Mərkəzi Kitabxana Cəfər Cabbarlı-120 MİLLİ ƏDƏBİyyatin parlaq ulduzu (Biblioqrafik yaddaş) Bakı-2019



Yüklə 137,09 Kb.
tarix21.03.2020
ölçüsü137,09 Kb.
#102312
növüYazı

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Mərkəzi Kitabxana



Cəfər Cabbarlı-120

MİLLİ ƏDƏBİYYATIN PARLAQ ULDUZU

(Biblioqrafik yaddaş)

Bakı-2019

2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olur.

Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynamışdır.

Ədəbi-mədəni proseslərin fəal qurucularından biri olaraq sənətkar yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr vermişdir. Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmuş, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1.Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük ədib və dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 İlham Əliyev



Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 dekabr 2018-ci il.

ÖN SÖZ

Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli klassiklərindən biridir. Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə hazırlanmış “Milli ədəbiyyatın parlaq ulduzu” adlı biblioqrafik icmal “böyük söz ustasının şeirləri, hekayələri, poema və dramlarını əhatə edir. Burada eyni zamanda C.Cabbarlıya həsr olunmuş monoqrafiyalar da toplanmış, görkəmli şəxslərin şair haqqında fikirləri və digər məlumatlar verilmişdir.

Biblioqrafik göstəricidə ədəbiyyat xronoloji qaydada qruplaşdırılmış, daxildə isə əlifba sırası gözlənilmişdir. Biblioqrafiya geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Tərtibçi: Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Cəmilə Səmədova

Cabbarlı mədəniyyətimizin, ədəbiyyatımızın böyük, dahi insanlarından biridir. Azərbaycan ədəbiyyatının, Azərbaycan milli şüurunun inkişafında onun nə qədər böyük xidmətləri olubdur! Onun yaratdığı əsərlər neçə-neçə nəsilləri tərbiyə edib və yüksəldibdir.



Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri
Mən böyük bir dramaturq olan Cabbarlının bütün yaradıcılığında zəngin bir poeziyanın qüdrətini duyuram.

Azərbaycanın xalq şairi Səməd Vurğun
Cəfər Cabbarlı zamanın ağır imtahanlarından çıxmış nadir istedadlı simalardandır... O, həyatda yeni yaranan yenilikləri hələ rüşeym halında ikən duyur, bu yenilikləri tez və dürüst mənalandırır, yeni insanları sürətli inkişafına təsir göstərmək üçün yeni həyatın öz gücünə arxalanırdı. O, sözün həqiqi mənasında realist və novator idi.

Azərbaycanın xalq yazıçısı Mehdi Hüseyn
Çox illər, əsrlər ötəcək, lakin Cəfər Cabbarlının qoyub getdiyi zəngin xəzinənin göz qamaşdıran inciləri öz nurunu itirməyəcəkdir. Sevillər, Almazlar, Yaşarlar... böyük sənətkarı daima yaşadacaqdır.

Azərbaycan SSR xalq artisti  Mərziyə xanım Davudova

HƏYAT VƏ YARADICILIĞI

C.Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin təkamülündə və təşəkkülündə müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, nasir, şair, jurnalist, tərcüməçi, kinоssenarist, tənqidçi, teatrşünas, yaşın və 6 yaradıcılığın nisbəti baxımından fenоmenal təfəkkür sahibi, qüdrətli sənətkardır. Оnun zəngin və təkrarsız ədəbi irsi, nurlu və məzmunlu sənətkar ömrü, mübariz və parlaq şəxsiyyəti zaman-zaman ədəbi tənqidin, оxucu və tamaşaçı auditоriyasının diqqət mərkəzində zərif və unudulmaz izlər buraxmışdır.



O, 1899-cu il martın 20-də Bakı quberniyasının 110 km-də yerləşən Xızı kəndində (hazırda rayon mərkəzidir) yoxsul kəndli ailəsində anadan olub. Kömürçü işləyən Qafar Cabbarlı görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında Bakıya çərək, “dağlı məhəlləsi” adlanan yerdə yaşamağa başlayıb. Cəfərin üç yaşı olanda atası vəfat edib. Evin yükü anası Şahbikə xanımın üzərinə düşüb. O, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirərək Cəfəri dini məktəblərə qoyub.

Mollaxananın ona bir şey vermeyəcəyini başa düşən Cəfər başqa uşaqlar ilə birlikdə 1905-ci ildə “Starıy Poçtovı-25”-də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli “7-ci müsəlman və rus” məktəbinin birinci sinfinə daxil olur. Cəfərin ilk müəllimləri pedaqoq-yazıçı Süleyman Sani AxundovAbdulla ŞaiqRəhim bəy ŞıxlinskiƏliməmməd Mustafayev idi. Cəfər Cabbarlı 1908-ci ildə “7-ci müsəlman və rus” məktəbini bitirərək bir müddət ailəyə kömək edir. Sonralar Bakıda Alekseyev adına “3-cü ali ibtidai” məktəbdə oxuyur. 1915-ci ilin aprelin 2-də Cəfər məktəbi bitirir.



1915-ci ildə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat alır. SonraAzərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur. Lakin o, ərizə yazıb həmin fakültədən çıxır. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir.

1915-1920-ci illər Cəfər Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövr idi. ilk mətbu şeirləri 1911-ci ildə “Həqiqəti-Əfkar” qəzetində dərc olunmuşdu. 1915-ci il aprel ayının 3-də “Məktəb” jurnalının 6-cı nömrəsində onun “Bahar” adlı şeiri nəşr olunmuşdu. “Məktəb” jurnalı tutduğu mövqe və məktəblilər arasında geniş yayılması ilə C.Cabbarlını da özünə cəlb edə bilmişdi. C.Cabbarlının yaradıcılığa başlamasında “Məktəb” jurnalının da müəyyən rolu olmuşdur.

C.Cabbarlı ilk şeir, hekayə və dramlarını 1915-1916-cı illərdə yazmışdır. İlk hekayələrindən olan “Aslan və Fərhad”ın üzərində 15 iyul 1916-cı il tarixi var. “Mənsur və Sitarə” hekayəsinin əlyazma nüsxəsi və həmçinin “Sitarə” adlı opera 1915-ci ilin axırları və ya 1916-cı ilin ortalarında yazılmışdır.

Cabbarlı yaradıcılığa şeirlə başlasa da, ən məşhur əsərlərini dramaturgiya janrında yazmış və Azərbaycan dramaturqu və teatr xadimi kimi tanınmışdır. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaratmış, eyni zamanda incəsənətin müxtəlif sahələrində də fəaliyyət göstərmişdir.

C.Cabbarlının yaradıcılığının ilk dövrünə aid olan “Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş” əsərinin üzərindəki qeydə görə əsər, 30 dekabr 1915-ci ildə yazılmışdır. Müəllif bu əsərində cəmiyyətdəki ədalətsizlikdən bəhs edir, gördüyü haqsızlıqlara qəzəb və nifrətini bildirirdi. Cəfər Cabbarlı “Sоlğun çiçəklər” pyesi ilə yanaşı uzun müddət itdiyi hesab edilən və sоnralar jurnalist Qulam Məmmədlinin köməkliyi ilə Aşqabad şəhərindən tapılıb gətirilən “Nəsrəddin şah” 5 pərdəli tarixi dramını da 1916-cı ildə yazmışdır.

Cəfər Cabbarlının “Nəsrəddin şah” dramı 1916 və 1918-ci illərdə yazılıb. Pyes tarixi janrdadır və beşpərdəli, yeddi şəkillidir. On doqquzuncu əsrin sonlarında İranda baş verən ictimai-siyasi hadisələrdən bəhs edir. Dramaturji konfliktin mərkəzində 1848-1896-cı illərdə İrana şahlıq etmiş, özü Qacarilər sülaləsindən olan Nəsrəddin şahın hakimiyyətindən və terrorçu təşkilatın üzvü Mirzə Rza Kirmani tərəfindən qətlə yetirilməsindən bəhs edilir.

Cəfər Cabbarlı “Nəsrəddin şah”ın birinci variantından sonra bir-birinin ardınca XX əsrin ikinci onilliyinin müxtəlif tarixi hadisələrindən bəhs edən “Trablis müharibəsi” (“Yulduz, yaxud Trablis müharibəsi”, 1917), “Ədirnə fəthi” (“Ənvər bəyin Ədirnə fəthi”, 1917), “Bakı müharibəsi” (1918-1919) dramlarını yazıb.

Cəfər Cabbarlı romantik ruhlu “Aydın” faciəsini 1919-cu ildə bitirsə də, onun bədii tutumuna sonralar da əl gəzdirib. Cəmiyyətin mövcud ictimai və əxlaqi qanunlarına qarşı üsyankar harayın faciəvi zəmində təsvirinə həsr olunan bu dram milli dramaturgiyamızda faciə janrının yeni mərhələsinin başlanğıcı kimi də xarakterikdir.

Getdikcə daha aydın hiss olunurdu ki, Cəfər Cabbarlı özünün düşüncə və fikirlərini, fəlsəfi və estetik həyat qənaətlərini ideal qəhrəman timsalında canlandırmaq üçün yeni-yeni dramaturji fəndlərə əl atır, təzə psixoloji münasibətləri mürəkkəb konfliktlərdə sınaqdan çıxartmağa çalışır. Bu baxımdan ədibin 1922-ci ildə tamamladığı, lakin bir il sonra tamaşaya qoyulan “Oqtay Eloğlu” dramı xarakterikdir. Cəfər Cabbarlı bu pyesində daha aydın sosial mövqeyi olan, milli səhnə sənətinin tərəqqisi yolunda apardığı dönməz mübarizəni həyat amalına çevirən, iradə və mətanətcə Aydına nisbətən daha dözümlü görünən Oqtay surəti yaradıb.

Cəfər Cabbarlı “Od gəlini” dramının üzərində bir neçə il işləyib. Əsərin məşqlərinə 1927-ci ildə başlanıb, lakin tamaşa 1928-ci ildə hazır olub. Müəyyən mənada tarixi qəhrəmanlıq dramı janrında işlənən əsər mövzunun estetik həllinə görə tamamilə yenidir və pyes Cəfər Cabbarlının yaradıcılığında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilib. Dramın qəhrəmanı Elxan müəyyən mənada tarixi şəxsiyyət olmuş, ərəb istilaçılarına qarşı rəşadətli mübarizə aparmış sərkərdə Babəkin (795-838) prototipidir.

“Od gəlini” faciəsi tamaşaya hazır olanda, 1928-ci ilin əvvəllərində Cəfər Cabbarlı mövzusu çağdaş həyatdan götürülmüş “Sevil” dramını tamamlayıb və teatra verib. Dramaturq bu pyesində sırf realist üslubu seçərək psixoloji-publisist dram janrında maraqlı və aktual, ictimai dəyərli və məişət xarakterli, sosial tutumlu və mənəvi-əxlaqi problemlərə söykənən əsər yazıb.

Mövzusu şəhər mühitindən götürülmüş “Sevil”dən sonra Cəfər Cabbarlı kənd həyatına müraciət edib. Xarakterlərin mübarizə toqquşmalarının əsasında yenicə başlanan kollektivləşmə siyasi-ictimai prosesinin estetik mahiyyəti duran “Almaz” dramını 1930-cu ildə yazıb. Bu əsərdə Cəfər Cabbarlının yaradıcılığında böyük nailiyyət olan və ümumiyyətlə, dramaturgiyamızda ilk dəfə qələmə alınan Hacı Əhməd kimi mürəkkəb xarakter, Şərif, İbad, Baloğlan, Kərbəlayı Fatmanisə, Mirzə Səməndər, Balarza kimi tipik personajlar vardır. Müəyyən publisist quruluğu olsa da, kəndə dərs deməyə gəlmiş 18 yaşlı müəllimə Almaz tipli obrazı da dramaturgiyamızda ilk dəfə Cəfər Cabbarlı qələmə alıb.

Cəfər Cabbarlının xarakter yaratmaq və geniş dramaturji kompozisiya qurmaq səriştəsi onun “1905-ci ildə” dramında başqa istiqamətdə və yeni mövzu-problematika məhvərində özünü büruzə verib. 1931-ci ildə yazılmış dramda ədibin əvvəlki əsərlərində rastlaşmadığımız sadə təbiətli İmamverdi və Allahverdi, şərəfsiz və simasız, mənən murdar Ağamyan, fitnəkar siyasətçi, millətlər arasında təfriqə törədən general-qubernator, onun var-dövlət hərisli arvadı Mariya Timofeyevna, hikkəli və coşğun, hər şeyə nail olmağı yalnız pulda görən Əmiraslan bəy Salamov, yaltaq və bir qədər də bic Bahadır bəy obrazları koloritli və realdır, duzlu və yumorludur, dramatik cəhətdən təbii və bitkin səhnə surətləridir.

Dramaturq növbəti pyesinin mövzusunu cəmiyyətin yeni Quruculuq yollarında üzləşdiyi çətinliklərə və ictimai-sosial problemlərə həsr edib. “Yaşar” adlanan dramını 1932-ci ildə taınamlayıb. Dramda publisist dəyər üst qatda olsa da, konflikt real və məzmunludur.

Komik-satirik çalarlı “Dönüş” dramını Cəfər Cabbarlı Milli Dram Teatrının 1920-ci ildə yenidən dövlət statusu almasının onilliyinə həsr edib. Pyesdə çağdaş milli teatrda gedən sənətkarlıq proseslərindən, forma və üslub axtarışlarında yeniliklə köhnəliyin mübarizəsindən, peşəkar ixtisas savadına yiyələnməyin vacibliyindən, repertuar siyasətinin bədii təsdiqindən, estetik əsaslarından söhbət açılır.


Cəfər Cabbarlının “Əfqanıstan” və “İncə” adlı tamamlanmamış pyesləri vardır. Dramaturq kiçik həcmli, birpərdəli “Bozbaş qazanı” (1924), “Təzə peşə” (1925), “Yaylağa gedir” (1925), “Doktor gedə bilməz” (1925), “2000 pərdə” və “2000 gecə” (ikisi də 1927-ci ildə yazılıb) vodevil, məsxərə və pyeslərini də yazıb.

O, həmçinin, Reynqold Qliyerin “Şahsənəm”, Anton Mailyanın “Səfa” operalarının librettolarını, “Hacı Qara”, “Sevil”, “1905-ci ildə”, “Almaz”, “Ölülər” kinossenarilərini yazıb. Özünün hekayəsi əsasında işlədiyi “Sitarə” opera librettosu yarımçıq qalıb.

 Cəfər Cabbarlı 1920-ci ilin ikinci yarısından “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetində ədəbi işçi və tərcüməçi vəzifələrində çalışıb. 1929-cu ildən isə Milli Dram Teatrında ədəbi hissə müdiri işləyib. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib.

C.Cabbarlı sоvet dönəmində bədii yaradıcılığın bir sıra istiqamətləri ilə yanaşı tərcüməçilik fəaliyyəti ilə də geniş məşğul оlmuşdur. Vilyam Şekspirin “Hamlet”, “Оtellо”, Fridrix Şillerin “Qaçaqlar”, Kardоn de Bоmarşenin “Fiqarоnun tоyu”, Cоrc Uellsin “Yeraltı dünya”, Aleksandr Afinоgenоvun “Qоrxu”, Lev Slavinin “Müdaxilə”, Ferdinand Düşenin “Tamilla”, M.Pavlоviç və S.İranskinin “Iran istiqlaliyyət mübarizəsi uğrunda” adlı iri həcmli əsərlərinin Azərbaycan оxucularına çatdırılması, Lev Tоlstоyun “Hacı Murad” pоvestinin təbdil edilməsi C.Cabbarlının öhdəsinə düşmüşdür. О, bundan əlavə Henrix Lоnqfellоnun, Maksim Qоrkinin, Fyоdоr Qladkоvun və s. şeir və hekayələrini dоğma dilimizə çevirib çap etdirmişdir.



Görkəmli dramaturq 31 dekabr 1934-cü ildə ürək çatışmazlığından qəfildən vəfat edib. Məzarı Fəxri xiyabandadır. Bakıda və Xızıda ev muzeyləri, müxtəlif şəhərlərdə adına küçələr, kinoteatrlar var. Azərbaycan Dövlət Teatr Muzeyi, İrəvan Dövlət Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, “Azərbaycanfilm” kinostudiyası Cəfər Cabbarlının adını daşıyır.

ƏSƏRLƏRİ

  1. Cabbarlı C. Əsərləri. Dörd cilddə. I cild: Şeirlər; Poema: Qız qalası; Hekayələr: Aslan və Fərhad; Mənsur və Sitarə; Əhməd və Qumru; Parapetdən Şamaxı yоluna qədər; Müfəttiş; Çоcuq; Altun heykəl; Qara Qənbər; Gülzar; Dilarə; Dilbər; Papaq; Gülər; Firuzə.-Bakı: Şərq-Qərb, 2005.-328 s.

  2. Cabbarlı C. Əsərləri. Dörd cilddə. II cild. Pyeslər: Vəfalı Səriyyə; Solğun çiçəklər; Nəsrəddin şah; Ulduz; Ədirnə fəthi; A y d ı n; Oqtay Еloğlu; Od gəlini.-Bakı: Şərq-Qərb, 2005.-360 s.

  3. Cabbarlı C. Əsərləri. Dörd cilddə. III cild. Pyeslər: Sevil; Almaz; 1905-ci ildə; Yaşar; Dönüş.-Bakı: Şərq-Qərb, 2005.-368 s.

  4. Cabbarlı C. Əsərləri. Dörd cilddə. IV cild. Kiçikhəcmli və natamam pyeslər; Liberettolar; Məqalələr.-Bakı:Şərq-Qərb, 2005.-288 s.

  5. Cabbarlı C. Aslan və Fərhad: Hekayə //Azərbaycan nəsri antologiyası.-Bakı: Şərq-Qərb, 2006, s.341-365.

  6. Cabbarlı C. Bahar:Şeir //Azərbaycan uşaq ədəbiyyatı antologiyası. C.II.-Bakı:”Öndər” nəşriyyat, 2004, s.68.

  7. Cabbarlı C. Dilarə: Hekayə // Azərbaycan uşaq ədəbiyyatı antologiyası. C.III.- Bakı:”Öndər” nəşriyyat, 2004, s.106-108.

  8. Cabbarlı C. Ey dan ulduzu_lirika, hekayələr, pyeslər.-Bakı: Yazıçı, 1979.-634 s.

  9. Cabbarlı C. Qürub çağı bir yetim //Azərbaycan uşaq ədəbiyyatı antologiyası. C.II.-Bakı:”Öndər” nəşriyyat, 2004, s.67.

  10. Cabbarlı C. Mənim tanrım-gözəllik.-Bakı, 2000.-273 s.


HAQQINDA

  1. Adilov M.İ. Sənətkar və söz. Bakı: Yazıçı, 1984.-182 s.

  2. Əliyev R.N. C.Cabbarlının yaradıcılıq təkamülü: metod, janr, üslub. Bakı: Yazıçı, 1989.-236 s.

  3. Rüstəmli A. “Qız qalası”: Mifoloji qaynaqlar və bədii həqiqət //Ədəbiyyat qəzeti.-2013.-8 fevral.-S.6.

  4. Şükürova T. Cəfər Cabbarlı yaradıcılığında soyqırım mövzusu //Mədəniyyət.-2009.-1 aprel.-S.2.

  5. Zahidova H.Ə. Cəfər Cabbarlı yaradıcılığında bəzi etnoqrafik motivlər //
    //Azərbaycan arxeoloqiyası və etnoqrafiyası.-2005.- №1.- S.241-245.



Yüklə 137,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin