Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana



Yüklə 0,52 Mb.
səhifə1/8
tarix10.01.2022
ölçüsü0,52 Mb.
#109020
  1   2   3   4   5   6   7   8

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Mərkəzi Kitabxana

İrəvan xanlığı



(Tövsiyə ədəbiyyat siyahısı)



1747-1828

HAZIRLADI: CƏMİLƏ SƏMƏDOVA

(Kitabxana-biblioqrafiya proseslərinin avtomatlatlaşdırılması şöbəsinin müdiri)

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında hazırlanan “İrəvan xanlığı” adlı tövsiyə ədəbiyyat siyahısı Azərbaycanda XVIII əsrin II yarısında yaranmış xanlıqlardan biri olan İrəvan xanlığına həsr olunub. Vəsiatdə müstəqil dövlət qurumuna çevrilməzdən əvvəl bu feodal dövlətinin tarixi, ictmai-siyasi vəziyyəti, siyasi tarixi, mədəniyyəti, memarlıq abidələri, folkloru haqqında həqiqətləri özündə əks etdirən ədəbiyyat oxuculara təqdim edilib.




Azərbaycanda XVIII əsrin II yarısında yaranmış xanlıqlardan biri də mərkəzi İrəvan şəhəri olan sabiq Çuxursəd bəylərbəyliyinin ərazisində yaranmış İrəvan xanlığıdır. 1747–1828-ci illərdə mövcud olmuş bu tarixi feodal dövlətinin- İrəvan xanlığının əsası XVIII əsrin ortalarında Mirmehdi xan tərəfindən qoyulub. Xanlıq Qarabağ, Naxçıvan və Maku xanlıqları ilə, Osmanlı imperiyası, Kartli-Kaxetiya çarlığı, Borçalı, Qazax sultanlıqları ilə həmsərhəd olub. Mərkəzi İrəvan şəhəri idi.

Müstəqil, lakin xırda feodal dövlətinə çevrilməzdən əvvəl İrəvan xanlığı mürəkkəb və uzun tarixi yol keçmişdir. Məlum olduğu kimi, XVI əsrin lap əvvəllərində Təbriz şəhəri mərkəz olmaqla, böyük bir ərazidə Səfəvi dövləti yaranmışdı. Bu dövlət 1514-cü ildən başlayaraq müəyyən fasilələrlə, XVIII əsrin 30-cu illərinə qədər Osmanlı Türkyəsilə qanlı müharibələr aparmışdır. Həmin müharibələr zamanı ucsuz-bucaqsız Səfəvi dövlətini idarə etmək çətinləşdiyinə görə XVIII əsrin 30-cu illərində ölkə inzibati cəhətdən Qızılbaş tayfaları arasında bəylərbəylilik adlanan on üç əyalətə bölünmüşdü. Belə əyalətlərdən biri mərkəzi İrəvan (Rəvan) şəhəri olan Çuxursəd bəylərbəyliyi idi.

Bəylərbəyliklər də öz növbəsində inzibati cəhətdən bir neçə mahallara bölünürdü. Bu mahalları idarə edən şəxs xan və yaxud sultan rütbəsini daşıyırdı.

Bu inzibati-ərazi quruluşu Səfəvilərdən miras qalmış, Rusiya işğalına qədər və bundan da bir qədər sonrayadək davam etmişdi. İrəvan bölgəsi siyasi vəziyyətdən asılı olaraq ərazi dəyişikliyinə uğrasa da, mahalların adları, adətən, dəyişilməz qalmışdı.

İrəvan xanlığının mahalları aşağıdakılardır:

Qırxbulaq mahalı;

Şərur mahalı;

Zəngibasar mahalı;

Sürməli mahalı;

Gərnibasar mahalı;

Dərəkənd-Parçenis mahalı;

Vedibasar mahalı;

Göyçə mahalı;

Səədli mahalı;

Talın mahalı;

Seyidli–Ağsaqqallı;

Sərdarabad mahalı;

Körpübasar mahalı və ya Talın mahalı;

Abaran mahalı;

Dərəçiçək mahalı.

Bu mahallarda 831 kənd qeydə alınmışdı.

İrəvan hakimlərinin qoşunu şəxsi qvardiyadan, nizami qoşun hesab olunan sərbazlardan, maaflardan, elbəyilər və bəylərin dəstələrindən ibarət idi.

İrəvan xanlığı hərbi əməliyyatlar zamanı 3.600-5.000 nəfər qoşun çıxara bilərdi. Xan hakimiyyətinin əsas dayağı ordu idi. Qoşunun əsas hissəsi qeyri-nizami olub maaflar və elatlardan təşkil olunurdu.

İrəvan şəhərinin yerləşdiyi ərazi müxtəlif zamanlarda Sasanilər, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, Elxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar sülalələrinin tərkibinə daxil olmuşdur. Bölgə özünün karvansaraları, qalaları, məscidləri, binaları və digər memarlıq abidələri ilə zəngin olmaqla bərabər, bu abidələr orijinallığı, memarlıq üslubu ilə seçilmişdi. İrəvan bölgəsinin memarlıq abidələri sübut edir ki, bəhs etdiyimiz dövrdə bu diyarda da bir sıra gözəl imarətlər yaradan memar-bənnalar olmuşdu.

İrəvan xanlığı Mirmehdi xandan sonra Hüseynəli xanın dövründə möhkəmləndi. Hüseynəli xanın oğlu Məhəmməd xan Qacarın dövrü İrəvan xanlığında ən uzunmüddətli xan dövrü sayılır. Məhəmməd xan fasilələrlə İrəvan taxtında 21 il oturdu.

Məhəmməd xandan sonra hakimiyyətə Hüseynqulu xan Qacar gəldi. Onun hakimiyyəti dövründə İrəvan Rusiya imperiyasının dağıdıcı yürüşlərinə məruz qaldı. İrəvan işğal olunduqdan sonra Hüseynqulu xan Makudan Qacar şah sarayına getdi. 1828-ci ildə Qacar hökuməti Hüseynqulu xanı Xorasana göndərərək oraya hakim təyin etdi. Xorasanda mərkəzi hakimiyyətə qarşı çıxışları yatıran Hüseynqulu xan, orada asayişi təmin edə bildi. 1831-ci ildə vəfat etdi.

Hüseynqulu xanın hakimiyyəti dövrü İrəvan xanlığının mədəniyyətinin pik həddə çatdığı dövrdür. İrəvandakı Göy məscid və Sərdərabad mahalındakı eyni adlı qala Hüseynqulu xanın əmri ilə tikilmişdir.

1827-ci il oktyabrın 6-da İrəvan xanlığı ruslar tərəfindən işğal edilir və bu işğal 1828-ci il fevralın 10-da Türkmənçay sülh müqaviləsi ilə möhkəmlənir.

Bu müqavilənin 15-ci bəndinə əsasən Qacarlar və Osmanlı imperiyası ərazisində yaşayan erməni əhalisi Cənubi Qafqaza köçürülür.

Türkmənçay müqaviləsinin təsdiq edilməsinin (20 mart, 1828) ertəsi günü I Nikolay “Erməni vilayəti” yaradılması haqqında fərman imzaladı. Fərmanda deyilirdi: “İranla bağlanmış müqaviləyə əsasən, İrandan Rusiyaya birləşdirilən İrəvan və Naxçıvanı bundan sonra “Erməni vilayəti” adlandırmağı hökm edir və öz titulumuza daxil edirik. Həmin vilayətin quruluşu və onun idarə edilməsi qaydası haqqında Ali Senat lazımi fərmanları öz vaxtında alacaqdır”.

Beləliklə, 1829-1832-ci illərdə həyata keçirilmiş kameral siyahıyaalınmanın təhlilindən belə nəticəyə gəlmək olar ki, Rusiya-Qacar müharibələrindən əvvəl İrəvan xanlığının əhalisi 134.646 nəfərdən ibarət olmuşdu. Bunlardan 99.609 nəfəri Azərbaycan türkü, 19.878 nəfəri erməni, 14.902 nəfəri kürd, 257 nəfəri qaraçı idi.

Ümumilikdə isə 1828-1830-cu illərdə Azərbaycan ərazilərinə Türkmənçay müqaviləsinə (1828) əsasən 40.000 İran ermənisi, Ədirnə sülh müqaviləsinə (1829) əsasən isə 84.000 Türkiyə erməniləri köçürülmüş və onların da böyük hissəsi Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirilmişdir. Məhz bu dövrdən başlayaraq Azərbaycanın qərb torpaqlarında ermənilərin yerləşdirilməsi yaxın gələcəkdə yerli Azərbaycan türklərinə əhaliyə qarşı kütləvi qırğınlardan, soyqırımı və deportasiyadan xəbər verirdi.





Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin