Menecment anlayışı, menecmentin predmeti, təkamülü, əsas məqsədləri, metodları və səviyyələri – Menecment ingilis sözüdür, “management” sözündən götürülüb, idarəçilik, nəzarət, bacarıq, qabiliyyət, müəssisəyə rəhbərlik mənalarında işlədilir. Menecment - istehsalın və ya ticarətin idarəedilməsi, gəlirlərin artırılması və istehsalın səviyyəsinin yüksəldilməsi məqsədi ilə işlənib hazırlanmış və inkişaf etdirilmiş idarəetmənin formalarının, prinsiplərinin, üsullarının, metodlarının məcmusudur. Menecment termini hərdən idarəetmə ilə eyni mənada işlədilsə də bunlar bir-birindən fərqli məfhumlardır. İdarəetmə daha genişdir və demək olar ki, bütün sahələrdə işlədilə bilər, lakin menecment isə idarəetmənin bir hissəsidir və yalnız sosial-iqtisadi proseslərdə işlədilir.
Menecment idarəçilik fəaliyyəti sistemidir. Həmin fəaliyyət sistemi özünə idarəetmə prosesini, fəaliyyətin təşkilini, icraçılar arasında funksiyaların və məsuliyyətin bölüşdürülməsini, resursların (material, texnika-texnologiya, kapital, informasiya, əmək resursları) səmərəli seçimi və istifadəsini, çoxvariantlı qərarların qəbul edilməsini, iş stilinin müəyyən edilməsini və bütün bunlar üçün xüsusi idarəetmə orqanlarının mövcudluğunu nəzərdə tutur.
İdarəetmə çoxcəhətli bir prosesi əhatə edir. O, cəmiyyətin bütün fəaliyyət dairəsi ilə əlaqədardır. Çünki hər bir idarəetmə mərhələsi nəticə etibarilə insanların fəaliyyətinin nizamlanması, qaydaya salınması, kiçik və böyük kollektivlərin idarə olunması, bu isə istehsal, əmək kooperasiyasının həyata keçirilməsi, habelə canlı əməklə istehsal vasitələrinin müəyyən qaydada əlaqəndirilməsi ilə bağlıdır.
Menecmentin mahiyyəti müəsisənin (firmanın) malik olduğu resurslardan səmərəli isti fadə etməklə daha yüksək gəlir əldə etməkdir.
Menecmentdə idarəetmənin təşkilati-sərəncam, iqtisadi, sosial-psixoloji metodları, qiymət siyasəti və onun məqsədləri, idarəetmənin marketinq, nəzarət, planlaşdırma, təşkiletmə, tənzimləmə kimi funksiyaları geniş təhlil olunur.
Bazar iqtisadiyyatı planlı təsərrüfata nisbətən idarəetmə qərarları qəbul edən rəhbərlərdən daha yüksək bilik və bacarıq tələb edir. Belə tələb strateji qərarlar qəbul edən mütəxəssislərə qarşı daha yüksək olur. Çünki bazarın təlabatına cavab verən, istehlakçıları özünə geniş cəlb edən, yeni texniki-iqtisadi xüsusiyyətlərə malik orijinal əmtəələrin istehsalı səmərəli strategiyanın işlədilməsi və tətbiqini tələb edir ki, bu da firmanın ali rəhbərliyinin funksiyasına daxildir. Bu keyfiyyətlər də yalnız o idarəedicilərdə olur ki, onlar idarəetmənin metod və funksiyalarına, onun iqtisadi mexanizminə, yeniçilik barədə zəruri biliklərə malik olsunlar, birgə əməyin motivasiyasını lazımi səviyyədə təşkil edə bilsinlər. Menecerləri müasir rəqabət və dəyişkən xarici mühitdə resurslardan daha yaxşı istifadə edilməsi sahəsində bilik sisteminin daşıyıcıları adlandırmaq olar.
Menecmentin predmeti
İdarəetmə prosesi universal xarakter daşıyır və müəyyən kooperasiya-istehsal əlaqələri şəraitində baş verir. Hər bir elmin predmeti olduğu kimi idarəetmə elminin də öz predmeti vardır. Elmin məzmunu onun predmetindən daha genişdir. Məsələn, idarəetmə elminin məzmunu aşağıdakılardan ibarətdir:
1) idarəetmə nəzəriyyəsi 3) idarəetmə metodları
2) idarəetmənin təşkili 4) idarəetmə texnikası
Bu 4 bölmənin hər biri öz növbəsində bir sıra idarəetmə məsələlərindən ibarətdir. Lakin bu fənnin məğzi əsasən idarəetmə fəaliyyəti və münasibətlərindən ibarətdir.
Menecmentin predmetinin formalaşması uzunmüddətli bir yol keçmişdir. Bu barədə ayrı-ayrı mütəxəssislər arasında fikir ayrılığı olmuşdur.
Menecmentin predmetinin əhatə dairəsini süni olaraq nə genişləndirmək, nə də dar çərçivəyə salmaq lazımdır. İdarəetmə prosesi birinci növbədə münasibətlər problemi ilə əlaqədardır. Məlumdur ki, cəmiyyətdə baş verən ictimai münasibətlərin iqtisadi, ideoloji, hüquqi, etik, psixoloji və s. növləri vardır. Bu münasibətlər içərisində iqtisadi münasibətlər başlıca yer tutur. Lakin bu heç də digər münasibətlərin idarəetmə üçün əhəmiyyətsiz olduğuna dəlalət etmir. Başqa elmlərdən fərqli olaraq, idarəetmə elmi (menecment) yalnız iqtisadi münasibətləri deyil, bütün ictimai münasibətləri məcmu halda öyrənməli və nəzərə almalıdır. Bu, idarəetmə elminin (menecmentin) ən başlıca xüsusiyyətlərindən biridir. Menecment həm də bu münasibətləri bütövlükdə, kompleks vəziyyətdə-inteqrativ halda öyrənir. Bu, nəticə etibarilə müəyyən idarəetmə qərarlarının icrası ilə əlaqədar olur. Ona görə də bəzi mütəxəssislər idarəetmə qərarlarını menecmentin predmeti adlandırmışlar.
İdarəetmə münasibətləri maddi məzmuna malikdir. İdarəetmənin iqtisadi funksiyası istehsalın öz mahiyyətindən irəli gəlir, əmək bölgüsü və əmək kooperasiyası ilə müəyyən edilir. Bu mənada idarəetmə və bu sahədə baş verən münasibətlər maddi istehsalın daxili məzmununu təşkil edir. Deməli, iqtisadi münasibətlər idarəetmə menasibətlərini müəyyən edən başlıca şərtdir. Bununla belə idarəetmə münasibətləri heç də istehsal münasibətlərinin passiv nəticəsi deyildir. İdarəetmə münasibətləri də istehsal münasibətlərinə əks təsir göstərə bilər. Cəmiyyətə yabançı olan mənfi halların, inkişafda durğunluq meyllərinin baş verməsi xeyli dərəcədə idarəetmə münasibətlərində, kadr siyasətində baş verən ciddi nöqsanlardan irəli gəlmişdir.
İdarəetmə münasibətləri çoxcəhətli münasibətlər sistemindən, tipindən ibarətdir. İdarəetmə münasibətlərinin aşağıdakı tipləri vardır.
idarəedən sistem (idarəetmə subyekti) ilə idarəolunan sistem (idarəetmə obyekti) arasındakı münasibət;
idarəedən sistemin daxilində baş verən münasibətlər. Məsələn, idarəetmə mərhələlərində - müəssisə idarə aparatı ilə onun sexləri, müəssisə ilə nazirlik arasında baş verən münasibətlər.
İdarəetmə münasibətləri həmçinin şəxsiyyətlərarası, sistemlərarası, qarışıq, qrup, fərdi münasibətlərə ayrılır. Şəxsiyyətlərarası münasibətlər fərdi və kollektiv şəxsiyyətlərarası münasibətlərdən ibarətdir. Məsələn, fəhlə ilə usta, briqadir, usta ilə sex arasındakı münasibət fərdi münasibətlərdir. Müəssisənin idarəetmə orqanları vəsilələri, şöbələri arasındakı münasibətlər, müəssisənin hər hansı şöbəsi ilə nazirliyin şöbəsi arasındakı əlaqədən irəli gələn münasibətlər kollektiv şəxsiyyətlərarası münasibətlərdir.
İqtisadi, sosial sistemlər və onların yarımsistemləri arasındakı münasibətlər, məsələn, deyək ki, cəmiyyətdə müəssisə, nazirlik, habelə ictimai təkrar istehsalın müxtəlif fazaları arasındakı münasibətlər sistemlərarası münasibətlərə aiddir. Qarışıq sistemlərə misal olaraq cəmiyyətlə işçilər, işçilərlə müəssisələr, ictimai istehsalın idarə edilməsinin sosial, maddi-texniki tərəfləri, aspektləri, əlaqələri, onların doğurduğu münasibətləri göstərmək olar. Ona görə də iqtisadi sistemdə insan münasibətləri ilə yanaşı insan-maşın sisteminin öyrənilməsi, bununla əlaqədar olaraq, idarəetmənin bir subyekti olmaq etibarilə insan amilinin fəallaşdırılması, burada iqtisadi şərtlərlə yanaşı texniki, texnoloji, psixofizioloji, erqonomik amillərin nəzərə alınması son dərəcə vacibdir. Məsələnin bu cür qoyuluşu birinci növbədə müasir elmi-texniki tərəqqinin keyfiyyətcə inqilabi xarakterindən, tələblərindən irəli gəlir.
İdarəetmə prosesində baş verən şəxsiyyətlərarası münasibətlər eyni və müxtəlif vəzifəli adamlar arasındakı münasibətlər halında olur. Məsələn, usta ilə usta, nazir ilə nazir, fəhlə ilə fəhlə, fəhlə ilə sex rəisi, müəssisə rəhbəri ilə nazir arasındakı münasibətlər belə münasibətlərdəndir.
İdarəetmə münasibətləri inzibati-hüquqi, təşkilati, pixoloji tipli münasibətlər kimi də təzahür edir.
İdarəetmə münasibətlərinin məzmunu və xarakteri hər bir ictimai-iqtisadi formasiyanın qanunları, prinsipləri ilə müəyyən olunur. Sosial ədalət prinsipinin həyata keçirilməsində idarəetmə münasibətləri mühüm rol oynayır.
Müasir dövrdə yeni tipli iqtisadi təfəkkürün formalaşması və inkişafına böyük əhəmiyyət vermək lazımdır. Kitab, elm pərəstişkarlığı hər bir tələbənin-gələcək mütəxəssisin həyatının ayrılmaz bir hissəsi olmalıdır. Elmə, kitaba belə ciddi yanaşılması yeni tipli iqtisadi təfəkkürün inkişafına mühüm stimul kimi təsir göstərir. Bu baxımdan menecment qarşısında da yeni-yeni vəzifələr durur. Başqa elm sahələri kimi idarəetmə elmi (menecment) də dünyagörüşün yaranmasında fəal rol oynamalıdır. Çünki bu elmin problemləri, müddəaları müasir dövrdə ön plana keçmişdir.