Nəsib nəSİBLİ Güney azərbaycan XIX yüzilin qaranlıqlarında Qacar dövlətində Türklərin və Azərbaycanın yeri



Yüklə 170 Kb.
səhifə1/2
tarix01.01.2022
ölçüsü170 Kb.
#105974
  1   2

NƏSIB NƏSİBLİ

Güney AZərbaycan XIX yüzilin

qaranlıqlarında

Qacar dövlətində Türklərin və Azərbaycanın yeri

Nadir Şahın öldürülməsindən sonra (1747) onun xələfləri məşruluğu (legitimliyi) sual altında olan sülalənin davamlığını təmin edə bilmədilər. İran bir-biri ilə daimi savaş halında olan kiçik dövlətlərə - xanlıqlara bölündü. İxtiyarında kifayət qədər silahlı gücü olan Əfşar, Lur, Bəxtiyar, Qacar, Türkmən boyları/tayfaları arasında İranda ali hakimiyət uğrunda təxminən əlli illik mübarizə qanlı savaşlar şəraitində keçdi. Bəxtiyar-Lur tayfa birliyinin silahlı gücü sayəsində Kərim Xan Zənd 1750-79-cu illər arasında İranın xeyli hissəsinə Səfəvilərin vəkili adı altında nəzarət edə bildi. Onun ölümündən sonra hakimiyyət uğrunda mübarizədə Qacarlar qalib gəldilər. 1796-cı ilin mayında Muğan düzündə təntənəli tacqoyma mərasimi keçirən Ağa Məhəmməd Şah Qacar, İranda yeni sülalənin əsasını qoydu.[1] Sülalənin banisi 1797-ci ildə sui-qəsddə öldürüldükdən sonra belə Qacar hakimiyyəti davam etdi. Fətəli Şah 1798-ci ildən 1834-dək, Məhəmməd Şah 1834-48-ci illərdə, Nəsrəddin Şah 1848-96-cı illərdə, Müzəffərəddin Şah isə 1906-cı ilədək ardıcıl olaraq hakimiyyətdə oldular.

Ağa Məhəmməd Şahdan fərqli olaraq onun davamçıları fövqəladə keyfiyyətləri ilə fərqlənmirdilər. Müasirləri onların xüsusi istedad sahibi olmadıqlarını qeyd etmişlər. Onlardan biri hətta Məhəmməd Şahın kifayət qədər ağıllı, təşəbbüskar, sağlam adam olmadığını yazır.[2] Hərçənd ki, Fətəli Şahın cinsi məhsuldarlığı məşhur idi: bu adamın hərəmxanasında 800 arvadı və cariyəsi vardı; onun 57 oğlu, 46 qızı, 296 nəvəsi və çoxlu nəticəsi olmuşdu.[3] Sayca sürətlə artan Qacar ailəsində müasirlərin ən çox qiymətləndirdiyi şəxs Fətəli Şahın üçüncü oğlu Abbas Mirzə idi. O, istedadlı sərkərdə, ağıllı diplomat və tədbirli idarəçi hesab edilirdi. Vəliəhd təyin edilməsinə baxmayaraq, 1833-cü ildə ölümü onun taxta çıxmasına mane oldu.

Qacar hakimiyyətinin möhkəmlənməsində sülalədaxili münasibətlərin yoluna qoyulmasının mühüm rolu oldu. İlk dövrlərdə Şah taxtına potensial iddiası olan şəxslər fiziki cəhətdən aradan götürüldülər, onların oğul-uşaqlarına isə yerlərdə mühüm vəzifələr verildi. Ən yaxşı torpaqlar Qacarlara paylanır, ən varlı əyalətlərə Qacar şahzadələri hakim təyin edilir, Tehrandakı sarayda ən həssas vəzifələrə də məhz Qacar nəslindən olan şahzadələr gətirilirdi.

Ağa Məhəmməd Şah, Qacarların dəstəyindən başqa digər Türk boylarının da dəstəyini ala bildi. Onun sələfləri bu siyasəti davam etdirdi, Türk boylarının başçılarını yaxınlarında saxlamağa çalışdılar. Prof. Faruk Sümer ilk Qacar hökmdarlarında güclü etnik-boy şüurunun olduğunu bildirir. ”Qacar xanədanında qüvvətli bir qövmü şüurun varlığına” inanan araşdırmaçı yazır ki, “Qacarlar dövründə Oğuz boylarına ilgi göstərilib onlar haqqında bir risalə meydana gətirilmişdi.” Bu risalədə Fətəli Şah “”Salari - Türk”, Ağa Məhəmməd Şah “Padşahe - Türk”, Məhəmməd Həsən Xan “Sultane - Türk” adlandırılır. Burada Qacar xanədanının qurucusu Ağa Məhəmməd Şah, soyu Əfrasiyabdan, şanı Çingizdən, mətinliyi Səlçuqdan, əzmi Teymurdan almış şəxs kimi təriflənir. Yenə bu risalədə Ağa Məhəmməd Qacarın Özbək hökmdarına göndərildiyi bildirilən məktubundakı fikirləri son dərəcə maraqlıdır: “Ulu Tanrıya şükürlər olsun ki, Turan, İran, Rum, Rus, Çin, Maçin, Hata (?), Hotən (Xokan?) və Hindistan ölkələri Türklərin böyük xanədanlarına ehsan buyurulmuşdur. Hər xanədanın öz ölkəsi ilə kifayətlənməsi ən yaxşı yoldur.”[4]

Münasibətlərin daim gərgin olduğu Rusiya və Osmanlı ilə sərhəddə yerləşdiyinə, ticarət yolları baxımından münasib coğrafi mövqeyə malik olduğuna, iqtisadi çəkisinə və s. görə, Qacarlar Azərbaycana böyük önəm verirdilər. Vəliəhd Abbas Mirzə, komandanı olduğu ordunu əsasən Azərbaycan əhalisi hesabına formalaşdırırdı. Istedadlı dövlət adamı olan Abbas Mirzə hələ oturuşmamış Qacar hakimiyyəti üçün potensial təhlükə olan Azərbaycandakı Türk boylarının və Kürd tayfalarının ram edilməsi, yeni hakimiyyətin dayağına çevrilməsində başarılı oldu.Yalnız vəliəhd deyil, bütün Qacar sülaləsi Azərbaycana özünün əsas dayaqlarından biri kimi baxırdı. 1805-ci ildən ta Qacarların sonunadək vəliəhdliyin mərkəzi (vəliəhd-neşin) olan Təbriz əslində dövlətin ikinci paytaxtı idi. Xarici dövlətlər də Təbrizin bu özəlliyini nəzərə alıb, burada diplomatik nümayəndəlik saxlamağı vacib bilirdilər. Dövlət idarəçiliyi təcrübəsi toplamaq üçün ölkənin bu ən mühüm vilayəti vəliəhdin idarəsinə verilirdi.[5]

Qacarlar ilk əvvəllər Səfəvilər və Nadir Şah dövründəki inzibari-ərazi quruluşunu saxladılar. Sonralar əyalət və vilayətlərin sərhədləri tez-tez dəyişməyə başladı, dövlərin mərkəzləşdirilmiş idarəçiliyini az-çox təmin edən yeni inzibati bölgü formalaşdı. Ərazi baxımından Britaniya adalarından təxminə dörd dəfə, Fransadan üç dəfə geniş olan bu ölkə rəsmən Məmaliki-məhruseyi-Qacar adlanırdı. Bu ənənəvi anlayış dövlətin bir neçə böyük bölgədən (məmləkətdən) ibarət olduğunu, çağdaş terminlə ifadə etmiş olsaq, federativ quruluşa malik olduğunu ehtiva edirdi. Məmləkəte-Azərbaycan digər üç əyalət – Xorasan, Fars və Kirmanla birlikdə əsas bölgü vahidi sayılırdı. XIX yüzilin ortalarında əsasən formalaşan inzibati-ərazi bölgüsü İ. Blaramberqə görə 29 ərazi vahidi və birbaşa mərkəzə bağlı 12 şəhər və ətraf kəndlərdən ibarət idi.[6] Lord Kerzona görə, bu vahidlərin sayı 31 idi, Mixail İvanova görə isə Qacar İranının ərazisi 30 vilayətə və dörd əyalətə bölünürdü.[7]

Ölkənin və ayrı-ayrı inzibati vahidin əhalisinin sayını dəqiq müəyyən etmək mümkün deyil. 1860-cı ildə əhalinin ümumi siyahıyaalmasına cəhd edildi. Bu cəhd böyük xərcin çəkilməsinə baxmayaraq uğursuzluqla nəticələndi. Əhalinin sayı, etnik tərkibi haqqında XIX yüzil mənbələri müxtəlif məlumatlar verir. Yüzilin sonlarında ölkə əhalisinin ümumi sayının 10-12 milyon nəfər olduğunu bildirən müəlliflərlə yanaşı, bu rəqəmin iki dəfə az olduğunu iddia edən mənbələr də var.[8] Bu məsələləri xüsusi araşdırmış Rus müəllifi L. Artamonovun təxminləri, bizim fikrimizcə, gerçək vəziyyəti nisbətən obyektiv əks etdirir. Onun verdiyi rəqəmlər sonralar ortaya çıxan məlumatlarla aşağı-yuxarı uyğun gəlir. Artamonova görə, XIX yüzilin sonlarına doğru İranın ümumi əhalisinin sayını 8 milyon nəfər saymaq olar; Azərbaycan əyalətinin əhalisi isə onun dörddə birinə bərabərdir.[9]Ayrıntılarına girmədən əyalətin inzibati bölgüsü və əhalinin etnik-sosial tərkibini nəzərdən keçirmək mövzumuz üçün zəruridir. Adıçəkilən müəllifə görə, Azərbaycan əyaləti 16 vilayətdən ibarət idi: Nəmin, Ərdəbil, Qaradağ, Sərab, Gərgər, Mərənd, Xoy, Makı (Maku), Təbriz, Mianə, Xalxal, Urmu, Marağa, Sayınqala, Ənquram, Təxte-Süleyman.[10] Bunlardan bir neçəsi – Nəmin, Gərgər, Makı – adını və daxili idarəçiliyini qoruyub saxlamış əski irsi xanlıqlar idilər. Buradakı torpaqların xeyli hissəsi xan ailəsinə məxsus olan mülk torpaqları idi və bu xanlıqların dövlətlə münasibətləri əsasən vergi və silahlı dəstələr verməklə məhdudlaşırdı. Bunların arasında Makı xanı Təbriz və Tehrandan daha sərbəst olması ilə fərqlənirdi, irsi xanların əhali üzərində ölüm hökmü kəsmək kimi fövqəladə haqları da vardı.[11] Marağa kimi bəzi vilayətlər rəsmən xanlıq adlanmasa da vali vəzifəsi faktiki olaraq irsi-patrimonial xarakter daşımışdır. Yerli Müqəddəm ailəsi ta Qacar hakimiyyətinin sonunadək (1925) Marağanın valisi vəzifəsini daşımış, bütün mümkün səlahiyyətlərə (vali, hakim, vergi toplayıcısı, qoşun başçısı) malik olmuşdur.[12]

Əyalət əhalisinin 500 mini mənbələrdə “köçərilər” adlanır. Amma onların əksəriyyəti klassik “köçəri”likdən çoxdan qopmuş, mövsümi maldarlıqla məşğul olan əhali idi. Həyat tərzinə görə onları “yarım-oturaq” əhali saymaq daha doğru olardı. Bu əhali qrupu yayda sürülərini yaylaq yerlərinə sürən, qışda isə qışlağa (yəni eyni kəndə) qaytaran maldar tayfalar idi. Bununla belə onlar əkinçilik və bağçılıqla məşğul olan oturaq əhalidən təsərrüfat və kültür xüsusiyyətlərinə görə fərqlənirdilər. Ərdəbil vilayətində Şahsevənlər və Qaradağlılar (Qaradağ adından), əyalətin batısında Əfşarlar, güney-batısında isə Qarapapaqlar kimi etnoqrafik qruplar məskun idilər. Azərbaycan əyalətinin Türklərdən sonra ikinci etnik qrupu Kürdlər idi. Sünnü məzhəbli Kürdlərin hamısı bir qayda olaraq mənbələrdə “köçəri” adlandırılır. Azərbaycan əyalətində az miqdarda Farslar, Ermənilər, Yəhudilər, Aysor və Xaldeylər də məskun idilər.

İran Türklərinin kompakt şəkildə yerləşdiyi etnik zona bu əyalətin sərhədləri xaricinə çıxır və Tehran-Savə-Həmədan xəttinədək davam edirdi. Bu zaman (və sonralar) Türklər Zəncan, Qəzvin, Rəşt, Tehran, Həmədan, Savə, Qum kimi şəhərlərdə və ətraflarında məskun idilər. Etnik zonadan uzaqda, anklav şəklində də Türklərin məskunlaşması məlumdur. Əsas etnik zonadan (Azərbaycan əyaləti və ona bitişik bölgələr) kənarda yaşayan Türklər arasında say baxımından Qaşqay (Fars), Qacar (Mazandaran), Qaragözlü (Həmədan), Türkmən (Xorasan) boyları diqqəti çəkir. Onlarla birlikdə Türklərin sayının İranın ümumi əhalisinin üçdə birinə bərabər olması haqda müasirlərin təxminləri sonralar da bir sıra müəlliflər tərəfindən irəli sürüləcək.



Bəzi müəlliflərin Qacar İranında “hakim millətin” Farslar olması fikrinə[13] baxmayaraq, Qacar dövlətinin idarə sistemində Türklərin rolu onların İran əhalisinin ümumi sayındakı çəkisinə uyğun idi. Əslində idarəçi sinif əsasən iki etnosun nümayəndələrindən ibarət idi. M.Ə. Rəsulzadə “İran Türkləri” adlı əsərində yazırdı: “İran’da Farslar, Türklerin kuvvetli bazularına (qollarına – N.N.), cengaverlik seciyelerine dayanmışlar, Türkler de Fars medeniyetinin ma’neviyetine istinad eylemişler ve bu suretle teşrik-i mesa’i (iş birliyi – N.N.) ederek İran hükumet-i hazırasını vücuda getirmişlerdir.”[14] Mütləq hakimiyyətə sahib şah, Qacarlardan olduğu halda, birinci nazir (sədr-əzəm) Qacar sülaləsinin üzvləri arasından seçilmirdi, bir qayda olaraq o, Fars əyan nəslinin nümayəndəsi idi. Sədr-əzəmlər arasında yalnız ikisinin – Hacı Mirzə Ağasının və Eynüddövlənin Türk olması bəllidir.[15] Azərbaycan əylətində də vəziyyət təxminən eyni idi. Vəliəhddən sonra ikinci şəxs sayılan və ona tabe olan pişkar (ya qaimməqam) adətən qeyri-Türklərdən seçilirdi. Həmin şəxsin təyinində sədr-əzəmin rolu böyük idi. Araşdırmaçı Vidadi Mustafayevin hesablamalarına görə, 1828-1906-ci illər arasında pişkar vəzifəsini 21 nəfər tutmuşdu. Onlardan 4-ü Qacar, 2-si yerli Türklərdən, 3-ü Kürd idi. Bir nəfərin milli mənsubiyyətini qeyri-müəyyən sayan araşdırmaçının təxminlərinə görə, qalan pişkarların hamısı (11 nəfər) Fars idi.[16] Əyalətdə ən nüfuzlu şəxslərdən sayılan maliyyə işlərinə məsul pişkari-maliyyə də əsasən Farslardan ibarət idi. 1847-1906-cı illərdə bu vəzifəni 14 (ya 15) nəfər tutmuşdu. Onlardan 8 (ya 9) nəfəri Fars idi, qalanlarının milliyyəti müəyyən olunmamışdır.[17] Xarici İşlər Nazirliyinin Təbrizdəki nümayəndəsi – kargüzar buradakı xarici diplomatlarla münasibətlərə məsul şəxs idi. Vidadi Musatfayev həmin dövrdə burada 14 kargüzarın işlədiyini bildirir. Onlardan 8-nin Türk, 1-nin Fars, qalanlarının isə milliyyətinin qeyri-müəyyən olduğunu göstərir.[18] 1865-1906-ci illərdə əyalətdə işləmiş 5 teleqraf rəisindən 2-nin Türk, birinin Fars, qalanlarının isə milliyyətinin qeyri-məlum olduğu bildirilir.[19] Azərbaycandakı vilayətlərin başçıları –valilərin etnik mənsubiyyətinə gəldikdə, bu vəzifələri bir qayda olaraq Qacarların, ya da yerli Türklərin nümayəndələri tutmuşlar; valilər arasında Farsların sayı diqqət çəkəcək qədər azdır.[20] Vidadi Mustafayevə görə, Azərbaycan əyalətində həmin dövrdə işləmiş 140 yüksək səviyyəli vəzifə sahibindən 74-ü Türk (əsasən Qacar), 26 nəfəri Fars, 5, ya 6 nəfəri Kürd idi; qalan 33, ya 34 nəfərin etnik mənsubiyyətini müəyyən etmək mümkün olmamışdır.[21] Maraqlıdır ki, Azərbaycan əyaləti xaricindəki inzibati-ərazi vahidlərinin başında da əsasən Qacar ailəsindən olan şahzadələr, ya da başqa Türklər dururdu. Yenə Vidadi Mustafayevin İran qaynaqalarına dayalı hesablamalarına görə, 1848-88-ci illərdə Xorasanda işləmiş 20 validən 13-ü, Farsda – 11-dən 10-u, Luristanda 15 validən 10-u, Ərəbistanda (sonralar Xuzistan adlandırıldı) 15 validən 15-i, Kürdüstanda 12 validən 7 nəfəri Qacar şahzadələrindən idi. Qacar ailəsinə mənsub olmayan başqa Türklər də əyalət və vilayət başçıları vəzifəsini tuta bilirdi. Məsələn, Kirman və Bəlucistanın 11 valisindən 4 nəfəri şah ailəsinə mənsub olmayan Qacar, 4 nəfəri qeyri-Qacar mənşəli Türk, qalan 3 nəfəri isə Fars idi.[22]

Başqa yerlərdə olduğu kimi Azərbaycanda[23] da yerli hakimin və az-çox əhəmiyyətli vəzifəli şəxsin təyinatı bir qayda olaraq icarə-rüşvət sisteminə əsaslanırdı. Yeni təqvim ili - Novruz bayramı ərəfəsində hakimlik iddiasında olan şəxs hökumətə birdəfəyə və hər il ödəyəcəyi ən yüksək məbləği müəyyən edirdi. Bu iddiaçılar arasından boş qalan vəzifələrə adətən ən yüksək məbləğ təkilif edən şəxs seçilirdi. Makı, Nəmin və Gərgər xanlarının öz xanlıqlarına təyinatı istisna idi, yerli xan ailələrinin adətən ən yaşlı üzvü xan təyin edilirdi. Amma bu təyinat da müəyyən miqdar vəsaitin ödənilməsindən sonra baş verirdi. Yeni təyinat vaxtı həm də illik ödənişin miqdarı müəyyən edilirdi. Yeni təyin edilmiş şəxs bu vəzifədə nə qədər qala biləcəyini bilmədiyindən işə başladığı ilk gündən ödədiyi məbləği “çıxartmağa” can atır, tabeliyində olanlardan və əhalidən açıq-açığına rüşvət toplamaqla məşğul idi. Yerli hakimlərin təyinatının icarə-rüşvət qaydalarını araşdırmış Rus müəllifləri Polkovnik Şkinski və Kapitan Averyanov yazırdılar: “Xalqın idarə olunmasının bütün sistemi əslində qarət sistemidir; ən kiçiyindən (çapardan) başlayaraq, Təbriz və Tehrandakı yüksək hökumətə qədər hər bir məmur əhalini qarət edir... Nəticədə - idarəçilər arasında tam mənəviyyat pozuntusu və müflüs olmuş, yoxsullaşmış xalqın qəzəbi.”[24]

Araşdırmamız üçün gərəkli olduğundan indi də qısa şəkildə Qacarlar dövründə İran ordusunda – hərbi bürokratiyada Türklərin yeri mövzusuna qısa nəzər salaq.

İranda xüsusi maraqları olan Rusiya bu ölkədə hərbi sahədə durumun öyrənilməsinə bir sıra mütəxəssis cəlb etmiş, onlar da yerlərdə araşdırma aparmış, maraqlı təhlillər ortaya qoymuşlar. Rus, eləcə də Avropalı müəlliflərin araşdırmalarına görə, bu coğrafiyada hərbi sahədə Türklərin üstünlüyü ənənəsi Qacarlar dövründə də davam etmişdir. A. Medvedev yazır ki, “nərmə-nazik Farslar” hərbi işə nifrət edirlər, onlar “qorxaq, saxta, tənbəl, tamahkar, intriqan, sısqa, ətalətli, amma son dərəcə bacarıqlı, biliyə həvəsli və ağıllıdırlar.” Farslar orduda qulluq etməyi sevmirlər, “sənaye, ticarət onların əlindədir.”[25] Müsəlman olmayanlar və şəhər əhli orduda xidmətdən azad edildiyindən, “demək olar ki, bütün Farslar hərbi mükəlləfiyyətdən azaddırlar.” Bu müəllifin fikrinə görə, “Türk-Tatar” hərbi işi sevir, o, “cəsur ola bilir, tündxasiyyətdir, kobuddur, enerjilidir, saxtadır, amma daha az qabiliyyətli və az inkişaf etmişdir, fanatikdir; zabitlər bütövlükdə əla atıcıdırlar, süvaridirlər, nisbətən sadəlövhdürlər.” [26]

Ağa Məhəmməd Xan Qacar İranda ali hakimiyyət uğrunda mübarizəyə başlayanda onun ixtiyarında Qacar boyundan olan az miqdarda (500-600 nəfərlik) atlı dəstə vardı. Hakimiyyətinin sonlarına doğru isə o, müxtəlif tayfalardan toplanmış 40 minlik qeyri-nizami (irrequlyar) orduya sahib idi. İran ordusu qeyri-nizami xarakterini Fətəli Şahın hakimiyyətinin ilk illərində qorumaqda idi. Amma Rusiya ilə savaşlardakı ağır məğlubiyyət vəliəhd Abbas Mirzəni nizami ordu qurmaq gərəkliyinə inandırdı. 1807-ci ildə Fransadan hərbi müşavirlər dəvət edildi. İngiltərədən silah-sursat alındı. Bu nizami alaylar Azərbaycan əyalətindəki Türk boylarından və şəhər əhalisindən yığıldı. [27] İlk əvvəllər 20 min əsgərdən (sərbazdan) ibarət olan bu hərbi hissələrə Azərbaycan qoşunu adı verilmişdi. Daha sonralar yaradılmış başqa nizami qoşun hissələrində (canbaz, keşikçi, qulam, kazak) də qulluq edənlərin əksəriyyəti Türklər idi. XIX yüzilin sonlarında ölkədə cəmi 37 nizami alay vardı. Bunlardan 25-i Azərbaycanda yerləşir, İrake-Əcəm əhalisindən toplanmış qalan 12 alayın 6-sı da əsasən yenə Türklərdən ibarət idi.[28] Nizami qoşun hissələrinin sayının artmasına baxmayaraq, Qacar hakimiyyətinin sonlarınadək ölkənin müxtəlif yerlərindəki tayfaların silahlı gücü öz önəmini saxlamaqda idi. Məsələn, Azərbaycandakı Şahsevənlər 10 minlik, Qaradağlılar 7 minlik, Makı Kürdləri 5 minlik əla silahlanmış atlı dəstələri çıxarda bilərdi. L. Artamonova görə, Rusiya ilə həmsərhəd zolaqda 22 minlik yaxşı silahlanmış, sürətli manerv qabiliyyətli irrequlyar dəstələr yaratmaq olardı.[29]

Mülki məmurlara xas olan rüşvətxorluq, prinsipsizlik, mənəviyyatsızlıq halları hərbi bürokratiyaya da aid idi. Qacarlar dövründə girdiyi bütün savaşları (Rusiya-Iran, İran-İngiltərə) uduzan, mənəviyyatı pozulmuş hərbi bürokratiyanın XX yüzilin başlarında xalqın gözündə etibarı qalmamışdı. Dövlət aparatının işini qaydaya salmaq, Osmanlıdakı Tənzimat islahatları nümunəsində islahatlar aparmaq cəhdi də uğursuzluqla nəticələndi.

Qacarlar dövründə islahatlar ehtiyacını hiss edən ilk dövlət adamı vəliəhd Abbas Mirzə olmuşdur.[30] 1848-ci ildə vəliəhd Nəsrəddin Mirzənin şah taxtına oturmasından sonra Təbrizdən özü ilə gətirdiyi vəzir Mirzə Tağı Xanı (Əmir Kəbiri) sədr-əzəm təyin etməsindən sonra da islahatlara cəhd oldu. Əmir Kəbir şahın dəsdəyi ilə mərkəzi hökumətin hakimiyyətini gücləndirmək, dövlət aparatını və ordunu yenidən qurmaq istiqamətində islahatlara başladı. Bununla yanaşı maliyyə sisteminin gücləndirilməsi, sabit vergi normalarının qoyulması və vergi yığımını qaydaya salmaq, sənaye və ticarətin inkişafına yardım etmək və s. sahələrdə islahatlar nəzərdə tutulurdu.[31]Əmir Kəbir islahatları Qacar dövlətində despotik idarəçiliyin mütləq monarxiya idarəçiliyi formasına keçidini nəzərdə tuturdu.

Bu islahatlar anti-feadal istiqamətli olduğundan İran cəmiyyətinin ən mühafizəkar kəsiminin - feodal aristokratiyası (bu sıradan elə şah sarayının özü) və Şiə ruhanilərinin inadlı müqavimətinə rast gəldi. Bu, çox güclü təbəqələrin islahatlara dirənməsi nəticəsində Əmir Kəbir 1851-ci ildə vəzifədən götürüldü, az sonra isə öldürüldü.

Qacar İranın sosial-siyasi həyatında ruhani təbəqəsinin oynadığı rola da qısaca nəzər salmaq gərəkdir. Xüsusən də nəzərə alsaq ki, ruhanilərin xeyli hissəsi, ilk növbədə onun yuxarı təbəqəsi ənənəvi olaraq Farslardan ibarət idi. Ruhanilərin etnik mənsubiyyəti məsələsinə dövrün araşdırıcıları da diqqət yetirmişlər. Məsələn, A. Medvedev hesab edir ki, İranda ruhanilər “tamamilə Farslardan ibarətdir.” [32] Bizcə, müəllifin bu fikrinə şişirtmə kimi yanaşmaq lazımdır. Ən azından ona görə ki, təkcə Azərbaycanda ruhanilər bir qayda olaraq yerli əhalidən ibarət idilər.

Ağa Məhəmməd Şah gerçək güc hesab etdiyi ruhanilərlə münasibət qurmağa, onunla dil tapmağa çalışmışdır. Yeni hakimiyyət Şiə ruhanilərinin rəğbətini qazanmaq üçün nüfuzlu din xadimlərinə mütəmadi olaraq hədiyyələr göndərirdi. Eyni zamanda ilk Qacarlar ruhaniliyi dövlət idarəçiliyindən uzaq tutmağa çalışmış, hətta onların əsas gəlir mənbəyi olan vəqflərin bəzisini ələ keçirməyə müvəffəq olmuşdu. Tehran sarayı bütün böyük şəhərlərə hökumətdən yüksək maaş alan şeyxülislam və imam-cümələr təyin edir, onları yerlərdə siyasətinin müdafiəçisinə çevirməyə çalışırdı. Bununla belə ruhani təbəqəsi özünün iqtisadi gücünü və nüfuzunu qorumağı bacardı. Ümumilikdə o, Qacarların hərəkətlərini narahatlıqla izləyir, əhali ilə hakimiyyət arasında orta mövqe tutmağa çalışır, hətta Qacar hakimiyyətini ara-sıra tənqid etməkdən belə çəkinmirdi. Bu da ruhaniyyətin nüfuzunu daha da artırır, Şiəliyin güclənməsi və formalaşmasına şərait yaradırdı. XIX yüzildə ruhanilərin yuxarı dairələri bir neçə dəfə şah hakimiyyətinin maraqları ilə üst-üstə düşməyən təşəbbüslərdə bulunmuş, bəzən hətta onunla birbaşa münaqişəyə girməyə belə özündə güc tapa bilmişdi. Belə ki, 1826-cı ildə müctəhidlər Rusiyaya qarşı cihad elan etmiş, baş komandan vəliəhd Abbas Mirzəni və şahı hazırlıqsız savaşa təhrik etmişdilər; 1851-ci ildə Tehran imam-cüməsinin birbaşa iştirakı ilə Əmir Kəbir istefaya göndərilmişdi; 1855-57-ci illərdə ruhanilər Təbrizlilərin qaimməqama qarşı hərəkatını təşkil etmişdilər və s. XIX yüzildə Şiə üləmasının ən yüksək siyasi fəallığı 1890-91-ci illərdəki tənbəki inhisarına qarşı hərəkatda özünü göstərdi. Baş müctəhid (mərceyi-təqlid) Molla Mirzə Həsən Şirazinin fitvası ilə xalq tənbəkini boykot etdi və şah böyük təzminat ödəmək məcburiyyətində qalsa da İngilislərə verdiği inhisarı ləğv etməli oldu.[33] Amerikalı araşdırmaçı Hamid Algar yazır: “XIX yüzil boyunca İranda ruhanilərin nüfuzu və cəmiyyətə təsiri daha da artdı. Belə ki, XIX yüzilin sonuna doğru yeganə mərceyi-təğlid halına gələn Şeyx Murtuza Ənsari ölkənin həqiqi hökmdarı idi.”[34]

Qacar dövlətinin sərhədləri daxilində müxtəlif xalqları və tayfaları bir yerdə tuta bilən iki mühüm amildən – şah hakimiyyəti və Şiəlik – biri zəiflədikcə, o biri güclənirdi. Arada ziddiyətlərin olmasına baxmayaraq, siyasi hakimiyyətlə dini hakimiyyət ümumilikdə bir-birini tamamlayır, bu ziddiyyətlər adətən əndazəni aşmırdı. Bəzən ümumi təhlükəyə qarşı şah hakimiyyəti ilə ruhanilərin ümumi cəbhədə çıxış etmələri belə mümkün olurdu. Belə bir ittifaq Babilər hərəkatına (1848-52) qarşı birgə mübarizədə də özünü göstərdi. Hər iki tərəf (şah hakimiyyəti və ruhanilər) Babiləri maraqlarına zidd qüvvə hesab edirdi. Yuxarıda adı keçmiş A. Medvedev XX yüzilin başlarında yazırdı: “İranın bütün son dövrləri hökumətlə ruhaniyyət arasında daimi, amma müəyyən çərçivələrlə məhdudlaşan mübarizə tarixidir; yəni şah yaxşı başa düşür ki, o, Şiəliksiz həyatda qala bilməz, ruhaniyyət də yaxşı başa düşür ki, şahsız Şiəlik dağılacaq.”[35]

Bu “təsanüd” Qacar dövlətində iki əsas etnik vahidin rolu, ümumilikdə Fars-Türk münasibətləri kompleksi üçün də keçərlidir. Türklər dövlət həyatında Qacar sülaləsi, mülki bürokratiyanın yuxarı hissəsi və hərbi bürokratiyanın tamamına yaxını vasitəsilə təmsil olunmuş, mühüm çəkiyə malik idilər. Mülki bürokratiyanın xeyli hissəsi, ruhanilərin isə yuxarı təbəqəsinin tamamına yaxını Farslardan ibarət idi. Şah sarayında və orduda şifahi danışıqda Türk dilindən də istifadə edilməsi ənənəsinin qalmasına baxmayaraq, kargüzarlıq işi və təhsil də ənənəyə uyğun olaraq Fars dilində idi. Qacarlar onsuz da hələ özünü açıq şəkildə büruzə verməyən etnik məsələlərin fövqündə durmağa çalışırdılar. A. Medvedev Ariyalılarla Türk-Tatarların “bir-birinə nifrət etməsi” haqqında iddia irəli sürür. Müəllifin Fars-Türk münasibətlərində hərdən özünü göstərən ziddiyyətləri, bizcə, şişirtmə saymaq gərəkdir. Çünki XIX yüzil boyu bu “nifrətin” təzahürünə rast gəlinmir. İranın bu iki əsas etnik vahidi arasında hakimiyyət uğrunda etnik əsasda mübarizənin getdiyi haqqında müəllifin fikrini isə qəbul etmək lazımdır. Xüsusən müəllifin “Əlverişli şəraitə baxmayaraq, Türk-Tatarlar adətən hakimiyyətin idarəsindən uzaqlaşdırılırlar və özləri də bilmədən yerlərini Farslara verirlər ” fikri diqqət tələb edir və bu fikir sonrakı siyasi proseslərdə özünü doğrultdu.[36]Qacarların Azərbaycana münasibəti başqa bölgələrə münasibətindən prinsipcə fərqlənmirdi. Yuxarıda adı çəkilmiş L. Artamonov 1890-cı ildə çıxmış kitabında İran hökumətinin idarəçilik metodlarının Azərbaycan əyalətində də eyni olduğunu bildirirdi: “İrandakı hakim ailə ilə eyni tayfadan olan Azərbaycan, şah taxt-tacının ən etibarlı dayağıdır və o, bütün İran dövlətinin ən çoxsaylı əhalisi, ticarət mərkəzi olan hərəkətli Təbriz şəhərində daimi yaşayan vəliəhdin idarəsinə verilir. Amma Azərbaycanla yaxından tanışlıq açıqca göstərir ki, İran hökuməti taxt-tacın bu ən qiymətli incisinin rifahı naminə heç bir şey etməməsi bir yana qalsın, abırsızcasına inzibati sui-istifadələrlə bu ölkədə əkinçiliyin, ticarətin, fabrik fəaliyyətinin qarşısını alır...”[37]

Beləliklə, Qacar İranında Türklərin xüsusi çəkiyə malik olması nə onların özləri, nə də məskunlaşdığı əsas bölgə - Azərbaycan üçün əlahiddə status müəyyən etmirdi. İranın başqa yerlərində olduğu kimi burada da orta əsrlərə xas olan ənənəvi despotik dövlət idarəçiliyi hakimdi. Dövlət həyatındakı bu durğunluğa baxmayaraq, XIX yüzilin sonlarına doğru İrandakı xalqların fikir həyatı və kültüründə bəzi dəyişiklər baş verməkdə idi.


Yüklə 170 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin