Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ



Yüklə 1,62 Mb.
səhifə1/84
tarix03.01.2022
ölçüsü1,62 Mb.
#51660
  1   2   3   4   5   6   7   8   9   ...   84


SOQRAT
ARAZ GÜNDÜZ

Turuz-Tebriz-2011




GİRİŞ
Əski çağların Elladasında(Yunanıstanda) sofist* adı ilə sayqılanan bilgin insanlar vardı. Onlar kosmosdan tutmuş yan-yörəyədək, gözlə görüləsi, əllə toxunulası nə varsa, hamısınacan araşdırar, öyrənər, onlardan insanların necə yararlana bilməsi yollarını göstərərdilər. Sonradan yunanlar bunların içindən yeddi sofisti seçib, onları ən böyük deyə adlandırmışdılar, bu yeddilərin sırasında türk kökənli Anaxarsis də vardı. Deyilənə görə, bu yeddi ən böyük bilgələrdən birincisi sayılan Fales kökəncə finikiyalı olmuşdur, yəni indi Yaxın Doğu(şərq) dediyimiz torpaqlardan gəlib Elladaya çıxmışdır, onun bu sayaq biliklərin “toxumlarını” oralardan gətirdiyi, Yunan ortamında əkib-bəslədiyi də deyilməkdədir. Ancaq bu, olsa-olsa Əski(antik) Yunan kültürü deyilən olayın qaynaqlarından ancaq birisi sayılmalıdır, düzünə qalsa, o çağların yunanları, özlərinin yaratdıqları bilim-inanc-ərdəmlik örnəkləri ilə yanaşı, bir yanı Misirdən tutmuş, Hindistana kimi olan torpaqlarda yaranmış bu sayaq örnəkləri də mənimsəmiş, bunların özülü üstündə, qatı yunanca olduğu danılmaz olan, böyük bir kültürü araya-ərsəyə gətirmişdilər.

Qaynaqlardan bizə gəlib çatan bilgilərə görə, filosof sözünü ilk olaraq işlədən Pifaqor olmuşdu. Filosofun, “biliksevər” anlamı verən bir söz olduğunu çoxlarınız bilirsiniz. Görəsən, bu “yeniliyin” ortaya atılması nə ilə bağlı idi? Pifaqorun bu anlayışı ortaya atmaqla, dini-mifik-mistik baxışlarla, bilim(elm) arasında yenicə qızışmağa başlayan qarşıdurmanı yumşaltmaq istədiyini də düşünmək olar. Necə olursa olsun, bilim adamının bilgə(müdrik) adlanmaqdan çıxıb, “biliksevər” olmasının başlıca yozumu, ancaq tanrıların bilgə ola biləcəyi, insanların isə olsa-olsa onların yol verdikləri ölçülərdə bilik öyrənə biləcəkləri anlamına gəlir. Burada bir də, fəlsəfənin özgürləşə bilməsindən üşənmək, onun ortalıqda olan inancların yerini tuta biləcəyindən qorxuya düşmək də var idi. (Sokratın öyrətməni olduğu deyilən Anaksaqorun məhkəməyə çəkilib sürgün olunması, onun yazılarının oxunmasına yasaq qoyulması da, sofist Prataoqora ölüm kəsilməsi(o, qaçmaqla ölümdən yaxasını qurtara bilmişdi), onun “Tanrılar” kitabının hamının gözü qabağında yandırılması da, habelə bunun kimi çoxlu olaylar da, görünür elə bununla bağlı olmuşdur.) Bir sözlə, fəlsəfə cızığından çıxmamalı, dini-mistik-mifik inancları anlamaq yolunda ancaq bir körpü olaraq qalmalı idi. Fəlsəfənin “belində” özünün yükünü daşımaq istəyən qolugüclülük, ötədən-bəriyə bütün çağlarda olmuşdur. Yaxın keçmişimizin, izləri sonacan silinib getməmiş totalitar-diktatura dönəmini ansanız, bu günkü toekratik toplumları izləsəniz, “qondarma fəlsəfə doktorlarının”, “din ayırd eləməklə” aranı qızışdırmaq istəyən teoloqların yaşamaqda olduğu ölkələrə baxsanız, fəlsəfəni elə indi də, yanlış inancların, ideologiyaların, siyasətlərin qolubağlı quluna çevirmək istəyənlərin çabalarını görə bilərsiniz.

Sokratın uğuruna bir çox nəsnələri ilk olaraq sınamaq düşmüşdü. Sokrat, Afinada doğulan, kökəncə afinalı olan ilk filosofdur; İlk olaraq fəlsəfə araşdırmalarını doğadan(təbiətdən) ayırıb, insanı öyrənməyə o, yönəltmişdir, o çağların fəlsəfə dili ilə desək, fəlsəfəni “fizikadan” ayırıb, “etikaya” qoşmuşdur;(Buradaca deyək, insan konusunu fəlsəfəyə Sokratdan öncə sofistlər gətirmiş, ancaq onların araşdırmaları sonucda bayağılığa(absurda) gedib çıxmışdır.) İlk olaraq, məhkəmə yolu ilə öz baxışlarına görə suçlanıb, öldürülən filosof da Sokrat olmuşdur...

Bu baxımdan, Sokratı İsa Məsihə oxşadanlar da vardır, yəni Sokrat da onun kimi, dövlətin yanında yox, xalqın içində olmağı ilə seçilən, insana yaraşmayan oturuşmuş baxışlarla savaşa atılan, bununla da yeni çağın gəlişinə yol açan, elə buna görə də öldürülən bir kimsə olmuşdur. Sokratın bu sayaq, tanrı elçilərinə oxşadılmasının bir nədəni də var idi. Çoxtanrıçılığın özünə yer elədiyi yunan düşüncəsinin tərsinə olaraq, Sokrat tanrılardan danışanda, onları çoxluqda yox, təklikdə anır, sanasan, təktanrıçılığa inanan birisi kimi danışırdı. Bir də ən önəmlisi, gördüyü işləri, öyrətmələrini, tanrıdan gələn bir səsin ona aşıladığını deməsi də, Sokratı təktanrıçılıq inanclarından tanıdığımız tanrı elçilərinə oxşatmaqdadır.

Sokrat özündən qabaq ortalıqda olan bir fəlsəfə gələnəyinin(ənənəsinin) ardıcılı olaraq da tanınmaqdadır. İş burasındadır, Sokrat öz fəlsəfə öyrətmələrini yazıya almamışdır. Sokrat özü bunu belə anladırdı: “...Yazıya alınan bilik ancaq üzdən öyrənilə bilər, yazıda danışıqda olan dirilik olmadığından, o konuları dərinliyinə kimi açıqlaya bilmir, ondan nəyisə dönə-dönə “soruşsan” da, qayıdıb sənə ancaq bir söz deyəcəkdir, bunula o, yaşarı olmayan varlıqlara, lap elə deyək, hansısa çəkilmiş şəkilə oxşayır”. Bu düşüncənin bir az da dərinləşməsi ilə, biz buddizmdə də üzləşirik. Bizim çağın VI yüzilində, buddizmi Çinə gətirən Bodhidharmanın öyüdlərindən birində deyilirdi: ”İnanclarınızı yazılara bağlamayın”. Görünür, inancların kitablaşandan sonrakı dəyişilməsinə yasaq qoyulması, bu yönü tutan qavramanın kağızda yazılanları ötüb keçə bilməməsi, daşlaşması(ehkamlaşması), özünə qapanması ilə sonuclandığından, keçmiş çağların bilgələri bu durumdan doğan: anlağın gəlişmələrinin durğunlaşmasını, özgürlüyünü itirməsini qabaqlamaq üçün də bu düşüncələri ortaya atmışlar.

Əski çağlar yunan fəlsəfə okullarında(məktəblərində), uzun illər sürəcində aparılan araşdırmaların hamısının bu okulun yaradıcısı olan filiosofun adına yazılması gələnəyi də olmuşdur. Örnək üçün, hamımızın, düzbucaqlı üçbucaqla bağlı olan, “Pifaqor teoremi” kimi tanıdığımız teoremi də Pifaqorun öyrəncilərinin ərsəyə gətirib, öz öyrətmənlərinin adına yazdıqları ilə bağlı, çox inandırıcı araşdırmalar vardır. Bu dediklərimiz, Sokrat üçün, onun öyrənciləri olmuş Platonla, Ksenofontun yazdıqlarında da özünü göstərməkdədir. Yəni onların Sokratın adından yazdıqları sözlərdən hansılarının doğrudan da Sokratın, hansılarının öz dedikləri olduğunu sonacan ayırd eləmək olmur. Bu gələnək, insan ərdəmliyinə bağlı dəyərlərin üstün tutulmasından doğurdu. Öyrəncilər, onları yolun düzünə çıxarmış, uğura yönəltmiş öyrətmənlərinə sayqılarını belə bilindirirdilər. Görünür, burada bir də, öyrətmələrin (təlimlərin) bütövlüyünü qoruyub saxlamaq, onların taqımlara(təriqətlərə) bölünməsini qabaqlamaq çabaları da vardır.

Sokrat Azərbaycanın geniş oxucu çevrəsinə yaxşı tanış deyil demək, kimdəsə bir dirəniş qırımı da yarada bilər, ancaq məncə, bu elə belədir də var. Burada çoxluğun Sokratdan bildiklərini, iki deyimlə bütünləşdirmək olar. Birincisi, “Sokrat doğruluğun(həqiqətin) söz dartışmasında üzə çıxdığını” demişdir kimi səslənir; İkincisi isə budur, Sokrat deyib: “Bildiyim yalnız odur, mən heç nə bilmirəm”. Özlüyündə, birinci deyimdə, Sokratın fəlsəfəyə gətirdiyi bir yenilikdən ötəri söz açılmışdır, Aristotelin dediyi kimi, Sokrat gerçəkliyi məntiqə uyğun olaraq qavramaq üçün, induksiya yolu ilə getməyin gərəkliyini ilk olaraq ortaya atmışdır, yəni Sokrat hansısa gerçəkliyi bütünlüklə anlamaq üçün(buna gerçəkliyin özlüyünü-mahiyyətini anlamaq da demək olar), onun tək-tək üzləşilən göstəricilərini götür-qoy, sağ-çürük eləməklə, onları ayrıldıqları bütünlüyə qaytarır, sonradan bu bütünlüyü, bənzətmələrin(analoqların) yardımı ilə anlayışlara(terminlərə) çevirib, qavramağa çalışırdı. Göründüyü kimi bu eləcə söz dartışmalarına qapılmaq olmayıb, yolun düzünü tutub, addım-addım doğruya sarı getməkdir. İkinci deyimdə isə, bir yandan az öncə dediyimiz, yalnız tanrıların bilgə(müdrik) olduğu, insanların isə, tanrıların yaratdıqlarını sonacan anlamaq gücündə olmadığı söylənmişdir; başqa yandan, öyrəniləsi biliklərin sonsuzluğu, tükənməzliyi, öyrənə bildiklərimizin isə, bu tükənməzliyin yalnız kiçicik bir əlcəsi olduğu gözə çarpdırılmışdır.

Oxuyacağınız kitabda, ən güvəncli qaynaqlar sayılan, Platonla Ksenofontun, Sokratla bağlı yazdıqları verilmişdir. Bu kitabda, Ksenofontun Sokratla bağlı yazdıqlarının ortalama götürsək, yüzdə doxsanı, Platonun isə ancaq, Sokratın ölümündən bir az öncə baş verən olaylarla bağlı yazdıqları yer almışdır. Platonun az qala bütün yazılarında Sokratın adı keçdiyindən, belə bir seçim eləməli olduq. Bir də Sokratın, ölüm qabağı dilə gətirdiyi bir inancın etkisinə qapıldığımızı da danmırıq, Sokratın deməsinə görə, ölüm yaxınlaşanda insanın uzaqgörənliyi artır, o qat-qat yaxşı anlamağa başlayır, deməli burada Sokratın ölümqabağı dediklərinə bir az artıq önəm verməyimiz yerinə düşür.(Bu inancın kökündə belə bir mistik baxış dururdu: ölümün yaxınlaşması ilə öpöz(ruh) bədəndən ayrılmağa başlayır, bədən ölümlü, öpöz ölümsüz olduğundan, bədən öz düşkünlükləri ilə öpözü doğru yoldan azdırmağa çalışdığından, bədəndən ayrılmaq özgürlüyü, öpözün yetkinliyi sayılmalıdır.)

Sokratla bağlı buçağacan aparılan araşdırmalarla ötəri də olsa tanış ola bilməyiniz üçün, Sokratın görkəmli araşdırıcılarından olan Kessidinin “Sokrat” monoqrafiyasından parçaları da, burada baxışlarınıza çatdırmışıq.

Sokratın bir sıra qaynaqlarda yer alan ünlü sözlərini(aforizmlərini) də toplayıb, burada vermişik.

Sokratla onun oxucuları arasında araçılıq(vasitəçəlik) eləmək düşüncəsindən uzaq olduğumuzdan, qırağa çəkilib, sözü onun özünə veririk, bu kitabda ən başlıca sözləri, Sokratın öz dilindən eşidəcəksiniz. Qarşınızdakı kitab, Sokratı tanımaqda az-çox işinizə yarayacaqsa, bizə ancaq sevinmək qalır.

*Sofist–Sonrakı çağlarda bu söz öz ilkin, “bilgəlik” bildirən anlamını irirmiş, axça alıb bilik öyrədən kimsələrə “sofist” deyilmişdir. Sofistlərlə bağlı bir az sonra oxuyacağınız “Sokrat” monoqrafiyasınadan verilmiş parçalarda geniş bigi alacaqsınız.



Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə