Press-reliZ 02 mart 2010-cu IL Bakı, Azərbaycan elan! Elmar hüseynovun məzari ziyarət ediLİB



Yüklə 40,92 Kb.
tarix24.10.2017
ölçüsü40,92 Kb.
#12233

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
02 mart 2010-cu il

Bakı, Azərbaycan


  • ELAN!

  • ELMAR HÜSEYNOVUN MƏZARI ZİYARƏT EDİLİB

  • MTN RATİ-NİN SORĞUSUNA CAVAB VERİB

  • JURNALİSTLƏRİN MÜDAFİƏ KOMİTƏSİ BƏYANAT YAYIB

  • EYNULLA FƏTULLAYEV HƏYATININ TƏHLÜKƏDƏ OLMASI İLƏ BAĞLI MÜRACİƏT EDİB

  • ELMAR HÜSEYNOVUN HƏYAT YOLDAŞI AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİB

  • AİLƏ ÜZVLƏRİ QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜBLƏR


ELAN!

3 MART SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Bakı ANM” ASC-nin səhmdarı Əlizadə Şahin 400 nəfərdən artıq səhmdarın hüquqlarının “Akkord” ASC tərəfindən pozulması ilə bağlı mətbuat konfransı keçirəcək.

Tədbirə  KİV nümayəndələri və hüquq müdafiəçiləri dəvətlidirlər.



ELMAR HÜSEYNOVUN MƏZARI ZİYARƏT EDİLİB

Bu gün (02 mart) “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin 5-ci ildönümü ilə bağlı jurnalist həmkarları, müxalifət siyasi partiyalarının sədrləri, funksionerləri, vətəndaş cəmiyyətinin və diplomatik korpus nümayəndələri mərhum jurnalistin məzarını ziyarət ediblər. Ziyarətçilər Elmar Hüseynovun məzarı üzərinə qərənfillər düzərək, onun ruhuna dualar oxuyublar.

“Elmar Hüseynov Fondu”nun həmtəsisçisi Şahbaz Xuduoğlu çıxış edərək bildirdi ki, Elmar Hüseynovun qətlindən 5 il ötməsinə baxmayaraq, hələ də bu qətlin sifarişçiləri və icraçıları tapılmayıb. O, Elmar Hüseynovun xatirəsini əziz tutaraq daim yazılarında onu xatırlayanlara və bu cinayətin açılması üçün səy göstərən hər kəsə təşəkkürünü bildirdi və qeyd etdi ki, azad söz uğrunda canından keçmiş jurnalistin qatillərinin tapılacağına ümid edir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirdi ki, bu gün hamı üçün kədərli bir gündür. “5 il qabaq bugünkü gündə söz və insan azadlığına qurban gedən Elmar Hüseynov əqidəsi uğrunda şəhid olub. Onun ölümü hakimiyyətin azad sözü susdurmaq üçün qurduğu böyük planın başlanğıcı idi” – deyən Ə.Kərimli həmin vaxtdan bəri Azərbaycanda cəsarətli jurnalistlərə qarşı təqiblər davam etdiyini və onlarla jurnalistin həbslərdən keçdiyini dilə gətirdi.

Müsavat Partiyasının sədri İsa Qəmbər çıxışında bildirdi ki, dünyada ən güclü şey sözdür. “Elmar Hüseynov də söz uğrunda həlak olub. O, öz sözü ilə proseslərə diqtə edə bilirdi deyə, onu Əliyev rejimi öldürdü” – deyən İsa Qəmbər əlavə etdi ki, Elmar Hüseynovun qanının yerdə qalmaması üçün sözün qiymətini bilmək lazımdır.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bildirdi ki, bəziləri Elmar Hüseynov haqqında yalan məlumatlar yayırlar və bildirirlər ki, guya o, etik normaları pozurdu. “Biz forum keçirərək həmin yazıların ictimaiyyətə təqdim edəcəyik. Qoy hamı görsün ki, o, nə yazırdı və nəyə görə öldürüldü” – deyə L.Yunus əlavə etdi.

Köşə yazarı Xaliq Bahadır çıxışında bildirdi ki, bu gün Elmar Hüseynovun məzarı üzərində ona hesabat vermək üçün heç bir iş görülməyib və nəticə əldə olunmayıb. O, xüsusilə müxalifət partiya liderlərini bu işdə birlik nümayiş etdirmədiklərini vurğuladı. “Hamı bilir ki, Elmar Hüseynovun ölümündə bu rejim günahkardır. Müxalifət birləşərək bu rejimi devirməliydi ki, indi ona “biz sənin qanını aldıq” hesabatını verə biləydi” – deyə X.Bahadır qeyd etdi.

“Yeni Nəsil” Jurnalistlər Birliyini sədri Arif Əliyev bildirdi ki, 1995-ci il martın 1-dən 2-nə keçən gecə Rusiyada jurnalist Vladislav Listev öldürülüb. “Bu qətldən 5 il sonra martın 2-də isə Azərbaycanda Elmar Hüseynov qətlə yetirilib. Onlardan heç birinin qatilləri tapılmayıb” – deyən A.Əliyev əlavə etdi ki, jurnalistlər gələcək təhlükəsizliklərini təmin etmək üçün keçmiş hadisələrə qiymət verməyi bacarmalıdırlar.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov çıxışında qeyd etdi ki, RATİ dəfələrlə dövlət qurumlarına müraciət edərək, cinayət işinin gedişatı və nəticələrlə maraqlansa da, hər dəfə standart cavablar verilib. “Bu gün də sorğumuza MTN-dən verilmiş cavabda bildirilir ki, cinayət faktı ilə əlaqədar həyata keçirilmiş çoxsaylı əməliyyat-istintaq hərəkətləri, eləcə də qətldə təqsirli bilinən Gürcüstan Respublikası vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevin barələrində beynəlxalq  axtarış elan edilmişdir. İstintaq-əməliyyat tədbirlərinin davam etdirilməsi barədə məlumat verilsə də, sifarişçilərin kimliyi ilə bağlı heç bir cümlə də işlədilmir” – deyən E.Hüseynov əlavə etdi ki, Elmar Hüseynovun qətlinin sifarişçisinin Azərbaycan hökuməti olmasına 99 faiz inanır. “Əgər 5 il əvvəl 90 faiz inanırdımsa, indi 99 faiz inanıram ki, hökumətin ən yüksək çinli məmurlarının, hətta dövlət başçısının da bu qətlin arxasında durması istisna olunmur. 1 faizi də təqsirsizlik prezumpsiyası olaraq nəzərə alırıq. Əgər təqsirli deyillərsə, buyurub sübut etsinlər. Dəfələrlə Elmar Hüseynova heykəl qoyulması üçün müxtəlif qurumlara, o cümlədən prezidentə etdiyimiz müraciətlər nəticəsiz qalıb. Bu isə Azərbaycan iqtidarının Elmar Hüseynova olan nifrətindən yaranır” – deyə Emin Hüseynov qeyd etdi.

Xatırladaq ki,  2005-ci ilin mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,440/lang,az/

Video: www.irfs.az



MTN RATİ-NİN SORĞUSUNA CAVAB VERİB

Milli Təhlükəsizlik Nazirliyi (MTN) Elmar Hüseynovun qətlinin istintaqı üzrə hansı addımların atılması və son nəticələrlə bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik  İnstitutunun  ünvanladığı sorğuya cavab verib. Cavab məktubunda bildirilir:

“Sizin 19 fevral 2010-cu il tarixli S-100 saylı sorğunuza Azərbaycan Respublikası MTN-in İstintaq Baş İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki,  eyni məzmunlu 20 fevral 2008-ci il tarixli Müraciətinizə, “Monitor” jurnalının baş redaktoru Hüseynov Elmar Sabir oğlunun qətlə  yetirilməsi faktı ilə   bağlı həyata keçirilmiş çoxsaylı əməliyyat-istintaq hərəkətləri, eləcə də Gürcüstan Respublikası vətəndaşları Xubanov Tahir Bayram oğlu və Əliyev Teymuraz Adil oğlunun təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində həbs qətimkan tədbiri seçilməsi, barələrində beynəlxalq  axtarış elan edilməsi haqqında 05 mart 2008-ci il tarixdə Sizə müvafiq cavab verilmişdir.  

Təqsirləndirilən şəxslər Tahir Xubanovun və Teymuraz Əliyevin tutularaq istintaqa təqdim edilməsi və Elmar Hüseynovun qətlə yetirilməsinə aidiyyəti ola biləcək digər şəxslərin tam dairəsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir” - MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin imzaladığı məktubda bildirilir.

Xatırladaq ki,  2005-ci ilin mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.
JURNALİSTLƏRİN MÜDAFİƏ KOMİTƏSİ BƏYANAT YAYIB

Dünən (01 mart) Jurnalistləri Müdafiə Komitəsi 2009-cu il JMK Beynəlxalq Mətbuat azadlığı Mükafatı laureatı, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə qarşı yeni açılmış narkotik ittihamına görə təcridxanada saxlanma müddətinin 2 ay uzadılması ilə bağlı Azərbaycan mətbuatının verdiyi məlumatlara cavab olaraq bəyanat yayıb.

"Yeganə cinayəti cəsarətli jurnalistika olan həmkarımız Eynulla Fətullayevin davam edən həbsi bizi çox məyus edir" - deyə JMK-nın Avropa və Mərkəzi Asiya üzrə Proqram Kordinatoru Nina Ognianova bildirib. "Azərbaycan ictimaiyyətinin Fətullayevin yazılarından məhrum olması böyük  itkidir və bu gün mərhum redaktor Elmar Hüseynovun üstü açılmamış qətlinin beşinci il dönümündə xüsusilə hiss olunan bir itkidir. Hüseynovun qətlə yetirilməsinin rəsmi istintaqında heç bir nəticə əldə olunmayıb və işini onun cinayətinin üstünün açılmasına həsr etmiş Fətullayev isə həbsxanada çürüyür. Biz Azərbaycan hökumətini onu dərhal azad etməyə səsləyirik" – deyə bəyanatda bildirilir.

Əlavə edək ki, 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

     Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.

     Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.


EYNULLA FƏTULLAYEV HƏYATININ TƏHLÜKƏDƏ OLMASI İLƏ BAĞLI MÜRACİƏT EDİB

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev Daxili İşlər Nazirliyi, Penitensiar Xidmət rəhbərliyinə, “Amnesty İnternational”, “Sərhədsiz Reportyorlar” təşkilatına və Jurnalistləri Müdafiə Komitəsinə müraciət ünvanlayıb. “Turan” İnformasiya agentliyinin yaydığı məlumata görə baş redaktor həyatı üçün yaranmış ciddi təhlükədən narahatlığını ifadə edib. Belə ki, E. Fətullayev “heroin əməliyyatı”nın hakimiyyətdə qərar tutmuş mütəşəkkil cinayətkar dəstənin ona qarşı hazırlanan sui-qəsd planının ilk mərhələsi olduğunu bildirib. O qeyd edib ki, cinayətkar dəstə bu işdə vaxtilə Rəna Nəsibovaya qarşı keçirilmiş qəsdin texnologiyasından yararlanmaq niyyətindədir: “Hacı Məmmədovun cinayətkar dəstəsinin cinayətlərinin araşdırılması ilə məşğul olan Rəna Nəsibovanın zorakılıqla boğulması faktını inkar edərək, onun guya qəbul etdiyi narkotik maddələrinin təsirindən zəhərləndiyi iddia edilirdi”. E. Fətullayev guya çox təhlükəli narkotik maddələrdən istifadə etməsi ilə bağlı verilən açıqlama ilə sonrakı addım üçün zəmin hazırlandığını vurğulayıb.

E. Fətullayev Bakı İstintaq təcridxanasında başqa dustaqlardan fərqli olaraq təhlükəsizliyimin yüksək səviyyədə təmin edilməsinin də real təhlükədən xəbər verdiyini bildirib. Saxlandığı kameramın qarşısına bir zabitdən savayı heç kəsin buraxılmadığını, nəzarətçilərə kameraya yaxınlaşmağın yasaq olunduğunu qeyd edən baş redaktor "heroin əməliyyatı”nın davamı olaraq növbəti təxribatın gözlənildiyini bildirib.

Əlavə edək ki, 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1(Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.

Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.


ELMAR HÜSEYNOVUN HƏYAT YOLDAŞI AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİB
“Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun Norveçdə yaşayan həyat yoldaşı Rüşaniyyə Hüseynova E. Hüseynovun qətlinin üstünün açılmaması ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. “Turan” İnformasiya Agentliyinə müsahibəsində R.Hüseynova bildirib ki, bu müraciətin hazırlanmasında ona Norveç Helsinki Komitəsi yardım edib. R. Hüseynovanın bildirdiyinə görə E. Hüseynovun qətlindən 5 il keçməsinə baxmayaraq cinayətin üstü hələ də bağlı olaraq qalır və bununla bağlı ictimaiyyət məlumatlandırılmır. Məhkəməyə müraciət etməyin səbəbini də bununla izah edən R. Hüseynova, məhkəmədən Avropa İnsan Haqları Konvensiyasının 2-ci (həyat hüququ), 10-cu (ifadə və fikir azadlığı) və 13-cü (səmərəli məhkəmə müdafiəsi) maddələrinin pozulduğunun təsdiq edilməsini xahiş etdiyini deyib.

Xatırladaq ki,  2005-ci ilin mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.



AİLƏ ÜZVLƏRİ QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜBLƏR

Ailə üzvləri dünən (1 mart) Penitensiar Xidmətin Müalicə Müəssisəsində “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidlə görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun həyat yoldaşı A.Mürsəliyeva məlumat verib. Onun sözlərinə görə, baş redaktor saxlanma şəraitindən heç bir şikayəti olmadığını desə də, səhhətindəki problemlərin hələ də qaldığını bildirib.

Xatırladaq ki, Qənimət Zahid ( Zahidov) CM- nin 127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.

“Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.




MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az
Yüklə 40,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin