Tarixdən boylanan gün-28 May



Yüklə 31,76 Kb.
tarix17.07.2018
ölçüsü31,76 Kb.
#57121

Tarixdən boylanan gün-28 May

“Müsəlman Şərqində ilk Demokratik Cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə-XIX əsrin sonu və XX əsrin əvvələrində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır.”

Heydər Əliyev

Giriş


May ayı Azərbaycan məmləkətinin, Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla dolu bir ayıdır.

Bu gözəl may günlərinin biri-respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Günü Demokratik Azərbaycan Cümhuriyyətinin əsasının qoyduğu gündür.

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci ilin 28 May Günü hər bir Azərbaycan vətəndaşının ürəyində milli qürur hissi, hər bir türkün, eləcə də bütün Azərbaycanı sevən insanların duyduğu, sevinc hissi keçirdiyi bir gündür.

Məhz ötən əsrin əvvəllərində bu işıqlı may günündə əsrlərcə azadlıq və müstəqillik arzusu ilə çırpınan Azərbaycan xalqı, əsrlərcə var-dövləti talan olunan, torba-torba daşınılan Azərbaycan torpağı və öz doğma üçrəngli bayrağını bağrına basıb geniş səmasında dalğalandıran Azərbaycan göyləri tarixi bir anın şahidi oldular. Qoca Şərqdə ilk dəfə olaraq azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı bəyan edildi.

Yüz il öncə-1918-ci il may ayının 28-də elan edilmiş “İstiqlal Bəyannaməsi” əsasında ilk Xalq Cümhuriyyəti-Azərbaycan Demokratik Respublikası yaradıldı. Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Lakin bu qısa zaman kəsiyində xeyli iş görməyə, ən əsası xalqımızın istiqlaliyyətini elan edərək milli mənlik şüurunu özünə qaytarmağa, millətin öz müqəddəratını təyin etməyə qadir olduğunu sübuta yetirməyə nail oldu.

Azərbaycan xalqı daim azadlıq sevər olmuş və məqam düşdükcə müstəqillik arzusunu kerçəkləşdirməkdən ötrü əməli və qətiyyətli addımlar atmışdır. XX əsrin əvvəllərində məhz belə bir şərait yarandı. Birinci dünya müharibəsinin sona çatması, rus çarizminin süqutu, Rusiyada Oktyabr inqilabı və ondan sonra yaranmış gərgin vəziyyət, Qafqazda mövcud olan siyasi qüvvələrin qızğın fəaliyyəti və digər amillər müstəqil dövlətin qurulmasının ilkin şərti idi. O dövrdə Azərbaycanda mütərəqqi və açıq fikirli ziyalılar da yetişmişdi.Moskvada, Peterburqda, Avropanın bir sıra şəhərlərində təhsil alan, Avropa və dünya mədəniyyəti ilə yaxından tanış olan bu insanlar xalqımızın milli şüurunun artmasına, inkişaf etməsinə, milli özünüdərkə böyük təsir göstərirdilər.Xalqın belə oğullarının fəaliyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətini elan etmək mümkün oldu. Əldəttə, belə bir addımın atılması böyük cəsarət tələb edirdi. Dövr çətin, vəziyyət mürəkkəb idi. Üstəlik, bir sıra kənar qüvvələr Azərbaycanın müstəqilliyinə mane olmaq istəyirdilər.Lakin buna baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti iki il fəaliyyət göstərdi, xeyli iş gördü və ən əsası, Azərbaycanın müstəqil gələcəyinin əsasını qoydu.Bu gün xalqımız ilk demokratik cümhuriyyətin banilərini-Məmməd Əmin Rəsulzadəni, Fətəli xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Usubbəyovu, Həsən bəy Ağayevi,Xalq Cümhuriyyətinin ilk Milli Şurasının üzvlərini hörmət və ehtiramla xatırlayırlar.Onların gördüyü işlər və əziz xatirələri daim ürəklərdə yaşayacaqdır.

Tariximizin parlaq səhifəsi.

Hər bir xalqın yaddaşında onun şərəf və ləyaqətini təsdiq edən bir neçə tarix yaşayır. 1918-ci il “28 May” Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsi özünütəsdiqin və milli mənliyin zirvəsidir.

XX yüzilliyin birinci rübündə Azərbaycan xalqının yaradıcı təfəkkür və düşüncə tərzinin,onun inqilabi mübarizə və milli-azadlıq hərəkatının ən böyük nailiyyəti özünün müstəqil milli dövlətini bərpa etmək fikri və onu əməli surətdə həyata keçirmək əzmi və qətiyyətidir.Cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir anı heç bir qiymət vahidi ilə ölçülə bilməyəcək tükənməz xəzinədir.

“İstiqlal bəyannaməsi” ilə həyata vəsiqə alan Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman dünyasında ilk demokratik respublika idi və o, Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini bərpa etdi, insan hüquqlarının və azadlıqlarının təmin edilməsinə, irqi, milli, dini,sinfi və başqa bərabərsizliklərin ləğvinə,sivilizasiyalı dövlətlərin inkişaf etmiş demokratiyasından istifadə edilməsinin həyata keçrilməsinə əsaslı şərait yaratdı.Azərbaycan Xalq Cümhuriyyəti Şərq dünyasında ilk dəfə idi ki, demokratik və qanunvericilik parlament quruculuğunu həyata keçirərək xalqımızın tarixində dövlət müstəqilliyinin möhkəmləndirilməsi sahəsində qətiyyətli addımlar atmış, ölkənin iqtisadi və siyasi inkişafında, mədəniyyət, maarif və xalq təhsili sahəsində,habelə bir çox sosial problemlərin həllində prinsipial əhəmiyyətə malik olan tədbirlər həyata keçirmişdir.

Azərbaycan xalqının və bugünkü nəsil üçün qəhrəmanlıq salnaməsinin zəngin tarixini xatırladan Azərbaycan Demokratik Cümhuriyyəti cox qısa ömür yaşamasına baxmayaraq şərəfli bir yol keçdi,milli müqəddəratın və taleyüklü problemlərin həll edilməsində mühüm rol oynadı.Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın qarşısında ən böyük xidməti ondadır ki,o,özünün qısamüddətli fəaliyyəti dövründə Azərbaycanın istiqlaliyyətini elan etmiş, xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etmiş, fundamental islahatların və tədbirlərin həyata keçrilməsinin təminatçısı olmuşdur.Azərbaycan Demokratik Cümhuriyyəti tarixi şəraitin, dövrün və zamanın zəruri tələbi nəticəsində bütün müsəlman Şərqində və türk dünyasında yaranan ilk parlamanlı demokratik cümhuriyyət idi.

Azərbaycan istiqlaliyyətini elan etmək və ilk Azərbaycan höküməti təşkil etmək üçün Zaqafqaziya Seyminin 44 nəfərdən ibarət müsəlman fraksiyasının mayın 27-də Tiflisdə toplantısı keçirilir və hərtərəfli müzakirələrdən sonra belə ağır bir zamanda Azərbaycanın idarə olunması məsuliyyətini öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycan Milli Şurası elan edirlər.

M.Ə.Rəsulzadə gizli səsvermə yolu ilə Azərbaycan Milli Şurasının sədri seçilir. Mayın 28-də Milli Şura Azərbaycanın istiqlaliyyəti haqqında bəyannamə qəbul etdi.Bəyannamədə deyilirdi ki, Azərbaycan demokratik respublika formasında müstəqil və suveren dövlətdir, ali hakimiyyət bütün xalqa məxsusdur, beynəlxalq birliyin bütün üzvləri ilə dostluq əlaqələri yaradır və öz ərazisində yaşayan bütün xalqların bərabər inkişafına köməklik göstərir.ADR bu aktla özünü həm daxili və həm də xarici siyasət sahəsində demokratik və humanitat tipli bir dövlət kimi müəyyənləşdirdi.

100 il öncə, 1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəfli səhifəsidir.28 May Azərbaycan türkünün arzularının çiçək açdığı gündür.Təbiətən və tarixən azad yaşamış, qəlbi hun atlılarının dördnala çapıb getdiyi ucsuz-bucaqsız çöllər qədər geniş olan Azəri türkünün ruhu boyunduruğa sığmırdı,qolları qandalda idisə də, ruhu azadlıqda idi. Azərbaycan türkünün paralanmış torpağı da, dili də,mənəviyyatı da yalnız və yalnız azadlıq və müstəqillik hayqırırdı.

1918-ci ilin 28 may günü xalqımız öz milli varlığını müstəqil dövlət kimi bütün dünyaya bayanladı. Nəhayət, Azərbaycanın qollarını buxovlayan müstəmləkə zənciri qırıldı,yurdumuza Azadlıq Günəşi doğdu.Millətinə maarif işığı gətirən M.F.Axundov,H.B.Zərdabi, çoxsaylı yazıları ilə müstəqilliyimizə, dövlətçiliyimizə milli ideoloyi–zəmin yaradan Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə,Ə.Ağayev kimi böyük vətənpərvərlərin,azadlıq ruhu ilə çırpınan, “Yoxdur millətimin xətti bu imzalar içində” ağrısı ilə yaşayan M.Hadinin, “Yol ver türkün bayrağına”nidası ilə hayqıran Ə.Cavadın və neçə-neçə hürriyyət aşiqinin arzusu gerçəkliyə döndü.

Tarix 70 ildən sonra onların haqlı arzusuna, “Bir kərə yüksələn bayraq, bir daha enməz” həqiqətinə şahidlik etdi. Çünki tarix həmişə haqqın tərəfində dayanıb. Onların tutduğu yol da haqq yolu idi. Bugünkü müstəqil Azərbaycanımız da o haqqın təntənəsi.

Müstəqil və demokratik Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşadı və 1920-ci ilin 28 aprelində Azərbaycanda sovet hakimiyyəti qurmaq adıyla cümhuriyyəti devirdilər.1922-ci ilin dekabrında isə SSRİ-nin tərkibinə daxil etdilər.

Lakin bütün bu dəyişiklik və çevrilişlər xalqımızın müstəqillik əzmini qıra bilmədi. Azərbaycan Respublikası müstəqil dövlət kimi süquta uğrasa da, respublika kimi keçmiş ittifaqın tərkibində yaşadı və milli dəyərlərini özündə saxlayaraq gələcəkdə yenidən qurulacaq müstəqil Azərbaycan dövlətinin təməl daşlarını uçurmadı. Bu, xalqımızın gücü, daxili potensialı hesabına idi. Və yenidən 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız 23 aylıq cümhuriyyət fəaliyyətinin zəngin ənənələrini yenidən davam etdirməyə başladı.

Görünür, Azərbaycanın dönməz, əyilməz,inamlı azadlıq və müstəqillik yoluna yenidən qədəm qoyması üçün onun qırmızı qaranlıqdan keçib gəlməsi mütləq lazım imiş. 1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını-azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. Bu yolda qurbanlar verdi, məhrumiyyətlərlə üzləşdi, şəhid oldu, ucaldı, öz içində duruldu,təmizləndi.

1991-ci ildə Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. 1991-93-cü illərdəki vəziyyət heç də 1918-ci ildəkindən az mürəkkəb deyildi. Müstəqilliyi və qan bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qaldı, torpaqlarımız qəsb olundu, taleyimizdən didərginliyin, əlilliyin, şəhidliyin qara naxışları keçib getdi.Məmləkətin bu çətin vaxtında xalq birmənalı olaraq ayağa qalxdı və öz xilaskarını, Tanrının bu missiya üçün seçdiyi böyük insanı yenidən rəhbərliyə gətirdi.

Məhz Hydər Əliyevin titanik zəhməti, dühası, siyasi uzaqgörənliyi sayəsində, öz rəhbərinin ətrafında sıx birləşən namuslu insanların gərgin əməyi və mübarizəsi sayəsində əsrin axırında Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu və bu müstəqillik gündən-günə daha da dönməz, daha da möhkəm addımlarla bizi gələcəyə aparırdı.

Ulu öndər Heydər Əliyev yorulmaz dövlətçilik fəaliyyəti ilə bizə, bizdən sonrakı gələcək nəsillərə müstəqilliyi, milli dövlətçiliyi necə hifz etməyin gerçək nümunəsini göstərdi.

Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yeri və roluna ən dolğun və düzgün qiyməti də məhz Azərbaycan xalqının ümummilli lideri Hedər Əliyev vermişdir. Xalqımızın dahi oğlu tariximizin bu şanlı səhivəsi ilə bağlı bütün çıxışlarında dönə-dönə qeyd etmişdir ki,”Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O,demokratik dövlət quruculuğu , iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Bu cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Mehdi bəy Hacınski, Məmmədyusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinski, Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Pepinov , Şəfi bəy Rüstəmbəyov kimi görkəmli ictimai xadimlərin xatirəsini qədirbilən Azərbaycan xalqı bu gün də böyük ehtiram hissi ilə yad edir”.

Heydər Əliyev yorulmaz dövlətçilik fəaliyyəti ilə bizə, bizdən sonra gələcək nəsillərə müstəqilliyi, milli dövlətçiliyi necə hifz etməyi gerçək nümunəsini göstərdi. O, Azərbaycanın görkəmli şəxsiyyətlərinin 20-ci əsrin əvvəlində xalqımıza daddırdığı və 70 illik sovet idarəçiliyi zamanı milli yaddaşımızda əksilməyən istiqlal, dövlətçilik duyğularını yenidən dirçəltdi, Azərbaycanın müstəqilliyini dönməz və əbədi etdi.

Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsini,milli –mənəvi dirçəliş məsələlərini daim diqqət mərkəzində saxlayır.”Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın nəşrinə göstərilən dövlət qayğısı bunun parlaq təzahürüdür.

İllər keçəcək, fəsillər dəyişəcək, zaman dünya düzəninə yeni çalarlar gətirəcək.Lakin hər səhər dan yerindən boylanan Günəş özünün əbədi işığında və təmizliyində qaldığı kimi, dünyadakı bütün canlıların Günəşə boylandığı, Günəşin nuruna can atdığı kimi, biz yüz illər sonra da tarixdən danışanda, yenə də o böyük Günə, tariximizin kahkəşanına dönən o böyük isimlərə-Ə.Topçubaşov, M.Ə. Rəsulzadə, N.Yusifbəyli və bu şərəfli sırada dayananlara, o Günü bizə qazananlara minnətdar olacağıq.

Biz xoşbəxt millətik ki, tariximizdə 28 may kimi şərəfli bir Gün var. Əbədiyyətə qovuşan bu böyük Gün zaman-zaman xalqımıza başıucalığı gətirəcək. Bu Günün həqiqətindən doğan işıq gələcəyə uzanan yollarımızda bizə əbədi bələdçi olacaq.

Biz Cümhuriyyətin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Tarixi təcrübə göstərir ki, dövlət müstəqilliyini əldə etmək kifayət deyil, həm də onu qorumaq, milli birliklə möhkəmləndirib gələcək nəsillərə ötürmək gərəkdir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq Mərkəzi Kitabxana və kitabxana filiallarda sərgilər, söhbətlər, dəyirmi masalar, mühazirələr, ədəbi-bədii gecələr, inşa və rəsm müsabiqələri kitabxanaçılar tərəfindən təşkil olunmalıdır. Tədbirlərin keçrilməsi yeniyetmə və gənclərin milli vətənpərvərlik ruhunda yetişməsində mühüm əhəmiyyət kəsb edir.

İstifadə olunan ədəbiyyat:

Azərbaycan qəzeti.-2004.-28 may.

Respublika qəzeti.-2000.-27 may.

Mədəniyyət qəzeti .-2008.-28 may.

Azərbaycan müəllimi qəzeti.-2005.-14 yanvar.



Mədəniyyət qəzeti.-2015.-3 iyun.
Yüklə 31,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin