Şəhadət aşiqləri


Müslim ibn Əqil əməliyyatı



Yüklə 9,35 Mb.
səhifə47/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
1   ...   43   44   45   46   47   48   49   50   ...   73

Müslim ibn Əqil əməliyyatı


I

Qatarla Təbrizə çatanda dəmiryol vağzalı şən və kədərli gözlərlə, gül budaqları, üzərlik və gülab ətri ilə dolmuşdu. Hamıdan qabaq xalamı gördüm. İzdiham döyüşçüləri dövrəyə almışdı. Gözüm hələ də Əli Təcəllayini axtarırdı. Bütün döyüşçülər Rəhmət vadisi məzarlığına gedən avtobuslara minirdilər. Getmək istəyirdim, amma hələ çatmamış qaçmağa ürəyim gəlmədi. Qərara gəlmişdim ki, evdə olduğum müddətdə yaxşı və dərsoxuyan uşaq olum ki, növbəti dəfə cəbhəyə getmək üçün problem yaşamayım.

Ertəsi gün məktəbə getdim. Döyüşçü şagirdlərə təşəkkür mərasimi keçirilirdi. Uşaqlar həyətə toplaşmışdılar. Müəllimlərin ikisi danışandan sonra söz mənə verildi. Mikrofona yaxınlaşıb bir neçə kəlmə danışdım. Məhəmmədbaqir Xanməhəmmədi də mənim kimi Fəthülmübin əməliyyatında yaralanmışdı. O, yazılarının birini oxudu. Sonda Razi orta məktəbinin qonağı, Sepahın qəbul müdiri Məhəmmədrza Basir yaxşı çıxış etdi. Özü əməl adamı olduğuna görə sözləri könül oxşayırdı. Eşitmişdim ki, o, hər gün bir neçə şəhid ailəsinə baş çəkib problemlərini həll edir. Mərasimin sonunda televiziya kamerası önündə boynumuza çələng saldılar. Ondan sonra məktəbin döyüşçüləri bütün uşaqlar tərəfindən daha da sevildilər.

İki müəllimimiz bizə daha çox hörmət edirdi. Məktəbin döyüşçü uşaqları bilirdilər ki, onlarla görüşəndə mütləq cəbhədən bir xatirə danışmalıdırlar. Onlar hər bir cümləni elə həvəslə dinləyirdilər ki, bu əhval-ruhiyyə ilə cəbhədən necə ayrı qaldıqlarına təəccüblənirdim. Ağa Səməd Bəxtşükuhi və ağa Mənuçöhr Simsari bizə çox şey öyrətmişdilər. Bizim onlarla münasibətimiz müəllim-şagird münasibətindən üstün idi. Mərasimdən bir-iki gün sonra uşaqların biri mənə yaxınlaşıb ağa Simsarinin mənimlə işi olduğunu söylədi. Sinfinə getdim. Məni görən kimi dedi: «Texnologiya imtahanına hazırsan?»

Mən cəbhədə olanda sinif yoldaşlarım imtahan vermişdilər. Cəbhə ilə yanaşı təhsilimi də davam etdirmək istədiyimə görə orada oturub yazdım. Müəllimi sevdiyimə görə dərsini də yaxşı oxumuşdum. Elə orada yazımı yoxlayıb 20 verdi. Ağa Simsari üzünü imtahandan kəsilmiş bir uşağa tutub dedi: «Buna bax, bir neçə ay top-tüfəngin içində olub, bu da qiyməti, sən isə...» Bir neçə gündən sonra yenə məni çağırdı: «Rzayi, müdiriyyətə bir adam gəlib, səninlə işi var».

Adamı görənə qədər beynimə min cür fikir gəldi, görəndə isə çox təəccübləndim. İbtidai məktəbdə müəllimim olmuş ağa Zülfi idi. O, 3-5-ci siniflərdə bizim müəllimimiz olmuşdu və indi bir orta məktəbdə riyaziyyat dərsi deyirdi. Fəthülmübin əməliyyatında cəbhədə olduğumu eşidib məni şagirdlərinə söhbət etmək üçün aparmağa gəlmişdi. Ona minnətdarlığımı bildirib təklifini qəbul etdim. Altıncı sinif uşaqları mənim sözlərimə elə qulaq asırdılar ki, sanki bir müharibə filmi izləyirdilər.

Bu iki hadisədən sonra döyüşçülüyün ağır məsuliyyət olduğunu dərk etdim.

Aprelin ortaları idi. Yaralarım sağalmışdı, amma ürəyim qərarsız idi. Cəbhənin fikri beynimdən çıxmırdı, amma bilirdim ki, ailəmin qəbul etməsi imkansızdır. Hələ gəlişimdən iyirmi gün ötməmişdi.

Təcəllayinin cəbhəyə ezam müdiri olduğunu eşidəndə sevincim yüz qat artdı. Hafiz xiyabanında yerləşən Cəbhəyə Ezam Mərkəzinə toplaşdıq. İlk dəfə olduğu kimi, yenə də Məhəmmədlə birgə gəlmişdik. Avtobusa mindik. Hələ həyəcanlı idim, amma öz-özümə deyirdim ki, bu həyəcan avtobusla bağlı acı xatirəmə görədir, qatara çatanda hər şey bitəcək. Lakin həyəcanım qatarda da davam etdi. Bu dəfə döyüşçülərin sayı olduqca çox idi. Qatar fit çalanda kupenin qapısı açıldı və qardaşım Abdullah qapıda göründü.

Salam verib digər sözlərimi demək istəyirdim, o isə imkan verməyib hirslə dedi: «Əleykə salam. Hara gedirsən, Mehdi?! Yazıq anam infarkt keçirib, sənsə belə bixəbər gedirsən?!»

Ürəyim üzüldü. Bütün həyəcanlarım bundan ötrü imiş. Fikirləşdim ki, qayıtsam və anam məni görsə, yaxşılaşar. Bəlkə də layiq olmadığıma görə Beytülmüqəddəs əməliyyatına çatmadım. Çiynimdə çanta qatardan endim. Qatar getdi, biz də tələsik evə yollandıq. Yolda nə mən bir şey soruşdum, nə də qardaşım bir söz dedi. Qapını açıb həyəcanla soruşdum: «Hanı? Anam haradadır?»

– Xalagildədir, axşamüstü gələcək.

Divarın yanında dizi üstə oturub utanmadan ağlamağa başladım. Fikirləşirdim ki, Allah bilir, indi qatar haraya çatıb.
II

Ramazan ayı idi. Məhəllə uşaqları futbol yarışı keçirirdilər, biz də tamaşaçı idik. Məhəmməd Məhəmmədpur yanımda oturmuşdu.

Oyun get-gedə qızışmış, tamaşaçıların sayı artmışdı. Cavad Fərzamianın velosipedlə bizə doğru gəldiyini görəndə onun da tamaşaya tələsdiyini düşündüm, lakin çatanda ağladığını gördüm.

– Nə olub, Cavad? Niyə ağlayırsan?

Cavad Beytülmüqəddəs əməliyyatının ilk günlərində boynundan yaralanmışdı və şəhərdə müalicə alırdı. Beytülmüqəddəs əməliyyatından sonrakı cəbhə ezamında da yarasına görə gedə bilməmişdi. Amma onu heç vaxt belə görməmişdim. Özünü ələ ala bilmirdi. Məhəmmədlə onun sağ-soluna keçib məscidə apardıq. Hələ ağlayırdı.

– Bəs nə üçün bu qədər narahatsan? Bir söz de.

– Şəhid oldular... Mənuçöhr Simsari və Səməd Bəxtşükuhi Ramazan əməliyyatında şəhid oldular.

Bu söz ürəyimin ortasına qədər gedib yandırdı. Özümdən asılı olmadan, mən də ağlamağa başladım. Daha nə üçün ağladığımızı soruşan yox idi. Onları tanıyan hər kəs nə baş verdiyini bilirdi. Bizdən xatirə danışmağımızı istədikləri günlər yadıma düşdü. Beytülmüqəddəsdən sonra onlar cəbhəyə gedəndə bir-birimizə deyirdik: «İndi onların növbəsidir, gedib bizə xatirə gətirsinlər”. İndi isə özləri, bütün söz və əməlləri bizə xatirə olmuşdu...

Ertəsi gün məktəbə getdim. İyunun ortaları olsa da, hələ get-gəl çox idi. Məktəbin İslam birliyinin sədri idim, işçi və müəllimlərlə yaxşı münasibətim vardı. Bəzən müəllimlər otağında da otururdum. Həmin gün də müəllimlər otağına getdim. Mənuçöhr və Səmədin adətən, oturduqları yerə yaxınlaşdım və daha bayıra çıxa bilmədim.

– Rzayi, nə olub? Nə üçün qara geyinmisən?

– Heç, uşaqların biri şəhid olub.

Xəbəri necə verəcəyimi bilmirdim, amma məktəbin o işçisi də Bəxtşükuhi ilə bir məhəllədən idi. Məndən əl çəkmədi. Sanki ürəyinə nəsə dammışdı. Kövrək səslə dedi: «Özüm bəzi şeylər bilirəm, sən niyə heç nə demirsən?» Bütün müəllimlərin üzü mənə çevrilmişdi. Bilmirəm necə dedimsə, hamı ağlayıb başlarına vurdular. Daha orada qala bilmədim.

Məktəb yasa batdı və hamı onların pak cənazələrini qarşılamağa hazırlaşdı. Bir neçə gündən sonra isə iki xəbər gəldi: biri Təbrizin Şəhid evindən, biri isə İmam Xomeyni xəstəxanasından; Şəhid Səməd Bəxtşükuhinin cənazəsi evinə gəlmişdi, Mənuçöhr Simsarinin cəsədi isə itkin düşmüşdü.

Səməd başı ilə bədəninin bir hissəsini aparan tank mərmisi ilə şəhid olmuşdu. İmam xəstəxanasında Məhəmmədbaqir Xanməhəmmədi başındakı güllə yarasından yatırdı. İyirmi gün yalnız süni tənəffüslə nəfəs aldı. Atasını görürdüm, çox əziyyət çəkirdi. Ona deyə bilmirdim ki, Məhəmmədbaqir getməzdən öncə vəsiyyətnaməsini mənə verib. Hərdən xəstəxanaya, hərdən də şəhidlərin yas məclislərinə gedirdim. Məclislər şəhidlərin özlərinin istəyinə əsasən, sadə keçirilirdi. İyirminci gün Məhəmmədbaqir də şəhidlərə qovuşdu və mən vəsiyyətnaməsini ailəsinə verdim.

Artıq şəhərdə bir gün də qala bilməzdim. Səhər Məhəmməd Məhəmmədpurun yanına getdim, günorta da anama dedim ki, hamama getmək istəyirəm. O da hamam paltarlarımı çantaya qoyub mənə verdi.

– Allaha əmanət! Tez qayıt!

Yarım saatdan sonra isə Cəbhəyə Ezam Mərkəzində idim. Oradan Təbrizin dəmiryol vağzalına, sonra isə Tehrana yola düşdüm. Danışdıq ki, Məhəmməd axşamüstü bizə gedib hamamdan sonra cəbhəyə yollandığımı anama desin.
III

1982-ci ilin avqustu idi. Ramazan əməliyyatının şəhidlərinin qəm-qüssəsi hələ də ürəyimi yandırırdı. Cəbhəyə ezam üçün Təbrizdən təkbaşına müraciət etdim və 10-20 miyanəli könüllü ilə yola düşdüm.

Əhvaza çatanda Gülüstan məktəbinə getdik. Beytülmüqəddəs əməliyyatından sonra Aşura briqadasının qərargahı Gülüstan məktəbinə köçmüşdü. Oradan dərhal Xürrəmşəhrin yaxınlığında yerləşən Hüseyniyyə stansiyası adlı yerə, briqadanın düşərgəsinə getdik. Düşərgədə bizi Əl-Mehdi batalyonuna verdilər. O batalyonda hər şəhər və rayondan adam vardı: Xoy, Miyanə, Səlmas, Təbriz, Marağa... Buna görə də, çoxmillətli batalyon adı ilə məşhurlaşdı.

Batalyonun komandiri Bəni-Həsən,1 bölüyün başçısı isə Məhəmmədhəsən Söhrabi idi. Döyüşçülərin çoxu azyaşlı idilər. Mən doqquzuncu sinfi bitirdiyimə görə onların arasında savadlı sayılırdım. Hər halda, püşkatmada ratsiya mənə düşdü. Qardaş Səfər Həbəşi2 Əl-Mehdi batalyonunun komandiri, Bayraməli Verməzyari3 də bizim bölük komandirimiz oldu. Fərhəng Ətrəhi birinci taqımın, Şikarlı ikinci taqımın, Heydər Mehdixani də üçüncü taqımın komandiri oldu. Əl-Mehdi batalyonunun birinci bölüyü bu şəkildə təlimlərə başladı.

***

Üskü çörəyi, bir neçə hamam, təchizat bölüyünün maşını və Xürrəmşəhrə bir neçə saatlıq məzuniyyətlər göstərirdi ki, Fəthülmübin əməliyyatına nisbətən bu dəfə batalyona daha yaxşı imkanlar yaradılıb. Təbii ki, biz də bu imkanlardan maksimum istifadə edirdik. Məsələn, şəhər hamamlarına xoşumuz gəldiyinə görə saatlıq məzuniyyət alıb batalyonun avtomobili ilə şəhərə gedib-qayıdırdıq.



Səhraya və cənuba uyğun əməliyyat təlimləri keçirilir, istehkama hücum, ələkeçirmə və təmizləmə işləri öyrədilirdi. Təlimi Ramazan Fəthi keçirdi. Kvadrat bir sahədə hər biri bir bölüyə məxsus çadırlarda təxminən iki həftə qaldıq. Hərdən ilk cəbhə günlərini xatırlayırdım. Dostlarım və hamıdan tez şəhadətə tələsmiş Məhəmmədbaqir yadıma düşürdü. Mənuçöhrlə Səmədi tez-tez yuxuda görür və hər dəfə narahat olurdum. Yay idi və cənubda hava olduqca isti keçirdi. Əməliyyata çox tələsirdim.

Bir axşam bizə silah, fişəng və digər sursatlar verildi. Maşınlara minib naməlum istiqamətə yola düşdük. Uşaqlar zarafatlaşır, mənsə bu yerdəyişməyə çox sevinirdim. Bir neçə saatdan sonra maşından enən kimi sərin dağ havasını hiss etdim. Tezliklə öyrəndik ki, İslamabaddan keçmiş və Sərpol Zəhabın yaxınlığında Sumara gedən bir yola girmişik.

Sumar çayını arxada qoyandan sonra Aşura briqadasının düşərgəsində yerləşdik. Ora geniş dərə idi, düşmən bombardmanlarından qorunmaq və briqadaya təlim keçmək üçün seçilmişdi. Qarşımızda Sumar çayı, arxamızda da dərəni iki yerə bölən təpə dayanırdı. Çadır və səngərlərin yerlərindən bilinirdi ki, bütün şəxsi heyəti dərənin içində yerləşdirməyə çalışmışlar. Dərənin sol tərəfində Əl-Mehdi və Şəhid Səduqi batalyonları, arxa tərəfdə də Şəhid Mədəni və Şəhid Qazi batalyonları yerləşmişdilər. Tədricən orada Şəhid Behişti batalyonu da yaradıldı.

İraq təyyarələri elə ilk günlərdə "xoşgəldin" deməyə gəldilər. Düşərgə və ətrafı on dəfədən artıq bombalandı. Dərənin çökəkliyi isə uşaqlara sığınacaq vermişdi və tələfat çox az oldu.

Bombardman şəhidlərindən biri Şəhid Səduqi batalyonunun təchizat bölüyündə xidmət edən Becani idi. Onun maşının içində, çalışdığı yerdə şəhid olması mənə çox pis təsir etdi. Onun oğlu mənim sinif yoldaşım idi. Onunla məhəllədə və Şərbətzadə məscidində çox günlərimiz olmuşdu, dəfələrlə birgə keşik çəkmişdik, indi isə cəbhəyə ilk gəlişində şəhadətə qovuşmuşdu.

Yeni düşərgədə keçdiyimiz təlimlər dağ təlimləri idi: yüksəkliyə hücum, yüksəkdən dövrə vurmaq, hərbi hissəyə hücum etmək, təmizləmək və s. Gündüzün əksər saatlarını və bəzən gecələr də təlim keçirdik. Bütün namazlar camaat namazı şəklində qılınırdı. Qarşıda döyüşün olacağını bilərək dərənin içində dua oxumağın başqa ləzzəti vardı. Bəzən bütün bölük bir yerdə, bəzən də hər taqım ayrı-ayrılıqda çadır və səngərlərdə dua oxuyurdular. Bölükdə xüsusi bir məddahımız yox idi. Bir dəfə taqım komandirimiz Şikarlı ilə mən Təvəssül duası oxumaq qərarına gəldik. İlk dəfəm idi, bir neçə səhvim də oldu, amma uşaqların mənəvi halı hər şeyi düzəldirdi.

Artıq dərəyə adət etmişdik və hərdən Sumar çayına gedirdik. Səid Çərtab1 orada mənə üzməyi öyrətdi. Çayın suyu çox yerdə o qədər dayaz idi ki, avtomobil də keçə bilirdi. Bir neçə gündən sonra məni və digər bir qrup döyüşçünü ayırıb Baxtəranda bir məktəbə apardılar. Orada Əli Qüdsi adlı bir qardaş bizə ratsiyadan istifadəni öyrətdi. Qayıdandan sonra bizə bir ratsiya verdilər və mən bir kalaşnikov avtomatı da götürdüm.

Təxminən iki ay yarım dərədə qaldıq, və artıq təlimlər bitmişdi. O müddətdə heç kim məzuniyyətə getməmişdi və yavaş-yavaş səbirsizlik yaranırdı. Bir dəfə diviziya komandirinin çıxış edəcəyini xəbər verdilər. Mühüm bir məsələ baş verdiyini təxmin etdik. Həsən Baqirini2 görəndə isə təəccübləndik. Dostlarla gülüb deyirdik: «Bax, bu uşaq bizə danışmağa gəlib!»

Üzündə saqqalı yox idi, yaşı çox az görünürdü. Onun Nəsr diviziyasının komandiri olduğuna inana bilmirdik. Bir neçə gündən sonra da ilk dəfə Mehdi Bakirinin çıxışını dinlədik. O, həmin günlərdə Sepahın rəhbərliyi tərəfindən Aşura briqadasına komandir təyin olunmuşdu. Uşaqlar Əli Təcəllayinin komandir olmadığına görə narahat idilər. Hələ heç kim ağa Mehdi Bakirini tanımırdı. O, çıxışının əvvəlində bəzi Quran ayələrini oxudu, səlis tərcümə və təfsir etdi. Quranla ünsiyyətdə olduğu asanlıqla hiss olunurdu. O, erkən İslam çağının döyüşlərindən və müsəlmanların cihad vəzifəsindən danışdı. Ağa Mehdinin sadəliyi və sərbəstliyi hamını valeh etmişdi.

Bir neçə gün ərzində batalyonların sayı artdı. Yeni gələnlərdən Hürr batalyonunu qurdular və bölüklərə bir neçə güclü döyüşçü qatdılar. Saleh Allahyari3 və Qulaməli Şücai də azad bir döyüşçü kimi bizim bölüyümüzə gəldilər.

1982-ci ilin payızının ilk günlərini arxada qoyduqdan sonra hazırlıq əmri verildi: «Komandirin icazəsi olmadan heç kim heç yerə getməsin».

Günortadan sonra bütün batalyon bir səngərə toplaşdı və Səfər Həbəşi əməliyyat planını izah etdi. Daşın üzərinə bir xəritə yapışdırmışdılar. Xəritədə Salman, 402, San-vapa yüksəklikləri və İraqın Məndəli şəhəri görünürdü. Bizim batalyonumuz Çəm-hindi boğazından keçib müdafiə mövqeyi seçməli, düşmənin oradan keçib bizim canlı qüvvəni mühasirəyə almasına və qayçılamasına mane olmalı idik. Çətin tapşırıq idi. Biz ən öndə gedəcək Şəhid Mədəni və Şəhid Səduqi batalyonları ilə hərəkət etməli idik. Onlar Salman yüksəkliyini tutmalı və biz oradan başlayan düzənliyə keçib müdafiə xətti qurmalı və növbəti əmri gözləməli idik.

Bir saatdan sonra batalyon komandirliyindən məni çağırdılar. Orada bir neçə nəfər də vardı. Biz əməliyyat zonasının yaxınlığında bir vaxtlar qazıntı şirkəti olmuş yerə təchizat və ərzaq aparmalı, batalyonun iki gün qalması üçün orada münasib bir yer tapmalı idik. Bundan ötrü hər bölükdən iki nəfər çağırmışdılar. Dərhal toyotanın arxasına yetərincə meyvə şirəsi, çörək və digər qida məhsulları yükləyib yola düşdük. Qazıntı şirkəti kələ-kötür bir dərədə idi və hələ də bəzi qazıntı alətləri orada qalmışdı. Batalyonun yerləşməsi üçün nisbətən təhlükəsiz bir yer seçdik və gecə əl-Mehdi batalyonunun komandir müavini Əvəz Aşuri1 ilə birgə orada qaldıq.

Ertəsi gün günortadan sonra batalyon gəldi və qazıntı şirkəti canlandı. Uşaqlar yerləşənə qədər günəş batdı və Yəhya əmi həmişəki kimi azana başladı. O, Bəsic üzvü olan bir qoca idi. Həmişə azan verməsi onun spesifik xüsusiyyəti idi. Hətta gecə təlimində, istirahət zamanı, sübh çağı – namaz vaxtı olan kimi səsini eşidirdik. Namazdan və şam yeməyindən sonra istirahət etmək lazım idi, lakin səs-küy bitənə və dərəni sükut bürüyənə qədər bir müddət ötdü. Əlbəttə, bu sükut da çox çəkmədi, çünki gözlənilmədən dərədə ortalıq qarışdı və yer-göy titrəməyə başladı.

Yuxu deyildi, oyaq idim və ardı-arası kəsilməyən partlayışların vahiməli səsi həqiqət idi. Başımı itirmişdim. Bütün uşaqlar bu vəziyyətdə idilər. Hər kəs özünü təhlükəsiz bir yerə çatdırmağa çalışırdı.

- Katyuşa ilə vururlar.

Dayanmadan atəş açılırdı. Bir raket bizim 40 metrliyimizdə partladı. Beynim işləmirdi. Uşaqların səs-küyü katyuşa raketlərinin gurultusu arxasında itmişdi. İki əlimlə başımı tutmuşdum. Bu zaman növbəti partlayış dalğası məni silkələdi. Başıma daş və torpaq tökülür, qollarım yanıb qanayırdı. Hələ qollarıma nə olduğunu bilmirdim. Batalyon komandirimiz Həbəşi də daxil olmaqla bir neçə nəfər daha çökək bir yerə sığınmışdılar. Mən də özümü oraya çatdırdım. Bəzi uşaqlar yaralanmışdılar. Əvəz Aşurinin sinəsinə qəlpə dəymişdi və çox qanayırdı. Hələ səs-küy və toz-torpaq yatmamış dayını gördüm. O, batalyonumuzun sürücüsü idi və nədənsə hamı onu dayı çağırırdı. Düz bizim ayağımızın altında uzanmışdı. Yerindən tərpənmədiyini görəndə çox təəccübləndim: «Uşaqlar, dayıya baxın, sanki bir neçə addımlığında katyuşa partlamır”.

O kədərli və həyəcanlı anlarda gülümsəyə bildik, amma Həbəşi üzünü mənə tutub dedi: «Oğlan, bəlkə başına bir iş gəlib?!»

– Bilmirəm. Gedib fənərlə baxaram.

Fənəri üzünə tutanda yuxuda olduğunu düşündüm, amma bir neçə saniyədən sonra gördüklərimdən ürəyim parçalandı. Zəif işıq altında qarnının yarıldığını və içalatının bayıra töküldüyünü gördüm. O, sakit, səssizcə şəhid olmuşdu. İlk dəfə idi ki, o vəziyyətdə bir şəhid görürdüm. Uşaqlar deyirdilər ki, böyük ehtimalla o, raketin zərbə dalğasında olub, çünki qəlpə nə qədər böyük olsa da, belə bir iş görə bilməz. Qardaş Həbəşi dedi: «Maşının açarını cibindən götürün, özünü ədyala bükün».

Açarları cibindən çıxaranda əlim isti qanı ilə islandı. Uşaqların köməyi ilə bədənini ədyalın arasına yığıb digər şəhidlərin yanına apardıq.

Səma işıqlanmaqda idi. Ağır yaralıları təcili yardım bölməsinə aparırdılar. Orada bir neçə otaq vardı, lakin cərrahiyyə əməliyyatları mümkün deyildi.

Namazdan sonra qollarım haqda fikirləşdim. Bədənimə xırda qəlpə və daşlar batmış, qollarımın üstündə qan qurumuşdu. Təcili yardıma getdim və bir həkim qollarımı sarıdı. Yaralar dərin deyildi, amma güclü ağrısı və göynərtisi vardı. Onun işi bitəndən sonra məni gülmək tutdu. Həkim çiynimdən barmaqlarıma qədər hər iki qolumu elə sarımışdı ki, açıb-bükə bilmirdim. Hərəkətsiz oturduğum halda «qardaş doktor, mən əməliyyata getmək istəyirəm, belə olmaz axı» - dedim, o da dirsəkdən yuxarıdakı bandları açdı və mən qollarımı əyib silah götürə bildim.

Təcili yardımdan çıxdım. Səhərin aydınlığında ətrafı daha yaxşı görə bilirdim. Sanki düşmən bizim yerləşdiyimiz yeri öyrənmiş və haranı vuracağını bilirmiş. O zaman ölkəmizin qərbinin kürdlər yaşayan bölgələrində beşinci kolonun fəaliyyəti güclü idi. Güman ki bizim hərəkətliliyimiz düşmənin qulağına çatmışdı. Şəhid və yaralılar arxa cəbhəyə aparıldılar. Əl-Mehdi batalyonunun komandir müavini Əvəz Aşuri də digər yaralılarla geriyə getdi. Batalyonumuz ümumilikdə 10-15 şəhid və yaralı vermişdi.

Sepahın komandanını İlk dəfə onda yaxından gördüm. Möhsün Rzayi uşaqların yanında dayanıb onlarla söhbət edirdi. Günorta idi. Səhərki bombardmandan, bəzi yoldaşlarımızın şəhid edilməsindən yalnız bir neçə saat ötürdü. Günortaya qədər komandirlər batalyonların nizam-intizama salınması və şəxsi heyətin yerləşdirilməsi ilə məşğul olmuşdular, günorta da qardaş Rzayi briqadamıza gəlmişdi. O, əməliyyatdan, bizim müdafiə işimizin mühüm və çətin olmasından və düşmənin oradan mütləq hücuma keçib bizim öndəki uşaqlarımızı qayçılamaq istəyəcəyindən danışıb deyirdi: «Aşura briqadasının döyüşçüləri İmam Hüseyn (ə) aşurasını canlandırmalı, İmam Hüseyn (ə) kimi vuruşmalıdırlar». Onun sözləri uşaqları çox ruhlandırdı.

Aşxamüstü hava buludlu idi. Bölüyümüzə xoylu uşaqlardan bir rabitəçi gəlmişdi və mən snayper olmuşdum. Çoxmilliyyətli əl-Mehdi batalyonu hücuma hazır idi. Hərə bir tərəfdə, bir qədər xəlvət yerdə son saatlarını keçirirdi. Bəzilərinin başı münacata qarışmışdı. Bir dəstə uşaq bir yerə toplaşıb son söhbətlərini, zarafat və vəsiyyətlərini edirdilər. Bəziləri də xəlvət bir yer tapıb yazırdılar. Yavaş-yavaş hərəkətə hazırlıq komandası eşidildi. Bu gecə nə baş verəcəyini səbirsizliklə gözləyirdim.

Sıraya düzüldüm və hərəkət başlandı. Yəhya əmi şam azanını verirdi. Əməliyyat istiqamətinin başçısı Həbib Paşayi1 hündür bir yerdə dayanmışdı. Günəş onun arxa tərəfində qürub edirdi. Əynində partizan forması vardı, başına çəfiyə dolamışdı. Nurlu siması, sıx saqqalı və cəsur görkəmi ona xüsusi əzəmət verirdi. Onu Fəthülmübin əməliyyatında da görmüşdüm; bölük komandiri idi. Süsəngirddə bir müddət Təbriz döyüşçülərinin tibb məntəqəsinin başçısı olduğuna görə o zaman Doktor ləqəbi ilə məşhurlaşmışdı. Həbib hündür bir yerdə dayanmışdı və səsi dərədə əks-səda verirdi. Onun «Əgər siz Allaha yardım etsəniz, O da sizə yardım edər və addımlarınızı möhkəmlədər!»2 sözlərindəki əminliyi bizə çox müsbət təsir edirdi.
IV

Dərənin eni bəzən 60 metrə çatır, bəzən daha da böyüyür və İraq tərəfdə bitirdi. Dərənin qumlu və daşlı yeri mövsümi Çəm-hindi çayının oradan keçdiyini göstərirdi. Təxminən bir saat yürüşdən sonra kolon yolunu dərənin kənarına yaxınlaşdırdı, sonra yuxarı qalxıb hərəkəti düzənlikdə davam etdirdik. İlk dəfə orada bildim ki, bir kəşfiyyatçı öndə gedir və batalyona bələdçilik edir.

Bizim müdafiə mövqeyi seçəcəyimiz bölgə həmin düzənlik idi. Təxminən gecə saat ikidə bizi təpələrin birində yerləşdirdilər.

– Burada dayanıb əməliyyatı gözləyirik.

Müslim ibn Əqil döyüşü 1982-ci ilin 1 oktyabrında «Ya Əbəlfəzl-Abbas» parolu ilə başlandı. Qaranlıq bir gecə idi. Get-gedə açılan atəşlər elə bir həddə çatdı ki, səhv gəldiyimizə şübhəm qalmadı. Düşünürdüm ki, biz əsas döyüş yerinə bu qədər yaxınlaşmalı deyildik. Daim ətrafımızda raket partlayırdı. Yaxınlığımda məndən çox bilən bir adam da yox idi. Təxminən 10-12 nəfər idik. Ürəklənib dedim: «Məncə, biz yanlış gəlmişik». Onlar da mənimlə eyni fikirdə idilər. Dedim: «Gedək taqım komandirinin yanına və...» Ətrafda heç kim yox idi. Döyüşçülərin çoxu oranı tərk edib əsas tapşırıq yerinə getmişdilər, biz isə onlardan öndə olduğumuza görə xəbər tutmamışdıq.

Soyuq gecə idi. Orada qaldığımızı öyrənəndə narahat olduq. Hansı yolla olursa-olsun, oradan uzaqlaşmalı idik. Hərçənd, döyüş o qədər şiddətli idi ki, asanlıqla keçmək olmazdı. Düşmənə o qədər yaxın idik ki, avtomatla atəş açırdıq. Bütün müddəti əsas əməliyyat hədəflərindən biri olan Salman yüksəkliyinin yaxınlığında olduğumuzu bilmədən orada qalmışdıq.

Birdən ağlıma gəldi ki, uşaqları keçidə aparım. Dedim: «Döyüşçülərin çoxu buradan keçirlər, gedək orada batalyonu axtaraq».

Təxminim doğru idi. Dərədə çox adam var idi və xoşbəxtlikdən, çox tezliklə Cəmşid Nəzmini gördüm. Onu öncədən tanıyırdım, Məhəmməd Məhəmmədpur tanış etmişdi. O, həm də Mənuçöhr Simsarinin əmisi oğlu idi. Cəmşid Nəzmi Yasir Zirəkin başçılıq etdiyi Şəhid Səduqi batalyonunda bölük komandiri idi.

Qardaş Nəzmi, biz itmişik.

– Sizin batalyonunuz öndədir. Mənimlə gəlin, mən də oraya gedirəm.

Çox keçmədən Bayraməli Verməzyarinin tanış üzünü gördüm. Yaşı on səkkizdən çox olmasa da, güclü bədəni vardı. Görmüşdüm ki, hər bir minomyotçu köməkçisi yalnız üç əlavə RPG raketi götürürdü, o isə bölük komandiri olmasına baxmayaraq, səkkiz RPG raketini kisəyə qoyub çiynində aparırdı. Onunla birgə tezliklə öz batalyonumuzun uşaqlarına çatdıq. Təpənin başında özümüzə səngər düzəltməli idik. Uşaqların biri ilə işə başladım və süngü ilə müştərək bir səngər qazdıq.

Ötən gecədən güclü atəş davam edirdi. Salman yüksəkliyi birinci gecə bizimkilərin hücumu ilə ələ keçirilmişdi və indi düşmənin ardıcıl əks-hücumları aman vermirdi. Təxminən saat 11-də təchizat qüvvələri dolu maşınlarla təpənin yamacına çatdılar. İmkan tapıb oraya getdim. Bərk gözüm tutan bir qarpızı götürüb tez səngərimizə döndüm. Əlimdə qarpız səngərə yaxınlaşarkən birdən yoldaşım səslədi: «Mehdi, yerə uzan!»

Yerə uzandığım anda üstümdən güclü bir küləyin keçdiyini hiss etdim. Mərmi yaxınlıqda bir daşa dəyib bərk gurultu qopardı. Deyəsən, qarşıdakı təpədən məni 106 topu ilə hədəf seçmişdilər. Əgər o müştərək səngər olmasaydı və o yoldaşım topun alovunu görməsəydi, məndən nə qalacağı bəlli deyildi.

Günortadan sonra amansız raket atəşi yağmağa başladı. Bir raket atılandan sonra 4-5 nəfər yerə uzandı və başıma bərk bir şey dəydi. Qeyri-iradi olaraq əlimi başıma çəkdim. Qan yox idi. Bildim ki, soyuq bir qəlpə imiş.

Batalyonun ağsaqqalı Yəhya əmi də su bakının yanında yaralandı. Çox fəal idi; düşmənin əks-hücumuna cavab verir, yaralı və şəhidləri daşıyırdı. Bir saatdan sonra eşitdik ki, Yəhya əmi təcili yardıma aparılarkən şəhadətə qovuşmuşdur.

Səma buludlu idi. Oktyabrın ikinci günü bitmək üzrə idi. Mən iki dəfə möcüzəvi şəkildə top mərmisindən və raket qəlpəsindən qurtulmuşdum. Get-gedə hava qaraldı. Yəhya əminin azan səsini eşitmədən namaz vaxtının çatdığını bilmək darıxdırıcı idi. Qarşımızdakı yüksəklikdə yerləşən Salman zastavası düşmənin əlinə keçmişdi. Təəssüf ki, uşaqlar dəstək olmadan güclü atəş altında yalnız bir gecə duruş gətirə bilmişdilər.

Əməliyyatın ikinci gecəsi idi. Öncəki gecədən fərqli olaraq, bölgə sükuta qərq olmuşdu. Soyuqdan dişlərim bir-birinə dəyirdi. Bizdən öndə bir dəstə döyüşçü keşik çəkirdi. Bir neçə kisəni üstümə çəkdim, amma soyuq azalmadı. Günəş səhər saat 10-da buludların arxasından çıxana qədər əksər uşaqlar kimi soyuqdan titrədim.

Səhər yenidən atışma başlandı. Düşmənin 106 topları qarşıdakı yüksəklikdən atəş açırdı. Bir tərəfdən yorğunluq, soyuq, təchizat bölməsinin uşaqlarının şəhid olduğuna görə su və yemək çatışmazlığı vardı, bir tərəfdən də yuxusuzluq bizi əldən salmışdı. Həmin vəziyyətdə hücuma hazırlıq əmri verildi. Qardaş Həbəşinin dediyinə görə, hədəfimiz Salman yüksəkliyi idi. Əməliyyat yolu izah olundu və bölüyümüzə Sumar yolunun üstündəki körpünün altından keçmək tapşırıldı. Ondan sonra asfalt yol, sonra da minalar döşənmiş bir dərə və daha sonra Kəlləqəndi yüksəkliyi gəlirdi. İraqlılar həmin yüksəklikdə pusqu qurmuşdular. Üçüncü bölük Kəlləqəndiyə hücum etməli idi. Biz onun önündəki cığırdan keçib Kəlləqəndini dövrə vurmalı və pusquların arxasındakı keçidlərdən Salman yüksəkliyinə qalxmalı idik. Əməliyyatın parolu «Ya Əbəlfəzl» olduğuna görə yola düşəndə uşaqların çoxu qumqumalarının suyunu boşaltdılar. Yolda qəribə hadisələr baş verirdi; düşmənin bizi görüb atəş aça bildiyi yerlərdə buludlar önümüzü tutur və hava qaralırdı.

Yolda çox dayandığımıza görə səhərin ala-toranlığında pusqulara çatdıq. İkinci taqım kolonun önündə gedirdi. Bayraməli Verməzyari və Saleh Allahyari ən öndə idilər, mənsə üçüncü adam idim. Hələ düşmən duyuq düşməmişdi. Dərədən yuxarı qalxırdıq. Daş və qumlar ayaqlarımız altında diyirlənib sürətimizi azaldır, səs-küyü isə artırırdı. Elə o zaman pulemyotlardan atəş açıldı. İraqlılar dərəni görmüş və hərəkətimizdən xəbər tutmuşdular. Təpənin başında dərəni aydın görən dördlü bir zenit pulemyotu vardı və hər atəşi ilə bir dəstə adam yerə yıxılırdı. Lakin hərəkət sürətlənmişdi və uşaqlar qaçaraq təpəyə dırmaşırdılar. Dördlü pulemyota yaxınlaşdıqca təhlükə də artırdı, amma heç kim daldalanmaq barədə fikirləşmirdi. Fərhəng Ətrəhinin arxasınca Haşim adlı bir minomyotçu qalxırdı.

- Haşim, keç qabağa, bu pulemyotu vur.

Haşim mənim qarşıma keçib atəşə hazırlaşdı, amma hələ atəş açmamış qışqırtısını eşitdim: «Vay, gözüm!»

Hər iki gözündən qan axırdı. Mən nə baş verdiyini bilmədim; ya güllə dəymişdi, ya qəlpə, ya da hər ikisi.

Yerdən bir qədər yuxarı çıxmış bir daş parçasını gördüm. Öndəki təpəyə qarşı səngər şəklində olmasından əlavə, oradan daha rahat atəş açmaq olurdu. Haşimin RPG minaatanını götürüb daşın arxasına qaçdım. Hər tərəfdən güllə yağırdı; Salman yüksəkliyindən, Kəlləqəndi dağından və digər yerlərdən. «Ya Əbəlfəzl-Abbas!» deyib nişan aldım və elə o anda mənə tuşlanmış bir minaatanı gördüm. Təxminən ikimiz də eyni zamanda atəş açdıq. Atəşimin nəticəsini görməyə macal tapmadım. Çünki düşmənin raketi daşa dəyib gurultu qopardı və vahiməli səs məni silkələdi. Dizi üstə əyildim. Qəlpə baldırıma dəyib sümüyünü sındırmışdı. Mən raketi atanda Fərhəng arxamca qaçırdı, bildim ki, bu partlayışdan xəsarət alacaq. Ona sarı döndüm. Yerə yıxılmış və qəlpə sinəsini yarmışdı. Başının üstünə getdim. Gözünün qarası itmişdi və sinəsindən isti qan axırdı. Ətrafıma baxdım. Bayraməli ilə Saleh yuxarı çıxırdılar. Özümü toplayıb mən də qalxmaq istədim, amma alınmadı. Hərəkət edə bilmirdim. Bir tərəfdən də uşaqların çoxunun yaralandığını və şəhid olduğunu, sağ qalanların da düşmənin güclü atəşi altında qaldığını görürdüm. Bir neçə dəqiqədən sonra Verməzyari təpədən enib mənə yaxınlaşdı.

– Mehdi, necə olursa-olsun, Kəlləqəndiyə çıxın.

Onun nə üçün qayıtdığını bilmirdim. Hava tam işıqlanmış və bəlkə də bu şəraitdə Salman yüksəkliyinə çıxmağın imkansız olduğunu anlamışdı. O getdi və silahıma söykənib qalxdım. Özümü zorla Kəlləqəndinin yamacına çatdırdım. Kəlləqəndinin hündürlüyü təxminən 200 metr idi və mən o vəziyyətdə qalxa bilməzdim. Kəlləqəndinin yoluna sarı getdim, yolla qalxanda iraqlıların qarşıdakı təpələrdə, bizim altından keçdiyimiz körpünün yaxınlığında yerləşdiklərini gördüm. Beləliklə, düşmən bizimlə əsas mövqelərimizin arasına girmişdi. Uşaqların çoxu düşmənin güclü atəşinə görə dərənin içində qalmışdılar. Vəzifəmin Kəlləqəndiyə çıxmaq olduğunu düşünürdüm. Çətin olsa da, orada qalmaqdan yaxşı idi. Yavaş-yavaş yuxarı dırmaşmağa başladım.

Çox çətinliklə qalxdım və nəhayət, öz uşaqlarımızın göründüyü yerə çatdım. Uşaqların arasında Xeyirsiz Xeyrullah kimi məşhur olan Xeyrullah Mətləb, batalyonun başqa bir qocası Qulaməli Fərhadi, taqım komandirlərindən biri, tanımadığım bir minomyotçu və başqa bir neçə nəfər düşmənə atəş açırdılar. Aşağıdakı dərəni yaxşı görüb daha yaxşı atəş açmağa yer axtarırdım. Oturan kimi Xeyrullah da yanıma gəldi. Bir neçə yoldaşla və yaralı bədənlə müqavimət göstərirdik, olmayan yeganə şey isə qorxu idi. Əməliyyatın «Ya Əbəlfəzl-Abbas» parolu bir an da yadımdan çıxmırdı. Əmin idim ki, dişinə qədər silahlı düşmənin önündə o ana qədər həzrət Abbasın duası sayəsində müqavimət göstərə bilmişik.

Şiddətli döyüş əsnasında birdən Xeyrullahın səsi gəldi. Qarnına güllə dəymişdi. O, Herisdən idi və Heris ləhcəsi ilə zarıyırdı. Bilmirəm nədənsə məni gülmək tutdu.

– Gəl qarnımı bağla, nə gülürsən?!

Bandı paltarlarının üstündən qarnına bağladım.

– Xeyrullah, en aşağı, bu vəziyyətdə burada qalsan, əsir düşəcəksən.

Xeyrullah əlini qarnına qoyub aşağı enməyə başladı. Hələ uzaqlaşmamış bandın düyünü açıldı və ağ band arxasınca sürünməyə başladı. Bu da mənim və digər uşaqların gülüşünə səbəb oldu.

Bir neçə dəqiqədən sonra yenə uşaqların səsini eşitdim: «Verməzyari yaralanıb». Yerimdə dura bilmədim. Özümü uşaqların göstərdiyi tərəfə sürüdüm. Raket qəlpəsi sinəsini yarmışdı və güclü qan axırdı. Hərəkətə başlayandan bir an da istirahət etməmiş adam başı-bədəni qan içində dostlarının arasında qalmışdı. Gözlərini açdı. Müavini Əsəd Rəcəbpurla mən yanında idik.

– Yaramı bağla.

Zəif səslə bunu deyib huşunu itirdi. Üçkünc dəsmalla sinəsinin dərin yarasını bağlamağa çalışdım, amma qanaxma güclü idi və dəsmal dərhal qızardı. Əsədlə onu təhlükəsiz bir yerə aparmaq istədik, amma mən də hərəkət edə bilmirdim. Bir-iki nəfərə tapşırdıq ki, onu Kəlləqəndinin aşağısındakı dərəyə aparsınlar. Getdilər və daha özləri də yuxarı qalxmadılar.

Bir az da azaldıq. Sayımız barmaqların sayından artıq deyildi və hər an yeni bir hadisə baş verirdi. Qəribə hisslər keçirirdim. Hava tutulmuşdu, narın yağış yağırdı. Ağrı, yorğunluq və darıxmaq bir-birinə qarışmışdı. Uşaqların başqa birinin qışqırtısına yenidən diksindim. Ona sarı döndüm. Minomyotçu yanırdı. Güllə bel çantası kimi kürəyinə bağladığı raketlərin barıtına dəymişdi. Ağrılı qışqırtıları ürəyimi yandırırdı. Məndən təxminən 20 metr aralıda idi. Var gücümü toplayıb yaralı ayağımı yerə uzatdım və ona tərəf sürünməyə başladım. Mənə baxır, alov da get-gedə güclənirdi. Ürəkyandıran səslə qışqırıb deyirdi: «Təcili yardım... Yardım...» Alov bütün bədənini sarımışdı. Gözüm onda idi və yanına çatmağa çalışırdım. Əlini üzünə çəkəndə barmaqlarının yeri ağardı. Yerə yıxıldı və daha səsi gəlmədi. Yanmış ət qoxusu boğazımdakı qəhərə düyünləndi. Narahatlığımın həddi-hüdudu yox idi.

Həbəşinin ratsiyadan gələn səsi məni bezdirmişdi. Ratsiyaya qəlpə dəymişdi; biz onun səsini eşidirdik, dayanmadan çağırırdı, amma nə qədər qışqırırdıqsa, bizi eşitmirdi.

Ümidimi üzmüşdüm. Ratsiyanı kənara tullayıb dərəni yaxşı görmək üçün özümə əlverişli mövqe seçdim. Düşmən kolonu Kəlləqəndi yüksəkliyinə qalxırdı. Birtəhər ayağa qalxıb silahımı bədənimə sıxdım və atəş açmağa başladım. Çox darıxırdım. Səma buludla dolu idi və dayanmadan yağış yağırdı. Yaxınlığımdakı daşlara dəyib geri qayıdan güllələrə, müxtəlif yerlərə düşən raketlərə və RPG minaatanının arxasındakı fırfıranın bezdirici səsinə fikir vermədən atəş açırdım. Məndən başqa üç nəfər də vardı. Düşmən Salman yüksəkliyindən də bizə atəş açırdı. Heç nə düşünmürdüm, yalnız son gülləmdən sonra gözlərim önündə qan içində yatan uşaqların getdiyi yerə getmək istəyirdim.

Bizimkilərin bir kolonu başqa bir təpədən qalxırdı. Şəhid Behişti batalyonunu Kəlləqəndiyə köməyə göndərmişdilər, lakin bir batalyondan yalnız otuz nəfər təpəyə qalxırdı, qalanı dərənin içində qalmışdı; bəzisini yara əldən salmışdı, çoxunu da qorxu. Gözüm onlarda idi. Arabir onların da birinə qəlpə və ya güllə dəyirdi. Onlar gələndən sonra sayımız on beşə çatdı. Düşmənin atəşi isə hər an güclənirdi. Yeni qüvvələr bölgəni tanımırdılar, gəldikləri çətin yolda yorulmuş, çoxu isə yaralanmışdı. Düşünürdüm ki, o vəziyyətdə yeganə yolumuz Kəlləqəndidən enməkdir. Lakin asanlıqla qayıda bilməzdim. Bölük komandirlərindən biri təpənin başında tək qalıb atəş açdığımı görəndə hirslənib dedi: «Qalx, rədd ol, burada niyə qalmısan?!»

İraqlılar təpəyə qalxırdılar. Orada qalıb düşmənin əlinə keçmək istəmirdim. Sınıq ayaqla yeriyə də bilmirdim. Yerə oturub ayağımı önümə uzatdım və əllərimin köməyi ilə özümü irəli itələməyə başladım. Demək olar ki, daşların üstündən sürüşə-sürüşə enirdim. Mən dərəyə çatanda iraqlılar Kəlləqəndi təpəsinə çıxmışdılar. Düşmənin amansız atəşi bir an da səngimirdi, lakin daha heç nə önəmli deyildi, silahımı əsa edib dərənin içindən körpüyə doğru getdim. Həm Kəlləqəndidən, həm də iraqlıların əlində olan qonşu təpələrdən dərəyə atəş yağırdı.

Elə əvvəldən güllə qorxusundan yerə çökmüş, dərənin kənarlarına uzanmış əsgərləri görəndə hirslənirdim. Orada yarası mənim ayağımdan ağır olan az adam gördüm, bilmirəm nə üçün orada qalmışdılar. Tanıdıqlarımı adları ilə çağırırdım: «...Çalış özünü qaldır və geriyə çəkil, iraqlılar yaxınlaşırlar. Burada qalsan, ya əsir düşəcəksən, ya da bir güllə ilə işini bitirəcəklər».

– Mən yaralıyam, sən get, mən gələ bilmirəm.

Uşaqların bir neçəsinin təhlükəsizlik tövsiyələrindən daha da əsəbiləşib yola düşdüm. Onlar deyirdilər: «Yerə uzan, atəş açırlar. Bu ayaqla nə qədər uzaqlaşa bilərsən?! Burada qal».

– Qalxın, geriyə çəkilin! Gəlsələr, işiniz bitdi...

Bəziləri çətinliklə hərəkətə başladılar. Uşaqların biri ağlaya-ağlaya mənə yaxınlaşdı. Onu tanıyırdım, Miyanədən Sabir Kələntəri idi. Onunla bir bölükdə idik.

– Nə üçün ağlayırsan?

– Bütün dostlarım şəhid oldular...

– Uşaqlıq eləmə, indi ağlamaq vaxtı deyil. Gəl kömək elə, geri qayıdaq.

Qolumu çiyninə saldım və yola düşdük. Bir neçə addım öndə Şəhid Behişti batalyonunda olan qonşumuz Rəsul Mərcanini gördüm. Qəlpə diz qapağını parçalamışdı. Ona dedim: «Mənim kimi silahını yerə söykə və gəl».

Sabir Rəsulla məni körpünün yanına qədər gətirdi. Körpünün altında gördüyüm ilk şəxs Səfər Həbəşi idi. Nəhayət, dərdimi deməyə bir adam tapmışdım. Qəzəb və qəhər içində dedim: «Hamınız buraya toplaşmısınız və heç bir iş görmürsünüz. Yuxarıda uşaqlar faciəli şəkildə şəhid oldular, lakin dərədə bu qədər canlı qüvvə var. Bir iş görün. Verməzyari də yaralanıb və bilmirəm uşaqlar onu haraya qoyublar».1

Qardaş Həbəşi durumumu anlayıb sakitcə və mehribancasına dedi: «Yorulmayasan! Siz əlinizdən gələni etdiniz...»

Sabir qayıtdı,2 Rəsulla mən isə körpünün o tərəfində təcili yardım maşınına minib qazıntı şirkətinə qayıtdıq. Orada köhnə dostum Cavad Fərzamianı gördüm. O, mənə kömək etdi və gilas şirəsi içirtdi. Halım pis idi, ürəyimin yerində başqa bir isti şeyin döyündüyünü hiss edirdim. Ayağıma görə Baxtəran hospitalına köçürüldüm, halbuki içimin yarası ayağımın sınığından qat-qat dərin idi.



Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə