Şəhadət aşiqləri



Yüklə 9,35 Mb.
səhifə52/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
1   ...   48   49   50   51   52   53   54   55   ...   73

Zeyd bölgəsi


I

Aşura diviziyası Xeybər əməliyyatı zonasındakı Bərzgər qarnizonuna köçmüşdü. Kəşfiyyat bölüyü də orada yerləşirdi. Mən ora çatanda güclü yağış yağırdı. Cənubun Karun və Kərxə kimi böyük çaylarında tufan idi, su bölgəni başına almışdı. Diviziyanın qərargahı da seldən payını almış və çadırların çoxu suyun içində qalmışdı. Bölüyün qərargahına getdim. Ora qəm dəryasına batmışdı, qədim tanışlardan demək olar ki, heç kim yox idi; ya şəhid olmuşdular, ya yaralanmışdılar, ya da əməliyyatda o qədər əziyyət çəkmişdilər ki, yaralılardan fərqlənmirdilər. Getmiş dostları xatırladım və köhnə ayrılıq dərdi təzələndi: Seyid Sadiq Eyvəzi, Əlirza Həsənzadə, Firuz Vüfuri, Əkbər Cahanbəxşi...

Orada yeni simalarla tanış oldum. Xosrov Mollazadə ilk gündən çox diqqətimi çəkdi. Onun nə çox yaşı vardı, nə də canı-cəsədi. Vəlfəcr-1 əməliyyatında fəqərə sütunlarına raket qəlpəsi dəymişdi, amma çoxları kimi yenə cəbhədən əl çəkməmiş və o halda ön cəbhəyə gəlmişdi. Kəşfiyyat bölüyünün komandiri Mustafa Mövləvi tezliklə bütün şəxsi heyəti üç komandaya böldü və təlim işini köhnə döyüşçülərə tapşırdı.

Bir neçə gündən sonra düşərgənin yerini dəyişmək əmri verildi. Biz Azadeqan düzünə, Süsəngirdin yaxınlığında bir yerə köçdük. Qumluq idi, su və ot yox idi, güclü küləklər əsirdi və havası həmişə tozlu olurdu. Uşaqlar çox tez bir zamanda oranın adını Tozabad qoydular. Bölüyə yeni gələnlər olsa da, hələ də şəxsi heyətdə çatışmazlıq vardı. Buna görə köhnə kəşfiyyatçılar batalyonlarda araşdırma aparır və kəşfiyyat bölüyünə münasib döyüşçüləri komandirə və ya əlaqədar məsul şəxsə bildirirdilər. Bu məqsədlə bir neçə dəfə qardaş Mövləvi ilə birgə diviziyanın Əhvazın Şəhid Bərati orta məktəbində yerləşən qərargahına getdik. Əslində, Tozabadda görülən əsas iş şəhərlərdən cəbhəyə göndərilən canlı qüvvənin koordinasiyası idi.

Tozabad mənim üçün təkcə toz-dumanı ilə deyil, həm də diviziya komandirimiz ağa Mehdi Bakiri ilə ünsiyyətlə də yadda qalıb.

Kəşfiyyat çadırı komandir çadırına yaxın idi və bizim ağa Mehdi ilə əlaqəmiz günbəgün güclənirdi. Ağa Mehdi Xeybər əməliyyatında iki müavinini – qardaşı Həmidi və Mürtəza Yağçianı itirdiyinə görə çox yalqız qalmışdı. Həmin əməliyyatda diviziyanın qədim və qəhrəman döyüşçülərindən çoxu ya şəhid olmuş, ya da düşmənə əsir düşmüşdü və bu, onun üzünə sanki qəm-kədərdən pərdə çəkmişdi. Hamı bilirdi ki, o, ən çox Bəsic üzvlərini sevir. Onun Bəsic üzvlərinə mehribanlığı və qayğısı hər bir işindən və sözündən bilinirdi. Lakin buna baxmayaraq, israf kimi bəzi məsələlərə o qədər həssas idi ki, buna görə sevimli Bəsic üzvlərini də danlayırdı. Kimsə onun işlərini görəndə çox narahat olurdu. O, diviziya komandiri kimi böyük işlərinə baxmayaraq, ən kiçik şəxsi işlərini də özü görürdü.

Əhvaz şəhərinin havasını qorumaq üçün qumlu bölgələrdə ağaclar əkmişdilər və getdikcə səhranın ortasında meşələr əmələ gəlmişdi. Bu meşələrdə səhranın bütün xüsusiyyətləri vardı, ancaq ağaclar da vardı. Yolğun ağacları qumların bəzəyinə və əqrəb, ilan, qayahörümçəyi kimi heyvanların yuvasına çevrilmişdi. Belə heyvanların təhlükəsi Tozabadda yaşamağın çətinliyindən olduqca böyük idi. Diviziyanın qərargahı Tozabada yaxın olan belə meşələrin birinə köçürüldü və uşaqlar dərhal ora başqa bir ad verdilər: Cəngəlabad.

Bir müddətdən sonra qardaş Mustafa Mövləvinin tapşırığı ilə Mehdi Davudi, Yəqub Şikari, Rza Purcavad, Seyid Mürtəza Zəfərançı və mən yeni başlamış ilkin kəşfiyyat kursuna göndərildik. Təlim Abadanın 30 kilometrliyindəki Xatəm qarnizonunda keçirilirdi. Bu qarnizon şah vaxtı neft konsersiumunda iştirak etmiş fransızlar üçün tikilmişdi. İnqilabdan sonra və müharibə vaxtı Sepah oradan qarnizon kimi istifadə edirdi.

Oraya çatandan sonra digər diviziyalardan da kəşfiyyatçıların təlimə göndərildiyini bildik. Təlim dərhal başlandı; xəritəni öyrənmək, koordinatları tapmaq, tərəfləri müəyyən etmək, gecə vaxtı praktik təlimlər və s. Qarnizonun təlim komandirlərindən biri öz hərbi formasının arxasına bir açar şəkli çəkib altına yazmışdı: "Cənnət açarı". O, həm də qarnizonun daxili müdiri və çox tələbkar adam idi. Heç kimə məzuniyyət vermirdi və çoxlu təlimlərdən başqa bir proqramımız yox idi. Nəticədə bir həftədən sonra diviziyanın səmimi ab-havasına darıxdıq. Ondan məzuniyyət almağa heç bir ümidimiz yox idi. Nəhayət, qarnizondan diviziyaya qaçmaq qərarına gəldik.

Çıxdığımız bir həftədə diviziyada dəyişikliklər olmuşdu. Mustafa Mövləvi ağa Mehdi tərəfindən diviziya komandirinin əvəzedicisi seçilmiş, kəşfiyyat bölüyü isə qardaş Kərim Fəthiyə tapşırılmışdı.

Xeybər əməliyyatında yaralanmış kəşfiyyatçıların əksəri bölüyə qayıtmışdılar və yeni komandir onların arasından üç nəfəri komanda başçısı təyin etmişdi: Qadir Həmidnejad, Məhəmməd Məhəmmədi və Kərim Hörməti. Bölüyə həyat və mübarizə şövqü qayıtmışdı və bizi bərk özünə cəlb edirdi.

– İndi necə buranı qoyub təlimə qayıdaq?!

– Mən daha Cənnət açarının əzablarına dözən deyiləm.

– Onda...

Gedib yeni komandirlə danışdıq və beləliklə, təlimi davam etdirmədik. Çox tezliklə biz də kəşfiyyat komandalarına qatıldıq. Özüm bilmədən mən də Məhəmməd Məhəmmədinin komandasına daxil oldum.

Cəngəlabadda komanda uşaqları ilə birgə qalmaq çox gözəl idi. Elə ilk gündə anladım ki, bölüyün bütün od parçaları o çadıra cəm olublar: Xosrov Mollazadə, Davud Qüreyşi, Məhəmmədhüseyn Əlipərəsti, Tohid Fam, Seyid Qədir Qənizadə və s. Mən də onlara qatılandan sonra komandamız təkmilləşdi. Elə Məhəmmədinin özünün də spesifik xüsusiyyətləri vardı, nadinc və zirək uşaqlara çox güvənirdi. Bu baxımdan, nadincliyə hər bir şərait vardı.

Bir dəfə günorta yeməyinə pasterizə olunmuş paket qatıqlar verdilər. Bəxtimizdən qatıqlar turşumuşdu və heç kim yemədi. Hərə öz qatığını əlində tutub mədh edirdi. Həmin anda Xosrov Mollazadə çadıra girdi. Uşaqların birinin "atəş" səsinin ardınca bütün turşumuş qatıqlarımızı Xosrova tulladıq. O, başdan ayağa qatığın içində dedi: "Şuxluğ1 çıxıb yoqurd2 ağacına!"

Nadincliklərimiz yalnız öz komandamızla məhdudlaşmırdı. Bir dəfə komandaların birinin başçısı olan qardaş Hörməti gizlicə bizim çadırımıza girdi. Biz də onu casus kimi tutub iplə möhkəm bağladıq, yaxşıca döyəndən sonra çadırdakı bütün ədyalları üstünə yığıb çadırdan çıxdıq. Günorta namazından sonra çadıra qayıdıb ədyalları götürəndə susuzluqdan ölmək üzrə idi. Ağzına bir az su tökdük, ipləri açdıq. Xuzistanın 40 dərəcə istisində əl-ayağı bağlı vəziyyətdə onlarla ədyalın altında qalmaq bir casus üçün yaxşı cəza idi! Ondan sonra təkbaşına bizim çadırımızın ətrafında gəzişməyə hər adam cürət etmirdi.

Bir neçə dəfə biz də digər komandaların tələsinə düşdük və bir neçə saat göydən asılı vəziyyətdə qaldıq.

Bu dəcəlliklərin yanında bəzi hadisələr də baş verir və uşaqların hər bir şəraitdə dini məsələlərə diqqətlərini göstərirdi. Məsələn, bir gün uşaqlar ot axtara-axtara Cəngəlabada gəlib çıxmış inəkləri tutub südlərini sağdılar və dəyərindən də artıq pulu buynuzlarına bağlayıb buraxdılar.


II

1984-cü ilin may günlərinin birində qardaş Fəthi bir iş üçün onunla şəhərə getməyimizi istədi. Mən, Məhəmməd Məhəmmədi, Davud Qüreyşi, Məhəmmədhüseyn Əlipərəsti və Xosrov Mollazadə yola düşdük. Hər şey çox adi idi, lakin birdən yolumuzun şəhərə doğru getmədiyini bildik. Yolumuz Xürrəmşəhrə və Hüseyniyyə üçyoluna idi, oradan bir yola dönüb Zeyd bölgəsinə getdik. Zeyd bölgəsi bizim Bəsrə istiqamətindəki təmas xətlərimizdən idi. Oraya çatıb Kərbəla batalyonunun rəhbərlərindən olan Həsən Kərbəlayini1 və Mərğub Dadaşzadəni görəndə məsələnin nə yerdə olduğunu bildik. Biz yeni tapşırıq üçün Zeyd bölgəsinə getmişdik.

İraqın Zeyd zastavasının yaxınlığında 25 metr hündürlüyündəki müşahidə postundan bizə bütün bölgəni göstərdilər. Orada başa düşdük ki, yeni tapşırığımız o vaxta qədərki ən çətin tapşırığımızdır. İşin çətinliyinə ən mühüm səbəb bölgənin özünəxas xüsusiyyətləri idi. Zeyd bölgəsi həssas bir yer idi; qərbdən İraqla, şərqdən Hüseyniyyə üçyolu ilə, cənubdan Şələmçə ilə, şimaldan da Kuşkla həmsərhəd idi. Müharibə başlamazdan öncə İraq tərəfi bizim hücumlarımızın qarşısını almaq üçün bəzi hazırlıqlar görmüşdü. Bunların ən mühümü balıqyetişdirmə kanalı idi. Bu kanal Şələmçənin beşbucaq hissəsindən Təlaiyyəyə və Nüşvənin arxasına çatırdı, uzunluğu 25 kilometrdən çox idi və Zeyd bölgəsinin önündən keçirdi. Bundan əlavə, bütün bölgə boyu İraqın hərbi səddi də uzanırdı. O da müharibədən öncəki illərin yadigarı idi.

Zeyd bölgəsi iki tərəfdən aypara və üçbucaq istehkamlarla əhatə olunmuşdu. İraq tərəfi Şələmçə, Kuşk və Təlaiyyə bölgələrində üçbucaq istehkamlardan istifadə edirdi. Təlaiyyə bölgəsinin üçbucaq istehkamları Zeydin əməliyyat bölgəsini də əhatə edirdi. Üçbucaq və aypara istehkamlarının əməliyyatın qarşısını almaqda necə böyük rol oynadığını Ramazan əməliyyatındakı təcrübələrimizdən bilirdik.

Bu istehkamların hündürlüyü iki metrə çatırdı. Ən üstün cəhətləri bu idi ki, birinci mövqe süqut edəndə digər cinahdan müdafiə imkanı olurdu. Ora da süqut edəndə üçbucağın üçüncü bucağından müdafiə mümkün olurdu. Yəni biz xətti yarıb keçəndən sonra yenidən iki başqa cinahla vuruşmalı idik. Həm də bu iki cinahın mühasirəsinə düşdüyümüzə görə işimiz çox çətin olurdu. Bu zaman düşmən ehtiyat qüvvələrindən yaxşı istifadə edib mövqeyin ələ keçməsinin qarşısını ala bilirdi. Mahir Əbdürrəşidin başçılıq etdiyi üçüncü korpusun orada yerləşməsi bölgənin əhəmiyyətini göstərirdi.

Belə bir bölgədə 7 km. uzunluğunda bir ərazi Aşura diviziyasına təhvil verildi. Bizim istehkamdan düşmənin minaladığı sahəyə doğru 300 metr uzunluğunda müxtəlif kanallar qazılmışdı. Bundan əlavə, kanalların eninə onları bir-birinə birləşdirmək üçün də kanallar vardı. Bölgə ilə ilk tanışlıqlarda öyrəndik ki, düşmənin əsas mövqeyindən bizim istehkama qədər təxminən 1000-1500 metr məsafə var. Maneələr bizdən 400 metr aralıdan başlayırdı. Əvvəlcə minalanmış sahə gəlirdi, sonra isə bütün bölgə boyu düşmən xətti ilə üzbəüz qazılmış və güman ki içi su ilə doldurulmuş bir kanal.

Əmrə görə, Kərbəla batalyonu mövqeyi ordudan təhvil alıb oraya yerləşməli idi. Biz kəşfiyyat bölüyünə və diviziyanın qərargahına münasib yerlər tapmaq üçün digərlərindən tez getmişdik. Orada tağut dövründə tikilmiş və əsas xətlə 1 km. yarımdan çox məsafəsi olan bəndə qayıtdıq; öncədən ordu birləşmələrindən birinin qərargahı olmuş əlverişli bir yer tapdıq. Biz orada qaldıq, qardaş Fəthi isə Cəngəlabada qayıdıb səngər və qərargah hazırlamaq üçün digər şəxsi heyəti və lazımi avadanlıqları gətirməyə getdi.

Səhər çağı növbəti iş başladı; yeni qüvvələr gəldilər və hamılıqla səngər qazmağa başladıq. Öncədən ağır silah və texnika qoymaq üçün orada ekskavatorla yerlər qazılmışdı. Onların üstünə dəmir tirlər atdıq, divarlarına torpaqla dolu kisələr düzdük və yavaş-yavaş səngərlər əmələ gəldi. Tirlərin üstünə plitələr döşədik və ekskavator onun üstünə bir metr hündürlüyündə torpaq tökdü. Beləliklə, elə səngərlər düzəltdik ki, hətta 120 kalibrli raket düşsəydi də, bir şey olmazdı.

Sağ tərəfdən birinci səngər qardaş Məhəmməd Məhəmmədinin, ikinci səngər qardaş Hörmətinin, üçüncü səngər də qardaş Qadir Həmidnejadın komandası üçün nəzərdə tutuldu. Bölük komandirinin səngəri və anbar səngəri də bizim solumuzda qalırdı. Bizim səngərimiz sağ tərəfdən diviziya komandirinin səngəri ilə qonşu idi. O səngər də böyük bir məscidlə bitirdi.

Mustafa Mövləvi və Yəzdani o səngərdə ağa Mehdi ilə birgə qalırdılar. Ağa Mehdi Bakiri ilə həmsöhbət olmaq səadəti yenidən bizə qismət olmuşdu.

Şəxsi heyət toplaşandan sonra kollektiv proqramlar başladı. Kəşfiyyat bölüyünün komandir müavini Hacı Mustafa Əbdülinin yaxşı mənəvi halı vardı. Onun sayəsində Təvəssül və Kumeyl duaları yaddan çıxmırdı. Orada olanda özü oxuyurdu, olmayanda isə işıqları söndürüb duanın kasetini oxudur, özümüz də onunla birgə oxuyurduq. Bütün kəşfiyyat bölüyünün bölgəyə toplaşmasının başqa bir nəticəsi olaraq, qardaş Fəthi yeni işlər düşünürdü.

– Sabahdan səhər proqramı icra olunsun!

Bunu dedi, amma heç kim ciddiyə almadı. Çünki o vaxta qədər bölükdə belə bir şey olmamışdı. Lakin səhər hamımız sıraya düzüləndə qardaş Fəthinin sözü yuxumuzu qaçırdı: "Qardaşlar, bilirsiniz ki, şeytan ayaqqabımıza girib. Buna görə də, ayaqqabılarımızı çıxarıb ayaqyalın qaçacağıq". Bunu deyib özü ayaqqabılarını çıxardı və qaçış başlandı. Onun seçdiyi yol əvvəllər bir müddət suyun altında qalmışdı və su quruyandan sonra yer hələ də balıqqulağı, sədəf, irili-xırdalı və iti daşlarla dolu idi. Bölük komandirinin özü bizimlə olduğuna görə sürətimizi azalda və ya dayanmağa cürət etmirdik. Qardaş Fəthi bizi o qədər ayaqyalın qaçırtdı ki, dayananda ürəyimdə dedim: "Gözlə, şeytanın necə ayaqqabımıza girdiyini sənə göstərərəm!"

Həmin gün Xosrov Mollazadə ilə məsləhətləşəndən sonra yerə nə qədər mərmi və raket barıtı tökülmüşdüsə, hamısını toplayıb boş bir mərminin içinə doldurduq. Gecə yarısı mərmini bölük komandirinin səngərinin üstünə qoyduq və yandırıb qaçdıq. Əsla fikirləşmədik ki, düşmən bununla düşərgənin koordinatını öyrənib tezdən hər şeyi vura bilər. Və həmin gün səhər proqramı keçirilmədi, çünki düşmən başımıza raket yağdırırdı. Atəş bitəndən sonra bayıra çıxdıq; aləm bir-birinə dəymişdi.

Get-gedə səhər proqramı qaydasına düşdü. Qaçış məsafəsi hər gün artırdı. Qaçışdan sonra qardaş Həmid Allahyari ortada dayanıb idman edirdi. Əlbəttə, səhər proqramı, qaçış və idman fiziki hazırlıq üçün yaxşı idi və kəşfiyyat zamanı bizə çox kömək edirdi. Lakin əziyyətinə görə onu sevmirdik və səhər proqramından qaçmaq üçün daim bir şey fikirləşirdik.

Bölük komandirinin diviziya komandiri ilə çoxsaylı iclaslarından sonra kəşfiyyatın iki istiqamətdə işləməsi qərara alındı. Bu məqsədlə kəşfiyyat bölüyünə biri yeddinci, biri də doqquzuncu kanalın yaxınlığında olmaqla iki səngər verildi.

Bizim komandanın tapşırığı sağ tərəfdəki mövqelərin vəziyyətini öyrənmək idi. Məlumat toplamaq üçün birinci istehkamdakı yeddinci kanalın girişində yerləşən səngərə getdik. Özümüz yerləşəndən sonra istehkamın üstündə münasib bir yer tapıb müşahidə postu düzəltdik və durbini yerləşdirdik. Düşmənin hərəkətlərini müşahidə işi dərhal başlandı. İraqlıların heç nədən çəkinmədən təmas xəttinə get-gəl etdiyini görəndə narahat olurduq.

– Bu nə deməkdir?! Heç elə bil, bura təmas xətti deyil! Elə bil, xalasının evinə gəlib. Gərək bu haqda bir ölçü götürək.

Təbii ki, iraqlılar şəxsi heyətin dəyişildiyindən xəbərsiz idilər. Onlar heç bir vuruşma olmayan və bölgənin öz-özünə barış yerinə çevrildiyi günlər kimi azad şəkildə hər tərəfə gedirdilər. Bu isə bizə ağır gəlirdi. Xosrovun təklifi ilə işə başladıq. O, dedi: "Bu gün gərək elə bir iş görək ki, sabahdan hamısı kanalın içinə girsin!" Onun sərrast atəşindən sonra biz də atəş açdıq. Maraqlı idi ki, ikinci gün iraqlıların heç biri bayırda hərlənmədi.

– Sabahdan hamısı dəmir papaq qoymalıdırlar.

Bu qərarın ardınca düşmənin başı hədəf seçildi və növbəti gündən istisnasız olaraq bütün iraqlılar başlarına dəmir dəbilqə qoydular. Lakin hələ də məsələni lazım olduğu qədər ciddiyə almırdılar.

– Gərək elə edək ki, sabahdan kanalın içində əyilə-əyilə gəzsinlər.

Əziyyətli iş idi, amma bəhrəsi şirin idi. Ertəsi gündən bütün iraqlılar tam ehtiyatla hərəkət edirdilər və onların da güclü cavab atəşləri başlamışdı. Beləliklə, mövqe həqiqətən, təmas xəttinə oxşadı.

Bir axşam qardaş Əlipərəsti ilə səngərimizdə qaldıq və digərləri qərargaha qayıtdılar. Gecənin yarısı partlayış səsinə yuxudan oyandıq. Səs o qədər güclü idi ki, hər ikimiz diksindik. Dərhal bayıra çıxdıq. Hər şey toz-torpağın altında idi və biz bir neçə saniyəyə qədər nə baş verdiyini bilmədik. Nəhayət, 80 kalibrli raketin səngərimizin üstünə düşdüyünü öyrəndik. Səngərlər möhkəm olduğuna görə bizə və səngərə ziyan dəyməmişdi. Səngərə qayıdıb yatmağa çalışdıq. Düşmənin atəşi isə hələ davam edirdi.

İlk kəşfiyyat zamanı gəlmişdi. Əziz komandirimiz qardaş Məhəmmədi məni də layiq bilib özü ilə apardı.

Bölgədə ilk kəşfiyyatın həyəcanı ürəyimə dolmuşdu. Düşmən bölgəsini tanımırdıq, xüsusən gecə hərəkətləri haqda məlumatımız yox idi. Düşməndən bildiklərimiz ümumi məlumatlar idi ki, yalnız işin çox çətinliyinə dair təsəvvür yaradırdı. Seyid Qədir Qənizadə də ehtiyat tədbiri olaraq, bizimlə gəldi. Yeddinci kanala girib ortalarına qədər getdik, oradan çıxıb sol tərəfdəki minalanmış sahəyə doğru hərəkəti davam etdirdik. Düşmən çox sayıq idi, dəqiqəbaşı fişəng atırdı və hər yer gün kimi aydın idi. Fişənglərin altında aydın görünəcəyimizi bilib çox yavaş hərəkət edirdik. Kompas Məhəmmədidə idi və 280 dərəcə istiqamətində irəliləyirdik. 200 addımdan sonra ehtiyat qüvvə üçün əlverişli bir yer tapdıq. Orada kiçik bir təpəcik vardı, arxasında bir nəfər zorla gizlənə bilərdi. Seyid Qədiri orada qoyub ikimiz yola davam etdik. Bu kəşfiyyatda məqsəd minalanmış sahəni və maneələrin nədən ibarət olduğunu öyrənmək idi. Biz elə bilirdik ki, minalanmış sahə ilə məsafəmiz çoxdur, lakin birdən hər yer sükuta qərq oldu. Güllə və hətta fişəng səsləri də kəsildi. Sükut və qaranlıqdan istifadə edib sürətlə irəliləməyə başladıq. Təxminən 150 addım getmişdik ki, birdən hər yer işıqlandı. Tez yerə uzandıq. Çox ləhləyirdim. Düşünürdüm ki, bölgəyə bir də sakitlik çöksə, minalanmış sahəyə çatarıq. Lakin birdən fişəngin işığında bir addımlığımda bir şey parladı. İnanılmaz olsa da, fişəng minası idi. Halım dəyişdi: “İlahi, Sən necə də mehribansan!”

Minalanmış sahənin düz biraddımlığında idik. Həmin anda yalnız bircə addım öndə olsaydıq, Allah bilir, nə baş verərdi. Qeybi yardımı ilk dəfə deyildi ki, bütün vücudumla hiss edirdim, amma ürəyimi sakitləşdirən hiss yeni idi. Orada dayanıb qaranlıqda görən durbinlə ətrafa baxmağa başladıq. Bizim bir neçə addımlığımızda pusquda dayanmış düşmənlərin səsini eşidirdik. Gecə durbini ilə ehtiyatla bütün maneə və sahələrə baxdıq; bir cərgə fişəng minası, onun arxasında bir cərgə tikanlı məftil, ondan iki metr aralıda bir-birinin üstünə topalanmış dairəvi tikanlı məftillər, onun arxasında da X şəklində yerə basdırılmış bir cərgə xüsusi minalar. Tapşırıq layiqincə yerinə yetirilmişdi. Durbinlə iraqlılara baxırdım; başları söhbətə qarışmışdı və hətta fişənglərin işığı altında da bizim hərəkətlərimizdən şübhələnmirdilər.

"Vəcəəlna" ayəsini1 oxuyurduq. Çox ehtiyatla geri qayıdıb Seyid Qədirə çatdıq və oradan da birlikdə səngərə döndük.

Səhər çağı kəşfiyyatın məruzəsini yazıb bölük komandirinə verdik.

Bölük komandirinin istəyi çox idi. Biz nə yolla olursa-olsun, minalanmış sahəyə girib düşmənin əsas mövqeyini öyrənməli idik.

Həmin axşam qardaş Əlipərəsti ilə yola düşdük. Öncəki təcrübələrə əsaslanıb xüsusi plan hazırladıq. Minalanmış sahədə düşmənin keçid yerini tapıb ondan istifadə etməli idik. Bilirdik ki, düşmən sahənin içində özü üçün təmiz yerlər saxlamışdır. Biz onları tapa bilsəydik, ehtiyatla keçib düşmən mövqeyinin içinə girə bilərdik. Əks-təqdirdə, tikanlı məftilləri açmalı və minaları zərərsizləşdirməli idik. Birinci variantda düşmən sahədə heç bir dəyişiklik görməyəcəkdi. Buna əsasən, kəşfiyyat bir əməliyyat işindən daha çox zərif incəsənətə bənzəyirdi.

Biz beşinci və altıncı kanalların arasında bir yer tapıb bayıra çıxdıq və minalanmış sahəyə doğru getdik. Qərara gəldik ki, mən durbinlə oturum, Əlipərəsti 30 addım irəli getsin, sonra o oturub göz-qulaq olsun və mən hərəkət edim. Atəş və fişəng səsləri sürəti zəiflədirdi. Mən baxdım, Əlipərəsti yola düşdü. Tikanlı məftili görürdüm və diqqətim öndə idi. Bir anın içində irəlidə beş iraqlı gördüm. Əlipərəsti düz onların üstünə gedirdi. O məndən aralanmışdı və səsləyə bilmirdim. İraqlılar da yalnız mənim qaldığım yerdən görünürdülər. Onların bəlkə Əlipərəstini görmədiklərini düşünüb gözlədim, amma düşüncəm yanlış idi. Onların biri ayağa qalxıb Əlipərəstiyə atəş açdı. Onun ardınca hamısı atəş açdılar və o, yerə yıxıldı. Mən yerimdə donub qalmışdım, nə edəcəyimi bilmirdim. Fikirləşirdim ki, Əlipərəstinin cənazəsini orada qoyub tək qayıdım, yoxsa yox. Hələ yerimdən tərpənməmişdim. Birdən Əlipərəstinin tərpəndiyini gördüm. Bir anın içində yerindən qalxıb tez öz mövqelərimizə sarı qaçmağa başladı. O qədər cəld qaçırdı ki, tezliklə mənim yanımdan keçib getdi və mən onun arxasınca qaçmağa başladım. Düşmənlər əllərində olan hər bir silahla bizə atəş açırdılar; RPG, pulemyot, kalaşnikov və s. Ayağımızı götürdüyümüz hər bir yerə güllə dəyirdi. Düşmən çox simicliklə bizi öldürmək istəyirdi, amma biz sağlam halda istehkamın arxasına çatıb nəfəsimizi dərdik. Bu dəfə də canımıza başqa bir qorxu düşdü: istehkam o qədər sakit idi ki, səhv gəldiyimizi fikirləşdik. Nə keşikçi vardı, nə də atəş səslərinə yuxudan oyanan bir kəs. Ehtiyatla səngərlərin birinə girib Kərbəla batalyonunun ikinci bölüyünün Bəsic üzvlərini tanıdım. Hamı şirin yuxuda idi.

***

Bir neçə gecə sonra yenidən kəşfiyyata getdik. Yolumuz öncəki gecələrdə getdiyimiz yol idi və biz qaldığımız yerdən irəliləyib yeni məlumatlar öyrənməli idik. Yolun ortalarında bir iraqlını gördüm. Düz yolumuzun üstündə oturmuşdu. Təcrübələrimə əsasən, anladım ki, kəşfiyyat işlərimiz ifşa olunmayıb, sadəcə, düşmən pusquları bizim cəsarətimizdən xəbərdar olub fəaliyyətlərini artırmışlar. Həmin gecə məcburən əliboş qayıtdıq. Bu hal müxtəlif formalarda təkrar olunur və iş zəif gedirdi. Vaxtımızın çoxu yolumuzun üstündə səyyar pusquların olub-olmadığını öyrənməyə sərf olunurdu. Ehtiyatımız bir neçə dəfə artmışdı, yolun əvvəlindən ehtiyatla hərəkət edirdik, çünki iraqlıların haraya qədər gəldikləri bəlli deyildi. Bütün bunlar kəşfiyyatımızın çox da uğurlu olmamasına gətirib çıxarırdı. İş o yerə çatdı ki, ağa Mehdi məni və Məhəmmədini çağırıb gecəki kəşfiyyatın məruzəsini istədi, biz danışanda isə çox narahat oldu.



– Nə olub? Nə üçün irəliyə getmirsiniz? Deyin görüm...

– Qorxuruq, ağa Mehdi?

– Nədən?

– Qorxuruq ki, bizi əsir tutarlar və əməliyyatın üstü açılar.

– Əgər sizi əsir tutsalar, deyin ki, burada 50 diviziya əməliyyata hazırlaşır.

Onunla sağollaşanda fikirləşirdim ki, bəlkə bu bölgədə kəşfiyyat aparmaq düşməni aldatmaq üçündür.

İraqlılar bizim cəsarətimizi və qorxmazlığımızı öyrəndikləri kimi, biz də get-gedə onların hərəkət tərzlərinə bələd olurduq. Qərara gəldik ki, bölgədə bəzi hərəkətlər edək və düşmən bizim kəşfiyyat apardığımızı yox, hərbi nəzarət etdiyimizi düşünsün. Düşməndə belə bir fikir yaratmaqdan ötrü gecə durbini götürür və düşmən pusquya çıxanda vururduq. Bəzən tez hərəkət edib onların səngəri və ya pusqusu olduğunu bildiyimiz yerə gedir və onlar gəlməzdən öncə mina basdırır və tələ qururduq. Beş-altı dəfə belə iş gördük ki, düşmən bunların adi hərəkət olduğunu düşünsün.

***


Bir neçə gün idi Xosrov Mollazadə ilə Əhvaz dondurması həvəsinə düşmüşdük. Bölük komandirindən icazə alıb Əhvaza yollandıq. Əhvazın yaxınlığında post qurulmuşdu və cəbhədən şəhərə gedənləri yoxlayırdı. Həmin postdan keçmək düşmənin minalanmış sahəsindən keçmək qədər çətin idi. Həddən artıq yoxlanışları Xosrovun onlarla dalaşmasına səbəb oldu. Mən də Xosrova kömək etməyə məcbur oldum və nəticədə, cənub düşərgəsinin post əsgərləri ilə bərk dalaşdıq. Nəhayət, postun növbətçisi gəlib bizi barışdırdı.

Nəhayət, Əhvaza çatdıq. Şəhərdə çox veyilləndik və axşam özümüzü Şəhid Bərati məktəbinə çatdırdıq. Ora diviziyanın təchizat bölməsi və anbarı idi. Diviziyanın bütün qədim döyüşçüləri oranı tanıyır və adətən, oraya gedirdilər. Orada böyük bir hüseyniyyə düzəldib nahar və şam yeməkləri, çay və şərbət verirdilər, diviziyanın əsas düşərgəsindən və ya başqa yerlərdən Əhvaza gələnlər orada istirahət edirdilər.

Səhər tezdən Zeydə gedən maşınla yola düşdük. Orada hər kəs kədərli görünürdü. Səbəbini bilmədim və təəccübləndim. Qardaş Kərim Fəthi məni görən kimi dedi: "Tez maşına min". Mindim və yola düşdük. Kərim Hörməti də bizimlə idi və hamı kimi o da narahat idi.

– Kərim, nə olub? Məhəmmədi haradadır?

Kərimin cavabı məni utandırdı.

– Kül təpənə! Bəs sən haradasan?

– Axı nə olub?

– Çatanda bilərsən.

Komandirimizin idarə etdiyi maşınla təmas xəttinə çatdıq. Postun yanında dayandıq və orada qardaş Bakirinin maşınını gördüm. Həyəcanlı idim, nə baş verdiyini və hamının nə üçün oraya toplaşdığını təxmin edə bilmirdim. Səngərə girdik. Əlipərəsti orada idi və ağa Mehdiyə nə isə izah edirdi. Onun sözlərindən hər şeyi başa düşdüm: Gecə Əlipərəsti ilə Məhəmmədi kəşfiyyata getmişlər və minalanmış sahədə düşmən qüvvələri gəlib onların arasında pusqu qurub. Əlipərəsti səhərə qədər gözləyib, amma iraqlılar oradan getməyiblər. Nəhayət, o, öz mövqelərimizə qayıtmağa məcbur olub.

Həmin gün axşama qədər durbinlərlə düşmənin minalanmış sahəsinə baxdıq, amma Məhəmmədidən əsər-əlamət görmədik. Axşam oldu. Məhəmmədinin əsir düşdüyü və bölgədəki fəaliyyətlərimizin üstünün açıldığı fikri hamını narahat edirdi. Elə bir halda bölgəyə getməyə və onu axtarmağa hazırlaşdıq. Əlipərəsti öndə gedirdi, arxasınca mən, məndən sonra da qardaş Fəthi. Beşinci və altıncı kanalların arasındakı birləşdirici kanaldan çıxdıq. Hava tam qaralmışdı. Bir qaraltının bizə doğru gəldiyini hiss etdim. Daha diqqətlə baxdım. Birdən bir səs dedi: "Əlipərəsti, sənsən?!"

– Məhəmmədi, sənsən?!

Qaçıb onu qucaqladıq. Sanki son görüşümüzdən illər ötürdü. Onu yenidən bizə qaytardığına görə Allaha şükür edirdik. Qardaş Fəthinin sözündən sonra özümüzə gəldik. Qayıdıb ağa Mehdini və digərlərini narahatlıqdan çıxarmalı idik. Öz mövqelərimizə çatdıq. Uşaqlar bizi gördükdə sevincək yanımıza qaçdılar. Məhəmmədinin sağ-salamat, gümrah və əlidolu qayıtdığına heç kim inanmırdı.

Həmin bir gündə hissolunacaq dərəcədə arıqlamışdı. Gecə yatdıq, səhər başına gələnləri danışdı. O, düşmənin pusqusu gələndən sonra bir qədər gözləmiş, amma onların getmədiyini görəndə təkbaşına düşmən mövqeyinə doğru getmişdi. Düşmən istehkamının önündəki kanala çatıb bütün sahəni və istehkamları öyrənmişdi. Qayıdanda günəşin qalxdığını görmüş, çarəsiz qalıb minalanmış sahədə partlayışdan əmələ gəlmiş bir çuxur tapmış və bütün günü orada 50 dərəcə istinin altında ac-susuz qalmışdı. Günəş batandan sonra da öz mövqelərimizə sarı yola düşmüş və nəhayət, bizi görmüşdü.

Məhəmmədinin bu məlumatları bizim minalanmış sahəyə və düşmənin istehkamlarına dair suallarımıza aydınlıq gətirdi və ondan sonra bütün bölgədə kəşfiyyat işi daha yaxşı davam etdi. Bizim mövqeyimizdə hərəkətlilik çoxalmışdı. Batalyon rəhbərləri bir-birinin ardınca əməliyyat zonası ilə tanış olmağa gəlirdilər. Get-gəlin çoxalması düşmənin diqqətini çəkmişdi və onlar əsas əməliyyatın yerini öyrənməkdən ötrü ciddi işə girişmişdilər.

Bütün bunlarla yanaşı, səfalı döyüşçü kollektivi arasında yaşamaq xatirə dolu və gözəl idi. O günlər iyuna və mübarək ramazan ayına təsadüf edirdi. Xuzistan günəşinin misilsiz istiliyi gündüzlər hərəkəti azaltmışdı. Günəş batanda isə özümüzü təchizat səngərinə verib Məhəmməd əminin iftarına şərik olurduq. Əvvəllər əkinçi olmuş Məhəmməd Məlikcani oğulları ilə birgə cəbhəyə gəlmişdi və bizim bölüyün təsərrüfat işlərinə baxırdı. O, Zeyd bölgəsinin 50 dərəcə istisində oruc tuturdu, axşama yaxın daha bədənində taqət qalmırdı. Onda da biz başının üstünü alırdıq: "Necəsən, Məhəmməd əmi?" Görürdük ki, iki meyvə şirəsi var. Üç qonağının olduğunu görüb deyirdi: "Ağa, mən daha təsərrüfatda qalmayacam, kalaşnikovu götürüb vuruşmağa gedəcəm".

Biz utanmırdıq. O da bilirdi ki, yeməyə çağırılmamış qonaqları gözləməlidir.

***

Bir gün səngərdə oturmuşduq. Gənc bir döyüşçü içəri girib əşyalarını bir tərəfə qoydu. Qardaş Məhəmmədi dedi: "Bu qardaş bölüyə yeni gəlib və inşallah, bizim komandamızda xidmət edəcək".



O, təxminən mənimlə həmyaşıd idi və ilk baxışdan xoşuma gəldi. Onun hərəkətlərini izləyirdim, baxışında məni özünə çəkən nəsə vardı. Yaxınlaşıb sadə bir hal-əhval tutmaqla onunla dostluğa başladım.

– Haralısan?

– Təbrizli.

– Bəsic üzvüsən?

– Yox, pasdaram.

– Adın nədir?

– Hüseyn Məhəmmədian.

– Əvvəl harada çalışmısan?

– İdarədə.

Uşaqların idarə işləri ilə araları yaxşı deyildi. İdarədə işləyənlərə "Anten", "Casus" və "Dəmpayi1 giyənlər" ləqəbləri vermişdilər. Onlar bu önyarğı səbəbindən Hüseynlə bir qədər tərslik edirdilər, mənsə çox tez dostlaşdım. Elə ilk dostluqda dedi: "İndi ki dost oluruq, gərək hər gün ilk görüşümüzdə bir hədis deyək". Mən də qəbul etdim.

İlk günləri əzbər bildiyim məşhur hədislərlə yola verdim, amma çox tez bir zamanda bundan ötrü mütaliə və araşdırmanı ciddiləşdirməyə məcbur oldum. Harada hədis görürdümsə, əzbərləyirdim ki, Hüseynin "ya əxi, həddisni"2 – sözləri qarşısında əlim dolu olsun; onun özü kimi.

Hüseyn Məhəmmədianla dostluğumdan üç həftə ötməmiş onun yaralandığını eşitdim. Qardaş Mehdi Xeyrullahi onu işlədiyi keçidə aparmışdı. Qayıdanda Hüseynin yerini tapa bilməmiş və onun qayıtdığını düşünərək öz mövqelərimizə dönmüşdülər. Hüseyn də bir müddət gözləmiş, səhərə yaxın düşmənin onun görə biləcəyini düşünüb özü qayıtmaq qərarına gəlmişdi. Bizim mövqeyimizə yaxınlaşanda keşikçilərimizdən biri düşmən hərbçisi olduğunu düşünüb ona sarı bir əl qumbarası atmışdı. Uşaqlar deyirdilər ki, onu müalicə üçün geriyə aparanda ağlayıb deyirdi: "Heyf ki əməliyyatdan qaldım".

***

Bir gün Kərbəla batalyonunun komandiri Həsən Kərbəlayi mənə dedi: "Düşmən üçüncü kanal tərəfdən Ərvənd çayının suyunu bölgəyə yönəldib. Bizim istehkamımızla düşmən istehkamı arasındakı bölgəyə su dolur".



Motosikletlə onun dediyi yerə getdik. Bölgədə ilğım görmək təbii idi, amma o vaxta qədər yaxşı öyrənmişdim ki, ilğım nə vaxt və hansı istiqamətdə görünür. Gördüklərimiz ilğım deyildi. Qardaş Kərbəlayi haqlı idi, su yavaş-yavaş qalxıb kanallara girirdi. Ondan sonra fikirləşməyə başladıq ki, oraya su dolsa, nə etməliyik.

Su hələ də axırdı, amma iş dayanmamışdı, bizdən arxadakı bölgə Ramazan əməliyyatı zamanı cəbhənin mühüm bölgələrindən olmuşdu.

O vaxt əksər bölgələrdə minalanmış sahələr vardı və bu, dəstək qüvvələrinin yerləşməsinə çətinlik yaradırdı. Bu səbəbdən kəşfiyyat bölüyünə həmin minaları zərərsizləşdirmək tapşırıldı. Davud Qüreyşi, Məhəmməd Məhəmmədi və Kərim Hörməti minaları təmizləməyə getdilər və mən səngərdə qaldım. Kəşfiyyat bölüyünün avtomobilini səsindən tanıyırdım. Səsi eşidib bayıra çıxdım. Davudun kədərli üzü diqqətimi cəlb etdi, yaxınlaşanda isə çox qorxdum. Maşının yeri qanlı idi və Kərim Hörmətinin orada olmadığını gördüm.

– Nə olub? Kərimin başına bir iş gəlib?

– Ayağı minaya düşdü və...

Çox pis oldum. Ən yaxşı dostlarımdan ikisinin əməliyyat qabağı yaralanması çox üzücü idi. Kərimi çox istəyirdim, yaralandığını eşidəndə isə daha çox istədim. Davud deyirdi: "Mina partlayanda və Kərim yerə yıxılanda qışqırdı: "Ey Mehdi! İmdada gəl!"


III

Ölkənin vəziyyəti, siyasi-iqtisadi problemlər və digər dövlətlərin təzyiqləri cəbhəyə çox mənfi təsir etmiş, döyüşçülərin əhval-ruhiyyəsi zəifləmişdi. Cəbhəyə gələnlər də azalmışdı və komandirlərin bu baxımdan problemlə üzləşdikləri hiss olunurdu. Kəşfiyyat bölüyünün bütün uşaqları ilə birgə diviziya komandirini dinləmək üçün hüseyniyyəyə toplaşdıq. Qardaş Əli Faiqi kamerasını hazırlamışdı və hamımız gözləyirdik. Ağa Mehdi əlində Quran hüseyniyyəyə girib silah qutularından düzəltdiyimiz tribunaya keçdi. Üzərinə "Ya Əba-Əbdillah" yazılmış qara və qırmızı bayraqlar hüseyniyyənin torpaq kisələrindən düzəlmiş divarlarını bəzəyirdi. Mübarək Ramazan ayı idi və o ayın sayəsində üzlərdə başqa bir nur vardı. Ağa Mehdi Allahın adı ilə söhbətə başladı və ilk cümlədə qardaş Faiqiyə müraciət etdi: "Mömin, məgər kasetiniz artıqdır məni çəkirsiniz?!"1

Əziz komandirimizin dərdli ürəkdən gələn sözlərini sevə-sevə dinlədik. Ağa Mehdi cəbhənin vəziyyətindən, canlı qüvvə çatışmazlığından və bizim daha güclü müqavimət göstərməyimizin lazımlığından danışırdı. O, həmişəki kimi Qurandan seçdiyi bəzi ayələri oxuyur və nazilolma səbəbini açıqlayırdı. Peyğəmbərin səhabələrinin işgəncə və yorğunluğun zirvəsində ikən ondan "Allahın yardımı hanı?" – deyə soruşduğunu və "Allahın yardımı yaxındır" ayəsinin nazil olduğunu danışıb bu yaxınlığın əlli ildən çox sürdüyünü və müsəlmanların yalnız o zaman dünyada qələbə çaldığını bildirirdi. Ağa Mehdi nəticə alırdı ki, biz hələ bir iş görməmişik ki, bu tezliyə yorulaq. Biz Peyğəmbərdən və onun dostlarından dərs alıb vəzifəmizi yerinə yetirməliyik.

Qəhrəman komandirimizin sözləri şəxsi heyətin ruhlanmasına çox müsbət təsir göstərirdi. Söhbət dua və salavatla bitdi və ağa Mehdi həmişəki kimi uşaqların arasında gözdən itdi.

***

Günəş rəhimsizcəsinə saçırdı. Günorta azanına az qalırdı. O günlər qardaş Məhəmmədi ilə qardaş Fəthinin arasında bir az soyuqluq yaranmışdı. Məhəmmədi bölükdən getmişdi və bizim komandamız başsız qalmışdı. Hamımız əl-ələ verib bütün işləri görməyə çalışırdıq. Həmin gün günorta səngərimizə gedəndə gözüm ağa Mehdinin səngərinə sataşdı. Nə qədər etdimsə, getməyə bilmədim. Ağa Mehdi Zeyddə olduğumuz müddətdə bizə sadəliyi və səmimiliyi öyrətmişdi. Vacib işi olmayanda bir dəvətlə, bir "buyur" deməklə "ya Allah" deyib içəri girirdi. Onun səngərinə giriş üçün də xüsusi səbəbə və icazəyə ehtiyac yox idi. İçəri girdim. Sakitlik idi. Ağa Mehdi üstünə ağ çəfiyə atmışdı və həmişəki kimi əynində ikinci dərəcəli Koreya hərbi geyimi vardı. Bir ayağını o birinin üstünə aşırıb sakitcə yatmışdı. Yorğun görünürdü. Bizim tanıdığımız ağa Mehdi yorulub-əldən düşməsəydi, gündüz heç vaxt yatmazdı. Bir qədər dayanıb ona baxdım. Düşünürdüm ki, çox yorğunluqdan və yuxusuzluqdan gözlərinin altında yaranmış çökək müharibənin sonuna qədər elə də qalacaq. Susuz idim. Komandir səngərinin buzluğundakı sudan bir az içmək istədim. Su olduqca isti idi. Kauçuk buzluğun qapağını götürdüm. Buz vardı və bir qədər qatıq. Fürsətdən istifadə edib həm ağa Mehdiyə ayran düzəltmək, həm də termosu sərin su ilə doldurmaq istədim. Buzu sındırdım. Buz parçalarının bəzisi termosun ağzından böyük idi. Onları termosun ağzına qoyub yavaş bir zərbə vururdum və buz termosun içinə düşürdü.



– Mömin, evdə anan sənin termosa bu şəkildə buz tökdüyünü görsəydi, nə deyərdi?!

– Bağışlayın, ağa Mehdi!

Bunu deyib şirin xəcalət hissi keçirdim. Ağa Mehdinin dəqiqliyini yenə təcrübə edirdim. Sərin sudan doyunca içdim.

***


İşlər daha ciddi şəkildə davam edirdi. Mən gecə-gündüz təmas xəttində qalıb suyun vəziyyətinə diqqətlə nəzarət edirdim. Su get-gedə bütün bölgəni bürümüşdü. Biz 25 sm. dərinliyində suda kəşfiyyat aparmaq üçün bir şey fikirləşməli idik. Su gələndən sonrakı ilk kəşfiyyat Zeyd bölgəsinin ilk kəşfiyyatı qədər çətin idi. Şalvarımızın balağını dizə qədər qatladıq, çəkmələrimizi çıxardıq və suya girib minalanmış sahəyə doğru yola düşdük. Beşinci və altıncı kanalların arasındakı kanalın yanından keçdik. Bölgənin ümumi vəziyyəti çox da dəyişməmişdi, amma ayaqlarımızın palçıqda hərəkətindən çıxan şappıltı səsi işi korlayırdı. Əmin idik ki, o vəziyyətdə səsimiz düşmənə çatacaq, amma bunu təsdiqləyəcək heç bir reaksiya görmürdük.

Maneələrə çatıb minalanmış sahəyə girdik. Çox diqqətlə palçığın içində minaları tapıb irəlilədik, nəhayət, sahənin içində yüz metr gedəndən sonra həmin yolla geri qayıtdıq.

İraq pusqularının bizim səsimizə qarşı heç bir reaksiya verməmələrindən təxmin edirdik ki, su onları pusqudan qaçırıb. Təxminimiz düz idi. Su pusqu səngərlərinə, hətta kanala girmiş və düşmən bölgəni boşaltmağa məcbur olmuşdu. Ondan sonra hərəkət sürətləndi. Bu kəşfiyyatlar zamanı bəzən təbii amillərlə də çarpışmalı olurduq. Məsələn, islanmayaq deyə şalvarımızın balağını qatlayırdıq, amma birdən sinəyə qədər suya batırdıq. Bilirdik ki, su ilə dolmuş bir çalaya düşmüşük. Minaları axtaranda da bir neçə dəfə suyun altında partlayış oldu, amma heç biri güclü yaralanmaya səbəb olmadı. Məhəmməd Purnəcəf suyun altında mina axtararkən üçlü bir mina tapdı; tank, avtomobil və piyada əleyhinə. O minanın adı "Purnəcəf minası" qaldı.

Bir neçə kəşfiyyatda düşmənin ilk xəttinin yaxınlığına qədər ərazini təmizlədik və əməliyyata hazırlaşdıq.

Mövcud vəziyyət komandirlərin xüsusi bir plan düşünmələrinə səbəb olmuşdu. Diviziyanın əməliyyat bölməsində bir adam ölçüsündə kauçuklar kəsmişdilər. Onun üstünə uzanıb suyun üzündə qalmaq və qolların köməyi ilə hərəkət etmək olurdu. Hələ qayıqdan istifadə ciddiləşməmişdi. Həmin şəraitdə şəxsi heyətə komandir tərəfindən məzuniyyət xəbəri verildi. Dörd ay yarımdan sonra mən də məzuniyyətə darıxmışdım. Bütün acı və şirin hadisələri ilə birgə Zeyd bölgəsini əməliyyatsız tərk etdik.



Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə