Terminologiya məSƏLƏLƏRİ №2



Yüklə 1,16 Mb.
səhifə8/14
tarix20.01.2017
ölçüsü1,16 Mb.
#797
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Ədəbiyyat siyahısı

1. Victoria Fromkin, Robert Rodman, Nina Hyams. An introduction to language. Cengage Learning, 2010, 640p., s.27

2. كاصد ياسر الزيدي. فقه اللغة العربية، عمان، 2004، 534 ص،

3. Wolfhart Pannenberg. Toward a Theology of Nature: Essays on Science and Faith. Westminster John Knox Press, 1993, 166 p.

4. Müqəddəs kitab. Əhdi-Ətiq,­ Kitab şir­kəti 2004.

5. Hensleigh Wedgwood. On the origin of language. Google Book, 1866, 167p.


E.A.Abbasova

Some opinions about the origin of language

Summary

This article deals with the origin of language and it is concluded that the language was a divine revelation to humanity. This idea was supported by the Biblical and Quranic accounts of Adam naming the animals, and of the Tower of Babel.



Е.А.Аббасова

Некоторые суждения о происхождении языка

Резюме

В данной статье рассматривается происхождение языка и делается вывод, что язык был божественным откровением для всего человечества. Эта идея была поддержана библейскими и кораническими суждениями.



Çapa tövsiyə edən: AMEA Nəsimi adına Dilçilik İnstitutu,

Dil tarixi və dialektologiya şöbəsi
Rəyçilər: filologiya elmləri doktoru, professor Q.Məşədiyev

filologiya elmləri doktoru İ.Kazımov
Eldar Ağayev

AMEA, Nəsimi adına Dilçilik İnstitutu
ƏDƏBİ DİLDƏ SİNTAKTİK NORMA

POZUNTULARI
Açar sözlər: sintaksis, ədəbi dil, tema, rema, leksika, morfolo­gi­ya.

Ключевые слова: синтаксис, литературный язык, тема, ре­ма, лексика, морфология

Key words: syntax, literaru language, thema, rema,morphology.
Sintaktik normaya riayət etmək ədəbi dilin tələblərindən biri sayılır. Söz birləşmələrinin yaradılmasında, cümlə konstruksiyalarının tərtibində sintaktik normalar əhəmiyyətli dərəcədə rol oynayır . Dilin sintaktik səviyyəsi morfologiya və leksika ilə sıx bağlıdır.

İnsanlar bir-biriləri ilə ünsiyyəti cümlələr vasitəsi ilə qururlar. Bu baxımdan cümlələrin düzgün qurulması və onun tərkib hissəsi olan söz və söz birləşmələrinin ədəbi dil norma çərçivəsində işlədilməsi günün aktual məsələlərindəndir. İlk baxışdan bunlar çox sadə görünür, lakin söz birləşməsi və cümlə qurmaq, onları məqamına görə lazımi effektdə işlətməyi hamı bacarmır. Bəzən cümlə ikili məna daşıya bilər, bəzən gülməli, bəzən də mənasız söz yığımını xatırladır.

Müasir Azərbaycan ədəbi dilində sintaktik səviyyədə norma pozuntularını aşkara çıxarmazdan əvvəl sintaksis, söz birləşməsi, cümlə və ümumən sintaktik vahidlər haqqında müəyyən məlumatları əldə etmək məqsədəuyğun sayılır.

Sintaktik norma və vasitələrdən istifadə edərkən yadda saxlamaq lazımdır ki, sözlər dilin tələblərinə uyğun şəkildə tərkib hissələrinə parçalanır ki, onlar da öz növbəsində morfoloji kateqoriyalara əsaslanır. Dilimizdə sözlər, söz birləşmələri, cümlə növləri, söz sırası, intonasiya, sintaktik əlaqələr, sintaqmlar və digər vahidlər var ki, bunlar birlikdə sintaktik normanı əhatə edir.

Müasir Azərbaycan ədəbi dilində sintaktik səviyyədə norma dedikdə, əsasən aşağıdakılar nəzərdə tutulur:


  1. Miqdar saylarından sonra gələn isimlər təkdə işlənir. Məsələn, beş şagird, on adam, yüz dəftər və s.

  2. Cümlədə əvvəl mübtəda, sonra xəbər gəlir. Təyin izah etdiyi cümlə üzvindən əvvəl, zərflik isə, əsasən, xəbərdən əvvəl işlənir. Məsələn, “Xalq yazıçısı Süleyman Rəhimov böyük həcmli əsərlər yazıb”.

  3. Adlara əvvəl kəmiyyət , sonra mənsubiyyət , daha sonra hal, ondan sonra isə xəbərlik şəkilçisi artırılır. Məsələn, tələbə-lər-ımız-in-dir, dost-lar- ınız- dan-am və s.

  4. Mübtəda ilə xəbər cümlədə şəxsə, müəyyən dərəcədə isə kəmiyyətə görə uzlaşır. Məsələn, biz qohumuq, şagirdlər yazdılar və s.

  5. Feil köklərinə əvvəl təsirlik , sonra növ , daha sonra şəkil , ondan sonra isə şəxs – xəbər şəkilçisi artırılır. Məsələn, bax-dır-ıl-malı-dır, vur-uş-aq və s.

  6. Azərbaycan dilçiliyndə belə bir qayda var ki, “nə” inkar bağlayıcısından sonra gələn feil təsdiqdə olmalıdır. Məsələn , “Nə oxyur, nə də sözə qulaq asır” Bu hal gözlənmədikdə , yəni feil inkarda olsa , sintaktik səviyyədə norma pozuntusu sayılır. “ Nə oxumur, nə də sözə qulaq asmır”.

  7. Mübtəda cansız əşyalarla ifadə olunduqda, mübtəda ilə xəbər arasında kəmiyyətə görə uzlaşma pozulur. Məsələn, saralmış yarpaqlar (mübtəda) tökülür (xəbər) . Əgər bu cümlə “ Yarpaqlar tökülürlər” şəklində işlənsə idi , sintaktik səviyyədə norma pozuntusu olardı.

“Sintaksis” mənşəyinə görə yunan sözü olub “birləşmə”, “tərtibat” deməkdir. Sintaksis sintaktik vahidləri öyrənir.Bu vahidlərin hər biri ən qədim və müstəqil sintaksis bəhsi hesab olunur. Məsələn,müasir dilçilikdə cümləyə üç yüzdən artıq tərif verilmişdir. Lakin eramızdan əvvəl ikinci əsrdə yaşamış frakyalı Dionisin tərifi “Cümlə bitmiş bir fikri ifadə edən söz birləşməsinə və ya sözə deyilir” indi də öz əhəmiyyətini saxlamaqdadır.(1,240)

Sintaktika – dilin plan, yaxud tədqiq aspektlərindən biri olmaqla , dil vahidlərinin özü arasındakı münasibətlərlə fərqlənən , daha doğrusu , onları dildən istifadə edənlərə həm bildikləri predmetlərə , həm də şəxsi , yaxud şəxslər arasındakı münasibətdən kənarda nəzərdən keçirən deməkdir.

Sintaksis – 1) Nitq deyiminin strukturlaşdırılması qaydası. 2) Nitqin strukturkturlaşdırılması ( sözlərin bir- biri ilə uzlaşması və sözlərin bir- birinin ardınca olması) prosesini öyrənən qrammatikanın bölməsi. (2, 99 )

Sintaksis sözlər arasındakı sintaktik əlaqələri öyrənir. Sintaktik əlaqələr substitusiya vasitələri ilə müəyyən edilir və onların üç növü vardır: Subortinativ əlaqə (subordinasiya) təşkil edən birləşmələrdə bütöv birləşmənin funksiyası vasitəsiz iştirakçıların birinin funksiyasına uyğun olur. Burada əsas konstituyent bütün birləşmənin funksiyasını ifadə edir, digər vasitəsiz iştirakçının mənası bütün birləşmə ilə bağlı olur: Məsələn, maraqlı hekayə, sarı heyva, soyuq münasibət. Subortinativ əlaqə üzrə düzələn birləşmələrə subortinativ və ya modifikasion birləşmələr deyilir. Bu birləşmələrdə iştirakçıların biri digərini təyin edir. Subortinativ birləşmələrin vasitəsiz iştirakçıları arasında predikativ əlaqə yoxdur. Substitusiya vasitəsi ilə bunlar belə müəyyən edilir: Maraqlı hekayə yazır: → Hekayə yazır. Sarı heyva yedi. Heyva yedi. Soyuq münasibət saxlayır. Münasibət saxlayır. Bu kimi vasitəsiz iştirakçıları arasında predikativ əlaqə olmayan birləşmələri O.Yespersen funksional birləş­mə­lər adlandırmışdır.

Subortinativ birləşmələrdə feillər işlənərsə belə birləşmələr obyektli və ya komplementativ birləşmələr adlanır. Məsələn, hekayə yazmaq, heyva yemək, münasibət saxlamaq. Koordinativ əlaqə (koordinasiya) üzrə düzələn birləşmələrdə birləşmənin funksiyası vasitəsiz iştirakçıların hər birinin funksiyasına uyğun gəlir. Koordinativ birləşmələr iki eynihüquqlu iştirakçılardan təşkil olunur: qoca və cavan, tez və gec, böyük və balaca. Koordinativ birləşmənin hər ikisi – (hamısı) müstəqil vahidlərdən (sözlərdən) təşkil olunur. Məsələn, “Qoca da , cavan da yurda bağlı olmalıdır” aşağıdakı cümlələrdən təşkil olunmuşdur: 1) Qoca yurduna bağlı olmalıdır. 2) Cavan yurduna bağlı olmalıdır. Predikativ əlaqə (predikasiya) bildirən birləşmənin ümumi funksiyası vasitəsiz iştirakçıların hər hansı birinin mənasından fərqlənir: axşam düşdü , işıqlar yandı. Predikativ əlaqə bəzən neksuslu əlaqə adlanır.

Sintaksisin predmeti haqqında müasir dilçilikdə üç başlıca mülahizə hakimdir:



  1. Bəziləri sintaksisi cümlə və onun hissələri , cümlə üzvləri haqqında təlim

kimi təqdim edirlər. Burada söz birləşməsı sintaksistin tədqiqat obyekti hesab edilmir.

  1. Bəziləri də sintaksisi məhz söz birləşmələri haqqında təlim sayırlar. Hazırda adətən az öyrənilmiş dillərin sintaktik təsviri verilərkən söz birləşməsi sintaksisinə istinad edirlər.

  2. Üçüncü qrup tədqiqatçılara görə həm söz birləşməsi, həm də cümlə təlimi sintaksisin predmetidir.

Amerika diskpuptivistləri sintaksis ilə heç də maraqlanmırlar. Dil strukturunun xüsusi bir səviyyəsi kimi sintaktik səviyyəyə o qədər də diqqət yetirmirlər. Onlar ənənəvi dilçilikdə sintaktik səciyyəli hesab olunan vahidləri morfemlər kombinasiyası saydıqlarından sintaktik hadisələri də morfoloji hadisə kimi qələmə verirlər.

Kopenhagen məktəbi Amerika strukturalizminə əks mövqe tutur. Bu məktəb nitqin təhlili metodikasından dil sisteminin modelləşməyə gəlib çıxır. Burada məzmun planı ilə ifadə planı paradiqmatik və sintaqmatik oxlara qarşı qoyulur.

Sintaqm haqqında təlim Cenevrə və Praqa dilçilik məktəblərində inkişaf etdirilmişdir. Cenevrə dilçilərinə görə sintaqm kateqoriyası dəqiq qrammatik anlayış deyil , morfem də , söz də, söz birləşməsi də sintaqm təşkil edə bilər. (1.s.241) Bir sintaktik vahid olaraq sintaqmın tədqiqat tarixi o qədər də qədim deyil. Sintaqmdan ilk dəfə bəhs edən F.de Sössür kimi S.İ.Kartsevski də sintaqm dedikdə xarici və daxili birləşmələri nəzərdə tutmuşdur. Qeyd etmək lazımdır ki, daxili və xarici sintaqm məsələsi son dövr dilçilər tərəfindən də müdafiə edilir. Görkəmli dilçi alim Boduen de Kurtene sintaqmı “söz” mənasında işlədir. (3.s.198) Bir sözlə, keçən əsrin birinci rübünə qədər sintaqmlar haqqında düzgün və sanballı bir elmi nəzəriyyə yaranmamışdır. Bunu akademik V.V.Vinoqradovun sözlərindən daha aydın görmək olar: “Sintaqm anlayışı çoxmənalıdır, hələlik iki sovet dilçisi tapmaq çətindir ki,bu terminə eyni məna versin”. (4.s.56)

Sintaqm haqqında ilk və düzgün fikir akademik L.Şerbaya məxsusdur. O, haqlı olaraq hər iki təsadüfi yanaşı gələn sözləri və söz birləşmələrini sintaqm hesab etmir. L.Şerbaya görə sintaqmlarda əsas cəhət ritmdir. (5.s.87) Şerbanın sintaqmı sintaktik vahid olaraq fonetik ritmlə şərtləndirilməsi onu fonetik-sintaktik mündəricə ilə yükləyir.

Söz birləşmələri və sintaqmlar arasında, əsasən, aşağıdakı fərqləri müəyyənləşdirmək olar:


  1. Sintaqmlar şifahi nitqlə bağlı olub fonetik ritmlə reallaşır. Söz birləşmələri isə heç bir ritmlə bağlı deyil və onlar üçün yazılı və şifahi nitq məhdudiyyəti yoxdur.

  2. Söz birləşmələri arasına söz daxil edilə bildiyi halda , sintaqmların arasına heç bir söz daxil etmək olmaz.

  3. Söz birləşməsinin əmələ gəlməsi üçün ən azı iki sözün olması zəruridir. Sintaqmlar isə bir sözdən də ibarət ola bilər.

  4. Söz birləşmələri daimi qrammatik modellərə malik olduğu hal­da, sintaqmların daimi forma modeli yoxdur.

Sintaqmların müəyyən ediməsinin, yəni ritmin, təqtilərin düzgün ifadə edilməsinin böyük əhəmiyyəti vardır. Çünki ritm pozulduqda fikir aydın olmadığı kimi, cümlə qrammatik cəhətdən də düzgün üzvlənə bilmir. Məsələn, “ Sevil tələsik otaqdan çıxıb qaça-qaça həyətə düşdü” (6,73) Bu cümləni aşağıdakı ritmdə tələffüz etsək: Sevil tələsik I otaqdan I çıxıb qaça I qaça həyətə I düşdü. Göründüyü kimi, düzgün ritmlənməyən cümlə, sintaktik cəhətdən də düzgün üzvlənmir.(7,464)

Cümlənin kommunikativ cəhətdən öyrənilməsi son zamanlar daha çox “cümlənin aktual üzvlənməsi “ adı ilə bəhs edilir. Dilçilikdə həmin termin əvəzinə “semantik üzvlənmə”, “kontekstual üzvlənmə”, “konsituativ üzvlənmə”, “mənaca üzvlənmə”, “tema-rematik üzvlənmə”, “cümlənin funksional perspektivi” və bu kimi terminlər də işlədilmişdir.

Aktual üzvlənmənin tərkib hissələri tema və remadan ibarətdir. Tema məlum olan , haqqında danışılan , əsaslanılan, rema bu barədə verilən yeni məlumat,məna yükünü öz üzərinə alan hissədir. “ Tema” və “rema” əvəzinə “verilən” və “yeni”, “köhnə” və “yeni”, “söyləm əsası” və “söyləm özəyi” terminləri də işlədilmişdir.

Hər bir cümlənin ünsiyyət vasitəsi kimi özlüyündə kommunikativ təyinatı, kommunikativ məqsədi olur. Əlbəttə , mətndən ayrı düşmüş müstəqil cümlədə kommunikativ məqsədi müəyyən etmək bir qədər çətindir. Onu araşdırmaq üçün dinləyici və ya oxucunun dünyagörüşü, həyat təcrübəsi və bacarığı böyük rol oynayır. Belə ki, bunlara istinadən şəraiti (situasiyanı) təsəvvür edərək, söyləmdə məna mərkəzlərini müəyyənləşdirməklə məlumatın xarakterini açmaq olar. Bu məlumat, təbii ki, subyektiv qavranmaya əsaslanır. Cümlə mətn (kontekst) daxilində işlənərsə, onu kommunikativ cəhətdən təhlil etmək asanlaşır. Belə halda ağırlıq adətən ifadəni başlayan birinci cümlə üzərinə düşür və qalan cümlələr mənaca ona zəncirvari bağlanır. Hər sonraki cümlə özündən əvvəlkini bu və ya digər cəhətdən məzmuna görə tamamlayır. İlk cümlə nə qədər müstəqildirsə, sonrakılar bir o qədər asılıdır. Məlumat obyektiv qavramaya görə anlaşır. Beləliklə, tema-rema ardıcıllığı əmələ gəlir. Birinci cümlənin reması ikinci cümlə üçün tema olur. Çünki o, məlumat əsasında, artıq məlum olan hissəyə çevrilir. Məsələn: Arif qonaq getdi (rema). Qonaqlıqda olanları dostlarına danışdı (tema).

Tema və rema leksik-qrammatik tərkibinə görə çox müxtəlif olur. Hər iki komponent bütün cümlə üzvlərindən bərabər şəkildə istifadə edə bilər. Hər bir cümlə üzvü məna yükünü öz üzərinə götürərək aktuallaşa bilər. Həm də cüttərkibli qrammatik cümlə təküzvlü aktual cümlə ola bilər. Məsələn: Dan yeri qızarırdı.

Tema və remanı ayırd etmək üçün formal göstəriciləri də nəzərə almaq lazımdır. Bunlar aşağıdakılardır: söz sırası, intonasiya vasitələri (ritmik-melodik üzvlənmə, melodika, temp, ritm, pauza, məntiqi vurğu və s.), köməkçi vasitələr (ədatlar, işarə əvəzlikləri), leksik təkrarlar, monoloji nitqdə sual cümlələri, cümlə üzvü vəzifəsi daşıyan qoşulma konstruksiyalar, sözlərin, söz birləşmələrinin əvvəlində gəlib onları xüsusi olaraq nəzərə çarpdıran xüsusən, o cümlədən, illah da, hətta kimi sözlər və s.

Cümlədə söz sırasını dəyişməklə eyni leksik tərkib müxtəlif kommunikativ təyinat ala bilər. Məsələn: Zakir fəhlə idi. Fəhlə Zakir idi. Birinci misalda məna ağırlığı fəhlə idi, ikincidə isə Zakir idi sözləri üzərinə düşür. Birinci cümlədə məlum şəxs olan Zakirin vəzifəsi dinləyici üçün yeni (rema) olduğu halda, ikinci cümlədə məlum fəhlənin məhz Zakir olması yenidir (remadır). Bu cümlələrdə həm də məntiqi vurğu mühüm rol oynayır. Məntiqi vurğu “idi” hissəciyindən qabaqkı söz üzərinə düşür. Burada ritmik-melodik üzvlənmə də vardır. Birinci və ikinci cümlənin temaları (Zakir və fəhlə) məlum hissə olduqları üçün iti templə tələffüz olunur və yeni məlumat ərəfəsində pauza (fasilə) verilir. Beləliklə, tema və rema arasında ritmik-melodik taktlar əmələ gəlir (Zakir: fəhlə idi). Həmin misallarda formal göstəricilər üst-üstə düşərək hamısı asanlıqla tema-remanı müəyyənləşdirir. Lakin həmişə belə olmur. Bəzən formal göstəricilər tema və remanın həddini müəyyənləşdirməyə imkan yaratmır. Məsələn: Adil: bu hərəkətlərə: təəccüb edirdi. Bu cümlədə iki nitq taktı iki dəfə fasilə ilə fərqləndirilsə də, tema tərkibində qalır, məhz üçüncü , sonuncu hissə rema olur. Həm də burada subyektiv qavramaya görə məntiqi vurğu bu sözlərin üzərinə düşərək onu remaya çevirə bilər. Deməli, formal göstəricilər də şərti xarakter daşıyır. Ümumiyyətlə, məlumat temadan remaya doğru açılır ki, buna da irəli sıra və ya neytral sıra (açılış) deyilir. Məsələn: Cənab Aydın getdi. Əksinə, rema temadan qabaq gəldikdə geri sıra, ekspressiv sıra (üslubi variantlı sıra) yaranır. Məsələn: Getdi cənab Aydın.

Eyni sintaktik konstruksiyada, leksik-qrammatik tərkibin yerini dəyiş­məmək şərti ilə,kommunikativ məqsəddən asılı olaraq eyni cümlə üzvü həm tema, həm də rema ola bilər. Məsələn: Cənab Aydın getdi (Cənab Aydın nə etdi? Getdi). Cənab Aydın getdi (Kim getdi? Cənab Aydın). Burada rema məntiqi vurğunun həlledici rolu sayəsində müəy­yən­ləşir. Cümlənin aktual üzvlənməsi problemi həm nəzəri, həm də prak­tik cəhətdən çox böyük əhəmiyyətə malikdir. (8. s. 17)

Müasir Azərbaycan ədəbi dilində sintaktik səviyyədə norma pozun­tu­larında söz sırasına xüsusi diqqət yetirilməlidir. Dünya dillərində söz sıra­sının iki mühüm funksiyası vardır: 1) sintaktik-semantik funksiya, 2) üs­lubi funksiya.

Sintaktik-semantik funksiya o deməkdir ki, cümlədə sözlərin yeri dəyişdikdə həm cümlənin mənası, həm də sözün sintaktik vəzifəsi dəyişir. Azərbaycan dilində bu hal yalnız bir nöqtədə , mübtəda ilə qeyri- müəyyənlik bildirən vasitəsiz tamamlığın münasibətində özünü göstərir: İnsan pələng öldürdü- Pələng insan öldürdü. İt pişik gördü – Pişik it gördü. Qoşmalı sözlərdə bu hal mümkündür: Rahil dostu üçün əlindən gələni edir – Dostu Rahil üçün əlindən gələni edir. Bu xüsusiyyət daha çox Çin dilinə aiddir.

Sözlərin və söz birləşmələrinin cümlədə yeri cümlənin sintaktik quruluşu və cümlə üzvlərinin aktual üzvlənməsi ilə bağlı olur və söz sırası normaları həmin iki cəhətə əsasən müəyyənləşir.

Canlı danışıq dilində söz sırası normaları pozulmuş olsa da, nitqin ritmik-melodik axını, fasilə, vurğu fikrin düzgün başa düşülməsinə imkan yara­dır. “Oxu atan kimi savadsız olma”, “Həkim Şirzad o kitabları gətir­di” cümlələrinə diqqət yetirək. Əgər birinci cümlədə şifahi nitqdə “oxu” sözündən sonra fasilə, yəni pauza edilsə “atan savadsız olub , sən ona ox­şa­ma” mənasında anlanılır. Əksinə, “kimi” qoşmasından sonra pauza edilsə “sən də atan kimi savadlı ol, ona oxşa” mənasında başa düşüləcək. İkinci cümlədə “həkim” sözündən sonra fasilə edilsə, xitab, edilməsə, tə­yin vəzifəsində olur. Yazıda da “həkim” sözündən sonra vergül işarəsi qoyulur­sa, müraciət etiketi mənasında işlənir. Bu cümlədə “o” əvəz­li­yin­dən sonra şifahi nitqdə fasilə edilib-edilməməsindən , yazılı nitqdə isə ver­gül qoyulub-qoyulmamasından asılı olaraq cümlənin həm mənası, həm də cümlə üzvləri dəyişir. Fasilə və durğu işarəsindən aslı olaraq bu cümlə­də “o” əvəzliyi mübtəda və təyin vəzifəsində işlənə bilir. Buradan belə bir qənaətə gəlmək olur ki, şifahi nitqdə intonasiya, yazılı nitqdə durğu işarələrinin sintaksisdə böyük rolu var. Əgər bunlara düzgün riayət olunmursa, ədəbi dil sintaktik səviyyədə pozulmuş olur.

Cümlənin qrammatik üzvlənməsi ilə aktual üzvlənməsi fərqlidir. Qrammatik üzvlənmə dedikdə, cümlənin məlum beş üzvə- mübtəda, xəbər, tamamlıq, təyin, və zərfliyə ayrılması, aktual üzvlənməsi dedikdə isə cümlənin tema və remaya ayrılması nəzərdə tutulur. Bütün cümlələrdə aktual üzvlənmə müşahidə olunmur. Payızın əvvəlləri idi. Hava soyuq idi. Bu cümlələrdə məntiqi vurğu yoxdur. Ona görə də tema və remaya ayrılmır. Bunlar adi təsviri cümlələrdir və “yeni” ni bildirir. Lakin lazım gəldikdə bu cür cümlələrdə də aktuallaşdırma mümkündür. Payızın əvvəlləri idi. Hava soyuq idi. (Qışın yox, payızın əvvəlləri idi, başqa şey yox, hava soyuq idi). Aktual üzvlənmə nəzəriyyəsinə görə, tema və remaya ayrılan cümlələr üzvlənməyən cümlələr adlanır.

Qrammatik üzvlənmə potensial sintaksisə, cümlənin qrammatik quruluşuna, aktual üzvlənmə isə suprasintaksisə, aktual sintaksisə aiddir. Qrammatik üzvlənmədə cümlənin üzvlərinin təbii ardıcıl düzülüşü öyrənilir. Bu cəhətə əsasən, cümlədə əvvəlcə mübtəda, sonra xəbər işlənir. Cümlə geniş olduqda mübtədadan əvvəl onun təyini, xəbərdən əvvəl tamamlıq, zərflik və əgər ismi xəbər varsa, onun mümkün ola bilən təyini yerləşir. Cümlənin qrammatik üzvlənməsində söz birləşmələri müəy­yən qrammatik funksiya yerinə yetirir ki, bunlar aktual üzvlənməyə aid deyildir. Aktual üzvlənmə mənafərqləndiricilık xüsusiyyətinə görə cüm­lənin tema və remaya ayrılmasıdır. Tema cümlənin çıxış nöqtəsi kimi əvvəl­də, rema isə fikir ifadəsinin – “yeni” ni bildirməklə ondan sonra işlənir. Bu hal – cümlənin komponentlərinin belə bir ardıcıllıqla düzlüşü fikrinin məntiqi ifadəsinə xidmət edir.

Eyni sintaktik quruluşa malik olan cümlə kommunikasiya məqsədindən asılı olaraq, aktual üzvlənmə baxımından müxtəlif ola bilər. Bu, məntiqi vurğunun hansı sözün üzərinə düşməsindən asılıdır: Sona səhər Təbrizə yola düşdü; Sona səhər Təbrizə yola düşdü; Sona səhər Təbrizə yola düşdü; Sona səhər Təbrizə yola düşdü. Bu cümlələrdə “yeni” hər dəfə bir sözlə müəyyənləşir, lakin qrammatik üzvlər olduğu kimi qalır.

Müasir Azərbaycan ədəbi dilinin sintaktik normalarına uyğun olaraq, təyin təyinlənənlə, qeyri-müəyyən vasitəsiz tamamlıq təsirli feili xəbərlə, bir çox zərflik növləri (tərz, zaman, səbəb və s.) xəbərlə yanaşma əlaqəsində olur və aid olduğu üzvdən əvvəl işlənir. Bədii dildə tərəflər inversiyaya (yəni bilərəkdən söz sırasının pozulması ) asılı tərəf əsas tərəfdən sonra işləndikdə cümlədə emosionallıq artmış olur. Məsələn:



  1. Kəblə Məmmədhüseyn istədi quzunu kəsə, amma heyvanın belini əlləri ilə sığallayıb, bıcağı tulladı yerə ... (9,450)

  2. Əri də razı oldu və quzunu itələyib saldı həyət bağçasına. (9.s.450)

  3. Kəblə Məmmədhüseyn quzunu boşlayıb girdi evinə (9,450)

  4. Kəblə Məmmədhüseyn düz gəldi piləkanlardan qalxdı qabaq otağa...(9,450)

  5. Bu da çuxanı çəkdi qoltuğundakı quzunun başına və üzünü küçə qapısına çöndərib çıxıb getdi evinə (9,452)

  6. Xanın nökərlərindən biri həyətdə palaz çırpırdı və Məmmədhüseyni görəndə palazı qoydu yerə, gəldi qapıya (9,452)

  7. Bunlar başladılar o üzdən – bu üzdən danışmağa (9,452)

Yuxarıda göstərdiyimiz bu nümunələr C. Məmmədquluzadənin “Quzu” felyetonunda işlədilmiş inversiyalardır. Başqa bir nümunəyə diqqət yetirək:

  1. Həsən paşa düşdü fikir-xəyala ki. nə təhər eləsin. (xəbər yerini dəyişib) (10,64)

  2. Həsən paşa onlarlarla aranı xəlvət elədi, başladılar tədbirə (xəbər yerini dəyişib) (10,64)

  3. İndi də sənə deyim paşaların məkrindən (xəbər yerini dəyişib) (10,64)

Fransız alimi A. Veyli 1844-cü ildə hazırladığı “Qədim dillərdə söz sırası” adlı doktorluq dissertasiyasında bu sahədə özünə qədər meydana çıxan fikirləri ümumiləşdirmiş və bir sıra maraqlı nəticələrə gəlmişdir. A. Veyl danışan və dinləyən üçün daha maraqlı fikirlərin cümlənin əvvəlində, ikinci dərəcəli fikrin cümlənin sonunda gəlməsi barədə iddialara etiraz edərək, normal nitqdə əvvəlcə söyləmin çıxış nöqtəsinin, sonra əsas məqsədin verildiyini isbat etmişdir.

Çex dilçisi V. Materius aktual üzvlənmə problemini linqvistik zəminə endirmişdir. O, söyləmin kommunikativ funksiyasını ön plana çəkməklə aktual üzvlənmə barədə müasir təlimin yaradıcısı kimi şöhrət tapmışdır. V.Materius aktual üzvlənmənin dil hadisəsi olduğunu sübut etməklə cümlənin qrammatik üzvlənməsi ilə söyləmin aktual üzvlənməsinin oxşar və fərqli cəhətlərini bir çox hallarda qarşı-qarşıya durduğunu izah etdi.

Hər bir söyləm az-çox bitmiş fikir ifadə etsə də, onun ifadə etdiyi fikrin bitkinliyi nisbi xarakter daşıyır. Cümlə yalnız mətn daxilində bütün struktur- semantik xüsusiyyətlərini üzə çıxara bilir. Müəyyən fikir ətrafında cümlələrin əlaqəli birliyi mətnin yaranmasına səbəb olur. Mətnin təşkili, qurulması isə onun ayrı-ayrı əlaqəli cümlələrdə aktual üzvlənmənin gedişi ilə bağlıdır.

Mətn daxilində söyləmlər arasında sintaqmatik və paradiqmatik bağlılıq olur. Sintaqmatik bağlılıq söyləmlərin ardıcıl düzülüşü ilə yaranır. Paradiqmatik əlaqə semantik bağlılıqdır və intonasiya ilə formalaşır. Söyləmlər arasında fərq mətndə reallaşan ümumi fikrin hər bir söyləmdəki semantik həcmi ilə bağlı olur. Bu isə hər bir söyləmdə tema və remanın gedişindən, nəyi nə nisbətdə əhatə etməsindən asılıdır.

Tema və remanın hər bir söyləmdə formal əlaməti söz sırası və intonasiyadan ibarətdir. Ədəbi dil normalarına müvafiq qurulmuş sadə nəqli cümlələrdə adətən tema əvvəl, rema sonra gəlir. Temada ton nisbətən yüksək olur, rema isə məntiqi vurğu ilə tələffüz edilir. Lakin mətn daxilindəki söyləmlərin də hamısı mətndən eyni dərəcədə asılı olmur. Bəzi söyləmlərdə müstəqillik, bəzilərində isə asılılıq çox olur. Dilçilər müstəqilliyi çox olan söyləmləri paradiqmatik cəhətdən güclü, sintaqmatik cəhətdən zəif söyləm hesab edirlər. Söyləmin mətndən asılılığı çox olduqda vəziyyət əksinə olur, söyləm paradiqmatik cəhətdən zəif , sintaqmatik cəhətdən güclü hesab edilir.

Ədəbi dil normalarına uyğun qurulmuş cümlələrdə mübtəda və ya mübtəda zonası temadan, xəbər və xəbər zonası remadan ibarət olur. Yəni mübtəda zonası “məlum olan”, xəbər zonası “yeni”ni bildirir. Tema danışana və dinləyənə məlum olanı, söhbətin predmetini ifadə edir.

Mətnin qurulma texnikası belədir ki, hər bir nitq aktı temadan remaya doğru irəliləyir, çünki danışıqda, yazıda məqsəd tema deyil və qeyd etdiyimiz kimi, tema danışana da, dinləyənə də məlumdur. Əsl məqsəd temanı nəzərə çatdırmaqla həmin tema haqqında yeni məlumat verməkdir. Bu yeni məlumat cümlənin kommunikativ əsasıdır, nüvəsidir, məqsəd onu çatdırmaqdır. Rema (“predikat” deməkdir) adlanan bu hissə fikrin inkişafına, irəliləməsinə, dərinləşməsinə, dinləyicinin, oxucunun yeni məlumatla təmin edilməsinə səbəb olur və nəticədə situasiyadan danışanın, yazanın məqsədindən asılı olaraq, temanın yeni əlamətləri açılmış olur. Tema ətrafında toplanan söyləmlər bu cəhətdən bir-biri ilə bağlı olub mətnin yaranmasını şərtləndirir (11,18).


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin