Мцхтялиф дювлят програмларынын иъра едилмяси артыг нечя иллярдир ки, Азярбайъанын сосиал-игтисади щяйатына йени няфяс эятирмякля йанашы, бу истигамятдя дювлят сийасятинин йени мцстявийя гядям гоймасыны тямин едиб



Yüklə 46,68 Kb.
tarix17.07.2018
ölçüsü46,68 Kb.
#56966

Elektron xidmətlərin genişləndirilməsi iqtisadi və siyasi modernləşmənin vacib şərtidir
Bu gün qlobal informasiyalaşdırma və ümumdünya informasiya cəmiyyətinin formalaşdırılması sahəsində ən çox nəzərə çarpan tendensiyalardan biri elektron hazırlığın inkişafının sürətlənməsidir. Elektron hazırlıq elektron xidmətlərin tətbiqinin genişlənməsini təmin etməklə, eyni zamanda, «elektron hökumət» quruculuğuna doğru aparan yolun mühüm bir komponenti kimi çıxış edir. Bu mənada, elektron hazırlığın güclü olması həmin ölkədə e-xidmətlərin genişliyinə də mühüm təsir göstərir. Bütün bunların əsasında isə informasiya-kommunikasiya texnologiyalarından istifadə, İKT infrastrukturunun yaradılması kimi faktorlar mühüm əhəmiyyət kəsb edir.

BMT-nin son illər açıqladığı hesabatlarda və digər İKT qurumlarının rəylərində ölkəmizin bir çox indikatorlar üzrə regionda fərqlənməsi dövlətimizin siyasi iradəsinin əyani təzahürü kimi qiymətləndirilə bilər. «Elektron iştirak» indeksi üzrə əmsal, eləcə də onlayn xidmətlərin miqyası ilə bağlı yüksək qiymət respublikada elektron cəmiyyət quruculuğu sahəsində qətiyyətli addımların atılmasını şərtləndirir. Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir və bu sahədə sistemli tədbirlər davam etdirilir.

 Azərbaycan yeni mütərəqqi yeniliklərə doğru irəliləyən dünya ailəsinin bir üzvü kimi inkişaf etmiş dövlətlərin ən qabaqcıl texnologiyalarını tətbiq edərək, İKT-nin tətbiqi ilə bağlı düşünülmüş strategiya həyata keçirir. Bu strategiya ölkəmizdə «elektron hökumət» quruculuğu üçün çoxsistemli idarəetmə mexanizmlərinin formalaşdırılmasına xidmət edir. «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər  üzrə Dövlət Proqramı (Elektron Azərbaycan)», «Azərbaycan  Respublikasında 2010-2011-ci illərdə «Elektron hökumət»in formalaşdırılması üzrə Fəaliyyət Proqramı» və «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» ölkə başçısının 23 may 2011-ci  il tarixli fərmanı ilə «Elektron hökumət»in  formalaşdırılması və elektron xidmətlərin tətbiqi istiqamətində işlərə təkan verilmişdir. «Elektron hökumət» müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən ölkə ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici ölkə vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradan sistemdir.

«Dövlət orqan­larının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haq­qında» fərman nəinki elektron hökumətin inkişafı, həm də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Fərmanda göstərildiyi kimi, elektron xidmətlərin genişləndirilməsi korrupsiya hallarının qarşısının alın­ması və şəffaflığın təmin edilməsi baxımından təsirli vasitələrdən biridir. Elektron xid­mətlər eyni zamanda dövlət orqanı ilə vətəndaş arasında qarşılıqlı münasi­bət­lərin səmərəliliyi və keyfiyyətinin artırılmasında, şəffaflığın təmin edilməsində, kor­rupsiyaya şərait yaradan halların aradan qaldırılmasında mühüm əhəmiyyət daşı­yır. Elektron xidmətlər dövlət orqanı əməkdaşları ilə vətəndaş arasında birbaşa təması minimuma endir­məklə, korrupsiyaya şərait yaradan halları aradan qaldırır, elektron xidmətin geniş miqyasda həyata keçirilməsi korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli tədbir­lərdən birinə çevrilir. Fərmanda bu məqsədlə dövlət qulluqçularının infor­­masiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artı­rılması üçün tədris kurslarının təşkili nəzərdə tutulmuşdu.

Əminliklə demək olar ki, artıq vətəndaşlar elektron xidmətlərin üstün­lüklərini yeni yaradılmış bir sıra portalların uğurlu fəaliyyətinə nəzərən praktik ola­raq hiss edir, atılan addımları razılıqla qarşılayırlar. Və­təndaşlar infor­masiya tex­no­lo­giya­larının və internetin imkanlarından istifadə edə­rək bir sıra dövlət orqanlarına mü­ra­ciət imkanı qazanır. Bundan başqa, dövlət orqanları tərəfindən tətbiq edilən rüsum və tariflər barədə mə­lumatlar almaq məqsədilə «www.rusum.az» saytı, döv­lət qu­rum­larının və vətən­daşların münasibət­lərinin etik davranış çərçivəsində tənzim­lən­mə­si­nə dəstək ver­mək, bu sahədə maarifçilik və məlumatlandırma məqsədilə «www.etika.az» sayt­larının yaradıl­mışdır. Son illərdə uğurla fəaliyyət göstərən «www.e-qanun.az» por­talında da cəmiyyətdə bütün ictimai münasibətlər spektrini tən­zimləyən qa­nun­lar və digər normativ hüquqi sənədlər yerləşdirilmişdir.

Bu gün ölkəmizdə həyata keçirilən İKT siyasətinin əsas hədəflərindən biri də elektron vərdişlərin inkişafını sürətləndirməklə cəmiyyətin informasiyalaşdırılmasını təmin etməkdir. Qloballaşma proseslərinin cəmiyyətin bütün fəaliyyət sahələrinə nüfuz edərək geniş vüsət aldığı vaxtda Azərbaycanda əsas məqsəd elmi-texniki tərəqqinin nailiyyətlərindən insanların rifahı naminə istifadə etməkdir.

 Azərbaycanda həyata keçirilən elektron xidmətlər dünyanın nüfuzlu təşkilatları və informasiya-kommunikasiya üzrə tanınmış mütəxəssislər tərəfindən də yüksək qiymətləndirilir.  İnformasiya-kommunikasiya texnologiyaları (İKT) və elektron hökumət quruculuğu sahəsində Azərbaycanın xeyli irəliləyişlər əldə etdiyini bildirən BMT-nin Elektron Hökumət Komissiyasının rəhbəri Valter Fusun sözlərinə görə, respublikamızda son 10 il ərzində ən güclü elektron idarəçilik proqramı yaradılmışdır. BMT İnkişaf  Proqramının dəstəyi ilə Azərbaycan hökuməti e-xidmətləri dövlət idarəetmə sisteminin mühüm komponentinə çevirmiş, nəticədə yeni texnologiyaların tətbiqi dövlət idarəçiliyi sahəsində sistemli islahatların həyata keçirilməsinə güclü təkan vermişdir.

BMT-nin açıqladığı «E-idarəçilik: 2012» adlı hesabatda dövlət xidmətlərinin göstərilməsində İKT-dən istifadə üzrə ölkələrdə dövlət orqanlarının hazırlığı və mövcud imkanları,  gördüyü işlər, bu sahənin inkişafı üzrə ölkənin ümumi vəziyyəti araşdırılmışdır. Qiymətləndirmədə ölkələrin reytinqi 3 əsas komponentə əsasən müəyyən olunmuşdur: onlayn xidmətlərin miqyası və keyfiyyəti; İKT infrastrukturu; insan kapitalının inkişaf səviyyəsi.

Respublikamız MDB-də Rusiya və Ukraynadan sonra «e-idarəçilik» imkanlarına görə ən yaxşı mövqeyə malik ölkə kimi qiymətləndirilmişdir. Ümumiyyətlə, son 5 ildə qeyd olunan sahə üzrə ən sistemli və davamlı islahatlar aparan ölkə kimi Azərbaycanın mövqeyi 10 pillədən çox yüksəlmişdir.

Hesabatın ən mühüm komponentlərindən biri olan «elektron iştirak» indeksi üzrə Azərbaycan 27-ci yeri tutur. Respublikamızın qeyd olunan indeks üzrə mövqeyi Mərkəzi-Şərqi Avropa dövlətlərinin əksəriyyətindən xeyli yüksəkdir. Rumıniya, Slovakiya, Türkiyə, Bolqarıstan, Sloveniya, Belarus, Yunanıstan və digər ölkələr bu sahə üzrə respublikamızdan aşağı yerdədirlər. Onu da qeyd edək ki, Azərbaycan bu indeks üzrə son 5 ildə mövqeyini 2 dəfə yaxşılaşdırmışdır. Respublikamız 2008-ci ildə həmin indeks üzrə 49-cu yerdə qərar tuturdu.

Respublikamızda «e-hökumət» quruculuğu istiqamətində ən mühüm addımlardan biri 2012-ci ildə «bir pəncərə» prinsipi ilə işləyən və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi vahid «Elektron hökumət» (www//.e-gov.az) portalının istifadəyə verilməsidir. Portal e-xidmətlərin göstərilməsi zamanı dövlət orqanlarının informasiya sistemləri arasında mübadiləni təmin etməyə imkan verir. Burada hər bir dövlət qurumu elektron xidmətlərini portal vasitəsilə – «bir pəncərə» prinsipi əsasında istifadəçilərə təqdim edir, məlumatların keyfiyyətinə, tamlığına və düzgünlüyünə cavabdehlik daşıyır. Vətəndaş istənilən dövlət qurumuna müraciət etməklə, ona aid lazımi məlumatı qanun çərçivəsində əldə edə bilər. Portal vasitəsilə dövlət idarəçiliyində keyfiyyətli elektron xidmətlərin göstərilməsi vətəndaşların həmin xidmət­lərdən fəal istifadəsinə imkan yaradır. 

«Elektron hökumət» portalına üç üsulla – «Elektron hökumət» sistemi tərəfindən vətəndaşa verilmiş kod, smartfon və planşetlər üçün mobil autentifikasiya sertifikatı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən verilmiş elektron imza kartı vasitəsi ilə daxil olmaq mümkündür. Vətəndaş kod-parolu «Elektron hökumət» portalı üzərindən «Qeydiyyat» bölməsinə daxil olaraq qısa bir zamanda əldə edə bilir. Kod-parol almaq üçün daha bir yol yaxınlıqda yerləşən qeydiyyat mərkəzlərinə şəxsiyyət vəsiqəsi ilə müraciət etməkdir.

Bu məqsədlə elektron imza sertifikatlarını Milli Sertifikat Xidmətləri Mərkəzinin qeydiyyat məntəqələrindən və ya onlayn şəkildə əldə etmək mümkündür. Elektron imza kartını əldə etmək istəyən hər bir vətəndaş qeydiyyat mərkəzlərinə müraciət edən zaman mütləq şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir. 

Mobil İdentifikasiya (Mobile-ID) isə mobil telefondan istifadə edərək təhlükəsiz istifadəçi identifikasiyasını aparmağa imkan verən xidmətdir. Mobil ID şəxsiyyət vəsiqəsi kimi e-xidmətlərin təhlükəsiz əldə edilməsi və sənədlərin rəqəmsal imzalanması üçün istifadə olunur. Bundan ötrü hər hansı kart oxuyucusuna ehtiyac yoxdur. İstənilən vətəndaş internetdən onlayn qeydiyyat formasını doldurub göndərərək və ya Sertifikat Xidmətləri Mərkəzinə müraciət edərək mobil sertifikatları əldə edə bilər. Sahibinin şəxsiyyətini təsdiqləyən identifikasiya sertifikatı və müvafiq açıq və qizli açarlar mobil cihazda saxlanılır.

Portalda təqdim edilən bəzi xidmətlərdən istifadə etmək üçün qeydiyyatdan keçmək lazım gəlmir. Bir çox dövlət qurumları - Dövlət Sosial Müdafiə Fondu, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ədliyyə  Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, «Azərsu» ASC, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, «Azərenerji» ASC tərəfindən təqdim edilən bəzi xidmətlər «Elektron hökumət» portalında «qeydiyyatsız  xidmətlər» adı altında təqdim edilir. 

Qeydiyyatsız xidmətlərə Dövlət Sosial Müdafiə Fondu tərəfindən sığortaedənin uçot nömrəsinin öyrənilməsi; RİTN tərəfindən küçə adına görə küçənin kodunun, poçt indekslərinin və müvafiq rayonun tapılması; AzDataCom internet xidmətinə qoşulmaq üçün sifariş; poçt indeksinə görə küçələrin axtarışı; rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi; telefon nömrəsi üzrə axtarış e-xidmətləri; DSK tərəfindən statistik məlumatların (göstəricilərin) verilməsi; statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi; statistik nəşrlərin (kitabların) onlayn satışı xidməti; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məşğulluq orqanları vasitəsilə iş axtarışı xidmətləri və s. xidmətlər daxildir.

Vergilər Nazirliyi tərəfindən beş elektron xidmət: hüquqi adın yoxlanılması, oxşar hüquqi adların axtarışı, vergi ödəyicisinin ətraflı axtarışı, VÖEN-ə görə ödəyicinin axtarılması, VÖEN-ə və ada görə ödəyicinin axtarılması «qeydiyyatsız xidmətlər»  bölümündə yer almışdır. Vətəndaşlar www.e-gov.az saytına daxil olaraq «qeydiyyatsız xidmətlər» bölümünü seçə və həmin xidmətlərdən istifadə edə bilərlər.  

«Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» fərmanda Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)», eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə konkret sahələr üzrə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi qaydalarının və xidmət növlərinin müəyyən edilməsi tapşırılmışdır. Nazirlər Kabinetinin «Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları» və «Elektron xidmət növlərinin siyahısı»nın təsdiq edilməsi haqqında qərarına əsasən isə müxtəlif dövlət orqanlarının elektron xidmətlərinin vahid reyestri yaradılmışdır. Elektron xidmətlər reyestrinin formalaşması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilmişdir. Elektron Xidmətlər Reyestrinə 43 dövlət qurumu qoşulmuşdur və həmin qurumlar Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulan elektron xidmətləri həyata keçirirlər.

"Elektron hökumət" saytında təqdim edilən xidmətlərdən ayda təqribən 50 mindən çox insan istifadə edir. Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıdakı 417 xidmətdən 225-i "elektron hökumət" və müvafiq dövlət qurumlarının portallarına inteqrasiya edilmişdir. Real olaraq vətəndaşlara 217 elektron xidmət göstərilir. Statistika onu göstərir ki, vətəndaşlar bu xidmətlər çox böyük maraq göstərirlər. Gündən-günə elektron hökumət portalına daxil olan vətəndaşlarımızın sayı, giriş üçün kod parollar alanların, elektron viza alan şəxslərin, biləvasitə bu xidmətlərdən istifadə edən şəxslərin sayı artır. Vətəndaşlar üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Daxili İşlər, Səhiyyə, Vergilər, Təhsil, Ədliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın xidmətləri daha çox maraq doğurur.

Elektron xidmətlərin inkişafı baxımından dövlət informasiya ehtiyatları ilə yanaşı, fərdi məlumatların informasiya sistemləri də mühüm rol oynayır. Bu sahədə fəaliyyət ölkə başçısının 11 may 2010-cu il tarixli «Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının Qanunu» ilə tənzimlənir. Qanun fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı münasibətləri, milli informasiya məkanının fərdi məlumatlar bölümünün formalaşdırılması, habelə fərdi məlumatların transsərhəd ötürülməsi ilə əlaqədar məsələləri tənzimləyir. Eyni zamanda bu sahədə fəaliyyət göstərən dövlət və yerli özünüidarə orqanlarının, hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyənləşdirir.

Onu da xüsusi vurğulamaq lazımdır ki, hazırda “www/.e-gov/.az” portalı üzərindən xidmət göstərməyən dövlət qurumlarının mövcudluğu isə müəyyən obyektiv və subyektiv amillərlə bağlıdır. Məsələn, təhlükəsizlik, müdafiə, xüsusi mühafizə qurumlarının «e-xidmətlər»dən istifadə obyektiv səbəblərlə mümkün deyildir. Bununla belə, nəinki e-xidmətlər göstərməyən, müasir tələblərə cavab verən internet saytları olmayan dövlət qurumlarının mövcudluğu da etiraf olunmalıdır. Xüsusən də yerli icra orqanlarının elektron xidmətlər reyestrinə inteqrasiyasında lənglik müşahidə edilir. RİTN bu prosesi sürətləndirmək üçün hazırda 2013-2015-ci illəri əhatə edəcək yeni dövlət proqramı üzərində iş aparır. "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət"in inkişafına dair Dövlət Proqramı" dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsini və “elektron hökumət”in inkişafınını nəzərdə tutur. Proqram çərçivəsində yerli icra hakimiyyəti orqanlarının da elektron xidmətlər göstərməsi, portala qoşulması və digər bu kimi məsələlərin həlli gözlənilir.

Fikrimizcə, gələcəkdə ictimai əhəmiyyətli kommersiya qurumlarının – mobil və internet xidmətləri göstərən özəl şirkətlərin, bankların, sığorta şirkətlərinin və s. vahid elektron xidmətlər reyestrinin yaradılmasına ehtiyac var. Məsələn, bu gün vətəndaşlar elementar xidmətlərdən istifadə üçün bankların filiallarına və ya mobil müştəri xidmətlərinə üz tuturlar. Eləcə də ikitərəfli bağlanmış nömrələrin aktivləşdirilməsi üçün mobil şirkətlərin filiallarına getmək, növbə tutmaq lazım gəlir. Halbüku bu kimi elementar xidmətləri elektronlaşdırmaq mümkündür. Yeni Dövlət Proqramında sahibkarlıq subyektlərinin e-xidmətlərə stimullaşdırılması üçün müəyyən müddəalar əksini tapmalıdır.

Ciddi problemlərdən biri də əhalinin e-xidmətlərdən istifadə vərdişlərinin aşağı səviyyədə olmasıdır. Fikrimizcə, bu problemin həlli də yeni Dövlət Proqramında diqqətdən qaçırılmamalı, orta ümümtəhsil, orta ixtisas və ali məktəblərdə tədris olunan İKT fənni çərçivəsində e-xidmətlərə geniş yer verilməlidir. Bununla bağlı vətəndaş cəmiyyəti institutları və medianın imkanlarından geniş istifadə olunmalı, müvafiq layihələr – treninqlər, seminarlar, «dəyirmi masa»lar təşkil olunmalıdır. Fikrimizcə, Rabitə və İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətə başlaması bu sahədə işlərin sistemli və ardıcıl şəkildə, elmi əsaslarla aparılmasına geniş imkanlar açacaqdır.

Ümumilikdə, son illərdə tətbiqinə start vermiş e-xidmətlər bir tərəfdən dövlət orqanlarının fəaliyyətində çevikliyi, şəffaflığı, hesabatlılığını təmin etmiş, digər tərəfdən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti, səmərəliliyi əhəmiyyətli dərəcədə artmışdır. RİTN tərəfindən yaradılmış «www/.e-gov.az» portalının da əsas məqsədi çevik və səmərəli idarəçiliyin həyata keçirilməsinə, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsinə fəal texnoloji dəstəyin təmin edilməsidir.

Unutmaq lazım deyildir ki, bu gün e-xidmətlər həm də Azərbaycanın sabit və davamlı inkişafı ilə bağlı məsələdir. Ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin liberallaşdırılmasında bu mühüm rolu vardır. Məsələn, 2007-ci ildən vergi bəyannamələrinin elektron formada təqdim edilməsi sisteminə keçid «e-xidmətlər» sahəsində mühüm yeniliklərdən olmuşdur. Bu məqsədlə İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) yaradılmış, beləliklə, vergi ödəyiciləri bəyannamələrini vergi orqanlarına gəlmədən – elektron formada təqdim etmək imkanı əldə etmişlər.

2008-ci ildən həmçinin, sahibkarlıq subyektlərinin «bir pəncərə» prinsipi üzrə qeydiyyat sisteminin tətbiqi qeydiyyat prosedurlarının sadələşdirilməsi ilə yanaşı, sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının dinamikasına da müsbət təsir etmişdir. Bu sistem vasitəsilə ötən illərdə 306 mindən çox vergi ödəyicisi qeydiyyatdan keçmişdir və onlardan 9,2 faizini kommersiya hüquqi şəxsləri təşkil edir. Eyni zamanda, 2011-ci ildən fərdi sahibkarların vergi orqanlarına gəlmədən real vaxt (onlayn) rejimində qeydiyyat sistemi tətbiq olunmuş, 2012-ci ildən yerli hüquqi şəxslərin (MMC) dövlət qeydiyyatının elektron qaydada aparılmasına başlanılmışdır.

E-qeydiyyatın tətbiqi ilə biznesə başlamaq üçün 6 prosedur əvəzində cəmi 3 prosedur yerinə yetirilir. Tələb olunan sənədlərin sayı isə 7-dən 2-yə qədər azalmışdır. Bütün bunlar Azərbaycanın Qlobal Rəqabətqabiliyyətlilik indeksində ildən-ilə irəliməməsini təmin edir.

Ümumilikdə, RİTN dövlət və özəl sektorda informasiya və kommunikasiya infrastrukturunun yaradılması, xidmətlərin genişləndirilməsi, vətəndaşların və sosial institutların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarının təmin edilməsi ilə əlaqədar müvafiq informasiya mühitinin yaradılması üçün dövlət siyasətinin həyata keçirilməsində fəal rol oynayır. Nazirlik, eyni zamanda, dövlət idarə və müəssisələrində yeni texnologiyaların tətbiq olunmasında, bu sahə üzrə həyata keçirilən tədbirlərin monitorinqinin parılmasında iştirak edir. Dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin vəziyyətini təhlil etmək, onların fəaliyyətini qiymətləndirmək də bu tədbirlərin əsas istiqamət­lərindəndir. Eyni zamanda, bu sahədə fəal hökumət qurumlarının adlarının cəmiyyətə açıqlanması bu sahədə sivill rəqabət mühitinin formalaşmasına təkan verir.

«Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası ilə Azərbaycanda elekton hökumətə 100 faizlik keçid nəzərdə tutulmuş, bunun reallaşdırılması mexanizmləri göstərilmişdir. Əlbəttə, ölkəmiz inkişaf etdikcə, texnoloji şüur səviyyəsi yüksəldikcə, e-xidmətlərin çeşidi və səviyyəsi də yüksələcəkdir. Bu baxımdan dövlət qurumlarının qarşısında duran başlıca vəzifə vətəndaşların bu sahədəki ehtiyac və istəklərinin öyrənilməsi, praktik surətdə reallaşdırılmasıdır.

Əminik ki, ümumilikdə həyata keçirilən tədbirlər, xüsusən də imzalanacaq növbəti dövlət proqramı Azərbaycanı butövlükdə Avropa məkanında ən qabaqcıl ölkələrdən birinə çevrilməsini təmin edəcəkdir.


Elnur HACALIYEV,

«Azərbaycan»






Yüklə 46,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin