlara ayrılmaqla təhlili göstərir ik, əvvəlki illərdə olduğu kimi sonrakı illərdə də xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru isə mənfi saldoya malik olmuşdur. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar əsasən neftin ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektora ödəmələr isə maşın, mexanizm və digər texnoloji avadanıqların idxalının və əsas ixrac boru kəmərlərinin tikintisi ilə bağlı Türkiyə və Gürcüstan ərazisindəki işlərin maliyyələşdiriməsinə sərf olunan vəsaitləri əks etdirir. Neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo iqtisadiyyatın digər sektorlarının xarici valyutaya tələbatını maliyyələşdirilməsini və ölkənin valyuta ehtiyatlarının artmasını təmin etmişdir.

Tədiyə balansının sabitliyi, cari xarici hesablaşmaların vəziyyətinin necə dəyişməsi ilə qiymətləndirilir. Bir ölkədəki vəziyyətin başqa ölkədəki vəziyyətdən fərqlənməsinə baxmayaraq, ümumiyyətlə demək olar ki, xarici hesablaşmalar üzrə tədiyə balansının vəziyyəti o zaman sabit hesab edilir ki, gözlənilən kapital axını hesabına uzunmüddətli maliyyələşdirmələr təmin olunsun. Bu zaman iqtisadi artım sabit qiymtələrlə müşayiət olunur və ölkə öz xarici borclarını tam həcmdə ödəmək imkanı qazanır.

Bütün bunlara görə də maliyyə proqramları perspektiv məqsədlərə uyğun olaraq tərtib edilməlidir. Bir qayda olaraq maliyyə proqramlarının işlənməsi və ya hesablanması üçün makro-iqtisadi hesabların iki kompleks sistem altında yazılması lazımdır. Bu sistemlər hər maliyyə vəsaitlərinin axını baxımından, həm də ehtiyatların dəyişməsi ilə əlaqədar olaraq gəlirləri və xərcləri xarakterizə edir.

Maliyyə proqnozlaşdırılması öncədən istehsal subyektinin inkişaf dinamikasının təhlili yolu ilə maliyyə resurslarının həcminin və istifadə istiqamətlərinin yerləşdirilməsinin müəyyənləşdirilməsidir. Maliyyə proqnozları üç növə ayrılır:



  1. Qısamüddətli (bir il ərzində);

  2. Ortamüddətli (bir-üç ilə qədər);

  3. Uzunmüddətli (üç ildən çox müddətə).



Yüklə 433,22 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin