Mənim Elektron hökumətim” 68 Daha irəlidə olmağımız üçün nələr yetmir?



Yüklə 53,64 Kb.
tarix21.10.2017
ölçüsü53,64 Kb.

Mənim Elektron hökumətim”
68 - Daha irəlidə olmağımız üçün nələr yetmir?
Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/
68. İlk baxışda bu rəqəm, bəlkə də çoxları üçün hər hansı məna kəsb etmir. Əslində isə bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) iqtisadi və sosial məsələlər üzrə departamenti tərəfindən hazırlanan “Elektron hökumət”in inkişaf səviyyəsinə görə yeni “United Nations E-Government Survey 2014: E-Government for the Future We Want” reytinqində Azərbaycanın tutduğu hazırkı mövqedir. 193 dövlət arasında ölkəmizi əvvəlki mövqeyindən-96-cı yerdən 28 pillə irəli aparan bu rəqəmin arxasında illərin böyük əməyi, gərgin zəhməti dayanır.
Ən yüksəyə çatmaq istəyirsənsə, ən aşağıdan başlamalısan”
Bu gün qərarlaşdığımız mövqe bizim üçün yenə də qanedici, qənaətbəxş sayılmasa da, uğurun kifayət qədər ciddi olduğunu, bu yerin “Elektron hökumət”in formalaşdırırlması istiqamətində ölkədə aparılan islahatların, davamlı tədbirlərin hələlik zirvə nöqtəsi olduğunu etiraf etməyə bilmərik. Amma hələlik... Bəs daha irəlidə olmağımıza nələr mane olur, bunun üçün nələr yetmir? Suallara cavab tapmaq, nailiyyətlərimizə, gələcək planlarmıza daha yaxşı işıq salmaq üçün bu yoldakı problemlərimizə müvəqqəti pik nöqtəmiz sayılan zirvədən nəzər yetirək. Qədim Roma şairi Sir Publili demişkən, “Ən yüksəyə çatmaq istəyirsənsə, ən aşağıdan başlamalısan.” Beləliklə, bu yerə neçə gəlib çıxmışıq və ölkədə “Elektron hökumət”in qurulması nə üçün vacibdir?
Üzünüzə bağlanan məmur qapılarının yeganə “Açıq qapı”sı
Sadə dillə desək, “Elektron hökumət” elə bir hökumətdir ki, siz orada məmur qapılarında get-gelə düşməkdən, müşkülə çevrilən bu ziyarət və qəbulların zorluğu altında əzilməkdən, gözlədiyiniz qəbulların başa gəlməsi üçün kimlərəsə minnətçi olmaqdan və bu kimi həyatınıza neqativ tonlar qatan bir çox şeylərdən xilas olursunuz. Bir sözlə, üzünüzə bağlanan məmur qapılarının yeganə “Açıq qapı”sı isə məhz vahid portaldır. Bu portalın inkişafı sayəsində bu gün Sinqapur dünyanın ən uğurlu təcrübəyə malik ölkəsi kimi tanınır, Estoniya “elektron vətəndaşlıq” verən ilk ölkəsi kimi ad qazanır və s. Azərbaycanda isə vətəndaşlar üçün daha vacib olan xidmətlərin avtomatlaşdırılması ilə bağlı bəzi xidmət təminatçıları hələ də “gözləmə” rejiminə keçib. Halbuki Nazirlər Kabinetinin (NK) siyahısında təsdiq olunan bütün xidmətlərin elektronlaşdırlıb vahid portala inteqrasiya edilərək, tam gücü ilə fəaliyyət göstərməsi üçün portalın operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) kifayət qədər texniki imkanlara, güclü infrastruktura malikdir. Amma hazırda təsdiq olunmuş xidmətlərin sayı 446 olduğu halda, bunlardan portala inteqrasiya olunanların sayı 296-ya çatıb. Dövlət saytlarında olan xidmətlərin sayı 475-olduğu halda, portalda olan xidmətlərin sayı 381-ə çatıb.
Avropa təşkilatlarının elektron imza “tərəddüdü”
“Problem hər ölkədə var” deyib, çatışmazlıqlarımıza haqq qazandırmaq istəmirik. Təbii ki, hər ölkənin bu sistemi rahatlıqla və qısa zamanda qurduğunu da əminliklə söyləmək olmaz. Elə olsaydı, “E-Hökumət müayinəsi 2014”-də regional baxımdan ən yüksək EGDI göstəricisinə (“Elektron hökumət”in vacib amillərini qiymətləndirən üç əsas göstərici- onlayn xidmətlərin genişliyi və keyfiyyəti (Online Service Index, OSI); telekommunikasiya infrastrukturunun inkişaf səviyyəsi (Telecommunication Infrastructure Index, TII) və insani kapitalın həcmi (Human Capital Index, HCI) sahib çıxan Avropa ilə bağlı Avropa Komissiyasının (AK) sabıq vitse-prezidenti Niele Kroesin: “Bütün Avropa təşkilatları elektron imzaları tanımalıdır”- kimi bəyanatına ehtiyac qalmazdı. Azərbaycana gəlincə, bu gün son statistikaya (30.09.2014 tarixə) əsasən, ümumilikdə, 24386 e-imza sertifikatı, o cümlədən dövlət qurumlarına 15310, fiziki şəxslərə 5493, hüquqi şəxslərə isə 3583 e-imza sertifikatı hazırlanıb təhvil verilib.
Vahid portala Rusiyada 3, Belarusda 2, Azərbaycanda isə 5 yol var
Ümumilikdə ölkəmizdə bu gün “Elektron hökumət” portalına daxil olanların sayı 935 230 nəfərə çatıb və onların portala girişi müxtəlif yollarla həyata keçirilir. Maraqlıdır ki, “E-Government Survey”-in 27-cisi olan Rusiya bu gün vahid portala girmək üçün vətəndaşlarına 3 yol (loqin/parol; elektron imza vasitələri; universal elektron kart), reytinqin 55-cisi olan Belarus isə 2 yol (loqin/parol; elektron rəqəmli imza) təqdim edir. Portala istifadəçi girişinin asanlaşdırılmasını ön plana qoyan Azərbaycanın təqdim etdiyi autentifikasiya vasitələrinin sayı isə artıq 5-dir (RYTN tərəfindən verilmiş elektron imza kartı ilə daxil olmaq; “Asan imza” ilə daxil olma; “Elektron hökumət” sistemi tərəfindən vətəndaşa verilmiş istifadəçi adı və şifrə ilə daxil olmaq; Smartfon və planşetlər üçün mobil autentifikasiya sertifikatı ilə daxil olmaq; Smartfon ilə daxil olma). Hansı giriş variantını seçməyindən asılı olmayaraq isə bütün istifadəçilərinə xidmətlərin yüksək keyfiyyətlə çatdırılması üçün qüvvəsini daim səfərbər edən MHM mütəmadi olaraq www.e-gov.az -ın təkmilləşdirilməsi üzərində çalışır.
Fikriniz önəmlidir
İctimaiyyətə hər zaman açıq olan portal idarəçiləri sosial şəbəkələrdə fəallıq nümayiş etdirməklə yanaşı, gələn rəy və təklifləri də nəzərdən qaçırmırlar, eyni zamanda istifadəçi fikrini, rəyini üstün tutan MHM bunun üçün portalda ayrıca “Fikir bankı” (https://reg.e-gov.az/teklifler/) da yaradıb. Yeni hazırlanan və noyabrdan istifadəsi nəzərdə tutulan “Əks əlaqə” və “Müraciətlər” adlı xüsusi bölmə isə portal üzərindən təqdim edilən xidmətlərlə bağlı vətəndaş və xidmət təminatçısı arasında əlaqə yaradılmasının təmin olunmasına, qarşıya çıxa bilən nasazlıqların operativ həllinə xidmət edəcək. Bu gün “Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə işlər də davam etdirilir, ölkədə elektron xidmətlərlə bağlı bütün vəziyyətə güzgü salan və təhlillər aparan aylıq “Elektron hökumət” bülleteni dərc olunur və s.
Təhlükəsizliyə “ISO/IEC 27001:2005” standartı ilə zəmanət verən ilk dövlət müəssisəsi
Olduqca vacib olan bir məsələ də var: məlumdur ki, informasiya sistemlərinin zəif mühafizəsi potensial təhdid mənbəyidir. Amma Azərbaycanın “Elektron portal” istifadəçiləri üçün bu risk minimum səviyyəsindədir. Belə ki, informasiya texnologiyaları və təhlükəsizliyin təminatı sistemi üzrə “ISO/İEC 27001:2005” beynəlxalq standartın tələblərinə uyğun növbəti sertifikasiya auditindən uğurla keçmiş MHM hazırda respublikada informasiya təhlükəsizliyi üzrə bu sertifikatı əldə edən ilk dövlət müəssisəsidir. Bu gün isə Milli Sertifikat Xidmətləri Mərkəzinin (MSXM) dünyada sertifikat xidmətləri göstərən mərkəzlərin inanılmış siyahısına (trusted list) daxil edilməsi üzrə işlər aparılır. Eyni zamanda informasiya təhlükəsizliyi idarəetmə sisteminin davamlı olaraq nəzarət altında saxlanılması üçün MHM-də müvafiq forum yaradılıb.
Bizdən də öyrənirlər
Əslində, “Trusted list”-də öz yerini tutmağa çalısan Azərbaycan da qısa zaman ərzində elektron idarəçilik, elektron həllər sahəsində təcrübəsini xeyli genişləndirərək, artıq bir sıra dünya ölkələri üçün örnək ola biləcək modelə malikdir. Məsələn, Əfqanıstanda “Elektron hökumət” sistemlərinin qurulmasına BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində məhz Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öz dəstəyini göstərib. Təsadüfi deyil ki, ötən ay Azərbaycanda səfərdə olmuş BMTİP-in rəhbəri Helen Klark ölkəmizin İKT sektorunda inkişafını yüksək dəyərləndirərək, xüsusən bu təcrübənin digər ölkələrlə mübadiləsinin vacibliyini vurğulayıb.“Elektronlaşdırma” yolunda uğurla irəliləyən Azərbaycanın qurduğu modelin Astanada keçirilən 3-cü “Qlobal Elektron Hökumət Forumu”nda böyük maraqla qarşılanmasını da təsadüfi hal saymaq olmaz. Bunlar Azərbaycanın elektron xidmətlər sahəsinə beynəlxalq aləmdə verilən qiymətdir. Bəs öz vətəndaşlarımız portalla bağlı nə düşünürlər?
Portal dövlət məmurunun gözü ilə
Səhiyyə Nazirliyinin (SN) Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə deyir ki, adı vətəndaş kimi bir həftə ərzində portala təxminən 1-2 dəfə daxil olur. Daha çox isə avtomobil nəqliyyatı, yol polisi, telefon axtarışı xidmətlərindən, son vaxtlarda isə ƏƏSMN-nin əmək müqavilələri barədə bildiriş xidmətlərindən istifadə edir. Portalın daim təkmilləşdiyini söyləyən idarə rəisi “e-gov”-un bugünkü imkanlarından və rahatlığından tam razıdır: “Portal yeni yaranan vaxtlarda onun üzərindən səhiyyə xidmətlərinin təşkilində müəyyən çətinliklər ortaya çıxsa da, hazırda belə bir problem yoxdur və xidmətlər istifadəçilərə çox rahatlıqla, səmərəli şəkildə təqdim edilir”.

Ailəsində “e-gov.az” saytından çox istifadə edildiyini deyən Hamlet İsaxanlı isə portala çox tez-tez daxil ola bilməsə də, təsisçisi olduğu “Xəzər” Universiteti müəssisə kimi portalın daimi istifadəçisidir. Portalla “az ünsiyyət”ini elmi fəaliyyətlə bağlayan H.İsaxanlı onun imkanlarını yüksək dəyərləndirir.


İnsanları narazı salan məqamlar
Amma portalda insanları narazı salan bəzi məqamlar da var. Özəl şirkətlərdən birinin baş mühasibi olan Səfər Mehdiyev deyir ki, hesabatlarını www.e-gov.az portalı vasitəsilə verir. Amma DSMF orqanlarına hesabatlar verilən zaman texniki çətinliklər yaranır, sistemə daxil olmaq çətinləşir. Əmək müqaviləsini qeydiyyata alanda da sistemdə xətalar baş verir: “Hazırda bir çox qurumların hesabatları elektron formada verilsə də, Məşğulluq Mərkəzinin hesabatları elektron qaydada verilmir. Buna görə də bu xidmətlərin də elektronlaşdırılması və e-gov üzərindən təqdim edilməsi, göstərilən bəzi xidmətlərin isə keyfiyyətinin yüksəldilməsi yaxşı olardı. Bank sektorunun da portalda fəallığı artırılsaydı, çox yaxşı olardı. Əgər mühasibin əlində bank çıxarışları yoxdursa, portala daxil olub, öz cari hesabının gedişini, qalığını izləmək imkanının olmasını istərdik. Portal vasitəsilə ona lazım olan hər hansı əməliyyatların çıxarışını əldə etmək daha rahat olardı. ”
Maliyyəyə aid xidmətlərin e-gov vasitəsilə verilməsi insanların “rahat nəfəs” almasına imkan yaradar”
H.İsaxanlı da deyir ki, bəzi xidmətlərin portala daxil edilməməsi insanlar, sahibkarlar üçün çətinliklər törədir: “Bu gün tikililərin aparılmasına icazənin verilməsi, gömrük sahəsi üzrə xidmətlərin göstərilməsi, sənədləşdirmə işlərinin aparılması, sahibkarlar üçün bir çox xidmətlər, xüsusilə maliyyə sahəsinə aid olan xidmətlərin e-gov vasitəsilə təqdim edilməsi olduqca çox insanın “rahat nəfəs” almasına imkan yaradar”.
Elektronlaşdırılmayan xidmətlərin məyusluğu
Sumqayıt sakini Xatirə Cavadova isə deyir ki, bəzi xidmətlərin elektronlaşdırılmaması onları məyus edir: “Bu gün evlərini sənədləşdirmək istəyən insanların çoxu dövlət qurumlarında süründürməçiliklə üzləşir. Buna görə evimi sənədləşdirə bilmirəm. Bu sahə üzrə xidmətlərin e-hökumət portalı vasitəsilə göstərilməsi daha yaxşı olardı”.

Başqa reallıq da var: portala daxil olmaq çox sadə olsa da, bu gün bəzi insanlar internetdən istifadə vərdişləri olmadığından portaldan istifadə edə bilmirlər. İKT üzrə ekspert Fərid Kazımov hesab edir ki, ölkə əhalisi arasında, xüsusən yaşı 40-45-dən çox olan insanlar arasında elektron xidmətlərdən istifadə üzrə aktivlik səviyyəsi çox aşağıdır. Bunun nəticəsidir ki, pensiya yaşlı insanların pensiyasının hesablanması və s. kimi xidmətlərdən istifadəyə ehtiyacı olsa da, internet bilikləri olmadığından onlardan faydalanmağı bacarmırlar. Buna görə də ilk növbədə belə insanların internetdən istifadə vərdişlərinə yiyələndirilməsinə çalışmaq lazımdır.

H.İsaxanlı da portalın daha çox təbliğ edilməsinə ehtiyac olduğunu qeyd edir.
Səhiyyə Nazirliyi 2 xidmətini siyahıdan niyə çıxarır?
Digər məqam isə xidmətlərin portala inteqrasiyasını ləngidən dövlət qurumları ilə bağlıdır. C.Əsəd-zadə bildirib ki, NK-nın siyahısına əsasən, səhiyyə sahəsi üzrə müəyyən edilmiş 38 e-xidmətin 32-sinin reqlamenti hazır olsa da, onların yalnız 31-i “e-gov.az”-a inteqrasiya olunub: “Hazırda daha 1 xidmətin inteqrasiya edilməsi üçün işlər aparılır, 4 xidmətin reqlamenti hazır olmadığından isə onlar tətbiq edilmir. Xidmətlərdən 2-sinin (xarici ölkələrdə tibbi təhsil və ya fəaliyyət göstərmək üçün müvafiq arayışın verilməsi məqsədilə müraciətin və sənədin qəbulu; respublikadan kənarda müalicə olunma ilə əlaqədar müraciətlərin qəbulu) portal üzərindən təqdim edilməməsinin səbəbi isə onların istifadəsinin ümumiyyətlə dayandırılmasıdır. Buna görə də SN həmin xidmətlərin NK-nın elektron xidmətlər siyahısından çıxarılması üçün hökumətə müraciət edəcək.”
Yeni elektron xidmətlərin tətbiqi üçün araşdırmalar da aparılır

C. Əli-zadə bildirib ki, NK-nın siyahısına daxil edilməyən yeni elektron xidmətlərin göstərilməsi də mümkündür: “Cəmiyyətin digər sahələrində olduğu kimi, bu gün artıq səhiyyə sahəsində də bır sıra yeni xidmətlərin göstərilməsinə zərurət yaranıb. Hazırda bununla bağlı araşdırmalar aparılır. Bu xidmətlər daha vətəndaşlarla təmasın qurulması, vətəndaşların müraciəti, yazılı məlumatların, arayışların alınması, məlumatların SMS vasitəsilə əldə edilməsi və s. ilə bağlı ola bilər. Bu xidmətlərin reqlamentləri hazırlanıb istifadəyə verildikcə, elektron versiyaları da istismara veriləcək.”


Təhsildə gecikən xidmətlər
Təhsil Nazirliyi (TN) isə NK-nın təsdiqlədıyi 8 e-xidmətdən 5-ni (“Ümumtəhsil müəssisələrində müəllimlərin işə qəbulu üçün müraciətin və sənədlərin qəbulu və imtahan nəticələri haqqında məlumat verilməsi”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən müraciətin və sənədlərin qəbulu, “Şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların verilməsi”, “İlk peşə-ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciətin və sənədlərin qəbulu” və “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması”) artıq tətbiq etsə də, onlardan yalnız 1-i portala (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən müraciətin və sənədlərin qəbulu) inteqrasiya edilib: “Hazırda “Təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu”, “Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu” və “Təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması” elektron xidmətləri üzrə işlər davam etdirilir. Əlavə olaraq “Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu” xidmətinin elektronlaşdırılması üzrə işlər aparılır.” TN-dən hazırda digər elektron xidmətlərin də inteqrasiya edilməsi üzrə işlərin aparılmasının söylənilməsinə baxmayaraq, siyahı üzrə təsdiqlənən xidmətlərin ləngiməsinin səbəbi izah olunmayıb.
Xidmətlərini portala inteqrasiya etməyən qurumların iki səbəbi
Ekspertlər isə hesab edir ki, dövlət qurumlarının öz elektron xidmətlərinin portala inteqrasiya etməməsinin iki səbəbi ola bilər. Birinci səbəb bəzi dövlət qurumlarının laqeydliyi, dövlət rəhbərliyi səviyyəsində elektron xidmətlərin göstərilməsi ilə bağlı verilən tapşırığı görüntü naminə, “xala, xətrin, qalmasın” prinsipi ilə yerinə yetirməsidir. Belə qurumlar öz xidmətlərinin daha səmərəli olması üçün aktivlik də göstərmirlər. İkinci səbəb isə bununla izah olunur ki, elektron xidmət göstərmək üçün öz sistemlərini “bildiyi kimi” quran bəzi qurumlar sonradan texniki uyğunsuzluqlar səbəbindən öz xidmətlərini portala inteqrasiya edə bilmirlər. Ümidlə gözləmək olar ki, “Elektron xidmətlərin Elektron Reyestri”nin yaradılması belə süründürməçiliklərin qarşısını alacaq, dövlət qurumlarının elektron xidmətlər göstərməsinə olan marağını daha artıracaq və ya onlar buna məcbur olacaqlar. Çünki bu reyestin yaradılmasından sonra qurumların qarşısında konkret tələblər qoyulacaq ki, onlar da bu tələblərə əməl etmək məcburiyyətində qalacaqlar.
Yoxsulluğun, kasıblığın və işsizliyin azaldılması üçün real platforma

Aydın məsələdir ki, qarşıya çıxan bütün problemlərə baxmayaraq, geriyə yol yoxdur. Bəs irəli getmək üçün hansı planlar var? Suala cavab verməzdən əvvəl rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun gələcək planları daha açıq ifadə edən fikrini bir daha diqqətə çatdırmaq istərdik: “Elektron hökumət” və elektron xidmətlər yalnız dövlətlə vətəndaş, eyni zamanda kiçik və orta həcmli müəssisələr arasında rabitə vasitələri deyil, həm də yoxsulluğun, kasıblığın və işsizliyin azaldılması üçün real platformalardır. Biz elə etməliyik ki, “Elektron hökumət” xidmətləri xalqın əsasən aztəminatlı təbəqəsinin, azgəlirli insanların evinə gedib çata bilsin. Bu kateqoriyadan olan insanların “Elektron hökumət”ə imkanlı təbəqədən daha çox ehtiyacı var.” Bu ehtiyacı ödəmək üçün hazırlanan sənəd - “2014-2016-cı illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” hazırda aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir. Həmçinin “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, “Elektron hökumət”in formalaşdırılmasına yönələn tədbirlər ardıcıl və mərhələli qaydada həyata keçiriləcək, dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndiriləcək, dövlət orqanlarının öz aralarında vahid infrastruktur əsasında təhlükəsiz informasiya mübadiləsi aparması, onların funksional vəzifələr üzrə əhaliyə elektron xidmətlər göstərməsi təmin ediləcək, informasiya təhlükəsizliyinin yüksəldilməsi, səriştəli istifadəçi və mütəxəssislər hazırlanması kimi məsələlər diqqətdə saxlanılacaq. Eyni zamanda, elektron xidmətlərin keyfiyyəti yüksəldiləcək, bu xidmətlərə mobil rabitə, məlumat köşkləri və digər müasir vasitələrlə çıxış təmin ediləcək.


İstifadəçi kimi istək və təkliflərimiz
Bəs siravi vətəndaş olaraq, biz portalı necə görmək istəyərdik? İlk növbədə “Elektron hökumət” portalına xidmətlərin inteqrasiyasının ləngimə səbəblərini, eyni zamanda hər ay qurumların portalda fəaliyyətini mütəmadi şəkildə dərindən araşdırılması, monitorinqlərin aparılması üçün müxtəlif sektorları təmsil edən nümayəndələrdən ibarət monitorinq qrupu və ya xüsusi komissiya yaradılmalıdır. Bu monitorinq qrupu və ya komissiyada portalın səmərəli fəaliyyəti, daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər üzərində işləyən daimi ekspertlər çalışmalıdır. Həmçinin xidmətlərin ünvanlandığı istifadəçilərlə sorğuların təşkili vacibdir. Belə sorğuları ayda bir dəfə bütün qurumlarda, o cümlədən dövlət və özəl təşkilatlarda çalışan işçilərə, təhsil müəssisələrində şagird və tələbələrə ünvanlamaq da səmərə verə bilər. Əhalinin portalın fəaliyyətinə qiymət və orada görmək istədikləri xidmətlərlə bağlı təklif vermələri üçün portalın xidmət təminatçıları olan bütün qurumların rəsmi saytında onlayn sorğular yerləşdirilməldir. Həmçinin əhalinin bütün yaş təbəqələri üzrə kompüterdən istifadə bacarıqları artırılmadıqca bu sahədə qeyri-fəallıq davam edəcək. Portaldan istifadə fəallığının artırılması üçün əhalinin internetə əlçatanlığının təmin edilməsi ilə bağlı işlər sürətləndirilməli, eyni zamanda regionlarda ödənişsiz əsaslarla, hər kəsə açıq və pulsuz kurslar təşkil olunmalı, əhaliyə həm kompüter texnologiyalarından istifadə bacarıqları, həm də elektron xidmətlərdən yararlanmağın yolları aşılanmalıdır. Təkcə regionlarda deyil, Bakıda da təbliğat işləri gücləndirilməli, ali təhsil müəssisələrində professor-müəllim heyəti, tələbələr üçün maarifləndirici təlimlər təşkil olunmalıdır. Bununla yanaşı, “Elektron hökumət”in tam mahiyyəti ilə bağlı mövzular İnformatika dərsliyinə (təəssüf ki, “İnformasiya cəmiyyəti” məzmun xətti kimi dərsliklərdə bəzi mövzularda öz əksini tapıb) salınmalıdır. TV kanallarda sualları tamamilə “Elektron hökumət”ə həsr olunan İntellektual oyunların təşkili məqsədəuyğundur. Portalın təbliği ilə bağlı internet oyunları da yaradıla bilər.
Elektron hökumət”in ekologiyaya verdiyi töhfə də unudulmamalıdır
Dünyanın diqqətinin yaşıl iqtisadiyyata yönəldiyi bir vaxtda ekoloji stabilliyin qorunmasına “Elektron hökumət” portalı, onun aktuallaşdırdığı elektron sənəd dövriyyəsinin verdiyi töhfə də unudulmamlıdır. Qazaxıstan təcrübəsinə (http://egov.kz/) nəzər salsaq, 9 illik dövr ərzində Qazaxıstan Dövlət Orqanlarının Elektron Sənəd Dövriyyəsi üzrə Vahid Sistemi 53,68 ton kağıza qənaət etməyə imkan verib ki, bu da kifayət qədər yaşıllığın qorunması deməkdir. AK-nın vitse-prezidenti Niele Kroes də hesab edir ki, kağız əvəzinə, elektron sənəd dövriyyəsinin geniş tətbiqi Avropa İttifaqının büdcəsinə milyardlarla avroya qənaət etdirəcək. Bu baxımdan, ekologiyaya verdiyi töhfə nəzərə alınaraq, Azərbaycanda “Elektron hökumət”lə bağlı təbliğati işlərə ekoloji məsələlərlə məşğul olan təşkilatlar da cəlb olunmalıdır. Eyni zamanda Türkiyə kanallarında əhalinin rifahı naminə xeyli sayda sosial reklamlar gedir. Bizdə də bu təcrübə genişlənməlidir. “Reklam haqqında” qanuna əsasən, sosial reklam - Azərbaycan Respublikasının müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin, həyata keçirilən islahatların mahiyyətinin açıqlanaraq geniş xalq kütləsinə çatdırılıması, ictimai şüurun yeni iqtisadi münasibətlərə uyğunlaşdırılması və s. məqsədlə dövlət orqanları, ictimai institutlar tərəfindən sifariş olunur. Dövlət maraqlarına xidmət edən “Elektron hökumət”lə də bağlı əhalinin maarifləndirilməsi üçün reklamlar hazırlanaraq, kanallarda yayımlanmalıdır. Reklam yayıcıları qeyri-kütləvi informasiya təşkilatlarının təqdim etdiyi illik xidmət qiymətinin 5 faizi qayəsində sosial reklamın yayımını təmin etməyə borcludurlar. Amma könüllük prinsipinin kanallarımıza yad olduğunu da nəzərə alsaq, telekanallar müvafiq qurumların təsiri ilə buna sadəcə məcbur edilməlidir. Bundan başqa, Rusiyanın vahid portalinda rus dilindən əlavə ingilis, alman, fransız dilləri də təqdim olunur. Azərbaycanın portalına xaricdən daxil olan vətəndaşlarımızın marağını və çoxluğunu nəzərə alsaq, saytın digər dillərdə versiyasının yaradılması haqda da düşünmək olar. Eyni zamanda Rusiya portalında zəifgörən vətəndaşlar üçün portalın müvafiq versiyası da yerləşdirilib. “E-gov.az”-ın artıq bərabər hüquqla yararlanma imkanlarına əsaslanan “Əlillik dərəcəsi olan vətəndaşların e-hökumət portalına daxil olması üçün müraciət forması” kimi təcrübəsi var. Bunu əsas götürməklə, Rusiya təcrübəsini nəzərdən keçirərək, tətbiqini genişləndirmək olar.
Bu gün çıxdığınız hər pillə sabahkı həyatınızın təməlidir”
Avstriyalı psixoloq Vilhelm Rauxun sözləri ilə yazıya yekun vursaq: “Bu gün çıxdığınız hər pillə sabahkı həyatınızın təməlidir”. Azərbaycanın da yeni təməl üzərində “Elektron hökumət”in inkişaf səviyyəsinə görə BMT-nin növbəti reytinqində daha bir neçə pilləni geridə qoymaq imkanı var. Amma bir şərtlə: özümüzə, cəmiyyətimizə, gələcək inkişafımıza laqeyd deyiliksə, daha şəffaf münasibətlər, bərabər imkanlar arzusundayıqsa, o zaman “Hamımızın portalı”- e-gov.az-ın növbəti pilləsinə birlikdə “qədəm” qoymaq üçün çalışmalıyıq.

Yüklə 53,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə