Press-reliZ 23 sentyabr 2009-cu IL Bakı, Azərbaycan



Yüklə 41,93 Kb.
tarix25.10.2017
ölçüsü41,93 Kb.
#12337

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
23 sentyabr 2009-cu il

Bakı, Azərbaycan


  • RATİ-NİN NAXÇIVANDAKI BÖLGƏ MÜXBİRİ VƏ AİLƏSİ ÖLÜMLƏ HƏDƏLƏNİR

  • QƏNİMƏT ZAHİDƏ ŞƏR ATAN QADIN HƏBS OLUNDU

  • RATİ SƏDRİ VƏ ƏMƏKDAŞININ İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

  • BAŞ REDAKTORA HƏDƏ-QORXU GƏLİNİB

  • EYNULLA FƏTULLAYEV FRANSA PREZİDENTİNƏ MƏKTUB ÜNVANLAYIB

  • İDEAL” QƏZETİNİN TƏSİSÇİSİ ƏDLİYYƏ NAZİRLİYİNİN XƏSTƏXANASINA YERLƏŞDİRİLİB

  • HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

  • RUHİ XƏSTƏLİKLƏR DİSPANSERİNƏ YATIRILAN SAHİBKAR IN HƏYATI TƏHLÜKƏDƏDİR

  • SƏYYARƏ HEYDƏROVANIN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ


RATİ-NİN NAXÇIVANDAKI BÖLGƏ MÜXBİRİ VƏ AİLƏSİ ÖLÜMLƏ HƏDƏLƏNİR
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Naxçıvandakı bölgə müxbiri Elman Abbasovun ev telefonuna naməlum şəxs zəng edərək jurnalisti ölümlə hədələyir, onu və ailəsini nalayiq ifadələrlə təhqir edir. Bu barədə RATİ-yə E.Abbasovun özü məlumat verib: “Həmin adam qəribə dildə danışır. Bu ya fars, ya da kürd dillidir. Dünən Türkiyə kürdlərinin ləhcəsində danışırdı, bu gün isə İran azərbaycanlılarının ləhcəsində. O, sentyabrın 21-də saat 16.15–də, sentyabrın 22-də isə saat 15.10 və 15.30-da ardıcıl olaraq zəng edib, məni və ailəmi hədələyir, nalayiq söyüşlər söyür”.

Jurnalistin sözlərinə görə, bu hal birinci dəfə deyil. Bu zamana qədər də ona hüquq müdafiəçisi və jurnalistika fəaliyyəti ilə əlaqədar bu səpkidə təhdid zəngləri olub. Bu haqda dəfələrlə hüquq mühafizə orqanlarına yazılı şəkildə müraciət etsə də heç bir nəticəsi olmayıb. Belə ki, E. Abbasov bu gün (22.09.09) baş verənlər barədə Naxçıvan şəhər Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib və həmin şəxsin tapılaraq cəzalandırılmasını xahiş edib.

Xatırladaq ki, 2007-ci ilin mart ayının 6-da E. Abbasovun mobil telefonuna gizli nömrədən zəng olunaraq, rus dilində danışan şəxs onun başını kəsəcəyi ilə hədələyib, onun ünvanına nalayiq söyüşlər söyüb. 30 yanvar 2009-cu il tarixdə E. Abbasovun mobil telefonuna zəng edərək özünü Sədərək rayon sakini Malik Əliyev kimi təqdim edən şəxs RATİ-nin Naxçıvandakı bölgə müxbirləri E. Abbasovu, H. Mehdiyevi, “Azadlıq” radiosu və “Turan” İA-nin müxbiri Məlahət Nəsibovanı ölümlə hədələmişdi. Hər iki hadisə zamanı rəsmi qaydada MR Daxili İşlər Nazirliyinə, MR Prokurorluğuna, MR Milli Təhlükəsizlik Nazirliyinə müraciət olunsa da, heç bir tədbir görülməyib.
QƏNİMƏT ZAHİDƏ ŞƏR ATAN QADIN HƏBS OLUNDU
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi (Zahidov) şərləyərək, onun həbs olunmasına səbəb olan Sevgiladə Quliyeva həbs edilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Q.Zahidin vəkili Elçin Sadıqov məlumat verib. Onun bildirdiyinə görə sentyabrın 20-də Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşları Ağdam rayonun sakini, 1975-ci il təvəllüd Sevgiladə Quliyevanı həbs edərkən onun üzərindən narkotik maddə olan heroin çıxıb. Bundan başqa, S.Quliyeva xəstəxanaların birində vətəndaşın əl çantasından qızıl və zinət əşyalarını oğurlamaqda təqsirləndirilir.

Məsələni dəqiqləşdirmək üçün Xətai Rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa cəhd göstərsək də, telefonlarımıza cavab verən olmadı.

DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov “Azadlıq” radiosuna bildirib ki, hazırda Xətai RPİ-nin istintaq şöbəsində qadının əməlləri ilə bağlı cinayət işi başlayıb.

Qeyd edək ki, Yasamal rayon məhkəməsi Qənimət Zahidin həbs olunmasında bu qadının ifadəsini əsas sübut saymışdı. Belə ki, Qənimət Zahidin cinayət işi ilə bağlı istintaq materiallarında və məhkəmədəki ifadələrində Sevgiladə Quliyeva bildirirdi ki, 2007-ci ildə “Azərbaycan” nəşriyyatının qarşısında Qənimət Zahid ona sataşıb. Bundan sonra tanışı Vüsal Həsənovla baş redaktor arasında mübahisə yaranıb və onun iddiasına görə, Qənimət Zahid Vüsal Həsənovu döyüb. Ancaq həm Qənimət Zahid, həm də onun vəkilləri də bu işin qurama olduğunu, Sevgiladə Quliyevanın həmin vaxt oğurluğa görə axtarışda olduğunu, baş redaktorun həbs olunması üçün istifadə edildiyini deyirdilər. Ancaq məhkəmə vəkillərin vəsatətinə əhəmiyyət verməmişdi.

Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqov RATİ-yə onu da bildirib ki, Sevgiladə Quliyevanın həbs olunması bu işin qurama olduğunu bir daha sübut edir və bu səbəbdən də, müdafiə tərəfi Ali Məhkəməyə müraciət edərək, cinayət işinin yenidən araşdırılmasını tələb edəcək.
RATİ SƏDRİ VƏ ƏMƏKDAŞININ İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB
Bu gün (23 sentyabr) Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun və birliyin əməkdaşı Rəsul Cəfərovun Bakı Dövlət Universitetinə (BDU) qarşı qaldırdıqları iddiaya əsasən məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçı tərəfi R.Cəfərov, cavabdeh qismində isə BDU-nin nümayəndəsi Tofiq Sadıqov iştirak edirdilər.


R. Cəfərovun apellyasiya komissiyası üzvlərinin və şikayət ərizəsi ilə Apellyasiya Komissiyasına müraciət etmiş digər şəxslərin məhkəmədə iştirak etməsi ilə bağlı vəsatəti hakim tərəfindən qismən təmin edildi. Belə ki, hakim növbəti proses zamanı yalnız komissiya üzvləri Məhəmməd İmanlı və Elşən Nəsirov ifadə vermələri üçün məhkəməyə çağırılmaları haqqında qərara gəldi.

R. Cəfərov çıxışı zamanı bildirdi ki, imtahan və apellyasiya şikayəti zamanı bir sıra qanunsuzluqlara yol verilib: “İmtahan zamanı kodlaşdırmanın aparılmaması və apellyasiya şikayətimizə əsasən araşdırma aparılarkən öz iradlarımızı qeyd etməyə imkan verilməməsi imatahanın şəffaf keçirilməsini şübhə altına alır”.

BDU-nun nümayəndəsi Tofiq Sadıqov isə R. Cəfərovun qeyd etdiklərinin əsassız olduğunu bildirərək iddianın təmin olunmamasını xahiş etdi.

Hakim növbəti məhkəmə prosesini 6 oktyabr 14:30-a təyin etdi.

Xatırladaq ki, E.Hüseynov və R.Cəfərov 08 iyul  2009-cu ildə hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsil almaq üçün BDU-da keçirilən daxili test imtahanında iştirak etmiş və həm test, həm də iyulun 10-da keçirilən Apellyasiya Komissiyasının iclası zamanı üzləşdikləri qanunsuzluqlarla əlaqədar birgə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
BAŞ REDAKTORA HƏDƏ-QORXU GƏLİNİB
Bu gün (23 sentyabr) “Korrupsiya və Cəmiyyət ” jurnalının baş redaktoru Məmməd Əhmədoğlu telefonla təhdid olunub. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən M.Əhmədoğlunun sözlərinə görə zəng edən Şəki şəhər sakini Məmmədov Kazım Adışirin oğlu olub. “Mən həmin şəxsin Şəki Şəhəri İcra Hakimiyyətində şöbə müdiri işləyən oğlu - Məmmədov Raminin həqiqi hərbi xidmətdə olmamasının səbəbi ilə bağlı Respublika Hərbi Komissarlığına sorğu göndərmişəm. K.Məmmədov da bundan xəbər tutub və mənə zəng edərək, ailəmi izləyəcəyini bildirdi” – deyən Məmməd Əhmədoğlu bildirdi ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək. O vurğuladı ki, özü və ya ailəsi ilə bağlı hər hansı xoşagəlməz hadisə baş verərsə, məsuliyyəti hədələyən şəxs daşımalıdır.

Deyilənlərə münasibətini öyrənmək üçün baş redaktora zəng edən telefon nömrəsinə dəfələrlə zəng etsək də, zənglərimizə cavab verilmədi.


EYNULLA FƏTULLAYEV FRANSA PREZİDENTİNƏ MƏKTUB ÜNVANLAYIB
“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev Fransa prezidenti Nikola Sarkoziyə məktub ünvanlayıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) dünən (22 sentyabr) saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsində baş redaktorla görüşən atası Emin Fətullayev məlumat verib. Onun sözlərinə görə, jurnalistin səhhətindən və saxlanma şəraitindən şikayəti yoxdur.

“Eynulla məktubunda Azərbaycandakı söz azadlığı sahəsində yaranan məhdudiyyətləri və jurnalistlərin əsassız həbs olunmasını Fransa prezidentinin diqqətinə çatdıraraq, bu məsələyə laqeyd qalmamasını ondan xahiş edib. ” – deyə Emin Fətullayev bildirdi.

Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq, 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

İDEAL” QƏZETİNİN TƏSİSÇİSİ ƏDLİYYƏ NAZİRLİYİNİN XƏSTƏXANASINA YERLƏŞDİRİLİB


“İdeal” qəzetinin təsisçisi Nazim Quliyevə qarşı irəli sürülmüş ittihamlar üzrə sentyabrın 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb. Buna səbəb N.Quliyevin səhhətindəki problemlərlə əlaqədar Ədliyyə Nazirliyinin Mərkəzi xəstəxanasına yerləşdirilməsidir. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini Murad Süleymanov məlumat verib. Onun sözlərinə görə, azadlıqda olarkən N.Quliyev kəllə-beyin travması keçirdiyi üçün hazırda baş ağrılarından əziyyət çəkir. Bu səbəbdən də baş redaktorun saxlanıldığı Bakı İstintaq təcridxanasının tibb sanitar hissəsinin rəisi onun Baş Tibb İdarəsinin Nevrologiya şöbəsində müayinədən keçməsini məsləhət görüblər. Murad Süleymanov onu da qeyd edib ki, Nazim Quliyevin hal hazırkı vəziyyəti yaxşıdır və o Nevrologiya şöbəsinin mütəxəssisləri tərəfindən müayinə olunur.

“Azadlıq” radiosunun məlumatına görə, bu gün (23 sentyabr) Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə “İdeal” qəzetinin təsisçisi Nazim Quliyevin işi üzrə məhkəmə hazırlıq iclası keçirilib və məhkəmə baxışı sentyabrın 28-nə təyin olunub.

Qeyd edək ki, “İdeal” qəzetinin təsisçisinə qarşı Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, “İdeal” qəzetinin təsisçisi N.Quliyev “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın iddiasına əsasən CM-nin 148-ci maddələri ilə təqsirli bilinərək, 20 may 2009-cu ildə 6 ay müddətinə azadlıqdan məhrum edilib.  


HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Sentyabrın 21-də Ayəndə Mürsəliyeva  17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) A.Mürsəliyevanın  özü məlumat verib. O, baş redaktorun saxlanma şəraitinin normal olduğunu, lakin ağrılardan şikayətləndiyini bildirdi.

A.Mürsəliyevanın sözlərinə görə, Q. Zahid cəzasının qalan hissəsinin daha yüngül cəza ilə əvəz olunması ilə bağlı məhkəməyə müraciətinin rədd olunmasına münasibət bildirərək, məhkəmənin bu qərarını gözlədiyini və buna heç də təəccüb etmədiyini bildirib.

Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il 6 ay, CM-in 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumiyyətlə, 4 il müddətinə azadlıqdan məhrum edilib.



RUHİ XƏSTƏLİKLƏR DİSPANSERİNƏ YATIRILAN SAHİBKARIN HƏYATI TƏHLÜKƏDƏDİR
Sentyabrın 11-dən polis tərəfindən Ruhi Xəstəliklər Dispanserinə yerləşdirilən Naxçıvan şəhər sakini, 55 yaşlı kiçik sahibkar Məhəmməd Qurbanova 19 sentyabr 2009-cu il tarixdə dispanserdə şübhəli “iynə“ vurulub. Bu məlumatı RATİ-nin Naxçıvandakı bölgə müxbirinə sahibkarın həyat yoldaşı Fəridə İsmayılova verib.

“Adını çəkmək istəmədiyim şəxsin dediyinə görə 19 sentyabr tarixdə Muxtar Respublika Daxili İşlər Nazirliyinin Qulu adlı əməkdaşı dispanserə gedib. Həkimlə, sonra isə həyat yoldaşımla danışıb. Bundan sonra ona hansısa iynə vurulub. İynədən sonra onun vəziyyətinin xarablaşdığını görən həkimin məsləhəti ilə ona ikinci dəfə iynə vurulub və o, özünə gəlib. Biz iynə vuraraq onun səhhətində problem yaradacaqlarından qorxuruq. Özü ilə hələ də görüşə bilməmişik. Sentyabrın 21-də dispanserin pəncərəsindən qışqıraraq ona iynə vurulduğunu bizə deyə bildi”, - deyə F.İsmayılova vurğulayıb.

Xatırladaq ki, Naxçıvan şəhər sakini, kiçik sahibkar, 55 yaşlı 2-ci qrup əlil Məhəmməd Qurbanov Sədərək gömrük-keçid  məntəqəsindəki rüşvətxorluq halları, məntəqənin işindəki nöqsanlar barədə mətbuata açıqlama verməsi və bununla bağlı yuxarı instansiyalara, dövlət qurumlarına şikayət etdiyinə görə 11 sentyabr 2009-cu il tarixdə Muxtar Respublika Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan şəhərində yerləşən Ruhi Xəstəliklər Dispanserinə yatırılıb.

SƏYYARƏ HEYDƏROVANIN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ
Bu gün (23 sentyabr) Ali Məhkəmədə hakim Nəriman Hüseynovun sədrliyi ilə vətəndaş Səyyarə Heydərovanın Bakı Apelyasiya Məhkəməsinin 22 may 2009-cu il tarixli qərarından verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə təqsirləndirilən şəxs qismində S.Heydərova, zərərçəkmiş şəxs qismində Alim Babayevin nümayəndəsi Zəngi Nurəliyev və dövlət ittihamçısı Rail İsmayılov iştirak edirdilər.

Vətəndaş S.Heydərova işin yenidən apelyasiya məhkəməsinə göndərilməsini xahiş etdi.

İttihamçı tərəfin nümayəndəsi Z.Nurəliyev şikayətin rədd olunmasını məhkəmədən xahiş etdi.

Hakim N. Hüseynov Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış qərarını qüvvədə saxlayaraq, təmin edilmədən saxlanılması barədə qərar verdi.

Xatırladaq ki, Suraxanı rayon Məhkəməsi vətəndaş Səyyarə Heydərovanı 4 nəfər kişini döyməkdə təqsirli bilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 221.1 maddəsinə əsasən (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) ona bir il sınaq müddəti ilə 2 il 7 ay 15 gün şərti cəza verilməsi barədə hökm çıxarıb. Bakı Apellyasiya məhkəməsi hökmü qüvvədə saxladığı üçün S.Heydərova kassasiya şikayəti vermişdi.


MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az
Yüklə 41,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin