Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar çap olunmuş yeni məqalələr



Yüklə 207,32 Kb.
səhifə1/11
tarix07.01.2022
ölçüsü207,32 Kb.
#86606
  1   2   3   4   5   6   7   8   9   10   11

Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar çap olunmuş yeni məqalələr (Bunlar “Nizaminin folklor əlaqələri” adlı monoqrafiyaya daxil ediləcəkdir).
Nizami və folklor
Azərbaycan türkləri öz müdrikliyi, yaradıcılıq dünyasının zənginliyi ilə seçilən qədim mədəniyyətə malik xalqlar arasında özünəməxsus yer tutur. Onun tarixin qaynaqlarından zəka məşəli kimi nur saça-saça gələn əsrlər yaşıdı mifləri, saysız-hesabsız əfsanə və rəvayətləri, maraqlı nağılları, duzlu lətifələri, şirin bayatıları, yanıqlı ağıları, həzin holavarları, hikmətamiz atalar sözü və məsəlləri bitib tükənməyən mənəvi sərvət, zəngin bir xəzinədir. Azərbaycan poeziyasının korifeylərindən sayılan Nizami Gəncəvi bu xəzinədən layiqli pay götürmüş, ona əbədi həyat bəxş etmişdir.

Nizaminin xalq poeziyası ilə bağlılığından, onun əsərlərinin bu sahədə bir qaynaq kimi əhəmiyyətindən söz açan M.H.Təhmasib yazırdı: “Qədim Azərbaycan ədəbiyyatı haqqında məlumat mənbələrindən biri də Nizami kimi dahi sənətkarın əsərləridir. Nizami şifahi xalq ədəbiyyatının bir çox janrlarından istifadə etdiyi kimi, xüsusilə qədim eposdan da bacarıqla faydalanmışdır. Bu dahi sənətkarın “Xəmsə”sində yüzlərlə kiçik, böyük əfsanələrə, rəvayətlərə, əsatirlərə təsadüf edilir. ”1

Nizaminin milli əfsanə və rəvayətlərdən faydalandığını onun bütün araşdırıcıları təsdiq edirlər. M.Ələkbərov bu xüsusda yazırdı: “Nizami dastanlarının başlıca mövzusunu, məlum olduğu üzrə, qədim hadisələr və əfsanələr təşkil edir”.2

Nizami Gəncəvi və folklor məsələsi genişliyi ilə öyrənilməsə də, onun ayrı-ayrı cəhətləri barədə müəyyən axtarışlar aparılmış, dəyərli məqalələr yazılmış və araşdırmalar çap etdirilmişdir.3 Lakin, Nizaminin Azərbaycan əsatir, əfsanə və rəvayətləri ilə bağlılığı, əlaqəsi bu günədək xüsusi araşdırma obyektinə çevrilməmişdir.

Nizaminin bir sənətkar kimi formalaşmasında Yaxın və Orta Şərqin ictimai, fəlsəfi fikri, yazılı və şifahi poeziyası ilə yanaşı, zəngin Azərbaycan xalq yaradıcılığı, xüsusilə əfsanə və rəvayətləri mühüm rol oynamışdır. Araşdırma belə bir qənaət doğurur ki, şairin dövrü, zəmanəsi ilə səsləşən, sadə insanın zəngin mənəviyyatını açan poemalarında xalq içərisində geniş yayılmış əfsanə və rəvayətlərdən, miflərdən bol-bol istifadə olunmuşdur. Bu da təsadüfi deyildir. Dövrümüzə qədər gəlib çıxan həmin folklor örnəklərində o zamankı Azərbaycan türklərinin ədalətli hökmdar haqqında arzu və istəkləri öz poetik ifadəsini tapmışdır. Bu isə hər şeydən öncə, şairlə xalqın əsas məsələlərdə həmrəy olmasının nəticəsi və ifadəsi deməkdir. Azərbaycan folkloru örnəklərində aşılanan ideyalar Nizami yaradıcılığını zəngin fikir və duyğularla qidalandırdığı kimi, onun humanizminin zənginləşməsində də əhəmiyyətli rol oynamış, şairin qadına münasibətindəki mütərəqqi düşüncələrinin büllurlaşmasında əsaslı yer tutmuşdur.

Nizami yaradıcılığı Azərbaycan folkloru ilə Azərbaycan poetik söz sənəti öz növbəsində Nizami irsi ilə elə qaynayıb qarışmışdır ki, çox hallarda bunları bir-birindən ayırmaq, təcrid etmək, kimin kimdən faydalandığını müəyyənləşdirmək mümkün deyildir. Əslində, bu cəhət bütün böyük səntəkarların yaradıcılığına xas olan bir keyfiyyətdir. Şair bəzən xalqdan aldığı poetik düşüncə örnəyini öz dühasının, istedadının süzgəcindən keçirib elə bir sənət incisi yaratmışdır ki, əvvəlki mənbəni, kökü az qala unudursan. Xalq isə öz növbəsində onu yeni sənət örnəyi kimi qəbul edir, özününküləşdirir, bəzən müəllifini unutsa da, həmin bədii nümunəni əsrlərin imtahan və sınağından keçirib yaşadır, gələcək nəsillərə ərməğan edir.

Akademik Həmid Araslı Nizami Gəncəvinin folklor qaynaqlarını öyrənməyin əhəmiyyətindən bəhs edərək yazırdı: “Xalq ədəbiyyatı xəzinəsində Nizaminin şəxsiyyəti və onun qəhrəmanları, əsərlərinin süjetləri ilə əlaqədar çoxlu materiallar vardır ki, bunların elmi surətdə toplanması nizamişünaslıq işinin qarşısında duran mühüm vəzifədir.

Bu müxtəlif variantların müqayisə və təhlili istər şairin şəxsiyyətini, istərsə onun doğma xalqı ilə münasibətini təyin etmək üçün ən mühüm tədqiq obyektidir”. Nizamişünasların çoxu, xüsusilə Azərbaycan alimləri təsdiq edirlər ki, “o, (Nizami-S.P.) klassik şairlərimiz içərisində hamıdan artıq xalq yaradıcılığı xəzinəsindən istifadə etmişdir.”

Nizami Gəncəvinin şifahi söz sənəti ilə bağlılığı çoxcəhətlidir və özünün müxtəlif təzahür formaları ilə nəzəri çəkir. Bunları təxminən aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür:


  1. Nizaminin faydalandığı folklor örnəkləri, xüsusilə yerli toponimlərlə, əfsanəvi və real tarixi şəxsiyyətlərlə bağlı əfsanə və rəvayətlər.

  2. Nizami mövzuları əsasında formalaşmış folklor örnəkləri.

  3. Şairin həyatı, fəaliyyəti ilə bağlı yaranmış folklor əsərləri.

Azərbaycan folklorunun əksər janrlarından yaradıcı şəkildə bəhrələnən Nizami öz əsərlərində xalq əfsanə və rəvayətlərindən daha geniş istifadə etmişdir. Epik şeirin təbiətinə yaxın olan əfsanə və rəvayətlər şairin yaradıcı xəyalını qanadlandırdığı kimi, onun poeziyasının poetik vüsətini də artırmış, onlara obrazlılıq, xəlqilik gətirmişdir. Nizami bu folklor örnəklərini təkcə özünəməxsus orijinal quruluşu, ifadə tərzi, zəngin bədii boyaları olduğu üçün qiymətləndirməmiş, eyni zamanda onlara sənədli poetik həqiqətlər kimi baxmış, bəşəri ideayaların ifadəsi üçün bunları əhəmiyyətli saymışdır. Şair xalq əfsanə və rəvayətlərinin bir çoxunda geniş əməkçi kütlələrin daimi arzusu kimi qorunan ədalətli hökmdar ideyasını bəyənmiş və dövrünün şahlarına ibrət dərsi vermək üçün onlardan geniş istifadə etmişdir.

Bəllidir ki, nizamişünaslar indiyə qədər şairin folklor əlaqələrindən bəhs edərkən əsasən onun “Xəmsə”sinə müraciət etmiş və bu baxımdan bir sıra dəyərli fikirlər söyləmişlər, bu qəbil tədiqiqatçılar başlıca olaraq Nizamidən folklora doğru gedən istiqaməti öyrənməyə çalışmışlar. Folklordan Nizamiyə doğru gedən yol isə diqqətdən nisbətən kənarda qalmış və demək olar ki, izlənilməmişdir.

Bəllidir ki, Nizaminin həyatı və poetik irsi nə öz dövründə, nə də sonrakı yüzilliklərdə əsaslı şəkildə öyrənilməmişdir. Şairin tərcümeyi-halı çox sonralar, qismən “Xəmsə” əsasında araşdırılmışdır. Halbuki, Azərbaycanda Nizaminin həyat və yaradıcılığı ilə bağlı yer adları, kəndlər, qalalar, arxlar və bunlarla bağlı çoxlu əfsanə və rəvayətlər indi də mövcuddur. Bunlar şairin yaradıcılıq yolunun bir çox cəhətlərini aydınlaşdırmaq işində əhəmiyyətli rol oynaya bilər.


Yüklə 207,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin