Serj Afanasiyan
Tərcümə: Güntay Gəncalp (Cavanşir)
Ermənistan
Azərbaycan
Gürcüstan
İstiqlaldan sovet rejiminin qurulduğu dönəmə qədər
1917-1923
Kitabın orijinal adı:
L'Arménie, L'Azerbaidjan et la Géorgie
de L'inde pendance à l`instauration
du Pouvoir Soviétique
1917+1923
par Serge Afanasian
Editions L`Harmattan
Paris, 1981
İçindəkilər:
Tərcüməçidən önsöz
Önsöz
Giriş
Tarixi keçmiş
Çar dönəmində Qafqazın durumu
Birinci bölüm
Oktyabr inqilabı və Qafqaz
Zaqafqaziya komissarlığı
Bakının durumu
Türklərin saldırısı
Bakı kommunası
Batumi konferansı
İkinci bölüm
Qafqaz cümhuriyətlərinin müstəqilliyi (1918 may)
Cümhuriyətlərin ilk ili
Ümidlər və ümidsizliklər
Türkiyə-Sovet yaxınlaşması
San Remo konferansı və müttəfiqlərin Türkiyə siyasəti
Üçüncü bölüm
Müstəqillikdən Sovet rejiminin quruluşuna qədər (Sovet Azərbaycanı)
Ermənistanda 1920-ci il may qiyamı
Bakıda Şərq Millətlərinin Konqrəsi
Ermənistan-Türkiyə savaşı
Ermənistanda sovet rejiminin qurulması
Qafqaz, müttəfiqlər, kəmalistlər
London konferansları və Moskva
Gürcüstanda sovet rejiminin qurulması
Oraq və aypara arasında
Dördüncü bölüm
Zaqafqaziya sovet cümhuriyətləri federasiyası və Sovet İttifaqına üzvlükləri
Sovet Sosialist Cümhuriyətlərinin təşkili
Zaqafqaziya sovetlərinin birinci konqrəsi
Sovet Sosialist Cümhuriyətləri birliklərini elan edir
Nəticə
Tərcüməçidən önsöz
Əlinizdə bulunan bu kitabın yazarı Serj Afanasiyan 1917-1923 illəri arasındakı olayların yaxından şahidi olmuşdur. Daha sonra Fransaya yerləşərək orada tarix üzərinə araşdırmalarını sürdürmüşdür. 1981-ci ildə bu kitabı Fransız dilində Parisdə nəşr etdirmiş. Kitab 1990-cı ildə İranda fars dilinə tərcümə edilmiş. Kitabı oxuduğumda Azərbaycan tarixi üçün önəmli bilgilər ehtiva etdiyini hiss etdim və oxuyarkən ana dilimizə tərcümə edilməsinə qərar verdim. 1917-1923 illəri arasında baş vermiş olan olayların aydınlanmasında şəxsən mənim üçün çox yararlı oldu. Şübhəsiz ki, kitab bir erməni tarixçinin baxış bucağından yazılmışdır. Mən tərcümə işinə sadiq qalaraq, sadəcə bəzi yerlərdə ətək yazıda açqılamalarda bulunmaqla yetindim. Örnəyin Qarabağ əhalisinin bu illərdə 85 faizinin erməni olması mövzusunda yanlış bilgiləri ətək yazıda özət cümlə ilə açıqlamışam. Ancaq düşünürəm ki, Qərbdə erməni tarixçilərinin Sovet Sosialist inqilabından sonra Qafqaz olaylarını necə açıqlamaları Azərbaycan tarixçiliyi üçün çox önəmli olmalıdır. Kitabda üç Qafqaz cümhuriyyətlərinin bir-biri ilə, Qərblə, Rusiya ilə və özəlliklə Osmanlı və Mustafa Kamal Türkiyəsi ilə irribatları barədə çox önəmli bilgilər mövcuddur. Yazar daha çox Erməni və Fransız qaynaqlarından yararlanmış. Kitabda Azərbaycan adında ölkənin doğuşu Müsavat hökümətinin qurulub devrilməsi barədə ayrıntılı bilgi var. Eləcə də Ermənistanda və Gürcüstanda milli dövlətlərin qurulub devrilməsi ilə bağlı önəmli bilgilər mövcuddur. Ancaq erməni məsələsini daha həssasiyətlə və məsuliyyət duyğusu ilə anlatmışdır. Bəlkə yazarın bir erməni olaraq öz milllətinə bağlılığı dolayısıyla belə bir haqqı ola bilər. Tərcümədə bu hissiyata toxunmadan olduğu kimi ana dilimizdə əsərin yansımasına önəm verilmişdir. Özəlliklə türk ordusunun həm Quzey və həm də Güney Azərbaycanda bulunmasının bu bölgədə yaşayan türklər üçün necə fürsətlər doğurması kitabın axışı içində hiss olunmaqdadır. Kitab tərcümə edilirkən tərcüməçini rahatsız edən bir neçə tarixi gerçəklər olmuşdur. “1921-ci il iyulun 13-nə qədər ermənilər bolşeviklərə qarşı Zəngəzurda dirənirlər. Bu müddət ərzində 10 min partizanı və əski hökümətin üzvlərini sınırdan İrana keçirirlər.” Bu 10 min insan bütünüylə Təbrizə yerləşir. Təbrizdə örgütlənir və öz dillərində qəzet çıxarırlar. Daha sonra sovet xarici işlər naziri daşnakların Təbrizdəki fəaliyyətinə etiraz edir. Yavaş-yavaş Təbrizdə yuvalanan daşnakalar İranın müxtəlif yerlərinə dağıdılırlar. Bu, tərcüməçi üçün çox qorxunc bir olay olmuşdur. Tərcüməçi keçən əsrin başlarında Güney Azərbaycanda baş verən olayların heç birinin milli məzmunlu olmadığının bilincindədir. Məşrutə hərəkəti tamamən fars milliyətçiliyi mərkəz hərəkət idi və Qacarın devrilərək fars dövlətinin qurulması ilə də nəticələndi. Ancaq 10 min silahlı insanın bir şəhərə girməsi o şəhərin strukturunu dəyişə bilər. 1905-ci ildən başlayaraq Qafqazda daşnakların qətl etdikləri Azərbaycan türkləri haqqında geniş bilgi var. Güney Azərbaycanda tanınan məşhur liderlərin heç birisindən bu haqda bir etiraz açıqlaması da olmamışdır. Hətta bu məşhur liderlərin bəzisi türk ordusu Urmu və civarında daşnakların törətdiyi soyqırım durdurduğunda türk ordusuna qarşı çirkin ifadələrdə bulunmuşlar. Anlaşılan odur ki, fars milliyətçiliyi ideologiyası Güney Azərbaycandakı hərəkət öncüllərinin düşüncəsini elə işğal etmiş ki, onlar qulaqlarının dibində qətl edilən soydaşlarına fars milliyyətçisinin gözü ilə baxmışlar. Bunlar tərcüməçi üçün bilinən mövzular idi. Ancaq 10 min daşnakın bir gündə Təbrizə girib və orda yuvalanaraq fəaliyyətlərinə davam etmələri inanılmaz bir olaydır. Xalq tərəfindən də buna bir etiraz olmamışdır. Çünkü xalqa o məşhur liderlərdən antidaşnak olaraq bir söyləm miras qalmamışdı. Kütlənin söyləmlərini oluşduran liderlər olmurlarmı? Çox acı bir gerçək. Bu kimi tarixi gerçəklər bilindiyində nədən İran mühitində türklərin könüllü asimilasionunun ortaya çıxma səbəbi də bəlli olur. Məşrutə və onun türk liderləri könüllü asimilasion kültürünü tariximizə miras buraxmışlar. Məşrutənin doğurduğu “türk” aydınlar İranda modern fars dövləti qurulduqdan sonra qələmə sarılacaq və türklərə qarşı yalan-yanlış bir sürü saxta bilgilər ürətəcəkdilər.
Əsas sual budur: 1900-1920-ci illər arasında Güney Azərbaycanda ortaya çıxan tanınmış liderləri hələ də yalan yerə milli liderlər olaraq tanımlamağa davammı etməliyik? Onlar günümüzdə milli oyanışın önündə əsas əngəl deyillərmi? Onlardan milli söyləm olaraq bir tək cümlə qalmazkən necə olmuşdur da milli qəhrəmanlar kimi xalqımıza tanıdılmışlar? Bu, bizim ağlımızı işğal edən irançılığın ürünləri deyilmi? Biz necə millət ola bilərik? Qəhrəmanlıq sadəcə silaha sarılaraq yabancı ideologiyaların yolunda canfəşanlıq etməkmi, yoxsa örnəyin Rəsulzadə kimi milli bir ideyanı tarix üçün doğurmaqmıdır? Hansıdır? Nədir qəhrəmanlıq və kimdir milli qəhrəman? Tariximiz üçün milli ideyanı doğuran Rəsulzadədirmi qəhrəman, yoxsa pis-yaxşı türk kökənli dövlət olan Qacarı devirib və fars Pəhləvi dövlətinin qurulmasına zəmin sağlayanlarmı? Ən pis dövlətin də milliləşmək ehtimalı vardır, ancaq dövlət əldən getdimi, artıq o millət köləyə dönüşər. Bu baxımdan məşrutə və onun “türk” liderləri bizim kölə olmamız yolunda fədakarlıq etməmişlərmi? Sağını-solunu bilməyən düşüncəsiz və milli şərəfdən, milli şüurdan məhrum olanları nə zamana qədər qəhrəmanımız olaraq görəcəyik? Kimdir gerçəkdən bizim tariximizin milli qəhrəmanları? Yalanlara nə zamana qədər davam edəcəyik? Çocuqlarımıza nə zamana qədər yalan söyləyəcəyik?
Bu kitabın Azərbaycan oxucuları üçün yararlı olacağına inanıram. Rəqiblərimizin, Azərbaycanda bir çox insan qətl edən daşnakların tarixə baxışları necə olmuşdur? Anlaşılan kitabın yazarı sol görüşlü biridir. O dönəm tarixlə bağlı bilgilərin genişləməsinə bu kitabın yardımçı olacağına inanıram.
Güntay Gəncalp (Cavanşir)-Finlandiya
Guntay_1@yahoo.com
11.06.2012
Önsöz
Yetmiş il öncə Qafqazın Ermənistan, Azərbaycan və Gürcüstan bölgələri qısa müddət müstəqillikdən sonra (1918-1921) Sovet İttifaqının üzvləri oldular. Bu tarixi hadisə heç bir zaman ayrıntıları ilə araşdırılmamışdır. Rusiya və Türkiyə arxivlərindən yararlanmadan bu boşluğu doldurmaq çətin işdir. Bu səbəbdən də biz bu kitabda başqa qaynaqlardan yararlanmağa çalışdıq. Bu qaynaqların müasir tarixin aydınlanmasında yardımçı olacağını ümid edirik.
Rusiya Çar imperiyasının dağılmasından sonra Qafqaz cümhuriyətləri üç mərhələni keçmişdir: 1- Oktyabr inqilabından müstəqilliyin elan edildiyi dönəmə qədər (1917-1918).2- Müstəqillikdən sovet rejiminin qurulduğu ana qədər (1918-1921). 3- Zaqafqaziya cümhuriyətləri federasiyasının təşkili və sovet ittifaqına qatılmaları (1921-1923).
Bu mövzu üzərinə sovet tarixçiliyi yüzlərcə kitab və məqalə yazmışdır. Bu kitablar və məqalələr Stalin sonrası dönəmdə, yəni 1956-cı il kommunist partiyasının 20-ci konqrəsindən sonra nəşr edilməyə başlanmışdır. Bu dönəm sovet tarixində nisbi liberallığın başlaması olaraq adlanır. Bu kitablar və dərgilər sovetin Qafqaz xalqına etdiyi xidmətləri sıralamış və imperialist güclərin əlindən bu ölkələrin sovet tərəfindən necə xilas edildiklərini açıqlamışlar. Onların iddialarına görə Sovetin müdaxiləsi olmasaymış Qafqaz ölkələrinin gələcəyi olmayacaqmış.1 Yabancı ölkələrin imperialist istəkləri bu məqalələrdə geniş ölçüdə açıqlanmışdır.2 Stalin iqtidarından öncə 1928 və 1929-cu ildə Sovet Ermənistanının tarixçisi Bqrat Buryanın kitabı yayıldı. Rusiyanın Ermənistanla ilgili niyətlərini ifşa edən tək kitab idi.3 Bunun dışında ehtiyatla dövlət arxivindən çıxarılan bilgilərin hamısının qarşısı alındı, yayılması əngəlləndi. Böyük ehtimalla bu bilgilər sovetlərin gerçək üzünü ifşa edəcək məzmunda olmuşdur.4 1957-ci ildən sonra Sovet İttifaqının xarici siyasəti ilə bağlı sənədlərin yayımlanması bu dönəm tarixi olayların dərk edilməsi üçün yeni imkanlar yaratdı.5 Xarici yazarların bu haqdakı araşdırmaları çox müxtəsər şəkildə olmuşdur. Ayrıva Sovet tarixçiləri Qərb ölkələrinin tarixçilərini Qafqaz mövzusunda tərəfsiz olmamaqla suçlayırılar. Örnəyin sovet tarixçiləri ABŞ tarixçisi Riçard Paypz´ı suçlayırlar ki, nədən o Rusiyan etnoslarının sovetləri deyil, liberal partiyaları dəstəklədiklərini yazmış? Paypz iddia etmiş ki, bolşeviklərin Qazanda və Bakıda təsirləri yox səviyəsində imiş.6 Riçard Kankevist´i məhkum edirlər ki, o Sovet tarixini təhrif etmiş. Ona görə bolşevik partiyasının milli siyasətini müdafiə edənlər xalqların milli mənafeləri yerinə partiyanın mənafeyini üstün bilmişlər.7 Mari Matusiyanı da məhkum edirlər. Çünkü Mari Matusiyan yazmış ki, Qafqazlarda etnik təmayüllər sinfi və ideoloji təmayüllərdən üstün olmuşdur. Bu etnosların həyatda qalma instinktləri var idi. Buna görə də onların milli kimliklərini tanıyan rejimlərlə əməkdaşlıq etməyə hazır idilər.8 Bu yazarların görüşləri ilə sovet tarixçilərinin görüşləri tamamən fərqli olmuşdur. Sovet tarixçiləri kommunist inqilabın bucağından bütün olaylara baxmışlar.
Bu arada xarici ölkələrdə də Qafqaz tarixi ilə bağlı bəzi kitablar nəşr edilmişdir. Bu kitabların yazarları özləri də Qafqaz hadisələrinin iştirakçıları olmuşlar. Qafqaz ölkələri müstəqilliklərini əldə etdiklərində bu yazarlar da bir şəkildə bu ölkələrin siyasi işlərində aktiv olmuşlar. Firuz Kazımzadə, Avalov (Avalaşvili), Nevi Jurdaniya, Ruben Terminasiyan, Serj vratsiyan kimi yazarların adını çəkmək olar. Siyasi mühacirlər olaraq bu yazarlar hadisəyə ancaq tənqidi yanaşsalar da, ancaq bəzi gerçəkləri onların əsərlərindən öyrənmək mümkündür. ABŞ vətəndaşı olan erməni tarixçi Riçard Havansiyan bu haqda böyük bir kitab yazmış. Bu kitab Ermənistan müstəqilliyinin ilk illərini ayrıntılı şəkildə izah etmiş. Azərbaycan və gürcüstan müstəqilliyinə də cüzi olaraq işarə etmişdir. Bir halda ki, bu üç Qafqaz ölkələrinin talehi bir-birnə sıxca bağlı olmuşdur. Bu kitab, sadəcə istifadə etdiyi bolca qaynaqlar baxıımından çox önəmlidir.9
Türklərin tarix yazarlığı da fərqlidir. Bəzi hadisələrlə bağlı səssiz qalmışlar. Ancaq bəzi hadisələrlə bağlı maraqlı bilgilər vermişlər. Özəlliklə Mustafa Kamal hərəkəti və Türkiyə-Rusiya münasibətləri ilə bağlı ayrıntılı araşdırmalar etmişlər. Bu doğrultuda Kazım Qarabəkirin savaş zamanı yazdığı xatirələri10 və Əli Fuad Paşanın11 yazdıqları çox önəmlidir.
Fransa xarici işlər nazirliyi də bu mövzuyla ilgili arxivini araşdırmaçılara açımışdır. Olayların aydınlığa qovuşması üçün ordakı bilgilər də çox önəmlidir. Bu sənədlərin içində ən önəmli olanlar 1917-1923-cü illər arasında Fransa hərbi missionerlərinin o zaman xarici işlər nazirliklərinə yazdıqları məktublar və onların qələmə aldıqları xatirələridir. Əlbəttə bu məktublara və xatirələrə də ehtiyatla və tənqidi yanaşmaq lazımdır.
Bunlardan başqa Parisin siyasi elmlər məktəbinin nantr adlı uluslar arası sənədlər kitabxanasında da önəmli sənədlər əldə etdik. Sosial Elmlər Akademiyasının Rusiya bölümündə də önəmli sənədlər mövcuddur. Bu haqda bizə yardımçı olan hər kəsə təşəkkür edirik. Bu kitabın hazırlanması bir neçə il vaxtımızı almışdır. 1917-1923-cü illər arası Qafqaz tarixi çox qısa olsa da, ancaq böyük hadisələrlə iç-içədir. Bu dönəm Qafqaz tarixinin aydınlanması üçün bu kitabın təsirli olacağını ümid edirik.
Giriş
Qafqaz çox əski bir yurddur. Xəzər dənizi ilə Qaradəniz arasında yerləşən Qafqaz bir yandan Rusiya, bir yandan Türkiyə, bir yandan da İrana bağlanır. Əski millətlər Qafqazı tanıyırmışlar. Çünkü Nuh gəmisi də Ağrı dağında* quruluğa oturmuşdu. Promete də Qafqaz dağında zəncirlənmişdi. Zərdüşt də Qafqazın güney doğusunda, əbədi odlar yurdu adlanan Azərbaycanda yaşamışdı. Ərəblər Qafqazı “Cəbəl-ül əlsənə”, yəni dillərin dağı adlandırmışlar. Çünkü Qafqaz gerçəkdən də dünya dillərinin muzeyi pozisiyasındadır. Çox da böyük olmayan bu məkanda bir-birinə qarışmadan onlarca dil danışılmaqdadır. Bu, Qafqazın iqlimindən asılı olan bir durumdur. Ancaq çoxlu etnoslar içində əsasən üç qövm daha çox cəmiyətə sahib olmuşdur. Bu üç qövm 20-ci əsrdə siyasi önəm daşıdılar: Gürcülər, ermənilər və Azərbaycan türkləri. Bu üç etnosdan, yalnız gürcülər tam olaraq qafqazlı sayılmaqdadır. Ermənilər həm Qafqazda, həm də Qafqazın xaricində yaşamışlar. Qafqaz tarix boyu fatehlərin yolunun üstəndə yerləşən məkan olmuşdu. Bu üzdən Qafqazın bir parçası olan Ermənistan da hər zaman savaş meydanı olmuşdu. Rusiya və Türkiyə Ermənistanı öz aralarında paylaşmışdılar. Ermənilərdən önəmli bir qismi dünyanın müxtəlif yerlərinə, o cümlədən Amerikaya, Hindistana, İtaliyaya, Polşaya və Misirə mühacirət etmişlər. Ancaq iki qonşu ölkədə də erməni mühacirlər olmuşdu. Gürcüstanın başkəndi Tiflisdə əksəriyəti ermənilər təşik edərdi. Don kənarındakı Don şəhərində, Bakıda, Təbrizdə, İsfahanda, İstanbulda və Hələbdə erməni məhəllələri olmuşdur. Azərbaycan türkləri Qafqazın ən böyük etnosunu təşkil etməkdədir. Ancaq onlar da ermənilər kimi bölünmüşlər. On milyondan artıq İran Azərbaycanında yaşamaqdadır.
Tarixi keçmiş
Öz uzun keçmişi ilə Qafqaz, sadəcə bir neçə yüz il nisbi barış görmüşdür. Tarixin dəyişik dönəmlərində Qafqaz müxtəlif qövmlərin və imperatorluqların savaş meydanı olmuşdur. Hz. İsadan yüzillər öncə əhəmənilər (həxamənşilər) Qafqaza saldırdılar. İndi Azərbaycan olaraq adlanan əski Midiya torpaqlarını Kir (Koroş) işğal etdi. Başqa ölkələri də işğal edərək Əhəməni imperiyasını təsis etdi. Midiyalılar tərəfindən idarə olan Ermənistan bir Əhəməni satrabına dönüşdü. Qafqazın qalan bölgələri də bu şəkildə öz həyatına davam etməyə başladı. Əhəməni dövlətinin miladdan öncə dördüncü əsrdə makidoniyalı İskəndər tərəfindən işğal edilib devrilməsi Qafqazda bir yenilik oluşdurmadı. Bu bölgə yenə də başqa qövmlərin əlində qaldı. İskəndərin ölümündən sonra azərbaycanlı satrab özünü müstəqil elan etdib yeni bir sülalə qurdu və miladdan öncə 211-ci ilə qədər varlığını sürdürdü. İran-Roma savaşlar devri başladı. Bu savaşlarda Ermənistan əldən ələ keçirdi. Bu səbəbdən də hər iki tərəfdən zərər görürdü. Xristianlıq çox tez Qafqaza daxil oldu. Miladdan sonra beşinci əsrdə xristianlıq ermənilərin rəsmi dini oldu. Gürcüstan da bu dönəmdə xristianlığı rəsmi din olaraq qəbul etdi. Ermənistanın və Gürcüstanın xristian olması bu iki ölkənin münasibətlərini Sasani dövləti ilə daha da çətinləşdirdi. Sasani şahları xristianlığı Ermənistanda və Gürcüstanda yox etmək istəyirdilər. Ancaq başara bilmədilər.
640-ci ildə Qafqaz ərəblərin saldırısına uğrayıb işğal edildi. Qafqazın bir çox bölümü islamiyəti qəbul etdi. Hətta Gürcülər də İslamı qəbul etdilər. Ancaq İkinci Deyvid (1099-1125) yenidən xristianlığı bərqərar etdi.
10-11-ci əsrlərdən başlayaraq türk-moğol xalqları Orta Doğuya gəlməyə başladılar. Onlar Orta Doğuda və Qafqazın doğusunda yerləşdilər. Türk ünsürü İran mədəniyətinin təsiri ilə ortadan qalxdı. Ancaq 1236-cı ildə moğollar Qafqazı tam olaraq işğal etdilər. Türk axınları bu yolla Qafqaza da başladı. 14-cü əsrin sonlarına doğru Əmir Teymurun saldırıları gerçəkləşdi. 15-ci əsrdə gürcüstan öz müstəqilliyini əldə edə bildi. Bu dönəmlərdə Ermənistan müstəqil dövlət olma imkanına sahib deyildi.
Osmanlı imperiyasının genişləməsi və Səfəvi dövlətinin qurulması Qafqaz üçün yeni təhdid təşkil edirdi. Əskidən olduğu kimi yenə də iki dövlət Qafqaza sahib olmaq üçün savaşırdılar. Bu dövlətlərdən biri Səfəvi idi. Səfəvi dövləti Sasanilərdən 900 il sonra ortaya çıxmış və İranın bütünlüyünü bərqərar etmişdi. İkinci dövlət isə, Şərqi Roma imperiyasının və Bizansın canişini olan Osmanlı idi. Bu arada Qafqazda türk ünsürü sürətlə artmağa başlamışdı. Səlcuqlar, moğollar və osmanlılar sıralamasıyla Qafqaza öz təsirlərini buraxmışdılar. 15-ci əsrdə Azərbaycan artıq əhalisi türklərdən ibarət olan ölkəyə dönüşmüşdü. Səfəvi dövlətinin qurulması ilə şiələşən Azərbaycan daha çox İran mədəniyətinə bağlı oldu.
İran və Osmanlı Türkiyəsi bitməyən savaşlarla məşğul ikən yeni bir millət tarix səhnəsinə girdi. 1492-ci ildə gürcü xanlarından biri olan Kaxti şah Güney qonşuları qarşısında Rusiyadan yardım istədi. Bu zaman Rusiya hələ bölgəyə girə biləcək gücdə deyildi. 200 ildən sonra Rusiyanın Qafqaza girməsi mümkün olacaqdı. 18-ci əsrin əvvəllərində Səfəvi dövləti çökməyə doğru gedirdi. Əfqanlar İranı işğal etmişdilər. Bu boşluqdan istifadə edən Böyük Pyotr Qafqaza girdi. 1724-cü ildə Osmanlı ilə bir müqavilə imzaladı və Dərbəndi, Bakını, Gilan əyalətlərini, Mazəndəranı və Gürganı öz kontroluna keçirdi. Digər tərəfdən də Gürcüstan Osmanlıya tabe olan bir ölkəyə dönüşdü.
Səfəvilərdən sonra yeni bir dövlət quran Nadir Şah, adı keçən bölgələri Rusiyanın işğalından azad etdi. Nadir Şah Baqratilər sülaləsini də Gürcüstanda iqtidara gətirdi. Ancaq artıq İranda qurulan dövlətlər Qafqaza sahib çıxa biləcək gücdə deyildilər. 1747-ci ildə Nadir Şah öldürüldükdən sonra Gürcüstan hakimi İrakli diqqətini Rusiya ilə işbirliyinə yönəltdi. Osmanlı qarşısında Rusiyadan yardım dilədi. 1783-cü il Giyorgifsk adlı Gürcüstan-Rusiya anlaşması ilə Gürcüstan özünü İkinci Katerinanın vassalı kimi qəbul etdi.
1795-ci ildə Qacar Şah Qafqaza girib Gürcüstanı işğal etdiyində Rusiya Gürcüstana yardım edə bilmədi. Qacar Şah Gürcüstanı işğal etdikdən sonra böyük qətllər törətdi. İraklinin ölümündən sonra gürcü aristokratları bir daha Rusiyadan yardım istədilər. Rusiyanın yardımı ilə Gürcüstanın daxili istiqlalını tanındı və onun kilsəsinə iqtidar haqqı verildi. Ancaq 1801-ci ildə Birinci Povl bu müqaviləyə əhəmiyət vermədi və Gürcüstan Rusiyanın bir əyalətinə dönüşdü.
Rusiyanın bu davranışı Qacar və Rusiya arasında uzun sürən savaşlara səbəb oldu. 19-cu əsrdən başlayaraq Rusiya Güneyə doğru işğalçı siyasətini gücləndirdi. Qacar dövlətini yenərək Qarabağı, Şirvanı və Talışı ələ keçirdi. Bu məğlubiyətlər üzündən Qacar dövləti Gürcüstandan tam olaraq vaz keçdi. Beləliklə Qafqaz müsəlman xanlıqları İrandan ayrılıb və geniş Rusiya imperiyasından asılı duruma gəldilər.
1826-cı ildə Qacar-Rusiya arasında yeni savaş başladı. General Yermilovu bir neçə kərə Şahzadə Abbas Mirzə məğlub etdi. Bu üzdən də Rusiya Yermilovu uzaqlaşdırıb Paskeviçi Qafqaz ordusunun başına gətirdi. Paskeviç İrəvanı, Naxcıvanı işğal edib və İranı bu əraziləri Rusiyaya buraxmağa zorladı. Ayrıca, İranda yaşayan xristinalar üçün də haqlar tanındı. İran-Rusiya arasında yenı sınır Araz çayı olaraq müəyyən edildi. Eyni ildə Paskeviç Osmanlını da məğlub etdi. 1829-cu il müqaviləsi Osmanlının kontrolunda olan erməninişin bölgələr Rusiyanın istilasına keçdi. Artıq Gürcüstan və Ermənistanın böyük bir bölümü və Azərbaycanın üçdə biri Rusiyanın işğalında idi.
Bu əraziləri işğal etmək Rusiya üçün asan olsa da, ancaq əldə saxlaması çətin idi. Əksəriyətini müsəlmanlar təşkil edən Qafqaz, Rusiyanın istilasını qəbul etmirdi. 1830-cu ildən sonra Qafqaz müsəlmanları ilə Rusiya arasında savaşlar başlamışdı. Şeyx Şamil rəhbərliyi altında ruslara qarşı ciddi savaş və dirəniş başlamışdı. Bu savaş və dirəniş 34 il davam etdi. Ancaq sonunda ruslar bu dirənişi qırdılar. Bir çox əşirələri qətl edib və kəndləri yaxdılar.
1864-cü ildə Qafqaz sakinləşdi. Ancaq 13 il sonra Türkiyə və Rusiya arasında yeni savaşlar başladı. Bu savaşda türklər yenildi və “San Stefano” və “Berlin” müqavilələri bağlandı. Bu müqaviləyə görə Qars, Ardhan və Batumi Rusiyaya buraxıldı. Artıq bütün Gürcüstan Rusiya idarəsinə keçmişdi. Ancaq Ermənistan və Azərbaycan, Gürcüstan kimi bir imperiyanın çatısı altında birləşməmişdi. Ermənistanın bir bölümü Türkiyə və Azərbaycanın böyük qismi isə, İranda qalmışdı. Ermənistan və Azərbaycan üçün bu durum hələ də davam etməkdədir.
Rusiyanın Qafqazı ələ keçirməsi böyük dəyişikliklərə yol açdı. Ancaq Qafqaz əhalisinin böyük qismi heç bir zaman Rusiyanın istilası ilə razılaşmadı. Sadəcə müsəlman qafqazlılar deyil, xristian qafqazlılar da Rusiyanın istilasını artıq qəbul etmək istəmirdilər. Fərqli etnik durum, məzhəb və din fərqliliyi Qafqazı Rusiya imperiyası içində mərkəzdən uzaqlaşdıran amillər idi. 1917-ci ildə inqilab olduğunda öz istiqlalları üçün Rusiya ilə savaş nəsillər hələ həyatda idilər.
Çar dönəmində Qafqazın durumu
Qafqazın Rusiyaya ilhaqı bu bölgədə yaşayan qövmlərin tarixində yeni bir səhifə açdı. Qafqaz xalqlarının iqtisadi qaynaqları tarım idi. Rusiya imperiyasının iqtisadi sisteminə Qafqaz xalqlarının inteqrasiyası onların sosial strukturunu dəyişdirməyə başlamışdı. Rusiya xalqlara verdiyi sözü tutmuyaraq məhəlli muxtariyətə önəm vermirdi. Rusiya azad dənizlərə çıxmaq üçün Qafqaza bağlayıcı bir yol kimi baxırdı. Rusiyanın bu niyyəti, sadəcə boğazlara sahib olan Türkiyəni rahatsız etmirdi. Hindistanı öz müstəmləkəsi halına gətirmiş olan İngiltərəni də əndişələndirirdi. Birinci Dünya Savaşı başladığında 180 min kvadrat kilometr ölçümü olan Qafqazın 6/7 milyon nəfər cəmiyəti var idi. Bu cəmiyətin əksəriyətini azərilər, ermənilər və gürcülər təşkil edirdi. Bu zaman azərilərə tatar deyilirdi. Bu zaman Qafqazda 450 min rus, 100 min osetin, 50 min abxaz, 30 min kürd və çox az qismdə yunan, alman, yəhudi var idi. Qafqazın idarə mərkəzi Tiflis idi. Qafqaz əyalətlərə ayrılmışdı. Bu əyalətlərin sınırları milli, məzhəbi və iqtisadi verilər göz önündə bulundurulmadan müəyyən edilmişdi. Bu da Qafqazda yaşayan qövmlər arasında qarşıdurmalar üçün imkan yaradırdı.
Rusiyanın Qafqaz yeraltı zənginliklərini sömürməsi yeni bir təbəqənin ortaya çıxmasına səbəb olmuşdu. İqtisadi sistem dəyişmiş və şəhərlərdə burjuazi və işçi sinifi oluşmağa başlamışdı. Dəmir yolunun istifadəyə verilməsi Qafqazda mədəni inkişafı da etkiləmişdi. Özəlliklə Bakı, Tiflis, Batumi və Aleksandropol sosial durumu dəyişən şəhərlər arasında idi. İqtisadi inkişafın ortaya çıxışı və Qafqaz qövmləri gənclərinin Rusiya imperatorluğunun və Avropa ölkələrinin universitetlərində təhsil almaları mədəni sıçrayışa imkan yaradırdı. Ancaq hələ gərəkən səviyədə Avropa modeli burjuazı və proletariya ortaya çıxmamışdı. Bu üzdən də marksist görüş asanlıqla özünə yer edə bilməzdi. Burjua siniflər ümumən Çar rejimi ilə əməkdaşlıq edirdi. Yalnız Rusiyanın qövmlərə qarşı əzici politikası milli vicdanı sürətlə oyadırdı. Bunun nəticəsi olaraq milli kimliyi ön plana çəkməyə başlayan partiyalar qurulmağa başladı. Bu partiyalar Rusiyanın xalqlara qarşı olan sərt politikasını tənqid edirdi.
Azərbaycan burjuaziyası özünü yeni gəlişmələrə uyğunlaşdırmağa çalışırdı. Petrol burjuaziyası Bakının görüntüsünü dəyişdirirdi, lakin Rusiya azərilərə çox az miqdarda bu imkandan yararlanma fürsəti tanıyırdı. Azərilər tarixdə heç bir zaman müstəqil bir dövlət qurmamış və xanlıqlar şəklində siyasi həyatlarına davam etmişdilər. Bu xanlıqlar ümumən İranda qurulan dövlətlərə tabe olmuşlar. Azərilərin qonşuları xristian gürcülər və ermənilər olduğundan Rusiya imperiyasında onlar öz qonşuları ilə əməkdaşlıq etmək yerinə digər müsəlmanlarla əməkdaşlıq etməyə çalışırdılar. 1900-cü ildə Rusiyada 15 milyon müsəlman əhali var idi. Çar 1905-ci ildə bir bəyaniyə yayaraq nisbi azadlıqlara imkan tanıdı. Bundan yararlanan azəri ziyalılar müsəlman məşrutəçi bir partiya qurdular. Bu partiyanın rəhbərliyində Haşım Vəzirov, Əhməd Ağayev və Əlimərdan Topçubaşov kimi aydınlar durmaqda idi. Onlar partiyanın mövqeyini əks etdirən “Həyat” qəzetində öz fikirlərini nəşr etdirir, məhəlli muxtariyətdən yana öz görüşlərini açıqlayırdılar. Həyat qəzetində Rusiyanın Azərbaycana rus mühacirlərini yerləşdirmə politikası tənqid edilirdi. Abbas Kazımzadə, M. Ə. Rəsulzadə, Əfəndiyev, Hacinski kimi gənc ziyalılar sosialist görüşdən yanaydılar. 1903-cü ildə onlar Bakıda Rus Sosial Demokrat Partiyasının üzvü olmuşdular. Ancaq bir il sonra bu partiyadan ayrılaraq “Hümmət” Müsəlman Sosial Demokrat Partiyasını təşkil etdilər. Hümmət partiyası təşkilatçılıq baxımından Rus Sosial Demokrat Partiyasına bağlı idi. Ancaq “İslamçı xasiyət”ləri onlara bir növ bağımsız hərəkət etmə imkanı qazandırırdı. Rus Sosial Demokrat Partiyasında rusların, ermənilərin və gürcülərin üstünlükləri var idi. Onların islami xislətləri azərilərin bu partiyanın içində ərimələrini önləyirdi.
1905-ci ildə Nəriman Nərimanov və Məşhədi Əzizbəyov Hümmət partiyasına qatılırlar. Onlar daha öncə Rus Sosial Demokrat partiyasında idilər. Hümmət partiyasına qatıldıqları gündən əksəriyəti yazıb-oxumaqdan məhrum olan müsəlman əhalinin eyitimi ilə məşğul olmağa başlayırlar. Dövlətə qarşı nümayişlər təşkil etməyə çalışırlar. Ancaq Çar rejimindən yana olan müsələman mollalara açıqca qarşı çıxmaqdan çəkinirlər. 1907-ci ildə rejim inqilabçıları cəzalandırmağa başlayır. Nərimanov, Əfəndiyev və digərləri tutuqlanırlar. Rəsulzadə İrana qaçır və bir müddət sonra Türkiyədə yerləşir. Rəsulzadə Türkiyədə bulunduğu müddətcə Qafqaz və Kırım siyasi mühacirləri ilə sıx əlaqəyə girir. Onların hamısı panturanist hərəkətə qatılırlar. Çarın ümumi əfv fərmanı çıxdıqdan sonra Rəsulzadə Bakıya dönür. 1911-ci ildə Abbas Kazımzadə, Kərbəlayi Mikayılzadə və “Hümmət”in əski rəhbərləri vasitəsi ilə “Musavat” partiyası qurulmuşdu. Musavat millətçi liberal partiya idi. Rəsulzadə Bakıya döndükdən sonra Musavat partiyasının rəhbərliyini ələ aldı. Musavat partiyası güclənərək Qafqaz müsəəlmanlarının tək millətçi partiyasına dönüşdü. 1918-ci il may ayından öncə azəri və Azərbaycan sözləri heç bir yerdə keçməmişdi.
“Hümmət”in sol cinahı Nərimanov, Əzizbəyov, Bünyadzadə və Sultanov idi. Onlar 1917-ci ildə “Ədalət” partiyasını təsis etdilər. Onların amacı işçilərin haqlarını savunmaq idi. Özəlliklə İran kökənli işçilər Bakının petrol quyularında çalışmaqdaydılar. Ədalət Partiyası onların haqlarını müdafiə edirdi. 1920-ci ildə Ədalət partiyası “İran Kommunist Partiyası” adı ilə fəaliyət göstərməyə başladı. “Hümmət”in sağ cinahı içində Əbilov, Ağamalıoğlu, Qarayev kimi adlar var idi. Onlar Tiflisdə öncə mənşeviklərlə, daha sonra bolşeviklərlə əməkdaşlıq etməyə başladılar.
19-cu əsrin əvvəllərində Gürcüstan öz müstəqilliyini itirmişdi. Ancaq buna rəğmən böyük mədəni və tarixi keçmişi var idi. Ermənilər isə, 16-cı əsrdə öz müstəqilliklərini itirmişdilər. Gürcülər də ermənilər kimi, siyasi bağımsızlıqları olmasa da, öz milli dəyərlərini qorumağı başarmışdılar. Erməni-gürcü dirənişi Üçüncü Aleksandr (1881-1894) zamanında zirvəyə çatır. Bu zaman güclü bir şəkildə ruslaşdırma politikası tətbiq edilməkdədir. Qafqazda da ruslaşdırma başlar. Məktəblərin, kilsələrin dili, yalnız rusca olmalı idi. Çar zülmündən xilas olmaq üçün inqilabi qurumların təşkili fikri ortaya çıxar. 1892-ci ildə gürcü aydınlar bir iş planı təşkil etmək üçün Zestafonidə bir araya gəldilər. Onların içində Noi Jurdaniya, Maxaradze, Ramişvili, Tesxakaya, Cibladze, Ketsexovli, Minuşvili kimi gələcəyin siyasi liderləri olacaq şəxsiyətlər var idi. Onlar sosial demokrat adında bir partiya təşkil etmək qərarına gəlirlər. Partiyanın adı “Məsamə Dasi” (Üçüncü nəsl) olaraq müəyyən edilir. Bu, ilk marksist gürcü təşkilatıdır. Partiyanın “Kovali” (Tarla) adında qəzeti çıxmağa başlayır. 1901-ci ildə bu partiyanın radikal qanadı “Berdzula” (Mübarizə) adında bir qəzet çıxarır. Bu qəzet açıqca kommunist ideyalardan yana olur. Krasinin yardımı ilə bu qəzet gizlincə bakıda yayılır. Jozef Cuqaşvili (Stalin) öz siyasi görüşlərini bu qəzetdə yazırdı.
Bu arada daha geniş siyasi ortamın oluşması yolundakı istəklər rejimin rədd cavabı ilə qarşılaşır. Çar rejimi öz despot siyasətini yenidən tətbiq etməyə başlayır. Sosial Demokrat Partiyasına mənsub olan bir çox mübarizlər tutuqlanırlar. 1906-ci ildə təşkil olunan Dumanın ilk məclisində bir çox gürcü sosial demokrat yer almışdı. Erməni əhalisi azərilər və gürcülər kimi bir yerdə toplu şəkildə yaşamırdı. Ermənilər dağınıq şəkildə yaşamaqdaydılar. Bir qismi də Rusiyanın və Qafqazın sənayeləşmiş şəhərlərinə dağılmışdılar. Ermənilər öz milli ölkələrinin xaricində siyasi fəlaliyətə başlayırlar. 1815-ci ildə Moskvada lazarist məktəbi təsis edilir. Daha sonra bu məktəb adını “Şərq Dilləri Müəssisəsi” olaraq dəyişdirir. Burada bir çox siyasi yazıçı və siyasi aktivistlər təlim görürlər. 1824-cü ildə Tiflisdə Nerssiyan adında bir məktəb təsis edilir. Bu məktəbin şagirdləri arasında daha sonra modern erməni dili və ədbiyatının təsisçisi olacaq Xaçatur Əboviyan da vardır. Ayrıca, erməni kilsələrində də siyasi xadimlər yetişməyə başlayır.
Erməni inqilabi partiyası Hinçakiyan 1887-ci ildə Cenevrədə təsis edilir. Bu partiya “Hinçak” adında bir qəzet buraxır. Hinçak erməni dilində zınqırov deməkdir, kilsə zınqırovsu. Bu partiya Rusiyadan İsveçrəyə siyasi mühacir olaraq sığınan popolist narodniklərin təsiri altında idi. İlk öncə Osmanlı istilasında olan Qərbi Ermənistanın azadlığını istəyirdilər. Daha sonra bu partiyada sosialist görüşlər ortaya çıxdı. Rus inqilabi hərəkəti içində əriməmək üçün 1903-cü ildə Qafqazda “Erməni Sosial Demokrat Partiyası” adında müstəqil siyasi bir təşkilat qurdular. 1885-ci ildə Vanda “Armenakan” adında bir partiya qurulmuşdu. 1909-cu ildə bu partiyanın rəhbərliyi yeni qurulmuş olan partiyanın bir qismi ilə bir yerdə “Ramkavar” adında erməni demokrat partiyasını qurdular. 1907-ci ildə bu partiyanın Rusiya dumasında nümayəndələri var idi. Bu nümayəndələrin rəhbəri Mikayıl Papacanov idi.
1903-cü ildə Bakıda başqa bir erməni sosial demokrat partiyası yarandı. Bu partiya David Ananon və Bəxşi Əşkaniyan kimi ermənilər tərəfindən təsis edilmişdi. Onlar Rusiya sosial demokratlarından ayrı olaraq sırf erməni mənafeyi yolunda fəaliyət göstərmək istədikləri üçün “Xas Erməni” adlanırdılar. Yəhudi inqilabi hərəkəti də buna bənzər bir fəaliyət içində idi və “Bund” adlanırdı.
1890-cı ildə erməni ziyalıları və tələbələri birləşib və erməni inqilabi federasiyasını təşkil etmək istəyirlər. Bu federasiyanın adı xülasə olaraq “Daşnak” adlanır. Bu partiya ən nüfuzlu erməni partiyası kimi ortaya çıxır. Erməni milli hərəkətində bu partiyanın çox böyük rolu olur. Ancaq bu partiyanın içində fərqli təmayüllər var. Bu təmayüllər bayraq anlamında olan partiyanın “Druşak” adlı qəzetində dərc olurdu. Bir təmayül öncə Qərbi Ermənistanı Türkiyənin əsarətindən azad etmək istəyirlər. Başqa bir təmayül isə, rus sosialist inqilabçıların təsiri altındadır və ruslarla bir yerdə Çar rejiminə qarşı mübarizədən yanadılar. İkinci təmayülün başını çəəkən Vahan Minaxuriyan və Arşam Xundkariyan 1917-1921-ci illər arasında siyasi səhnədə çox aktiv oldular.
Bu dönəmdə Qafqazda despot rejimə qarşı bir çox təşkilat ortaya çıxsa da, ancaq bu təşkilatlar müştərək despot rejimə qarşı birləşmək istəmirdilər. Bundan yararlanan despot rejim də Qafqaz qövmləri arasında düşmənlik toxumu əkirdi. Çar rejiminin Qafqaz qövmlərinə qarşı tətbiqatından nümunələr vermək mümkündür: Erməni kilsələrinin mal varlıqlarını ümumiləşdirdilər. 1905-ci ildə ermənilərlə azəriləri təhrik edib Bakıda bir-birlərinə qarşı silahlı savaşa sövq etdilər. Bunlar da işçi kəsimin diqqətini sinfi mübarizdən yayındırırdı.
19-cu əsrin sonralarında Rus Sosial Demokrat Partiyası tərəfindən marksist görüşlər Qafqaza girməyə başlayır. Bu partiya iddia edirdi ki, dünyanı özünə vətən sayan və Qafqaz işçiləri və qövmlərinin haqlarını savunan bir tək partiyadır. Onlara görə Qafqaz qövmləri və işçiləri burjuaziyanın hədəfləri doğrultusunda qullanılmaqda idi. Ancaq bu görüşlər Qafqaz xalqları arasında özünə yer tapa bilmir və Qafqaz xalqları daha çox milli təşkilatlara təmayül göstərirdilər. Ayrıca, qafqazlı bolşeviklər Qafqada deyildilər. Onlar Rusiyada, ya da xarici ölkələrdə Leninlə bir yerdə çalışmaqda idilər. Erməni bolşeviklər Lalayants, Kasparov, İspandariyan, Avansov və gürcü bolşeviklər Maxaradze, Orconikidze, Enokidze və Tsxakaya tanınmış məşhur bolşeviklər idilər.
1902-ci ildə ilk Erməni Sosial Demokratlar birliyi quruldu. Stepan Şaomiyan, Buqdan Knuniyants, Arşak Zuraybiyan Tiflisfdə bu birliyin rəhbərliyinə seçildilər. Şaomiyan 1899-cu ildə Ermənistanın Loru məntəqəsində ermənilər arasında kiçik məhfillər düzənləyərək marksist ideologiyadan danışırdı. Daha sonrakı illərdə şaomiyan Qafqazın ən ünlü marksist şəxsiyəti və Leninin həmkarı kimi tanınacaqdı. Bu erməni birliyi “Proletar” adlı qəzetində öz manifestini yazıb yaymışdı. Lenin bu manifesti oxuduğunda milli məsələ ilə bağlı Şaomiyanı təbrik edir.
1903-cü ildə Bakı, Tiflis, Batumi və digər bölgələrin sosial demokrat təşkilatları birləşirlər. Rus Sosial Demokrat Partiyasının ilk Qafqaz komitəsini təsis edirlər. Bu təşkilatın rəhbərliyində Şaomiyan, Caparidze, Knuniyants, Tsxakaya, Maxaradze yer alırlar. Bu komitə üç dildə yayımlanacaq bir qəzet çıxarmaq qərarına gəlir: “Burya proletariya” (İşçilərin savaşı) rus dilində, “Proletariyatis berdzula” gürcü dilində, “Proletariyati kriyo” erməni dilində. 1905-ci ildə Rusiyanın Japoniya qarşısındakı məğlubiyəti onun etibarına böyük zərər verdi və iç müxalifəti gücləndirdi. Rusiyanın bu məğlubiyəti Qafqaza da öz təsirini buraxdı. Bolşevik komitələr həvəslənərək Bakıda və Tiflisdə Çar Rusiyasına qarşı nümayişlər düzənlədilər. Əkinçilər böyük feodallara saldırırlar, hətta ordunun da içində iğtişaş baş qaldırır. 1907-ci ilin sonlarına doğru Rusiya dövləti iğtişaşları kontrol altına alır və inqilabçıları yaxalayıb sürgünə göndərir.
1914-cü ildə Türkiyənin Birinci Dünya Savaşına girməsi Qafqazdakı siyasi durumu dəyişdirir. Türk ordusu öncə Qafqazda irəliləməyə başlayır. Daha sonra Qafqaz müttəfiq güclərin orduları tərəfindən işğal edilir. Sonunda yenə də ruslar Qafqazı ələ keçirirlər. Bu arada iki imperatorluqda yaşayan ermənilər öncə daha çox ümidlənir və daha sonra böyük fəlakətlərlə qarşılaşırlar. Türkiyədə yaşayan ermənilərin xarici dünya ilə irtibatları kəsilir. Bundan yararlanan Türklər daha öncədən hazırladıqları planları həyata keçirməyə başlayırlar. Plan erməniləri yox etmək idi. Ancaq Qafqaz erməniləri Rusiya-Türkiyə arasında gedən savaşda onlar üçün yeni ümidin doğduğunu görür və milli dövlətlərini qurmaq xəyalına qapılırlar. Bu üzdən Türkiyədə yaşayan erməniləri də xilas edərək birləşik Ermənistan muxtar dövləti qurmaq üçün hərəkətə keçirlər. Bu yolda həm Çar Rusiyası, həm də Milikov kimi rus liberallar ermənilərə və´dlər verirlər. Bundan sonra erməni siyasi təşkilatları inqilabi fəaliyətlər yerinə, Rusiya dövləti ilə əməkdaşlıq etməyə başlayırlar.
Rus Sosial Demokrat Partiyası içində menşevik cinah daha çox gürcülərin kontrolundadır. 1915-ci ilin oktyabr ayında Gürcüstanda keçirilən toplantıda menşeviklər savaşla bağlı “savunma” pozisiyası alırlar. Çünkü onlar Rusiyada demokratik bir rejimin işbaşına gəlməsi ilə savaşın sona çatacağına inanırdılar. Bu demokratik rejimin qurulması ilə millətlərin haqlarına sayqı duyulacağını bəyan edirdilər. Bu zaman Bakıda bolşeviklərin toplantısı keçirilər. Leninin tapşırığına görə imperialist savaşı daxili savaşa dönüşdürmə yolunda fikir alış-verişində bulunurlar. Daxili savaş yoluyla bolşeviklər siyasi amaclarına çatacaqlarını, sosialist rejim quracaqlarını ümid edirdilər.
Azərbaycanda Musavat partiyası dövlətə qarşı açıq politika izləməkdən imtina etdi. Çar dövləti müsəlmanlarla bağlı bəzi islahat edəcəyini qərara almışdı. Azərbaycanda Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə kimi ünlü turançılar var idi. Bunlar savaşdan öncə Türkiyədə məskunlaşmışdılar. 1915-ci ildə Osmanlı imperiyasında fəaliyətə başlayırlar. Bunların amacı Osmanlı vasitəsi ilə Rusiyadakı bütün müsəlmanları ayırıb bir dövlət çatısı altında birləşdirmək idi. 1917-ci ildə Qərb savaş cəbhələrində Rusiyanın durumu kötüyə doğru getməkdədir. Ruslar Qafqaz cəbhəsindən geriləmək üzrədirlər. Bu zaman Musavat partiyasının içində Türkiyə tərəfdarları aktivləşməyə başlayırlar. 1917-ci ildə Milli Müsəlman Federalist Partiyası Gəncədə təsis edilmişdi. Bu partiya Musavatla birləşir və Osmanlı ilə sıx əməkdaşlıqetmə qərarına gəlir. Bu partiya Osmanlı ordusunun Qafqazda irəliləməsi üçün əməkdaşlıq etməyi qərarlaşdırır.
Qafqazda siyasi partiyaların durumu bu şəkildə idi. 1917-ci il oktyabr ayında bolşeviklər Petroqradda hərbi çevriliş etdilər. Bu hərbi çevrilişdən sonra Qafqaz tarixində yeni bir çağ başlayacaqdı.
Dostları ilə paylaş: |