Referat bakı-2022 plan: Aristotelin əxlaqi dəyərləri nəzərə alaraq təsnif etdiyi pedaqoji yaş dövrləri



Yüklə 49,27 Kb.
səhifə1/2
tarix29.11.2022
ölçüsü49,27 Kb.
#120079
növüReferat
  1   2
Aristotel tərbiyə haqqında


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Dövlət Pedaqoji Universiteti




Fakültə: Məktəbəqədər təlim tərbiyə
İxtisas: Məktəbəqər təhsil
Fənn: Məktəbəqədər təhsilin inkişaf tarixi
Qrup: MQT 2103B
Kurs: 2
Fənn müəllimi: Pərişan Həsənova
Tələbə: Aytən Əliyeva
Mövzu: Aristotelin tərbiyə haqqında fikirləri

REFERAT

Bakı-2022

PLAN:

  1. Aristotelin əxlaqi dəyərləri nəzərə alaraq təsnif etdiyi pedaqoji yaş dövrləri;

  2. Aristotelin «Nikomax etikası», əxlaq və tərbiyə işinə böyük töhvə kimi;

  3. Aristotelə görə etikanın predmeti və əxlaqi məziyyətlər;

  4. Aristotelin "Əxlaq” və "Məqulat” əsərlərinə əsasən düzgün əxlaqi keyfiyyətlər.


GİRİŞ
Aristotel əxlaqda məqsəd və vasitə arasında fərqi mühüm sayır, özü məqsəd, amac olan şeyə əxlaqı baxımdan üstünlük verir. Ən son məqsəd adətən xoşbəxt olmaq üçün qarşıya qoyulan məqsəddir.. Xoşbəxt olmaq insanın son məqsədidir (Epikurosda bu mötədil həzzdir), insan ondan o tərəfə bir şey istəmir. Aristotel insan qarşısında heç bir xüsusi bir vəzifə və ya borc qoymur, ancaq son məqsədi vurğulayır ( bu “son məqsəd” onun metafizikası ilə səsləşir). Kant`ın əxlaq fəlsəfəsində son məqsəd deyil, gedilən yoldakı yaxşı niyyət mühüm sayılır. Aristotel hər insanın öz məsləyinə, sənətinə, bacarığına uyğun işləri bir kənara qoyanda onun bir insan kimi işinin nə olduğu sualını qoyur. Sadəcə yaşamaq bütün canlılara xasdır, insan isə ağıllı, düşünən heyvan olduğu üçün, onun işi “ruhun ağla uyğun fəaliyyətidir” və bunu ömrü boyu etməlidir. Bəs pislik necə izah oluna bilər? Əməlin qaynağı ağıl və arzudur, daha doğrusu bir məqsədə can atan arzu və ağıldır (təkcə, ayrıca ağıl və təkcə, ayrıca arzu gücsüzdür). Ağıllı arzu fəzilətə, ağılsız arzu isə pisliyə aparır. Aristotel iki cür fəziləti fərqləndirir: düşüncə (zəka) fəzilətləri və əxlaqi fəzilətlər. Birinciyə ağıllı ruhdan (elm, sənət, praktik müdriklik/hikmət, fəlsəfə, ...) , ikinciyə arzu və ya iştahdan qaynaqlanan fəzilətlər (comərtlik, qürur, cəsarət, ədalət, mötədillik, dostluq, sevgi,...) daxildir. Düşüncə fəzilətləri öyrənmə yolu ilə qazanılır, əxlaqi fəzilətlər isə adət və alışqanlığın, onları həyatda tətbiq etmənin nəticəsində əldə edilir, yəni xarakteri, xasiyyəti əməl və fəaliyyət formalaşdırır. Əxlaq nəzəri bilik deyil, praktika mühümdür; fəzilətin nə olduğunu bilmək azdır, əsas fəzilətli olmaqdır. Əxlaqlı əməlin məcburi deyil, şüurlu olaraq baş verməsi mühümdür. İnsan seçir, tərcih edir; bu, məqsəd deyil, vasitədir. İnsan mümkün olanlardan seçir. Aristotel`in əxlaq fəlsəfəsini səciyyələndirən cəhətlərdən biri “qızıl orta”dır. Həzz almaq, pul xərcləmək (xəsis və pulu göyə sovuran), qorxmaq kimi keyfiyyətlərin çox az olması da, həddindən çox olması da yaxşı deyil. Əlbəttə ki, qızıl orta deyilən şey mütləq deyil, müxtəlif səbəblərə görə nisbi, dəyişəndir (və bəzən çətin tapılandır-H.İ.). Qızıl orta həmçinin pis şeylər üçün deyil (“orta oğru” kimi). Aristotel ədalət anlayışına xüsusi önəm verir, onu hər şeydən üstün tutur, hər şeyin onun içində olduğunu deyir. Ədalət anlayışı əxlaqla siyasət arasında yaxın əlaqə olduğunu vurğulayır. Ədalət cəmiyyətə, siyasətə ən çox bağlı olan xüsusiyyətdir. Adil insan qanuna və haqqa (doğruya) uyandır. Aristotel ədaləti bölüşdürücü və düzəldici/mübadiləçi deyə iki sinfə ayırır. Bölüşdürücü sərvətin və şərəfin düzgün bölüşdürülməsidir. Düzgündemokratik quruluşda, yəni insanların azad və bərabər sayıldığı yerdə cəmiyyət üzvləri arasında bərabər bölüşdürmə deməkdir, oliqarx quruluşda isə cəmiyyətdəki mövqeyə, “səviyyə”yə mütənasib bölgüdür. Bu ədaləti dövlət təmin etməlidir. Düzəldici ədalət vətəndaşlar arasında zərər və haqsızlıqların aradan qaldırılmasıdır, bu, bəzən orta yolu tapmaqla deyil, bərabərsizliyin cəza 1tətbiq etməklə aradan qaldırılma cəhdidir (məsələn, adam öldürənə cəza verilir). Bu ədaləti isə məhkəmə təmin edir. Aristotel insanların öz aralarında iş bölümü (ixtisaslaşma) və mübadilədə olduqlarını deyir (mübadilə ədaləti). Uyğun, yəni iki malın, iqtisadi dillə desək, tələb və təklif əsasında bərabər dəyərinə görə mübadilə olunmasını mübadilə (alış-veriş) ədaləti adlandırır. Burada tam ədaləti təmin etmək olmur, ədaləti təmin edən şəxs və ya qurum yoxdur. Övlad valideyni ilə, arvad əri ilə bərabər deyil, ikincilər birinciləri daha çox sevməlidirlər. “Qul canlı alət” olduğuna görə ağa ilə qul dost ola bilməzlər, ancaq insan kimi qulla dost olmaq olar . Aristotel məğrur, qürurlu, əzəmətli insanın ləyaqətindən, mənəvi kamilliyindən söz açır; o, səsi və nitqi ilə seçilir, demək olar ki, ehtiyac hiss etmir, amma başqalarına xeyrxahlıq edir, xasiyyəti və davranışı açıqdır - dostluqda da, zəhləsi getmək və nifrətdə də, lakin kütlə qarşısında sünilik və ya hiyləgərlik istisnadır (burada siyasət mənəviyyatı üstələyir-H.İ.). Həzz və xoşbəxtlik üçün bir mühit olmalıdır, bədbəxtliyə düçar olan adamın həzz alması çətin işdir. Ən böyük həzz zəka fəaliyyətinin verdiyi həzzdir, ən yüksək səadət ağlın məhsuludur. Seyrçilik hər növ fəaliyyətdən, o cümlədən siyasət və əməli işlərdən üstündür, o, xoşbəxtlik üçün zəruri olan asudə vaxt bəxş edir. Ümumiyyətlə, Aristotel`in etikası sanki nikbin və həyatın üst təbəqəsində yerləşmiş insanlara ünvanlanıb.

1.İlk dəfə olaraq Aristotel etikanı elmi-fəlsəfi biliklər sisteminə daxil edərək onu ruh haqqında elm olan psixologiya və dövlət haqqında elm olan politikanın ortasında yerləşdirir. Aristotel etikanı öz ictimai-siyasi baxışlarına uyğun işləyərək hesab edir ki, etika siyasət və iqtisadiyyatla çox bağlıdır. «Nikomax etikası» Aristotelin əxlaq problemlərini daha dərindən ifadə etdiyi nəzəri traktatdır. Burada Aristotel etikanı predmeti əxlaq olan cəmiyyət haqqında elmin bir növü, tətbiqi və praktik elm kimi nəzərdən keçirir. Əsərdə Aristotel oğluna düzgün davranışla əlaqədar öyüd-nəsihət verir. Əgər Demokritin etik təlimi aforizmlərəəsaslanırdısa, Platon öz fikirlərini dialoq formasında, Aristotel isə monoloq formasında ifadə edirdi. Bədiilikdən və gündəlik məişət düşüncələrindən uzaq olan «Nikomax etikası» əsəri əsl elmi əsər kimi qiymətləndirilir. Aristotelin fikrincə, əxlaqi sistem yaratmaq üçün əvvəlcə müəyyənləşdirmək lazımdır ki, nemət nədir, ikincisi, insan bu nemətləri qazana bilərmi (burada hərəkətin qiymətləndirilməsi və iradə azadlığı problemləri qoyulur), üçüncüsü, nemətə çatmaq üçün hansı yolla getmək lazımdır (fəzilət, onun mahiyyəti və tərbiyə imkanları problemi) və dördüncüsü, insan cəhdlərinin daha layiqli məqsədi olan ali nemətlər nədir. Əsər nemətlər, fəzilətlər, iradə azadlığı haqqında təlimlərdən ibarətdir. Traktat mənəvi ideal haqqında mühakimə ilə bitir ki, bunu da hamı başa düşmür. Aristotel fəzilətlərin fitri deyil, sonradan qazanılan keyfiyyət olduğunu söyləyir. Aristotel özünün ruh haqqında təliminə uyğun olaraq fəzilətlərin təsnifatını verir. Fəzilətlərin spesifikasını müəyyənləşdirən Aristotel psixologiyaya müraciət edir. Mənəvi fəzilətlər ruhun hansısa vəziyyəti deyil və insana təbiət tərəfindən verilməyib, təbiət yalnız fəzilətli olmaq üçün şərait yaradır. Bütün əxlaqi fəzilətlər insanın fəaliyyəti zamanı həyata keçir. Bunlara – ədalət, dostluq, məhəbbət, mərdlik, mötədillik, əliaçıqlıq, sülhsevərlik, xoşxasiyyətlilik və s. aiddir. Bütün bunlar həm də ictimaidir. Fəzilətlər fitri olmadığı üçün Aristotel onların tərbiyə olunmasına xüsusi fikir verirdi. Özü də yalnız uşaqlar deyil, bütün vətəndaşlar, hətta insanın emosional qavrama qabiliyyəti və hissləri də tərbiyə edilə bilər. Aristotel etikasında mühüm yer tutan ədalət digər insanlara münasibət zamanı fəzilətə çevrilir.
2.Antik dövrdə pedaqoji fikrin inkişafında mühüm rol oynayan universal zəka sahiblərindən biri də Aristotel (b.e.ə. 384-322) olmuşdur. Həkim ailəsində anadan olan Aristotel gənc yaşlarından valideynlərini itirmiş, 17 yaşında Afinaya gəlmiş, Platonun şagirdlərinə qoşulmuşdur. 20 il Platondan dərs almış, onun söhbətlərinə və nitqlərinə qulaq asmışdır. Platon onu “anasını əməəmə kəllələyən dayça” adlandırmışdır. Platon öləndən sonra o, öz məktəbini açmış, b.e.ə. 343-cü ildə Makedoniya çarı II Filipp tərəfindən onun oğlu Aleksandra (İsgəndərə) dərs deməyə dəvət olunmuşdur. Təbii ki, İsgəndərin müdriklik, cəsarət, qəhrəmanlıq, alicənablıq kimi xüsusiyyətlərində, xüsusilə elm və sənət adamlarına hörmət və qayğısında Aristotelin mühüm rolu olmuşdur. Aristotelə görə tərbiyənin məqsədi ruhu ali dərəcədə inkişaf etdirmək, əqilli və iradəli adamlar yetişdirməkdir. Onun fikrincə, yaxşılığa meyil insana daxilən xas olan meyldir. Ancaq bu meyil insanın təbiətinə xas olan maneələrlə qarşılaşır. Tərbiyənin vəzifəsi insana həmin maneələri aradan qaldırmaq qabiliyyətləri aşılamaqdan ibarətdir.2 Bunun üçün insanı insanı hələ uşaqlıqdan ağır zəhmət və ciddi-cəhd tələb edən prinsiplərə alışdırmaq lazımdır. O deyirdi: “Tərbiyəçilər valideynlərdən daha çox hörmətə layiqdir, çünki sonuncular bizə yalnız həyat, birincilər isə ləyaqətli həyat bəxş edirlər”. Aristotel insanlığın tarixi təcrübəsini ümumiləşdirərək , pedaqogika tarixində ilk dəfə uşaqların yaş dövrlərini müəyyən etmişdir. O, inkişafla bağlı irəli sürdüyü nəzəriyyəyə əsaslanaraq, böyüyən insanın həyatını üç dövrə bölmüşdür: 1) 7 yaşa qədər; 2) 7 yaşdan 14 yaşa qədər; 3) 14 yaşdan 21 yaşa qədər. O, 7 yaşa qədər uşaqların tərbiyəsinin ailədə həyata keçirilməsini vacib sayırdı. Aristotel bu dövrü bitki dövrü adlandırır və bitkiyə necə qulluq edildiyi kimi, uşağa da qulluq göstərilməsini vacib hesab edirdi. O, valideynlərin özlərini uşaqların tərbiyəsindən kənar edərək bu işi qullara tapşırmasını rədd edir, 5 yaşdan 7 yaşadək uşaqların ilkin təliminin həyata keçirilməsini təklif edirdi. İkinci dövrü heyvani dövr hesab edir və uşaqlarda iradi keyfiyyətlərin tərbiyəsini zəruri sayırdı. Bu dövrdə uşaqlar dövlət məktəbinə getməli, orada gimnastikadan əlavə oxu, yazı, qrammatika, rəsm və musiqi öyrənməli idilər. Bu dövrdə fiziki tərbiyə əqli tərbiyəni qabaqlamalı idi. Aristotel üçüncü dövrü insanı dövr adlandırır, 14-21 yaşlı gənclərə əqli tərbiyə verilməsini faydalı hesab edirdi. Məktəblinin tərbiyəsinə bədənə qulluqdan başlamağı, sonra isə ruhun tərbiyəsi ilə məşğul olmağı məsləhət bilirdi. Çünki bədənin tərbiyəsi ruhun tərbiyəsinə daha münasib şərait və imkan yaradır. Aristotel müəllimi Platon kimi əsərlərinin böyük bir hissəsi bizim günlərəcən gəlib çıxan xoşbəxt mütəfəkkirlərdən biridir. Onun “Fizika”, “Metafizika”, “Məntiq”, “Analitika”, “Poetika”, “Nikomax etikası”, “Böyük etika”, “Ritorika”, “Siyasət” əsərləri antik və orta əsrlər fəlsəfi və pedaqoji fikrinə çox böyük təsir göstərmiş, bir neçə yüzilliklər ərzində tədris vəsaiti kimi istifadə edilmişdir. Sonralar pedaqoji etikanın problemlərinə Yunanstanın və Romanın başqa nümayəndələri də müraciət etmişdilər. Onlardan etika tarixində birinci dəfə müəllimin mənəvi simasını məktəbin pedaqoji işi ilə əlaqələndirən Kvintilianın (42-118-ci illər) adını xüsusi qeyd etmək lazımdır. O, məktəbin tərbiyəçiyə qarşı irəli sürdüyü tələb və normaları dərk etməyə çalışırdı. Beləliklə, ilk dəfə antic dövrdə tərbiyəçi-pedaqoqun şəxsiyyətinə, mənəvi keyfiyyətinə verilən tələbləri müəyyənləşdirməyə təşəbbüs göstərilirdi.3 Quldarlıq quruluşunun dağılması və qərbdə xristianlığın, az sonar Şərqdə müsəlmanlığın hökm sürməyə başlaması ilə əlaqədar əxlaq və pedaqoji etika bütövlükdə dinin, dini əxlaqın məngənəsinə salındı. Eyni zamanda bu faktı da inkar etmək olmaz ki, fəlsəfi-etik problemlərlə məşğul olan ilahiyyatçılar etik problemləri bu və ya digər şəkildə həll etməyə çalışırdılar. Bu problemləri, bilik, inam və etiqad arasındakı qarşılıqlı münasibətlə şəklində göstərmək olar. Bunlar əlbəttə, həm etika, həm də pedaqoji etika üçün ciddi problemlər idi. Şübhəsiz, din və əxlaq arasındakı bu ittifaq əbədi ola bilməzdi və tezliklə iqtisadiyyatdakı proseslər, capitalist münasibətlərin inkişafı fəlsəfə ilə ilahiyyatın ayrılmasına gətirib çıxartdı.4 Fəlsəfi fənlər içərisində etikanın dindən ən sonuncu ayrılmasına və uzun müddət dini-mistik xarakter daşımasına baxmayaraq, yeni etikanın yaranması başlanmışdı.Qədim dövrün etik fikir tarixində və onun inkişafında müstəsna rol oynayan dahi filosof etika elminin məsələlərini sistemləşdirir.
3.Aristotel etikanın predmeti və vəzifələri haqqında nə demişdir? Demək olar ki, o, etikanın ən kamil təsnifatını vermişdir. Qədim yunan sözü olan “ethos” hələ Homerin vaxtarında insanın, ümumiyyətlə canlının məskən saldığı yeri bildirirdi, sonradan isə bu sözün daha bir mənası meydana gəldi: adət-ənənə, xasiyyət, dəb, düşüncə tərzi. Bir sözlə, hər hansı bir xüsusiyyətin davamlı olması bildirilir. Aristotel insan xasiyyəti, onun etosu və düşüncəni xarakterizə edən xüsusiyyətləri fərdləndirir. Əxlaqi dəyərləri öyrənən elmi Aristotel “etika” adlandırmışdır. Əxlaq məsələləri haqqında o üç iri həcmli əsərlərində bəhs edir: “Nikomax etikası”, “Evdem etikası”, “Böyük etika”. “Moral” sözü isə latın dilində etikanın ekvivalentidir. Aristotel, Sokrat və Platonda olduğu kimi, xeyixahlığı ancaq biliklə, anlamaqla əlaqələndirmirdi. Əslində mənəviyyat dərketmə ilə az əlaqəsi olan, həyatın tamam başqa çalarını təşkil edən bir sahədir. Elm ətraf aləmdə şeylərin nə olduğunu bildirirsə, mənəviyyat onların qiymətləndirilməsindən bəhs edir. Elmin psixoloji əsasını ağıl təşkil edirsə, əxlaqi davranışın əsasını ağıl ilə ruhun ağıllı olmayan hissəsi ilə vəhdəti təşkil edir. Mənəviyyat sahəsi dəyərlərlə bağlıdır və onun başlıca əlaməti xeyir və şərin fərqləndirilməsidir. Mənəvi yaxşılıqlar azad seçim əsasında, təcrübə və vərdiş nəticəsində əmələ gəlir. Aristotel hesab edirdi ki, insan xasiyyəti təbii müqəddəm şərtlər əsasında, bir də həyat fəaliyyəti nəticəsində əmələ gəlir. Bunu izah etmək üçün heç də qeyri-real ideyalar aləminə müraciət etmək lazım deyil. Etika praktiki elmdir, əxlaqi həqiqət xeyirin nə olmasında öyrənilmir; bunun nəticəsində insanın özü xeyirxah olur. Əxlaq haqqında elmi biliklər var, bu biliklər əxlaqi normalara və əxlaqi davranış üçün bir təməl daşıdır. Etika əxlaqa necə nail olmaq yollarını öyrədir. Əxlaqi təlimin əsas məqsədi insanın mənən yüksəltməkdir. Burada əsas diqqət həyat təcrübəsi az olan, cavan adamlara, yəni gənclərə yetirmək lazımdır. Biliklərlə yanaşı insanın yaxşılığa güclü meyli də olmalıdır. Əxlaq siyasətin tərkib hissəsidir. Əxlaqi hərəkətlər müxtəlif və təkrarsızdır, əxlaqi biliklər isə ümumi xarakter daşıyır. Burada düzgün hərəkət vacibdir. Həmin hərəkət rasional və irrasional olanın vəhdətidir. Burada biliklərlə yanaşı həm də qabiliyyətlərin əxlaqi yetkinliyi də lazımdır. Əxlaq, siyasətlə bərabər çox vacib, bir növ digər elmlər üzərində yüksələn elmdir. Burada abstraklılıq dərəcəsi olduqca böyükdür. Aristotelin ali xoşbəxtlik haqqında da fikirləri olduqca maraqlıdır. O, göstərir ki, hər bir hərəkətin öz məqsədi var. Məqsəd son nəticə etibarilə elə xoşbəxtliyin özüdür. Bunlar, məqsədlərin olduğu qədər, müxtəlif və rəngarəngdirlər. Məqsədlərin ən alisi elə xoşbəxtliyin də ən alisi deməkdir. Ali pilləni həm də evdemoniya, ləzzət adlandırmaq olar. Bu həzz, məmnunluq kamil və yetkindir. Buna nail olmaq imkanı hər kəsin əlindədir. Həzz kamil fəaliyyətin özüdür. Həzz almaq, buna nail olmaq üçün sosial mühit və şəraitin də mühüm əhəmiyyəti vardır. Şərtlərdən biri də yaxşı mənşəyə sahib olmaq, yəni - əsilzadə olmaqdır. Ali həzz özünü hərəkətdə, fəaliyyətdə bildirir. Burada söhbət düzgün hərəkətlərdən gedir. Yaxşı əməllər ən böyük məmnunluqdur. Buna nail ola bilməyən adam özünü xoşbəxt saya bilməz. Ali həzz insan təbiəti ilə bağlıdır. Etika psixologiyanın davamıdır, yaxşılıqları isə insan təbiəti əsasında öyrənmək lazımdır. Bu, bir növ naturalist yanaşmadır və mütərəqqi əhəmiyyətə malikdir. Burada insan həyatına aid obyektiv faktlarının təhlilinin əhəmiyyəti vurğulanır, əxlaqın empirik əsaslandırılması zərurəti göstərilir. İnsan həyatının məqsədi ağıl ilə uzlaşdırılmış ruhun fəaliyyətidir. Ruha aid Aristotelin aşağıdakı ideyaları bizim üçün maraqlı olar. Ruhun düşünməyən hissəsi iki yerə bölünür: bitki və ağıla meylli olanlar, sonuncu isə, əgər onu düzgün mühakimələr idarə edirsə, yaxşılığa meyllidir. İnsan ruhunun ikinci, ancaq onun özünə aid olan hissəsi ağıldır. Ağıla aid olan yaxşılıqlar iki cürə olur: ağılın özünə bilavasitə aid olanlar və əxlaqi yaxşılıqlar. Sonuncular etikanın predmetini təşkil edir. Əxlaqi məziyyətlər haqqında öz mövqeyini bildirən Aristotel qeyd edirdi ki, bunlar ruhun ağıllı və ağıllı olmayan hissələrinin qarşılıqlı təsirin nəticəsində meydana gəlir. Burada söhbət ruhun affektiv hissəsinə ağlın münasibətindən gedir. Məziyyətlər ancaq insanlara xasdır. Bunların hər birində ağıl və affektiv olanların nisbəti də əhəmiyyətlidir. İnsan yaşa dolduqca onun imkanları tədricən aşkarlanır, şüurlu şəkildə qavranılır, məqsədlərə uyğunlaşdırılır. Ağıl və affekt arasında harmoniya yaranırsa, onda hisslər düzgün istiqamətləndirilir, ağıl gözəl işləri həyata keçirməyə köməklik göstərir. Əxlaqi sərvətlər insanı ali məqsədə, insanın mahiyyətinin ifadə olunmasına doğru aparır. Aristotel ehtirasların, hisslərin səbəblərini təhlil edir. Məziyyət insan xislətindən irəli gəlir; insanlarda anadangəlmə yaxşılığa meyllilik vardır. İnsan həzzə, ləzzət almağa çox meyllidir. Buna qalib gəlmək üçün səy göstərmək, özünü tərbiyə etmək lazımdır. Əxlaqlı olmaq üçün əxlaqın tələblərinə riayət etmək lazımdır. Burada tərbiyənin əhəmiyyəti olduqca böyükdür. Qızıl, yəni ideal orta nöqtəni tapmaq üçün üç ruhi vəziyyətdən (artıq olanın, əskik olanın və bunların arasında ortada yerləşənin) ən dəyərli olanı, yəni ortaq vəziyyəti seçmək lazımdır. Məs, comərdlik qorxu və dəlisayağı şücaət arasında olan bir vəziyyətdir. Burada söhbət, əlbəttə ki, adi riyazi hesablamadan getmir. Söhbət insanın hər an etdiyi seçimdən gedir. Əxlaqi tərbiyənin məqsədi insanı mənəvi cəhətdən kamilləşdirməkdir. Hər bir insanda müəyyən əxlaqi keyfiyyətlərin olması onun mənəvi cəhətdən kamil olmasını bildirir. Bu mənada insan xasiyyəti burada mühüm rol oynayır. Bəzən formalaşmış xasiyyət insana böyük zərər gətirir. İnsan gərək özünü idarə etməyi bacarsın.5
4.Filosof Aristotel özünün "Əxlaq” və "Məqulat” əsərlərində qeyd edir ki, pis adamlar təlim və tərbiyə əsasında yaxşılaşa, dəyişə bilərlər, lakin bunun qəti və həmişə belə olacağını demək bir qədər çətindir. Hər halda nəsihət, məsləhət, təlim, tərbiyə ardıcıl olsa və ədalətli tənbehlə əlaqələndirilsə, nəticəsiz qalmaz. Əxlaq tərbiyəsi tərbiyəçinin rəhbərliyi ilə böyüyən nəsildə, ümumiyyətlə insanlarda cəmiyyətin müəyyən etdiyi əxlaq normaları və davranış qaydaları formalaşdırmaqla cəmiyyət üçün yaralı, öz hərəkət və münasibətlərini şüurlu sürətdə idarə edən şəxsiyyətləri formalaşdırma prosesidir. O, cəmiyyətin əxlaqiictimai tələblərinə сavab verən insanlar, vətəndaşlar yetişdirmək məqsədi daşıyır. Əxlaq tərbiyəsi düzgün əxlaqi anlayışlar yaratmaq, bu anlayışlara müvafiq adətlər, rəftarlar formalaşdırmaq kimi vəzifələri də yerinə yetirir6. Müşahidələr və tədqiqatlar göstərir ki, əxlaqda baş verən nöqsana səbəb çox vaxt onun mahiyyəti haqqında düzgün məlumatın olmamasıdır. Ona görə də əxlaq tərbiyəsi tərbiyə olunanlarda əxlaqi biliklər, məlumatlar və bu biliklərə istinad edən əxlaqi şüur formalaşdırılmasından başlanılsa daha səmərəli nəticə verəcəkdir. Şüurlu sürətdə dərk edilmiş əxlaq norma və qaydalar insanları hər zaman və hər bir yerdə şüurlu sürətdə hərəkət etməyə təkan verir. Şüurlu qavranılmış əxlaq insan davranışının tənzimləyicisinə çevrilir. Formalaşmış düzgün əxlaqi istiqamətlər insana həm özünün, həm də başqalarının hərəkətlərini və davranışını təhlil edərək obyektiv qiymət vermə imkanı yaradır. Düzgün əxlaqi münasibətlərin formalaşması insanlara müxtəlif situasiya və vəziyyətlərdə vicdanla, etik normalara uyğun şüurlu seçimetmək imkanı yaradır. İnsanın əxlaqi idealı onun əxlaqının şüurluluğunun xüsusi formasının vacib tərkib hissəsi kimi təzahür edir. İdeal hər kəsin arzu etdiyi əxlaqi keyfiyyətlərə malik olan insan obrazlarıdır, yəni, şəxsin özünün olmaq istədiyi bir insan nümunəsidir. Hər adam öz idealında gördüyü müsbət əxlaqi keyfiyyətləri özündə də yaratmağa və formalaşdırmağa səy göstərir. Əxlaqi anlayışların düzgün aşılanması tərbiyənin əsasən ilkin mərhələsindən başlanaraq müxtəlif fəaliyyət sahələrində davam etdirilir. Təlim və tərbiyə müəssisələrində çəmiyyətdə mövcud ümumi əxlaq normaları və onlara riayət etmənin zərurliyi aşılanır, şərh və izah edilir. Müxtəlif fəaliyyət sahələrində isə zəruri olan əxlaqi keyfiyyətlər, hərəkətlər haqqında anlayışlar yaradılır. Məsələn, istehsalat əxlaqı, pedaqoqa verilən əxlaqi tələblər, tələbələrə verilən əxlaqi tələblər, diplomatiya əxlaqi, biznes əxlaqı, mədəni fəaliyyət əxlaqı və s. Bunlar təhsil müəssisələrində köməkçi tərbiyəvi fəaliyyət vasitəsilə həyata keçirilir.7
Nəticə
Beləliklə, filosofun əsərlərindən belə qənaətə gəlmək mümkündür ki, əxlaq tərbiyəsinin məzmununa ümumbəşəri dəyərlərlə yanaşı cəmiyyətdə mövcud olan birgə yaşayış qaydaları, yeni sosial və məişət münasibətləri də daxil edilir. Əxlaq ictimai şüur forması olduğuna görə onun məzmunu da cəmiyyətlə bərabər dəyişməyə məruz qalır, hər cəmiyyət özünün iqtisadiictimai tələblərinə uyğun əxlaq normalarını və qaydalarını müəyyən edir. Bu qaydalar bütün cəmiyyət üzvləri üçün zəruri-məcburi, hamı üçün məqbul hesab edilir. Bu norma və qaydaların əksi, ona zidd hərəkətlər isə cəmiyyət üçün qeyri-məqbul, hərəkətlər hesab olunaraq cəmiyyət üzvləri tərəfindən qəbul edilmir. Əxlaq tərbiyəsi termininin məzmununa vətənpərvərlik, dostluq və yoldaşlıq, qarşılıqlı yardım, münasibət, beynəlmiləlçilik, fəaliyyətə şüurlu münasibət, intizam, məsuliyyət, düzlük, doğruçuluq, sadəlik tövazökarlıq insanlara humanist münasibət, eyni zamanda onu əhatə edən mühitə - təbiətə qayğılı münasibət və s. daxildir. Əxlaqi fəaliyyətlərin məzmununa isə, gündəlik həyatda hər gün təkrar etdiyimiz düz olmaq, doğru hərəkət etmək, yalan danışmamaq, insanlara hörmət etmək, başqalarının haqqını əlindən almamaq, onlara kömək etmək və sairə bu kimi fəaliyyətlər daxildir. Bu cür fəaliyyətlərdə olan insanlar isə əxlaqlı, namuslu və ləyaqətli insanlar kimi səciyyələndirilirlər. Başqalarına hörmətlə yanaşan insanlarda özündən razılıq, adətən başqalarına yuxarıdan aşağı baxmaq münasibətləri deyil, əksinə yüksək ünsiyyət mədəniyyətinə malik olmaq adəti özünü təzahür etdirir. Əxlaq ümumbəşəri mədəniyyətin bir hissəsidir, eyni zamanda o, müasir sivilizasiyaya qarşı da etinasız deyildir. Şəxsiyyətin əxlaq mədəniyyəti müasir sivilizasiya problemini insanların fəaliyyətlərində aktuallaşdırır. Əxlaq normaları, həmçinin, müəyyən əxlaqi əqidələr, gözəl əxlaqi hisslər və qiymətlər spesifik xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər əxlaqı bütün nizamlama formalarından, xüsusilə hüquqi nizamlamadan fərqləndirir. Hüquqi nizamlama kimi əxlaqi nizamlama da davranışa verilən sosial tələblərin hər bir fərd tərəfindən şüurlu surətdə mənimsənilməsini nəzərdə tutur. Əxlaqi nizamlama şəxsiyyətin şüurlu iradəsinə, onun ictimai borca şüurlu əməl etməsinə əsaslanır. Əxlaqi tələb hər bir fərd tərəfindən irəli sürülür və onun şəxsi vicdanının səviyyəsi ilə müəyyənləşir. Əxlaqi münasibət isə obyektiv münasibətdir ki, burada şəxsiyyət ictimai əxlaq normalarını gözləyir və eyni zamanda həmin normalara yeniliklər əlavə etmək iqtidarında olur. Ailədə əxlaqi dəyərlərin təbliğ olunmasında qarşılıqlı yardım göstərmək hissinin aşılanması da çox böyük əhəmiyyətə kəsb edir. Uşaqlarla birlikdə ehtiyacı olan ailələrə yardım etmək, onların problemlərini həll etməyə çalışmaq onlarda bu hissin formalaşmasında əhəmiyyətli rol oynayır. Ailədə əxlaqi dəyərlərin təbliğ olunmasında böyüklərə hörmət, kiçiklərə qayğı hissinin formalaşdırılması da əsas rol oynayır. Hər bir ata-ana övladına bu hissləri öz davranışları ilə göstərməlidir. Çünki uşaqlar gələcəyin ailə başçılarıdır. Əxlaq ictimai şüurun ən qədim formalarından biri hesab olunur. O, insanların cəmiyyətə, dövlətə və eyni zamanda insanların bir - birinə olan münasibətlərini nizamlayır. Cəmiyyətin təlabatından yaranan əxlaq cəmiyyət üzvlərinin davranışları tənzim edən qaydalardan əmələ gəlir. İnsanlar mütəmadi olaraq öz davranışlarında yaxşı və pis əxlaqın xüsusiyyətlərini aydınlaşdırmağa çalışmışlar. Gözəl əxlaq gözəl xüsusiyyətlərin toplusu kimi öz əksini tapmışdır. Əxlaq haqqında təlim “etika” adlanır və bu termin bizim dilimizdə “adət” mənasını ifadə edir. Etika əsasən əxlaqı, insanların mənəvi dünyasını, onun mahiyyətini tədqiq edir. Etik davranışlar cəmiyyətin təlabatından və insanların öz davranışlarında tələb olunan qaydalara əməl etməsindən təzahür edir. İnsan şüurunun inkişaf mərhələlərində əxlaq təlimi çox vaxt fəlsəfənin bir qolu kimi təqdim edilmişdir. Bunun da nəticəsində müxtəlif fəlsəfi baxışlar və müxtəlif əxlaqi nəzəriyyələr təzahür edir. Məsələn, Aristotel, Kant və digər fılosofların fikrinə görə, cəmiyyətdə iqtisadi həyat dəyişdikcə əxlaq da şüur forması kimi dəyişir və yeni məna daşımağa başlayır.Mənəvi keyfiyyətlərin anadangəlmə deyil, həyatda qazanılması fikrini Aristotel daha da inkişaf etdirmişdir. O, tərbiyənin üç növünü xüsusilə qeyd edirdi: fiziki, mənəvi, əqli. Aristotel bu sırada ruhun, mənəviyyatın inkişafını elmi öyrətməkdən önə qoyurdu. Filosof mənəvi tərbiyənin yüksək dəyərini qeyd edərək mənəvi cəhətdən inkişaf etmiş insanı kamil insan hesab edirdi. Məsələn, təbiətdə yuxarıdan aşağı diyirlənən daşı geriyə, yuxarıya qalxmağa öyrətmək qeyri-mümkündür.


Yüklə 49,27 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin