"Reket" sözü jurnalistika üçün çox sərt ifadədir



Yüklə 26,65 Kb.
tarix21.10.2017
ölçüsü26,65 Kb.
#8874

http://online.ekspress.az/2013/04/13/get=92316

"Reket" sözü jurnalistika üçün çox sərt ifadədir
Ekspress \ 13 04 2013-04-14
Akif Əli: "Şit geyimlə, zövqsüz makiyajla, eybəcər saqqalla, efirdə görünməyin əleyhinəyəm"
"Onlara başqa ad verib utandırmaq, çəkindirmək, jurnalistikadan uzaqlaşdırmaq olar, yalançı demək olar, fakt varsa hətta onları "yaramaz" saymaq olar..."

Akif Əli 22 fevral 1952-ci ildə Azərbaycanın ən füsunkar guşələrindən olan Şuşada dünyaya gəlib. 1974-cü ildə M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib. 1974-78 ci illərdə "Azərbaycanfilm", "Tacikfilm", "Lenfilm" kinostudiyalarında bir sıra bədii filmlərdə baş rola çəkilib: "Uzun müharibədə qısa görüşlər" (Rüstəm), "Tütək səsi" (Tapdıq), "Arxadan vurulan zərbə" (Fazil müəllim) və s. obrazları yaradıb. 1978-87-ci illərdə Azərbaycan Dövlətteleradio Komitəsində müxtəlif vəzifələrdə çalışıb: Radioda "Satira və yumor" şöbəsinin müdiri, Televiziyada Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru olub. Ali Partiya Məktəbini fərqlənmə ilə bitirib, "M.Ə.Sabirin satira sənətkarlığı" mövzusunda dissertasiya müdafiə edib, fəlsəfə doktorudur. 1991-93-cü illərdə "Vətən səsi" qəzetinin Baş redaktoru işləyib. Çoxlu sayda elmi və bədii-publisistik məqalələrin, kino-tele-radio ssenarilərinin, kitabların, "Mozalan" kino-süjetlərinin və tərcümə əsərlərinin müəllifidir. "Gözəlliyin qədrini bilək", "Azərbaycanın müasir kinoaktyorları", "Unudulmaz yollar", "Məhəbbət təranələri", "Qaragöz oyunu", "Öncə - vətəndir", "Böyük ömrün anları", "İdrak", "Vətən mücadiləsi" və b. kitabları çap olunub. 

   1994-cü ildən Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. Dövlət qulluğunun 2-cü dərəcə Dövlət müşaviridir. Ailəlidir, iki övladı var. 

    


   Hər bir qurumun siması onun mətbuat xidmətinin rəhbəri, mətbuat sözçüsüdür. Məhz bu sözçülərin köməkliyi ilə biz sorğularımıza cavab alır, müəyyən fikirlərə münasibətlər öyrənir, aidiyyəti insanlarla əlaqə qurmaq üçün yardım istəyirik. Amma təəssüf ki, heç də bütün idarə və qurumların mətbuat xidmətləri jurnalistlərin üzünə açıq olmur. Bununla belə, işinin öhdəsindən layiqincə gələn, media əhlinin bütün suallarını cavablandıran mətbuat xidməti rəhbərləri də az deyil. Elə biz də "Sözçü" rubrikamızda sizləri onlarla tanış edəcəyik. 

   "Sözçü"nün budəfəki qonağı Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri Akif Əlidir. 

   - Uzun illər jurnalist kimi fəaliyyət göstərmisiniz və indi də bilavasitə mətbuatla əlaqəli çalışırsınız. Əvvəlki dövrün jurnalistikası ilə müasir dövr jurnalistikası arasında çoxmu fərq var? 

   - Təbii, müasir jurnalistika keçmiş dövrün jurnalistikasından xeyli fərqlənir. Jurnalistika peşəsi Azərbaycana Həsən bəy Zərdabinin yaradıcılığı ilə gəlib. Bu dahi insan 19-cu əsrin sonlarında "Əkinçi" qəzetini yaratmaqla Azərbaycan jurnalistikasının təməlini qoydu və ona nəfəs verdi. Zərdabi haqqında "Mədəniyyət toxumu səpən "Əkinçi"" adlı məqaləm var. Yazının məqsədi ondan ibarətdir ki, bəzilərinə "tövlə iyini" xatırlatsa da, əslində "Əkinçi" adı altında Həsən bəy Azərbaycan cəmiyyətinə gül qoxulu mədəniyyət toxumu səpirdi. Dərgini diqqətlə oxuyanda görmək olar ki, böyük maarifpərvər orada ziraət məsələlərindən daha çox Azərbycan xalqının inkişafı, elmə, biliyə qovuşması, cəhalətdən uzaqlaşıb tərəqqi etməsi naminə zəruri olan məsələlərə çox yer ayırıb. 

   Azərbaycan jurnalistika tarixində daha sonra XX əsrin əvvəllərində demokratik ruhlu jurnalistika, "Molla Nəsrəddin" məktəbi, sonra Sovet dövrünün partiyalı jurnalistikası və 90-cı illərdən etibarən isə müstəqillik dövrünün jurnalistikası gəlir... Yəni bu mərhələlərin hər birinin öz fərqli xüsusiyyəti var. Bu baxımdan çağdaş jurnalistikamız da özündən əvvəlkilərdən fərqlənir. İndi daha çox elektron media fenomeni dövriyyəyə girib. Operativlik, sürət artıb. Yəni vaxtilə tutalım "Molla Nəsrəddin" jurnalında yazılan yazı bir aya cəmiyyətə yayılırdısa, iki aydan sonra da səsi çıxırdısa, indi bu iş dəqiqələrlə ölçülən məsələdir. Olay yerindən xəbər anidən ictimaiyyətə yayılır. Belə bir vəziyyətdə jurnalistlərin peşə qabiliyyəti yeni keyfiyyət tələb edir. İndiki qəzet jurnalistikasında qısa, aydın, lakonik yazmağı bacarmaq, dəqiq ifadələr seçib sözü yerində işlədə bilmək, daha yaradıcılıq problemi olmamalıdır. Müasir dövrdə daha çox o qəzetlərə inanılır və oxunur ki, informasiyası bol, "suyu" azdır, qərəzsiz, vicdanlı materialları ilə oxucunu inandıra bilir, daim o inamı doğruldur. Yəni bu gün yazdığı xəbərə sabah təkzib verəcəksə, bu gün yazdığı "tozanaq qaldıran" informasiya sabah yalan çıxacaqsa... Üzeyir bəy demişkən, o - heç. 

   - Deyirlər ki, hər şey ehtiyacdan doğur. Uzun illərdir Azərbaycan jurnalistikasında "reket" jurnalistikası deyilən bir anlayış var... Buna da ehtiyac vardı? 

   - Hər şey zərurətdən doğur ifadəsi ilə razıyam. Amma hesab etmirəm ki, "reket" jurnalistikasına ehtiyac vardı. Açığı, mən bu "reket" sözünü də yüzdəyüz məqbul görmürəm. Jurnalistikada "reketlər" dəstəsi necə ola bilər. Reketlik edənlər jurnalistikadan kənar insanlardır. Əgər jurnalist öz dünyagörüşünə, təfəkkürünə uyğun hansısa bir üslubdan istifadə edib hətta "qəzetəçi Rza bəy" kimi 5 manat xatirinə nələrisə təhriflə yazırsa, bunun adı "reket" fəaliyyəti deyil. Kriminal aləmə aid olan "reket" sözü mədəniyyət aləminə aid olan jurnalistika üçün çox sərt ifadədir. Reket fəaliyyətində açıq "razborkalar" gedir, silahdan istifadə olunur, qan axıdılır, dava-dalaş, ölüm-itim olur. Reket harasa basqın edir, lazım bilsə güc tətbiq edir, dağıdır, tökür. Və böyük pullar əldə edir, var-dövlət sahibi olur. Bu cür "qoçu Əsgər" kimi kriminal xarakterli işləri məsum bir peşə ilə bağlamaq məncə peşəkarlıqdan kənar işdir. Onlara başqa ad verib utandırmaq, çəkindirmək, jurnalistikadan uzaqlaşdırmaq olar, yalançı demək olar, fakt varsa hətta onları "yaramaz" saymaq olar... Əlində silah tutub bir obyektə basqın edən reket fəaliyyəti ilə silahı yalnız əlindəki qələm olan jurnalistika fəaliyyəti miqyas və niyyət etibarilə identik olmadığından bunlar qoşalaşdırıla bilməz. Əslinə qalanda obyektdə şəffaflıq varsa, üstünə gələn subyektdən niyə çəkinməlidir ki?! 

   - Bəs sizə necə, "reket" deyilən juranlistlər müraciət edirmi? 

   - İllər öncəsi burdakı fəaliyyətimin ilk dövrlərində olurdu. Tanımayan-bilməyən ya aldatmağa, ya yalan danışıb nəyəsə nail olmağa, ya məndən şikayət edəcəyi ilə nəyəsə cəhd göstərirdi və bəzən bu donosbazlıqlığını reallaşdırırdı da. Amma sonra gördülər ki, yox, "bu həna o hənadan deyil", çəkilib getdilər başqa "obyektlərə". Sonra əksinə oldu, "reketlik" edənlərdən mənə şikayətə gəldilər. Mən də səlahiyyətim çərçivəsində belə yaramaz halların qarşısını almağa çalışmışam. Həmin jurnalistlə hədə-qorxusuz, "gözağartmasız" danışıb başa salmağa, tövsiyə etməyə çalışmışam. Nüfuz olan yerdə mədəni rəftar daha demokratik və daha effektli idarəetmə üsuludur. Ziyalı adamları (jurnalistlər ziyalılardır axı) əyri yoldan çəkindirmək üçün avtoritar üsuldan istifadə özünü doğrultmur. 

   - Uzun illər radio və televiziyada çalışmısınız, indiki teleaparıcıların danışığı, geyimi, davranışı professionallığa uyğundurmu? 

   - Əlbəttə, efirdə çıxış edənlərin nitqində dialekt, şivə yolverilməz haldır. Özü də təkcə teleaparıcılar deyil, bütün ekrana çıxan insanların, mütəxəssislərin, ifaçıların geyimi, saç düzümü, danışığı cəmiyyətdə və hətta müasir sivil dünyada (bir halda ki, biz efir vasitəsilə dünyaya çıxırıq) ümumi qəbul edilmiş normalara uyğun olmalıdır. Şit geyimlə, zövqsüz makiyajla, "kirli traş"la, eybəcər saqqalla, papaqla, örtüklə və s. efirdə görünməyin əleyhinəyəm. Bu görüntü efir estetikasını da pozur, müasir tamaşaçının zövqünü də korlayır, xalq və millət haqqında təsəvvürləri də. Burada ciddi nəzarət olmalıdır. Yəni "senzor" nəzarəti yox, sözə, fikirə nəzarət yox. Əxlaqa, estetikaya, etiket qaydalarına, mədəni davranış normalarına nəzarət. Bunun üçün bəlkə də bir səriştəli qurum olmalıdır, ya nəsə başqa bir mexanizm... Hər halda müasir dünyəvi, demokratik, müstəqil respublikamızın qanunvericiliyinə uyğun və mütərəqqi imicinə yaraşan yaradıcılıq, peşəkarlıq tənzimatı efir üçün də vacibdir. 

   - Tanınmış jurnalist, böyük yaradıcılıq yolu keçmiş yazıçı, Akif Əlini mətbuatla mütəmadi ünsiyyətdə görürük. Amma bəzi qurumların mətbuat xidməti rəhbərləri bizlərdən elə bil qaçır, gizlənir, əlaqə qurmaq olmur... Bəziləri isə ümumiyyətlə mətbuata, müxbirə yuxarıdan aşağı baxır... Niyə belədir? 

   - Hər insan şəxsi keyfiyyətləri ilə var olur. İnsan vəzifə sahibi olmazdan öncə şəxsiyyətə, zəngin mənəviyyata sahib olmalıdır. Bundan sonra onun gördüyü işlər effektli olar. Təkəbbürlü adamın uğuru müvəqqəti olar. Təkəbbürün, qaba davranışın klassik adı var - nadanlıq. Bu hal bir fərd kimi yetkin olmamaqdan, həyata fəlsəfi münasibət bəsləyə bilməməkdən irəli gəlir. Sizin dediyiniz kimi olan xidmət adamları varsa, yəqin onlar güman edir ki, həyat yalnız bu gündən ibarətdir, sabah olmayacaq və o bu günün tərzinə uyğun yaşayır. Amma həyat milyon ildir var və bizim dünənimiz olduğu kimi sabahımız da olacaq. Baxın, kimlər gəldi, kimlər keçdi bu dünyadan... 

   - Deyirlər, idarənin mətbuat xidməti o qurumun güzgüsüdür, elədirmi? 

   - Mətbuat haqqında "ayna" sözü ümumiyyətlə, məşhurdur. Hələ yüz il öncə Sabir yazırdı: 

   "Şairəm, çünki vəzifəm budur əşar yazım, 

    Gördüyüm nikü-bədi eyləyim izhar, yazım, 

    Günü parlaq, günüzü ağ, gecəni tar yazım, 

    Pisi pis, əyrini əyri, düzü həmvar yazım. 

    Niyə bəs boylə bərəldirsən, a qare, gözünü? 

    Yoxsa bu ayinədə əyri görürsən özünü?!" 

   "Aynada göstərmək" qələm adamlarının funksiyasıdır. Cəmiyyətdə baş verən hadisə mətbuat aynasında öz əksini tapır. Mətbuat xidmətləri də təmsil etdikləri qurumun fəaliyyəti barədə cəmiyyəti məlumatlandırır. Bir fərq var ki, mətbuat xidməti ikitərəfli hərəkət növüdür. Yəni cəmiyyətlə dövlət qurumu arasında əlaqəçidir, yaxud körpüdür... Dedik ki, mətbuat-aynadır və kim özünü orda əyri görsə, əsəbiləşər təbii. Amma adətən özü "əyri" olanın (yəni "əli əyri", "əməli əyri", "düşüncəsi əyri" anlamında) əksi aynaya əyri düşər. Burda aynanın nə günahı? Bununla belə obyektivlik naminə onu da deyək ki, bu gün büsbütün əyri olan mətbu orqanlar da var. O dərəcədə əyri ki, hətta dümdüz adam da bu əyri güzgülərdən qurulan mətbu orqanın səhifəsində əyri görünür. Bax, bu çox pisdir. Çünki belə mətbu orqanın mövcudluğu ölkəyə də, vətəndaşa da, öz oxucusuna da, nəhayət, mətbuatın əzəli funksiyasına da xəyanətdir. 

   - 19-cu ildir ki, jurnalistlərlə çalışırsınız, yorulmursunuz ki? 

   - Adam sevdiyi işdən yorulmaz. Mən də qələm adamıyam. Gənclik illərində Teleradioda reportyor kimi də işləmişəm, Baş redaktor kimi də. Bu gün də jurnalistika aləmində həm çoxlu dostlarım, həm çoxlu tələbələrim var. Və mən jurnalistlərlə dost kimi, həmkar kimi qarşılıqlı anlaşma şəraitində yalnız hökumətin mənafeyi naminə işləyirəm. Mətbuat xidmətindəki işin həcmi isə ömür boyu topladığım təcrübə və işgüzarlıq potensialımın az bir qismini tələb edir. Odur ki, hətta 19-cu ildə də yorğunluq hiss etmirəm... 

   - Bəzən görürsən həyatda hər şeyi pulla almağa gücü çatan birisinin mənəviyyatı puçdur, əxlaqı aşağıdır... Ruhsuz, hissiz, duyğusuzdur, daş kimi - qaya kimidir... 

   - İnsan ruhu, mənəvi aləmlə insandır. Kimsə ömrü boyu hər şeyi pulla alıb-satsa, belə maraqsız iç dünyasında o, rahatlıq tapa bilməz. Nə nüfuz, nə hörmət sahibi ola bilməz. Kimlərsə ona baş əyə bilər, üzünə gülə bilər, bəli-bəli deyər, amma arxasınca başqa cür hərəkət edər. Əlbəttə, çətindir nəfsi qorumaq, qənaətcil həyata dözmək, amma dünyanın bütün müdrik insanları belə yaşayıb. Dünyanı idarə edən müdriklər həmişə Tanrının bu Doğru Yolu ilə gedən insanlar olub. Bəşərə nümunə onlardır. 

   - Adam bəzən özü ilə tək qalanda vicdanı ilə söhbət edir, səhvlərinə, peşmançılıqlarına göz atır. Siz tək qalanda, necə düşünürsünüz, dediyiniz o Doğru Yoldasınızmı? 

   - Bilmirəm... Amma həmişə buna çalışmışam. 

   - Peşmançılıqlarınız necə, olub? 

   - Məişət səviyyəsində ola bilər. Təbiidir. Yer üzərində ideal adam azdır. Amma həyatın, yaşayışın önəmli magistral xəttini darmadağın edəcək öldürücü peşmançılıq... olmayıb. Bütün ömrüm boyu vətənə, dövlətə, xalqa xidmət mənim amalım olub. Bu patetik sözlərə inansanız da, inanmasanız da - həqiqətdir!


İradə CƏLİL




Kataloq: wp-content -> uploads -> 2017

Yüklə 26,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə