Serj Afanasiyan Tərcümə: Güntay Gəncalp (Cavanşir) Ermənistan Azərbaycan


Zaqafqaziya sovet cümhuriyətləri federasiyası və Sovet İttifaqına üzvlükləri



Yüklə 0,98 Mb.
səhifə12/16
tarix19.10.2017
ölçüsü0,98 Mb.
#3110
1   ...   8   9   10   11   12   13   14   15   16

Zaqafqaziya sovet cümhuriyətləri federasiyası və Sovet İttifaqına üzvlükləri

1921-ci ilin avqust ayının əvvəllərində Qafqaz Ofisi Zaqafqaziya, Dağıstan və digər Qafqaz muxtar cümhuriyyətləri iqtisadi təşkilatlarının toplantısını keçirmə qərarına gəldi. Bu toplantıda Leninin iqtisadi inkişafla bağlı qərarları ələ alınacaqdı. “Qafqaz İqtisadi Birlik Şurası”na tapşırıqlar verildi. Bu toplantının amacı Qafqaz xalqlarını ilk öncə Rusiyaya bağlamaq deyildi. İlk öncə Qafqaz cümhuriyyətlərini bir-birlərinə bağlayıb, bir-birlərindən asılı etmək idi. Bu çalışma Moskvanın gözündən yayınmadı. 1921-ci il sentyabr ayının 2-də kommunist partiyasının katibi Molotov Qafqaz Ofisinə xəbərdarlıq etdi ki, 1921-ci ilin yanvar ayının 20-də çıxarılan əmrə görə Dağıstan və Qafqaz dağları cümhuriyyətləri Rusiya federativ cümhuriyyəti ilə birləşməlidir. Qafqaz Ofisinin təslim olmaqdan başqa çarəsi yox idi. Bu üzdən də Zaqafqaziya Cümhuriyyətləri İqtisadi Şurasını Bakıda təsis etdi. Bakıda keçirilən toplantıda politbironun nümayəndəsi olaraq Molotov noyabr ayının 3-də Qafqaz federasiyasının təşkili ilə bağlı fikrini açıqladı: “Zaqafqaziya ölkələrinin siyasi təcridi onları burjua ölkələrinin təhdidi ilə qarşı-qarşıya gətirir. Siyasi vəhdət düşmənlərə qarşı bir bəlgədir. Bu siyasi birlik iqtisadi birliyə yol açacaqdır. Birliksizlik iqtisadi böhranı dərinləşdirər. Yoxsulluğu artırar. Cümhuriyyətlər arası yanlış anlamaları artırar. Bu gerçəkləri göz önündə bulunduraraq cümhuriyyətlər arasında hərbi, siyasi və iqtisadi federasiyanın qurulması zəruridir.”1 Federasiyanın əsasnaməsinin təşkili üçün bir komissiya oluşduruldu. Komissiya öz işinə noyabrın 25-də son verdi. Hazırlanmış planları Qafqaz Ofisi vasitəsi ilə Leninə göndərdilər.

Lenin planı gözdən keçirdikdən sonra Qafqaz federasiyası ilə Rusiya federasiyasının arasındakı ilişkilərin mahiyyətinin bəlli edilməsini istədi. Orconikidze dedi ki, bu irtibat Ukrayna ilə Rusiya federasiyası arasındakı irtibat kimi olacaq. Bu şəkildə bir irtibata gürcü bolşeviklərinin “sağ cinahı” etiraz etdi. Medivani Stalinə teleqram göndərdi ki, üç nəfər dışında Gürcüstan Kommunist Partiyasının mərkəzi komitəsi Orconikidzeni Qafqazın “şeytani ruhu” adlandırır. Ayrıca Bakıda təsis edilən komissiyanın gürcü üzvünü Gürcüstan Kommunist Partiyası ilə məşvərət etmədən qərar verməkdə suçladılar. Maxaradze dekabrın 3-də Leninə yazdığı məktubda təkid etdi ki, Zaqafqaziya federasiyasının təsisi ilə ilgili verilən qərar çox tələsik olmuşdur. Bu qərar yuxarıdan gəldiyindən xalq tərəfindən bəyənilməməkdədir. Bu qərar milli duyğuları təhrik etməkdən başqa heç bir işə yaramayacaq.2 Azərbaycanda Axundov və Hüseynov bu qərara qarşı gəldiklərindən Moskvaya çağrılıb töhmət alırlar. Nərimanov federasiya mərkəzinin Bakıda olmasını tələb edir. Ayrıca, Nərimanov Azərbaycana gəlməkdə olan mallara gürcülərin müdaxilə etməsindən də şikayətçidir.3

Lenin ona göndərilən bilgilər əsasında Qafqazdakı yeni qurumlarla bağlı əmrlər göndərir. Lenin təklif edilən əsasnaməni oxuduqdan sonra noyabrın 28-də Stalinə yazır ki, əsasnamənin məzmunu ilə razıdır, ancaq xalqın razılığını əldə etmədən federasiyanı təsis etmək tələskənlikdən başqa bir şey deyil. Lenin təklif edir ki, məsələnin mahiyyətini xalqa anlatmaq üçün geniş təbliğat edilməlidir.4

Ermənistan və Gürcüstan sovetləri üçün seçim yarışı 1921-ci ilin sonlarına doğru başladı. Azərbaycanda Bakı sovetinin nümayəndələri may ayında seçilmişdilər. Ermənistanda kommunist partiyasının ilk konqrəsi 1922-ci il yanvar ayının 26-29 arasında keçirilir. Səs çoxluğu ilə Qafqaz Ofisinin Zaqafqazya Federasiyası təsisi təklifini qəbul edirlər. Yalnız bir neçə üzv cüzi tənqiddə bulundular və tələsik olduğundan gözlənilən nəticəni verməyəcəyini söylədilər. Federasiya ilə bağlı açıqlama vermək Mraviyana həvalə edildi. O, olayın tarixçəsini anlatdıqdan sonra daşnakları atəşin tənqid etməyə başladı ki, hələ də Təbrizdə və İstanbulda sovetlərə qarşı fəaliyyətlərinə davam etməkdədirlər. Daşnakların Təbrizdə çıxardıqları “hayeg” və İstanbulda çıxardıqları “Çakatmart” (savaş) qəzetləri yazırlar ki, federasiya Ermənistanın öz istiqlalından vaz keçməsi və Rusiyanın bir əyaləti olması anlamındadır. Bu, açıqca sovetlərə qarşı təbliğatdan başqa bir şey deyildir. Alman işçi sinifinin dahi oğlu Oqost Bil deyirdi ki, alman işçiləri ilə bağlı söylədiklərimi burjualar qəbul etdiklərində yanıldığımı bilirdim, ancaq onlar mənim dediklərimi tənqid etdiklərində haqlı olduğumu düşünürdüm. İndi daşnaklar bizi tənqid edirlərsə, demək ki, biz doğru yoldayıq. Sonunda da belə nəticə aldı: “İnqilab düşmənlərini yox etmək istəyiriksə, üç Qafqaz cümhuriyyətləri üçün federasiyanın təşkili zəruri idi. İndiki konqrə güclü bir mövqedən çıxış edərək bu haqda fikrini bildirməldir.”5

Gürcüstan Kommunist Partiyasının ilk konqrəsi on gün davam etdi. 1922-ci il yanvarın 23-də başladı və fevralın 1-də bitdi. Orconikidze öz nitqində Gürcüstanın Qafqazda bayraqdar olması gərəkdiyini söylədi. Konqrədə Zaqafqaziya federasiyasının təsisi yekdilliklə qəbul edildi. Ermənistan anayasası kimi Gürcüstan anayasası da Rusiyadan iqtibas edilmişdi. Bu haqda çox dartışmalar oldu. Sosial Federalistlər Gürcüstanın tarım qaynaqlı iqtisadiyyata sahib olduğunu deyir və proletar diktatorluğunun gürcülər üçün keçirli olmayacağını savunurdular.

Yeni iqtidar, yəni Qafqaz Sovetlər Birliyinin mərkəzi Tiflis olaraq müəyyən edildi. Federasyiyanın işlərini Nərimanov, Medivani və Miyasnikian yürüdürdülər. Hər biri növbə ilə federasiyanın rəhbərliyində bulunurdular. Xalq Komiserləri Şurası bunlardan ibarət idi: İlyava (Müdafiə və dəniz komiseri), Sevanidze (maliyə komiseri), Bəkzadiyan (Xarici və ticarət işləri komiseri), Musabəyov (post komiseri), Yəqubov (sosial işlər), Rusavov (daxili işlər). Xarici işlər komiserinə inqilab düşmənləri ilə savaş səlahiyyəti də verildi. Bu dəyişimlər sürəcində Qafqaz komitəsi Rusiya Kommunist Partiyasının Zaqafqaziya komitəsinə dönüşdü. Qafqaz Kommunist Partiyasının mərkəzi komitəsində bunlar var idi: Oraxelaşvili (rəis), Kirov, Nərimanov, Medivani, Miyasnikian, Lukaşin və Maxaradze.

Sovet rəhbərlərini rahatsız edən amillərdən biri də paranın sübatsızlığı idi. Müxtəlif xümhuriyyətlərin paraları hələ bir tək vahid paraya dönüşməmişdi. Bir gürcü rublu 1/5 rus rublu, 3 azəri rublu 4 erməni rubluna bərabər idi. Bu paraların dəyəri o qədər azalmışdı ki, xarici ticarətin müavini sovetlər birliyinə şikayət etdi. O şikayətində yazırdı ki, Batumidə bir liman restoranında o, hesabını türk parası ilə ödəmək zorunda qaldı.6 1923-cü ilin əvvəllərində bütün Qafqazda vahid bir rublun intişarı bu sorunu ortadan qaldırdı. Yalnız Moskva tərəfindən cümhuriyyətlərə dağıdılan altunlar iqtisadi sorunların çözümünə yardımçı olurdu. Bu yolla bu cümhuriyyətlər bəzi əsas ehtiyaclarını xarici ölkələrdən ala bilirdilər. Bu haqda Nərimanov azəri kommunistlərin toplantılarının birində dedi: “Biz bir mərkəzi ticarət təşkilatı təsis etmişik. Ancaq xarici alıcılar üçün altundan başqa sata biləcəyimiz bir şey yoxdur.”7



Müttəfiqlər sovet Rusiyasını iqtisadi mühasirə etdilər. Fransanın çətri altında sovetlərə qarşı Çekslovakiya, Rumuniya və Balkan ölkələrindən oluşan “Kiçik İttifaq” oluşduruldu. Kiçik İttifaqdan məqsəd kommunist Rusiya ilə kapitalist Batı arasında keçilməz sınır bğlgə təşkil etmək idi.8 Sovetlərə ilk dəfə olaraq Avropada bir konferansa qatılması üçün 1922-ci ilin əvvəllərində izn verildi. Müttəfiqlər yanvarın 7-də bir araya gəlib Cenovada Avropa İqtisadi Konferansını keçirməyi qərarlaşdırdılar. Bu konferansın amacı Avropa ölkələri arasında iqtisadi əməkdaşlığı asanlaşdırmaq idi. Sovetlər Birliyi də bu konferansa dəvət edilmişdi. Rusiya konferansa getmədən öncə 7 sovet ölkəsi ilə fevralın 22-də bir müqavilə imzaladı. 7 sovet ölkəsi bunlar idi: Ukrayna, Bilarusiya, Ermənistan, Azərbaycan, Gürcüstan, Buxara, Uzaq Doğu. Bu 7 ölkəni təmsil edəcək tam yetkili bir nümayəndə heyyəti Cenovaya göndərilməli idi. Ancaq bu, gələcəkdə sovet ölkələrinin Moskvadan bağımsız olaraq xarici ölkələrlə irtibat qurmalarına mane olmurdu. Gürcüstan və Azərbaycanın Avropa kapitalistləri üçün çox önəmi olduğundan bu iki ölkənin nümayəndə heyyətinin tərkibində bulunmasına önəm verildi. Belə bir məsələ ortaya çıxdı ki, bu dövlətlərin nümayəndəliyini kim öz üzərinə götürməlidir? Bu haqda böyük dartışmalara ortaya çıxdı. Lord Curzon Gürcüstan qonusunda əndişəli idi və o, Qafqazın Rusiyadan qopuşundan yana idi. Bu üzdən də dedi “Avropanın iqtisadi durumunu incələmək istəyən bir toplantıya Asiya qitəsində yerləşən Zaqafqaziya ölkələrinin qatılma haqları yoxdur.”9 Ayrıca, belə nəzərə gəlirdi ki, artıq İngiltərə Rusiyanın iqtisadı onarımına yardımçı olmaq istəmir. Bunun səbəbi Amerikadan qorxması idi. Amerikalılar özləri iştirak etmədikləri hər növ petrol anlaşmasını şübhə ilə qarşılayırdılar. Cenova konfernsının 1922-ci il mart ayının 8-də keçirilməsi nəzərdə tutulmuşdu. İqtisadi uzmanların Londonda bir toplantı keçirmələri göz önündə bulundurularaq aprel ayının 10-na ertələndi. Sovet nümayəndə heyyəti Çiçerinin başçılığında 12 nəfərdən ibarət idi. Heyyətin içində Nərimanov, Medivani və Bəkzadiyan tanınmış adlar idi. Müttəfiqlər Qafqaz petrolunun milliləşdirilməsinin əleyhinə idilər və bunun ləğv olmasını istəyirdilər. Ancaq sovet nümayəndə heyyəti bunu qəbul etmədi. Bu arada Cenovada yayılan “Kaftara” adında bir qəzetdə Gürcüstan caslığının (papazının) məsajı dərc olundu. Papaz Gürcüstandan qızıl ordunun çəkilməsi və azad referandum keçirləməsini istəyir və müttəfiqlərin buna yardımçı olmalarını tələb edirdi. Şübhəsiz ki, bu, sovet rejiminin Gürcüstandan uzaqlaşdırılması anlamında idi.10 Türkiyənin xarici işlər naziri İzzət paşa ölkəsinin konferansa üzv olmasını istədi. Toplantıya Paris ermənilərinin nümayəndələri də qatılmışdı. Bu haqda İzzət paşadan sual soruşdular. O da dedi ki, biz bu an İrəvanda hökümətdə olan bolşevik erməni dövləti ilə münasibətdəyik. Biz o hökümətlə müqavilə bağlamışıq və tək səlahiyyətli nümayəndə heyyəti də onlardan ola bilər. Müttəfiqlərin bu doğrultuda başqa alternativ düşünmələri boşuna çabadır.11 Cenovada müttəfiqlər və sovetlər arasında heç bir müqavilə bağlanmasa da, aprelin 16-da İtaliyanın Rapollo şəhərində sovetlərlə Almaniya arasında bir müqavilə imzalandı. Bu müqavilə ilə də sovet dövləti Almaniya tərəfindən rəsmiyyətə tanındı.

Sovet Sosialist Cümhuriyətlərinin təşkili
Avropa ilə iqtisadi münasibətlərin kəsilməsi ciddi yoxsulluğa səbəb olmuşdu. Avropa ölkələrinin bolşeviklərin antiliberal tutumunu sərt tənqid edirdilər. Bu tənqid özünü iqtisadi ambarqolarda göstərirdi. Lenin, bolşevik rejiminin lazımı dərəcədə möhkəmləndiyinə inanırdı. Ona görə artıq federativ sovet ölkəsinin qurulma zamanı gəlmişdi. Bu iş daha öncə Qafqaz federasiyasının təsisi ilə həyata keçirildi. Bəlkə də Qafqazdakı denəmələr böyük birlik üçün bir denəmə imiş. 1920-ci ilin avqust ayında keçirilən Kominternin ikinci konqrəsində Lenin milliyyət və müstəmləkələrlə bağlı demişdi: “Bütöv və tam birlik üçün federasiya sadəcə bir addımdır. Gerçək birlik üçün bunun da fövqünə yüksəlmək lazımdır.”12

1922-ci il yanvarın 13-də Stalin Leninə yazdı: “Bəzi yoldaşlar sovet cümhuriyyətlərinin tam muxtarlıq əsasında federal Rusiya cümhuriyyəti ilə bütünləşməsini təklif edirlər.”13 Əslində bu, Stalinin öz nəzəri idi və bunu bu işlə uğraşmaq üçün təyin edilən komissiya üzvlərinə qəbul etdirmişdi. Ukrayna və Bilarusiyanın Rusiya federasiyasına daxil olması ilə bağlı hazırlanan sənəd Leninə təqdim edildiyində o, Moskvada xəstə durmda idi. Durumu dəyərləndirdikdən, Stalinlə müzakirədən sonra Lenin Kamenevə bir məktub yazaraq bildirdi ki, Stalin bu məsələdə çox tələskənliyə yol verir və məsələnin özündən uzaqlaşır. Lenin Rus milliyyətçiliyinin güclənməsindən qorxurdu. 10 gün sonra Kamenevə yazdığı məktub bu ibarələrlə başlayır: “Mən son nəfəsimə qədər rus milliyyətçiliyi ilə savaşacağam. Bu diş ağrısı yaxşılaşdıqdan sonra onu digər dişlərimlə əzəcəyəm.”14 Stalinin israrına baxmayaraq komissiya Leninin əmrinə tabe oldu. Oktyabrın 6-da Ukrayna, Bilarusiya, Federə Rusiya Cümhuriyyəti və Zaqafqaziya federasiyalarının Sosialist Sovet Cümhuriyyətlərinin təşkili ilə bağlı komissiya öz görüşünü açıqladı. Zaqafqaziya federasiyasının qalması və ləğv edilməməsi bu cümhuriyyətlərin iqtisadi və mədəni baxımdan bir-birlərinə yaxın olmaları ilə açıqlandı. Özəlliklə Gürcüstan və Azərbaycan bir neçə milliyyətdən oluşan muxtar vilayətə sahib idilər. Müxtəlif qövlər arasındakı düşmənlik hələ davam edirdi. Cümhuriyyətlərdən hər birinin bu birlikdən çıxma haqqları var idi. Ən yüksək rəhbərlik isə, birliyin mərkəzi icraiyə komitəsi idi. Bu komitənin üzvləri hər cümhuriyyətin əhalisinin sayına görə bəlli edilirdi. Gürcüstan mərkəzi komitəsi gördü ki, Sovet Sosialist İttifaqının təşkili Zaqafqaziya federasiyasına sormadan ona üzvlük haqqı tanıyır. Bu da Gürcüstanın müstəqlliyini qorumaq üçün bir fürst sayıldı. Bir başa üzvlük Qafqaz federasiyasının ləğvinə gətirib çıxarsa da, Gürcüstanın bağımsılığını təmin edirdi. Gürcüstan komitəsi ayrıca bu ittifaqa üzv olmağı Tiflisdə səsə qoydu. 67 müxalif və 22 müvafiq rəylə rədd edildi. Gürcüstan kommunistləri Orconikidzenin təkbaşına qərar verməsindən Leninə şikayət etdilər. Gürcüstanın durumu haqda yaxşı məlumatı olmayan Lenin oktyabrın 21-də Gürcüstan Kommunist Partiyasının mərkəzi komitəsinə bir teleqram göndərdi. Teleqramda deyilirdi ki, Medevianinin də rəy verdiyi birliyə qatılımla ilgili qətnamə təsdiq edilmişdir. O, “gürcülər arasındakı anlaşılmazlıq” tam bir dürüstlüklə Rusiya Kommunist Partiyasının mərkəzi komitəsi tərəfindən incələnməsini təklif etdi.15 Leninin cavabından şaşqın duruma düşən Gürcüstan Mərkəzi komitəsi istefa etdi. Yeni mərkəzi komitə təsis edildi.




Zaqafqaziya sovetlərinin birinci konqrəsi
1922-ci ilin payızında Sovet Sosialist Cümhuriyyətləri Birliyi ilə bağlı bütün Qafqazda təbliğat aparılırdı. Qafqaz ölkələrinin kommunist partiyasına işçilərdən, kəndlərdən və digər birliklərdən bu birliyi dəstəkləyən teleqramlar gəlirdi. Bu təbliğat həyəcanından sonra növbə sovetlərə çatmışdı. Birliyi təsdiqləməli idilər. Dekabrın 10-da Zaqafqaziya sovetlərinin ilk konqərəsi Nərimanovun başçılığı ilə Bakıda keçirildi. 582 nümayəndə qatılırdı. Rusiya federasiyası və Ukraynadan da nümayəndələr var idi. Nərimanov Leninə salamlar göndərək artırdı: “Zaqafqaziyada qalıcı milli barışın sağlanmasından sonra bir ailə kimi Sovet Cümhuriyyətləri Birliyinə daxil olmaq bizim arzumuz olmuşdur. Leninin dahiyanə rəhbərliyi və kominternin bayrağı altında oyanmaqda olan Şərqin darvazasında böyük sovet gücünə çevrilməyi ümid edirik.”16 Zaqafqaziya federasiyasının və Sovet Sosialist Birliyinin anayasasını incələyən bir komissiya təşkil edildi. Dekabrın 11-də toplantının üçüncü oturumunda Qafqaz millətlərinin birliyini və iqtisadi mənafelərinin ortaqlığını anlatmaq üçün Orconikidze dedi: “Türkiyə erməni kommunistlərini saymamaqdadır. Ancaq kimin kommunist olub, kimin kommunist olmadığını bəlli etmək türkiyənin işi deyildir. Biz Türkiyəyə anlatmışıq ki, dostluğumuzu qazanmaq istəyirsə, bizi bir ailə kimi görməlidir. Türklər anlamışlar ki, bugünkü müsəlman dünənki müsələman kimi deyildir. Bugünkü müsəlman artıq ermənini düşmən olaraq görmür. Tam tərsinə çörəyini erməni ilə paylaşır. Azəri əkinçilər heç bir sorunla qarşılaşmadan Gürcüstandakı ərazilərini əkməkdədirlər. Batumi-Bakı durumuna baxalım. Batumi, sadəcə bir gürcü limanı deyil, bütün sovet cümhuriyyətlərinə aiddir. Eləcə də Bakı petrolu sadəcə Azərbaycanın deyil, bütün sovetlər ölkəsinindir. Menşeviklər bu şəhərləri imperialistlərə satmaq istəyirlər. Menşeviklər Parisdə yayımladıqları “Azad gürcüstan” qəzetlərində müttəfiqlərə xitab edərək yazırlar: “Bakı petrolunu əlinizdə saxlamaq istəyirsinizsə, bolşevikləri gürcüstandan çıxarmaq üçün bizə yardım etməlisiniz. Yalnız bu durumda Bakının yolu açıla bilər.” Orconikidze Lozan konferansına işarə edərək sözlərinə davam etdi: “Biz Türkiyənin boğazların ərbabı olmasından yanayıq. Çünkü bu durumda Fransa və İngiltərə kimi quldur ölkələr bu yolla bizə zərbə vura bilməzlər.”17 Daha sonra Moskvanın xeyirxah işlərini açıqlamağa başladı: 800 000 rubl altun ermənilərə vermiş. Bu altunla Ermənistan Azərbaycandan traktor almışdır. Panbıq istehsalı üçün yenə də Ermənistana 640 000 rubl yardım edilmiş. Elektrik mərkəzinin təsisi üçün gürcüstana 700 000 rubl yardım edilmiş. Daha sonra da belə nəticə aldı: “Bütün bunlar göstərir ki, Zaqafqaziya federasiyası ortaq ailəmiz olan Sovet Sosialist Cümhuriyyətlər Birliyinə daxil olmalıdır.”18 Bu şəkildə Zaqafqaziya Sovet Sosialist Cümhuriyyətlər Federasiyası konqrənin təsdiqi ilə dekabrın 13-də sovetlər birliyinin üzvü kimi qəbul edildi. Bu, əslində üç cümhuriyyəti bir tək anayasa ilə birliyə qəbul etmək idi. Daha əskidən Azərbaycanın himayəsində olan Naxcıvan bu böyük cümhuriyyətin bir parçası sayılırdı. Yeni anayasanın 5-ci maddəsində deyilirdi ki, daha öncədən razılaşdırma olmadan heç bir şəkildə ərazi dəyişikliyi ola bilməz. Üçlü cümhuriyyətlərin vahid tabeliyi bir fərmanla elan edildi. Federal Qafqaz cümhuriyyətinin bir bayrağı və bir tək rəmzi var idi. Tiflis onun başkəndi idi. Konqrəninin sonunda 75 nəfərdən ibarət nümayəndə heyyəti seçildi. Bunlar bütün sovet ittifaqı səviyəsində keçəcək olan konqrəyə qatılmaq üçün Moskvaya gedəcəkdilər.

Sovet Sosialist Cümhuriyətləri birliklərini elan edir
1922-ci il dekabrın 27-də bütün Rusiya sovetlərinin 10-cu konqrəsində Stalin Sovet Sosialist Cümhuriyyətlər Birliyinin təsisi ilə bağlı zərurətləri bu şəkildə açıqladı: “3-4 ay öncə sovet cümhuriyyətləri ilə Rusiya Federal Cümhuriyyəti arasında yaxınlığın sağlanması üçün bir hərəkət başladı. Bu hərəkətin maraqları bundan ibarət idi: 1- İqtisadi məsələlər. İş bölümünün daha yaxşı səviyəyə yüksəlməsi və irtibat yollarının birliyi. 2- Xarici məsələlər. Xarici təhdidlər tam olaraq ortadan qaldırılmamışdır. Ayrıca, iqtisadi baxımdan biz özümüzü təcrid etməməliyik. 3- Daxili məsələlər. Bizim ölkəmizdə ən az 30 milliyyət var. Tarixi zərurət onları birləşməyə məcbur etmiş. Bu birləşmə kapitalist ölkələrində olduğu kimi, bir millətin digərlərinə üstünlüyü anlamında deyil. Daha öncə müstqəl olan ölkələr öz sosialist hökümətləri ilə sovet modeli bir araya gəlməkdədirlər. Yoldaşlar, bizim sosialist birliyimiz uluslar arası kapitalizm arasında bir dirəniş qalasına dönüşməlidir. Yeni qurulmuş olan işçilər hökümətimiz dünyanın hər yerində işçilərə yardımçı olmalıdır.”19 Konqrə Stalinin hesabatını təsdiqlədi. Yaxşı olar bir neçə digər nümayəndələrin də söhbətlərindən örnəklər verəlim:

Musabəyov: Azərbaycan fəxr edir ki, Bakı proletariyatının nümayəndəsi olan Stalin tərəfindən təmsil olunmaqdadır. Azərbaycan sovetləşdiyi ilk gündən bəyan etmişdir ki, onun petrolu bütün sovet cümhuriyyətlərinə aiddir.

Lukaşin: Biz Ermənistanda müşahidə etdik ki, milli burjua partiyaların fikirlərindən azad olan xalq kütləsi sovet rejiminə qarşı qismən də olsa bədgüman olmuş. Ancaq xalq anladı ki, bu rejim onları gerçəkdən azad edəcək. Sovet rejiminin doğumundan iki il sonra biz yəqin etdik ki, bu, necə deyərlər istiqlal, inkişafımızın önünü kəsən iqtisadi axmaqlıqdan başqa bir şey deyilmiş.20

Dekabrın 30-da Sovet Cümhuriyyətlərinin ilk konqrəsində Stalin 1667 nümayəndə qarşısında Federal Rusiya Cümhuriyyəti, Ukraynan, Bilarusiya və Zaqafqazıya nümayəndə heyyətinin təsdiqlədiyi bəyaniyyəni oxudu: Sovet cümhuriyyətlərinin təsisindən bəri dünya iki qütbə ayrılmışdır: Bir tərəfdə imperialist ölkələr, digər tərəfdə sosialist ölkələr durmuşdur. Birinci qütbdə milli rəqabətlər, ədalətsizliklər, quldarlıq və aşırı vətənsevərlik duyğuları hakimdir. İkinci qütbdə isə, barış, qarşılıqlı güvən, milli azadlıq, bərabərlik və xalqların dostluğu hökm sürməkdədir.



Gələcəkdə anayasanın təməlini oluşduracaq bu bəyaniyyə bu sözlərlə bitirdi: “Sovetlərimiz tərəfindən bizə verilən səlahiyyətlərə dayanan biz sovet cümhuriyyətlərinin nümayəndələri bir müqavilə imzalama qərarına gəldik. Bu müqaviləyə görə Sovet Sosialist Cümhuriyyətlər Birliyi yasallaşmışdır.”21 26 maddədən ibarət olan bu yeni müqavilə yeni hökümətin də şəklini bəlli edirdi. Moskva başkənd elan edildi. Konqrə 371 əsas və 138 ələlbədəl üzvü olan yeni icraiyə komitəsi seçdi. İçlərində Nərimanov, Miyasnikian, Musabəyov, Lukaşın və Oraxelaşvilinin də buluduqları və 26 nümayəndə Qafqaz ölkələrindən idi. Konqrə keçici bir heyyət təyin etdi. Nərimanov, Miyasnikian və Medivani bu heyyətin üzvləri idi. Heyyətin rəhbərliyi növbə ilə Kalinin (Rusiya), Petrovski (Ukrayna), Çerniyakov (Bilarusiya) və Nərimanov (Qafqaz) arasında dəyişəcəkdi. 1923-cü il iyulun 6-da federal anayasa planı təsdiqləndi və dərhal tətbiq edilməyə başlandı. Ancaq sovetlərin konqrəsi tərəfindən təsdiqlənməsi Lenin ölümündən 10 gün sonra 1924-cü il yanvarın 31-də təsdiqləndi. Çünkü Lenin dekabrın 12-də Moskvaya dönmüşdü və sağlığının yerində olmaması səbəbi ilə toplantıya qatıla bilməmişdi. Dekabrın 30-da Sovet Cümhuriyyətlərinin Birliyi elan edildi. Bu gün Lenin xəstəlik yatağından milliyyət və muxtarlıqla bağlı bir məktub yazdı. Qafqazın durumundan etkilənərək yazdığı məktubda deyilirdi: “Qafqazdan yenicə dönən Dzerjinski ilə müzakirə edirdim. O, bu kimi məsələlərin Gürcüstanda necə ortaya qoyulduğunu mənə anlatdı... Mən çox əndişəliyəm. Orconikzenin fiziki gücə əl ataraq birini kötəklədiyini öyrəndim. Bu, bizim necə bir bataqlığa saplandığımızı göstərməkdədir. Orconikidze mənim yaxın dostum olsa da, cəzalandırlmasından yanayam. Bu muxtarlıq məsələsi başlanğıcdan yanlış və tələsik idi. Bunu tətbiq etmədən öncə dövlət sisteminin olqunlaşmasını gözləməliyik. Açıqca söyləyirəm ki, bu muxtarlıq olayı bizim görüşümüzlə uyğun deyil. Burda çar və burjua özəllikləri sezilməkdədir. Belə bir durumda birlikdən ayrılma məsələsi boş şüardan başqa bir şey ola bilməz. Xalqlar rus şovinizmi qarşısında savunmasız buraxılmışdır.”22 Ayrıca, Lenin qövmlərin “sosial nasionalizm”inə qarşı olanları da tənqid etdi. Bu tənqid Dzerjinskiyə də aid olurdu. Bir gün sonra Lenin notlarını yazmağa davam etdi: “Hakim və əzici ölkənin millətçiliyi ilə əzilən ölkənin millətçiliyi arasında fərq var. Bu fərqi görmək zorundayıq. Bunu dərk etməyənlər, proletariyanın milli məsələ ilə bağlı nəzəriyyəsini anlamamışlar. Tam tərsinə, onlar kiçik burjua nəzəriyyəsinə daha yaxındırlar. Mütləq bərabərliyin bir anlamı yoxdur. İlk əvvəl daha öncə hakim dövlət və millət tərəfindən fərqli millətlər üzərinə tətbiq edilən basqıları və bu xalqların şübhələrini ortadan qaldırmaq lazımdır. Şərq millətlərinin oyanış çağında milliyyətlərlə bağlı bizim siyasətimizin məğlub olması ədalətli olmaz. Bu siyasət Qərb imperialistlərinin siyasətinə bənzəməkdədir.”23 Beləcə Lenin Şərqlə bağlı inancını bir daha da yenilədi. Ruslardakı vətənsevərlik duyğusunun canlı qalması Lenini incidirdi. O, Dzerjinski ilə müzakirədən sonra daha da çox əndişələnməyə başladı. 1923-cü il yanvarın 25-də Politbiro Gürcüstan Kommunist Partiyasında sağlamlaşdırma aparmaq üçün Orconikidzenin vəzifəsini dəyişdirdi. Lenin politbironun bu işindən xəbərdar olduğunda xahiş etdi ki, Dzerjinskinin hesabatını ona çatdırsınlar. Stalin bu zaman partiyanın başkatibi təyin edilmişdi. Bu sənədi Lenindən gizlətmək istəyirdi. Ona görə də bəyan etdi ki, bu, politbironun təsdiqindən sonra Leninə təqdim edilə bilər. Ancaq sonunda təslim olmaq zorunda qaldı və sənədləri Leninə təqdim etsə də, məxfi qalması üçün çalışdı. Çox ağır xəstə olan Lenin katiblərini bu hesabatı incələməyə çağırdı. Onların necə nəticə çıxardıqlarını bilmirik. Ancaq Lenin martın 5-də Trotskidən istədi ki, mərkəzi komitənin ümumi toplantısında gürcüləri savunmağı öz üzərinə götürsün. Çünkü “Böyük ehtimalla gürcülər Stalin və Dzerjinski tərəfindən incidilməkdədirlər. Mən Stalinin və Dzerjinskinin tərəfsiz olduqlarına inanmıram. Bu iki nəfər heç bir zaman tərəfsiz olmamışlar.”24 Trotski çox məharətlə bu görəvi üzərinə götürməkdən vaz keçdi. Ancaq aprel ayında keçirilən kommuunist partiyasının 12-ci qurultayında öz fikirlərini açıqlayaraq Stalini tənqid etdi.

Lenin Medivani və Kaftaradzeyə bir məktub yazaraq onun bir üzünü də Kamenevə göndərdi: “Gürcüstan məsələsini mən səmim qəlblə təqib edirəm. Orconikidze və Dzerjinskinin kobud davranışlarından bezmişəm. Bu üzdən də sizə bir yaddaş göndərəcəyəm.”25 Bu, Leninin ən son yaddaşı idi. Bir gün sonra Stalin Orconikidzeyə yazdı: “Əziz Serqo, Kamenev vasitəsi ilə Leninin Maxaradze və başqalarına məktub yazdığını eşitdim. Bu sapıqlarla Lenin dərddaşlıq etmiş. Lenin yazdığı bu məktubda sənə və yoldaş Dzerjinskiyə xoşa gələməyən sözlər söyləmiş. Belə anlaşılır ki, Lenin bizim müxaliflərimizi savunmaq istəyir. Bu məktubdan yararlanaraq sənə və Miyasnikiana qarşı təxribat aparacaqlar.”26 Daha sonra Stalin ona ehtiyatlı olmasını təklif edir.

Belə etimadsız bir ortamda Gürcüstan Kommunist Partiyasının ikinci konqrəsi martın 14-də Tiflisdə kiçirilirdi. Partiyanın içində güvənsizlik baş alıb gedir. Kamenev müşahidəçi kimi göndərilmişdi. Ortaya çıxan durumdan narahat olan Kamenev dedi: “Bu partiya ən əski partiyadır və başqalarına örnək olması gərəkirkən güvənsizlik içində qərq olmuşdur.” Üzvlərin arasında güvənin təmin olmasını istəyir. Medevani toplantı davam etdiyi müddətcə federasiya fikri ilə müxalifət etdi və dedi: “Siz, federasiyanı şəkil olaraq qəbul edirsiniz. Ancaq anlamırsınız ki, bu durum bizim istiqlalımızın əldən getməsinə səbəb olacaqdır.”27 Partiyanın konqrəsi Azərbaycanda və Ermənistanda sakit mühitdə keçir. Federasiyanı qəbul etməyən Nərimanov, Kirov qarşısında təslim olmaq zorunda qalır. Azərbaycan Kommunist Partiyasının konqrəsində Kirov dedi: “Xatırlayıram ki, biz Federasiya haqqında danışdığımızda bəzi yoldaşlar bunu Güney qonşularımızın yanlış anlayacaqlarını söyləmişdilər. Bunu Qafqaz cümhuriyyətlərinin istiqlalının ləğvi kimi anlayacaqlarını söyləmişdilər. Təcrübə bizə göstərdi ki, bu narahatçılıqların əsası yox imiş.”28 Ermənistanda Lukaşin federasiya fikrinin xalq istəyi olduğunu duyurdu: “Müxaliflər Leninin xəstəliyindən istifadə edərək partiyanın ümumi xəttindən sapmaq istəmişdilər. Ancaq mərkəzi komitənin duyarlılığı nəticəsində onların oxu daşa dəydi.”29

Zaqafqaziya bolşevik təşkilatlarının ikinci konqrəsi martın 19-da Tiflisdə öz işinə başladı. Bu konqrədə 250 nümayəndə iştirak edirdi. 115 gürcü, 72 azəri, 35 erməni və 25 nəfər də qızıl ordudan idi. Bir daha federasiya haqqında dartışmalar başladı. Medivani Maxaradzenin himayəsi ilə isbat etməyə çalışdı ki, Qafqaz ölkələrinin iqtisadiyyatı heç də bir-birinin bütövləşdiricisi deyil. Petrolun dışında bu ölkələrin mübadilə edəcək heç bir şeyləri yoxdur: “Sizə söyləməm gərəkir ki, düzəltdiyiniz bu Zaqafqaziya cümhuriyyətləri davam etməyəcəkdir” Bir daha israr etdi ki, hər cümhuriyyət müstəqil olaraq sovet ittifaqına daxil olmalıdır. Orconikidze bəhanə etdi ki, bu, Qafqazda sağlanmış olan barışı poza bilər. Ancaq davam etdi ki, Leninin formuluna görə “itaətkarana özünü rus şovinizminə təslim edənlər də doğru yolda deyillər.”30 Əcəba, onun 180 dərəcə dönüş yapması Stalindən gələn məsaj üzündənmi idi? Stalin Kamenevin politbiroya hesabat verəcəyi xəbərini duyduğundan martın 21-də ona xəbərdarlıq edir ki, “Zaqafqaziya cümhuriyyətlərinin statusunu Kırım muxtarlığının altına düşürməmək gərəkir.”31 Martın 31-də politbironun ümumi konferansı keçirildi. Trotski Orconikizdenin tutumuna etiraz etdi və onun Qafqazdan geri çağrılmasını istədi: “Gürcüstan kommunist partiyasında azınlıqların nümayəndələri olan yoldaşlarımızın yollarını sapdıqlarını sanmamalıyıq. Onların yanlış olaraq görünən davranışları Orconikidzenin xətalı davranışlarına təpki kimi ortaya çıxmışdır.”32 Bu görüş politbiro tərəfindən dəstəkləndi.



* * *

Lenin xəstələndikdən sonra Stalinin partiyadakı yeri daha da yüksəldi. O, milliyyətlərlə bağlı Leninin tezislərini yaymaq üçün də özünə haq qazandırdı. Bu tezislərdə Stalinin görüşləri tənqid edilmişdi. Ancaq yenə də 1923-cü il aperin 25-26-da keçirilən toplantıda rus şovinizmi ilə bağlı olaraq Leninin fikirlərini təkrarladı. O, çardan qalma aşırı rus vətənsevərliyini tənqid etdi. Bunun digər millətlərin ruslara qarşı şübhəli davranmasına səbəb olduğunu söylədi. Stalin dedi ki, bəzi cümhuriyyətlərdə vətənsevərlik savunma metdunu deyil, saldırqanlıq metdounu qullanmaqdadır. Medivani məsxərə bir ləhn ilə Stalinə cavab verdi: “Əbədi şübhə siyasətini bir yana buraxın və bizə söyləyin ki, sizin siyasətiniz milliyyətlərlə bağlı nədir? Bizim Qafqazla bağlı siyasətimiz necə olmalıdır? Ayrıca, yoldaş Stalin, siyasət fərdlər üçün yaradılmış, yoxsa fərdlər siyasət üçün?”33 Maxaradze Orcinikidzenin gürcü müxaliflər haqqında qullandığı “sapıq” sözünün protokoldan çıxarılmasını təklif etdi. Orconikidzeni Gürcüstan kommunist partiyasında ortaya çıxan problemlərlə ilgili sorumlu göstərdi. Orconikidze rişxəndlə cavab verdi: “Maxaradze Gürcüstan kommunist partiyasının ilk qurultayında müxaliflərə qarşı “sapıq” sözünü qullanan ilk adam olmuşdu.” Stalin Medivaniyə cavab olaraq dedi ki, Rusiya kommunist partiyası tərəfindən milliyyətlərlə bağlı doğru siyasətin tətbiq ediləcəyinə kimsə şübhə etməsin. Medivaninin iddialarının tərsinə olaraq Zaqafqaziya federasiyasının iqtisadi birliyi Qafqazın inkişafına xidmət edəcək. Bu da sovetlərin təqib etdiyi hədəfdir. Daha sonra Medivanini partiyanın əmrlərinə qarşı gəlməklə suçladı.34 Lukaşin dedi ki, Gürcüstan kommunist partiyası təkbaşına federasiyanın aqibəti ilə bağlı qərar qəbul edə bilməz. “Rus vətənsevərliyindən qorxursunuzsa, bölgəsəl vətənsevərlikdən də qorxmalısınız. Sapıq yoldaşlar ayrı-ayrılıqda sovet ittifaqına üzv olmaq istəyirlər. Bununla da Ermənistan və Azərbaycanla əlaqələrini kəsmək istəyirlər. Yaxşı olar Medivani yoldaş bizə açıqlasın ki, onların dediyi gerçəkləşərsə, daşnaklarla və menşeviklərlə necə mübarizə aparacaqlar?”35 Azərilərin nümayəndəsi Ruhulla Axundov olayların mahiyyətindən xəbərsiz olduğunu bildirdi və sordu: “Zaqafqaziya federasiyası ilə Zaqafqaziya cümhuriyyətləri arasında nə fərq var ki, sapıqlar bu haqda bu qədər danışırlar?”

Konqrənin son toplantısında medivani rus və Qafqaz federasiyalarının Sovet Sosialist Cümhuriyyətlər Birliyinə üzv olmamalarını istədi. Onun bu fikrini Buxarin və Ukraynadan Rakovski kimi şəxslər dəstəkləyirdi. Stalin cavab olaraq dedi: “Bu Sultan Qaliyevin fikri idi. O, ayrı rus cümhuriyyətinin qurulmasından yana idi.”36 Milli məsələnin dartışıldığı toplantıda bu təklif rədd edildi. Stalin Mərkəzi İcraiyə Komitəsinə paralel olaraq bir də Milliyyətlər Məclisinin təsisini təklif etdi. Bu məclisdə bütün milliyyətlərin sorunları incələnsin dedi. Rakovski buna etiraz edərək “Bu, içi boş bir formuldur. Milliyyətlərin sorunları ilə bağlı heç bir iş görə bilməz. Bu, problemlərin üstünə pərdə çəkərək rus qudrətini önə çıxarmaqdadır” dedi. Milli məsələlərlə bağlı qətnamənin hazırlanması Stalinə, Frunzeyə və Radekə tapşırıldı. Aprelin 25-də qurultayın son oturumunda Stalin qətnamənin mətnini oxudu:

Oktyabr inqilabından sonra milli proqramları gerçəkləşdirmək üçün çar rejimindən bizə miras qalmış bir çox problemləri çözməliyik. Biz bütün bu problemləri birdən-birə və bəlli bir zamanda çözə bilmərik. Ukrayna, Bilarusiya, Azərbaycan və Türküstan kimi bəzi cümhuriyyətlərdə işçi sinifinin əksəriyyəti sovet rejiminin tərəfdarı olsa da, yenə də bu sorunun çözümü asan deyildir. Bəzi cümhuriyyətlər və qövmlər hələ kapitalizm mərhələsini yaşamamışlar. Bu baxımdan proletariya sinifindən məhrum olduqlarından özlərini inkişaf etmiş millətlərin səviyyəsinə çatdıra bilmirlər. Millətlər arasındakı bərabərsizliyi ortadan qaldırmaq üçün geri qalmış olanların iqtisadi və mədəni inkişafına imkan yaratmaq lazımdır. Bölgəsəl milliyyətçilik millətlərə əziyət verməkdədir. Bu, əski rejim tərəfindən tətbiq edilməkdə idi. Hələ bu məsələnin şərindən qurtulmamışıq. Bu üzdən də ruslar tərəfindən verilən hər bir qərar digər milliyyətlər tərəfindən şübhə ilə qarşılanmaqdadır. Görürük ki, bəzi cümhuriyyətlərdə savunmacı nasionalizm saldırqan nasionalizmə dönüşmüşdür. Gürcüstan və Azərbaycanda ermənilərə qarşı, Türküstanda özbəklər türkmənlərə və qazaqlara qarşı... Rus milliyyətçiliyi ilə mübarizə ediləcəksə, bu, digər milliyyətçilikləri azad buraxmaq anlamına gəlməz. Bu birlik vahid bir dövlət çərçivəsində yeni əməkdaşlıq şəklidir. Haqqında söhbət edilən bütün önyarqılar ortadan qaldırlmalıdır. Təsis edilən yeni orqanlar bütün milliyyətlərin sorunları ilə uğraşmalıdır. Milliyyətlərin zərurətlərini anlamağa çalışmalıdır. Bu üzdən də milliyyətlərin nümayəndələrindən ibarət olan bir məclisin təsisi zəruridir. Məhəlli dili və mədəniyyəti bilməyən təcrübəli rus kadrlarının bu orqanlarda yerləşdirilməsi partiya və xalqlar arasındakı uçurumu dərinləşdirə bilər.37

Aprelin 27-də konqrə milliyyətlər sovetinin təsisini təsdiqlədi. “Sovet Cümhuriyyətləri İttifaqı” üçün 5 komiserliyin təşkilinə qərar verdi: “Xarici işlər, Savaş və dəniz işləri, Xarici ticarət, Yol və nəqliyyat. Ayrıca 5 ortaq komiserlik də təsis edildi. Bu komiserlikdən hər biri öz alt qatını cümhuriyyətlər də təşkil edirdi: Maliyyə, ərzaq, İş, iqtisad, yarqı. Daxili işlər, ədliyyə , təhsil cümhuriyyətlərin özündən asılı qaldı. Ölkənin siyasi idarəsi sovet ittifaqı komiserliyinə yüksəldi.

* * *


Ukraynanın xarici işlər və xarici ticarəti ortaqlaşdırma təlaşı da nəticə vermədi. Buna cavab olaraq Stalin dedi: “Bu, bir növ konfederasiyaya doğru hərəkət ola bilər. Ancaq biz cümhuriyyətlərdən oluşan bir federasiya qurmaq istəyirik. Vahid bir dövlət ki, cümhuriyyətlərin varlığına zərər verməyəcək.”38

12-ci qurultaydan sonra Stalin özünü yeni dövlətin mərkəzində yerləşdirdi. Öldüyü ana qədər onu dəmir pəncəsi ilə yönətdi. Medivani 1923-cü ilin iyun ayında bütün görəvlərindən uzaqlaşdırıldı. 1937-ci ildəki Stalin hesablaşmalarında öldürüldü. Qurultayda Stalini savunanlar da Medivaninin aqibətini yaşadılar. Orconikizde, Nərimanov, Lukaşin, Oraxelaşvili və... hamısı Medivaninin aqibətini yaşadılar. Stalinə qarşı çıxan Rakovski, Maxaradze, Kaftaradze kimi müxaliflər də öldürüldülər.

1936-cı il dekabrın 5-də yeni “Stalin” anayasası elan edildi. Sovetlər konqrəsi və mərkəzi icraiyə komitəsi yerlərini ali sovetə buraxdılar. Ali sovet iki məclisdən ibarət idi və hər 4 ildə bir yol vətəndaşlar tərəfindən nümayəndələri seçilirdi. Yeni anayasanın 13-cü maddəsinə görə Zaqafqaziya federasiyası ləğv edildi və Qafqaz cümhuriyyətləri daha əski durumuna geri döndülər. Qazaqıstan və Qırqızıstan cümhuriyyətləri də qurulduqdan sonra cümhuriyyətlərin sayı 7-dən 11-ə yüksəldildi. Ermənistan, Azərbaycan və Gürcüstan Sovet Sosialist Cümhuriyyətləri Orta Şərq xalqlarına bir vitrin olaraq yenidən təsis edildi.


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin