ÖLÜm seviNCİ



Yüklə 238,11 Kb.
səhifə1/4
tarix21.10.2017
ölçüsü238,11 Kb.
#8119
  1   2   3   4

ÖLÜM SEVİNCİ
Proloq
***
-Onlar niyə bu qədər göz yaşı tökürlər? Niyə bu qədər ah-nalə edirlər? Axı mən xöşbəxtəm. Özü də heç vaxt bu qədər xöşbəxt olmamışdım. Onlarsa mənim ən xöşbəxliyimdə ağlayırlar.

-Axı onlar bilmirlər ki, sən xöşbəxtsən.

-Bəs necə etmək olar ki, onlar bilsinlər ki, mən xöşbəxtəm. Özü də çox xöşbəxt.

-Allahın izniylə bir gün yuxularına göndərilərsən. Və o zaman onlara deyərsən. axı ölülərin və dirilərin ruhlarının qovuşduğu yeganə məkan yuxulardır.

-Düzdür, gərək onlara deyim ki, ölən insan üçün bu qədər çox ağlamasınlar. Onlar ölümə faciə kimi baxır. Əslində isə bu sadəcə dünya dəyişimidir. Oradan- həyat adlandırdıqları yerdən, bura –Ədalət və Sevginin olduğu yerə. Kaş onlar biləydilər ki, mən necə huzur doluyam. Kaş onlar bu Sevgidən zərrə qədər də olsa hiss edəydilər...

1
***


Həyatımın elə bir məqamındaydım ki, mənim üçün həyatda yaşamla ölüm arasında elə də fərq yox idi. Yox, əsla! İntihar haqda düşünmürdüm. İntiharın beynimdə dolaşdığı asi, üsyankar, yeniyetməlik dövrümü geridə qoymuşdum. Sakit, hər şeyə və hər kəsə qarşı təmkinli olduğum, hisslərimin hissizləşdiyi, sevinclərimlə kədərlərimin elə də fərqlənmədiyi bir dövrümü yaşayırdım. 25 yaşım vardı. Və mən niyə və nə üçün yaşadığını dərk etməyən, heç nəyi vecinə almayan, ama heç kimi də incitməyən bir insan idim.

Şirkətlərin birində satış üzrə menecer işləyirdim. Və 1 il bundan əvvəl valideynlərimdən ayrılıb, ayrıca evə çıxmışdım. Işimi sevirdim. Ama mənim üçün bunun da fərqi yox idi. Işimin ilk mərhələlərində müdiriyyət məni tərifləyərkən bu məndə qürur hissi yaradırdı. Sonra zaman keçdikcə o da yaranmadı. Adi sözlər kimi gəlirdi mənə. və məndə heç bir hiss yaratmırdı. Məndə heç bir hiss yaratmayan bu vəziyyət digər iş yoldaşlarımda bir hiss yaradırdı: paxıllıq. Mən heç vaxt gecikmirdim. Işimi layiqincə görürdüm. Başqalarının nöqsanlarına baxıb, onlardan ibrət götürürdüm ki, həmin səhvi mən təkrarlamayım. İnsanlar səhv edirdilər. Mənsə onların səhvi üzərində düzgün olmağı öyrənirdim. Onlarsa həm səhv, həm də paxıllıq edirdilər. Mənə isə bu hisslərin heç biri çatmırdı. Necə yəni kiməsə paxıllıq etmək? Necə olur bu hisslər? Nə hissləri keçirirsən paxıllıq edəndə? Bəlkə də heç vaxt kimdənsə aşağı olmadığım üçün heç vaxt bu hissləri keçirmədim. Məktəb vaxtı sinfimizdə 2 yaxşı oxuyan uşaq vardısa biri mən idim. 2-cisi gələnə kimi yeganə mən idim. Sinifimizə 2-ci yaxşı oxuyan gələndə uşaqlar elə zənn etdilər ki, mən onunla rəqabət aparacam və biz düşmən olacağıq. Mənsə hamının əksinə olaraq, onunla dərhal dostlaşdım. Biz çox yaxşı və səmimi dost olduq.

Universitet illərimdə də özümə görə öz uğurlarım oldu. hər semestrın sonu fəxri fərman alırdım. Və universiteti qırmızı diplomla bitirdim. Hər şey əla idi. Hamı, ailəm, qohumlarım, tanışlarım mənlə fəxr edirdi. Əsgərliyə getdim. Əsgərlikdəki dürüstlüyüm və nizamlılığım çoxlarına hörmətimi qazandırdı. Əsgərlikdən gələr-gəlməz işə qəbul oldum. Və tez bir zamanda işdə öz nüfuzumu və hörmətimi qazanaraq, irəlilədim. Heç kimin ayağını aşağı dartmadan, kiməsə yaltaqlıq etmədən. sadəcə özüm çalışaraq. Işimi sevdiyim üçün. Disiplini sevdiyim üçün. Ona görə yox ki, mən prinsipial insanam və qarşıma nə məqsəd qoyuramsa edirəm. mənim ümumiyyətlə heç bir məqsədim yoxdur...

Mən həftənin 5 gününü işləyən, 2 gününü istirahət edən adi insanam. Gələcəyə aid heç bir planlarım yoxdur. Hərdən kimsə 5-6 aydan sonrakı planlarından danışanda mənə təəccüblü gəlirdi. Necə yəni 5-6 ay sonra? Mənim ən uzaq gələcəkdəki planım sabahkı plan idi. O da ya işlə, ya da həftəsonu ilə bağlı. Mənim planlarım, ümumiyyətlə, olduğum həftədən o biri həftəyə keçmirdi. Gələcək məni maraqlandırmır. Keçmişimə bağlı biri deyildim. Mən bu günümlə yaşayan biri idim. Heç kimin həyatı və ya nəsə məni maraqlandırmırdı. Kimisə düşünmürdüm. Hisslərim dəyişgən olurdu. Səhər səbəbsiz sevincdən atılıb –düşə bilərdim. Axşam isə oturub uşaq kimi ağlaya bilərdim. Fikir verməyin, hamısı melonxolikliyin əlamətləridir. Çox təəssüf ki, mən 4 temprament növündən ən həssas olanı –melonxolik olduğumu öyrənəndə dedim ki, “işin bitdi,Camal! Yaşa, əgər yaşaya biləcəksənsə. Özü də 21-ci əsrdə!”

2
***

-Alo,Şahin işə gəlmirsən?

-Alo, Camal, sənsən?

-Hə,mənəm. İşə gəlsən yaxşıdır. Əgər Natiq müəllim görsə, sənin üçün yaxşı olmayacaq.

-Ay daaa. Neyləyək?

-Neyləyək deyəndə ki...Sən indi haradasan?

-Vallah heç özüm də bilmirəm-gülə-gülə dedi: -Ama bir mələk yatıb yanımda. Mənsə onun yanındayam.

-Hmm. Yaxşı, indi tez dur. Əgər orada pəncərə varsa, pəncərədən bax, gör haradasan. Sonra orada pilləkən varsa, pilləkənlərdən düş, qapını aç və çölə çıx.

-Ay daa, yaxşı ki dedin. Mən də labirintdə azıb qalmışdım...-bərkdən güldü.-Nə olar məni hansısa bəhanə ilə idarə et, indi gəlirəm.

-Yaxşı, ama tez ol.

Mən telefonumu cibimə qoyanda baş icraçı direktor başımın üstündə dayanmışdı.

-Şahin yenə gecikib? Yerində yoxdur.

-Şeyyy...-bilmədim nə bəhanə gətirim. Yalan danışmağı sevmirəm. hər məsələyə ədalət prinsipi ilə yanaşıram. Ama eyni zamanda dostumu çətin vəziyyətdən çıxartmalıyam.

-Yəqin ki özü gələndə sizə deyəcək. Indi danışdım, gəlir.

-Kaş ki hamı sənin kimi işinə məsuliyyətli olardı. Dostuna de, bir az sənə oxşasın. Sənin kimi nizamlı-intizamlı olsun.

Onun tərifləri mənə adi söz kimi gəlirdi. Bilirdim ki, əgər 1 gün, bircə gün işimi yaxşı yerinə yetirməsəm, həmin o qalaq-qalaq təriflər bir andaca dənizə atılacaq ya da havaya sovrulacaq. Və səni məzəmmət edəcəklər. Baxmayaraq ki sən həmişə yaxşı olmusan. Həyatın qanunu budur. Sən istənilən an asanlıqla işdən atıla bilərsən. sən heç əzəldən olmamışsan kimi davrana bilərlər. Sənsə daim çalışmalısan. Yaxşı olmaq üçün. Çünki sən yaxşı olmalısan. Başqa yolu yoxdur. Şirkətə sənin ailəvi problemlərin, daxili əzabların, depresiyaların önəmli deyil. Onlara sənin beyin məhsulun və danışıq qabiliyyətin lazımdır. Narkotika satanlar kimi. Əgər onlara bir dəfə pul verməsən, onlar sənə narkotika verməyəcəklər. Baxmayaraq ki, sən onların ən yaxşı müştərisi olmusan.

Ama insanın işinə görə qiymətləndirilməsi çox xoş duyğulardır. Bu, insanda işinə hörmət və stimul yaradır. Bəxtim gətirib ki, müdiriyyət qaşqabaqlı və deyingən deyil. Yaxşını qiymətləndirməyi bacarır.

Şahin tələm-tələsik gələndə , yaxşı ki, Natiq müəllim öz kabinetinə çəkilmişdi.

-Salam, Camal. Saat neçədir?

Onun adəti budur. Ilin hansı fəslində olursa olsun, günün hansı vaxtı olursa olsun, məndən həmişə saatı soruşacaq.

-Saat 10: 45- qol saatıma baxıb dedim.

-Natuş nəsə dedi?

-Sənə min dəfə demişəm, o yekəlikdə kişiyə Natuş demə. Bir gün birinin qulağına çatacaq. Onda o Natuş da səni Şahuş edəcək.

-Əşi, heç qorxmuram. Qovanda qovsun da.


Şahin! 25 yaşı var. Həmyaşıdıq. Əhli kefdir. Həyata ciddi yanaşmır. Qorxuları, narahatçılıqları yoxdur. Yaxşı oğlandır. Qəlbi təmizdir. Ama çox tez özündən çıxır. Sənə güldüyü anda birdən üstünə qışqıra bilər. Onunla işdə tanış olmuşuq. O, şirkətə gələndə mən artıq 9 ay idi ki, burada işləyirdim.

Şahin keçib masasının arxasında əyləşdi. O, şirkətdə müştəri xidmətləri üzrə menecer idi.

-Qapının yerini tapa bildin?-oturduğum yerdən ona söz atdım. Geniş idarə otağında işləyirdik , harada ki, məndən başqa 17 nəfər də həmin mərtəbədə işləyirdi. bizi bir-birimizdən şüşə divarlar ayırırdı.

-Hə, tapa bildim. Ay daaa-əli ilə başını tutdu.-Elə bir mələyin yanından gəlmək əsl günahdır vallah. Elə bil özüm bilə-bilə cənnətdən cəhənnəmə keçdim. Ama dünən gecə...

-Nəsə-onun sözünü yarımçıq kəsdim. –İşdəyik. Bir azdan iclas olacaq. Sən də olmalısan.

-Offf-Şahin başını masaya qoydu.-Cəhənnəm davam edir.


3
***

Artıq nədənsə zövq almaq deyilən bir şey yox idi. Təsəvvür et ki, sən hər şeyi edə bilərsən,ama heç nə etmirsən. çünki etmək istəmirsən. dostlarınla görüşüb, şəhəri gəzə bilərsən, ama bəhanə uydurub tənha evinə qapılırsan. Bilirsən ki, tənha evdə səni heç kim gözləmir. Ama yenə də ikinci variantı seçirsən. çünki bilirsən ki, şəhəri gəzmək, dostların danışıb, deyib-gülməsi səndə heç bir dəyişiklik yaratmayacaq. Pulum var, təzə nəsə kəşf edə bilərəm. hansısa qalereya və ya muzeyə gedə bilərəm, ya da hansısa istirahət mərkəzinə...Ama iş burasındadır ki, istəmirəm. heç nə istəmirəm...

Nə vaxt itirdim? Nəyi? Bilmirəm. ama nəyisə itirmişəm. hansı ki, o gəlsə, onunla bərabər mən də özümə gələcəm. Həyat haradasan? Nə vaxt ayrıldı yolllarımız???

Şahinlə danışmaq istəmirəm. O, qız dəlisidir. Intim məqamlarını sənə utanmadan danışa bilər. Ailəmlə də danışmaq istəmirəm. Heç kimin məzəmmət xarakterli cümlələrini eşitməyə halım yoxdur. Bacım...Yaxşı yemək bişirir. Mehriban və qayğıkeşdir. Ama biz tamam başqa dünyaların insanlarıyıq. Çətin ki onunla ortaq söhbətimiz olsun.

Qapını açıram və işıqları yandırıram. Əlimdəki sənədlərlə dolu portfeli dəhlizdəki səbətin içinə atıram. Və evin telefonu zəng çalır. Götürmürəm. çünki bilirəm ki anamdır. Düz 1 ildir ki ayrıca evə çıxmışam. Ama hələ də özümü nəzarət altında hiss edirəm. Mən azad olmaq istəyirəm. Istəyirəm ki heç kim mənimlə maraqlanmasın. Istəyirəm “ailə” adlı nəzarət müfəttişliyi olmasın.

Zal otağımın geniş pəncərələrində pərdə yoxdur. Çünki pərdəyə ehtiyac yoxdur. Qarşımda şəhərin balaca həyət evlərindən ibarət mənzərəsi dayanır. Hansı ki, mən o evlərə 16-cı mərtəbədən baxıram. Onlar isə heç məni görmürlər.

Pəncərənin qarşısında dayanıram. Ağlamaq istəyirəm. Bilmirəm niyə, ama ağlamaq istəyirəm. ama deyəsən ağlamaq üçün nəsə lazımdır. Hə, tapdım: göz yaşları...Görəsən, haradadırlar? Insan, görəsən, niyə öz içini axtara bilmir?! Niyə hansısa əşyası itəndə ətrafında onu axtarıb tapa bilir, ama hansısa hissi itəndə onu içində axtara bilmir?! Bəlkə mən nəyisə itirmişəm. bəlkə nəyisə axtaranda nəyisə tapacam. Bəlkə qəlb..Bəlkə sevgi...Sevgi? o nədir ki elə???

Telefon yenə zəng çalır. Bu dəfə dəstəyi götürürəm. Istəmirəm ama götürürəm.

-Alo, Camal?

-Hə, ana eşidirəm.

-Camal, yaxşısan oğlum?

-Belə də ...normal.

-Səsin birtəhər çıxır. Olmaya nəsə pis bir şey olub?

-Ana, heç nə..

-Qəzaya düşmüşdün?

-Harada?


-Bu gün xəbərlərdə eşitdim ki, 45 nömrəli avtobus qəzaya düşüb. Qorxdum. Dedim bəlkə sən də onların arasında olmusan. Axı sən də o avtobusla gəlib gedirsən.

-Yox, ana. Sağ və salamatam.

-Nə yaxşı...Çox məsuliyyətsizsən.

Yenə başladıq. Hər şey normaldır. Sadəcə anam bilmir ki, onun oğlu melonxolikdir. Və melonxoliklər təkliyi sevirlər. Halbuki melonxoliklərin xüsusiyyətini tək-tək anama minlərcə dəfə başa salmışam.

-Oldu, ana. Atama salam de. Öpdüm. Sağ ol.-deyib dəstəyi qoydum.

Başa düşürəm. onlar öz oğullarına görə narahat olurlar. Və danışmaq istəyirlər. Ama onlar məni başa düşmürlər. Mən tək qalmaq istəyirəm. Elə ona görə də ayrıca evə çıxdım.

Pəncərəyə yaxınlaşdım. Pəncərənin içindəki musiqi mərkəzinin düyməsini basdım. Michael Ortegonun “ Cry” mahnısı...Sadəcə pianino və notlar. Bu mahnını bu yaxınlarda kəşf etmişəm. ona görə də bu aralar ən çox bu mahnıya qulaq asıram. Hər dəfə yeni musiqi kəşf edəndə həyata yenidən bağlanıram. Ta ki o mahnı adiləşənə qədər. Onda həyatla yollarımız yenidən ayrılır. Biz həyatla tez-tez ayrılırıq...

4
***

Yəqin ki, insan ona görə böyüyür ki, artıq nağıllara və möcüzələrə inanmasın. Əgər 25 yaşındasansa və hələ də möcüzələrə və nağıllara inanırsansa, səni səfeh adlandıracaqlar. Kimlər? Sənə o nağılı danışanlar. Bəs niyə danışmışdınız əgər özünüz inanmırdınızsa?! Bax, bu suala cavab verən yoxdur. Təsəvvür edin ki, ətrafdakılarınız sizə nağıl danışır, sizi həmin nağıllara inandırır, sonra isə deyirlər: “Unut getsin! Hamısı boş şeydir!” Vaxtilə göz yaşları içində hind filmlərinə baxanlar indi öz ağladıqları filmi əttökücü adlandırırlar: “Görəsən, o vaxt bu filmə necə baxa bilmişik? Insanın lap əti tökülür”

Valideynlər uşaqlarını böyütmürlər, uşaqlarını qocaldırlar. 30 illik ailə həyatlarındakı ancaq acı günləri xatırlayır, bir-birinin ünvanına qarğış və lənətlər yağdırırlar.

Ən sıxıdıldığım valideynlərimlə keçirdiyim andır:
-Çox sağ ol, Camal, hədiyyəyə görə. –anam, üzündə təbəssüm, onun ad gününə görə aldığım hədiyyəyə görə minnətdarlıq edir. Stol arxasındayıq. Atam, anam, bacım Sürəyya, onun 2 azyaşlı oğlu, ( əri işlə bağlı xaricdədir) və heç də burada olmaq istəməyən MƏN.

-Deyirəm ki, yaxşı ki, bu ad günləri zad var. Yoxsa Camalın üzünü necə görərdik?

Yenə eyham. Yenə atmaca. Insanlar bir şeyi qəbul etmək istəmirlər:ətrafındakı insanlar fərqli düşünə bilər, fərqli həyat sürə bilərlər, fərqli şeylər istəyə bilərlər.

Susdum. Çünki kiməsə nəyisə sübut edəcək halda deyildim. Yadıma gəlir ki, anama, atama, hətta bacıma çox fəlsəfədən, psixologiyadan və sevgidən danışmışdım. Çünki ,mənə görə, fəlsəfəni kəşf etməyən insan elə fərd olaraq qalır. Heç vaxt şəxsiyyət ola bilmir. Düşüncə olaraq. Ama atam üçün fəlsəfə: dəli filosofların çətin başa düşülən əsərləridir. Anam üçün həyat: ailə qurmaq və dünyaya uşaq gətirməkdir. Onlar bu düşüncədən o tərəfə bir addım da olsa irəliləmədilər.

-İnşallah bir gün, bax belə, Camalın nişan mərasiminə yığışarıq.-anam dilləndi.

-İnşallah-Sürəyya ah çəkərək təsdiqlədi.

Artıq ürəyim sıxılır. Ancaq sıxılanda hiss edirəm ki, sinəmin sol tərəfində nəsə var. Gözüm saatdadır.

-Camal, niyə yemək yemirsən?

-Yedim, ana, doydum.

-Sən ayrıca evə çıxandan lap arıqlamısan.

Yenə məsələ evrilib-çevrilib mənim ayrıca evə çıxmağımın üstündə dayandı. Artıq 1 ildir. Ama hələ də qəbul edə bilmirlər. Ağzımı açıb danışmaq belə istəmirəm. çünki bizim danışacaq ortaq heç nəyimiz yoxdur. Mən danışsam onlar məni başa düşməyəcəklər. Onlar danışmağa baslaşa mənim ürəyim sıxılacaq. Görəsən, niyə bu qədər təzadıq? Yəni heçmi 1 ortaq cəhətimiz yoxdur? Hə, var. Atamın üz cizgilərinin bəziləri genetik olaraq mənə keçib. Gözlərimin rəngini isə anamdan götürmüşəm. Vəssalam.

-Yaxşı, sizə nuş olsun –deyib ayağa qalxdım.

-Hara? Niyə qaçırsan? –atam qaşqabağını salladı.

-Bizdən nə tez bezdin?- anam üsyankar səslə dilləndi.

-Otur! Hörmətsizlik eləmə!-Sürəyya göz ağartdı.

Mən indi anladım, mən niyə ayrıca evə çıxmışdım. Mən onları sevmirdim. Onlar mənim ailəm idi. Onlar mənim üçün dəyərli idilər. Onlar üçün canımdan keçməyə hazır idim. Ama mən onları sevmirdim. Çünki onlar mənə sevgini göstərməmişdilər. Bu evdə yaşadığım 24 il boyunca ancaq nifrətə şahid oldum. Anam çox deyinirdi. Atam laqeyd idi. Sürəyya evlənəndən sonra ailəmizin “mənəvi çürüklüyü” üzə çıxdı. və mən hər davada, hər xoş olmayan hadisədə bir daha əmin olurdum ki, biz ailə deyilik. Biz sadəcə artistik. “Ailə” adlı filmdə rol getməyə məcbur edilən artistlər. Bizi heç nə birləşdirmir. Bizim aramızda heç bir mənəvi əlaqə yoxdur.

Yəqin anam məni ona görə dünyaya gətirib ki, nəsil davam etməli idi. Mən dünyaya gəldim və Rüstəm kişi “sonsuz” damğası yeməkdən qurtuldu. Mən dünyaya gəldim, çünki anam analıq duyğusunu yaşamaq istəyirdi. Dediyinə görə, qız olandan uşaq dəlisi olubmuş. Valideynlər , mənə görə, dünyanın ən xudbin insanlarıdır. Çünki onlar dünyaya soruşmadan uşaq gətirirlər. Və mən sevinirəm ki, mən heç vaxt xudbin olmayacam!

-Şahinlə işimiz var, ora gedəcəm.-bəhanə gətirdim. Əmin idim ki, Şahin indi hansısa sevgilisinin yanındadır və mən heç yadına da düşmürəm.

-Deməli, Şahin bizdən önəmlidir.-anam bütün vicdan sızıldadıcı səs tonlarından istifadə etməyə çalışırdı. Ama təəssüf ki, mənim vicdanım o tərəflərdə deyildi.

-Yox, sadəcə söz vermişəm.-deyib ayağa qalxdım. Dəhlizə doğru addımladım.

-Gedir, qoy getsin.-atam sanki məni “cəhənnəmə” yola salırmış kimi dodağının altında mızıldandı.

-Dayan, bir dəqiqə -deyib, anam mətbəxə keçdi. Mən ayaqqabımı, gödəkcəmi geyinincə əlində sellofan torba ilə mətbəxdən çıxdı.

-Al bunları, evdə yeyərsən. Allah bilir, evdə yeməyə heç nəyin yoxdur.

“Evdə hazır yeməyim yoxdur, ama huzurum var!” cümləsi keçdi beynimdən. Anam çox qayğıkeşdir. O, öz övladlarını sevir. Bir ana kimi. O, məni ona görə sevir ki, mən onun oğluyam. Ama məni bir insan olaraq sevmir. Mənsə istərdim ki, hər şeydən əvvəl, o, məni bir insan olaraq sevsin.

-Çox sağ ol, ana –deyib, üzündən öpdüm.-Ad günün bir də mübarək.

-Çox sağ ol. Axşam tez yat. Çox oyaq qalma.-qapıdan çıxarkən son anda qulaqburması verməyi unutmadı. Anam belədir. Istəyir hamı onun istədiyi kimi yaşasın. Bacımın uğursuz və sevgisiz ailə həyatı anamın qurbanı oldu. Ama mən heç vaxt kiminsə

qurbanı olmayacam!

O gün atamgildən çıxıb evə gedərkən, daha çox anlayırdım, nə üçün ayrı evə çıxdığımı. Mən nifrət içində yaşamaq istəmirdim. Bizim ailə başdan ayağa nifrətə bulaşmışdı. Atam tez-tez dodağının altında anama qarğışlar yağdırırdı, anamsa atama. Mənsə düşünürdüm: görəsən, bir-birinə bu qədər nifrət edən insanlar niyə hələ də bir yerdə yaşayırlar? Qəribədir...

Sürəyya ilə mənim toxumumuzda nifrət var. Bizim xəmirimiz nifrətlə yoğrulub. Biz Sevginin uşaqları deyilik. Bayaq dediyim kimi, biz dünyaya gəldik, çünki gəlməli idik. Bir çox səbəblər, ama Sevgidən başqa...

O evdən çıxdım. Çünki Sevgiyə susamışdım. Valideynlərimdən Sevgi istəyirdim. Onlar mənə nifrəti göstərirdilər. Valideyn kimi, hər ikisi də əla valideynlərdir. Onlar uşaqlarını sevirlər, onların qayğısına qalırlar, təhsil və tərbiyə veriblər. Mən və Sürəyya bütün nəslin öz uşaqlarına nümunə göstərəcəyi uşaqlarıq. Ama mən də, Sürəyya da bədbəxtik. Çünki biz heç vaxt Sevgini görməyəcək uşaqlarıq.

Sürəyya çox tez yaşında ərə getdi: 17 yaşında. Yazıq qız o yaşında hələ heç özünü dərk etmirdi. Bir də gözünü açıb dünyanı kəşf etmək istəyəndə gördü ki, 2 uşaqla əlləri görünməz qandalla “ailə” adlı zindana qandallanıb. Onun daim məyus siması və yorğun gözləri məni “ailə” məfhumundan daha da uzaqlaşdırır. Ailə nədir? 1 günlük vağzalı, şadlıq sarayı və qarşılarındakı 30 il boyunca bir-birinə nifrət edən ata və ana və bu nifrətdən doğulan uşaqlar, yəni qurbanlar, yəni biz!
5
***
-Yenə təksən? sevgilin yoxdur?-Əziz yazıq gözlərlə mənə baxırdı.

-Yox. Həmişəki kimi –sakit səslə cavab verdim.

-Bizimki sevgidə gətirmədi də.

Arada sükut yarandı. Oturduğum məkandan şəhərə baxırdım. və mavi dənizə.

Bu gün qrup yoldaşlarımızla görüşəcəkdik. Universitetdə ikən çox yaxın olduğumuz dostlarımızla. Əzizlə mən birinci gəlmişdik. Və indi , qarşımızdakı çaydan qurtumlayarkən danışırdıq:

-Sən universitet vaxtında bir qızı sevirdin eee-Əziz sınayıcı nəzərlərlə mənə baxdı.

-Hansı?-qeyri-ixtiyari soruşdum. Əslində isə özüm bilirdim kimi nəzərdə tutur. Universitet illərimdə özümdən 1 kurs aşağıda oxuyan bir qıza vurulmuşdum. Yadıma gəlir onu necə izləyirdim. Dərs cədvəlini əzbər bilirdim. Dərsə onu görmək həvəsi ilə gedirdim. Tənəffüsləri səbirsizliklə gözləyirdim. Tədbirlərdə onu axtarırdım. Onu sevirdim, ama gizli. Istəmirdim o, bilsin. Mənə sadəcə bir maraq lazım idi. Və mən onu seçmişdim. Bilmirəm niyə. yəqin ki özünəqapalı, sakit, diqqəti cəlb etməyən biri idi. Mənim adətən belə insanlardan xoşum gəlir. Özüm kimi...

-Kimi deyəcəm, Şəhanəni!

-Hə, bildim. –laqeydcəsinə cavab verdim.

-O gün Turaldan eşitdim ki, o qız evlənib.

-Allah xöşbəxt eləsin.

-Əgər vaxtında o qıza sevgini açıb desəydin, bəlkə də indi sən onunla evlənmiş olardın.

-Mən ona evlənmək gözü ilə baxmırdım. Mən sadəcə onu sevirdim. Heç bir məqsəd güdmədən.

-Fakt budur ki, biz hələ də subayıq-Əziz dərindən ah çəkdi.

-Evlən də. Kim saxlayır səni?

-İş burasındadır ki...-Əziz bir anlıq dayandı:- O qızdan sonra artıq heç kimi sevə bilmirəm.

Ona baxdım. Əzizə. Düz gözlərinin içinə. Əzab vardı. Dərin əzab. Insan həyatı belədir. Yeniyetməlik həyatında birini sevirsən. Əgər sevgin “xöşbəxt sonluq”la bitirsə, nə əla! Əgər bitmirsə, nə faciə! Sevgi qalır arxada. Ümidlərinin sındığı şüşə qapı arxasında.

Əziz də sevmişdi. O qızı. Minlərlə qızın içindən adi bir qızı. Ama bu onun qəlbinin qızı idi. Ama alınmadı. Ayrıldılar. Və qız xaricə ərə getdi. Əzizə baxarkən o qızı görürəm. o qızın Əzizə son baxışlarını. Əzizin gözləri o son baxışda qalmışdı. Əziz hələ də gözlərində o son görüşü daşıyırdı. Ona yazığım gəldi. Ümumiyyətlə, artıq heç kimi sevə bilməyən insanlara yazığım gəlir. Özümə də yazığım gəlir. Çünki mən də kimisə sevə bilmirəm. ama Əzizlə fərqimiz budur ki, o, kimisə sevəndən sonra kimisə sevə bilmir, mənsə heç kimi sevmədən kimisə sevə bilmirəm. Hərdən uşaqlıq, məktəb, tələbəlik illərim üçün darıxıram. Mən o vaxtlar hələ “ölməmişdim”. Kiməsə maraq göstərə bilirdim. Kimsə mənim üçün önəm daşıyırdı. Görəsən, mən nə vaxt öldüm? Məgər ölmək üçün torpaq altında olmalısan? Əgər duyğularını və sevmək qabiliyyətini itirmisənsə, deməli, sən artıq ölmüsən. Sadəcə torpaq altında yox, ayaq üstə gəzən ölü...

Bilirdim ki, bu cəhətdən mən tək deyiləm. Bu şəhərdə o qədər “artıq sevə bilməyən” qəlblər vardı ki...Bu şəhər o qədər “daxili qanaxmalar”a şahid olmuşdu ki... 21-ci əsr və sevgisizlik! Insanların üzündə bu elə aydın yazılmışdı ki...

-Ooo, salam,salam.

-Salam,salam.-Əzizlə mən ayağa qalxıb, yenicə bizə qoşulan qrup yoldaşlarımızla görüşdük. Bir az hal-əhval tutandan sonra hamımız oturduq. Tural sözə başladı.

-Bilirsiniz? Əli evlənir.

-Doğrudan?-mən soruşdum.

-Hə.-cavab verdi. Cibindən toy dəvətnamələrini çıxarıb, hamımıza payladı. Dəvətnaməni Əzizə verərkən diqqətlə ona baxdım. Dodaqları gülümsünürdü. Ama gözləri...Gözləri ağlayırdı.

-Allah xöşbəxt eləsin-dəvətnaməni alarkən dedim. Açıb içinə baxdım: “Sizi Əli və Xəyalənin toy məclisinə dəvət edirik”

-Xəyalə kimdir? Necə tanış olublar?-Turaldan soruşdum.

-İş yerində. Bir yerdə işləyirlər.

-Lap yaxşı. Bəs Əli özü niyə gəlməyib?

-Yazığın başı toy işlərinə qarışıb. Dəvətnamələri verdi ki, mən sizə paylayım. Bütün subaylar üçün olsun.

-Amin, inşaallah-hamı bir ağızdan dedi.

Bir-bir masa ətrafında oturan yoldaşlarıma baxdım. Tural nişanlı idi. Fəxrinin sevgilisi vardı. Samir artıq evlənmişdi. Bircə Əzizlə mən tək idik. Əziz nakam sevgisindən sonra sevə bilmirdi. Mənsə ümumiyyətlə sevə bilmirdim.

-O gün olsun sənin üçün olsun-Fəxri mənə baxaraq dedi. Gülümsədim. Ama “İnşallah” demədim. Içimdən gəlmirdi. Sanki inanmırdım ki, mənim qismətim bu həyatdadır. Sanki haradadırsa bir yerdədir, ama bu dünyada deyil. Qəribədir...

Hər kəs sevgilisindən danışmağa başladı. Əlinin toyu hamını həvəsləndirmişdi. Hamı gələcək planlarından danışırdı. Əzizlə mən sakit qulaq asırdıq. “Bəs niyə sənin sevgilin yoxdur?” sualına “Nə bilim.” Deyə qısa cavab verirdik. Söhbətdən sıxılmağa başladım. Durub getmək istədim. Ama istəmədim onlar “qaçdı” deyə düşünsünlər. Elə bu an Şahin zəng vurdu. Yaxşı ki, zəng vurdu. Ayağa durub, bir az onlardan uzaqlaşdım. Telefonla danışandan sonra onlara yaxınlaşıb, “üzr istəyirəm, işim çıxdı, getməliyəm!” dedim. Əslində isə Şahin başqa şeyə görə zəng etmişdi. Sadəcə mən bu fürsətdən istifadə etdim.

-Eee, olmadı ki..-Narazılıq səsləri gəldi.

Gülümsəyərək, hər kəslə əl sıxışıb, uzaqlaşdım. Mən gedərkən onlar artıq futboldan danışırdılar.

6
***

Bəli, mən təkəm. Etiraf edirəm ki, sevgi münasibətlərində heç vaxt uğurlu olmadım. Etiraf edirəm ki, qorxaq və cəsarətsizəm. Ama əsas bir şey var: mən istəmirəm! İçimdə “Sevgimi tapmaq” adlı bir istək yoxdur. Mən asan yolu tapmışdım. Mən fahişəni kəşf etmişdim. Asan yol! Pulu verirsən və fiziki tələbatını ödəyirsən. Bu qədər sadə! Mən mələyimi tapmaq istəyirdim, ama mələkdən əvvəl fahişəni tapdım. Fahişə ilə yatdıqca mən də fahişələşdim. Təmiz heç nəyim qalmadı. Murdallaşdım. Özümə nifrət edirdim. Ama yenə də bunu edirdim. Fahişə ilə yatırdım və fahişələşirdim. Mən təmiz deyildim.

Artıq “mələyi” tapmağa ehtiyacım yoxdur. Çünki əgər bir “mələk” vardısa da, o da artıq indiyə qədər yəqin ki “fahişələşmişdi”.


Toydan saat 9-da çıxdım. Qrup yoldaşımı təbrik edib, pul yazdırıb, çıxıb gəldim. Izdiham məni boğur. Və mən həmişə qaçıram izdihamdan. Hava qaralmışdı. Evə getmək istəmirdim. Şahinə zəng vurdum.

-Alo, Şahin haradasan?

-Mağazada.


Yüklə 238,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin