Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə1/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
  1   2   3   4   5   6   7   8   9   ...   228

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

______________________________________________






QARABAĞ:
FOLKLOR DA BİR TARİXDİR


VI KİTAB
(Cəbrayıl, Kəlbəcər və Tərtər rayonlarından toplanmış

folklor örnəkləri)

BAKI – 2013

Qarabağ folklorunun toplanması,



sistem­ləşdirilməsi və araşdırılması” adlı layihə

əsasında çap olunur.

LAYİHƏNİN RƏHBƏRİ: fil.ü.e.d. Muxtar KAZIMOĞLU

(İMANOV)
TOPLAYIB,

TƏRTİB EDƏN: fil.ü.f.d. Ləman VAQİFQIZI

(SÜLEYMANOVA)

REDAKTOR: fil.ü.f.d. İlkin RÜSTƏMZADƏ

NƏŞRİNƏ MƏSUL: fil.ü.f.d. Əziz ƏLƏKBƏRLİ


Qarabağ: folklor da bir tarixdir, VI kitab (Cəbrayıl, Kəlbəcər və Tərtər rayonlarından toplanmış folklor örnəkləri). Bakı, “Zərdabi LTD” MMC, 2013.
folklorinstitutu.com
İSBN – 9-789952-810851
Q 4603000000 Qrifli nəşr

N-098-2013

© Folklor İnstitutu, 2013

TƏRTİBÇİDƏN
Biz Qarabağ folklorunun toplanmasına hələ “Şəki folklor mü­hiti” adlı dissertasiyamızı yazarkən başlamışdıq. O zaman Şəkidə məs­­kunlaşmış qarabağlılardan da xeyli material toplayaraq araşdır­maya cəlb etmişdik. Sonralar, daha dəqiq desək, 2008-ci ildə bir tə­sadüf nəticəsində, Bakının Yeni Yasamal rayonunda məskun­laşan Cəb­rayıl rayon sakinləri ilə görüşdük, Hacı Qaraman oca­ğının nü­ma­yəndələrindən və ziyarətçilərdən iki kaset folklor materialı top­laya bildik.

2012-ci ilin yayında Tərtər rayonuna, həmin ilin payızında isə Şamaxı rayonuna folklor ezamiyyələri zamanı da Tərtər və Kəl­bə­cər folkloruna aid xeyli material qeydə ala bildik. 2013-cü ildə Bi­ləsuvar rayonunun Cəbrayıl qəsəbələrinə növbəti ezamiy­yəmiz də uğurlu alındı. Biləsuvar rayonunda Cəbrayıl sakinlərinin məs­kun­laşdığı 11 qəsəbə var. Bu qəsəbələr bir-birinə yaxın ərazi­lər­də yer­ləş­diyi üçün toplama aparmaq daha asan oldu. Topladı­ğımız ma­te­riallar bizdə Qarabağ folkloru haqqında müəyyən təsəv­vür ya­ratdı.

Aldığımız təəssürata əsasən əvvəlcə Qarabağ folklor söyləyi­ciləri haq­qın­da bir neçə söz demək istəyirik. Azərbaycanın digər böl­gələ­rində olduğu kimi, Qarabağ camaatı da olduqca istiqanlı, qonaqpər­vərdir. Hansı qapıya getdiksə, ev sahiblərini gülərüz, xoş­sifət gör­dük. Qarabağlı söyləyicilərimiz bəzi bölgələrimizdən olan folklor söyləyiciləri ilə müqayisədə daha komplekssiz, daha sərbəst danışır­dılar. Bütün bunlarla yanaşı, bəzən gəlişimizin məq­sə­dini yanlış anlayan, danışıqlarının televiziya və yaxud da radioya da ve­riləcəyindən ehtiyat edərək informasiya verməkdən çəkinən söylə­yicilərlə də qarşı­laş­dıq. Hətta əvvəl bizi polislə hədələ­yən, gəlişimi­zin məqsədini anlayandan sonra bizə xeyli informasiya verən söy­lə­yicilərə də təsadüf etdik. Elə söyləyicilər də olurdu ki, söylədikləri mətnlərin kitabda öz adlarından deyil, başqa­la­rının adından get­mə­sini istəyirdilər. Bunun da müxtəlif səbəbləri var idi. Ya mətndə işlətdikləri və özlərinin qeyri-etik saydıqları ifadələr və ya şəxsi hə­yatlarından gətirdikləri misallar (bu, daha çox etnoqrafik mətnlərdə olurdu), danışdıqları mətnlərdən kimlərinsə xəbər tuta­ca­ğı qorxusu və s. onları buna vadar edirdi. Toplunun əvvəlki cildlə­rin­də də vur­ğulanan “söyləyici ilə bir neçə saatlıq, qaçaraq ünsiyyət onun bütün poten­sialını üzə çıxarmağa imkan vermir” fikrini burada xatırlat­maq istərdik. Söyləyici birdən-birə qarşısın­da yad adam görəndə çaşır, üstəlik danışdıqlarının yazılmasını biləndə bir az da həyəcan­lanır, nitqi dolaşır, daha quru və rəsmi danışmağa başlayır və s. Bu da istər-istəməz ona bildiyi mətnləri xatırlamağa mane olur. Belə söyləyicilərlə bir-iki saat deyil, bəzən günlərlə söhbət aparmaq lazım gəlir. Bununla demək istəyirik ki, toplama işi bir neçə saatın, bir neçə günün deyil, günlərin, ayların məhsulu olduğu zaman daha uğurlu nəticələr əldə etmək mümkün olur. Fikri­mizi daha aydın izah etmək üçün Şamaxı rayonunun Çuxur­yurd qəsəbəsində (bu qə­səbədə Kəlbəcər rayonundan didər­gin düşmüş həmvətənlərimiz məs­kunlaşıblar) Kəlbəcər rayonunun Əsrik kənd sakini, 1927-ci il təvəllüdlü Üreyqa Qaraş qızı Verdiyeva (Roza nənə) ilə söhbətimizi olduğu kimi veririk: “Bir yol yığılmışdıx dedığım bu qarının yanı­na. Belə 10-12 qızdı, gəlindi. Alax çəhmağa getmişdıx. Hamı yığıl­mışıx bi boş otağa. Qarı düşdü ortalığa:

Yeri, yeri, dam üsdə yeri,

Qızıl cam üsdə yeri.

Əyaxların ağrısa,

Çıx sinəm üsdə yeri.

Bizdən bir gülüş qopdu. Qarıdan nə sözdər çıxır. Biri də çıxdı birin oxudu:

Mən belə dosdu neynirəm?

Dost mənnən küsdü, neynirəm?

Özü xayın, qəlbi pisdi,

Mən belə dosdu neynirəm?”

Söyləyici yuxarıdakı bayatıları deyərkən qəfildən coşdu, əllə­rini sinəsi bərabərinə qaldırıb çırtıq çala-çala, avazla oxumağa baş­ladı. Onun bu hərəkəti o qədər qəfil alındı ki, biz video-aparatı hazırlamağa belə macal tapmadıq. Xatırladaq ki, biz həmin qadınla beş gün ünsiyyətdə olmuşuq. Ən qəribəsi bu idi ki, söyləyici qadın əvvəlki üç gün ərzində çox utanmış, yalnız bizə isinişdikdən sonra danışmağa başlamışdı. Onu da xatırladaq ki, söyləyici ailə üzvləri­nin yanında danışmaq istəməmiş, ikimiz tək qaldığımız vaxt sual­lara cavab vermişdi. Ailə üzvlərinin yanında danışmağa utanan, tək­bə­tək qaldıqda isə xeyli mətn danışan söyləyicilərlə başqa böl­gələrimizdə də qarşılaş­mışıq. Biz iki gün ərzində Üreyqa Qaraş qızı Verdiyevadan 121 bayatı, bir tapmaca, bir oxşama, xeyli sayda aşıq şeiri, dastanlardan parçalar və bir neçə rəvayət mətni qeydə ala bil­dik. Üreyqa (Roza) nənə sonda söhbətimizdən razı qaldığını “Dolu ürəhlər boşaldı, a qızım, çox sağ ol”, – deyə bildirdi.

Folklor söyləyicisi ilə bir neçə gün ünsiyyətdə olmaq söyləyi­ciyə bildiyi mətnləri daha yaxşı xatırlamağa imkan verir. Söyləyici günlərlə mətn söyləməyə köklənir, hətta toplayıcı yanında olma­yan­da belə ona danışacağı mətnləri düşünür. Bəzən elə olur ki, ya­nına bir gündə ikinci dəfə qayıtdığımız söyləyici bütün günü fikir­ləşdiyini, danışdıqlarından başqa mətnləri də xatırladığını bizə sevi­nə-sevinə deyir, hətta əlində tutduğu kiçik kağız parçalarını gös­tərərək mətnlərdən nə isə, məsələn, bayatıların birinci misralarını, hansısa folklor obrazının adını və s. qeyd etdiyini bildirirdi. Hərdən də elə olurdu ki, ailə üzvləri söyləyiciyə mətnləri xatırlamağa kömək edir, “Ay nənə, bizə danışdığın filan nağılı niyə danışmırsan bəs?”, – deyə onu həvəsləndirirlər. Qarabağ folklor örnəklərini toplayarkən elə söyləyicilərlə də qarşılaşdıq ki, onlar özlərindən sonra sözləri xatirə qalsın deyə bildikləri mətnləri evdəkilərə yazdırmış, biz get­diyimiz zaman həmin dəftərləri göstərib: “Ay bala, dedim, ölüm-itim dünyasıdı, qoy yazdırım, mənnən də nəsə qalsın, dayna”, – de­yərək yazdırdıqları vərəqləri, bəzən də dəftərləri bizə göstərir­dilər. “Ay bala, nə yaxşı gəlib çıxdın, səni mana Allah göndərip. Elə dünən oturub gileylənmişdim ki, bir bu qədər şeyi özümnən qəbrə aparacam, bir yazan da yoxdu”, – deyə gəlişimizdən məm­nun­lu­ğunu gizlətməyən söyləyicilərlə də qarşılaşırdıq. Qeyd edək ki, yazdırılan mətnlər arasında bayatılar üstünlük təşkil edirdi. Qəribə burası idi ki, bəzən söyləyicilər bir neçə il, hətta bir neçə ay bundan qabaq öz dillərindən yazıya alınmış mətnləri bizə söylə­məkdə çə­tin­lik çəkir, “Ay bala, huşum gedib ey”, “təzyiq, şəkər məndə ağıl qoyub ki” kimi cümlələr işlədirdilər. Amma evdəkilərin yazılmış mətnin birinci cümləsini oxumaları kifayət edirdi ki, söyləyici mət­nin qalanını desin. Söyləyicilərdən mətn yazılmış vərəqləri, dəftər­ləri istədiyimiz zaman tərəddüd edir, bəzən də üzünü köçürüb qay­tarmaq şərti ilə verə biləcəklərini deyir, hətta bunun üçün bizə vaxt da qoyurdular.

Mətnlər söylənərkən üzümüzdə məmnun ifadəni görən bəzi söyləyicilər: “Xoşuna gəlir, yoxsa yalannan belə eliyirsən? Eyy, hələ sən ağlaşmada durasan gennən, üzünü tutasan mana. Görərdin xalan nə füğan eliyir”, – deyərək daha da həvəslə danışırdılar.

Söyləyicilərə gəlişimizin məqsədini izah edərkən bəzən “Şirin danışım, yoxsa Vətənin dağılmasından?”, – deyə sual verir­dilər. De­mək olar ki, rastlaşdığımız əksər söyləyicilər “şirin danış­maq­la” yana­şı, torpaqlarımızın işğalından da danışırdılar. Hansı janrda nümunə danışmaqlarından asılı olmayaraq, orada hökmən qaçqı­n­lığa, yurd həsrətinə aid detallar olurdu. Danışılan nümunə­lərdə həm də ayrıca müharibə xatirələri vardır ki, bunların bir qismini kitaba daxil etmişik.

Bəzən ətrafdakıların “çox şey bilir” deyə nişan verdikləri söyləyicilər “Yox, ay bala, oğullarımın icazəsin almamış mən danı­şa bilmərəm”, “Axı mənim uşaxlarım da yazandılar, jurnalis­dilər. Saa danışınca onnara danışaram ki, onnarın adınnan çap olun­sun da”, – deyib folklor mətni danışmaqdan imtina edirdilər.

Qarabağda bayatı janrının aktivliyini nəzərə alaraq, həmin janrla bağlı bəzi qənaətlərimizi paylaşmağı məqsədəuyğun sayırıq. Söyləyicilər bayatılara Qarabağa aid toponimləri əlavə etməklə on­ları bir növ “özününküləşdirirdilər”. Onların bayatılara əlavə etdiyi söz və ifadələri mətndə olduğu kimi saxlamaq qərarına gəldik. Onu da qeyd edək ki, söyləyicilər bizim xahişimizdən sonra (bəzən heç soruş­madan da!) bayatıların söylənmə auditoriyaları barədə də mə­lumat verirdilər. Nəzərə alaq ki, vaxtilə Azərbaycan bayatı­la­rının söylənildiyi kontekst haqqında məlumat verilmədiyi üçün bayatı­la­rımız, sadəcə, harada və nə üçün söylən­diyi məlum olma­yan dörd misralı şeir parçalarına çevrilmişdir. Bu da müasir dövrdə istər-istəməz bayatının funksi­ya­sını anla­maq­da çətinlik yaradır. Odur ki, söyləyici əlavələrini mətnin içəri­sində kursivlə verməyi məqsədə­uyğun saydıq. Bunlar bayatının formasını pozsa da, mətnin təbii­liyini, canlılığını qoruyub saxla­mağa xidmət edir:

Yeri, yeri, çisginim, yeri,

Dumanım, çisginim, yeri.

Yaxşı Soltannıda keçirdiyimiz günnərimiz getdi,

İndi yeri, pis günüm, yeri.
Aşıq, illər ayrısı,

Bülbül güllər ayrısı.



Ay Soltannıda qoyup gəldiyimiz qavırrar,

Bir günüüzə dözməzdim,

İndi oldum illər ayrısı.

Adətən, söyləyicinin mətnə əlavəsi özünü daha çox üçüncü misrada göstərir. Bu misra sərbəst misra olduğu üçün söyləyici əlavələrinə xüsusi imkan yaranır:

Mən aşığam, al mənnən,

Sarı mənnən, al mənnən.

Mən bu cana borşduyam, məni nahax yerə

gejihdirdin,

Gə bu canı al mənnən.


Arxalığın aldımışam,

Yaxalıx saldımışam.

Elə ellərimiz dağıldı, evlərimizdən oldux,

qaşqın düşdüh, adımıza qaşqın dedilər,

Onda ürəyimi aldımışam.

Bəzən söyləyici fikirlərini bu janrda ifadə etmək üçün qətiy­yən formaya, ölçüyə fikir vermir, bayatıya istədiyi qədər söz və ifadə artırır. Burada söyləyicinin bayatı mətnini pis bilməsindən söhbət gedə bilməz, sadəcə, məqsəd duyğuların ifadəsidir, ona görə də hərdən məşhur bayatılarımız belə formasını dəyişir. Məsələn, aşağıda nümunə kimi verdiyimiz məşhur bayatının müasir forma­sına baxaq. Qeyd edək ki, hər iki variant Cəbrayıl rayonundan olan söyləyicilərin dilindən qeydə alınıb:

Aman fələh, dad fələh,

Heç olma gəl şad, fələh.

Bizə verdığın zəhərdən,

Bir özün də dad, fələh.
Fələh, fələh, dad, fələh,

Hurrey, fələh, şad fələh,



Bizim bu cahılları qırdın,

bizə köşkünnüh, qaşqın­nıx qismət elədin,

Bizə pişirdiyin plovdan

Bircə sən də dad, fələh.

Bəzi hallarda söyləyici əlavələri bayatıda misraların sayının beşə, altıya çatmasına səbəb olur:



Qardaşı ölən qızdar bilir.

Göynən uçan üş qardaş.

Xançalı gümüş, qardaş.

Xeyrim-şərim olanda, ay qardaş,

Saçım sənə üzəngi,

Gəl qapımda düş, qardaş.

Qarabağdan toplanmış bayatıların kiçik bir qismi də cavab tələb edən bayatılardır. Müasir dövrdə belə bayatılara az rast gəl­məyimiz həmin nümunələrin dəyərini bir az da artırır. Hiss olunur ki, bu bayatılar hansısa mərasimdə (aşağıdakı misallarda yasda) söylən­miş, mərasim özü unudulmuş, orada söylənmiş fol­klor mətn­lərinin parçaları isə hələ də xalq arasında dolaş­maq­da­dır:

Əli bellilər, haray,

Şana tellilər, haray!



Balam ölüf, dəhnədən arxım üçüf,

Əli bellilər, haray!


Əli belli neynəsin,

Şana telli neynəsin?

Bir adam ki Allah-taaladan hebelə ola,

Ona əli belli neynəsin?

Və yaxud:

Ceyran, çölə bir də gəl!

Ördəh, gölə bir də gəl!

Nənən, dədən ağlamaxdan ölür, bala,

səni ant verrəm Allaha,

Bizim elə bir də gəl!
Sizin elə gəlmərəm,

Ceyran, çölə gəlmərəm,

Ördəh, gölə gəlmərəm!

Gəlmişəm qoşa dayılarımın yanına, gəlmişəm

xalamın yanına,

Ay nənə, tay sizin elə gəlmərəm!

Xatırladaq ki, biz bu bayatıları deyişmə formasında deyil, bir söyləyicinin ifasında qeydə alırdıq. Amma ehtimal etmək olar ki, bu bayatılar vaxtilə deyişmə formasında oxunmuşdur.

Bəzən söyləyicilər müasir dövrlə bağlı bayatılar da söylə­yir­dilər. Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovla bağlı de­yilən bayatılar bu fikrin sübutudur.

Kitaba salınmış bayatıların bir səciyyəvi cəhəti də müəyyən hissəsinin Hacı Qaraman ocağının nümayəndələrinin dilindən de­yil­məsidir. Bu halla Cəbrayıl rayonunun Sirik kəndindən olan söy­ləyicilərin repertuarında rastlaşdıq.

Qarabağlılardan xeyli layla da qeydə almışıq. Bunların bö­yük əksəriyyəti məlum layla mətnləridir. Söyləyicilər laylaları daha çox şeir kimi deməyə meyilli idilər. Hərdənbir bizim xahişi­miz­­dən sonra laylaları avazla oxuyurdular. Cəbrayılın Sirik kənd sakini, təxminən 80 yaşlı Ayna Xıdır qızı Əhmədovanın söylədiyi mətnlər isə dini zikrlərin layla formasında ifadəsi idi. Biz də həmin mətnləri “Dini şeirlər” bölməsində deyil, “Laylalar” bölməsində verdik.

Bəzən söyləyicilərdən nəvələrinə nağıl danışıb-danışmadığını soruşanda, “Eh, ay bala, indi nağıla qulağ asan var? Bütün günü otu­rullar telvizorun qavağında” – deyə gileylənirdilər. Buna bax­mayaraq, qarabağlılardan xeyli nağıl qeydə ala bildik.

Mifoloji mətnləri danışan bəzi söyləyicilər danışdıqları mətnə o qədər də inanmır, “hamsı əfsanə şeylərdi”, “əvvəllər oluf­du­sa da, indi elə şeylər yoxdu” kimi ifadələr işlədir, bəzən də “guya”, “guya da” kimi şübhə bildirən sözlərdən istifadə edirdilər. Ancaq bu, mütləq hal deyil. Söyləyicilərin əksəriyyəti danışdıq­larını baş ver­miş hadisələr kimi qəbul edir, onları məhz özlərinin, yaxınları­nın, qonşularının, kənddə və yaxud da qonşu kənddə kimlərinsə başına gələn hadisələr kimi qələmə verirdilər.

Digər bölgələrimizdə olduğu kimi, qarabağlı söyləyici­ləri­miz də alqışları həvəslə söyləyir, qarğış deməkdən isə çəkinirdilər. Çə­kinməyin səbəbi o idi ki, alqış və ya qarğış söyləməyi xahiş etdikdə onlar həmin sözlərin (alqış və qarğışların) bizə ünvanlana­cağını zənn edirdilər. Buna baxmayaraq, müəyyən qədər alqış və qarğış nü­munəsi qeydə ala bildik. Qarabağdan qeydə aldığımız alqış və qar­ğış­ların arasında “Kitabi-Dədə Qorqud”la səsləşən mətnlərin ol­duğunu da müşahidə etdik:

Axar sular həmməşə axsın.


Qoyun olanda deyirlər, dırnağı bərk olsun.

Mal olanda deyirlər, höörü qalın olsun.

Üzün ağ olsun,

Yediyin yağ olsun,

Mindiyin bir köhlən daylağ olsun,

Gəzdiyin yaylağ olsun!


Atının dalınca qulun səhməsin.

Yükün binə tutmasın.

Yükün kölgə salmasın.

Yükün yığılmasın və s.

Kitaba “Bazar sözləri” və “Xörək sözləri” adlı bölmələr də daxil etmişik ki, bunları ilk təcrübə saymaq olar. Bu tipli mətnlər xalq arasında geniş yayılsa da, nisbətən az toplanan materiallar qrupuna aiddir. Görünür, bu materialların az toplanması həmin mətnlərin ezamiyyələr zamanı qeydə almağın çətinliyi ilə bağlıdır. Çünki atalar sözlərində olduğu kimi, bu mətnləri də toplamaq digər mətnlərlə müqayisədə daha çox vaxt tələb edir. Digər bir tərəfdən bu janrlar hər kəs tərəfindən deyil, daha çox müəyyən peşə sahibləri tərəfindən söylənilir. Odur ki, bu nümunələri iş prosesində (məsələn, bazar sözlərini elə bazarda) qeydə almaq daha effektiv nəticə verir.

Qarabağlılardan xeyli tapmaca da topladıq. Bunların bir qismi də riyazi məsələ formasında qurulan tapmacalardır. Digər bölgə­lərimizdə olduğu kimi, bu ərazidə də elə tapmacalarla qarşılaşmaq mümkün idi ki, müxtəlif tapmacaların açması eyni əşyadır. Bəzən də eyni tapmacanı söyləyicilər müxtəlif cür cavablandırırdılar.

Qarabağ folklorunun ən maraqlı janrlarından biri də oyunlar­dır. Azərbaycanda mövcud olan əksər oyunlar, demək olar ki, Qa­ra­bağ bölgəsində də mövcuddur. Ancaq bəzən Qarabağda digər böl­gələrdə rastlaşmadığımız oyunlarla da qarşılaşırıq. Onlar­dan biri – “Cəhribəyim” oyunu üzərində dayanmaq istəyirik. “Cəhri­bə­yim” oyu­nunun adını Tərtər rayonunda eşitsək də, haqqında heç bir məlu­mat ala bilməmişdik. Cəbrayıl rayonu sakinlərdən isə bu oyun barə­də xeyli material toplaya bildik. “Cəhribəyim” oyunu bu rayonda XX əsrin təxminən 50-ci illərinədək aktiv şəkildə oyna­nılarmış. İndi isə “Cəhribəyim” yalnız bəzi söyləyicilərin hafizə­rində, o da sönük şəkildə yaşayır. Qeyd edək ki, “Cəhribəyim” oyunu ilə bağlı xatirə­ləri daha çox Cəbrayıl rayonunun Nüzgar, Sirik, Böyük Mərcanlı kənd­lərinin sakinlərindən toplamışıq. Bəzi söyləyicilər bu oyunun yalnız qadınlar tərəfindən oynanıldığını vurğuladılar, bəziləri isə uşaq­lar tərəfindən də ifa olunduğunu qeyd etdilər. Nüz­garlı söyləyi­cinin isə dediyinə görə, “Cəhribəyim” oyunu oynanı­lan yerlərə uşaqları və kişiləri buraxmazmışlar. Onların verdikləri məlumata görə, “Cəhri­bəyim”i oynayan qadınlar çöməlib oturmuş vəzi­yyətdə, gedə-gedə oxuyarmışlar. Ətrafda dayanıb sadəcə, oyuna tamaşa et­məklə kifayətlənənləri isə oyun iştirakçıları qucaqlarına alaraq kol­luğa, qanqallığa atarmışlar və bu, həmin adamlar tərəfindən heç də narazılıqla qarşılanmazmış. Sirik kəndindən olan söyləyicilər isə oyunun ayaqüstə, “didişmə” formasında oynanıldı­ğını deyirdilər. Bir qadın o tərəfdən, bir qadın isə bu tərəfdən oxuya-oxuya gə­lər­miş, bir-birinə yaxınlaşdıqda isə “didişər­mişlər”. Sözlərindən qalan parçalar da oyunun hərbə-zorba xarakterli olduğunu sübut edir:

Təknə-tabax Cəhribəyim,

Palazqulax Cəhribəyim...
Halay qurax, Cəhribəyim,

Güzgü-darax Cəhribəyim,

Gəlin quraq Cəhribəyim,

Hu, Cəhribəyim, hu, Cəhribəyim.

Qarı küsər, payın kəsər, Cəhribəyim ...

Təəssüf ki, rastlaşdığımız heç bir söyləyici orada oxunan mahıların tam mətnini söyləyə bilmədi. Onlardan bəziləri həmin mahnılarda “hu, hu” nidasının bol olduğunu xüsusi qeyd edirdilər.

Söyləyicilər hətta həmin oyunu oynayan qadınlardan ikisinin – Sirik kənd sakinləri Mirvari və Qara Balaxanımın adını xüsusi qeyd etdilər. Həmin qadınlar bu oyunun ən gözəl ifaçıları hesab olu­nur­muşlar. Cəhribəyim oyununun necə yaranması ilə bağlı bir mətn də qeydə aldıq. Həmin mətndən aydın olur ki, ilk dəfə nahaq şərə düşmüş bir qadın şərdən qurtardıqdan sonra sevindiyindən yer­də çöməltmə oturaraq hoppana-hoppana bu oyunu oynamışdır. Bəzi söyləyicilər oyunun Axır çərşənbədə oynanıldığını, bəziləri isə həm adi günlərdə, həm Axır çərşənbədə, həm də iməciliklərdə oy­na­nıldığını deyirdilər. Bəzən də müxtəlif sanamaların sözlərini (Usub­bı, ay Usubbu və s.) də “Cəhribəyim”i oynayarkən oxunan sözlər kimi qələmə verirdilər.

Qarabağ folklorunun ən aktiv janrlarından biri də seyidlər, ocaqlarla bağlı söylənən rəvayətlərdir. Cinsindən, yaşından, təhsil səviyyəsindən asılı olmayaraq, demək olar ki, hər bir söyləyici bu janrda mətnlər danışa bilirdı. Tərtər rayonunda Bəyimağa, Seyid Yasin ağa, Seyid Yusif ağa və s. seyidlərlə bağlı rəvayətlər, Kəlbə­cər rayonunda Seyid Usub ağa, Seyid Rza ağa, Şıx Həsən və b. adamlarla bağlı mətnlər, Cəbrayıl rayonunun sakinləri arasın­da isə Hacı Qaraman ocağı ilə bağlı rəvayətlər daha geniş yayıl­mışdır. Burada Hacı Qaraman ocağını xüsusilə qeyd etmək istəyirik. Cəb­rayıl rayonunun, xüsusilə də Sirik kəndi və ətraf kənd­lərin sakinləri Hacı Qaramanın və bu ocağın digər nümayəndə­lə­rinin adı çəkilən mətnləri daha həvəslə danışırdılar. Onlar arasında bu ocağa böyük məhəbbət və sonsuz inam müşahidə etdik. Həmin ocağın nümayən­dələrindən danışanda “Onlara canım qurban, ay bala” – deyə ağ­lamsınan nə qədər söyləyici ilə rastlaş­dıq.

Qarabağ lətifələri bir sıra xüsusiyyətlərinə görə maraq doğu­rur. Bu layihə əsasında çap olunmuş kitablara Azərbaycan folklo­ru­nun klassik lətifə qəhrəmanları Molla Nəsrəddin, Bəhlul Danəndə ilə bağlı xeyli lətifə salınmışdır. Eləcə də Qara­bağ folklorunun yerli lətifə qəhrəmanları ilə bağlı lətifələr də bu kitablarda kifayət qədər­dir. Bizim topladığımız materialların arasın­da da xeyli lətifə vardır. Qarabağ lətifələrində maraqlı cəhətlərə rast gəlmək mümkündür. Bu lətifələrdən birində iki süjet birləşib. Lətifədə göstərilir ki, Mol­la­nın xəbərdarlığına məhəl qoymayan oğlan ağacdan yıxılır və Mol­ladan əcəlinin çatıb-çatmadığını öyrənmək istəyir. Mollanın cava­bın­dan sonra əslində lətifə tamamlanmalı idi, ancaq buraya da­ha bir süjet – qəbirdə yatma əhvalatı salınaraq lətifə davam etdi­rilir. Qarabağ lətifələrində həm də klassik lətifə qəhrəman­larının müasir lətifələrdə iştirakını müşahidə etdik. “Mollayla aşıq”, “Mollayla rəis” bu tipli lətifələrə misal ola bilər. Qarabağlılar arasında Şəki lətifələri də söylənilir. “Ha indi kto tam?” adlı lətifə dediyimiz fik­rin sübutudur.

Eyni süjetin müxtəlif folklor janrlarında təzahürü Azərbaycan folklorunda özünü göstərən haldır. Bu hadisə ilə Qarabağ folklo­runda da rastlaşdıq. Vaxtilə Şəkidən topladığımız “Aldanmış vəkil” adlı nağılın Qarabağ ərazisində lətifə variantını müşahidə etdik (“Hamıya dız, maa da dız?”). Bu kitabın “Nağıllar” bölməsinə sa­lın­mış “Korun nağılı” və “Lətifələr” bölməsində verilmiş “Molla Nəs­rəddinin fırıldağı”mətnləri də eyni süjet əsasında qurulmuşdur.

Təbii ki, Qarabağ folkloru yalnız yuxarıda adlarını sadala­dığımız janrlarla məhdudlaşmır. Orada Azərbaycan folklo­runa aid bütün janrlarla, həm də onların ən orijinal nümunələri ilə qarşılaş­maq mümkündür.

Toplama zamanı bizə göstərdikləri köməyə görə Tərtər rayo­nunun Evoba kənd sakini Azad Talıb oğlu Orucova və ailəsinə, Kəlbəcər rayonunun Əsrik kənd sakini Ayaz Məlik oğlu Verdiyevə və ailəsinə, Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini Ka­mil Məhəmməd oğlu Nəcəfova və ailəsinə, eləcə də Cəbrayıl rayonu­nun Şahvəlli kənd sakini Məhəmməd Əhməd oğlu Maqsu­dova və keçmiş tələbələrim Gülnar Akif qızı Həsənovaya, Eldəniz Kamil oğlu Nəcəfova dərin minnətdarlığımızı bildiririk.




Kataloq: storage -> Folklore -> 2014
2014 -> Masalli folkloru 2
2014 -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012
2014 -> Folklor instituti
2014 -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012
2014 -> Азярбайъан милли елмляр академийасы
2014 -> Ağaverdi XƏLİl türk xalqlarinin yaz bayramlari
2014 -> Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR
2014 -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012
2014 -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012
2014 -> Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə