Mövzu 14. Ölkəmizdə turizmin mövcud vəziyyəti üzrə əsas göstəricilər



Yüklə 18,85 Kb.
tarix25.09.2022
ölçüsü18,85 Kb.
#117958
Mövzu 14. Ölkəmizdə turizmin mövcud vəziyyəti üzrə əsas göstəricilər


Mövzu 14. Ölkəmizdə turizmin mövcud vəziyyəti üzrə əsas göstəricilər
Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Azərbaycanın ictimaisiyasi həyatındakı böhranlı vəziyyət, Qarabağ hərbi münaqişəsi nəinki bu nəhəng planın gerçəkləşməsinə, bütövlükdə respublikada turizm sahəsində qısamüddətli sabitliyə səbəb oldu. Bu sabitlik özünü müxtəlif formalarda təzahür etdirirdi: bir tərəfdən, Sovet İttifaqının bir sistem kimi dağılma prosesi turizmin idarəetmə və idarəolunma strukturlarında çaşqınlığa, sovet respublikaları ilə müvəqqəti əlaqələrin kəsilməsi turist marşrutlarının qeyri-müəyyənliyinə, maliyyə-iqtisadi çatışmamazlıqlar işin çətinləşməsinə səbəb oldusa, digər tərəfdən iri turist bazalarının işğal olunmuş ərazilərdə qalması, səkkiz turbazada məcburi köçkünlərin yerləşdirilməsi respublikada turizmin böhranlı vəziyyətini bir daha təsdiq edən faktlardan hesab edilirdi. Dərin ictimai-sosial, iqtisadi böhran keçirən Azərbaycan Respublikasının bu gərgin şəraitində də, ölkənin turist təşkilatları bu sahənin inkişafına öz səylərini əsirgəmirdilər. Belə ki, bu turist təşkilatları Müstəqil Dövlətlər Birliyinə(MDB) daxil olmuş ölkələrlə turizm əlaqələrini yenidən qurmaqla, bu sahənin dirçəldilməsi üçün müxtəlif yollar axtarmaqla davam edərək, təsirli tədbirlər həyata keçirirdilər. Lakin respublikada turizmin inkişafına Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra nail olundu. Azərbaycanın müasir tarixində bəşəri hadisə hesab edilən ölkədə müstəqillik və suverenliyin elan edilməsi yerli və xarici vətəndaşların Azərbaycanı daha dərindən tanıması məqsədilə respublikanın müxtəlif regionlarında - Yevlax, Cəlilabad, Ağcabədi, Şəmkir, Qax, Beyləqanda yeni səyahət və ekskursiya büroları təşkil olundu. Ən mühüm hadisələrdən biri 1990-cı ildə Naxçıvan Turist Ekskursiya Birliyinin təşkili oldu ki, 2003-cü ildə bu Birliyin Bakıda da xüsusi nümayəndəliyi açıldı. Bir sıra struktur dəyişmələri həyata keçirilir, belə ki, 1991-ci ilin sentyabrında xarici turizm idarəsinin yerinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində Xarici Turizm şurası yaradılır. Azərbaycan Respublikasının dünya arenasına müstəqil çıxışı ölkə vətəndaşlarının beynəlxalq turist səfərlərinin sayının birdən-birə artmasına səbəb oldu. Ölkədə turizm resurslarının zənginliyi nəzərə alınaraq ümumilli lider H.Əliyevin 18 aprel 2001-ci il tarixli fərmanı ilə Gənclər, İdman və Turizm Nazirliyinin təsis etməsi bu sahədə gələcək perspektivlərin müəyyənləşməsinə təkan oldu. Turizmin inkişafında yeni bir mərhələ kimi qiymətləndirilən bu dövrdə ölkənin dünya turizm bazarına inteqrasiyası üçün çox böyük əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilməyə başlanıldı. 2001-ci ilin sentyabrında Azərbaycan Ümumdünya Turizm Təşkilatının (ÜTT) üzvlüyünə qəbul olundu. Azərbaycan Respublikasında turizmin inkişafına yönəldilmiş əsas dövlət direktivlərindən biri də Respublika Prezidentinin 27 avqust 2002-ci il tarixli 1029 saylı 101 sərəncamı ilə «2002-2005-ci illər üçün turizmin inkişafının Dövlət Proqramı» və bu sənəddən çıxış edərək xüsusi «Tədbirlər Planı»nın təsdiqidir. Qeyd etmək vacibdir ki, müstəqilliyini elan etmiş bir ölkə üçün bütün fəaliyyət sahələrində olduğu kimi, turizmdə də qanunvericilik aktlarının hazırlanaraq təsdiq olunması çox böyük əhəmiyyət kəsb etmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qüvvəyə minmiş 1999-cu il 4 iyun tarixli Azərbaycan Respublikasının «Turizm haqqında» Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabineti 2004-cü il 16 iyul tarixli 97 saylı qərarına əsasən təsdiqlənmiş «Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması qaydası» və digər qəbul edilən. sənədlər müstəqil ölkədə ekskursiya-turizm işinin normativ-hüquqi bazası rolunu oynayır. «Turizm haqqında» Azərbaycan Respublikasının Qanununda bu sahədə Azərbaycan dövlətinin əsas vəzifələri aşağıdakılar hesab edilmişdi: -Turizm sahəsində dövlət siyasətinin əsaslarını və bu sahənin əsas istiqamətlərini müəyyənləşdirmək; -Turizmin inkişafına dair dövlət proqramını işləyib hazırlamaq; -Turizmin normativ bazasını işləyib hazırlamaq; -Turizmdə sahələrarası və regionlararası fəaliyyəti əlaqələndirmək; -Azərbaycan Respublikasını xaricdə əhəmiyyətli turizm ölkəsi kimi tanıtmaq məqsədilə informasiya şəbəkəsi yaratmaq; -Beynəlxalq turizm təşkilatlarında Azərbaycan Respublikasının nümayəndəliyini təşkil etmək, turizmin inkişafına dair beynəlxalq proqramın işlənib hazırlanmasında iştirak etmək, turizm sahəsində əməkdaşlıq üzrə müqavilələr bağlamaq və onların həyata keçirilməsi mexanizmini işləyib hazırlamaq; -Ərazi - turizm ehtiyacları kimi qəbul edilmiş obyektlərin qorunması və fəaliyyətini təşkil etmək. «Turizm haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn bu vəzifələrin yerinə yetirilməsi bu sahənin yeni inkişaf prosesinin başlıca istiqamətlərini müəyyən etdi. Ölkənin bu sahədə məqsədyönlü tədbirlər planının hazırlanması, normativ-hüquqi bazanın dünya standartlarına uyğunlaşdırılması, yeniləşdirilməsi müasir gündə Azərbaycanda turizmin hərtərəfli istiqamətdə təkmilləşdirilməsinə geniş imkanlar açır. Xüsusilə, müstəqilliyini bərpa etmiş müasir Azərbaycan turizmində sahibkarlıq istiqamətinin yaranması, formalaşması, habelə turizm sahəsində maddi-texniki bazanın gücləndirilməsi yeni mərhələnin ən başlıca prioritetlərindəndir. Hesablamalar göstərir ki, 2001-ci ildən etibarən respublikada turizm xidmətlərini həyata keçirən 140 özəl firma qeydiyyata alınmışdır. Bu turizm firmaları, istər yerli, istərsə də xarici turistlərin gəzinti, ekskursiyalarının təşkilini həyata keçirir. Respublika Prezidentinin 27 avqust 2002-ci il tarixli 1029 saylı «2002-2005-ci illər üçün turizmin inkişafının Dövlət Proqramı» və bundan çıxış edərək təsdiq olunmuş «Tədbirlər Planı»nın müddəalarına müavfiq olaraq respublikada daxili turizmin beynəlxalq standartlar çərçivəsində təşkili məqsədilə dörd əsas və üç əlavə istiqamət üzrə marşrut yaradılmışdır. Bunlar Bakı-Xaçmaz, Bakı-Astara, Bakı-Balakən, Bakı-Qazax və Bakı-Abşeron-Qobustan, Bakı-Naxçıvan, Bakı-Şuşa istiqamətlərindən ibarətdir. Azərbaycanda turizmin müxtəlif növləri üzrə inkişafı bu sahəyə məxsus olan digər işlərin həyata keçirilməsinə də əlverişli zəmin yaratdı. Belə ki, turistlərin işgüzarlığı, istirahət və əyləncəsinə xidmət məqsədilə mehmanxana, otel, motellərin, eyni zamanda restoran, kafe və s. şəbəkəsinin genişləndirilməsinə şərait yaradıldı. Hazırda Azərbaycanın bir çox bölgələrində, həmçinin Bakıda dünya standartlarına cavab verə bilən Avropa Qrand Otel, Bakı Hyatt Recensi, Park Hyatt Otel, Radisson Sas Plaza, Delfin otel kimi qonaq evləri, Suvar, Lotos, Malibu, Palma, Cənnət bağı, Nabran və s. kimi əyləncə və istirahət zonaları, Karvansara, İpək yolu, Niaqara, Neolit və s. kimi restoranlar turistlərin ixtiyarındadır. Müstəqilliyini bərpa etmiş Azərbaycanda geniş mənada turizmin beynəlxalq standartlar səviyyəsində inkişaf etməsinə baxmayaraq, lakin bu sahədə hələ də dünya səviyyəsindən geridə qalma məqamları hiss edilməkdədir. Bu, xüsusilə, Azərbaycanda turizm-kurort sahəsində durğunluqda daha aydın təzahür edilir. Əgər sovet mərhələsində Azərbaycana sağlamlıq, kurort məqsədilə gəlmə turizm sahəsində yüksək göstəricilər əldə olunmuşdusa, bu gün həmin sahədə daha böyük göstəricilərə nail oluna biləcək halda, vəziyyət istənilən şəkildə deyildir. Halbuki, əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan çox zəngin turizm-rekreasiya imkanlarına malik ölkədir. Təkcə elə bu xətlə respublika büdcəsinə çox böyük xeyir gətirmək mümkündür. Aparılan hesablamalar göstərir ki, 2003-cü ildə respublikaya gələnlərin sayı 1066290 nəfər olmuşdur ki, bunun da cəmi 1/3-nü turistlər təşkil etmişdir. Turizmdən büdcəyə daxil olan vəsaitin miqdarı 58 mln. ABŞ dolları təşkil etmişdir. Müstəqil Azərbaycan hökuməti ölkənin bu zəngin rekreasiya imkanlarını, resurslarını turizmin inkişafına yönəltmək məqsədilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında bir sıra perspektivləri nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 fevral 2004-cü il tarixli «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi İnkişafının Proqramı (2004-2008-ci illər)» fərmanında turizmin inkişafı və təkmilləşdirilməsi məqsədilə, məhz zəngin təbii, iqtisadi rekreasiya resursları olan bölgələrdə kurort, pansionat, sanatoriya, istirahət və əyləncə tikilməsi ön plana çəkilmişdir. Bu məqsədlə, Abşeron (Xızı), Gəncə-Qazax (Goranboy), Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Naxçıvanda (Batabat) kurort-sanatoriya obyektlərinin tikilməsinə mühüm yer verilmişdir. Bundan əlavə, həmin Proqramın müddəalarına əsasən, 2004-2008-ci illər ərzində bir çox bölgələrdə müxtəlif turist obyektləri istifadəyə veriləcək. Xüsusilə, Xızı, Şəki, Zaqatala, Lənkəran, quba, Xaçmaz, Şamaxı, İsmayıllı, Lerikdə turist marşrutları yaradılacaqdır. Dövlət Proqramında, həmçinin fəaliyyət göstərən kurorot-sanatoriya obyektlərinin təmiri, bərpası məsələlərinə də diqqət yetirilmişdir. Həyata keçirilən tədbirlərdən görünür ki, son illərdə Azərbaycanda turizmin hərtərəfli inkişaf etdirilməsi üçün çox ciddi addımlar atılmışdır. Bu sahədə Azərbaycan dövlət və hökumətinin siyasəti dəqiqləşdirilmiş, bu məqsədlə turizmin inkişafını dünya standartlarına uyğunlaşdırılması üzrə yeni məzmunlu normativ-hüquqi baza yaradılmış, turizmin rəngarəng istiqamət və növləri üzrə standartlar müəyyənləşdirilmiş, turizm obyektlərinin tikilməsi məsələsinə yeni mövqedən yanaşılmışdır. Təkcə bir fakta da diqqət yetirmək olar ki, bu sahənin inkişaf etdirilməsi üzrə Dövlət Proqramı və Ümumdünya Turizm Təşkilatının Marketinq planı əsasında hazırlanmış Azərbaycanda 2005- 2010-cu illərdə turizmin inkişafı Layihəsinin hazırlanmasının tenderi təşkil olunmuşdu. Bu layihənin reallaşması üçün ABŞ Ticarəti İnkişaf Agentliyi 300 min ABŞ dolları həcmində qrant ayırmışdır. Bütün bunlar gələcəkdə turizmin Azərbaycanın sosial-iqtisadi, habelə mədəni həyatında ən önəmli yer tutacağından bir daha xəbər verir. Azərbaycanda turizmin tarixinə qısa ekskursiyadan sonra sonda belə qənaətə gəlmək olur ki, ölkəmizdə bu sahənin təşəkkülü və inkişafının özünəməxsus dinamik tendensiyası mövcud olmuşdur. Turizmin təşəkkül və inkişaf dinamikası ilk növbədə ölkənin təbii-rekreasiya imkanlarının zənginliyi, ictimai-sosial, tarixi şəraitin xüsusiyyətlərindən asılı olmuşdur. Bu asılılıq Azərbaycanda turizmin istiqamətlərinin (gəlmə, getmə, kurort-sağlamlıq, işgüzar, uşaq, idman turizmi və s.) müəyyənləşməsinə, populyarlaşmasına başlıca səbəb olmuşdur. Lakin bütün bunlara baxmayaraq inamla söyləmək olar ki, Azərbaycanda turizmin bütün növləri, yaxud istiqamətləri özünəməxsus şəkildə təşəkkül taparaq inkişaf etmişdir. Azərbaycanda turizmin tarixi haqqında qısa icmalından sonra bu sahənin inkişaf mərhələlərini aşağıdakı kimi təsnif etmək olar: I mərhələ - qədim dövrlərdən başlamış orta əsrləri əhatə etməklə XIX əsrin əvvəllərinə qədər davam edir. Bu mərhələnin spesifik xüsusiyyətləri turizmin «səyahət», «səyyahçılıq» fəaliyyəti əsasında təşəkkülü kimi dərkindən başlanır. Qədim və orta əsrlərin məşhur səyyahlarının müxtəlif məqsədlər üçün Azərbaycana səyahət və gəzintiləri bü ölkənin gəzməli, görməli, istirahət etməli yerləri haqqında məlumat verməklə yanaşı, zəngin təbii, sağlamlıq üçün gərəkli olan resursları haqqında xəbərdarlıq edirlər. Bu isə, Azərbaycanın bir növ «reklamı» üçün ən zəruri amillərdən biri idi. II mərhələ - XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə qədər, daha doğrusu, cümhuriyyət dövrünə qədərki tarixi əhatə edir. Bu mərhələ Azərbaycanda turizmin, daha çox ekskursiya səviyyəsində təşkili üçün ilk özəl birliklərin, cəmiyyətlərin yaradılması ilə izah edilir. Mütəşəkkil turizmin ilk rüşeymləri, məhz bu mərhələdə qoyulur. III mərhələ - müasir tariximizin mühüm bir dövrünü - sovet tarixini (1920-1991-ci illər) əhatə edir. Bu tarixi mərhələdə Azərbaycanda turizm cəmiyyətin xüsusi bir fəaliyyət sahəsinə aid edilməklə, mütəşəkkil təşkil olunma mexanizminə malik oldu. Azərbaycan SSRİ məkanında qabaqcıl turizm obyektlərindən biri kimi tanındı. IV mərhələ - 1991-ci ildən bu günə kimi davam edən dövrü təşkil edir ki, onun spesifik xüsusiyyətləri, ilk növbədə, respublikada müstəqil və suveren dövlətçiliyin bərpası ilə bağlıdır. Yeni tarixi şərait Azərbaycanda turizmin beynəlxalq standartlar əsasında qurulmasına geniş imkanlar açdı. Bu sahə üzrə bəşəri prinsiplərə cavab verən qanunvericilik aktlarının, normativ-hüquqi, təlimat bazasının hazırlanmasına diqqət gücləndirildi. Gələcək turizmin inkişafı məqsədilə, əsas prioritetlər müəyyənləşdirilmişdi. Hazırda Azərbaycanda turizmin beynəlxalq standartlar səviyyəsinə qaldırılması üzərində hərtərəfli geniş miqyaslı tədbirlər həyata keçirilməkdədir. Mövcud olan reallıqlar ondan ibarətdir ki, bu sahədə hələ də nöqsan və çatışmazlıqların olmasına baxmayaraq, turizm sahəsi təkmilləşir və sürətlə inkişaf edir.


Yüklə 18,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin