Serj Afanasiyan Tərcümə: Güntay Gəncalp (Cavanşir) Ermənistan Azərbaycan


Müstəqillikdən Sovet rejiminin quruluşuna qədər



Yüklə 0,98 Mb.
səhifə7/16
tarix19.10.2017
ölçüsü0,98 Mb.
#3110
1   2   3   4   5   6   7   8   9   10   ...   16

Müstəqillikdən Sovet rejiminin quruluşuna qədər

(Sovet Azərbaycanı)
Müsavatçılar 1920-ci ilin mart ayında bolşevikləri sıxışdırsalar da, hələ də onların 4000 üzvü var idi. Bolşeviklər təhdidi ortadan qaldırmaq üçün “Azərbaycan Kommunist Partiyasını” təsis edən əski müsavatçılara və Bakıda heç bir zorluqla qarşılaşmayan “Türkiyə Kommunist Partiyası”nın üzvlərinə arxalanırdılar. Müsavat ordusunun əsgərləri 30 min nəfər idi. Bu ordunu Şimaldan gəlməkdə olan qızıl orduya qarşı qoymaq yerinə dörddə üç qismini erməni saldırısını durdurmaq üçün Qarabağda yerləşdirmişdilər. Qarabağ erməniləri mart ayından etibarən bu əraziləri Ermənistana qatmaq üçün savaşırdılar. Bakıda, yalnız 2000 əsgər qalmışdı. Aprelin əvvəllərində İsabəyov höküməti istefa edir. Yeni Hacinski höküməti bolşevik yönümlü politika izləyir. O, aprelin 15-də Azərbaycan və Rusiya kommunist partiyaları arasında ilişkilərin yaxınlaşmasını istəyir. Bu ilişkilərin dərinləşməsi üçün Moskvanın uyğun zamanda bir konferans önərməsini təklif edir. Moskva onun bu təklifini rədd edir. Artıq qızıl ordu Azərbaycan sınırlarında böyük saldırı üçün hazırlıqlarını tamamlamışdı. Aprelin 21-də Qafqaz cəbhəsinin komutanı general Tuxaçevski 11-ci qızıl ordunun komutanı polkovnik Levandovski´yə Azərbaycana saldırması üçün əmr verir. Sabahısı gün qızıl ordunun yardım və yataqlığı ilə gizlincə Bakıya gələn Kraikom birosu aprelin 27-də silahlı partizanların yardımı ilə müsavat hökümətinə qarşı qiyam etmək qərarına gəlir. Azərbaycan Hərbi-İnqilabi Komitəsi (Azərokom) bir gün öncə Həştərxandan geri dönmüş olan Nərimanov başçılığında təsis edilmiş və Hüseynov, Bünyadzadə, Musabəyov və Qarayev komiser adları ilə təşkilatın üzvləri olaraq seçilmişdilər. Onlar xalq komiserləri şurasını təsis edirlər. Bu yeni orqanizm aprel ayının 27-də Azərbaycan məclisinə bir ultimatom göndərir. Müsavat hökümətinin 12 saat ərzində iqtidarı buraxmasını tələb edirlər. Belə durumla qarşılaşacağını təsəvvür etməyən Azərbaycan dövləti telefonla İngiltərənin Qafqazdakı yeni komiseri major Lukla əlaqə saxlayır. Komiserə bildirilir ki, “Bolşevik güclər Bakının 120 km uzaqlığında olan Xaçmazdan Bakıya doğru irəliləməkdədir. Gürcü bolşeviklərini də yardıma çağırmışlar. Azərbaycan ordularını Qarabağdan çəkib Dağıstana göndərəcəyi təqdirdə ermənilər Qarabağa saldırmayacaqlarını bildirirlər.”1 Çox gec göndərilən bu məsaj Bakının dirənişsiz təslimi anlamında idi. Bu durum Fransanın nümayəndəsi Du Martelin diqqətindən yayılmır. O, yazır: “Tatarların (azərilərin) bir batalyon sınırda və iki batalyon da Bakıda əsgərləri vardır. Azərbaycan dövləti qorxduğunu göstərir. Bütün ordunu Ermənistan sınırına göndərməsi sanki bu dövlətin məsuliyyəti deyilmiş.”2 Jurdaniyanın azərilərə verdiyi cavab da hürkütücüdür: “Bolşeviklər sürətli qatar kimi, heç bir müqavimətlə rastlanmadan irəliləməkdədirlər. Biz düşünürük ki, bolşeviklərin irəliləməsi Azərbaycan dövlətinin razılığı ilə olmuşdur.”3 1920-ci il aprel ayının 27-də bolşevik partizanlar Bakı dəmir yolunu , dövlət idarələrini işğal və müsavat əsgərləri və polislərini silahsızlandırırlar. Gecəyarısı qızıl ordu əsgərlərini daşıyan qatarlar heç bir müqavimətlə rastlanmadan Bakıya girirlər. Müsavat partiyası üzvlərinin sərbəst qalması müqabilində müsavat höküməti ultimatomu qəbul edib məclisi ləğv edir. Aprel ayının 28-də “Azərokom” Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin təsisini elan edir. Qafqazın ilk sovet cümhuriyyəti bu şəkildə tarixə girmiş oldu. Bir gün sonra Davud Hüseynov Ermənistan dövlətindən ordularını sovet Azərbaycanının Qarabağ və Zəngəzur ərazilərindən geri çəkməsini tələb edir. Ayrıca, Ermənistanda müsəlman qırğınının durdurulmasını istəyir.4 Hüseynovun bu göndərisi Orconikidze, Kirov və Levandovski tərəfindən dəstəklənir. Onlar bəyan edirlər ki, Ermənistan bu göndəri ilə razılaşmasa, bu, Ermənistanın sovetlərə qarşı savaş açması anlamında olacaqdır. Hüseynov Tiflisdə Kirovla görüşərək bildirir ki, Naxcıvan, Zəngəzur və Qarabağ ərazilərini ermənilərə buraxmaq, sadəcə Azərbaycanda deyil, Türkiyə və İranda da sovetləri etibarsızlaşdırar.5 May ayının 5-də Lenin “Müstəqil Azərbaycan zəhmətkeşlərinin” azad olunması ilə bağlı təbrik məsajı göndərdi və “Şərq millətlərinin düşməni olan imperializm qarşısında Azərbaycanın öz azadlıq və müstəqilliyini qoruyacağını” bildirdi. O, aprelin 29-da daha önəmli saydığı mövzuları bəyan etmişdi: “Bizim sənayemiz yanacaq və enerji qıtlığı üzündən işdən düşmüşdür. Proletariyanın Bakıdakı siyasi iqtidarı ələ keçirdiyi xəbərini duyduq. Bu, işdən düşmüş sənaye mərkəzlərimizi çalışdırmaq üçün iqtisadi bir imkan əldə etməmiz anlamındadır.”6

Sovetlər Azərbaycanda bərqərar olduqdan sonra “Savaş Kommunizmi” Azərbaycanda tam olaraq tətbiq edilmədi. İyun ayının sonlarına qədər kiçik alış-verişlər davam edirdi. Xalq Komiserləri Şurasının iqtisadiyyatdakı islahatı orta sinifin və kəndlilərin etirazlarına səbəb olurdu. Bakının işğalı müsavatçıların bölgələrdəki dirənişlərinə son vermədi. Özəlliklə Gəncədə ciddi dirəniş ortaya çıxdı və amansızca basdırıldı. Qarabağda qalan Nuru paşa bu dirənişlərə dəstək verirdi. O, Şuşanı işğal etdikdən sonra məhəlli inqilabçı komitəni tutuqlatdı. Bu sıralarda Camal paşa müsəlman partizanlarla bir yerdə Astarada və Lənkəranda qızıl ordu birliklərinə saldırdı. Mayın 5-də Orconikidze və Mikoyan Bakıya gəlib bolşevik təşkilatların toplantısında iştirak etdilər. Bu toplantıda bütün nitqlər inqilab düşmənləri ilə savaş üzərinə mərkəzləşmişdi. Orconikidze dedi: “Xanlar, feodallar və sərmayədarlar iqtidarı işçilərə təslim etmək fikrində deyillər. Onlar vilayətlərdə inqilaba qarşı savaşa davam etməkdədirlər.”7 Du Martel Fransa xarici işlər nazirliyinə yazır: “Azərbaycanda qızıl orduya qarşı narazılıq mövcuddur. Bir çox bölgələrdə qanlı etirazlar başlamış. Sədaqəti ilə məşhur olan Azərbaycan hökümətinin rəisi Xoyski Bakıdan qaçaraq mənim yanıma gəəlmiş. O deyir ki, Xalqın bolşeviklərə qarşı etirazı son həddə çatmış. Bolşevikləri devirmənin və Azərbaycanda Türkiyənin nüfuzunu ortadan qaldırmanın tam zamanıdır. Azərbaycan xalqı müsavat hökümətinin devrilməsində Türkiyəni suçlamaqdadır.”8 Gerçəkdən də müsavat iqtidarının devrilməsində Xəlil paşa və Türkiyə kommunist partiyasının rolları gözardı ediləsi deyildir. Orconikidze və Kirovun Moskvaya göndərdikləri məlumatda da bu mövzuya işarə edilmişdi. Türkiyə belə hesab edirdi ki, qızıl ordunun Bakıya girməsi ortaq düşmənləri olan müttəfiqlər üçün böyük zərbə olacaqdır. Bu üzdən də Bakının işğalında bolşeviklərlə işbirliyi etdilər. İyun ayının sonlarında qızıl ordu Azərbaycanda bütün dirənişləri qırdı. Azərbaycan cümhuriyyəti federativ Rusiya cümhuriyyəti ilə iqtisadi, hərbi müqavilə imzalayaraq sentyabrın 30-da möhkəmləndi. Bolşeviklərin Azərbaycanı işğal etdikləri sıralarda sovet rejimi yenidən təhlükə ilə qarşı-qarşıya gəlmişdi. Müttəfiqlər sovetlərə qarşı son təlaşlarında ağları dəstəkləməyə başlamışdılar. Fransa bolşeviklərə saldırması üçün Denikinin yardımçısı general Vrangelə kömək etdi. Ancaq Denikinin məğlubiyyətindən sonra tərəfdarlarında ruh düşkünlüyü yaranmışdı. Polşada general Pilsudski Fransanın yardımı ilə bolşeviklərə qarşı geniş əməliyyata başladı. Mayın 7-də Kievə girdi. Bu saldırı bolşeviklərin Qafqazdakı əməliyatlarını təxirə saldı. Bolşeviklər iç savaşın və Polşa savaşının sona çatmasına qədər Ermənistan və Gürcüstan cümhuriyyətləri ilə anlaşmaq zorunda qalırlar.

Qızıl ordu birimləri Ermənistan və Gürcüstan sınırlarına dayanmışdı. Bu iki Qafqaz ölkəsinin qızıl orduya mülayim münasibətləri var idi. Gürcülər eyni zamanda həm bolşeviklər, həm də türklər tərəfindən təhdid edilməkdə idilər. Türklər özlərini bitərəf olaraq duyursalar da, gürcülər bolşeviklərlə qarşı-qarşıya gələcək səviyyədə deyildilər. “Gürcü millətçiliyi, yalnız aydınlar və işçilər arasında yayqındır. Gürcü əkinçiləri dövlətin ərazi islahatından narahatdır. Bu islahata görə əkinçilər torpağı dövlətdən satın almalıdır. Milli düşüncə və vətənsevərlik duyğuları gürcülərin maddi sıxıntılarına qalib gəlməmiş. Onlar millətçi olmaqdan daha çox bölgəçidirlər.”9 Bu bölgəçilik hərəkəti isə, abxazlar, acarlar və Osetinlər tərəfindən edilməkdə idi.

Ermənistan rusdan daha çox türk təhdidindən qorxurdu. “Hüseynov Qarabağın erməni ordusundan boşaldılması ilə bağlı göndərdiyi ultimatoma baxmayaraq ermənilər çox sakindirlər. Türkiyənin saldırması durumunda onlar qızıl ordudan yardım bəkləyəcək, hətta qızıl orduya qurtarıcı kimi baxacaqlar. Çünkü bu günə qədər ermənilər müttəfiqlərin yardımından məhrum qalmışlar. Bolşeviklər Qarabağda Nuru paşaya saldırmışlar.”10 Qızıl ordu Ukraynada yenilir. Müttəfiqlər bu yenilgədən yararlanaraq yenidən Qafqazı Rusiyadan ayırıb, Türkiyə ilə sovetlərin birləşmə ehtimalını ortadan qaldırmaq istəyirlər. Du Martel mayın 6-da yazır: “Moskva bolşevikləri ilə Mustafa Kamalın millətçiləri birləşərək bütün gücləri ilə savaşıb müttəfiqləri məğlub etmək istəyirlər. Bu üzdən bir-birlərini qullamaqda, dəstəkləməkdədirlər. Zavallı Ermənistanın gələcəyi çox qaranlıq görünür. Türkiyə və Azərbaycan arasında sıxışan Ermənistanın böyük zərər görmə ehtimalı var.”11 1920-ci ilin baharında Azərbaycanda üsyan baş qaldırıb Şimali Qafqaza yayıldı. Şimali Qafqazda imam Qotsinski öz savaşına davam edirdi. Antibolşevik güclərin Rusiyaya saldırması genişlədikcə müttəfiqlərin Qafqaza müdaxilə niyyəti güclənirdi. Du Martel Parisə bu məlumatı göndərmişdi:

Bizim yardımımızla Gürcüstan və Ermənistan ayaqda dura bilər. Batuminin tələm-tələsik boşaldılması gürcülərə problem oluşduracaqsa da, Gürcüstansız Ermənistan olmayacaqdır. Belə olarsa, bolşeviklərin Qafqazda qələbələrinin məsuliyyəti bizim üzərimizə düşəcəkdədir. Bu da elə bir zamana rast gəlməkdədir ki, Rusiyanın başqa cəbhələrdə başının məşğul olması, Qafqazdakı aktivliyini azaltmışdır. Qafqaz dağlarının kiçik qövmləri və Azərbaycan bolşeviklərin düşdükləri zəif durum ortamında bizə uğrayıb yardım istəyirlər.”12 Ermənistan dövləti müttəfiqlərdən bir daha onların imkanlarına güvənib güvənə bilməyəcəyini soruşur. Ali Şuranın silah göndərəcəyi gerçəkləşəcək, yoxsa verilən bu sözlər, sadəcə söz oalaraq qalacaqdır deyə ermənilər müttəfiqlərdən soruşdu. Du Martelin cavabı onun tələskənliyini göstərir: “Mənim silahla bağlı göndərdiyim teleqramlara hələ cavab gəlməmişdir.”13 Belə anlaşılır ki, Paris polşalıların və ağ rusların bolşeviklərə qarşı silahlı savaşına daha çox önəm vermiş və Qafqazı o qədər gərəkən düzeydə önəmsəməmişlər. Müttəfiqlər bolşeviklərə problem oluşduracaq səviyyədə qafqazlıları dəstəkləmirdi. Lord Curzon aprelin 24-də Çiçerindən Qafqazda hərbi əməliyyatların durdurulmasını istəyir. Bolşeviklər zəif duruma düşmüşlər. Dağıstandakı gərginlik üzündən Azərbaycandakı ordunun bir bölümü Dağıstana sövq edilmiş. Bu üzdən də bolşeviklər müttəfiqlərin dəstəklədiyi Ermənistan və Gürcüstanla yeni problemlər yaratmaq istəmirlər. Qafqazda yeni cəbhə oluşmaması üçün bu iki ölkə ilə barışdan yana davranırdılar.

Erməni bolşeviklər durumu başqa cür görürdülər. Qızıl ordunun Qafqaza girməsindən həvəslənən erməni bolşeviklər Ermənistanda iqtidarı ələ keçirmənin yolları üzərində düşünürdülər. Erməni bolşeviklər inqilab edəcəkləri təqdirdə Ermənistan əhalisinin onları dəstəkləyəcəyini sanırdılar.



Ermənistanda 1920-ci il may qiyamı
Azərbaycanda sovet rejiminin qurulması Ermənistan bolşevikləri tərəfindən sevinclə qarşılandı. İrəvanda 1 may bayramı böyük etirazlara səbəb oldu. Bolşeviklər 1 mayı bəhanə edərək bütün tərəfdarlarını məclisin önündə topladılar. Xatisyan nümayişçiləri sakitləşdirmək üçün mülayim bir nitq söylədi. Ondan sonra İkinci İnternasionalın nümayəndəsi Ramişvili söz aldı. Ramişvili nümayışçiləri qanuni dövlətə boyun əyməyə çağırsa da, onun bu istəyini huya basdılar. Daha sonra da söz bolşeviklərin təmsilçisi Stepan Allahverdiyana verildi. ERMƏNKOMun üzvü olan Allahverdiyan dövləti sərt şəkildə tənqid etdi. Dövlət belə böyük nümayış gözləməmişdi. Buna bənzər nümayişlər Ermənistanın Qars, Sarıqamış, Qarakilsə və Aleksandropol kimi başqa şəhərlərində də oldu. Aleksandropolda bolşeviklərin tərəfdarı, özəlliklə dəmir yolu işçiləri və əsgərlər arasında daha çox idi. Bu şəhərdə bolşeviklər daşnak hökümətinə qarşı qiyam etmək fikrində idilər. 1 may nümayişində “Yaşasın Zaqafqaziya işçi və kəndli höküməti”, “Yaşasın sovet Rusiyası” kimi şüarlar səslənirdi. Nümayiş hər an güclənir və nümayişçilər həyəcanlanırlar. Hökümət və nümayişçilər arasında toqquşma ehtimalı artır. Mayın 2-də hökümət bolşeviklərin rəhbərlərini yaxalamaq istəyir. Bolşeviklər “Vartan Zuravar” zirehli qatara sığınırlar. Hökümət onların yaxalanması üçün əmr çıxarsa da, bolşevik tərəfdarı olan leytnant Musailiyan əmri yerinə gətirmir. Musailiyan qırmızı quvardiya təşkil edir. Mayın 3-də və 5-də Aleksandropol komitəsi İrəvan ERMƏNKOMuna bir məktub yazır və erməni hökümətinə qarşı ortaq qiyamı təklif edir. Ancaq ERMƏNKOM tərəddüd edir. Çünkü Rusiya dəstəyi olmadan yeniləcəklərindən qorxurlar. ERMƏNKOM hesab edir ki, qiyam Azərbaycan sınırına yaxın olan İcvan karvansarasından başlamalıdır. Orda qızıl ordu erməni qiyamçılarına yardım edə bilərdi. Mayın 4-də daşnak partiyasının təzyiqi nəticəsində Xatisyan höküməti istefa edir. Bir gün sonra, yalnız daşnaklardan oluşan Uhanciyan rəisliyində yeni hökümət qurulur. Yeni hökümət ölkədə fövqəladə vəziyyət elan edir. Nəyin bahasına olursa olsun, qiyama son vermək, qiyamı boğmaq istəyir. Yeni höküməti popolistlər dəstəkləyir. Ancaq inqilabçı sosialistlər qiyamçıları boğmağa qarşı çıxır.14 ERMƏNKOMun qərarsızlığını görən Ohancaniyan Allahverdiyan və Simoniyan kimi bolşevik rəhbərləri ilə təmassa keçir. Bolşeviklərin qiyamdan əl çəkməsini onlardan istəyir. Mayın 6-da Aleksandropolda toplaşan bolşeviklər düşünürlər ki, artıq qiyamdan əl çəkmək olmaz, çünkü qiyam bütün şəhərlərə yayılmışdır. Bir gün sonra Qars bolşevik nümayəndələrinin də qatılımı ilə zirehli qatarda toplantı düzənlənir. Səs çoxluğu ilə leitnant Musailiyandan, Avisdən və Qəribcaniyandan daşnak hökümətinə təzyiq göstərmələrini istəyirlər. Əməliyyatı yönətmək üçün təsis edilən hərbi-inqilabi komitə daşnakları iqtidardan uzaqlaşdırma qərarı alır. Mayın 10-da qırmızı qiyam bayrağını zirehli qatar üzərinə taxırlar. Bu, bolşevik qiyamının başlamasına işarət idi. Şəhərin hərbi qarnizonun böyük bölümü qiyamçılara qatılır. Özəlliklə Baqramiyanın xidmət etdiyi süvarilər bolşeviklərə qatıldıqlarını elan edirlər. Baqramiyan iki il öncə Sərdarabad savaşında məşhurlaşmışdı. Eyni senariyo Sarıqamışda, Dəlicanda, Nurbayəziddə və Qarsda baş verir. Ancaq Qarsda müsəlmanlar və ruslar da yaşamaqdadır. Onlar bolşeviklərə qarşı dirənir və şəhərdən uzaqlaşdırırlar. General Piromiyana sadiq qalan əsgərlər bolşevikləri geri püskürdüb dəmir yolunu ələ keçirirlər. İrəvanda isə, heç bir hadisə olmamışdı. İnqilabi komitə qiyamı həmahəng edə bilməmişdi. Çünkü irtibat imkanlarından məhrum idi. Bu üzdən savunma pozisionuna keçirrlər. Bu da dövlətin qiyamçıları sıxışdırmasına imkan verir. Bir qrup partizan daşnak, bolşeviklərin mərkəzi qərargahı halına gəlmiş Aleksandropola yollanır. Mayın 14-də dağınıq silahlı qarşıdurmadan sonra qiyamçılar təslim olurlar.

Daşnak partizanlar Dəlicanı ələ keçirdikdən sonra mayın 24-də Karvansaranı da işğal edirlər. Neçə gün öncə Azərbaycandan gələn bolşeviklərin yardımı ilə orada müqavimət mərkəzi oluşdurulmuşdu. Mayın sonlarına doğru bütün etiraz hərəkətləri susdururlur. 1500 erməni qiyamçı Azərbaycana sığınır. İyun ayında Bakıdan gələn 400 bolşeviklə bir yerdə yenidən Karvansaranı ələ keçirməyə çalışırlar, ancaq müvəffəq ola bilmirlər. Daşnak höküməti daha sərt önləmlərə əl atır. İyun ayının 8-də qiyamın səbəblərini araşdıran bir komission təşkil edilmişdi. Bu komission 500 erməni bolşeviki tuutuqlayır. Tutuqlananlar arasında Allahverdiyan, Qəribcaniyan və Saruxaniyan kimi 20-dən artıq tanınmış erməni liderləri var. Ərdaşs Məlikiyan və Ğukasiyan edam edilirlər. Sovet Ermənistanının tarixçiləri bu məğlubiyyətin səbəblərini araşdırmışlar. Onlara görə yaxşı təşkilatlanmama və Aleksandropol məhəlli komitəsinin qərarsızlığı məğlubiyyətə səbəb olmuşdur. Qiyam edərkən Azərbaycanda bulunan 11-ci qızıl ordunun dəstəyinə çox güvənilmişdi. Ancaq Gəncədə və Azərbaycanın digər yerlərində dağınıq şəkildə müsavatçılara qarşı savaşan qızıl ordunun Ermənistana yardım edəcək nəfərləri yox idi. Mövcud gücü ilə, ancaq Azərbaycandakı qiyamları susdura bilirdilər. Sovet Rusiyası da Polşa savaşı ilə məşğul idi və Zaqafqaziyada hərbi əməliyyat başlatmaları mümkün deyildi. May ayının 30-da Fransanın İstanbulda ali komiseri olan Pele öz dövlətinə bu teleqramı göndərmişdi:

Belə nəzərə gəlir ki, bolşeviklər türk millətçiləri ilə əməkdaşlıq planlarından vaz keçmişlər. Azərbaycana getmək bəhanəsi ilə Ermənistandan və Gürcüstandan keçməli idilər. Onlar bir tərəfdən erməni və gürcü dirənişi ilə qarşıqarşıyadırlar, digər tərəfdən də Ermənistanda bolşevik bir hökümət qurmağı başarmamışlar. Çünkü Aleksandropol qiyamı çox asan susduruldu. Sanki daha uyğun fürsət bəkləməkdədirlər.15

Bəzi araşdırmaçılara görə may ayında Ermənistanda bolşevik höküməti qurulsaydı, sentyabr ayında türklərlə savaş olmaz və Qars vilayəti Ermənistanda qala bilərdi. Bu görüş gerçəkdən də qəbul edilə bilər. Daşnaklar ABŞın qəyyumluğundan öncə müttəfiqlərin onları buraxmasından qorxurdular. ABŞ senatının qəyyumluq məsələsini iyun ayının əvvəlində rədd etdiyini daha öncə anlatdıq. Hər halda may qiyamı özüylə bir sürü müsibətlər də gətirdi. İqtisadiyyat çökdü, ordunun moralı pozuldu, Batumi ilə ərzaq daşıma ilişkiləri qopdu. Yalnız müttəfiqlərin yardımına ümid bağlayan daşnak höküməti bu olaylar qarşısında sarsılmış duruma düşdü.

Ermənistanın əski prezidenti Xatisyan daşnak höküməti tərəfindən xaricdə yaşayan ermənilərdən maddi yardım toplamaq üçün xaricə göndərildi. İyun ayının sonlarında İstanbula getdi. İstanbulda müttəfiqlərin nümayəndələri ilə müzakirəyə başladı. Fransa səfiri ilə söhbətdən sonra çox ümidlənmişdi. İstanbuldakı açıqlamasında dedi ki, Aleksandropolda sıxışdırılıb məğlub edilən qiyam bolşevik tərəfdarları deyil, onlar Rusiya yanlıları idi. Çünkü cahil kütlə belə hesab edirdi ki, hələ də Rusiya bizi türklərin qarşısında qoruyacaqdır. Erməni ordusu çox yaxşı durumdadır. Silah və locostik dəstək əldə etsək, özümüzü savuna bilərik. Çünkü türklərin Ermənistan sınırındakı əsgərlərinin sayı azdır. Türkiyə ordusunu İzmirə göndərmişdir. Bolşeviklər də polşalılarla savaşmaqdadırlar. Amerikanın qəyyumluq məsələsinin gecikməsi bizim dövlətimizi çox narahat etmişdir.16 Xatistan Fransa səfirindən Parisə bir teleqram göndərməsini xahiş edir. Bu uyğun durumdan yararlana bilmək üçün ona izn vermələrini rica edir. Ermənistanın Alaşkert dərəsini, Diyadin və Bayəzidi işğal etmək üçün erməni ordusuna yardım istəyində bulunur. “Çünkü bu məntəqələr kəsinliklə Ermənistana buraxılacaqdır.” Ayrıca, Mustafa Kamal güclərinin bolşeviklərlə hərbi işbirliyinin qarşısını almaq üçün müttəfiq orduların yardımı ilə Ermənistan ordusunun Bayəzid-Ərzrum-Trabzon irtibat yollarını işğal etməsini önərir.17

Polşa savaşı bitmədiyindən bolşeviklər müttəfiqlərə müdaxilə bahanəsi verməmək üçün Azərbaycanın qonşuları ilə barışdan yana davranmaq zorunda qalmışlar. Beləliklə müsavatçıların Bakını geri alma planlarını da ortadan qaldırmış olurdular. May ayının 7-də Moskvada Gürcüstan və sovetlər arasında bir barış müqaviləsi imzalanır və sovetlər Gürcüstanın istiqlalını rəsmən tanıyır və bu ölkənin iç işlərinə qarışmama qərarı alırlar (1-2 bəndlər). Gürcü tərəfi də sovet düşmənlərinin Gürcüstanda fəaliyyətlərinin yasaqlanacağı öhdəliyini öz üzərinə götürür (6-ci bənd). Gürcü bolşevikləri sərbəst buraxılacaq və sovetlərin çıxarları yolunda fəaliyyət etmiş bolşeviklər tutuqlanmayacaqlar (10-cu bənd). Bu müqavilə gürcü bolşeviklərinə çox pis təsir edir. Onlar tərəfdarlarını itirmələrindən qorxurlar. Ancaq digər tərəfdən də bu müqavilə onlara qanuni haq tanımışdı və sərbəst fəaliyyət göstərə biləcəkdilər. Mayın 20-də Gürcüstan Kommunist Partiyasını təsis etdilər. Partiyanın 6000 üzvü var və gələcəkdə Moskvanın izi ilə gedəcəklər. Ancaq bu müqavilə menşeviklərin bolşeviklər üzərinə kontrollarını ortadan qaldırmır. Sovet Muxtar naziri Kirov iyun ayında Gürcüstana gəldiyində “Sakartvelo” (Gürcüstan) qəzeti iyul ayında 27-ci nömrəsində yazır: “Cənab Kirov Gürcüstan diplomatik işlərini etməlidir. Özünü Gürcüstan Kommunist Partiyasının savunucusu kimi aparmamalıdır. Onun heyyətinin üzvləri Gürcüstanın iç işlərinə qarışmaq istəsələr də, Cənab Kirovun özü buna mane olmalıdır.”18

Sovet Rusiyası Ermənistanla da diplomatik əlaqə qurmaq istədiyini duyurdu. Çiçerinin dəvəti üzərinə İrəvandan bir heyyət Moskvaya gedir. Heyyətin başında məşhur erməni yazıçısı Leon Şant durmaqdadır. Mayın 22-də heyyət Moskvaya daxil olur. Heyyət ilk görüşü Karaxanla gerçəkləşdirir. İyun ayının 10-da Şant İrəvana xəbər göndərir ki, Sovet Rusiyası 1914-cü il sınırları içində Ermənistan dövlətini rəsmiyyətə tanımaq istəyir. Qərbi vilayətlərin bir qisminin İrəvana buraxılması üçün Türkiyə-Ermənistan arasında arabulucu olmaq da istəyirlər. Ancaq iyul ayının əvvəllərində İrəvana gələn xəbərlərin ləhni başqa cürdü. Mikoyan və Avis kimi bolşevik ermənilər Nərimanov və Axundov kimi azəri bolşeviklərin yardımı ilə daşnakları bolşevik rejimə qarşı müttəfiqlərlə işbirliyi yapmaqla ittiham edirlər. Onlar nəyin bahasına olursa olsun, İrəvan-Moskva arasında münasibətlərin normallaşmasını əngəlləmək istəyirlər. Erməni bolşeviklər bu münasibətin sağlanması ilə Ermənistanda bolşeviklərə böyük zərbə vurulacağından qorxular. Azərbaycan bolşevikləri də düşünürlər ki, İrəvan-Moskva ilişkiləri normallaşarsa, ixtilaflı ərazilərin Azərbaycana qaytarılmasında problem ortaya çıxa bilər. Bu ərazilərdə iyun ayında erməni ordusuyla qızıl ordu arasında toqquşmalar olmuş və qızıl ordu iyul ayında Naxcıvanı işğal etmişdi. Naxcıvanda yerləşən qızıl ordu türk millətçiləri ilə birbaşa əlaqə qurma imkanını əldə etmişdi. Ayrıca, tam bu sıralarda bir türk heyyəti Moskvaya daxil olmuş və ermənilər bundan çox əndişələnməyə başlamışlar. Çiçerin erməni tərəfini rahatlatmaq üçün Ermənistan xarici işlər naziri Ohancaniyana bir teleqram göndərir: “Sovetlər ölkəsinin Qafqazdakı izlədiyi politika erməni millətinin barış içində yaşamasına xidmət etməkdədir. Türkiyə ilə ilişkilərimiz Kiçik Asiyadakı erməni ərazilərinin Ermənistana bağlanmasına yardımçı olacaqdır. Beləliklə də ermənilərlə müsəlmanlar arasında mövcud olan əski düşmənliklərə də son veriləcəkdir. Mustafa Kamal tərəfdarı olan millətçilər mart ayında Ermənistana saldırmaq istəyirdilər, ancaq sovetlərin müdaxiləsi ilə bu saldırı durdurulmuşdur.”19

Mustafa Kamalın aprelin 26-da göndərdiyi məktub iyun ayının əvvəlinə qədər Leninin əlinə çatmır. Bu məktuba iyunun 3-də Çiçerin cavab verir: Lenin Mustafa Kamalın imperialistlərə qarşı savaşını alqışlayır. “Sovet dövləti Türkiyə millət məclisi ilə İran və Ermənistan arasında diplomatik münasibətlərin inkişafına ümid edir. Bu münasibətlər ortamında öz gələcəyini təyinetmə haqqı əsasında sınırların ədalətli şəkildə bəlli olmasını umuruq. Sovet dövləti bu yolda öz üzərinə arabulucu rol götürməyə hazırdı.”20 Bu cavab məktubla Ankaradan bir heyyətin Moskvaya göndərilməsini də rica edir.



Xəlil paşa may ayının sonlarında bolşeviklərdən yardım istəmək üçün Bakıya gəlmişdi. İyun ayının 11-də Mustafa Kamala bir məktub yazır və sovetlərin Türkiyənin Ermənistana müdaxiləsini istəmədiyini bildirir. “Sovetlər əski sınırlara əsgər göndərmək fikrindədir.”21 Ancaq yenə də Xəlil paşa Türkiyəyə maddi yardım sözünü bolşeviklərdən alır. Türklər bu şəkildə münasibət bəkləməməkdə idilər. Leninin cavabı bu şəkildə münasibət gözləməyən türkləri şaşqın duruma soxur. İyul ayının 4-də Mustafa Kamalın xarici işlər naziri Bəkir Sami bəy Leninə cavab verir: “Biz yayılımcı və imperialist bir politika izləmirik. Biz Brest-Litovsk və batumi müqavilələri maddələrinin həyata keçməsini istəyirik. Bu müqavilələrə görə təyin edilmiş sınırlar içində Ermənistanı ilk tanıyan ölkə Türkiyə olmuşdur.”22 Mustafa Kamalın nümayəndələri Bəkir Sami və Yusif Kamal iyulun 19-da Moskvaya daxil olurlar. Onlar Moskvaya ilginç təkliflər edirlər: Boğazlarda rusların gəl-getləri qolaylaşacaq. Türkiyə Rusiya müsəlmanlarına basqı göstərəcək ki, sovetlərin antiimperialist savaşına qatılsınlar. Qarşılığında Ermənistandan və gürcüstanda ərazi tələbində bulunurlar.23 Çiçerin bu istəklərə qarşı çıxır. Çiçerin sınırların təyinini irqlərin dəyişimi ilə təklif edir. Müsəlmanlar Türkiyəyə, ermənilər Ermənistana daşınsınlar. Bu planın gerçəkləşməsi durumunda Ermənistan Van və Bitlis vilayətlərini itirəcəkdi.

Bu arada avqust ayının 10-da sevr müqaviləsi imzalanır. Bu, müttəfiqlərin Türkiyə üzərinə hakim olmalarının göstərgəsidir. Polşada da Pilsudski savaşda irəliləmələr əldə etmişdi. Pilsudskinin avqustun 15-dəki irəliləməsi “Vistul möcüzəsi” adlanırdı. Bu olayların ortaya çıxışı Türkiyə-Sovet yaxınlaşmasına meydan açır. Avqust ayının 24-də Türkiyəyə yardım qonusunda bir müqavilə imzalanır. Ancaq Türkiyə heyyəti Moskvanı tərk etmədən öncə Çiçerin Bəkir Samiyə yeni bir açıqlamada bulunar, Türkiyənin Van və Bitlis vilayətlərinin bir qismini Ermənistana buraxması şərti ilə bu müqavilənin keçərli olacağını söylər.24 Sevr müqaviləsi ermənilərə yeni imkanlar yaratmışdı. Qərbi Ermənistanda ermənilər rəsmiyyətə tanınmışdı. Ancaq Qərbi Ermənistanın sınırları prezident Vilsonun müdaxiləsi ilə tanınacaqdı. Müttəfiqlərin ermənilərə bu haqları tanımaları və ermənistana silah vermə qərarları ermənilərin Rusiyaya qarşı davranmasına səbəb olur. Digər tərəfdən Zəngəzur və Qarabağın bolşeviklər tərəfindən işğalı Ermənistanın sovetlərə daha da bədgüman olmasına yol açır. Ermənistan və sovetlər arasında yürüdülən barış müzakirəsi nəticəsiz qalır. Çiçerin müzakirələrin İrəvanda sovet muxtar naziri Buris Leqranın qatılımı ilə yürüdülməsini təklif edir.25 “Onun İrəvanda aparacağı müzakirə tərəflərin bütün istəyinə uyğun olacaqdır. Bizim heyyətimizlə müzakirə apararkən Ermənistan tərəfinin sovet dövlətinin doğruluğuna inanmasını ümid edirik. Uzun vədəli bir anlaşmanın əldə edilməsi hər iki tərəfin yararınadır.”26 Leqran iyul ayının 20-də Bakıya gəlir. Öncə general Levandovski və bolşevik partiyasının öncülləri ilə müzakirə aparır. İyulun 29-da 20 nəfərdən oluşan bir heyyətlə Tiflisə gedir, ordan da İrəvana getməlidir. Ancaq Ermənistan dövləti onu qəbul etmək istəmir və bəhanə gətirir ki, müzakirənin başlaması üçün Şant heyyətinin gəlməsini bəkləməkdədirlər. Leqran prezident Ohancaniyana bir teleqram göndərir: “Sovet ölkəsinin dostca və barışcıl təşəbbüsü Ermənistan tərəfindən yaxşı qarşılanmamışdır. Ermənistan sınırlarında durum heç də yaxşı deyildir və silahlı qarşıdurmaların olması mümkündür. Bunların məsuliyyəti Ermənistanın üzərinə düşməkdədir.” O, israr edir ki, zaman çox azdır və Şant heyyətinin gəlməsini gözləmədən dərhal müzakirələrə başlamaq gərəkir. “Şant heyyətinin gəlməsi üçün də gərəkən işlər görülməkdədir.” Müzakirə dərhal başlamalıdır.27 Əslində Ermənistan dövləti Paris müzakirəsinin nəticəsini bilmək üçün zaman qazanmaq istəyir. Paris müzakirəsinin nəticəsi bəlli olmadan Ermənistan dövləti özünü Sovetlərin dost ölkəsi kimi tanımaq istəmirdi. İrəvan höküməti Paris müzakirəsində Ermənistan dövləti müstəqilliyinin təmin ediləcəyinə güvənirdi. Belə olduğunda Ermənistan sovetlərlə müzakirəsində zəif pozisionda olmayacağını hesablamışdı. 1920-ci il sentyabrın əvvəlində Qafqazın hərbi durumu ilə bağlı məlumat: “İndiki durumda daşnak höküməti zaman qazanmaq istəyir. Daşnak höküməti ümid edir ki, müttəfiqlər bolşevikləri Ermənistan qonusunda təslim olmağa zorlayacaqlar. Ermənitsan bu yolla da ərazi bütövlüyünü bərqərar edəcəyini hesablayır.”28

Bu arada avqust ayının əvvəlində İrəvan Moskva tərəfindən bir xəbərdarlıq alır. Xəbərdarlıqda İrəvanın Zəngəzur və Naxcıvanda hərbi əməliyyat başlamaması vurğulanır. Bu üzdən İrəvan müzakirə üçün Camaliyan və Babaliyan adlı iki nümayəndəsini Tiflisə göndərir. Onlar qızıl ordu ilə qarşı-qarşıya gəlməmək üçün Leqranla bir anlaşmaya varmalıdırlar. Avqust ayının 10-da, yəni Sevr müqaviləsi imzalandığı gün Tiflisdə bir müqavilə imzalanır. Bu müqaviləyə görə Ermənistan keçici olaraq Qarabağ, Zəngəzur və Naxcıvan vilayətlərinin qızıl ordu tərəfindən işğalını qəbul edir. Bu vilayətlərdə hərbi əməliyyatlar keçirməyəcəyini boynuna alır. Müqavilənin 3-cü bəndində deyilir ki, adıkeçən ərazilərin qızıl ordu tərəfindən işğal edilməsi Azərbaycan-Ermənistan arasında ərazi ixtilaflarının çözülməsi və Rusiya-Ermənistan arasında barış müqaviləsinin imzalanacağı zamana qədər davam edəcəkdir.29 Bu, müttəfiqlərlə məsələhətləşmədən iki ölkə arasında bağlanan ilk müqavilədir. Bu müqavilə müttəfiqləri narahat edir. Müttəfiqlər ermənilərin bu müqaviləsini İrəvanın antibolşevik politikasını buraxması kimi anlayırlar. Onların əndişlərini Fransanın hərbi nümayəndəsi Kurbel və İngiltərənin hərbi nümayəndəsi Luk dilə gətirirlər. Du Martel bu müqavilə haqqında Camaliyandan sual soruşduğunda o, deyir: “Bu müqavilə zaman qazanmaq və özəlliklə erməni tarlalarından məhsulları toplamaq və ərzaq əldə etmək üçün imzalanmışdır.” Digər tərəfdən erməni əsgərləri eyni zamanda həm türk və həm də sovet ordusuna qarşı çıxacaq pozisionda deyildi. Du Martel xəbərdarlıq edir ki, “İrəvan hökümətinin müttəfiqlərə qarşı hər cür xəyanəti bu ölkənin bağımsızlığının ortadan qalxmasına səbəb olar. Erməni məsələsinin, yalnız bolşeviklər vasitəsi ilə çözülməsini müttəfiqlər qəbul edə bilməzlər.”30

Şant heyyəti sentyabr ayının 14-də İrəvana geri dönür. Zaman onun dövlətinin yararına irəliləməməkdədir. Belə gərgin bir durumda 1920-ci il oktyabr ayının 20-də Leqranla müzakirələr başlayır.


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin