Mövzu2 Müxtəlif yaş qruplarında məntiqi və riyazi təfəkkürün formalaşdırılması məşğələlərinin təşkili və keçirilməsi formaları Plan



Yüklə 22,07 Kb.
tarix13.11.2022
ölçüsü22,07 Kb.
#119414
Mühazirə-2


Mövzu2


Müxtəlif yaş qruplarında məntiqi və riyazi təfəkkürün formalaşdırılması məşğələlərinin təşkili və keçirilməsi formaları


Plan:

  • Kiçik yaş qruplarında məşğələlərin təşkili və keçirilməsi

  • Orta yaş qruplarında məşğələlərin təşkili və keçirilməsi

  • Böyük yaş qruplarında məşğələlərin təşkili və keçirilməsi

  • Məktəbə hazırlıq yaş qrupların da məşğələlərin təşkili və keçirilməsi

Yeni məktəb islahatı ibtidai siniflərin strukturu və məzmununda xeyli dəyişiklik etmişdir. Təbiidir ki, məntiqi və riyazi təfəkkürün formalaşdırılmasına dair bir sıra dəyişikliklər olmuşdur və bunlar uşaq bağçası ilə ibtidai məktəb arasındakı əlaqəni, varisliyi heç də inkar etmir, əksinə , daha da möhkəmləndirir.
Məktəbdə öyrənilən riyazi anlayışlar: natural ədəd, həndəsi fiqur, kəmiyyət və s. Mücərrəd olsalar da , onlar real aləmdəki əşyalara xas olan əlaqə və münasibətləri , miqdar və fəza formalarını əks etdirir.
İstər məktəbəqədər təhsil müəssisələrində , istərsə də məktəbdə və ümumiyyətlə təlim – ‘canlı müşahidədən – mücərrəd təfəkkürə - ondan da praktikaya’ – sxemi üzrə həyata keçirilir. Çünki dərketmənin ilk mənbəyi hissi təxəyyüldür ki, təcrübə və müşahidə nəticəsində yaranır. Riyazi anlayışın məntiqi tərifi- bilavasitə dərketmənin hissi mərhələsi ilə əlaqədardır.
Əşyaların fəza formaları , miqdarı münasibətləri haqqında təsəvvürlər zəngin olduqca , ümumiləşdirmə və mücərrədləşdirmə yolu ilə riyazi təsəvvürlərdən anlayışlara keçmək o qədər asan olur. Riyazi anlayışların müvəffəqiyyətlə öyrənilməsi uşaqların sensor inkişafı ilə və ya təxəyyülün inkişafı ilə sıx əlaqədardır.
Ümumiləşdirmə və mücərrədləşdirmə əməliyyatları aparmaq bacarığı bilavasitə praktika əsasında , yəni əşya və əşya qruplarının oxşar və fərqli əlamətlərinin , xassələrinin ayırd edilməsi prosesində inkişaf edir. Ona görə də uşaqlarda riyazi təsəvvürlərin formalaşdırılması – bağçada təlim tərbiyə işinin ayrılmaz bir hissəsi olub , bütün qruplarda sistematik surətdə həyata keçirilir.
Uşaqlar çoxluq , ədəd, kəmiyyətlər, sadə həndəsi fiqurlar , fəzada istiqamətlər, əşyaların bir- birinə nəzərən vəziyyətlərinin müəyyən edilməsi , vaxt və müəyyən müddət ( sutka, həftə , ay ) haqqında riyazi təsəvvürlər qazanırlar. Praktik olaraq , fəza formaları və miqdarı münasibətləri ayırd edirlər ( məsələn, sonlu çoxluqların elrmentlərini bilavasitə saymaqla , kəmiyyətləri bilavasitə ölçməklə konkret nəticələr əldə edilir ).
Kəmiyyətlərin ölçülməsinin təlimi - ədəd anlayışını genişləndirməyə və dərinləşdirməyə imkan verir. Bu zaman ədəd ölçmənin nəticəsi və ya kəmiyyətin qiyməti kimi ortaya çıxır.
Uşaq bağçasında aşağıdakı riyazi terminlər verilir:bir sıra həndəsi fiqurların adları ( dairə, kvadrat , kub , kürə ) , fiqurların elementləri ( bucaq , tərəf ), hesab əməlləri və münasibət ( üstə gəlmə,çıxma, bərabərdir ). “Miqdar”, “ədəd”, “fiqur” kimi sözlər orta yaş qruplarında işlədilir, lakin onların mənası tədricən uşaqlara aydınlaşdırılır.
Uşaqlarda toplama və çıxma əməlləri , “azdır”, “çoxdur”, “o qədərdir” , münasibətləri haqqında təsəvvürlər yaradıldıqdan sonra məsələ həll etməyə həvəs yaratmaq olar. Özü də məsələ əvvəlcə praktik zəmində səhnələşdirilmiş şəkildə verilməlidir. İnduktiv və deduktiv təfəkkürlərin , ilkin vərdişlərinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.
Riyazi biliklər xırda hissələrə bölünür və müəyyən sistemlə, ardıcıl surətdə uşaqlara öyrədilir. Materialın uşağın yaşına və biliyinə müvafiqliyinə xüsusi diqqət verilir. Məsələn, proqramın hər bir yeni materialı 2- 5 məşğələ ərzində ardıcıl öyrədilir. 2- 3 həftədən sonra həmin materillar təkrar edilir. Materialın təhrifsiz və müvəffəqiyyətlə təlimi tərbiyəçidən çox asılıdır. O, hər yaş qrupu proqramının məzmunu və quruluşunu bilməlidir.
Məşğələlərdə müşahidələrə xüsusi yer verilir. Uşaqlar qazandıqları bilik və vərdişləri öz fəaliyyətlərində tətbiq edirlər.
Məntiqi və riyazi təfəkkürün formalaşdırılması prosesində didaktik oyunlar və oyun – çalışmalardan geniş istifadə olunur. İstər məşğələ zamanı və istərsə də məşğələdənkənar didaktik və əyləncəli oyunlar şagirdlərin riyazi təsəvvürlərinin möhkəmləndirilməsinə və genişləndirilməsinə xidmət edir.
Məktəbəqədər təhsil müəssisələrində məntiqi və riyazi təfəkkürün inkişafı prosesində fərdi yanaşma və təlimin diferensiyasından geniş istifadə olunur.
Riyaziyyatdan məşğələnin strukturuna , yeni material üzərində iş, keçmiş materialın təkrarı və işin bu qayda ilə növbələşməsi daxildir. Məşğələnin strukturu – proqram materialının həcmi, məzmunu və onların bir- birini nə dərəcədə tamamlaması, müvafiq bilik və vərdişlərin mənimsənilməsi və uşaqların yaş xüsusiyyətləri ilə müəyyən olunur.
Yeni materialın təlimi prosesində üç iş növü tətbiq olunur:

  • Tərbiyəçi – müəllim materialı müvafiq şəkil və illüstrasiyalar vasitəsilə izah edir, əşyaların riyazi əlaqə və xassələrini aşkar edir; uşaqlar müəllimin hərəkətlərini müşahidə edir, onu dinləyir və suallara cavab verirlər;

  • Bəzi uşaqlar müəllimin rəhbərliyi altında fərdi tapşırığı yerinə yetirirlər, qalanlar isə müşahidə edir, düzəlişlər aparır və suallara cavab verirlər;

  • Uşaqlar müəllimdən aldıqları tapşırığı müstəqil yerinə yetirirlər.

Birinci məşğələdə hər üç iş növü tətbiq edilə bilər. Çünki, yeni materialın öyrənilməsinə çox vaxt sərf olunur.
İkinci məşğələdə yeni materiala əvvəlkindən az vaxt sərf olunur, qalan vaxt keçmiş materialın təkrarına sərf olunur. Uşaqların müstəqil işi ( onlara paylanmış tapşırıqlar üzrə ) sonrakı məşğələyə keçirilir və ona əvvəlki müstəqil işin yarısı qədər vaxt sərf edilir.
Kiçik və orta yaş qruplarında 1-2 mövzu üzərində iş aparılır, odur ki, məşğələlər 2-3 hissədən ibarət olur. Böyük yaş və məktəbə hazırlıq qruplarında 2-3 mövzu üzərində iş aparılır, ona görə məşğələlər 3-4 hissədən ibarət olunur.
Məşğələnin təşkili və keçirilməsi uşaqların fəallaşdırılması , əyani və didaktik materiallardan istifadə edilməsi pedaqoji- psixoloji tələblərə cavab verməlidir.
Müəllim məşğələyə hazırlaşarkən qrupdakı uşaqların yaş və bilik səviyyəsini , fərdi xüsusiyyətlərini nəzərə alır, qabaqcadan zəruri olan əyani vasitələri , didaktik və paylama materiallarını hazırlayır.
Müəllim elə təlim metodu və priyomlarını tətbiq etməlidir ki, onlar uşaqlarda təkcə məntiqi və riyazi təfəkkürün formalaşdırılmasını deyil, həm də onların psixi funksiyalarının ( qavrayış, yaddaş, təfəkkür, təxəyyül ) inkişafını təmin etsin.
Məktəbəqədər təhsil müəssisələrində əsas iş forması – məşğələlərdir. İkinci kiçik yaş qrupunda məşğələlər sentyabrın 1- dən başlanır. Bu ayda məşğələləri 6-8 nəfərlik qruplarda aparmaq məqsədəuyğundur. Oktyabr ayında isə həftənin müəyyən bir günündə bütöv bir qrupla məşğələ keçirilir. Məşğələnin effektli olması üçün onu pedaqoji tələblər əsasında təşkil edib , keçirmək lazımdır. Biliyin möhkəm mənimsənilməsi üçün eyni tipli çalışmaları dəfələrlə təkrar etmək lazımdır. Təkcə hər dəfə tətbiq olunan əyani vasitələr dəyişilməlidir. Çünki , yeknəsəklik uşaqları tez yorur. Vaxtsız yorulmağın qarşısını almaq üçün məşğələnin mərhələləri forma və məzmunca növbələşməlidir. Məsələn, uşaq müəllimi dinləyir, sonra onun göstərdiyi hərəkəti təkrar edir və ümumi oyunda iştirak edir.
Bir məşğələdə 2- dən 4- ə qədər müxtəlif tapşırıq verilir. Eyni tipli tapşırıqların sayı 2-3 ola bilər. Hər tapşırıqda 2-3 dəfə təkrar oluna bilər.
Uşaqlar yeni materialla tanış olarkən , məşğələ 10-12 dəqiqə çəkir. Təkrara aid məşğələ isə 15 dəqiqəyədək ola bilər. Müəllim daim şagirdləri müşahidə etməlidir; onlarda yorğunluq hiss edən kimi ( diqqətsizlik, səhv cavabın verilməsi və s. ) məşğələni qurtarmaq lazımdır.
Orta yaş qrupunda riyaziyyat məşğələsi sentyabr ayından başlayaraq , həftədə bir dəfə 20 dəqiqə müddətində keçirilir. Hər məşğələdə həm yeni material öyrənilir, həmdə keçmiş material təkrar olunur. Burada iki mövzu ilə kifayətlənmək olar. Qalan hallarda digər mövzularıda yeri düşəndə təkrarlamaq olar. Lakin vaxtın əsas hissəsi yeni materialın mənimsənilməsinə sərf olunmalıdır. Nəzərə almaq lazımdır ki , orta yaş qrupu uşaqlarının diqqəti sabit deyildir, ona görə də məşğələni maraqlı qurmaq lazımdır. Uşaqlarla sakit və nəvazişli səviyyədə danışmaq , maraqlı və cəzbedici əyani vasitələrin tətbiq edilməsi , didaktik və əyləncəli oyunlardan istifadə edilməsi- onlarda emosional təsir yaradır.
Nəzərə almaq lazımdır ki , istifadə olunan oyunlar dərsin məqsədinə xidmət etməlidir. Məşğələnin sonunda mütəhərrik oyunlar verilir. Məsələn, “ Öz evini tap” , “ Avtomobillər və qarajlar” və s. Bu cür oyunlar uşaqların yorğunluğunu azaldır.
Böyük yaş qrupunda əvvəlcə 4-5 məşğələ təkrara həsr olunur. Bununla da müəllim uşaqların məntiqi və riyazi təfəkkürünün səviyyəsini müəyyənləşdirir. Mövcud olan nöqsan və çatışmamazlıqları aradan qaldırmağa çalışır. Əlbəttə 4-5 məşğələ ərzində bütün orta yaş qrupu proqramı materiallarını təkrar edib qurtarmaq olmaz. Odur ki , əsas diqqət “ miqdarı və say” bölməsinə , forma və kəmiyyətlər haqqında təsəvvürlərə yönəldilir. Təlim prosesində 10- a qədər sayma möhkəmləndirilir.
Böyük yaş qrupunda məşğələ müddəti 20 – 25 dəqiqə olmasına baxmayaraq , işin həcmi və sürəti nəzərə çarpacaq dərəcədə artır.
Yeni materialı öyrətmək üçün onunla bilavasitə əlaqədar olan keçmiş material təkrar olunur. Çox vaxt təkrar oyun xarakterli çalışma kimi aparılır və buna 1-5 dəqiqə vaxt sərf olunur. Biliklərin möhkəmləndirilməsinə həsr olunmuş məşğələyə də oyun – çalışma ilə başlamaq olar. Çox vaxt elə kombinasiyalı çalışmalar seçilir ki, o 2-3 didaktik məqsədə xidmət etsin.
Beş yaşlı uşaqlarda diqqət sabitliyi tədricən artır. Lakin eyni xarekterli işi uzun müddət yerinə yetirməyə onların hövsələsi çatmır. Ona görə də onların fəaliyyətini hərəkət tələb edən çalışmalarla növbələşdirmək lazımdır.
Eyni tipli çalışmaların sayı 3 -4 ola bilər. Hərəkət tələb edən çalışmalar vermək mümkün olmadıqda , 12 – ci və ya 14- cü dəqiqədə bədən tərbiyəsi keçirilir. Bunun üçün uşaqların rəyini öyrənmək lazımdır.
Hazırlıq qrupunda riyyaziyyatdan məşğələ həftədə iki dəfə olmaqla il boyu cəmi 72 məşğələ keçirilir. Birinci məşğələnin davametmə müddəti 30-35, ikinci məşğələninki isə 20 – 25 dəqiqə olur.
Hər bir məşğələnin strukturu onun məzmununa görə müəyyən edilir. Məşğələ yeni materialın öyrənilməsinə , keçmiş materialın təkrarı və möhkəmləndirilməsinə, biliklərin mənimsəmə səviyyəsinin yoxlanılmasına həsr oluna bilər.
Yeni mövzuya həsr olunmuş məşğələdə ancaq yeni material üzərində iş aparılır. Məşğələnin 3 – 5-ci dəqiqəsində yeni material üzrə iş başlanır. 15 – 18-ci dəqiqədə qurtarır. Məşğələnin əvvəlində təkrara 3-4 dəqiqə, sonunda isə 4-8 dəqiqə vaxt sərf olunur.
Həmin mövzuya aid ikinci və üçüncü məşğələlərdə ona 50% vaxt sərf olunur. Məşğələnin ikinci hissəsində bilavasitə əvvəlki material təkrar olunur, üçüncü hissəsində isə uşaqların həmin məşğələdə mənimsədikləri təkrar olunur. Bu məşğələlərdə də uşaqların yorğunluğunun qarşısını almaq üçün müxtəlif iş formalarından istifadə olunur.
Ədəbiyyat:



  1. Həmidov S.S. Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikası, B., 1989

  2. S. S. Həmidov, S. C. Tağıyeva “ Bağça tərbiyəçilərin riyaziyyatdan metodiki hazırlığının əsasları” dərs vəsaiti Bakı- 2004.

  3. Hacıyeva S. Sadə riyazi təsəvvürlərin formalaşması emtodikası, Bakı, 2019

  4. 1. Məktəbəqədər təhsilin kurikulumu, Bakı, ARTT, 2022, 118 s.

  5. 2. Bağçada tərbiyə proqramı, Bakı, «Pedaqogika», 2003

  6. 5. Метлина Л.С. Занатия по математике в детском саду., М., «Просвешение», 1999, 143 стр.

Yüklə 22,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin